Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2234/2022 26.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlundan və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Qaraşarlı Layla Çingiz qızının katibliyi, İlk iddia üzrə iddiaçının nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Friddun qızının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “cehiz və qızılziynət əşyalarının qaytarılması və ya dəyərinin ödənilməsi tələbinə dair” ilk və Cavabdeh1 cavabdeh İddiaçı Friddun qızına qarşı “qızıl-zinət əşyalarının qaytarılması tələbinə dair” qarşılqlı iddia ərizələri ilə bağlı 2(004)-4691/2021 saylı mülki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 15 dekabr 2021-ci il tarixli qətnaməsindən İddiaçı Friddun qızı və Cavabdeh1 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Friddun qızı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “cehiz və qızıl-zinət əşyalarının qaytarılması qaytarılması və ya dəyərinin ödənilməsi tələbinə dair” iddia ərizəsi və sonradan iddianın dəqiqləşməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, 10000 manat dəyəri olan briyant qızıl dəstinin, 1 ədəd beşlik və 1 ədəd onluq adlanan qızılın 1/2 hissəsinin əvəzi olaraq 850 manatın, soyuducu alınması üçün verilmiş 1000 ABŞ dollarının cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçıya qaytarılmasını, briliyant qızıl dəstinin naturada qaytarılması mümkün olmadıqda isə dəyəri olan 10000 manatın cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçıya qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırılmışdır ki, onunla Cavabdeh1 arasında 9 sentyabr 2017-ci il tarixdə Bakı şəhəri, 3 saylı Asan Xidmət Mərkəzində 3091 nömrəli nikah qeydə alınmışdır. O, nikaha daxil olarkən Cavabdeh1 anası Cavabdeh2 məxsus Bakı şəhəri, Yasamal rayonu, İsmayılbəy Qutqaşınlı küçəsi, ev 126, mənzil 70-ə gəlin köçmüş, ona məxsus cehiz və qızıl-ziynət əşyaları hal-hazırda həmin mənzildədir. Cavabdeh1la ailə qurduqdan sonra səmimi ailə münasibətlərində yaşamalarına baxmayaraq sonradan onun anası digər Cavabdeh2 müdaxiləsi ilə aralarında olan səmimi ailə münasibətləri pisləşmiş, iddiaçının cavabdehlə bir yerdə yaşamağı baş tutmamış və aralarında olan nikah əlaqələri faktiki olaraq kəsilmiş, daha sonra onun iddia ərizəsi əsasında Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 15.02.2021-ci il tarixli, 2(004)- 350/2021 sayl qətnaməsi ilə İddiaçı Friddun qızı və Cavabdeh1 arasında 3 saylı Bakı ASAN Xidmət Mərkəzinin Qeydiyyat şöbəsində 09.09.2017-ci il tarixdə 309 nömrəli akt qeydi ilə bağlanmış nikah pozulmuşdur. O, mənzildən boşanmaq məqsədi ilə çıxmamışdır, keçmiş qaynanası ilə aralarında olan gərginliyə görə atası evinə getmişdir. Cavabdeh1 ilə "xxxx" MTK-dakı mənzildəki təmiri yekunlaşanadək 2-3 ay kirədə qalmağa qərarlaşmalarına baxmayaraq sonradan keçmiş qaynanasının təsiri ilə Cavabdeh1 kirayə mənzil tutmaqdan yayınmışdır. Buna görə də onun cehiz və qızıl-ziynət əşyaları bu günədək cavabdehlərin mənzilində qalmışdır. Məhkəməyə müraciət etmədən öncə cavabdehlərə bildiriş göndərərək cehiz və qızıl- ziynət əşyalarının məhkəmədən kənar qaytarmağı təklif etmişdir ki, vəkilə və məhkəmə məsrəflərinə əlavə xərclər ödənilməsin, məhkəmənin iş yükü artırılmasın. Lakin keçmiş qaynanasının maneəçiliyi ilə də bu baş tutmamışdır. Beləki, cavabdehlərə 3 may 2021-ci il tarixli bildiriş göndərildikdən sonra 12 may 2021-ci il tarixdə saat 12:12-də onların vəkili Kamandar Nəsibov onun vəkili Vəkil2 zəng edərək cehiz və qızıl əşyalarının qaytarılmasının vaxtı müzakirə edilmişdir. Daha sonra saat 12:18-də vəkili atası Friddun Həkimzadə ilə danışmış, Ramazan bayramına görə dəqiq vaxt müəyyən edə bilməmişlər. Saat 12:22-də vəkili tərəfindən cavabdehlərin vəkilinə zəng edilərək bu barədə məlumat verilmişdir. Aralarında 4 dəqiqəlik telefon danışığı zamanı vəkil Kamandar Nəsibov bildirmişdir ki, buzdolabı alınması üçün Cavabdeh1 verilən 1000 dollara buzdolabı alınmamış, ona görə də buzdolabının qaytarılması mümkün deyildir, pulun hara xərcləndiyini xatırlamır. Ayrıca vəkil Kamandar Nəsibov 10-luq və 5-lik qızıllara münasibətdə bildirmişdir ki, həmin qızıllar toydan sonra valideynlər qonaq gələrkən ailəyə hədiyyə edildiyi üçün Şəhla və Emil arasında bərabər bölünməlidir. Bu təklif onlar tərəfindən qəbul edilmişdir. Ayrıca vəkil Kamandar Nəsibov bildirmişdir ki, briliant qızıl dəst qaytarılacaqdır. Ramazan Bayramına görə vaxt müəyyən edilə bilmədiyi üçün söhbət yekunlaşmışdır. Vəkil Kamandar Nəsibov onun vəkili Vəkil2la yuxarıda qeyd olunan halları bildirərkən Cavabdeh1 Kamandar bəyin yanında olmuşdur. X2 Həmidovla Azərbaycan dilində, Cavabdeh1la ilə isə rus dilində danışmışdır. 13 may 2021-ci il tarixdə saat 11:55-də vəkili Vəkil2 tərəfindən Kamandar Nəsibova zəng edilmiş, 5 dəqiqəlik telefon danışığında cehiz və qızıl-zinət əşyalarının götürülməsi üçün 15 may 2021-ci il tarixin onlara uyğun olduğu bildirilmiş, həmçinin buzdolabının, 10-luq və 5-lik qızıl və brilliant dəstin qaytarılması təkrar müzakirə olunmuşdur. Müzakirə nəticəsində 10luq və 5-lik qızılların bölünməsinə etiraz etmədiyini, buzdolabına görə verilmiş məbləğin və brilliant dəstin tam qaytarılması razılaşdırılmışdır. Bunun əsasında da Cavabdeh1 istifadəsində olan 050 *** ** ** nömrəsindən saat 14.33-də Vəkil2 istifadəsində olan 050 *** ** ** nömrəsinə whatsapp proqramı vasitəsi ilə mesaj yazaraq razılaşdırılmış gündə və saatda yəni şənbə günü saat 12-də evdə olacağını bildirmişdir. Bunun əsasında atası tərəfindən cehiz əşyalarının yığılması və daşınması üçün yükdaşıma şirkəti ilə razılaşmışdır. 15 may 2021-ci il tarixdə vəkili Səbuhi bəy və 3 qohumu, şirkətin işçiləri cavabdehlərin ünvanına gəlmişlər. İlk öncə keçmiş qaynanası tərəfindən vəkilə və xalasına etiraz olunmuş, nəyə görə Şəhlanın və onun valideynlərinin bura gəlmədiyi bildirilmişdir. Vəkili Vəkil2 Şəhla xanımın və ailə üzvlərinin gərginlik olmaması üçün onların mənzilə gəlmədiyini bildirmişdir. Cavabdehlər tərəfindən vəkil Kamandar Nəsibovla danışıq aparılmış, daha sonra vəkili Vəkil2 onun əvəzinə iştirakı barədə razılaşmışlar. Daha sonra isə Cavabdeh1 tərəfindən tərtib olunmuş akta baxış zamanı müəyyən edilmişdir ki, qızılziynət əşyaları, həmçinin buzdolabına görə verilmişdir, 1000 ABŞ dolları akta qeyd olunmamışdır. Buna görə də vəkili etiraz etmiş, həmin vaxt Cavabdeh1 qızıl-ziynət əşyaları, həmçinin buzdolabına görə ödənilən pulun 18 may 2021-ci il tarixdə qaytaracağını bildirmişdir. Vəkili Vəkil2 bununla razılaşmamış, buna görə də cavabdeh tərəfindən yenidən vəkil Kamandar Nəsibovla danışılmış, nəticə olaraq cehiz və qızılziynət əşyalarının qaytarılması 18 may 2021-ci il tarixə təyin edilmişdir. Həmçinin 15 may 2021-ci il tarixdə cavabdehlərin evində olarkən Cavabdeh1 onun atasından buzdolabına görə pul almağı, qızılları inkar etməmiş, lakin keçmiş qaynanası müdaxilə edərək inkar etməyə cəhd etmişlər. Daha sonra Cavabdeh2 19 may 2021-ci il tarixdə qızılların guya idiaçıda olması barədə ona məktub göndərmişdir. Cavab məktubu sadəcə keçmiş qaynanası tərəfindən imzalanmış, qeyd olunan hallar Cavabdeh1 tərəfindən inkar edilməmişdir. Ayrıca keçmiş qaynanası qızılları verməmək üçün, söhbəti başqa yerlərə çəkərək onun qardaşı barədə polis şöbəsinə əsassız şikayət etmişdir. Ümumiyyətlə nikah dövründə keçmiş həyat yoldaşı söz sahibi olmamış, bütün qərarlar keçmiş qaynanası tərəfindən verilmişdir. Hətta alınan daşınar və daşınmaz əmlaklar da keçmiş qaynanasının adına alınmışdır. Həmçinin, Cavabdeh1 cavabdeh İddiaçı Friddun qızına qarşı “qızıl-zinət əşyalarının qaytarılması tələbinə dair” qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, siyahı üzrə göstərilmiş qızıl-zinət əşyalarının İddiaçı Firuddun qızından alınaraq ona qaytarılması və ya həmin əşyalarının əvəzi olan ümumilikdə 25000 manat pul vəsaitinin İddiaçı Firuddun qızından tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı Friddun qızı ilə ailə münasibətləri pozulan zaman ona məxsus olan bir sıra qızıl-zinət əşyalarını, eyni zamanda İddiaçı Friddun qızının atası tərəfindən ona hədiyyə verilmiş 21 əyar beşlik və onluq qızılları da özü ilə birlikdə aparmışdır. Halbuki, həmin qızıl-zinət əşyaları onun maddi vəsaiti hesabına alınmış və ona hədiyyə olaraq verilmiş, İddiaçı Friddun qızı tərəfindən mübahisə predmetinin alınmasında hər hansı bir köməklik göstərilməmişdir. Qızıl-zinət əşyalarının siyahısı: Ağ-sarı qızıldan brilyant qaşlarla və mirvari qaşlarla bəzədilmiş sırğa - 1 dəst- dəyəri 2000 (iki min) manat; Ağ qızıldan 1 ədəd iri və 16 ədəd kiçik brilyant qaşlarla bəzədilmiş üzük - 1 ədəd- dəyəri 4600 (dörd min altı yüz) manat; sarı qızıldan sırğa -1 ədəd- dəyəri 1000 (bir min) manat; sarı qızıldan xırda brilyant qaşlarla və yarım qiymətli iri qaşla bəzədilmiş üzük - 1 ədəd- dəyəri 1300 (bir min üç yüz) manat; ağ qızıldan 6 ədəd iri brilyant qaşlarla bəzədilmiş kulon (zənciri ilə) - 1 ədəd - dəyəri 3800 (üç min səkkiz yüz) manat; Ağ-sarı qızıldan brilyant qaşlı nişan üzüyü (1000 manat dəyərində) - 1 ədəd- dəyəri 1300 (bir min üç yüz) manat; Ağ qızıldan 15 iri brilyant qaşla bəzədilmiş qolbaq (6000 manat dəyərində) 1 ədəd-dəyəri 8600 (səkkiz min altı yüz) manat; 21 əyar “beşlik” qızıl- dəyəri 800 (səkkiz yüz) manat; 21 əyar “onluq” qızıl- dəyəri 1600 (bir min altı yüz) manat. Odur ki, qeyd edilən qızıl-zınət əşyalarının cavabdeh İddiaçı Friddun qızından alınaraq ona qaytarılmasını və ya qızıl-zinət əşyalarının əvəzi olan ümumilikdə 25000 manat pul vəsaitinin İddiaçı Firuddun qızından tutularaq ona ödənilməsini məqsədəmüvafiq hesab edir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 15 dekabr 2021-ci il tarixli qətnaməsi ilə ilk və qarşılıqlı iddia ərizələri təmin edilməmişdir. İlk iddia üzrə İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ilk iddia tələbinin təmin olunmaması hissəsində ləğv edilməsini və ilk iddianın tam təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, onun tərəfindən təqdim edilən sübutlar məhkəmədə araşdırılmamış, təqdim olunan sübutlara düzgün qiymət verilməmiş, işə səthi yanaşılmışdır. Cavabdeh 15 may 2021-ci il tarixdə cehiz və qızıl-ziynət əşyalarının götürülməsi üçün evinə dəvət edərək bildirişdə göstərilən əşyaların onlarda olduğunu qəbul etmişdir. Bununla əlaqədar mesaj sübut kimi məhkəməyə təqdim edilmişdir. Qarşılıqlı iddia ərizəsi “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə təqdim edilməmiş, kağız formatında məhkəmədə təqdim edilmişdir. Halbu ki, Yasamal Rayon Məhkəməsi “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdən biridir. Qarşılıqlı iddia ərizəsi müəyyən edilmiş müddət ərzində verilməmiş, iddia verilməsinin ümumi qaydalarına əməl edilməmiş, mediasiya müraciət edilməmişdir. Məhkəmə tərəflər arasında məhkəməyə qədər olan hərəkətlərə qiymət verməmiş, məhkəmədən kənar sözü gedən əşyların nəyəgörə qaytarılmadığını araşdırmamış, vəkillər arasında aparılmış danışıqlara qiymət verməmiş, İddiaçı hansı şəraitdə evdən çıxması, tərəflərin barışması üçün uzun müddət gözləməsini, İddiaçı bütün şəxsi əşyalarının (geyimləri, çantaları,kosmetik əşyaları, ayaqqabları və sair) cavabdehlərə məxsus mənzildə qalmasını düzgün qiymətləndirməmişdir. Qətnamədən həmçinin ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 apellyasiya şikayəti vermiş, qətnamənin ləğv olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh1 apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır), birgə nikah dövründə hədiyyə şəklində ər və ya arvada bağışlanmış əmlak onların hər birinin ayrıca mülkiyyətidir. İddiaçı Friddun qızının atası tərəfindən X1 nikah dövründə hədiyyə edilmiş qızıllar Cavabdeh1 ayrıca mülkiyyətidir. Belə olduğu təqdirdə sözü gedən qarşılıqlı iddia tələbi məhkəmə tərəfindən təmin olunmalı idi. İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh məhkəməyə bildirdiyi fikirlərdən də aydın olduğu kimi mübahisə predmeti olan əmlakıları atası evinə gedərkən özü ilə birlikdə aparmış, əsassız iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Hətta ona məxsus qızıl-zinət əşyalarından əlavə ilk iddia tələbi üzrə cavabdeh, qarşılıqlı iddia tələbi üzrə iddiaçıya məxsus, ona hədiyyə edilmiş qızıl-zinət əşyalarını da özü ilə birlikdə aparmışdır. Belə ki, məhkəmə prosesi gedişində birbaşa olaraq İddiaçı Friddun qızının vəkili bu faktı təsdiq etmişdir. Bununla da, İddiaçı Friddun qızı tərəfindən aparılmış ona məxsus qızıl-zinət əşyalarından əlavə Cavabdeh1 məxsus qızıl-zinət əşyalarının da onda olması bir daha öz təsdiqini tapmışdır. Apellyasiya baxışı zamanı İddiaçı vəkili tərəflərindən verilmiş apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, digər tərəfin apellyasiya şikayətini qəbul etməyərək təmin olunmamasını xahiş etdi və bildirdi ki, ilk iddia ərizəsində tələb edilən 10000 manat dəyəri olan briyant qızıl dəst bir ədəd üzük və bir ədəd sırğadan ibarətdir. Hazırkı məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 və ilk iddia üzrə Cavabdeh2 məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası işə həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Bununla yanaşı məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya baxışı zamanı əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil1 iş üzrə qarşı tərəfin apellyasiya şikayətinə etiraz edərək, öz tərəflərindən verilmiş apellyasiya şikayətinin təmin olunmasını xahiş etmiş və bildirmişdir ki, ilk iddia ərizəsində qeyd edilən zinət əşyaları mövcud olsa da, həmin zinət əşyalarının dəyəri iddia olunduğu kimi deyildir. İlk iddia ərizəsində brilyant qızıl dəsti kimi qeyd edilən zinət əşyası qiymətli metal və qiymətli daş olmamışdır. Qeyd edilən əşyaları ilk iddia üzrə iddiaçı özü ilə aparmışdır. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsinin qarşılıqlı iddia tələbinin təmin edilməməsi hissəsində ləğv edilərək, qarşılqlı iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən ilk iddia üzrə iddiaçının təmsilçisini dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, ilk iddia üzrə iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, qarşılıqlı iddia üzrə iddiaçının apellyasiya şikayəti isə təmin olunmamalıdır. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Məhkəmə kollegiyası ilk olaraq qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının tam yoxlanılması təşkil edir. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi həm ilk, həm də qarşılıqlı iddia tələblərini təmin etməyərək işin tədqiq edilmiş halları əsasında müəyyən etmişdir ki, ilk iddia üzrə iddiaçı qızıl-zinət əşyalarının məhz cavabdehlərdə olmasına dair iş materiallarına heç bir sənəd və sübut əlavə etməmiş, qarşılıqlı iddia üzrə iddiaçı qarşılıqlı iddia ərizəsində qeyd etdiyi qızıl və zinyət əşyalarının cavabdehdə olmasını təsdiq edəcək heç bir sənəd və sübut təqdim etməmişdir. Məhkəmə kollegiyası qətnamənin qarşılıqlı iddia tələbinin təmin edilməyən hissəsi ilə razılaşaraq hesab edir ki, birinci instansiya məhkəməsi qarşılıqlı iddia tələbini təmin etməməkdə düzgün nəticəyə gəlmişdir. Belə ki, qarşılıqlı iddiaçı iddia ərizəsində qeyd etdiyi qızıl və zinət əşyalarının qarşılıqlı iddia üzrə cavabdehdə olmasını təsdiq edəcək heç bir mötəbər sübut təqdim etməmişdir. Həmçinin, qarşılıqlı iddia ərizəsində tələb olunan sırğa, üzük və kolyedən ibarət qızıl zinət əşyaları cəmiyyətdə formalaşmış adət və ənənəyə əsasən bir qayda olaraq toy zamanı gəlinə hədiyyə edilən əşyalara aiddir. Bundan əlavə qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı Friddun qızının atası tərəfindən ona hədiyyə verildiyini bildirdiyi 21 əyar beşlik və onluq qızılların İddiaçı özü ilə birlikdə apardığını qeyd etsə də, bunu təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi ilk iddia tələbini “soyuducu alınması üçün verilmiş 1000 ABŞ dollarının cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçıya qaytarılması” hissəsində təmin etməməkdə haqlı olmuşdur. Belə ki, iddiaçı ilk iddia tələbini həmin hissədə təsdiq edəcək hər hansı sübut təqdim edə bilməmişdir. Ona görə də qətnamə qeyd edilən hissədə qanuni və əsaslıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarına görə proses zamanı həqiqətdə mövcud olan bütün hallar deyil, yalnız hüquqi əhəmiyyət daşıyan, yəni sübutetmə predmetinə aid olan hallar müəyyən edilir. Məhz bu səbəbdən hüquqi əhəmiyyət daşıyan hallar istənilən üsulla (məntiqi, elmi) deyil, sübutedici məlumatların, yəni sübutetmə vasitələrinin məhkəməyə təqdim olunmasının qanunla yol verilən üsulları ilə müəyyən edilməlidir. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Mülki Prosessual Məcəllənin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Bununla yanaşı məhkəmə kollegiyası ilk iddia ərizəsinin “10000 manat dəyəri olan briyant qızıl dəstinin, 1 ədəd beşlik və 1 ədəd onluq adlanan qızılın 1/2 hissəsinin əvəzi olaraq 850 manatın cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçıya qaytarılması, briliyant qızıl dəstinin naturada qaytarılması mümkün olmadıqda isə dəyəri olan 10000 manatın cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçıya ödənilməsi” hissəsinin təmin olunmaması ilə bağlı birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmır və iş üzrə müəyyən edilmiş hallara əsasən hesab edir ki, ilk iddia tələbi həmin hissədə qismən təmin edilməlidir. Belə ki, qarşılıqlı iddiadan, həmçinin qarşılıqlı iddia üzrə iddiaçının apellyasiya şikayətindən də göründüyü kimi, ilk iddia tələbində tələb edilən 1 ədəd beşlik və 1 ədəd onluq adlanan qızılın mövcud olması faktı inkar edilmir, lakin həmin qızıl əşyalarının İddiaçı tərəfindən aparıldığı qeyd edilir, bu halı sübut edəcək sübutlar məhkəməyə təqdim edilməmişdir. Həmçinin, apellyasiya baxışı zamanı qarşılqlı iddia ərizəsi üzrə iddiaçının təmsilçisi bildirmişdir ki, ilk iddia ərizəsində brilyant qızıl dəsti kimi qeyd edilən zinət əşyaları mövcud olsa da, həmin zinət əşyalarının dəyəri iddia olunduğu kimi deyildir. Həmin əşyalar qiymətli metal və qiymətli daş olmamışdır. Qeyd edilən əşyaların da ilk iddia üzrə iddiaçı tərəfindən aparıldığı bildirilsə də bunu təsdiq edəcək mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.3-cü maddəsinə görə, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Apellyasiya baxışı zamanı "xxxx" MMC tərəfindən təqdim edilmiş 25.01.2022-ci il tarixli, ƏEM/A 61-312/22 nömrəli mütəxəssis rəyinin nəticə hissəsindən müəyyən olunur ki, İddiaçı Friddun qızı tərəfindən təqdim edilmiş fototəsvirlərə əsasən üzük və sırğa dəstinin (1 dəst, 750 əyar, 15 qram, 0,9 karat brilyant qaşlı) bazar dəyəri 2145 manat, “beşlik” qızılın (1 ədəd, 875 əyar, 4,3 qram) bazar dəyəri 550 manat, “onluq” qızılın (1 ədəd, 875 əyar, 8,6 qram) bazar dəyəri 1050 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.2-ci maddəsinə əsasən nikaha girənədək ərarvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətindədir. Həmin Məcəllənin 225.3-cü maddəsində göstərilir ki, daş-qaş və digər zinət şeylər istisna olmaqla, fərdi istifadədə olan əmlak (paltar, ayaqqabı və i.a.) nikah dövründə ərlə arvadın ümumi vəsaiti hesabına əldə edilmiş olsa da, ondan istifadə etmiş arvadın (ərin) mülkiyyəti sayılır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə, nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Həmin Məcəllənin 34.2-ci maddəsinə əsasən zinət əşyaları istisna olmaqla, fərdi istifadə şeyləri (geyim, ayaqqabı və s.) nikah zamanı ər-arvadın ümumi vəsaiti hesabına əldə edilsə də, ər-arvaddan kimin istifadəsində olubsa, ona məxsusdur. Sadalanan qanunvericilik aktları normalarına əsasən mübahisə predmeti olan qızılzinət əşyaları ilk iddia üzrə iddiaçıya gəlin köçərkən hədiyyə şəklində verildiyindən, mübahisə predmeti olan həmin qızıl-ziynət əşyaları İddiaçı əmlakıdır. Bu səbəbdən, İddiaçı göstərilən qızıl-zinət əşyalarının mülkiyyətçisi olduğundan həmin əşyaları tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən isə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Hazırki iddia tələbi ilə bağlı olaraq nəzərə alınmalıdır ki, qanunverici iş üzrə sübutetmə yükünü tərəflər arasında bölüşdürmüşdür. Belə ki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hazırki mübahisə üzrə ilkin iddiaçının üzərinə düşən sübutetmə yükü qaytarılmasını tələb etdiyi qızıl-zinət əşyalarının iddia etdiyi çəkidə, ədəddə, qiymətdə eləcə də onların özünün mülkiyyətində olduğunun sübut edilməsidir. Həmin iddia üzrə cavabdehin üzərinə düşən sübutetmə yükü isə ondan ibarətdir ki, o, iddiaçının mülkiyyətində olduğunu etiraf etdiyi qızıl-zinət əşyalarının iddiaçı tərəfindən gedərkən aparıldığını, yəni artıq özünün sahibliyində olmadığını sübut etməlidir. Eyni zamanda, qarşılıqlı iddiaçının üzərinə düşən sübutetmə yükü qaytarılmasını tələb etdiyi qızıl-zinət əşyalarının iddia etdiyi çəkidə, ədəddə, qiymətdə və məbləğdə olduğunun, eləcə də onların özünün mülkiyyətində olduğunun sübut edilməsidir. Cavabdeh1 ilk iddia ərizəsində tələb edilən qızıl-zinət əşyalarının İddiaçı Friddun qızı tərəfindən gedərkən aparıldığını bildirsə də, bu halı təsdiq edən mötəbər sübutlar təqdim etməmişdir. Əksinə, iş materialları ilə ilk iddia üzrə İddiaçı Firuddin qızının cavabdehlərlə birgə yaşadığı evi tərk edərkən mübahisəli qızıl-zinət əşyalarını özü ilə aparması təsdiq olunmur. Əvvəla, iddiaçının evi tərk etmə şəraiti onun getməyi əvvəlcədən planlaşdırdığını ciddi şəkildə şübhə altına alır. Ona görə də, əvvəlcədən hazırlaşmadığı üçün qızıl-zinət əşyalarını da gedərkən özü ilə götürməmişdir və həmin əşyalar cavabdehlərin sahibliyində qalmışdır. Məhkəmə kollegiyası qeyd edilənləri nəzərə alaraq hesab edir ki, ilk iddia tələbi “üzük və sırğa dəstinin (1 dəst, 750 əyar, 15 qram, 0,9 karat brilyant qaşlı) cavabdehlərdən alınaraq iddiaçıya qaytarılması, bu mümkün olmadığı halda həmin qızıl zinət əşyalarının dəyəri olan 2145 manatın, həmçinin “beşlik” qızılın (1 ədəd, 875 əyar, 4,3 qram) yarı dəyəri olan 275 manatın, “onluq” qızılın (1 ədəd, 875 əyar, 8,6 qram) yarı dəyəri olan 525 manatın cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı Firuddin qızına ödənilməsi hissəsində əsaslı olduğundan təmin edilməlidir. Qarşılıqlı iddia üzrə iddiaçının apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir. Belə ki, Cavabdeh1 apellyasiya şikayətinin əsaslı olmasına dair hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı Friddun qızının apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 15 dekabr 2021-ci il tarixli, 2(004)- 4691/2021 saylı qətnaməsi ilk iddia tələbinin “10000 manat dəyəri olan briyant qızıl dəstinin, 1 ədəd beşlik və 1 ədəd onluq adlanan qızılın 1/2 hissəsinin əvəzi olaraq 850 manatın, cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçıya qaytarılması, briliyant qızıl dəstinin naturada qaytarılması mümkün olmadıqda isə dəyəri olan 10000 manatın cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçıya ödənilməsinə dair” təmin olunmayan hissəsində ləğv edilsin. İş üzrə həmin hissədə yeni qətnamə qəbul edilsin. İddia tələbi qeyd olunan hissədə qismən təmin olunsun. İlk iddia üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 üzük və sırğa dəsti (1 dəst, 750 əyar, 15 qram, 0,9 karat brilyant qaşlı) alınaraq İddiaçı Firuddin qızına qaytarılsın, bu mümkün olmadığı halda həmin qızıl zinət əşyalarının dəyəri olan 2145 (iki min yüz qırx beş) manat, həmçinin “beşlik” qızılın (1 ədəd, 875 əyar, 4,3 qram) yarı dəyəri olan 275 (iki yüz yetmiş beş) manat, “onluq” qızılın (1 ədəd, 875 əyar, 8,6 qram) yarı dəyəri olan 525 (beş yüz iyirmi beş) manat cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı Firuddin qızına ödənilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 apellyasiya şikayəti təmin edilməsin. Qiymətləndirmə xərci olan 200 (iki yüz) manatın yarısı, yəni 100 (yüz) manat İddiaçı Friddun qızından, digər yarısı, yəni 100 (yüz) manat Cavabdeh1 tutularaq "xxxx" MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-2234/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2234/2022
26.04.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver