Məhkəmə qərarları › İş №2(103)-2275/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2275/2020

19.02.2020 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2275/2020 19.02.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Abiddin Qabil oğlu Hüseynov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, Cavabdeh iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)-3324/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı bağışlama müqaviləsinin ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, ünvan 1 mənzil 49 xx.xx.1994-cü ildə ailələri tərəfindən mərhum anası X2 adına alınmışdır. Mənzil alınarkən məbləğin yarısından çoxunu şəxsən o, ödəmişdir. O, və övladı həmin mənzilə anasının razılığı ilə 2007-ci il tarixdə qeydiyyata alınmışlar. Həmin mənzil alınarkən niyyət şəhərin mərkəzində olan evi gələcəkdə satdıqdan sonra bütün övladların minimal mənzil tələbatını ödəmək olmuşdur. Sonradan iddiaçı olan qardaşı evin böyük övladı olması səbəbi ilə anası həmin mənzili iddiaçının adına rəsmiləşdirmişdir. xx.xx.2009-cu ildə həmin mənzil anası tərəfindən iddiaçıya bağışlanmışdır. Buna səbəb isə ondan ibarət olmuşdur qardaşları evin böyüyü kimi əmlakı ədalətli şəkildə aralarında bölüşdürsün.həmin bağışlama müqaviləsi bağlanarkən o, mənzilin qardaşının adına sənədləşdirilməsinə razılıq vermişdir. Həmin razılıq onun istifadə hüquqlarının xitamına əsas ola bilməz. Belə ki, bağışlama müqaviləsində onun həmin mənzildən istifadə hüquqlarına xitam verilməsi barədə bənd şərtləndirilməmişdir. Bağışlama müqaviləsində razılıq verərkən o, əmlakın bir hissəsinin ona hədiyyə olunmasnı düşünmüşdür. Belə ki, anasının niyyəti mənzili aralarında bölmək olub. Cavabdeh onun böyük qardaşı olduğundan o, ona daim inanmışdır. Cavabdeh həmişə evin bir hissəsinin onun olduğunu bildirmişdir. Onun məlumatı olmadan həmin mənzildən istifadə hüququnun itirilməsinə dair qətnamə çıxarıldıqdan sonra həmin əmlakda mülkiyyət hüququnun olmadığını bilmişdir. O, və anası cavabdehə inanmışlar və dedikləri yerlərdə imza etmişlər. Cavabdeh hüquqdan sui-istifadə edərək onun əmlak hüquqlarını pozmuşdur. Cavabdehin əvvəlcə onu mənzilə buraxmaması, sonra isə onun mənzildən istifadə hüququna xitam verilməsi ilə əlaqədar məhkəməyə müraciət etməsi cavabdeh tərəfindən əvvəlcədən mərkli niyyətinin olmasının göstəricisidir. Cavabdehin ona və ailəsinə qarşı düşmən mövqedə olması həmin əmlakın satılaraq aralarında bölünməsini zəruri edir. Qanunvericiliyin normalarından görünür ki, əmlakdan istifadə hüququ mülkiyyət hüququnun formalarından biri olmaqla yanaşı əmlak hüququ hesab edilir. Mülkiyyətçinin hüquqdan sui-istifadə etməsi qanunla qadağan edilmişdir. Qardaşının əvvəlcə onu mənzilə buraxmaması, sonra isə onun mənzildən istifadə hüququna xitam verilməsi ilə əlaqədar məhkəməyə müraciət etməsi hüquqdan sui-istifadə etməsi kimi qiymətləndirilmişdir. Beləliklə yuxarıda göstərilənlər onun iddiasının dəlillərinin əsaslı olduğunu təsdiq edir. Eyni zamanda mərhum anasının bir dəfə cavabdehə həmin mənzili bağışlaması və sonradan ləğv etməsi, daha sonra yenidən analoji müqaviləni bağlanması mümkün deyil. Anasının həqiqi niyyəti mənzili övladları arasında bölmək olmuş, onun mənzili bağışlamasına razılıq verməsi isə cavabdehin eyni hərəkətlər etməməsini düşünməsi olub. Aşağıda göstərilənlərə əsasən iddiası təmin edilməlidir: onun mübahisə obyekti olan mənzilə 2007-ci ildə qeydiyyata alınması ilə əlaqədar münasibətləri 2009-cu ilədək qüvvədə olan Mənzil Məcəlləsinə əsasən tənzimlənməlidir, qanunvericiliyin yuxarıda göstərilən normaları və Konstitusiya Məhkəməsinin yuxarıda göstərilən qərarları onun iddiasının hüquqi əsasını təsdiq edir, o, mənzilə anasının razılığı ilə qeydiyyata alınmışdır; mübahisəli mənzilin qardaşına bağışlanmasına dair razılıq verərkən həmin mənzildən öz istifadə hüquqlarının xitamını nəzərdə tutmamışdır və göstərməmişdir, anası ilə cavabdeh arasında mənzil bağışlama müqaviləsi bağlanarkən həmin müqavilədə mənzildən istifadə hüquqlarının itirilməsinə dair şərt olmamışdır. Göstərilənləri nəzərə alaraq iddiaçı onun ünvan 1 mənzil 49 ünvanının bağışlanma müqaviləsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.. Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)-3324/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı Bakı şəhəri, Səbail rayonu, Zərifə Əliyeva küçəsində yerləşən 20 saylı evin 49 saylı mənzilinin X4 tərəfindən Cavabdeh bağışlanmasına dair müqavilənin ləğv edilməsi barədə iddia tələbinə dair iddia ərizəsinin təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən İddiaçı verdiyi apellyasiya şikayətindəqətnaməsinin ləğv edilməsini, iddianın təmin оlunmasını хahiş еtmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnaməni çıxararkən sübutlara qiymət verməmişdir. Məhkəmədə müxtəlif vəsatətlərinin olmasını bildirsə də, faktiki olaraq heç bir araşdırma aparamadan məhkəmə bir iclasda qətnamə çıxarmışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinə etiraz təqdim edərək şikayətin təmin edilməməsini xahiş etdi. Etiraz onunla əsaslandırılmışdır ki,iddiaçının apellyasiya şikayətində istinad etdiyi hallar həqiqəti əks etdirməyərək tam olaraq əsassızdır və istinad etdiyi bütün hallar hər hansı sübutlarla təsdiqini tapmır. Müqaviləsi buna hüququ olmayan şəxs tərəfindən mübahisələndirilən Bakı şəhəri, Səbail rayonu, Zərifə Əliyeva küçəsindəki 20 saylı evin 49cu mənzili valideynləri tərəfindən onun üçün alınmış, mənzilə görə iddiaçı tərəfindən hər hansı vəsait ödənilməmişdir. Bu iddiaçının apellyasiya şikayətində gah mənzilin faktiki olaraq onun vəsaiti hesabına, gah da mənzilin dəyərinin yarsından çoxunun onun tərəfindən ödənildiyini qeyd etməsi ilə də təsdiq olunur. İddiaçı həmin dövrdə səfirlikdə işləyərək yüksək əmək haqqı aldığını sadəcə olaraq ifadə etsə də o, həmin vaxtlarda tələbə olmaqla heç yerdə işləməmiş, mənzilin dəyərinin cüzi hissəsinin belə ödənilməsi qabiliyyətinə malik olmamışdır. Mənzilin gələcəkdə satılaraq ailənin bütün övladların minimal mənzillərlə təmin olunması məqsədilə alınmamış, bu hər hansı formada şərtləndirilməmiş, ibarət ümumi sahəsi cəmi 38 kv.m-dən və cəmi 1 otaqdan ibarət mənzilin ona bağışlanmasına iddiaçı şəxsən razılıq vermiş, burada hər hansı qeyri-şərt olmamışdır. Mənzilin tam olaraq onun mülkiyyətinə keçməsini iddiaçı əvvəlcədən bilərək bundan lazımınca məlumatlı olmuş, mənzilin gələcəkdə aralarında bölünməsinə dair hər hansı niyyət olmamış və bağlanılmış müqavilədə hər hansı şərt qeyd edilməmişdir. Mənzilə iddiaçının mülkiyyət hüququ yaranmayaraq belə bir hüququ ümumiyyətlə olmamış, mənzilin aramızda bölünməsinə analarının hər hansı niyyəti olmamış və əmlakın bir hissəsinin ona hədiyyə olunmasının “düşünülməsi” üçün heç bir əsas olmamışdır. Əgər belə əsaslardan hər hansı bir mövcud olmuş olsaydı “ali savadlı, məlum olmayan səfliklərdə işləyərək yüksək əmək haqqı alan” bir şəxs olmayan hüququnu hələ analarının sağlığında və ya ötən 12 ilə yaxın bir müddətdə məhkəmə qaydasında hüquqlarının bərpasını tələb etmiş olardı. Müqavilələri rəsmiləşdirən notariuslarla heç bir dostluq münasibətləri və ya hər hansı əlaqəsi olmamış, iddiaçı mənzilin tam olaraq mülkiyyətinə keçməsini müqavilənin bağlanıldığı vaxtdan bilmiş, müqavilənin bağlanmasına könüllü olaraq rəsmi razılıq vermiş və müqavilənin bağlanılmasında qanun pozuntularına yol verilməmişdir. Mülkiyyətindən hüququndan iddiaçıya qarşı münasibətdə sui-istifadə hallarına yol verilməmiş, bacısı kimi iddiaçı ilə və ya ailə üzvləriylə düşmən mövqedə olmamış və onu mənzilə buraxılmaması kimi hallar olmamışdır. Mənzildə uzun müddət yaşamayan şəxsin məhkəmə qaydasında qeydiyyatdan çıxarılması və ya istifadə hüququna xitam verilməsi mülkiyyət hüququn sui-istifadə kimi qiymətləndirilə bilməz. Mərhum anasıyla aralarında bağlanılmış müqavilələr anası tərəfindən heç vaxt mübahisələndirilməmişdir. Əsassız olaraq hazırda mübahisələndirilən müqavilədə iddiaçı tərəf olmamış və onun hazırkı iddianın irəli sürməsində o, subyektiv hüquqa malik deyildi. Bunlardan başqa iddiaçı şikayətində qeyd etdiyi kimi məhkəmədə “mülkiyyət hüququnun ləğvi....” barədə iddia irəli sürməmiş, tərəfindən təqdim edilmiş “mənzilə dair bağışlanma müqaviləsinin ləğv barədə” iddiası məhkəmədə hər tərəfli, tam və obyektiv araşdırılmış, məhkəmənin öz təşəbbüsü ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlak Dövlət Reyestri Xitmətinin 1 saylı Bakı Ərazi İdarəsinə sorğu təqdim edilərək idarədən müvafiq cavab alınmış, orada əks olunan məlumatlar iddia tərəflərinin izahatları ilə, onlar tərəfindən əlavə edilmiş sənədlərlə birlikdə yoxlanılaraq qiymətləndirilmişdir. İddiaçı tərəfindən məhkəməyə hər hansı vəsatət təqdim olunmamışdır. İddiaçı hər hansı sübutla təsdiq edilməyən iddia tələbinin tam olaraq əsassız olması onun iddia ərizəsi ilə apellyasiya şikayətinə diqqət yetirdikdə də tam aydın olur. Məhkəmə iddiaçı tərəfindən mübahisələndirilən müqavilə tərəflərinin Mikayıl-zadə Bəhiyyə Baba qızının və Cavabdeh olmasını, iddiaçının isə müqavilədə tərəf olmamaqla həmin müqavilə üzrə hər hansı hüquq və vəzifələrə malik olmamasını, müqavilənin ləğv edilməsi haqqında bağışlanma müqaviləsinin tərəfləri arasında müqavilə bağlanması yolu ilə həyata keçirildiyini, bununla bağlı razılaşma olmadıqda isə tərəflərin məhkəməyə müraciət edə bilməsini, iddiaçının müqavilə tərəfi olmayaraq müqavilə üzrə hər hansı hüquq və vəzifələrə malik olmamasını, onun həmin müqavilənin ləğvi edilməsi ilə bağlı tələb irəli sürməyə subyektiv hüququnun olmamasını, iddiaçı tərəfindən qeyd olunan hallar müqavilə tərəfləri arasında bağışlanma müqavilələri imzalanarkən həmin müqavilələrdə hər hansı qeyri-şərt, yaxud öhdəliyin yerinə yetirilməsinin nəzərdə tutulmadığını, həmçinin bağışlama heç bir şərtlərin və ya öhdəliklərin yerinə yetirilməsindən aslı edilmədiyini və tərəflər arasında bağlanmış bağışlanma müqaviləsi tərəflərin iradəsinə uyğun olmasını, həmin əqd bağlanarkən hər hansı qanun pozuntusunda yol verilmədiyini haqlı olaraq müəyyən etmişdir. İddiaçının tərəfindən bağışlanma müqaviləsinin şərtlə bağışlanmasını, həmçinin bağışlanmanın müəyyən şərtlərin və ya öhdəliklərin yerinə yetirilməsindən aslı olması hallarını təsdiq edən sübutları məhkəməyə təqdim edə bilmədiyindən iddiasını əsassız hesab edərək təmin etməmişdir. İddia tələb üzrə işə baxan məhkəmə maddi və prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, qanun pozuntularına yol verilməmiş, qanuni və əsaslı qətnamə qəbul etmişdir. Bakı şəhər Səbail rayon Məhkəməsinin iş üzrə qətnaməsi hazırkı tələbli irəli sürməyə hüququ olmayan iddiaçının apellyasiya şikayətində qeyd etdiyi, hər hansı sübutla təsdiqini tapmayan formal mülahizələri ilə ləğv edilə bilməz. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar iddiaçı məhkəmə kollegiyasının iclasına gəlməmiş, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasə işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası izahatı dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)-3324/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə bağlı aşağıdakı sübutları müəyyən etmişdir: Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2019-cu il tarixli məktiubundan görünür ki, ünvan 1 mənzil 49 ilkin olaraq xx.xx.1991-ci il tarixdə X1 adına qeydiyyata alınmışdır. X1 vəfatından sonra 1 saydı DNKnın 2 ki “N”- 89 reyestr nömrəli xx.xx.1993-cü il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən sözügedən mənzil xx.xx.1993-cü il tarixdə X7 mülkiyyətinə verilmişdir. X9 ilə Mikayıl-zadə Bəhiyyə Baba qızı arasında imzalanmış 1 saylı DNK-nın 3M-250 reyestr nömrəli, xx.xx.1994-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən sonuncunun adına xx.xx.1994-cü il tarixdə rəsmiləşdirilmişdir. Mikayıl-zadə Şahin Ağa oğlu sözügedən mənzili 1 saylı DNK-nın 3M-10 reyestr nömrəli, xx.xx.1999-cu il tarixli bağlışlama müqaviləsinə əsasən Mikayıl-zadə Bəhiyyə Baba qızından bəxşiş almışdır (qeydiyyat tarixi - xx.xx.1999). Mikayıl-zadə Bəhiyyə Baba qızı bəhs edilən mənzili Mikayılzadə Şahin Ağa oğlundan 43 saylı DNK-nın 4ə/2-292 reyestr nömrəli, xx.xx.2004-cü il tarixli bağışlama müqaviləsinə əsasən hədiyyə almışdır (qeydiyyat tarixi-xx.xx.2004). 26 saylı DNK-nın 4ə/1-42 reyestr nömrəli xx.xx.2011-ci il tarixli bağışlama müqaviləsinə əsasən həmin mənzil yenidən Mikayıl-zadə Şahin Ağa oğluna bağışlanmışdır (qeydiyyat tarixi - xx.xx.2011) və hazırda mülkiyyətindədir. Birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş sənədlərdən görünür ki, Bakı şəhər 1 saylı Dövlət Notariat Kontorunda təsdiq edilmiş və Mikayıl-zadə Bahiyyə Baba qızı ilə Mikayıl-zadə Şahin Ağa oğlu arasında bağlanılmış xx.xx.1999-cu il tarixli mənzilin bağışlanması müqaviləsinə əsasən B.Mikayıl-zadə mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Azərbaycan prospektində (indiki Zərifə Əliyeva küçəsində) yerləşən 20 saylı evin ümumi sahəsi 38,0 kv.m, yaşayış sahəsi 20,0 kv.m olan bir otaqlı 49 saylı mənzilini Mikayıl-zadə Şahin Ağa oğluna bağışlamışdır. İş materiallarında olan Bakı şəhər 43 saylı Dövlət Notariat Kontorunda təsdiq edilmiş və Mikayıl-zadə Şahin Ağa oğlu ilə Mikayıl-zadə Bəhiyyə Baba qızı arasında bağlanılmış xx.xx.2004-cü il tarixli müqavilədən görünür ki, Ş.Mikayıl-zadə mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Azərbaycan prospektində (indiki Zərifə Əliyeva küçəsində) yerləşən 20 saylı evin ümumi sahəsi 38,0 kv.m, yaşayış sahəsi 20,0 kv.m olan bir otaqlı 49 saylı mənzilini Mikayıl-zadə Bəhiyyə Baba qızına bağışlamışdır. İş materiallarında olan Bakı şəhər 26 saylı Dövlət Notariat Kontorunda təsdiq edilmiş və Mikayıl-zadə Bahiyyə Baba qızı ilə Mikayıl-zadə Şahin Ağa oğlu arasında bağlanılmış xx.xx.2001-ci il tarixli mənzilin bağışlama müqaviləsindən görünür ki, B.Mikayıl-zadə mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Azərbaycan prospektində (indiki Zərifə Əliyeva küçəsində) yerləşən 20 saylı evin ümumi sahəsi 38,0 kv.m, yaşayış sahəsi 20,0 kv.m olan bir otaqlı 49 saylı mənzilini Mikayıl-zadə Şahin Ağa oğluna bağışlamışdır. İşin halları ilə müəyyən оlunur ki, Bakı şəhəri, Səbail rayonu, Zərifə Əliyeva küçəsində yerləşən 20 saylı evin 49 saylı mənzili xüsusi mülkiyyət hüququ üzrə tərəflərin anası Mikayıl-zadə Bəhiyyə Baba qızının mülkiyyətində olmuşdur və onun tərəfindən həmin mənzil ilk dəfə xx.xx.1999-cu il tarixdə bağışlama müqaviləsi əsasında Cavabdeh bağışlanmışdır. Sonradan, yəni xx.xx.2004-cü il tarixdə Cavabdeh mübahisəli mənzili anası Mikayıl-zadə Bəhiyyə Baba qızına bağışlanmışdır. Mikayıl-zadə Bəhiyyə Baba qızı xx.xx.2011-ci il tarixli bağışlama müqaviləsinə əsasən həmin mənzili yenidən Cavabdeh bağışlamış və hal-hazırda mübahisəli mənzil onun mülkiyyətindədir. İddiaçı tərəfin mövqеyinə görə Bakı şəhəri, Səbail rayonu, Zərifə Əliyeva küçəsində yerləşən 20 saylı evin 49 saylı mənzil anası tərəfindən cavabdehə bağışlanmışdır. Bağışlama müqaviləsində razılıq verərkən o, əmlakın bir hissəsinin ona hədiyyə olunmasnı düşünmüşdür. Belə ki, anasının niyyəti mənzili aralarında bölmək olub. Lakin cavabdeh onun böyük qardaşı olduğundan o, ona daim inanmışdır. Cavabdeh hüquqdan suiistifadə edərək onun əmlak hüquqlarını pozmuş və onun mənzildən istifadə hüququna xitam verilməsi ilə əlaqədar məhkəməyə müraciət etmişdir. Bu səbəbdən iddiaçı bağışlama müqaviləsinin ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666.1-ci maddəsinə əsasən bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinin tələbinə görə mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 423.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Azərbaycan Respublikasının Mülki Məcəllənin 670.1-ci maddəsinə əsasən bağışlama şərtlərin və ya öhdəliklərin yerinə yetirilməsindən asılı edilə bilər. Həmin Məcəllənin 670.3-cü maddəsinə əsasən bağışalma müqaviləsinə uyğun olaraq hədiyyə verən və onun vərəsələri hədiyyə alanın götürdüyü öhdəliyinin icra etməməsi və ya lazımınca icra edilməməsi barədə iddia verə bilərlər. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəlləin 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə, müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxx 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2008-ci il tarixli Qərarına qeyd edilmişdir ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, iddiaçı müqavilənin tərəfi olmadığından, o müqavilə üzrə hər hansı hüquq və vəzifəyə malik deyil. Bu səbəbdən onun həmin müqavilənin ləğv edilməsi ilə bağlı tələb irəli sürməyə subyektiv hüququ yoxdur. Belə ki, məhkəmə müdafiəsi hüququ öz təbiəti etibarı ilə mütləq hüquq olmayıb müəyyən şərtlərin mövcudluğunda konkret məhdudiyyətlə məruz qala bilər və yalnız qanunla qorunan pozulmuş və ya barəsində mübahisə edilən hüquq və azadlıqları məhkəmə vasitəsi ilə həyata keçirilməsini nəzərdə tutur. Bu mənada hər kəs özünün subyektiv hüququnu həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə alınmalıdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərini məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsini mümkünlüyünü nəzərdə tutur. Buna görə məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulubpozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüququa malik olubolmaması, subyektiv hüququn pozulubpozulmaması, cavabdehin bu pozuntunu edibetməməsi məsələləri araşdırılmalıdır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, bağışlama müqaviləsi əvəzsiz əqd olmaqla daşınmaz əmlaklar barəsində notariat qaydasında təsdiq edildiyi andan etibarlı olur və daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındığı andan əldə edənə keçir. Bağışlama müqaviləsinə əsasən hədiyyə verən sağ ikən öz əmlakının bir hissəsinin heç bir cavab xidmətçi ilə şərtləndirilmədən hədiyyə alana bağışlayaraq onu zənginləşdirir. Bağışlama müqaviləsi şəxsin təmənnasız xeyirxah iradəsinin ifadəsinə əsaslanır. Lakin bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Digər tərəfdən, bağışlamanın heç bir cavab xidməti ilə şərtləndirilməsinə yol verilmədiyi nəzərdə tutulmuşsa da, Mülki Məcəllənin 670-ci maddəsinə əsasən bağışlama müəyyən şərtlərin və ya öhdəliklərin yerinə yetirilməsindən asılı edilə bilər. Belə bir müqavilə şərti tərəflərin razılaşmaları nəticəsində qəbul edilir. Buna görə də əgər bağışlama hansısa bir öhdəliklə şərtləndirilməyibsə bağışlama üzrə hədiyyənin hədiyyə alan tərəfindən qəbul edildiyi ehtimal olunur. Məhkəmə kоllеgiyası apеllyasiya şikayətinin dəlillərinə münasibətdə qеyd еdir ki, şikayətdə göstərilənlər formal mülahizələr olmaqla qanuni və əsaslı məhkəmə qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Beləliklə, birinci instansiya məhkəməsi iddia tələbini rədd etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apellyasiya şikayətinin dəlilləri yuxarıda qeyd edilənlərə əsasən təmin edilə və qətnamənin ləğvi üçün əsas ola bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu halda məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)-3324/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)-3324/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər. Sədrlik edən Azad İmanov Hakimlər Abiddin Hüseynov Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar