Məhkəmə qərarları › İş №2(103)-2258/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2258/2023

05.04.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2258/2023 05.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iddia tələbi ilə əlaqədar iş üzrə (Açar sözlər: Nikahın pozulması, uşağın himayəsində qalması və aliment) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X1 (sədrlik edən və məruzəçi), Cəfərov Namiq Şamil oğlu və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Ağalı Leyla Rasim qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “nikahın pozulması, uşaqların ananın yanında qalması, alimentin tutulması və birgə nikah dövründə əldə edilmiş əmlak üzərində payların müəyyən edilməsi tələbinə dair” mülki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 10 yanvar 2023-cü il tarixli, 2(004)-86/2023 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 05 aprel 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Cavabdeh ilə xx.xx.2018-ci il tarixdə rəsmi nikaha daxil olmaqla ailə qurmuşdur. Nikahları Sumqayıt “ASAN Xidmət” mərkəzinin Qeydiyyat şöbəsi tərəfindən akt qeydləri kitabında 2049 nömrə ilə qeydə alınmışdır. Rəsmi nikahdan xx.xx.2019-cu il təvəllüdlü X5 və xx.xx.2022-ci il təvəllüdlü X4 dünyaya gəlmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı Cavabdeh qarşı “nikahın pozulması, uşaqların ananın yanında qalması, alimentin tutulması və birgə nikah dövründə əldə edilmiş əmlak üzərində payların müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

3. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 10 oktyabr 2022-ci il tarixli 2(004)- 3564/2022 nömrəli qərardadına əsasən, 2(004)-3564/2022 nömrəli mülki iş üzrə İddiaçı Cavabdeh qarşı “birgə nikah dövründə əldə edilmiş əmlak üzərində payların müəyyən edilməsi” tələbinə dair iddiası ayrıcı icraata ayrılması və mülki işin materiallarında olan sənədlərin surətləri çıxarılaraq yeni işə əlavə edilməsi, 2(004)- 3564/2022 nömrəli mülki işdən ayrılan - İddiaçı Cavabdeh qarşı “birgə nikah dövründə əldə edilmiş əmlak üzərində payların müəyyən edilməsi” tələbi barədə iddia ərizəsinə dair mülki işə yeni nömrə verilməsi və ayrılan işə ayrıca icraatda baxılması qərara alınmışdır.

4. İddiaçı tələbini belə əsaslandırmışdır ki, ailə qurduqdan sonra ilk dövürlər münasibətləri normal olsa da, lakin sonradan xasiyyətləri uyğun olmaması səbəbindən aralarında tez-tez mübahisələr yaşanır. Onların ər-arvad münasibətləri tamamilə pozulmuşdur və yenidən ailə kimi birlikdə yaşamaqları artıq mümkün deyildir. O, cavabdehin hərəkətləri səbəbindən azyaşlı övladları ilə birlikdə Bakı şəhərində başqa mənzildə kirayə yaşamaq məcburiyyətində qalmışdır. Aralarında olan nikaha xitam verilməsi, birgə nikahdan dünyaya gəlmiş azyaşlı övladlarının onun himayəsində qalması, alimentin tutulması məsələlərin məhkəmədən kənar həll olunması üçün qarşı tərəfə mediasiya prosesinin tətbiqi barədə təkliflə rəsmi müraciət etsə də, lakin cavabdeh bundan qəsdən yayınmışdır. Birgə nikahdan dünyaya gələn övladlarının xx.xx.2019-cu il təvəllüdlü X5 və xx.xx.2022-ci il təvəllüdlü X2 əvvəlki həyat şəraitinin və təminatının saxlanması üçün hər ay minimal olaraq 2000 (iki min) manat məbləğində vəsait lazımdır. Belə ki, cavabdehin özünə də məlum olduğu kimi hər ikisinin işi ilə bağlı hər iki övladlarına dayələr tərəfindən ödənişli əsaslarla qulluq göstərilir. Həmin dayələrdən birinə aylıq olaraq 750 manat, digərinə isə 600 manat zəhmət haqqı ödənilir. Bundan başqa xx.xx.2022-ci il təvəllüdlü X2 istifadə etdiyi uşaq yeməyinin alınmasına və hər iki uşağa istifadə olunan uşaq bezlərinin alınmasına ümumilikdə hər ay 400 manat pul sərf olunur. Uşaqların digər ehtiyaclarına isə hər ay təxminən əlavə olaraq 300 manat vəsait sərf olunur. Bu səbəbdən əsaslı olaraq cavabdehdən birgə nikahları dövründə dünyaya gəlmiş övladlarının saxlanması üçün hər ay 2000 manat sabit pul məbləğində aliment tutulmalıdır. Cavabdeh birgə yaşadıqları zamandan hazırkı vaxtadək professional şəkildə videoqraf fəaliyyəti ilə məşğul olur. O, filmlərin, kliplərin, müxtəlif tədbirlərin və özəl günlərin video çəklişini yüksək qonarar qarşılığında özünün professional çəkiliş komandası ilə həyata keçirir. Həmin fəaliyyəti ilə bağlı olaraq cavabdehin aylıq gəliri təxminən 25.000-30.000 manat təşkil etmişdir. Cavabdehin videoqraf fəaliyyəti ilə məşğul olması onun “instagram” sosial şəbəkəsində yaratdığı “fuadismayilov” səhifəsində olan foto və video şəkillərlə və həmçinin “youtube” video platformasında olan videoları ilə tam sübuta yetir. Bundan başqa, cavabdeh “instagram” sosial şəbəkəsində yaratdığı “Fresh Face.az” səhifəsi vasitəsilə, müalicəvi və kosmetik gel məhsulunun bir ədədinin qiyməti 25 manat olmaqla onlayn satışını həyata keçirir. Həmin fəaliyyətindən cavabdeh hər ay təxminən 15.000 manat məbləğində gəlir əldə edir.

5. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin qətnaməsi ilə 10 yanvar yabr 2023-cü il tarixli, 2(004)-86/2023 saylı qətnaməsi iddia tələbi qismən təmin edilmiş, İddiaçı ilə Cavabdeh arasında 04 avqust 2018-ci il tarixdə Sumqayıt “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsində 2049 nömrəli akt qeydi ilə bağlanmış nikah pozulması, xx.xx.2019-cu il təvəllüdlü X5 və xx.xx.2021-ci il təvəllüdlü X4 anaları İddiaçı yanında saxlanılması və xx.xx.2019-cu il təvəllüdlü X3 və xx.xx.2021-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün 13 iyun 2022-ci il tarixdən başlayaraq, Cavabdeh hər ay hər uşaq üçün 220 (iki yüz iyirmi) manat olmaqla, cəmi 440 (dörd yüz qırx) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

b) Apellyasiya şikayətinin dəlilləri

6. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 10 yanvar yabr 2023-cü il tarixli, 2(004)-86/2023 saylı qətnaməsinin nikahın pozulması və aliment hissəsində ləğv edilərək, alimentin tutulması hissəsində qismən təmin, nikah hissəsində rədd edilməsini xahiş etmişdir.

7. Apellyasiya şikayətində göstərilmişdir ki, birinci instansiya məhkəməsi toplanmış sübutlara düzgün hüquqi qiymət verməmiş işi hərtərəfli araşdırmamışdır. Nəticədə əsassız qətnamə qət edilmişdir. Cavabdeh tərəf maddi vəziyyətinin yaxşı olduğu bütün müddət ərzində, həmçinin, nikahın pozulmasından əvvəlki dövrdə uşağın saxlanması üçün bütün maddi tələbləri qarşılamış, habelə, övladları ilə daim ünsiyyətdə olmuş, valideynlik borcunu layiqincə yerinə yetirmiş və halhazırda da valideyn kimi üzərinə düşən öhdəliklərdən boyun qaçırmır. Lakin, məhkəmə bu kimi müstəsna halları nəzərə almadan, habelə, mötəbər sübutlara əsaslanmadan məsələyə hüquqi qiymət verməyə çalışmış, nəticə etibari ilə qərəzli olaraq, iddia tələbi üzrə bütün halları tam və obyektiv araşdırmadan əsassız və qanunsuz qətnamə qəbul etmişdir. Azyaşlı övladların mənafeyini üstün tutaraq hesab edir ki, məhkəmə nikah pozulması hissəsində düzgün nəticəyə gəlməmişdir. Apelyator hesab edir ki, ailənin qorunub saxlanılması bugundə mümkündür. Hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, uşağın maraqlarına zidd olan hallaristisna olmaqla, onlarla birgə yaşamaq hüququna malikdir. Uşaq öz valideynləri tərəfindən tərbiyə olunmaq, öz maraqlarının təmin olunması, hərtərəfli inkişafı, onun ləyaqətinə hörmət olunması hüququna malikdir. Hesab edirəmki, qanunvericilikdə, də qeyd olunduğu kimi hər iki valideyin öz övladlarının mənafeyini üstün tutaraq birgə böyütməlidirlər, lakin məhkəmə qeyd olunanları nəzərə almadan nikah pozulmasına dair qətnamə qət etmişdir. İddiaçının övladların saxlanılması üçün aliment tələbi əsassızdır. Birgə nikah dövründə İddiaçı faktiki istifadəsində olan instaqram sosial şəbəkəsində” asyafuad “logini ölkənin qabağcıl şirkətləri ilə əməkdaşlıq və reklam roliklərindən 1.000.000 (bir milyona yaxın) yaxın izləyici kütləsi olan profildən, İddiaçı biznes məqsədi ilə iştifadə edir, iri məbləğdə vəsait əldə edir. Buna dair sənədlər elektron məhkəmə sistemində şəxsi kabinetə əlavə olunmasına baxmayaraq məhkəmə bunları nəzərə almamışdır.

c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

8. Apellyasiya şikayətinə etiraz daxil olmamışdır.

ç) Proses iştirakçılarının izahatı

9. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, iş üzrə tərəflər iclasda iştirak etməmiş və bunun səbəblərini bildirməmişdirlər. Kollegiya işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Ailə Məcəlləsi

10. Maddə 19.1. Bu məcəllənin 17.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olduqda və ya ər (arvad) nikahın pozulmasına razı olmadıqda nikah məhkəmə qaydasında pozulur.

11. Maddə 20.1. Ər-arvadın birgə yaşamasının və ailənin saxlanmasının qeyrimümkünlüyü məhkəmə tərəfindən müəyyən edildikdə nikah məhkəmə qaydasında pozulur.

12. Maddə 20.2. Tərəflərdən birinin nikahın pozulması haqqında razılığı olmadıqda, məhkəmə ər-arvadın barışması üçün 3 ay müddət müəyyən etməklə işi təxirə sala bilər. Barışıq olmadıqda və ya onlar (onlardan biri) nikahın pozulmasına təkid etdikdə nikah pozulur.

13. Maddə 22.1. Məcəllənin 22.1 maddəsində göstərilən məsələlər üzrə ər-arvad arasında saziş olmadıqda, eləcə də bu saziş uşaqların və ya tərəflərdən birinin marağını pozduqda məhkəmə: 22.2.1 maddəsinə əsasən-boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qaldığını müəyyən etməli; 22.2.2 uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən etməlidir.

14. Maddə 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən isə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

15. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

16. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

17. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

18. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

19. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

20. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

21. Hazırkı apellyasiya baxışı zamanı birinci instansiya məhkəməsinin qətnaməsi cavabdeh tərəfindən mübahisələndirilən hissədə, yəni nikahın pozulmasl və alimentin tutulması hssəsində yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

22. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

23. Kollegiya qeyd edir ki, cavabdehin apellyasiya şikayətinin dəlili əsassızdır. Məhkəmə kollegiyası bununla bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

24. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq tərəflərin birgə yaşamaları və onların ailəsinin saxlanması qeyri-mümkün olduğu, habelə tərəflər barışmaları üçün təyin edilmiş müddət ərzində də barışmadıqlarından və hazırda iddiaçı tərəf nikahın pozulmasını təkid etdiyindən, tərəflərin nikahları pozulması qənaitinə gəlmişdir.

25. Ailə qanunvericiliyinin müddəaları alimentin məbləğinin müəyyənləşdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir. Bu isə uşağın əvvəl yaşadığı şəraiti, maddi cəhətdən ehtiyaclarının qarşılanmasında hər hansı əksiklik olmaması, yaranmış istənilən vəziyyətin onun istər mənəvi, istər sağlamlıq, istərsə də maddi cəhətdən ona təsirinin olmamasına maximum təsir etməmisinə yönəlmişdir.

26. Kollegiya hesab edir ki, cavabdeh tərəfin iddiaçının maddi vəziyyətinin, o cümlədən gəlirinin yaxşı olması apellyasiya şikayətinin dəlili alimentin azaldılması və ya tutulmaması, o cümlədən cavabdehi ata kimi öz vəzifələrini, o cümlədən uşaqların əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal səviyyədə saxlamaq vəzifəsindən azad etmir. Məhkəmə tərəfindən müəyyən edilən aliment məbləği ölkə üzrə uşaqlar üçün müəyyən edilmiş yaşayış minumumu həddində müəyyən edilmişdir ki, həmin yaşayış minimumu da alimentin müəyyən edilməsi zamanı mütləq meyar kimi nəzərə alınmamalıdır.

27. Bunun başqa, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 76,78 və 112 maddələrinin şərh edilməsinə dair” Azərbaycan Konstitusiya Məhkəməsinin Plenumunun qərarına əsasən aliment ödəyən şəxsin məhkəmə qətnaməsi ilə aliment tutulmayan digər övladlarının olması, eləcə də onun digər əlavə xərclərə (kredit borcunun olması, kirayə haqqı ödəməsi və s.) məruz qalması alimentin azaldılması üçün mütləq əsas kimi qəbul edilməməlidir.

28. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayətinin dəlili əsaslı sayıla və birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv edilməsinə əsas ola bilməz. Beləliklə, birinci instansiya məhkəməsi iddianı qismən təmin etməklə mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı mahiyyəti üzrə mübahisələndirilən hissədə iş üzrə düzgün nəticəyə gəlmişdir.

29. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

30. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 10 yanvar 2023-cü il tarixli, 2(004)- 86/2023 saylı qətnaməsi mübahisələndirilən hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar