Məhkəmə qərarları › İş №2(103)-2248/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2248/2024

23.04.2024 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2248/2024 23.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı1 tərəfindən Cavabdeh Kübar qızına qarşı irəli sürülmüş və iddiaçının ölümündən sonra onun hüquqi varisi Guseinova (Şahbazova) Arzu Vaqif qızı tərəfindən müdafiə edilmiş “daşınmaz əmlakın bağışlama müqaviləsinin və reyestrdən çıxarışın etibarsız sayılması tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X1 və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Mirzəzadə Mehri Rasim qızının katibliyi ilə, hazırki mülki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 23 yanvar 2024-cü il tarixli qətnamədən iddiaçının hüquqi varisi Guseinova (Şahbazova) Arzu Vaqif qızının verdiyi apellyasiya şikayətinə əsasən mülki işə, iddiaçının hüquqi varisi Guseinova (Şahbazova) Arzu Vaqif qızının özünün və onun vəkili (nümayəndəsi) Vəkil1, Cavabdeh Kübar qızının özünün və vəkili (nümayəndəsi) Vəkil2 iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iş barədə ümumi məlumat

1. İddia ərizəsi və “iddia tələbinin dəqiqləşdirilməsi barədə” ərizə ilə Qusar Rayon Məhkəməsinə müraciət etmiş iddiaçı, ona məxsus olan və Qusar şəhəri, Zərifə Əliyeva küçəsi (əvvəllər Muxtadır küçəsi), bina 92 “A”-da yerləşən 11 saylı mənzilə dair onunla cavabdeh arasında xx.xx.2023-cü il tarixdə bağlanmış və həmin tarixdə Quba regional “ASAN Xidmət” Mərkəzi tərəfindən rəsmiləşdirilərək, reyestrdə 4Ə-87 № ilə qeydə alınmış “Daşınmaz əmlakın bağışlanması müqaviləsinin” və həmin müqaviləyə əsasən mənzilin cavabdehin adına qeydiyyata alınmasına dair “Daşınmaz əmlakın dövlət reyestrindən” verilmiş reyestr nömrəsi **********67-05101-093001, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2023-cü il olan “Çıxarışın” etibarsız sayılaraq ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi əsasında icraatı başlanılmış mülki işə baxmış Qusar Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnamə (iş № 2(029)-424/2023) ilə iddianın təmin edilməməsi qət edilmişdir.

3. Həmin qətnamədən iddiaçının verdiyi apellyasiya şikayətinə əsasən işə baxmış Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərardad (iş № 2(105)-1806/2023) ilə apellyasiya şikayətinin qismən təmin edilməsini, iş üzrə Qusar Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamənin ləğv edilməsini və ərazi aidiyyəti üzrə baxılması üçün işin Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilməsini qərara almışdır.

4. İşə Yasamal Rayon Məhkəməsində baxılan zaman, yəni xx.xx.2024-cü il tarixdə iddiaçı vəfat etmiş və Rayon Məhkəməsi iddiaçının övladı Arzu Guseinovanı sıradan çıxmış iddiaçının prosessual hüquq varisi kimi tanıyaraq onu işin baxılmasına cəlb etmiş, Arzu Guseinova iddia tələbini müdafiə etmişdir. b) iddia tələbi barədə məlumat

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh iddiaçının qardaşının qızıdır və Bakı şəhərində qeydiyyatda olmaqla yaşayır. xx.xx.2022-ci il tarixdə keçirilmiş tibbi müayinə zamanı iddiaçıda onkoloji xəstəlik aşkar edildiyindən o, müalicə ilə əlaqədar Bakı Milli Onkologiya Mərkəzinə müraciət etmiş və xx.xx.2023-cü il tarixdən onun müalicəsi başlanmışdır. Müalicə əvvəlcə ambulator qaydada aparılmış və bu səbəbdən o, xx.xx.2023-cü il tarixə kimi hər gün gündüzlər müalicə qəbul edib, gecələr qalmaq üçün Bakı şəhərində yaşayan cavabdehin evinə getmişdir. Sonradan müalicə stasionar qaydada xx.xx.2023-cü il tarixə kimi davam etmişdir. İddiaçı, qəflətən aşkar edilmiş onkoloji xəstəliklə əlaqədar özünü itirmiş, demək olar ki, şok vəziyyətdə olmuş və yanında qardaşının qızı olan cavabdehdən başqa ümid edəcək heç bir yaxını olmamışdır. Müalicəsi ilə əlaqədar cavabdehin evində qaldığı vaxtlarda, cavabdeh iddiaçıya demişdir ki, iddiaçı, Qusar şəhərində yerləşən evi ona verməsə müalicə vaxtı evində qalmağına imkan verməyəcək, xəstəxanaya aparmayacaq, müalicəsinə də heç bir köməklik etməyəcək. İddiaçı çarəsiz olduğuna görə cavabdehin tələbi ilə razılaşmaq məcburiyyətində qalmışdır. xx.xx.2023-cü il tarixdə müalicə qəbul etdikdən sonra cavabdeh iddiaçını birbaşa Qusar şəhərinə aparmış, ertəsi gün evin sənədlərini, iddiaçının şəxsiyyət vəsiqəsini iddiaçıdan götürərək, iddiaçını Quba şəhərində yerləşən “ASAN Xidmət” Mərkəzinə aparmış və Mərkəzdə fəaliyyət göstərən Notariat Ofisində onların arasında mənzilin iddiaçı tərəfindən cavabdehə bağışlanması barədə müqavilə rəsmiləşdirilmərək, bağlanmışdır. Göründüyü kimi həmin müqavilə iddiaçı üçün son dərəcə əlverişsiz şəraitdə bağlanmışdır. Bu səbəbdən də müqavilə və müqavilə əsasında mənzilin cavabdehin adına qeydiyyata alınmasına dair Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən “Daşınmaz əmlakın dövlət reyestrindən” verilmiş “Çıxarış” etibarsız hesab edilməlidir. c) iş üzrə tərəflərin iddia tələbinə münasibəti barədə məlumat

6. İddiaçının hüquqi varisi və hüquqi varisin vəkili (nümayəndəsi) iş üzrə keçirilmiş məhkəmə baxışı iclaslarında iştirak edərək, iddia tələbini müdafiə etmiş, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini Rayon Məhkəməsindən xahiş etmişlər.

7. İş üzrə cavabdeh iddiaya etiraz edərək bildirmişdir ki, mərhum iddiaçı onun bibisi olmuşdur. Bibisinin iki övladı olmuşdur: Sevinc və (iddiaçının hüquqi varisi) Arzu. Arzu Rusiya Federasiyasının vətəndaşıdır və orada yaşayır. Bibisi Sevinclə birlikdə yaşayırdı. Sevinc xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. Bundan sonra bibisi tək qalmışdır. Bibisinə baxan olmamışdır. Bu səbəbdən bibisi hər il may ayından oktyabr ayına kimi Qusar rayonunda onlarla qalırdı, sonra isə Bakı şəhərinə gələrək onlarla birlikdə yaşayırdı. Bibisi xx.xx.2022-ci il tarixdə ona zəng edərək xəstəliyi barədə məlumat vermiş və o, bibisinə müalicəyə gedib-gəlməsində köməklik etmişdir. O, bibisindən maraqlanmışdır ki, Arzunun onun xəstəliyindən məlumatı var ya yox və bibisi ona demişdir ki, Arzunun xəbəri var, amma Azərbaycana gələ bilməyəcək. Daha sonra, yəni müalicə davam edən zaman bibisi Arzuya zəng edərək müalicə üçün 2.000 manat pul göndərməsini istəmiş, Arzu isə maddi imkanının olmadığını demişdir. Bundan sonra bibisi ona Qusardakı mənzilinin onun (cavabdehin) oğlu Sərxana verəcəyini bildirmiş, lakin o bibisinə təklif etmişdir ki, bunun üçün Arzunun halallığını alsın. Sonradan bibisi ona demişdir ki, Arzu mənzilin Sərxana bağışlanmasına razıdır. xx.xx.2023-cü il tarixdə onlar Quba Regional “ASAN” Xidmət Mərkəzi notariat Ofisinə getmişlər və bibisi özünə məxsus mənzilə dair onunla “Bağışlama müqaviləsi” bağışlamışdır. Bundan sonra onlar Bakı şəhərinə qayıtmış və bibisinin müalicəsi davam etmişdir. xx.xx.2023-cü il tarixdə o, xəstəxanaya bibisinə baş çəkməyə gedəndə öyrənmişdir ki, Arzu anasını çıxarıb Qusara aparmışdır. xx.xx.2023-cü il tarixdə Arzu onun yanına gələrək mənzilin açarını ondan istəmiş və o, açarı Arzuya vermişdir. Arzu ondan mənzilə dair sənəd istəməmişdir. O, bibisinin müalicəsinə təxminən 5.000-6.000 manat xərc çəkmişdir. Bibisi mənzili ona bağışlayandan sonra da, mənzildə yaşamağa davam etmişdir. O, bibisini mənzildən çıxartmaq niyyətində olmamışdır. Bibisi öz mənzilini könüllü olaraq ona hədiyyə etmişdir və birmənalı olaraq əmindir ki, bibisi bu iddianı Arzunun təkidi ilə qaldırmışdır. Buna görə də, iddianın rədd edilməsini xahiş edir.

8. Rayon Məhkəməsi tərəfindən Quba Regional “ASAN Xidmət” Mərkəzində fəaliyyət göstərən Notariat Ofisi və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi işin baxılmasına üçüncü şəxs qismində cəlb edilərək məhkəmə baxışı iclaslarının yeri və vaxtı barədə xəbərdar olunsalar da, məhkəmə baxışı iclaslarında nümayəndələrinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə Rayon Məhkəməsinə məlumat verməmişlər. Bu səbəbdən də Rayon Məhkəməsi işə həmin təşkilatların nümayəndələrinin iştirakı olmadan baxmışdır. d) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat

9. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qətnamə ilə iddianın təmin edilməməsini qət etmişdir.

10. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, mübahisəli mənzilə dair iddiaçı ilə cavabdeh arasında xx.xx.2023-cü il tarixdə “Bağışlama müqaviləsi” bağlanarkən və həmin müqavilə əsasında “Daşınmaz əmlakın dövlət reyestrindən” cavabdehin adına “Çıxarış” verilərkən qanunvericiliyin tələblərinə tam əməl edilmişdir. Cavabdeh mübahisəli mənzili hədiyyə olaraq qəbul etməklə, qanunvericiliyin tələblərinə uyğun olaraq mənzili öz mülkiyyətinə keçirtmiş, hədiyyə verən olan bibisinə (iddiaçıya) həmin mənzildə yaşamasına və mənzildən istifadə etməsinə də maneçilik yaratmamış, iddiaçı ölənə kimi həmin mənzildə yaşamış və sərbəst olaraq mənzildən istifadə etmişdir. Bağışlama müqaviləsinin və “Çıxarışın” etibarsız hesab edilməsi və ya ləğv edilməsi üçün qanuni əsaslar mövcud deyildir. Cavabdeh mənzil üzərində mülkiyyət hüququnu qanuni əsaslarla əldə etmişdir, onun mülkiyyət hüququ toxunulmazdır və dövlət tərəfindən müdafiə edilməlidir. e) apellyasiya şikayəti barədə məlumat

11. İddiaçının hüquqi varisi həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, Rayon Məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamənin ləğv olunması və iddianın təmin edilməsini xahiş etmişdir.

12. Əsasları iddia tələbinin əsasları ilə eynilik təşkil edən apellyasiya şikayətində əlavə olaraq göstərilmişdir ki, Rayon Məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozaraq iddianın rədd edilməsi barədə qanunsuz və əsassız qətnamə qəbul etmişdir. f) apellyasiya icraatında iş üzrə tərəflərin iştirakı barədə məlumat

13. İddiaçının hüquqi varisi və onun vəkili (nümayəndəsi) apellyasiya baxışı iclasında iştirak edərək, apellyasiya şikayətini müdafiə etdilər və şikayətin, habelə iddia ərizəsinin əsaslarına və məzmununa uyğun izahat verdilər.

14. Cavabdeh və onun vəkili (nümayəndəsi) apellyasiya baxışı iclasında iştirak edərək, apellyasiya şikayətinin dəlillərinə etiraz etdilər və Rayon Məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnamənin məzmununa uyğun izahat verdilər.

15. İş üzrə üçüncü şəxslər işə apellyasiya qaydasında baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq apellyasiya baxışı iclasında nümayəndələrinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmilər. Bu hal işin baxılmasına mane olmadığından, Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə üçüncü şəxslərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. g) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi

16. Məhkəmə, apellyasiya şikayətlərinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

17. Belə ki, Quba Regional “ASAN xidmət” Mərkəzində fəaliyyət göstərən Notariat Ofisi tərəfindən Rayon Məhkəməsinə təqdim edilmiş 4Ə-17 reyestr nömrəli notariat işindən görünür ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış və həmin Notariat Ofisi tərəfindən rəsmiləşdirilərək qeydə alınmış xx.xx.2023-cü il tarixli “Bağışlama müqaviləsindən” görünür ki, iddiaçı, mülkiyyətində olan mübahisəli mənzili qardaşının qızı olan cavabdehə bağışlamışdır. Bağışlanan mənzilə dair məhdudiyyətlər və yüklülük qeydə alınmamışdır. Bağışlama müqaviləsi bağlanarkən notarius tərəfindən Mülki Məcəllənin 666-674-cü maddələrinin məzmunu tərəflərə izah edilmişdir. Tərəflərin şəxsiyyəti müəyyən edilmiş, onların fəaliyyət qabiliyyəti və bağışlanan mənzilin iddiaçıya məxsus olması yoxlanılmışdır.

18. İş materiallarından görünür ki, qeyd edilən müqaviləyə əsasən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən mənzil üzərində cavabdehin mülkiyyət hüququ “Daşınmaz əmlakın dövlət reyestrində” qeydiyyata alınmış və bu barədə cavabdehə qeydiyyat tarixi xx.xx.2023-cü il olan “Çıxarış” verilmişdir.

19. Göstərilənləri və baxılan mülki mübahisə ilə bağlı iş üzrə tərəflərin məhkəmələrə verdiyi məlumatları nəzərə alan Məhkəmə mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlilləri ilə bağlı bildirir ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

20. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə görə, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə qanununla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz.

21. Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə görə, sərəncam hüququ-əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır (maddə 152.4.). Bir tərəfin daşınmaz əşyaya mülkiyyəti digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməlidir (maddə 394,). Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur (maddə 399.1.). Şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər (maddə 339.1.). Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır (maddə 337.1.).

22. MPM-nin 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə, yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

23. Qeyd edilən prosessual və maddi hüquq normalarının tələblərindən müzakirə edilən məsələyə yanaşdıqda müəyyən edilir ki, yuxarıda qeyd edilən “Bağışlama müqaviləsinin” və onun əsasında “Daşınmaz əmlakın dövlət reyestrində” aparılmış qeydin etibarsız hesab edilməsi üçün “hədiyyə verən” (iddiaçı) tərəf sübut etməlidir ki, həmin müqavilə verilən zaman o, ağır vəziyyətə olmuş, müqavilənin digər tərəfi – “hədiyyəni alan” (cavabdeh) bundan istifadə etmiş və nəticəsində “hədiyyə verən” həmin müqaviləni özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamışdır.

24. Lakin işin araşdırılmış hallarından görünür ki, iddiaçı tərəf bu kimi halları sübuta yetirə bilmir. İddiaçı tərəfin məhkəmələrə verdikləri yazılı və şifahi məlumatlardan bu kimi halların mövcud olması müəyyən edilmir. Belə ki, “hədiyyəni alan” “hədiyyə verənin” qardaşının qızıdır; “hədiyyə verən” müqavilə bağlanan zaman onkoloji xəstə olsa da, onun sərbəst hərəkət etmək imkanı olmuş; o özü hərəkətlərinin mənasını və nəticəsini dərk etmişdir.

25. Bu baxımdan hesab edilməlidir ki, işə baxmış Rayon Məhkəməsi iddianı təmin etməməkdə haqlı olmuşdur.

26. Bundan başqa qeyd edilməlidir ki, iddiaçı tərəf iddia ərizəsində və qətnamədən verdiyi apellyasiya şikayətində öz mövqeyi həm də Mülki Məcəllənin 673.2.2-ci maddəsinin tələbləri baxımından əsasladıraraq “Bağışlama müqaviləsinin” etibarsız hesab edilməsini və həmçinin ləğv edilməsini istəyir.

27. Mülki Məcəllənin 673.2.2-ci maddəsinin mənasına görə, vəd verildikdən sonra hədiyyə verənin əmlak münasibətləri bağışlamanı onun üçün son dərəcə ağır yükə çevirə biləcəyi dərəcədə dəyişdikdə hədiyyə verən bağışlamaq barəsində verdiyi vədi ləğv edə və onun icrasından imtina edə bilər:

28. Lakin iş materiallarından görünür ki, iş üzrə tərəflər arasında “Bağışlama müqaviləsi” artıq bağlanmış və bağışlama baş vermişdir. Bu səbəbdən də Məhkəmə bağışlama barədə verilmiş vədin ləğvi və ya ondan imtinanın əsaslı olub-olmamasının müzakirəsini qeyri-mümkün hesab edir. h) apellyasiya baxışının nəticəsi

29. Göstərilənlərə əsasən apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticəsi qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətlərinin dəlilləri əsassızdır və formal mülahizə xarakteri daşıyır. Qətnamənin tam və ya qismən ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

30. MPM-in 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

31. Bu baxımdan, Məhkəmə, MPM-in 384-cü maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayətləri təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

32. Məhkəmə hesab edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən onun verilməsi üçün ödənilmiş dövlət rüsumu MPM-in 119.1-ci maddəsinin tələbinə əsasən apellyatorun özünə aid edilməlidir.

33. Məhkəmə həmçinin bildirir ki, iddianın rədd edilməsi barədə Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanıldığından, cavabdeh və iş üzrə üçüncü şəxslər hazırki qətnamədən kassasiya şikayəti verə bilməzlər.

34. İddiaçının apellyasiya şikayəti təmin edilmədiyindən o, MPM-in tələblərinə və “MPM-ə əlavə 3-də” müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilməklə qətnamədən kassasiya şikayəti vermək hüququna malikdir.

35. Odur ki, yuxarıda göstərilənlərə əsaslanan və MPM-in 384, 392, 393, 402, 405 maddələrini rəhbər tutan Məhkəmə

QƏT ETDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 23 yanvar 2024-cü il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. İddiaçının hüquqi varisi Guseinova (Şahbazova) Arzu Vaqif qızı hazırki qətnamədən, qətnamə ona rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına MPM-in tələblərinə uyğun olaraq və “MPM-ə əlavə 3-də” müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilmiş qaydada kassasiya şikayəti verə bilər. İşdə iştirak edən digər şəxslər hazırki qətnamədən kassasiya şikayəti verə bilməzlər.

Hakimlər (imza) Məmməd Məmmədov (imza) Fuad Talışinski (imza) Azad İmanov

“Əsli ilə düzdür”

Hakim Məmməd Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar