Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2247/2025 14.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qızına qarşı iş üzrə (Açar sözlər: alimentin miqdarının azaldılması) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X5 (sədrlik edən və məruzəçi), oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının azaldılması” tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(006)-3861/2024 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. Tərəflərin birgə nikahından xx.xx.2008-ci il təvəllüdlü X18, xx.xx.2009-cu il təvəllüdlü X6, xx.xx.2012-ci il təvəllüdlü X13 və xx.xx.2013-cü il təvəllüdlü X19 doğulmuşlar.
2. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(006)- 3197/2023 nömrəli qətnaməsi ilə, Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(107)-2587/2018 nömrəli qətnaməsi əsasında təyin edilən alimentin miqdarı artırılaraq, xx.xx.2008-ci il təvəllüdlü X11, xx.xx.2009-cu il təvəllüdlü X3, xx.xx.2012-ci il təvəllüdlü X7 və xx.xx.2013-cü il təvəllüdlü X12 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün cavabdeh İddiaçı Cavabdeh xeyrinə hər ay hər uşağa görə 140 manat olmaqla, hər ay cəmi 560 manat məbləğində alimentin tutulması qət edilmişdir.
3. İddiaçı X8 ilə faktiki nikah münasibətlərindən xx.xx.2018-ci il təvəllüdlü X14 doğulmuş, nikah xx.xx.2019-cu il tarixdə rəsmiləşdirilmişdir.
4. Elektron Məhkəmə İnformasiya Sistemindən əldə olunmuş məlumata əsasən İddiaçı “Azəriqaz” İB-də geniş profilli təmirçi-çilingər vəzifəsində çalışmaqla, əmək haqqı 630,57 manat təşkil edir.
5. Ağsu RQİİ üzrə Təmir-Tikinti sahəsinin rəisi tərəfindən təsdiqlənmiş hesab vərəqəsinə əsasən İddiaçı 2024-cü ilin may ayı üzrə ödəniləcək əmək haqqı məbləği 532,95 manat təşkil etmişdir.
a) Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı Cavabdeh qarşı "alimentin miqadarının azaldılması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ağır vəziyətinin daha da ağırlaşdığını, halhazırda hələ də həyat yoldaşı olan X4 ondan aliment tələbinin olduğunu, onun sabit əmək haqqının cəmi 500 manat olduğunu nəzərə alaraq, sabit gəlirinin yarısının aliment üçün tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ona qarşı “alimentin artırılması” tələbi ilə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, ondan hər bir uşaq üçün 220 manat olmaqla dörd uşağa görə cəmi 880 manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında o, iddia ərizəsinə etiraz edərək bildirmişdir ki, alimentin artırılması ilə razı deyil, çünki o, “Azəriqaz” İB-nin X23 İstismar İdarəsində çilingər yanında yardımçı fəhlə vəzifəsində çalışmaqla, aylıq əmək haqqı məbləği 345 manat təşkil edir. Eyni zamanda o, yenidən nikaha girmiş və sonrakı nikahından 1 uşağı dünyaya gəlib. Həmçinin, hazırki vəziyyətini nəzərə alaraq hər uşağa görə 140 manat aliment ödəmək imkanına malik olduğunu bildirmişdir. Beləliklə, xx.xx.2023-cü il tarixdə məhkəmə iclasında müəyyən olundu ki, onun maddi vəziyyətini, yenidən nikaha girməyi və həmin nikahdan da bir uşağının anadan olmasını nəzərə alaraq iddia tələbini qismən təmin edərək aliment məbləğini artıraraq, hər uşaq üçün 140 manat olmaqla, cəmi 560 manat məbləğinə müəyyən edilmişdir. O da öz növbəsində aliment qərarının qüvvəyə mindiyi müddətdən 560 manat ödəmiş, lakin son iki aydır ki, ailədaxili maddi sıxıntılardan onun ikinci ailəsində də keçimsizlik yaranıb. Əsas səbəb də, alimenti tam ödəmək üçün həyat yoldaşı Şamaxı şəhəri M.Qənizadə adına 1 saylı Tam Orta məktəbdə İbtidai sinif müəllimi işləyən X4 aylıq məvacibindən götürüb alimenti tamamlamağı olub. Hətta vəziyyəti o həddə çatıb ki, həyat yoldaşı boşanma və aliment tələbi ilə Ağsu Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edib. Artıq ilkin məhkəmə iclası xx.xx.2024-cü il tarixində kecrilmiş, birgə nikahdan xx.xx.2018-ci il tarixində dünyaya gəlmiş övladı X9 valideynlərdən hansının yanında qalması barədə qərar qəbul etmək üçün Ağsu Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasina müraciət göndərmişdir.
8. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(006)- 3861/2024 nömrəli qətnaməsi ilə (hakim H.N.Miriyeva) iddia tələbi təmin edilməmişdir.
9. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçıdan uşaqlarına görə tutulan alimentin məbləği (1 uşağa görə 140 manat) hal-hazırda Azərbaycan Respublikasında 2024-cü il üçün uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumundan (235 manat) xeyli aşağıdır. Bu səbəbdən məhkəmə hesab etmişdir ki, iddiaçının ikinci dəfə ailə həyatı qurması və daha bir övladının olması, uşaqlarına aliment ödəməsinin ikinci ailəsində problemlər yaradaraq boşanma həddinə çatdırması xx.xx.2008-ci il təvəllüdlü X11, xx.xx.2009-cu il təvəllüdlü X3, xx.xx.2012-ci il təvəllüdlü X7 və xx.xx.2013-cü il təvəllüdlü X1 üçün müəyyən edilmiş alimentin azaldılması üçün yeganə əsas ola bilməz.
10. Eyni zamanda məhkəmə hesab etmişdir ki, iddia tələbi həddində - dörd uşağa görə iddiaçının 500 manat sabit gəlirin yarısının – ümumilikdə 250 manat məbləğində alimentin müəyyən edilməsi uşaqların mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb ola bilər.
11. Qanunvericiliyin tələbləri baxımından, alimentin miqdarı yalnız tərəflərin ailə və maddi vəziyyətində dəyişikliklər olduğu halda dəyişdirilə, yəni artırıla və ya azaldıla bilər. Hazırda isə alimentin azaldılmasına əsas ola bilən halların baş verməsi müəyyən edilməmiş, əksinə iddiaçının əmək haqqında artımın olduğu müəyyən edilmişdir. Belə ki, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi çıxarılarkən iddiaçı ikinci dəfə nikaha daxil olmasını, himayəsində daha bir uşağın olmasını və əmək haqqının 345 manat olmasını əsas gətirməklə, hər uşağa görə 140 manat aliment ödəmək iqtidarında olduğunu bildirmişdir. Hazırda isə əmək haqqının 500 manat olmasını əsas gətirməklə təyin olunmuş alimentin miqdarının azaldılmasını tələb edir. Göründüyü kimi, sözügedən qətnamə çıxarılarkən də iddiaçı artıq digər nikahda olmuş və bu nikahdan 1 uşağı doğulmuşdur və əmək haqqı hazırda aldığı məvacibdən aşağı olmaqla 345 manat təşkil etmişdir ki, bütün bunlar məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra iddiaçının maddi vəziyyətində ciddi dəyişikliklərin olması ilə bağlı iddiaçının dəlillərinin əsassız olmasını təsdiq edir.
12. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 17, 34cü maddələrinə, “Uşaq hüquqlarına dair” BMT Konvensiyasının 3-cü maddəsinə, “Uşaq Hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3, 5, 19-cu maddələrinə, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1, 75.1, 78.2, 112.1-ci maddələrinə, «Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununa, “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli Konstitusiya Məhkəməsinin Qərarına, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli Qərarının 8.13-cü bəndinə, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 82.3, 217.3, 217.4cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
13. İddiaçı birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verərək qətnamənin dəyişdirilməsi və hər uşağa görə 110 manat hesabı ilə 4 uşağa görə cəmi 440 manat alimentin tutulması barədə yeni qətnamənin qəbul edilməsini xahiş etmişdir.
14. Apellyasiya şikayəti iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmış, həmçinin qeyd olunmuşdur ki, məhkəmə qərar qəbul edərkən onun alimenti ödəməkdən imtina etməməyini, uşaqların saxlanması üçün alimenti ödədiyini, lakin təyin edilmiş alimentin ödənilməsi halında onun özünün də yaşamaq haqqının olmasını, həmçinin ailə vəziyyətinə ağır təsirini nəzərə almamışdır. Belə ki, yuxarıda göstərilən yaşayış minimumu haqqında qanuna əsasən böyüklər üçün minium yaşayış meyarı 350 manat müəyyən edildiyindən, təyin edilmiş aliment miqdarında ödəniş etdiyi halda onun əmək haqqından özünə qalan hissəsi ilə dolanmağı, yeyib-içib sabahı günü işinə gedib işləmək imkanı olmalıdır. Qəbul edilmiş qərarlar onun ikinci ailəsinin də dağılmasına səbəb olmuşdur. Ağsu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(016)-29/2024 nömrəli müvəqqəti təminat tədbiri olaraq (hakim Anar Əsgərov) birgə nigahdan xx.xx.2018-ci ildə doğulmuş X2 üçün ondan hər ay 190 manat aliment tutulması müəyyən edilmişdir. Aliment ödənişləri onun qazancını aşır və məhkəmə qərarları onun aliment borcunun yığılmasına səbəb olur. Bu da öz növbəsində onun cinayət və inzibati məsuliyyətə cəlb olunmağına zəmin yaradır. Ona görə də Nəsimi Rayon Məhkəməsinin qərarını dəyişdirib hər uşağa görə 110 manat hesabı ilə 4 uşağa görə cəmi 440 manat aliment tutulmasını xahiş edir. Belə olan halda, əmək haqqını alimentlərə ödəsin ki, borc yığılmasın. O isə işdən sonra taksi fəaliyyəti ilə məşğul olub öz dolanışığını güclə təmin edir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
16. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.
17. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə rəsmi qaydada məlumat verilmiş, lakin o (nümayəndəsi) məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
18. Azərbaycan Respublikasının Konstitusiyası Maddə 17, hissə İİ. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Maddə 34, hissə İV. Ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur
19. Azərbaycan Respublikası Ailə Məcəlləsi Maddə 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Maddə 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Maddə 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.
20. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 5. Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir.
21. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 8-2/2016 nömrəli, xx.xx.2016-cı il tarixli qərarı: Bənd 8.2. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir.
22. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda – bir il ərzində ödəmənin məcmusu ilə iddianın qiyməti müəyyən edilir. Maddə 217.4 Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 402.1. Apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz.
Apellyasiya baxışının hədləri
23. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
24. Hazırki işdə iddia təmin edilmədiyindən və apellyasiya şilkayətində qətnamə iş üzrə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən, qətnamənin əsaslılığı tam yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
25. Məhkəmə kollegiyası iddiaçını dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
26. Kollegiya qeyd edir ki, ailə qanunvericiliyinin tələblərinə əsasən məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.
27. İşdən görünür ki, tərəflərin uşaqlarının saxlanılması üçün təyin edilmiş aliment məbləği Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(006)- 3197/2023 nömrəli qətnaməsi ilə artırılaraq, hər ay hər uşaq üçün 140 manat təyin olunduqdan təxminən 1 il sonra iddiaçı hazırki tələblə məhkəməyə müraciət etmişdir.
28. İşdən həmçinin görünür ki, sözügedən qətnamə qəbul edilən zaman cavabdeh artıq ikinci nikahda olmuş, həmin nikahdan da bir övladı dünyaya gəlmişdir. Göründüyü kimi, iddiaçının ailə vəziyyətində dəyişiklik sözügedən qətnamə qəbul edildikdən sonra baş verməmiş, əksinə, məhkəmə qətnamə qəbul edərkən bu halı da nəzərə almışdır.
29. Bundan başqa, işdən müəyyən olunur ki, iddiaçının rəsmi əmək haqqı da artmış, özünün bildirdiyinə görə əlavə olaraq taksi fəaliyyəti ilə də məşğul olur.
30. Nəzərə alınmalıdır ki, qanunvericiliyə əsasən 2024-cü ildə yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. İddiaçıdan tutulan alimentin məbləği uşaqlar üçün qanunvericiliklə müəyyən edilmiş yaşayış minimumundan da azdır.
31. Kollegiya qeyd edir ki, təyin olunmuş alimentin miqdarının azaldılması uşaqların mənafeyinə zidd olmaqla, onların əvvəlki təminatının daha aşağı səviyyəyə düşməsinə səbəb ola bilər. Bu hal isə uşaqların üstün maraqlarının təminatı baxımından yolverilməzdir.
32. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qənaəti qanuni və əsaslı olmuşdur, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas ola bilməz.
33. Həmçinin qeyd edilməlidir ki, apellyasiya instansiyası məhkəməsində baxılan mülki iş üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan azdır. Bu səbəbdən də qətnamədən kassasiya şikayətinə yol verilmir.
34. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
İddiaçı apellyasiya şikayəti təmin olunmasın. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(006)-3861/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği iddiaçının özünə aid edilsin. Qətnamə qəbul edildiyi vaxtdan qüvvəyə minir, ondan kassasiya şikayəti verilə bilməz.
Hakimlər: