Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2263/2023 15.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qızına qarşı iş üzrə (Açar sözlər: aliment borcunu ödəməkdən azad edilməsi və aliment məbləğinin dəyişdirilməsi ) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X14 (sədrlik edən və məruzəçi), Sx oğlu və İx oğlundan ibarət tərkibdə, Sadıqov Mehman Norəs oğlunun katibliyi, İddiaçının vəkili və nümayəndəsi Vəkil, Cavabdehin nümayəndəsi X5 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı aliment borcunu ödəməkdən azad edilmə və tutulan alimentin miqdarının əlillik pensiyasının ¼ hissəsi məbləğində müəyyən edilməsi tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(011)- 5599/2022 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. Tərəflər xx.xx.2010-cu il tarixdə nikaha daxil olmuşlar, birgə nikahından xx.xx.2012-ci il təvəllüdlü X13 doğulmuş, nikah Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli qətnaməsi ilə pozulmuşdur.
2. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(011)-1285/2014 nömrəli qətnaməsi ilə iddiaçı Cavabdeh İddiaçı qarşı aliment tələbinə dair iddiası qismən təmin edilmiş, xx.xx.2014-cü il tarixdən başlayaraq uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün 120 manat sabit pul məbləğində alimentin İddiaçı tutulub Cavabdeh ödənilməsi qət edilmişdir.
3. Həmin qətnaməyə əsasən cavabdeh tərəfindən 6.900 manat aliment ödənilmiş, 5.460 manat aliment borcu qalmışdır.
4. İddiaçı X15 ilə xx.xx.2018-ci il tarixdə nikahlarını rəsmiləşdirmiş, xx.xx.2017-ci il təvəllüdlü uşaqları var.
5. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(011)-4064/2019 nömrəli qətnaməsi ilə iddiaçı Cavabdeh İddiaçı qarşı alimentin miqdarının dəyişdirilməsi tələbinə dair ilk iddiası və İddiaçı Cavabdeh qarşı alimentin miqdarının dəyişdirilməsi tələbinə dair qarşılıqlı iddiasının təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)-8448/2019 nömrəli qətnaməsi ilə cavabdeh İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmışdır.
6. İddiaçı xx.xx.2021-ci il tarixdə ikinci dərəcəli əlillik təyin olunmuş, o, əmək qabiliyyətsizdir.
7. İddiaçı hazırda orqanizmin funksiyalarının 61-80% pozulmasına görə 220 manat məbləğində sosial müavinat alır.
a) Birinci instansiya məhkəməsində icraat
8. İddiaçı cavabdeh X8 qarşı – qızı X1 üçün cavabdehin xeyrinə tutulmalı olan aliment üzrə borcları ödəməkdən azad edilməsi, aliment alan cavabdeh Akçalı (Musayeva) Zibeydə yeni nikaha daxil olduğundan aliment öhdəliklərinə xitam verilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
9. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən iddiaçıdan xx.xx.2012-ci ildə anadan olmuş qızı Zəhranın saxlanılması üçün hər ay 120 manat pul tutulur. Eyni zamanda, iddiaçının cavabdehə qarşı qızı Zəhra ilə hər şənbə və bazar günləri görüşməsi barədə iddiası da Xətai Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsilə təmin edilmişdir. Qətnamə Bakı Apellyasiya Məhkəməsi tərəfindən qüvvədə saxlanılmışdır. İddiaçı xəstə olduğundan və işləmək iqtidarında olmadığından, alimenti iddiaçının atası və anası öz pensiyalarından ödəyirlər ki, bu da onların özlərinin səhhətlərinə mənfi təsir göstərir, normal qidalana bilmirlər. Hal-hazırda iddiaçının aliment borcu 3.900 manat təşkil edir. İddiaçı 2011-ci ildən paranoid şizofrenia əsəb xəstəliyindən əziyyət çəkir və həmin vaxtdan müalicə olunur. 2017-ci ildən iddiaçı Səhiyyə Nazirliyinin Baş psixiatrı Gəray Gəraybəylinin müşahidəsi altında və onun təyin etdiyi qaydada müalicə olunur. İddiaçı xx.xx.2011-ci il, xx.xx.2011-ci il, xx.xx.2012-ci il, xx.xx.2012-ci il, xx.xx.2012-ci il, xx.xx.2013-cü il, xx.xx.2013-cü il, xx.xx.2013-cü il, xx.xx.2014-cü il, xx.xx.2014-cü il, xx.xx.2015-ci il, xx.xx.2015-ci il, xx.xx.2015-ci il, xx.xx.2016-cı il, xx.xx.2016-cı il, xx.xx.2016-cı illərdə Baş psixiatr tərəfindən müayinə olunmuşdur. İddiaçıya müalicə üçün dərmanlar yazılmışdır. İddiaçı xəstəliyi ağırlaşdığından xx.xx.2018-ci ildən xx.xx.2018-ci ilə kimi, xx.xx.2019-cu ildən xx.xx.2019-cu ilə kimi, xx.xx.2020-ci ildən xx.xx.2020-ci ilə kimi, xx.xx.2020-ci ildən xx.xx.2020-ci ilə kimi, xx.xx.2020-ci ildən xx.xx.2020-ci ilə kimi 2 nömrəli X4 stasionar qaydada müalicə almışdır. İddiaçı AR ƏƏSMN-nin Xətai rayon Məşğulluq Mərkəzində işaxtaran kimi qeydiyyatda olsa da, işsizlik müavinəti almamış, alimenti qoca atası və anası (65 yaşında) pensiyası hesabına ödəmiş, icra məmurları tərəfindən aliment borcunu ödəmək tələbləri iddiaçının xəstəliyini şiddətləndirmişdir. İddiaçı qızı Zəhranın saxlanılması üçün az da olsa valideynlərinin hesabına aliment ödəsə də, cavabdeh qızları anadan olandan iddiaçının onunla görüşməsinə nə Bakıda yaşayanda, nə də türk vətəndaşına ərə gedəndən sonra icazə verməmiş, bu barədə məhkəmə qətnaməsini icra etməkdən də imtina etmiş, həmin qətnamə bu günə kimi icra edilməmişdir. Cavabdeh Türkiyə Respublikasında yaşadığından, məhkəmə iclaslarında onun etibarnaməsi əsasında atası X12 iştirak etmişdir. İddiaçının qızı Zəhra ilə ünsiyyətdə olmaq tələbi barədə iddiasına xx.xx.2018-ci ildə baxılarkən İ. Musayev qızı Zəhra ilə yalnız tətillərdə görüşə biləcəyinin mümkün olmasını bildirsə də və məhkəmə hər ilin iyul və avqust aylarında iddiaçıya qızı ilə görüşüb ünsiyyətdə olmaq barədə qərar versə də, cavabdehin atası və nümayəndəsi həmin qətnamədən verdiyi apellyasiya şikayətində göstərmişdir ki, Cavabdeh 2016-cı ildən qızı Zəhra ilə Türkiyədə, İstanbul vilayətinin Esenyurt rayonunda yaşayır. Zəhra Esenyurt rayonunda yerləşən ibtidai məktəbin birinci sinifində təhsil alır, qətnamədə göstərilən vaxtlarda atası ilə görüşməsi qeyri-mümkündür. M.Musayev apellyasiya şikayətində həmçinin göstərmişdir ki, qızı Cavabdeh Türkiyədə ailə həyatı qurmuş, həmin nikahdan bir körpə uşağı var, onun körpə uşağını qoyaraq Azərbaycana gəlməsi mümkünsüzdür. İddiaçı xəstəliyi ilə əlaqədar heç bir yerdə işləyə bilmir, yeni ailə qurmuş və bir övladı var. Məşğulluq İdarəsində qeydiyyatda olsa da, heç bir müavinət almır, aliment borclarını ödəmək iqtidarında deyil. Eyni zamanda, cavabdeh Türkiyə Respublikasında yaşayır, Türk vətəndaşı ilə nikaha daxil olmuş, həmin şəxslə bir övladı var. Bu faktı cavabdehin atası apellyasiya şikayətində təsdiq etmişdir. Cavabdeh iddiaçının qızı ilə görüşməsinə də bu səbəbdən mane olur. İddiaçı cavabdehin orada işləməsini və maddi durumunun iddiaçıdan tutulan alimentə ehtiyacı olmamasını, həmin alimentin cavabdehin atası İlham Musayev tərəfindən alınmasını nəzərə alınmasını xahiş edir.
10. İddiaçı sonradan məhkəməyə iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə müraciət edərək məhkəmədən, qızı X2 üçün cavabdeh Akçalı (Musayeva) Zibeydə İlham qızının xeyrinə məhkəmədə iddia qaldırılan günə kimi tutulmalı olan aliment üzrə borcu ödəməkdən tam azad edilməsi, ondan tutulan alimentin miqdarının əlillik pensiyasının ¼ hissəsi – 45 manat məbləğində müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. İddiaçının nümayəndəsi X6 məhkəmə iclasında ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində cavabdehin adının səhvən “Zülfiyyə” olaraq göstərildiyini qeyd etmiş və cavabdehin adının Akçalı (Musayeva) Zibeydə İlham qızı olaraq qəbul edilməsini xahiş etmişdir.
12. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(011)-5599/2022 nömrəli qətnaməsi ilə (hakim L.E.Rəhimli) İddiaçı cavabdeh Akçalı (Musayeva) Zibeydə İlham qızına qarşı – qızı X2 üçün cavabdeh Akçalı (Musayeva) Zibeydə İlham qızının xeyrinə məhkəmədə iddia qaldırılan günə kimi tutulmalı olan aliment üzrə borcu ödəməkdən tam azad edilməsi, ondan tutulan alimentin miqdarının əlillik pensiyasının ¼ hissəsi – 45 manat məbləğində müəyyən edilməsi barədə iddia tələbi təmin edilməmişdir.
13. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçının aliment verməkdən azad edilməsi xeyrinə aliment tutulan yetkinlik yaşına çatmayanın mənafeyinə zidd olardı. “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” xx.xx.2021-ci il tarixli Azərbaycan Respublikası Qanununa əsasən 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. Hazırda iddiaçıdan cavabdehin xeyrinə tutulan alimentin məbləği 2022-ci il uşaqlar üçün müəyyən edilmiş minimum məbləğdən də xeyli azdır.
14. Məhkəmə həmçinin qeyd etmişdir ki, iddiaçının silinməsini tələb etdiyi aliment borcu qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə tutulmuş alimentin ödənilməməsi nəticəsində yaranmışdır. Bu isə özlüyündə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin vaxtı-vaxtında icra edilməməsinə gətirib çıxarır ki, bu da Avropa Konvensiyasının məhkəmə aktlarının ağlabatan müddətdə icra olunması tələbinə ziddir. Göstərilənlərə əsasən, məhkəmə hesab etmişdir ki, iddia tələbi göstərilən hissədə əsassızdır və təmin edilməməlidir.
15. Məhkəmə iddianının “iddiaçıdan cavabdehin xeyrinə tutulan alimentin məbləğinin pensiyasının ¼ hissəsi miqdarında tutulması” barədə hissəsinə hüquqi qiymət verərək hesab etmişdir ki, iddia göstərilən hissədə də əsassızdır. Belə ki, iddiaçı ondan tutulan alimentin tutulma qaydasının dəyişdirilməsini xahiş etsə də, aliment barədə qətnamə qəbul edildikdən sonra onun ailə və ya maddi vəziyyətində mühüm dəyişikliklərin baş verməsini təsdiq edən sübutu məhkəməyə təqdim etməmişdir. Digər tərəfdən məhkəmə qeyd edir ki, alimentin formasını dəyişdirilməsini tələb etmək hüququ aliment ödəyənə yox, xeyrinə aliment ödənilən şəxsə məxsusdur.
16. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə, “Uşaq hüquqları bəyənnaməsi”nin 2 və 4 saylı prinsiplərinə, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13, 19-cu maddələrinə, “Uşaq hüquqları haqqında” BMT-nin konvensiyasının 27-ci maddəsinə, “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” xx.xx.2021-ci il tarixli Azərbaycan Respublikası Qanununa, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1, 112.1-ci maddələrinə, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
17. Qətnamədən iddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, onun ləğv edilməsini və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.
18. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə aliment ödəməli şəxsin iddiası üzrə aliment borcunun şəxsin xəstəliyi və digər üzürlü səbəblərə görə əmələ gəldiyini, ailə və maddi vəziyyətinin bu borcları ödəməyə imkan vermədiyini müəyyən edərsə, onu həmin borcları ödəməkdən tamamilə və ya qismən azad edə bilər. Məhkəmə ilk növbədə cavabdehin iddiaya münasibətini aydınlaşdırmaq (iddiaçıdan aliment tələb edib-etməməsini, 2014-cü ildən iddiaçıdan tutulan alimentin atası tərəfindən ona göndərilib-göndərilməməsini, Türkiyə Respublikasında işləyib-işləməməsini, işlədiyi təqdirdə hansı məbləğdə əmək haqqı almasını) məqsədi ilə mülki iş üzrə icraatı dayandırıb Türkiyə Respublikasına məhkəmə tapşırığı göndərilməsi üçün tədbirlər görməmiş, iddiaçının Məşğulluq İdarəsində qeydiyyatda olsa da, oradan heç bir müavinət almamasını, 2011-ci ildən 2018-ci ilə kimi psixoloji xəstəliyi ilə əlaqədar müntəzəm olaraq AR Baş psixiatrının nəzarətində ambulator qaydada müalicə almasını, 2018-ci ildən 2021ci ilə kimi hər il bir, bəzən 2 ay Bakı şəhəri 2 saylı X3 stasionar qaydada müalicə almasını, nəhayət, 2021-ci ilin noyabr ayında AR ƏƏSMN Tibbi-Sosial Ekspert Komissiyasının xx.xx.2021-ci il tarixli qərarı ilə “paranoid şizofreniya, şizofreniya paranoid forma fasiləsiz gedişli, psixi qüsur halı, OU-tor qişanın dammar angiopatiyası” diaqnozu ilə müddətsiz ikinci dərəcəli əlillik təyin edilməsini, 2022-ci ildən ona əlilliyə görə 180 manat pensiya təyin edilməsini nəzərə almadan, iddiaçını aliment borcunun ödənilməsindən azad etməmiş, iddianın bu hissəsinin təmin edilməməsini belə əsaslandırmışdır ki, “aliment borcu qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə tutulmuş alimentin ödənilməsi nəticəsində yaranmışdır”, aliment borcunun iddiaçının xəstəliyi nəticəsində yaranmasına heç bir münasibət bildirməmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
19. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
20. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi. Həmçinin bildirdi ki, hazırda iddiaçıya 220 manat məbləğində sosial müavinət alır, onun ¼ hissəsi 55 manat təşkil edir. İddiaçı həmin məbləği hər ay aliment olaraq ödəməyə razıdır. Çünki o, yenidən nikaha daxil olmuş və həmin nikahdan bir uşağı dünyaya gəlmişdir. İddiaçı 2011-ci ildən səhhəti ilə bağlı işləyə bilməmişdir. Alimenti ödəməyə iddiaçının valideynləri köməklik göstərirdi. Onların balaca bir ərzaq mağazaları var idi, hazırda həmin mağaza fəaliyyət göstərmir. Həmçinin, bununla bağlı qətnamə olmasına baxmayaraq, cavabdeh uşağın iddiaçı ilə görüşməsinə şərait yaratmır.
21. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətinin dəlillərinə qismən etiraz edərək bildirdi ki, o, iddiaçının səhhətində olan problemləri nəzərə alaraq hazırda alimentin miqdarının aldığı sosial müavinətın ¼ hissəsində təyin edilməsinə etiraz etmir. Lakin, aliment borcunun silinməsinə razı deyil. Çünki, həmin məbləğ uşağın saxlanması üçün nəzərdə tutulan məbləğdir. Pandemiya ilə bağlı quru sərhədlər bağlı olduğundan iddiaçı uşağı ilə birlikdə avtobusla ölkəyə gələ bilmir. Gələrkən uşağın iddiaçı ilə görüşməsinə etiraz etmir. Təyyarə ilə gəliş-gedişə maddi imkanları yol vermir.
Tətbiq edilən hüquq
22. Azərbaycan Respublikasının Ailə Məcəlləsi: Maddə 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Maddə 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Maddə 76.1. Aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay aşağıdakı miqdarda aliment tutulur: 76.1.1. 1 uşağa görə—qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi; 76.1.2. 2 uşağa görə—qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi; 76.1.3. 3 və daha çox uşağa görə—qazancın (başqa gəlirlərin) yarısı. Maddə 76.2. Bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Maddə 107.1. Aliment onun ödənilməsi barədə saziş əsasında tutulduqda aliment üzrə borcları ödəməkdən azad edilmə və ya onun miqdarının azaldılması tərəflərin razılığı ilə həyata keçirilə bilər. Maddə 107.2. Məhkəmə aliment ödəməli şəxsin iddiası üzrə aliment borcunun şəxsin xəstəliyi və digər üzürlü səbəblərə görə əmələ gəldiyini, ailə və maddi vəziyyətinin bu borcları ödəməyə imkan vermədiyini müəyyən edərsə, onu həmin borcları ödəməkdən tamamilə və ya qismən azad edə bilər. Maddə 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.
23. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanun: Maddə 5. Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Maddə 8. Hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial-hüquqi və digər tədbirlər görməyi, sağlam və təhlükəsizlik mühit yaratmağı öz öhdəsinə götürür. Maddə 13. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.
24. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair» 27 iyul 2016-cı il tarixli qərarı: Alimentin miqdarı müəyyən olunarkən məhkəmə, ilk növbədə, Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə əsasən tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq digər halları və uşağın əvvəlki təminatının səviyyəsini nəzərə almalıdır. Alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə bu Qərarda formalaşdırılan hüquqi mövqeyi rəhbər tutaraq alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın təminat səviyyəsinə və aliment ödəyənin maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir.
25. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 8-2/2016 nömrəli, 28 mart 2016-cı il tarixli qərarı: Bənd 8.12. Məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir.
26. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 112.1.3. İddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 385.1 Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
27. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
28. Hazırkı işdə iddia təmin edilmədiyindən, iddiaçı qətnamənin ləğv edilərək iddianın təmin edilməsini xahiş etdiyindən, qətnamənin əsaslığı tam yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
29. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edilməli, ləğv edilən hissədə yeni qətnamə qəbul edilərək iddia qismən təmin edilməlidir.
30. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan birinci instansiya məhkəməsi düzgün olaraq nəticəyə gəlmişdir ki, iddiaçının silinməsini tələb etdiyi aliment borcu qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə tutulmuş alimentin ödənilməməsi nəticəsində yaranmışdır. İddiaçının aliment verməkdən azad edilməsi xeyrinə aliment tutulan yetkinlik yaşına çatmayanın mənafeyinə zidd olardı.
31. Belə ki, iş materialları ilə müəyyən edilir ki, iddiaçının aliment borcu 5.460 manat təşkil edir.
32. Hazırda apellyasiya şikayətində iddiaçı Məşğulluq İdarəsində qeydiyyatda olsa da, oradan heç bir müavinət almamasını, 2011-ci ildən 2018-ci ilə kimi psixoloji xəstəliyi ilə əlaqədar müntəzəm olaraq psixiatrının nəzarətində ambulator qaydada müalicə almasını, 2021-ci ilin noyabr ayında AR ƏƏSMN Tibbi-Sosial Ekspert Komissiyasının xx.xx.2021-ci il tarixli qərarı ilə “paranoid şizofreniya, şizofreniya paranoid forma fasiləsiz gedişli, psixi qüsur halı, OU-tor qişanın damar angiopatiyası” diaqnozu ilə müddətsiz ikinci dərəcəli əlillik təyin edilməsini bildirirək qətnamənin ləğv edilməsini xahiş edir.
33. Kollegiya qeyd edir ki, iddiaçının göstərdiyi dəlillər onu uşağı ilə bağlı hər hansı bir vəzifəsindən, o cümlədən uşağı saxlamaq, saxlamadıqda isə uşağın saxlanması üçün məhkəmə qaydasında müəyən edilmiş alimenti ödəmək vəzifəsindən və ya yığılmış aliment borcunu ödəmək öhdəliyindən azad edilməsi üçün əsas ola bilməz.
34. Belə ki, apellyasiya araşdırması zamanı məhkəmə tərəfindən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə və Bakı şəhəri Xətai rayon icra şöbəsinə sorğu ünvanlanmış, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidmətinin müraciətə cavab məktubları daxil olmuşdur.
35. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 aprel 2023-cü il tarixli, **********159300 nömrəli məktubunda qeyd olunur ki, vergi ödəyicilərinin dövlət reyestrində xx.xx.1984-cü il təvəllüdlü İddiaçı hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs qismində uçotda olması barədə məlumat mövcud deyildir.
36. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında X17 Xidmətinin 19 aprel 2023-cü il tarixli, 3-175/2-13668/2023 nömrəli məktubunda qeyd olunur ki, “Sorğunuzla əlaqədar İddiaçı Hüseyn oğlunun adına Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Əmək və məşğulluq” altsisteminə daxil edilmiş əmək müqaviləsi bildirişləri barədə məlumatlar Sizə təqdim olunur. Dövlət Sosial Müdafiə Fondu tərəfindən təqdim edilmiş məktuba əsasən İddiaçı “Sosial Ödənişlər” altsisteminin məlumat bazasında orqanizmin funksiyalarının 61-80 faiz pozulmasına görə 220,00 (iki yüz iyirmi) manat məbləğində sosial müavinət adığı qeyd olunmuşdur. Həmçinin “Pensiya” altsistemi bazasında pensiya, sosial yardım alması barədə qeydiyyatın olmadığı bildirilmişdir.” Məktuba əlavə edilmiş “Şəxslərin əmək fəaliyyəti ilə bağlı məlumatlar”dan görünür ki, İddiaçı xx.xx.2017-ci il tarixindən xx.xx.2017-ci il tarixinədək "xxxx" MMC-də, xx.xx.2020-ci tarixindən xx.xx.2020-ci il tarixinədək “X27” MMC-də əmək fəaliyyəti göstərmişdir.
37. Göründüyü kimi, 2017, 2020-ci illərdə müəyyən dövrlərdə işləməsi onu göstərir ki, o, həmin vaxt əmək qabiliyyətsiz olmamışdır, yəni məhkəmə qətnaməsi ilə təyin edilmiş alimenti ödəmək iqtidarında olmuşdur.
38. Bundan başqa, iddiaçının yenidən nikaha daxil olması, 2017-ci ildə bir uşağının doğulması da ona dəlalət edir ki, iddiaçı bu dövr ərzində ailə saxlamaq imkanına malik olmuşdur.
39. Göründüyü kimi, birinci instansiya məhkəməsi iddia tələbini “məhkəmədə iddia qaldırılan günə kimi tutulmalı olan aliment üzrə borcu ödəməkdən tam azad edilməsi” hissəsində təmin etməməklə düzgün nəticəyə gəlmişdir. Bu səbəbdən kollegiya apellyasiya şikayətinin həmin hissə ilə bağlı dəlillərini əsassız hesab edir.
40. Bununla belə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin “tutulan alimentin miqdarının əlillik pensiyasının ¼ hissəsi məbləğində müəyyən edilməsi” hissəsində iddianı təmin etməməsi ilə bağlı gəldiyi nəticə düzgün deyil.
41. Belə ki, iş materiallarından görünür ki, İddiaçı xx.xx.2021-ci il tarixdən başlayaraq əmək qabiliyyətsiz olmuş, hazırda ona 220 manat məbləğində sosial müavinat ödənilir. Onun bundan başqa qazanca malik olması iş materialları ilə müəyyən edilmir.
42. Kollegiya iddiaçının səhhətində problemlərin olması ilə əlaqədar maddi vəziyyətinin pisləşməsini nəzərə alaraq belə qənaətə gəlir ki, hazırki vəziyyətdə alimentin 120 manat məbləğində tutulması iddiaçının həmin məbləği ödəməsini mümkünsüz edəcəkdir.
43. Yuxarıda qeyd olunan qanunvericilik normalarından və Konstitusiya Məhkəməsinin mövqeyindən görünür ki, məhkəmə müəyyən edilmiş alimentin məbləğinin dəyişdirilməsi ilə bağlı məsələni həll edərkən xeyrinə aliment tutulan uşaqların təminat səviyyəsi ilə yanaşı, aliment ödəyənin maddi vəziyyətini də nəzərə almalıdır.
44. Həmçinin məhkəmə iclasında cavabdehin nümayəndəsi iddiaçının xəstəliyi ilə bağlı alimentin miqdarının sosial müavinatın ¼ hissəsi məbləğində müəyyən edilməsinə etiraz etmədiyini bildirmişdir.
45. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, hazırda cavabdehdən tutulmalı olan alimentin məbləği onun maddi vəziyyətinə uyğun olmadığından iddia bu hissədə təmin olunmalı, tutulan alimentin miqdarı İddiaçı əlillik pensiyasının ¼ hissəsi məbləğində müəyyən edilməlidir.
46. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 392, 393, 402.1, 405, 406.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(011)-5599/2022 nömrəli qətnaməsi qismən – tutulan alimentin miqdarının dəyişdirilməsi barədə iddianın təmin edilməməsi hissəsində ləğv edilsin. Həmin hissədə iddia tələbi təmin edilsin. xx.xx.2012-ci il təvəllüdlü X10 yetkinlik yaşına çatanadək saxlanması üçün İddiaçı Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(011)-1285/2014 nömrəli qətnaməsi ilə Cavabdeh xeyrinə tutulan alimentin miqdarı dəyişdirilərək İddiaçı aylıq sosial müavinətinin dördə bir hissəsi miqdarında müəyyən olunsun. Qətnamə qalan hissədə apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına iddiaçı tərəfindən elektron kabinet vasitəsilə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.