Məhkəmə qərarları › İş №2(103)-2258/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2258/2025

04.06.2025 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2258/2025 04.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı iddia tələbi ilə əlaqədar iş üzrə (Açar sözlər: “istifadə hüququnun tanınması və evə köçürülmə” tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X2 (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Abdullayeva Çiçək Pərviz qızının katibliyi, İddiaçı, Cavabdeh2 vəkili və nümayəndəsi Vəkil iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı “istifadə hüququnun tanınması və evə köçürülmə” barədə iddia ərizəsinə dair Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin 2(094)-30/2025 nömrəli xx.xx.2025-ci il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. Bələdiyyə” MMC-nin xx.xx.2011-ci il tarixli hesabat cədvəlindən görünür ki, Cavabdeh1 mülkiyyətində olan Pirallahı rayonu 28-ci məhəllə yeni sahədə yerləşən fərdi yaşayış evi 36 000 manat qiymətləndirilmişdir.

2. 794 saylı Şəhadətnamənin surətindən görünür ki, xx.xx.2016-ci il tarixdə Pirallahı rayonu 28-ci məhəllə yeni sahədə yerləşən fərdi yaşayış evi Cavabdeh2 adına rəsmiləşdirilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun azyaşlı qızı X5 ilə birlikdə Pirallahı rayonu 28-ci məhəllə yeni sahədə yerləşən fərdi yaşayış evinə köçürülməyi, yaşamaq hüququ verilməsinə və həmin fərdi yaşayış evindən istifadə hüququnun tanınmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, İddiaçı xx.xx.2014-cü il tarixində Nizami rayon qeydiyyat şöbəsində Cavabdeh1 ilə rəsmi nikah münasibətlərinə daxil olmuşdur. Birgə nikahdan xx.xx.2015-ci il təvəllüdlü X5 doğulmuşdur. Aralarındakı ailə münasibətləri korlandığına görə tərəfindən "nikahın pozulması, uşağın ananın himayəsinə verilməsi və aliment” tələbinə dair iddia ərizəsi ilə Pirallahı Rayon Məhkəməsinə müraciət olunmuşdur. İş hal-hazırda Pirallahı Rayon Məhkəməsinin icraatındadır. Onlar Cavabdeh1 ilə rəsmi nikaha daxil olduğu gündən yəni xx.xx.2014-cü il tarixindən Pirallahı rayonu 28-ci məhəllə yeni sahədə yerləşən fərdi yaşayış evində yaşamışlar. Yəni o, həmin ünvana ailə qurduğu gündən gəlin köçmüşdür. Bütün cehiz əşyaları da həmin fərdi yaşayış evinə gətirilmişdir. Onlar nikah münasibətlərinə daxil olduqları zaman Pirallahı rayonu 28-ci məhəllə yeni sahədə yerləşən fərdi yaşayış evi bələdiyyə sənədi əsasında həyat yoldaşı Cavabdeh1 istifadəsində olmuşdur. Cavabdeh1 gələcəkdə əmlak bölgüsünə dair tələb irəli sürməsin deyə xx.xx.2016-cı ildə həmin fərdi yaşayış evini qanunsuz olaraq yenə də bələdiyyə sənədi əsasında qaynanası Cavabdeh2 adına keçirmişdir. Fərdi yaşayış evinin daşınmaz əmlakın dövlət reyestrindən çıxarışı mövcud deyildir. Cavabdeh1 ilə münasibətləri 2024-cü ilin may ayında korlandıqdan sonra o, onu və qızını evdən qovmuşdur. Belə ki, o, xx.xx.2024 - xx.xx.2024-cü il tarixlərində dəniz özüllərində işdə olmuş və işdə olan zaman gəlininə və ona təhdid dolu mesajlar göndərərək onun evdən çıxmağını tələb etmişdir. Mesajlarında evdən çıxmayacağı təqdirdə başını kəsəcəyi ilə hədələmişdir. Onun hədələrindən qorxaraq, ki dəfələrlə o evdə şiddət görmüşdür, azyaşlı uşağı cavabdehin anası tərəfindən şiddət görüb xx.xx.2024-cü il tarixində qızını da götürərək evdən çıxmışdır. O və qızı cavabdehin ailə üzvləridir. Qızı həmin fərdi yaşayış evində doğulub, böyümüşdür. Həmçinin həmin ünvana yaxın ərazidə də məktəbə gedirdi. Cavabdehin onları qovması nəticəsində o, hal-hazırda kirayədə yaşayır və uşağın məktəbini dəyişməyə məcbur olmuşdur. Azyaşlı uşaq öz öyrəşdiyi məktəbdən və uşaqlardan uzaqlaşmışdır ki, bu da ona psixoloji olaraq çox pis təsir göstərmişdir. Həmçinin qızı doğulduğu evə öyrənmiş, 9 il həmin evdə yaşamış və həmin həyat standartlarına alışmışdır. Hal-hazırda kirayə qaldığı mənzil o standartları qarşılamır. Bu da uşağın həyat səviyyəsini aşağı salır. Belə ki, qanunvericiliyə əsasən uşağın ən üstün mənafeləri nəzərə alınmalıdır. Bundan başqa, o, azyaşlı uşaqla bərabər artıq neçə aydır ki, kirayədə qalır. Maddi olaraq onun kirayə haqqını ödəməyə artıq imkanı çatmır. İmkansız vəziyyətdə olmağı, bütün gəlirini evin kirayəsinə xərcləməyi uşağa istədiyi qədər maddi dəstək göstərməyinə mane olur. Hətta kirayə pulunu belə ödəmək də çətinlik çəkir. Hazırda cavabdeh həmin mənzilə köçməyinə və yaşamağına mane olur.

5. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(005)- 875/2023 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, İddiaçı və X5 Bakı şəhəri Pirallahı rayonu 28-ci məhəllə yeni sahədə yerləşən fərdi yaşayış evinə (özbaşına tikiliyə) köçürülməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.

6. Məhkəmə iddia tələbini qismən təmin edərkən ona istinad etmişdir ki, iddiaçı xx.xx.2014-cü il tarixindən, yəni gəlin köçdüyü gündən 2024-cü ilin may ayınadək Pirallahı rayonu 28-ci məhəllə yeni sahədə yerləşən fərdi yaşayış evində yaşamışdır. Mübahisəli Pirallahı rayonu 28-ci məhəllə yeni sahədə yerləşən fərdi yaşayış evi özbaşına tikilidir, ev cavabdehlərin adına rəsmi sənədlə qeydiyyatdan keçməmişdir. Məhkəmə hesab etmişdir ki, Pirallahı rayonu 28-ci məhəllə yeni sahədə yerləşən fərdi yaşayış ev özbaşına tikili olduğu üçün və cavabdehlərin adına rəsmi reyestrdə qeydə alınmadığı üçün onun həmin evə dair sərəncam vermək hüququ yoxdur. Göstərilənlərə əsasən məhkəmə hesab etmişdir ki, İddiaçı və X1 rayonu 28-ci məhəllə yeni sahədə yerləşən mübahisəli fərdi yaşayış evə (özbaşına tikiliyə) köçürülməlidir. Məhkəmə araşdırması zamanı təsdiq olunduğu kimi qanunvericiliklə bunun üçün müəyyən olunmuş razılaşdırmalar və icazələr alınmadan inşa edildiyindən, eləcə də daşınmaz əmlak kimi dövlət reyestrində qeydiyyatdan keçmədiyindən iddiaçıların yaşayış sahəsinə istifadə hüquqlarının tanınması tələb etdikləri ev hal-hazırda özbaşına tikili hesab olunur. Mübahisəli ev özbaşına tikili olduğundan həmin evə dair iddiaçıların qanunla qorunan yaşayış sahəsindən istifadə hüquqları yaranmır. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab etmişdir ki, iddiaçı müvafiq subyektiv hüquqa, yəni özbaşına tikiliyə yaşayış yeri kimi istifadə hüquqlarının tanınmasını tələb etmək hüququna malik şəxs kimi qəbul edilə bilməz. Mülki hüquq münasibətlərində subyektiv hüququn sahibi cavabdeh kimi qoyduğu hüquqi mükəlləfiyyətlidən müəyyən davranışı o halda tələb edə bilər ki, belə davranış onların arasında olan müqavilə və ya tərəflərin münasibətlərinin yaranması anında mövcud olan qanunun birbaşa göstərişinin qüvvəsinə görə labüd olsun. Yuxarıda qeyd olunmuş qanunvericilik müddəalarının mənasından göründüyü kimi iddiaçının özbaşına tikiliyə istifadə hüquqlarının tanınmasını tələb etmək hüquqları mövcud deyildir.

7. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü, 29cu, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci, 180.1-ci, 180.2-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci, 77.1-ci, 217.4-cü maddələrinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli qərarına istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

b) Apellyasiya şikayətinin dəlilləri

8. Qətnamədən Cavabdeh2 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

9. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçının özünün də etiraf etdiyi kimi qeyd olunan özbaşına tikili o nikaha girməmişdən əvvəl mövcud olmuş və Cavabdeh2 məxsus olmuşdur. İddiaçı iddia ərizəsində köçmək istədiyi evin Cavabdeh1 məxsus olmasını bildirsə də bunu tədqiq edəcək sübutlar məhkəməyə təqdim edə bilməmişdir. Əksinə, mülki işin materiallarında olan 794 saylı Şəhadətnamənin surətindən görünür ki, xx.xx.2016-ci il tarixdə Pirallahı rayonu 28-ci məhəllə yeni sahədə yerləşən fərdi yaşayış evi Cavabdeh2 adına rəsmiləşdirilmişdir. Bununla belə, iddiaçı "xxxx" MMCnin xx.xx.2011 -ci il tarixli hesabat cədvəlinə istinadən qeyd olunan evin Cavabdeh1 məxsus olmasını sübut etməyə calışsa da, həmin sənəddə Cavabdeh1 mülkiyyətçi kimi göstərilsə də qeyd olunan sənəd mülkiyyət hüququnu təsdiq edən sənəd deyil, yalnız Pirallahı rayonu 28-ci məhəllə yeni sahədə yerləşən fərdi yaşayış evi ilə bağlı bələdiyyə vergisinin ödənilməsi üçün qiymətləndirmə sənədidir. Bundan başqa, iddiaçı iddia ərizəsində təhdid və şiddətə məruz qaldığı üçün qorxaraq evdən getmək məcburiyyətində qalmasını bildirsə də, bunu təsdiq edən hal mövcud deyil. İddiaçı öz iradəsi ilə cavabdeh R. Orucovun işdə olmasından istifadə edərək cavabdehlər tərəfindın alınmış əşyaları götürməklə evi tam boşaldaraq evdən getmiş bu hal da onu deməyə əsas verir ki, cavabdeh iddia ərizəsində qeyd etdiyi kimi köçməsini istədiyi evə ehtiyacı olmamışdır. Digər tərəfdən də iddiaçı Lənkəran rayonunda qeydiyyatda olmaqla yaşayış yerinə məxsusdur, buna baxmayaraq Bakı şəhərində işlədiyi üçün öz seçimi ilə işinə yaxın yerdə kirayədə ev tutaraq yaşayır və həmin evin kirayə haqqını ödəmyə də maddi imkanı kifayət edir. Əks təqdirdə onun maddi imkanı buna imkan verməmiş olsa idi evi tərk etməz, yaxud qeydiyyatda olduğu evə köçüb yaşaya bilərdi. Əlavə olaraq da onu qeyd etmək istəyir ki, cavabdehin iddia etməsinə görə təhdid və şiddətə görə qorxaraq getdiyi evə yenidən qayıtmaq istəməsi də anlaşılan deyil. Bu hal onun yalnız cavabdehə maneə yaratmaq məqsədi güddüyünü göstərir. Nəhayət, qeyd etdiyim kimi mübahisəli ev nikahdan əvvəl Cavabdeh2 vəsaiti hesabına tikilib ona məxsus olduğunu təsdiq edən Bələdiyyə sənədinin olmasına baxmayaraq məhkəmə həmin halı araşdırmamışdır. Digər tərəfdən də, ailə münasibətlərinə xitam verilmiş şəxsin qeyd olunan mənzilə köçürülməsi barədə qətnamə qəbul etməklə mülkiyyətçi kimi Cavabdeh2 AR MM-nin 152-ci maddəsində olan hüquqlarını və AR Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin tələblərini pozmuşdur. Beləliklə, hazırki iş üzrə qətnamə qəbul edilərkən maddi hüquq normalarının tələbləri pozulmuşdur. Qeyd etdiyi kimi mübahisə ev Cavabdeh2 məxsus olmasına baxmayaraq iddia iki cavabdehə qarşı qaldırılmış, baxmayaraq ki, iddiaçı evin Cavabdeh1 məxsus olmasını iddia etmiş və məhkəmə də qeyd olunan halları, iddiaya cavab verməli olan şəxsi müəyyən etməmiş, belə olan halda cavabdehin oğlu Cavabdeh1 da bu iş üzrə cavabdeh şəxs kimi tanınması əsassız olmuşdur. Qanunun tələbindən göründüyü kimi hər bir tərəf öz tələbinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Lakin, hazırki mülki işdə iddiaçının köçməsini tələb etdiyi tikilinin kimə məxsus olması, evdən getməyə məcbur edilən hallarla bağlı sübut təqdim edilməmişdir. Əksinə cavabdeh kimi tanınan Cavabdeh1 məhkəməyə iddiaçının işləməsi və evi tamamilə boşaltması barədə foto və video görüntülər təqdim etmişdir.

c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

10. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

ç) Proses iştirakçılarının izahatı

11. Məhkəmə iclasında Cavabdeh2 vəkili və nümayəndəsi Vəkil apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək təmin edilməsini xahiş etmişdir. Cavabdeh izahatına əlavə olaraq göstərmişdir ki, əvvəllər evin yanında it damı olub və o dam evin yanından sökülərək eyni daş vasitəsilə evin həyətinin başqa hissəsinə köçürülmüşdür. Lakin iddiaçının təqdim etdiyi şəkillərdə heç bunu görmək olmurdu. Həmçinin, əvvələr də o evin həyətində hasar olmuşdur. Sadəcə olaraq üzərinə 3 daş əlavə olunaraq hündürlüyü artırılmışdır. İddiaçının həmin evdə hər hansı bir maddi və fifiziki iştirakı olmamışdır. Apellyasiya şikayətinin təmin edilməsini və qətnamənin ləğv edilməsini xahiş etmişdir.

12. Məhkəmə iclasında iddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. İddiaçı izahatına əlavə olaraq bildirmişdir ki, düzdür o evə gəlin gələndə ev tikili olmuş, eyni zamanda 2 otağı təmirli olmuşdur. Sonradan əlavə olaraq digər otaqları birlikdə təmir etmişlər. Bələdiyyə qiymətləndirmələrinə də baxsaq, görərik ki, o evlə bağlı ödənişləri onlar etmişlər. Bunu sübut edən toy diskiləri var. Həmin diskdə o gəlin köçəndə mövcud olan evin şəraiti və vəziyyəti aydın görünür. Bu disk cavabdehlərin evində qalıb. Qeyd edilən it damının tikilməsi, sökülməsi və yenidən tikilməsi o orada yaşayan müddətdə olub.

13. İştirak etdiyi məhkəmə iclasında Cavabdeh1 apellyasiya şikayətinin təmin edilməsini, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. İzahatında bildimişdir ki, həmin ev onların adət-ənənələrinə uyğun olaraq valideynləri tərəfindən tikilib daha sonra o evlənəndən sonra iddiaçı ilə birlikdə həmin evə köçmüşlər. Həmin evdə valideynləri ilə birlikdə qalırdılar. Lakin bir müddətdən sonra iddiaçının davranış və hərəkətlərinə görə valideynlərim bina evinə köçüb orada qalmağa başladılar.

d) Tətbiq edilən hüquq

14. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 11.1-ci maddəsinə əsasən mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). 11.2-ci maddəsinə əsasən oxşar münasibətləri tənzimləyən mülki hüquq normaları olmadıqda tərəflərin hüquq və vəzifələri mülki qanunvericilik prinsipləri əsas götürülməklə tənzimlənir (hüququn analogiyası). Hüququn analogiyası tətbiq edilərkən ədalət, insaf və mənəviyyat tələbləri nəzərə alınmalıdır. 11.5-ci maddəsinə əsasən mülki hüquq münasibətlərini tənzimləyən hüquq normasının olmaması və ya onun qeyri-müəyyənliyi məhkəmənin mülki işə baxmaqdan imtina etməsinə əsas verə bilməz.

180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. 180.3. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun.

15. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər.

16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.2-ci maddəsinə görə, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; 385-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

17. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmadığından şikayət təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia tələbi təmin edilməməlidir.

18. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır.

19. Birinci instansiya məhkəməsi iddiaçının mübahisəli mənzilə köçürülməsini təmin edərkən ona istinad etmişdir ki, Pirallahı rayonu 28-ci məhəllə yeni sahədə yerləşən fərdi yaşayış ev özbaşına tikili olduğu üçün və cavabdehlərin adına rəsmi reyestrdə qeydə alınmadığı üçün onun həmin evə dair sərəncam vermək hüququ yoxdur. Bu səbəbdən İddiaçı və X1 rayonu 28-ci məhəllə yeni sahədə yerləşən mübahisəli fərdi yaşayış evə (özbaşına tikiliyə) köçürülməlidir.

20. Hazırkı işin faktiki hallarına əsasən İddiaçı Cavabdeh1 ilə rəsmi nikaha daxil olmuşlar və onların birgə nikahından X5 doğulmuşdur. İddiaçı xx.xx.2014-cü il tarixindən, yəni gəlin köçdüyü gündən 2024-cü ilin may ayınadək Pirallahı rayonu 28-ci məhəllə yeni sahədə yerləşən fərdi yaşayış evində yaşamışdır. Həmin mübahisəli mənzil isə özbaşına tikilidir, ev cavabdehlərin adına rəsmi sənədlə qeydiyyatdan keçməmişdir. 12.2016-ci il tarixdə Pirallahı rayonu 28-ci məhəllə yeni sahədə yerləşən fərdi yaşayış evi Cavabdeh2 adına rəsmiləşdirilmişdir.

21. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaya hüquqi qiymət verilərkən ilk növbədə mübahisəli mənzilin hansı şəxsin mülkiyyətində olması və iddiaçının mülkiyyətçiyə münasibətdə hüquqi statusu müəyyən edilməlidir. Qeyd eidlməlidir ki, sözügedən tikili özbaşına tikili olmaqla ona mülkiyyət kimi qiymət verilməsi əsaslı hesab edilə bilməz. Lakin orada yaşayan şəxs olaraq iddiaçının həmin evə köçürülmə məsələsinə qiymət verərkən onun həmin evin tikilməsində, o cümlədən orada sonradan hər hansı bir artırmaların aparılmasında istər maddi istərsə də, fiziki olaraq iştirakının olub-olmaması məsələsinə qiymət verilməlidir. İşin araşdırılması zamanı iddiaçı tərəf əslində birinci instansiya məhkəməsində sübutları təqdim etməli olsa da, apellyasiya instansiya məhkəməsinin iclasında ona şərait yaradılmış, həmin evlə bağlı evin digər otaqlarının təmirsiz olmasını o köçdükdən sonra onun iştirakı ilə təmir edilməsini, həyətdə əlavə olaraq tikililərin aparılması təsdiq edəcək sübutları məhkəməyə təqdim etsin. Lakin uzun müddət məhkəmə iclasları təxirə salınsa da, iddiaçı tərəfindən məhkəməyə hər hansı bir sübut təqdim edilməmişdir. Bundan əlavə, iddiaçı evin ərinə aid olmasını qeyd etsə də, qaldırdığı iddia da belə qayınanasını da cavabdeh qoymuşdur ki, bu da həmin evə sahiblik hüququnun da məhz Cavabdeh2 aid olması təsdiqini tapmışdır. Bundan başqa, həmin evin mülkiyyətdə olmuş kimi yanaşılsaydı belə Cavabdeh2 qarşı gəlin olaraq hər hansı ailə üzvü kimi münasibətlərin yaranması mümkün olmayacağından bu baxımdan da iddianın təmin edilməsi mümkünsüz olardı. İş üzrə aparılan araşdırma zamanı evin hər hansı otaqlarının təmir edilməsində, eləcə də hər hansı formada artırmalar edildiyinə dair iddiaçı tərəf sübut təqdim etmədiyindən iddiaçı ilə Cavabdeh1 arasında artıq etibarlı ailə əlaqələri də xitam edildiyindən onun hər hansı bir əsasla mülkiyyət hüququnun tərkib hissəsi olan istifadə hüququnun müəyyən edilməsi və həmin evə köçürülməsi qanuni və əsaslı hesab edilə bilməz.

22. Məhkəmə kollegiyası tərəflərin mövqeyini nəzərə alıb, qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77-ci maddəsi (hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir) sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir.

23. Məhkəmə Kollegiyası hesab edir ki, mübahisəli evin özbaşına tikili olması, tikildikdən sonra daşınmaz əmlakın dövlət reyestrinə daxil edilməməsi nəzərə alınaraq, tərəflər arasında yaranmış mövcud mübahisə Azərbaycan Respublikasının mülki qanunvericiliyinin ümumi prinsipləri (hüququn analogiyası), Azərbaycan Respublikasının hüquq qaydalarının ideya və prinsipləri əsas götürülməklə kirayəçi və onun ailə üzvləri arasında olan münasibətlər müstəvisində, yəni 01 oktyabr 2009-cu il tarixdən qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu maddəsinin dispozisiya şərtləri daxilində həll edilməlidir.

24. Özbaşına tikililərlə (yaşayış evlərilə) bağlı münasibətləri tənzimləyən norma mövcud deyil, normanın mövcud olmaması isə iddiaya baxılmasından imtina üçün əsas ola bilməz. Özbaşına inşa edilmiş evlərin sökülməsi yox, onların qeydə alınması prioritet təşkil etdiyindən, həmin evi inşa etmiş şəxsin mülkiyyət hüququnun gözləntisi mövcuddur. Digər tərəfdən, özbaşına tikiliyə çəkilmiş xərcə münasibətdə də məhz bu xərci çəkmiş şəxs mülkiyyətçi hesab olunur.

25. Beləliklə, bütün göstərilənlərə əsasən kollegiya istifadə hüququ olmayan şəxsin mənzilə köçürülmə tələbini əsaslı hesab etmir.

26. Qeyd edilənlərə əsasən Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi qanunvericiliyin tələbləri baxımından iş üzrə düzgün nəticəyə gəlməmişdir. Məhkəmənin gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmamış və bununla da maddi hüquq normalarının pozuntusuna yol verilmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, apellyasiya şikayəti təmin edilməlidir.

27. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 372, 382, 384.0.2, 385.1.1, 385.1.4, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

Qət etdi:

Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin 2(094)-30/2025 nömrəli xx.xx.2025-ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı “istifadə hüququnun tanınması və evə köçürülmə” İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı “istifadə hüququnun tanınması və evə köçürülmə” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar