Məhkəmə qərarları › İş №2(103)-2249/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2249/2021

07.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2249/2021 07.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Səmədov Tofiq Səməd oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Həsənov Orxan Qəhrəman oğlunun katibliyi, İddiaçı iştirakı ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-349/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qətnaməsindən cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə və maraqlı şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı «buraxılmış müddətin üzrlü hesab edilərək bərpa edilməsi və sığorta məbləğinin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, buraxılmış müddətin üzrlü hesab edilərək bərpa edilməsi, 6.600 manat sığorta məbləğinin və 30 manat dövlət rüsumunun ona veriilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-349/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Apelyasiya şikayətinin dəlilləri: Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti vermiş və şikayətin dəlilləri ondan ibarət olmuşdur ki, “Hərbi qulluqçuların dövlət icbari sığortası haqqında” qanununun 7-ci maddəsinin sonuncu abzasına əsasən sığorta olunanın və ya onun vərəsələrinin sığorta ödənişinin alınması üçün sığorta hadisəsi günündən üç il keçənədək sığorta orqanlarına müraciət etmək hüququ vardır. Həmin vaxt Qanunun qeyd olunan norması qüvvədə olmuşdur. İddiaçı isə mübahisəli hüquq münasibətlərinin yarandığı vaxt qüvvədə olan 3 illik kəsici müddəti ötürmüşdür. Bu səbəbdən, qətnamənin ləğv edilərək, iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə kollegiyasının iclasında iddiaçı apellyasiya şikayəti ilə razılaşmayaraq, şikayətin əsassız olduğu üçün təmin edilməməsini xahiş etdi. Apellyasiya şikayəti ilə bağlı mülki işə məhkəmə kollegiyasında baxılmasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, digər tərəflər məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi: Mülki iş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, İddiaçı 1993-cü ilin mart ayından Naxçıvan MR DİN-də polis leytenantı olaraq fəaliyyətə başlamışdır. Naxçıvan MR-in ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmişdir, müharibə veteranıdır. 2004-cü ildə xidməti vəzifəsini yerinə yetirən zaman xəsarət, kəllə-beyin travması almışdır. Bir tərəfli paraliç olmaqla, ürək çatışmamazlığından, ürək damarlarının genişlənməsindən, təzyiqdən və şəkər xəstəliyindən əziyyət çəkdiyi üçün 2005-ci ilin mart ayından İİ qrup əlil olaraq polis mayoru rübtəsi ilə təqaüdə buraxılmışdır. İddiaçı Dövlət Sığorta Kommersiya Şirkətinə ünvanladığı sığorta məbləğinin verilməsi haqqında ərizəsindən və Dövlət Sığorta Kommersiya Şirkətinin həmin ərizəyə cavab olaraq ərizəçiyə ünvanladığı xx.xx.2018-ci il tarixli 07-05- 574 saylı məktubundan görünür ki, İddiaçı 2005-ci ilin aprel ayında DİO-dan xidmətdən xaric olunması və müraciət müddətindən üç ildən artıq vaxt keçdiyinə görə ona Qanunda nəzərdə tutulmuş sığorta ödənişinin verilməsi qeyri-mümkündür. Hüquqi dəyərləndirmə: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı halda məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini cavabdehin şikayətinə əsasən tam yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını, apellyasiya şikayətinin dəlillərini «Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında» Azərbaycan Respublikası Qanununun bəzi müddəalarının şərh olunmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx xxxxxx 2014-cü il tarixli qərarı ilə birlikdə araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apelyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, cavabdehin apellyasiya şikayətinin əsas dəlili odur ki, iddiaçı 2005-ci ilin aprel ayında DİO-dan xaric olunmuşdur və həmin Qanunda nəzərdə tutulmuş 3 il müddətini ötürmüşdür. Göründüyü kimi, sığorta hadisəsinin baş verdiyi vaxt və ondan 3 il sonrakı dövr ərzində Qanunun qeyd olunan norması qüvvədə olmuşdur. İddiaçı sığorta ödənişinin ödənilməsi tələbi ilə bağlı 2018-ci ildə, yəni DİO-dan xaric edildiyi vaxtdan 13 il sonra müraciət etməsini nəzərə alaraq, iddiaçı mübahisəli hüquq münasibətlərinin yarandığı vaxt qüvvədə olan hüquq normasını pozmuş, yəni Qanunda nəzərdə tutulan 3 illik «kəsici» müddəti ötürmüşdür. Məhkəmə kollegiyası cavabehin apellyasiya şikayətində istinad olunan həmin dəlili barədə qeyd edir ki, həmin qanunda qeyd edilən normanın əsas məqsədi sığorta olunan şəxsin əlilliyinin, həqiqətən də, onun xidməti vəzifəsini yerinə yetirən zaman alması ilə bağlı olmasını müəyyən etməkdir. Kollegiya bununla bağlı qeyd edir ki, hazırkı halda iddiaçının xidməti vəzifəsini yerinə yetirən zaman xəsarət, kəllə-beyin travması alması işin mübahisəsiz halıdır. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində şəxslərin maddi və sosial deyil, hüquqi vəziyyətini yaxşılaşdıran, hüquqi məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların geriyə qüvvəsindən bəhs edilir. Bundan başqa, müddətlərlə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin mövqeyi də xüsusilə əhəmiyyətlidir. Belə ki, «Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında» Azərbaycan Respublikası Qanununun bəzi müddəalarının şərh olunmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx xxxxxx 2014-cü il tarixli Qərarında Məhkəmə qeyd etmişdir ki, «... şəxsin hərbi qulluqda olma, hərbi xidmət zamanı həlak olma (ölmə), itkin düşmə, xəsarət və əlillik qrupu alma, həmçinin yararsız kimi tərxis olunma tarixləri sığorta hadisəsinin baş vermə faktını inkar etmir və bu, sığorta ödənişinin ödənilməsindən imtina üçün müstəqil əsas ola bilməz. Əks təqdirdə, bu hal hərbi xidmət zamanı həlak olmuş (ölmüş), itkin düşmüş və sağlamlığını itirmiş şəxslər arasında sadəcə tarixə əsaslanmaqla ağlabatan olmayan differensasiyanın aparılmasına səbəb olar. Bu isə eyni kateqoriyaya aid olan şəxslərin sosial hüquqlarının fərqləndirilməsinə gətirib çıxararaq, insan və vətəndaş hüquq və azadlıqlarının mümkün məhdudlaşdırılmasına dair konstitusiya məqsədlərilə uyğunlaşmır və konstitusiya prinsipi olan bərabərlik hüququnun tələblərini pozur...» Yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayətinin müddətlə bağlı yeganə dəlili əsassız olduğundan təmin edilə bilməz. Nəticə: Göstərilənlərə əsasən birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşan və hazırkı işin hallarını nəzərə alan məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməkdə tam haqlı olmuş, apelyasiya şikayəti isə əsassız olduğundan təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apelyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsində göstərilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmadığından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən onun verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu şikayəti vermiş cavabdehin özünə aid edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, QƏT ETDİ: Cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-349/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi onun apellyasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apelyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İkram Şirinov Hakimlər: Tofiq Səmədov Anar Tanrıverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar