Məhkəmə qərarları › İş №2(103)-2276/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2276/2024

24.04.2024 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2276/2024 24.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Bakı şəhəri 30 saylı Notariat Ofisinə və X3 qanuni nümayəndəsi Cavabdeh2 qarşı iddia tələbi ilə əlaqədar iş üzrə (Açar sözlər: “bağışlama müqaviləsinin və çıxarışın ləğv edilməsi” tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X6 (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Mirzəyev Ziya Əziz oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Bakı şəhəri 30 saylı Notariat Ofisinə və X3 qanuni nümayəndəsi Cavabdeh2 qarşı "bağışlama müqaviləsinin və çıxarışın ləğv edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 05 aprel 2023-cü il tarixli, 2(007)-489/2023 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyat idarəsinin MH seriyalı, 044364 saylı qeydiyyat vəsiqəsinin surətindən müəyyən olunur ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, ünvan 1 ünvanında yerləşən mənzili İddiaçı adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçmişdir və bu barədə 748 saylı reyestr kitabının 112330 nömrəli səhifəsində 07 yanvar 1997-ci il tarixdə qeydiyyat aparılmışdır;

2. Bakı şəhəri 30 saylı Notariat Ofisində təsdiq edilmiş 02 aprel 2013-cü il tarixli şəxsi mənzilin bağışlanması müqaviləsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı Azərbaycan Respublikası Bakı şəhəri İHTİ və MHQ idarəsi tərəfindən verilmiş 748 saylı reyestr kitabının 112330 səhifəsində qeyd edilmiş, qeydə alma nömrəsi 30/112330 olan xx.xx.1997-ci il tarixli qeydiyyat vəsiqəsinə və Azərbaycan Respublikasının ƏMDK yanında DƏDRX Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş 06/309 nömrəli xx.xx.2013-cü ii tarixli (xx.xx.2013-cü il tarixdə müddəti uzadılmış) arayışa əsasən mənə məxsus olan və ünvan 2 ünvanda yerləşən ümumi sahəsi - kv.m, yaşayış sahəsi 27,33 kv.m olan 2 (iki) otaqlı 8 saylı şəxsi mənzili qardaşı oğlu - X4 bağışlamışdır;

3. İddiaçı tərəfindən Bakı şəhəri 30 saylı Dövlət Notariat kontoruna təqdim edilmiş xx.xx.2013-cü il tarixli ərizənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, o, subaydır. Gələcəkdə bu barədə hər hansı mübahisəli məsələ ortaya çıxarsa məsuliyyəti öz üzərinə götürür. Əlyazısı ilə aşağıdakı qeydlər edilmişdir: "Ərizə ilə tanış oldum. Məlumatı var, etiraz yoxdur”;

4. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2013-cü il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışından görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, ünvan 1 ünvanında yerləşən mənzili X2 adına xüsusi mülkiyyət hüququ üzrə daşınmaz əmlak üzərində hüquq daşınmaz əmlakın dövlət reyestrində ********** №-si ilə qeydiyyata alınmışdır;

5. AZ-İİ Seriyalı 159588 nömrəli ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X9 06 avqust 2021-ci il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 31 avqust 2021-ci il tarixdə 1450 nömrə ilə qeyd edilmişdir;

6. Sumqayıt "ASAN Xidmət mərkəzində” notariat ofisinin xx.xx.2022-ci il tarixli 214 saylı məlumatından görünür ki, xx.xx.2021-ci ildə X9 ölmüşdür. Vərəsəsi, qızı X3 qanuni nümayəndəsi, anası Quliyeva Mərziyə Zair qızı Sumqayıt "ASAN Xidmət mərkəzində” notariat ofisinə müraciət etmiş və vərəsəlik işi açılmışdır;

7. xx.xx.2022-ci il tarixli Qanun üzrə Vərəsəlik hüququ haqqında Şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, xx.xx.2021-ci il tarixdə vəfat etmiş X2 vərəsəsi X7r (d/t: xx.xx.2016) və o, miras əmlakdan tam hissədə pay almalıdır. Şəhadətnamə verilən əmlak ƏMDK-nin yanında DƏDRX-nin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə X4 verilmiş **********90-05101-093007 reyestr nömərli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarıa əsasən Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 40,71 kv.m olan mənzildən ibarətdir;

8. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2022-ci il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışından görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, ünvan 1 ünvanında yerləşən mənzili X3 adına xüsusi mülkiyyət hüququ üzrə daşınmaz əmlak üzərində hüquq daşınmaz əmlakın dövlət reyestrində ********** №-si ilə qeydiyyata alınmışdır;

9. Bakı şəhəri 30 saylı Notariat Ofisi tərəfindən İddiaçı ünvanlanmış məktubdan görünür ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 423.1- ci maddəsinin tələbləri nəzərə alınmaqla, müqavilənin, o cümlədən əmlakın özgəninkiləşdirilməsi haqqında müqavilənin ləğv edilməsi haqqında razılaşma müqavilə ilə eyni formada bağlanır və yeni müqavilə ilə rəsmiləşdirilir. Beləliklə, onunla X9 arasında Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Xanməmmədov küçəsi, ev 13-də yerləşən 8 saylı mənzilə dair bağlanmış 4Ə-55 reyestr nömrəsilə 02 aprel 2013-cü ildə təsdiq edilmiş bağışlama müqaviləsinin ləğv edilməsi hər iki tərəfin notariat ofisinə müraciət edərək, yeni müqavilə tərtib etməklə həyata keçirilə bilər. Tərəflər arasında mübahisə olduqda isə söhbəti gedən müqavilənin birtərəfli qaydada ləğvi üçün, həmçinin maraqlarını qorumaq və təmin etmək, daşınmaz əmlak üzərində hüquqlarını bərpa etmək məqsədi ilə qanuna uyğun qaydada məhkəmə orqanlarına müraciət edə bilər;

10. Bakı şəhəri Nizami RPİ-nin 25-ci Polis Şöbəsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, İddiaçı Hafiz qızının müracəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir;

11. 06 fevral 2008-ci il tarixdə İddiaçı tərəfindən tərtib edilmiş vəsiyyətnamənin surətindən görünür ki, o, ölən günə ona məxsus olan bütün əmlakını, o cümlədən, ünvan 4-i X5 vəsiyyət edir;

12. 104 saylı MKİS tərəfindən xx.xx.2023-cü il tarixdə tərtib edilmiş 78 saylı arayışdan görünür ki, İddiaçı Hafiz qızı ünvan 4 ünvanında qeydiyyatdadır və tək yaşayır.

İş üzrə qəbul edilmiş məhkəmə aktı a) Birinci instansiya məhkəməsində icraat

13. İddiaçı cavabdeh Bakı şəhəri 30 saylı Notariat Ofisinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh 30 saylı notariat ofisində bağlanmış "bağışlanma müqavilə”sinin ləğv edilməsi, həmin müqavilədən irəli gəlmiş bütün sənədlərin, o cümlədən İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Katastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş tərəfindən ******* nömrəli, xx.xx.2013-cü il tarixli nömrəli çıxarışın etibarsız hesab edilərək ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

14. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1937-ci il təvəllüdlü, 86 yaşlı, latın əlifbası ilə oxuyub yazmağı bacarmayan, illərdir ki, tənha və köməksiz olan qadındır. Bu il təsadüfən ona məlum olmuşdur ki, 02 aprel 2013-cü il tarixdə, cavabdeh Bakı şəhəri, Nizami rayonunda yerləşən cavabdeh 30 saylı Notariat ofisində uzun illərdən bəri onun mülkiyyətində olan, qeydiyyatda olmaqla hazırda da yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Hovsan qəsəbəsi, C.Xanməmmədov küçəsi, ev 13, mənzil 8 qanunsuz olaraq, yəni onun adından qardaşı oğlu X2 adına xx.xx.2013-cü il tarixli, guya "bağışlanma müqaviləsi”nin əsasında bağışlanmış, həmin mənzil İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən 0166 nömrəli, xx.xx.2013-cü il tarixli çıxarışla onun mülkiyyətinə keçmişdir. O, bunu biləndən dərhal sonra, yəni 2022-ci ilin fevral ayında bu barədə polisə, prokurorluğa təqsirkar şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi məqsədilə şikayət etmişdir, həmin notariat ofisinə "bağışlanma müqavilə” sininləğv edilməsi, işdə olan bütün sənədlərin, o cümlədən ləğv etmə qərarının göndərilməsi məqsədilə müraciət etmişdir. Daha sonra ona məlum olmuşdur ki, X9 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. Cavabdeh Bakı şəhəri, Nizami rayonunda yerləşən 30 saylı Notariat kontorunda işdə olan sənədləri ona göndərsə də, ona ünvanladığı özünün G-92 saylı, xx.xx.2022-ci il tarixli və G-134 saylı, xx.xx.2022-ci il tarixli məktubları ilə "bağışlanma müqaviləsi”nin ləğv edilməsindən qanunsuz və əsassız olaraq imtina edilmişdir. Nəzərə xüsusi olaraq onu bir daha çatdırır ki, o, heç vaxt həmin mənzilini kiməsə, o cümlədən H.B.Quliyevə bağışlamaq kimi bir qərara gəlməmişdir, yəni heç vaxt elə bir qərar verməmişdir. Mərhum H.B.Quliyev o vaxtlar ondan nümayəndə kimi etibarnamə alacağı adı ilə onu notariusa, özü də yaşadığı Hövsan qəsəbəsində notariat ofisi ola-ola oraya deyil, qəsdən tanımadığı və onu tanıyanların olmadığı Bakı şəhəri, Nizami rayonunda yerləşən cavabdeh 30 saylı notariat ofisinə aparmışdır. O, heç yerdə, o cümlədən cavabdeh 30 saylı notariat ofisində heç bir bağışlama sənədini imzalamamışdır, maraqlı və cinayətkar şəxslər onun 85 yaşlı köməksiz və tənha qadın olduğundan, latın əlifbasında oxuyub yaza bilmədiyindən və onlara inandığından sui-istifadə etmiş, 30 saylı notariat ofisinin aidiyyatı olan məsul şəxsi (şəxsləri) isə bunu ona izah etməmiş, o, həmin sənədi etibarnamə bilərək aldadılaraq imza etmişdir. Cavabdehdən əldə etdiyi sənədlərə nəzər yetirərkən həmin sənədlərin də heç yerində öz xətti ilə nə kiril əlifbası ilə, nə də latın əlifbası ilə (qeyd etdiyi kimi həmin əlifba ilə oxuyub yaza bilmir) mənzilini bağışlaması barədə açıq qeyd etməmişdir. Bildirir ki, kiril əlifbası ilə oxuyub yaza bildiyini cavabdeh notariat ofisində demiş, lakin cavabdeh 30 saylı notariat ofisinin işçiləri və rəhbərliyi ondna onun latın əlifbası ilə oxuyub-yaza bilib-bilmədiyini soruşmamış və imzaladığı sənədləri ona ucadan oxumamışlar. Buna baxmayaraq, ona müqaviləni ucadan oxumadan, onu aldadaraq, onu inandırmışlar ki, guya o, etibarnamə verməyi üçün imza edir. Hesab edir ki, cavabdeh notariat ofisi öz xətti ilə, bildiyi kiril əlifbası ilə həmin müqavilədə onun mənzilini bağışlamağı barədə qeydini yazdırmalı idi və bunu qəsdən etməmişdir. Bunun da nəticəsində hazırda ləğv edilməli olan müqavilə bağlanılmışdır, bunu isə, artıq qeyd etdiyi kimi, sonra bilmişdir. Görünür onlar bunu qəsdən və onu aldatmaq məqsədilə, mənzilini saxta müqavilə əsasında, qanunsuz olaraq ələ keçirmək məqsədilə etmişlər. Belə ki, aldadıldığını bu ilin, yəni 2022-ci ilin fevral ayında təsadüfən eşidib bilmişdir. Ona görə də, bu haqda bütün qanuni tədbirlər görülməli və sonda həmin bağışlanma müqaviləsi və ondan irəli gedən bütün sənədlər ləğv edilməlidir. Saxta müqavilənin bağlandığını bildiyi vaxtdan, yəni aldadıldığı barədə polisə, prokurorluğa da təqsirkar şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi məqsədilə şikayət etmişdir, lakin bütün bunlara baxmayaraq, qanuni tələbləri yerinə yetirilməmiş, polis cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul etmiş və ya ona imtina cavabı verilmişdir. Cavabdeh 30 saylı notariat ofisindən 02 aprel 2013-cü il tarixli həmin "şəxsi mənzilin bağışlanması müqaviləsi”ni əldə etmiş və ən əvvəl o məlum olmuşdur ki, iki səhifəlik sözügedən müqavilə onun oxuyub yaza bilmədiyi latın əlifbası ilə tərtib edilmiş, sonda onun fəaliyyət qabiliyyətinin yoxlanılması barədə qeyd olsa da, onun latın əlifbasında oxuyub yaza bilib-bilmədiyi barədə heç bir qeyd yoxdur, o cümlədən müqavilənin heç bir yerində onun öz xətti ilə oxuyub yaza bildiyi kiril əlifbası ilə mənzilini H.B.Quliyevə bağışlamağı barədə heç bir qeydin olmadığı da aşkar edilmişdir. Yalnız həmin müqavilənin ilk səhifəsinin sonunda, imzaların yerində "1” rəqəmindən sonra onun özünün etdiyi imzası və öz xətti ilə yazdığı soyadı ilə adı, yəni "İddiaçı” yazılmışdır. Bunlardan başqa, onun heç bir imzası və ya bağışlanma haqda qeydi həmin müqavilədə yoxdur. Bir daha hesab edir ki, notariat ofisi onu imzalayacağı müqavilənin nədən ibarət olduğunu, bunu arzulayıb- arzulamadığını, müqavilənin nəticəsinin nə ilə nəticələnəyini ona aydınlaşdırmalı, o cümlədən notariat ofisi onun 85 yaşlı olduğunu və müqavilənin latın əlifbası ilə tərtib edildiyini nəzərə alaraq, onun latın əlifbası ilə oxuyub yaza bilib-bilmədiyimi də müəyyən etməli, o cümlədən müqavilədənin sonunda bunu dəqiqləşdirdikləri barədə müvafiq qeyd etməli olduğu halda bilərəkdən-qəsdən etməmişlər. Belə ki, mənzilinə dair İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Katastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş çıxarış da etibarsız hesab edilərək ləğv edilməlidir.

15. Məhkəmə tərəfindən X3 qanuni nümayəndəsi Cavabdeh2 iş üzrə cavabdeh kimi cəlb edilmişdir.

16. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 05 aprel 2023-cü il tarixli, 2(007)- 489/2023 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. (hakim X10)

17. Məhkəmə iddia tələbini rədd edərkən ona istinad etmişdir ki, bağışlanma müqaviləsi qanunvericiliyin tələblərinə riayət etməklə bağlandığından onun etibarsız hesab edilməsi üçün heç bir əsas yoxdur. İddiaçının iddia ərizəsində istinad etdiyi hallar bağışlama müqaviləsinin etibarsız hesab edilməsi üçün əsas ola bilməz. İş materiallarına əsasən X9 hədiyyə alan ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin və ya onun yaxın qohumlarının biri barəsində kobudcasına pozması halları da müəyyən olunmamışdır. Məhkəmə qeyd etmişdir ki, iddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, notariat ofisinə X4 etibarnamə vermək üçün getmiş, notariat ofisində onun latın əlifbası ilə oxuyub-yaza bilməməsi soruşulmamış, imzaladığı sənədlər ona ucadan oxunmamış, onu aldatmışlar. Lakin qeyd edilməlidir ki, hazırkı iddia tələbi bağışlama müqaviləsinin ləğv edilməsidir və göstərilən hallar bağışlama müqaviləsinin ləğv edilməsi üçün əsas deyil. Bu səbəbdən də iddia tələbi "bağışlanma müqaviləsinin ləğvi” hissəsində təmin edilməməlidir. Məhkəmə iddia tələbinin "bağışlama müqaviləsindən irəli gəlmiş bütün sənədlərin, o cümlədən xx.xx.2013-cü il tarixli çıxarışın etibarsız hesab ediərək ləğv edilməsi” hissəsinə münasibtədə qeyd edir ki, hazırda mübahisələndirilən əmlak Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2022-ci il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən X3 adına xüsusi mülkiyyət hüququ üzrə daşınmaz əmlak üzərində hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Həmin tələb törəmə tələb olduğundan və iddianın ilk hissəsinin əsassız olması ilə bağlı təmin edilməli olmadığından həmin tələbdə təmin edilməməlidir.

18. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 389.1-ci, 390-cı, 421-ci, 424-cü, 666.1-ci, 668.1.1-ci, 670-ci, 673-cü, 1167-ci maddələrinə, "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666.1, 670.1, 670.3 və 673.1-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 19 dekabr 2012-ci il tarixli qərarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci, 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları b) Apellyasiya şikayətinin dəlilləri

19. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

20. İddiaçı apellyasiya şikayətini məzmununu iddia ərizəsinə uyğun əsaslandırmış, əlavə olaraq göstərmişdir ki, işə mahiyyəti üzrə baxılarkən tam olaraq araşdırılıb yoxlanılmalı, latın əlifbası ilə yazıb-oxuya bilmədiyi, işə və nəticəyə mühüm təsir edə biləcəyi əsas götürülərək müvafiq ekspertiza keçirməklə müəyyən edilməlidir.

c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

21. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. ç) Proses iştirakçılarının izahatı

22. Məhkəmə iclasında iddiaçı apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək təmin edilməsini xahiş etmişdir. Eyni zamanda ona verilən sulallara cavab olaraq 02 aprel 2013-cü il tarixdə, Bakı şəhəri, Nizami rayonunda yerləşən cavabdeh 30 saylı Notariat ofisində Bakı şəhəri, Suraxanı rayonu, Hovsan qəsəbəsi, C.Xanməmmədov küçəsi, ev 13, 8 Salı mənzili qardaşı oğlu X4 bağışlamaq üçün getdiyini bilməmişdir. Həmin vaxt o elə bilmişdir ki, qardaşı oğluna etibarnamə vermək üçün gedib. Lakin etibarnaməni nə üçün vermək istədiyini xatırlamır.

23. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, iş üzrə cavabdehlər məhkəmə iclasına gəlməmişlər. Kollegiya işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

d) Tətbiq edilən hüquq

24. Azərbaycan Respublikası Konstitusiyası: 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər.

25. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 6.1.5-ci maddəsinə əsasən müqavilələr azadlığı mülki qanunvericiliyin prinsiplərindən biridir; 329.1-ci maddəsinə əsasən, əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər; 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır; 661.1-ci maddəsinə əsasən bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur; 662.2-ci maddəsinə əsasən bağışlama predmeti əşyalar, hədiyyə verənə və ya üçüncü şəxsə qarşı əmlak hüquqları (tələblər), habelə hədiyyə alanın hədiyyə verən və ya üçüncü şəxs qarşısında əmlak vəzifəsindən azad edilməsi ola bilər. 670.1-ci maddəsinə əsasən bağışlama şərtlərin və ya öhdəliklərin yerinə yetirilməsindən asılı edilə bilər; 670.3-cü maddəsinə əsasən bağışlama müqaviləsinə uyğun olaraq hədiyyə verən və onun vərəsələri hədiyyə alanın götürdüyü öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi barədə iddia verə bilərlər. Əgər öhdəliyin icrası ilə ictimai mənafelərə riayət edilirsə, hədiyyə verənin ölümündən sonra icranı müvafiq icra hakimiyyəti orqanı tələb edə bilər; 673.1-ci maddəsinə əsasən hədiyyə alan hədiyyə verənin və ya onun yaxın qohumunun barəsində ağır cinayət törətdikdə, hədiyyə alan ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin və ya onun yaxın qohumlarının biri barəsində kobudcasına pozduqda, o, bağışlama ilə bağlı öhdəlikləri əsassız olaraq icra etmədikdə bağışlamaqdan imtina edə bilər; 673.2.1-ci maddəsinə əsasən hədiyyə verən bağışlamaq barəsində verdiyi vədi bu Məcəllənin 673.1-ci maddəsində nəzərdə tutulan hallarda ləğv edə və onun icrasından imtina edə bilər;668.1.1-ci maddəsinə əsasən daşınmaz əşyaların və ya həmin əşyalara hüquqların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə bağışlama etibarlıdır.

26. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

e) Apellyasiya baxışının hədləri

27. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

28. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

29. İddiaçı tərəfindən qətnamə tam mübahisələndirilərək onun ləğv edilməsi və yeni qətnamənin qəbul edilməsi xahiş edildiyindən, qətnamə bütövlükdə yoxlanılır.

ə) Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

30. Məhkəmə kollegiyası iddiaçının izahatını dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini iş mаtеriаllаrı ilə birlikdə аrаşdırаrаq hеsаb еdir ki, birinci instansiya məhkəməsi işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas yoxdur.

31. İşin faktiki hallarından göründüyü kimi ünvan 4 ünvanında yerləşən mənzili İddiaçı Hafiz qızının adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçmiş, qeyd olunan mənzili iddiaçı 06 fevral 2008-ci il tarixdə qardaşı oğlu X5 vəsiyyət etmiş, daha sonra isə 02 aprel 2013-cü il tarixdə X4 bağışlamış və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666- 674-ci maddələrinin məzmunu dövlət notariusu tərəfindən tərəflərə izah edilmiş, bundan sonra həmin mənzil xüsusi mülkiyyət hüququ ilə X2 adına xx.xx.2013-cü il tarixdə qeydiyyata alınmışdır. X9 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. Bundan sonra onun qızı X3 qanuni nümayəndəsi (anası) Quliyeva Mərziyə Zair qızı Sumqayıt "ASAN Xidmət mərkəzində” notariat ofisinə müraciət etmiş və vərəsəlik işi açılmışdır. Mübahisəli əmlak X8 miras qalmış və onun adına xx.xx.2022-ci il tarixdə qeydiyyata alınmışdır. Hazırda iddiaçı qeyd olunan bağışlama müqaviləsinin ləğv edilməsini və həmin müqavilədən irəli gəlmiş bütün sənədlərin, o cümlədən xx.xx.2013-cü il tarixli çıxarışın ləğv edilməsini məhkəmədən xahiş edir.

32. Lakin iş materiallarında olan sübutlara əsasən müəyyən olunur ki, İddiaçı Hafiz qızı 06 fevral 2008-ci il tarixdə tərtib etdiyi vəsiyyətnamə ilə ölən günə ona məxsus olan bütün əmlakını, o cümlədən, ünvan 4 ünvanında yerləşən mənzilini X5 vəsiyyət etmişdir. Bu zaman iddiaçı öz iradəsini aydın şəkildə ifadə etmiş (vəsiyyətnamə latın əlifbası ilə tərtib edilmiş və məhkəmə iclasında iddiaçı vəsiyyətnaməni könüllü şəkildə tərtib etdiyini bildirmişdir), niyyəti əmlakı X5 vermək olduğunu göstərmişdir. Bundan sonra isə iddiaçı heç bir şərt və öhdəliyin yerinə yetirilməsini müəyyən etmədən mülkiyyətində olan, ünvan 4 ünvanında yerləşən mənzili Bakı şəhəri 30 saylı notariat ofisində xx.xx.2013-cü il tarixdə təsdiq etdirməklə və reyestrdə qeydə aldırmaqla qardaşı oğlu X4 bağışlamışdır. Bağışlama müqaviləsi notariat qaydasında təsdiq olunmuşdur. X1 mənzili dövlət reyestrində qeydə alınmış və bu barədə ona müvafiq çıxarış verilmişdir. İddiaçı Hafiz qızının mənzili bağışlaması onun iradə ifadəsinin nəticəsi olmuş və ona hüquq və vəzifələri notarius tərəfindən izah edilmişdir.

33. Göründüyü kimi, iddiaçı iddia tələbinin əsası kimi bağışlama müqaviləsinin, bağışlamaya dair razılıq ərizəsinin etibarsız hesab edilməsi və dövlət reyestrindən çıxarışın ləğv edilməsini xahiş etmişdir. Lakin iddiaçı iddiasının əsasını təşkil edən halları sübuta yetirə bilməmiş, müqavilənin etibarsız hesab edilməsi üçün aldadılmanın nədən ibarət olması barədə mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir. İddiaçının iddia ərizəsində onun notariat ofisinə X4 etibarnamə vermək üçün getdiyini, notariat ofisində onun latın əlifbası ilə oxuyub-yaza bilməməsinin soruşulmaması, imzaladığı sənədlərin ona ucadan oxunmaması və onun aldadıldığını bildirməsi iddia tələbinin yeganə əsaslandırmasıdır.

34. Məhkəmə kollegiyası işin hallarına və apellyasiya şikayətinin dəlillərinə istinadən qeyd etməyi zəruri hesab edir ki, iddiaçı tərəfindən bağışlama müqaviləsi əsasında əmlakın iddiaçının qardaşı oğluna bağışlanması mülkiyyətçi kimi qanunvericiliyin ona verdiyi hüquqdur, yəni öz mülkiyyəti üzərində sərbəst surətdə sərəncam vermək hüququndan istifadəsini özündə ehtiva edir. Həmin hüququn həyata keçirilməsi zaman iddiaçının razılıq verməsi də, qanunvericiliyin tələblərinə uyğun olmuşdur. xx.xx.2013-cü il tarixli ərizənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, iddiaçı ərizədə əlyazma qaydasında “Ərizə ilə tanış oldum. Məlumatı var, etiraz yoxdur” sözlərini yazmışdır. Qeyd edilənlər də öz növbəsində onun məhz bağışlama müqaviləsi bağlamasından məlumatlı olmadığını istisna edir. Onun latın əlifbası ilə oxuyub-yaza bilməməsi və aldadılaraq belə razılığı verməsi isə işin faktiki halları ilə də öz təsdiqini tapmamaqla, sözügedən müqavilənin etibarsız hesab edilməsi və onun əsasından verilmiş çıxarışın ləğvi üçün əsas ola bilməz. Göründüyü kimi iddiaçı öz mövqeyini sübuta yetirə bilmir. Onun öz mövqeyinin təsdiqi olaraq istinad etdiyi hallar, habelə təqdim etdiyi sübutlar apellyasiya şikayətinin və bunun nəticəsi olaraq iddianın təmin edilməsi üçün hüquqi əsas yaratmır.

35. Eyni zamanda məhkəmə kollegiyasının iclasında verilən suallara cavab olaraq mənzili bağışlamaq istəmədiyini, yalnız etibarnamə vermək istədiyini və etibarnamə verdiyini zənn etməsini bildirsə də, etibarnamənin nə məqsədlə hansı işlərin görülməsi üçün verilməsini xatırlamadığını bildirmişdir. Belə olan halda da kollegiya hesab edir ki, həmin vaxt sərbəst surətdə iradə ifadəsini bildirməklə əmlakını bağışlaması təsdiqini tapmaqla etibarnamə üçün ora getdiyini bildirməsi iradə ifadəsini əks etdirməməklə iddianın təmin edilməsi üçün əsas hesab edilə bilməz. Bundan əlavə, apellyasiya şikayətinin onun iddia tələbi ilə çıxış edərkən niyyətinin əslində bağışlama müqaviləsinin etibarsızlığı olduğu halda məhkəmənin iddia tələbində ləğv sözünün yazılmasına istinad etməsinin düzgün olmaması barədə dəlilinə gəldikdə isə kollegiya qeyd edir ki, hazırki tələbin məhz bağışlama müqaviləsinin etibarsızlığına yönəlmiş olması aydın şəkildə görünür və birinci instansiya məhkəməsi də tək qeyd edilən əsasla iddia tələbini təmin etməməsi nəticəsinə gəlməmişdir. Hazırki halda iddia tələbinin məhz etibarsızlıqla bağlı dəlilləri təkzib edilməklə bu barədə iddianın təmin edilməsi üçün hər hansı bir əsas da mövcud deyil.

36. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə raşılaşaraq qeyd edir ki, bağışlanma müqaviləsi qanunvericiliyin tələblərinə riayət edilməklə bağlandığından onun etibarsız hesab edilməsi üçün heç bir əsas yoxdur.

37. Beləliklə, məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq, belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməkdə haqlı olmuşdur. Bu səbəbdən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.

38. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 382-ci, 384-cü, 392ci, 393-cü, 403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi: İddiaçı Hafiz qızı tərəfindən verilən apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 05 aprel 2023-cü il tarixli, 2(007)-489/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatora aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar