Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-228/2022 22.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Məhərrəmova Şeyda Ədalət qızı və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı “ödənilməmiş əmək haqqının və məzuniyyət pulunun ödənilməsi tələbi barədə” ilk iddiasına, cavabdeh MMC-nin iddiaçıya qarşı “vurulmuş maddi ziyanın əvəzinin ödənilməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 19 fevral 2021-ci il tarixli qətnamədən cavabdeh MMC-nin verdiyi apellyasiya şikayətinə əsasən işə, iddiaçının özünün və vəkili (nümayəndə) Vəkil1 iştirakları ilə, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddia ərizəsi ilə Səbail Rayon Məhkəməsinə müraciət etmiş iddiaçı, cavabdeh MMC tərəfindən onunla bağlanmış “Əmək müqaviləsinə” xitam verildiyi 02.07.2020-ci il tarixədək, yəni 2019-cu ilin avqust, sentyabr, oktyabr, noyabr, dekabr ayları üzrə, 2020-ci ilin yanvar, fevral ayları üzrə ödənilməmiş 29,456 manat əmək haqqı məbləğinin, 2020-ci ilin mart, aprel, may, iyun, iyul ayları üzrə ödənilməmiş 46.750 manat əmək haqqı məbləğinin, istifadə olunmamış əsas məzuniyyət günlərinə görə pul əvəzi kimi 9.053 manat pul vəsaitinin, ümumilikdə 85.259 manat pul vəsaitinin cavabdeh MMC-dən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 01.03.2019-cu il tarixdən 02.07.2020-ci il tarixədək cavabdeh MMC-də direktor vəzifəsində işləmişdir. Vəzifələrinin icrası dövründə aylar üzrə 10.882 manata münasibətdə əmək haqqından məcburi tutmalar qanuna müvafiq qaydada aparılsa da, əmək funksiyalarının icrası üçün ona çatası məbləğlər təsisçilərin təzyiqi ilə ya natamam ödənilmiş, ya da heç ödənilməmişdir. 2019-cu ilin avqust ayından 2020-ci ilin fevral ayınadək 7 ay ərzində iddiaçıya ödənilmiş olan əmək haqqı natamam ödənilmişdir. Həmin aylar üzrə cavabdeh tərəfindən aylıq məcburi dövlət ödənişləri çıxıldıqdan sonra ona ödənilməli olan 9.350 manat məbləğdən 5.142 manat ödənilmiş, 4.208 manat isə borc yaranmışdır ki, 7 ay üzrə borc məbləği (4.208 x 7=) 29.456 manat təşkil etmişdir. Bundan başqa, 2020-ci ilin mart ayından iyul ayınadək əmək haqqının məcburi dövlət ödənişləri hissəsi istisna olmaqla, hər hansı ödəniş aparılmamışdır. Cavabdeh MMC-nin 2020-ci ilin mart, aprel, may, iyun, iyul - ümumiyyətlə 5 ay üzrə 46.750 manat borcu yaranmışdır. Həmçinin, iddiaçının istifadə olunmamış əsas məzuniyyət günlərinə görə pul əvəzi 9.053 manat təşkil etmişdir ki, iddiaçı ilə son haqq-hesab aparılmamış və bu məbləğ də ona ödənilməmişdir. İddia ərizəsi əsasında Rayon Məhkəməsi tərəfindən hazırki işin icraatı başlanmışdır. Bundan sonra, cavabdeh MMC-nin buna səlahiyyəti olan nümayəndəsi İddiaçı qarşı “maddi ziyanın əvəzinin ödənilməsi tələbi barədə” qarşılıqlı iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, iddiaçının ona vurduğu maddi zərərin əvəzi olaraq 122.961,11 manat məbləğində pulun iddiaçıdan MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Özündə ilk iddiaya etirazı ehtiva edən qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, İddiaçı qeyd etdiyi dövrlərdə MMC-nin direktoru vəzifəsində işləmiş, MMC-nin bütün maliyyə-təsərrüfat fəaliyyətinə rəhbərlik etmiş, işçilərə əmək haqqını təyin etmiş, həmin əmək haqqının buraxılmasına göstəriş vermişdir. Belə olduğu təqdirdə İddiaçı özünə əmək haqqının natamam ödənilməsi və ya heç ödənilməməsi anlaşılan deyil. MMC-nin direktoru olmuş İddiaçı 2019-cu ilin avqust ayından işçilərin əmək haqqılarının azaldılması barədə, o cümlədən özünün aylıq əmək haqqının 10.882 manatdan 5.730 manata və digər işçilərin də əmək haqqılarının azaldılması barədə məlumat verilmişdir. İddiaçı özü və digər işçilər 2019-cu ilin avqust ayından 02.03.2020-ci il tarixə kimi MMC-də tutduqları vəzifədə çalışmaqla azaldılmış məbləğlərdə əmək haqqını almışlar. 04.04.2020-ci il tarixdən 02.07.2020-ci il tarixə kimi olan dövrdə isə İddiaçı faktiki işləməmiş, işə çıxmamış və bu səbəbdən də təsisçinin 08.06.2020-ci il tarixli əmri ilə tutduğu vəzifədən azad edilmişdir. Həmin dövrdə işləmədiyi üçün İddiaçı əmək haqqı tələb etmək hüququ yoxdur. Bundan başqa, İddiaçı cavabdeh MMC-nin direktoru təyin edildikdən sonra əvvəldən onunla bir təşkilatda işləmiş X2 və X1 MMC-yə gətirmiş və onlara əvvəllər aldıqları əmək haqqından 2 dəfə çox - C.Tağıyevə 5.013 manat, G.Qənbərovaya isə 3.375 manat aylıq əmək haqqı təyin etməklə süni şəkildə onlara üstünlüklər yaratmışdır. Bununla da İddiaçı vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, yəni xidməti vəzifəsinin icrası ilə əlaqədar özü və C.Tağıyev ilə G.Qənbərova üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməklə vəzifə saxlakarlığı edib işçilərə azaldılmış əmək haqqı verildiyi halda, DSMF-ya və Vergilər Nazirliyinə aylıq ödəmələrə dair sənədlərə özünün, C.Tağıyevin və G.Qənbərovanın ilkin əmək haqqı məbləğləri barədə bilə-bilə yalandan artıq məlumatlar mühasibatlığa daxil etdirib, həmin məbləğlərə uyğun köçürmələr etdirməklə bu hesabla MMC-nin 22.895,09 manat məbləğində vəsaitini israf etmişdir. Ümumilikdə İddiaçı cavabdeh MMC-yə 122.961,11 manat məbləğində maddi zərər vurmuşdur. Eyni zamanda, MMC İddiaçı 2020-ci ilin mart ayınını əmək haqqısı kimi 5.730 manat və 9.053 manat istifadə olunmamış məzuniyyət haqqının ödənilməməsi hissəsində iddia tələbi ilə razılaşır. Qarşılıqlı iddia Rayon Məhkəməsi tərəfindən icraata götürülərək ilk iddia ilə birlikdə baxılmışdır. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi 19.02.2021-ci il tarixli qətnamə ilə ilk iddianın təmin edilməsini, cavabdeh MMC-dən iddiaçının xeyrinə 01.03.2019-cu il tarixdə bağlanmış “Əmək müqaviləsinə” əsasən müqaviləyə xitam verildiyi 02.07.2020-ci il tarixədək, yəni 2019-cu ilin avqust, sentyabr, oktyabr, noyabr, dekabr, 2020-ci ilin yanvar, fevral ayları üzrə ödənilməmiş 29.456 manat əmək haqqının, 2020-ci ilin mart, aprel, may, iyun, iyul ayları üzrə ödənilməmiş 46.750 manat əmək haqqının, istifadə olunmamış əsas məzuniyyət günlərinə görə pul əvəzi kimi 9.053 manat, cəmi 85.259 manat məbləğində pulun tutulmasını, qarşılıqlı iddia tələbinin təmin edilməməsini qət etmişdir. Cavabdeh MMC həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, ilk iddianın rədd, qarşılıqlı iddianın isə təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia tələbinin məzmununa uyğun əsaslandırılmış apellyasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, işə baxmış Rayon Məhkəməsi iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş və nəticədə iş üzrə əsassız qətnamə qəbul etmişdir. Cavabdeh MMC-nin nümayəndəsi (vəkili) Vəkil2 apellyasiya baxışının əvvəlki iclaslarında iştirak edərək apellyasiya şikayətinin dəlillərini müdafiə etmiş və şikayətin məzmununa uyğun izahat vermişdir. MMC növbəti apellyasiya baxışı iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunsa da, apellyasiya baxışının iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişdir. Məhkəmə, qeyd edilən halın işin baxılmasına mane olmadığını nəzərə alaraq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə MMC-nin nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. Apellyasiya baxışı iclasında iştirak edən iddiaçı və onun vəkili (nümayəndəsi) apellyasiya şikayətinin dəlillərinə etiraz etdilər və ilk iddia ərizəsinin məzmununa, habelə Rayon Məhkəməsi tərəfindən iş üzrə qəbul edilmiş qətnamənin əsaslarına uyğun izahat verdilər. İddiaçı və onun vəkili (nümayəndəsi) əlavə olaraq bildirdi ki, İddiaçı bank hesabına 12.03.2020-ci il tarixdə 25.248 manat mədaxil olmuş, lakin 16.03.2020-ci il tarixdə İddiaçı həmin məbləği MMC-nin hesabına qaytarmışdır. Məhkəmə apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan xxxxxxx000201 saylı, 15.05.2019-cu il tarixli əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı 01.03.2019-cu il tarixdən MMC-nin icraçı direktor vəzifəsində işləyir, əvvəlki əmək haqqısı 9.976 manat, hazırki əmək haqqısı 10.882 manat təşkil edir. MMC-nin rəhbəri tərəfindən MMC-nin əməkdaşlarına elektron poçt vasitəsi ilə göndərilmiş 10.04.2020-ci il tarixli rəsmi bildirişdən görünür ki, MMC-nin Azərbaycan ofisinin fəaliyyətinin xoşagəlməz olmasına baxmayaraq son 6 ay ərzində səhmdar tərəfindən əməkdaşlara dəfələrlə xəbərdarlıqlar edilmiş və ofisin nəticələrinin və ümumiyyətlə şirkətin fəaliyyətinin yaxşılaşdırılması məqsədi ilə şans verilmişdir. 29.01.2020-ci il tarixli bu bildirişlə o, şirkətdə təcili şəkildə vəziyyətin yaxşıdaşdırılmasını, o cümlədən iş vaxtında yalnız şirkətin məqsədlərinə aid məsələlərlə məşğul olmağı, daha səmərəli nəticələrin əldə olunması, satış həcminin artırılması, mövcud və gələcək müştərilərə keyfiyyətli xidmətin göstərilməsi məqsədləri ilə ofisin idarəetmə prosesinin təkmilləşdirilməsini tələb edir. Ofisinin bütün əməkdaşlarına qeyd olunanlar barəsində son dəfə xəbərdarlıq edilir və əks təqdirdə bu məktub 28.02.2020-ci il tarixdən etibarən ofisdə çalışan əməkdaşların əmək müqaviləsinə xitam veriləcəyinə dair ilkin bildiriş qismində çıxış edəcəyini göstərilmişdir. MMC-nin direktoru Rövşən Xəlilov tərəfindən verilmiş 16.11.2020-ci il tarixli arayışından görünür ki, MMC 2013-cü il tarixdən Azərbaycanda fəaliyyət göstərir və fəaliyyət göstərdiyi dövrdən 16.11.2020-ci il tarixədək işçilərin ştatlarının ixtisarı ilə bağlı heç bir ixtisar aparılmamış və ixtisara dair müəssisədə heç bir hüquqi sənəd yoxdur. MMC-nin Nizamnaməsinin 5-ci maddəsinə əsasən MMC-nin fəaliyyətinə cari rəhbərlik MMC-nin təkbaşına icra orqanı olan direktor tərəfindən həyata keçirilir. Direktor MMC-nin cari fəaliyyətinə rəhbərlik edir, vəkalətnamə olmadan MMC-nin adından öz səlahiyyəti daxilində çıxış edir, MMC-ni bütün dövlət hakimiyyəti və yerli özünüidarə orqanları, kommersiya və qeyri-kommersiya təşkilatları qarşısında, o cümlədən məhkəmələrdə iddiaçı və cavabdeh qismində təmsil edir. MMC-nin direktoru öz səlahiyyəti daxilində qərar qəbul edir və həmin qərarları yazılı surətdə əmrlə rəsmiləşdirir. İşçiləri vəzifəyə təyin edir, əmək müqavilələri bağlayır və qanunvericiliklə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv edir. MMC-nin əməkdaşı (qarşılıqlı iddiada adı qeyd edilmiş) Günel Qəmbərova tərəfindən İddiaçı elektron poçt vasitəsilə ünvanlanmış 12.09.2019-cu il tarixli məktubundan görünür ki, o, MMC-nin əməkdaşlarına ödəniləcək əmək haqqı məbləğlərinin azaldılmasına dair qərarın təkrar nəzərdən keçirməsini xahiş edir. 13.02.2019-cu il tarixdə verilmiş və 31.12.2020-ci il tarixədək etibarlı olması qeyd edilən etibarnamədən görünür ki, Malta qanunvericiliyinə müvafiq olaraq 30.04.2003-cü il tarixdə qeydiyyatdan keçən, kapitalı 3.000 ABŞ dolları, qeydiyyat nömrəsi C31349, direktoru Peter Mamonun şəxsində təmsil edilən MMC olan "xxxx" Şirkəti İddiaçı Azərbaycan Respublikasında, Bakı şəhərində yerləşən cavabdeh MMC-yə müvafiq surətdə Şirkətin adından aşağıdakı fəaliyyəti həyata keçirmək üzrə təyin edir və səlahiyyət verir: Şirkətin notarius və banklar daxil olmaqla bütün dövlət orqanlarında hüquqi və fiziki şəxslər qarşısında törəmə müəssisənin səhmdarı kimi təmsil etmək; törəmə müəssisənin direktorunun təyin edilməsi, Şirkət adından bütün zəruri qərarların qəbul edilməsi və sair. Göstərilənlərə və iş üzrə tərəflərin məhkəmələrə bildirdiklərinə əsasən müəyyən olunur ki, İddiaçı cavabdeh MMC-də direktor vəzifəsində işləmiş, direktor kimi MMC-yə rəhbərliyi həyata keçirmiş və MMC-nin Nizamnaməsi ilə müəyyən edilmiş səlahiyyətlərə malik olmuşdur. Həmin səlahiyyətlərə MMC-nin idarə edilməsi ilə bağlı qərarlar qəbul edilməsi ilə yanaşı, MMC-nin maliyyə-təsərrüfat fəaliyyəti ilə bağlı hesab üzrə sərəncam verilməsi də daxil olmuşdur. Yəni İddiaçı MMC-nin direktoru kimi həm özünə, həm işçilərə əmək haqqının ödənilməsi ilə bağlı sərəncamı verməkdə sərbəst olmuş və bu səlahiyyətləri özü həyata keçirmişdir. İddiaçı ilə bağlanmış 15.05.2019-cu il tarixli “Əmək müqaviləsinə” dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, onun əmək haqqısı 10.882 manat təşkil edir. Məhkəmə işin mübahisəsiz halları kimi onu da müəyyən edir ki, İddiaçı əmək haqqısı 10.882 manat məbləğində olsa da, faktiki 2019-cu ilin avqust ayından 2020-ci ilin fevral ayınadək ona əmək haqqı natamam ödənilmişdir. Yəni məcburi dövlət ödənişləri çıxıldıqdan sonra ona həmin müddət ərzində hər ay üçün 5.142 manat məbləğində əmək haqqı ödənilmişdir. İş materiallarından o da müəyyən olunur ki, 2020-ci ilin mart ayından iyul ayınadək, yəni 5 ay ərzində iddiaçıya əmək haqqı faktiki olaraq ödənilməmişdir. Tərəflər arasında mübahisə doğurmur ki, 02.07.2020-ci il tarixdə İddiaçı ilə bağlanmış “Əmək müqaviləsinə” xitam verilmişdir. Əmək müqaviləsinə xitam verilməsinin qanuniliyi və əsasları İddiaçı tərəfindən mübahisələndirilməmişdir. Cavabdeh MMC bildirir ki, MMC-nin direktoru olmuş İddiaçı 2019-cu ilin avqust ayından işçilərin əmək haqqılarının azaldılması barədə, o cümlədən özünün aylıq əmək haqqının 10.882 manatdan 5.730 manata azaldılması barədə 28.10.2019-cu il tarixdə məlumat verilmişdir. İddiaçı 2019-cu ilin avqust ayından 02.03.2020-ci il tarixə kimi azaldılmış məbləğlərdə əmək haqqını almışdır. Həmçinin, İddiaçı MMC-nin direktoru vəzifəsində işləmiş, MMC-nin bütün maliyyə-təsərrüfat fəaliyyətinə o, rəhbərlik etmiş, işçilərə əmək haqqını da onun özü təyin etmiş, həmin əmək haqqının buraxılmasına özü göstəriş vermişdir. Rəhbərlik tərəfindən əmək haqqılarının azaldılması qərara alınmış və bununla bağlı İddiaçı məlumat verilmişdir. Bununla bağlı Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 5-ci hissəsinə görə, əmək müqaviləsi (kontraktı) – işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir. Əmək Məcəlləsinin 154-cü maddəsinin 1-ci hissəsinə görə, əmək haqqı – müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. Məcəllənin 49-cu maddəsinin 1-ci hissəsinə görə, bu Məcəllənin 7-ci maddəsinin 2- 1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Göründüyü kimi işəgötürən ilə işçi arasında əmək münasibətləri əmək müqaviləsi əsasında yaranır və əmək haqqının məbləği də daxil olmaqla bütün şərtləri özündə əks etdirən əmək müqaviləsinə edilmiş dəyişikliklər mütləq şəkildə elektron informasiya sistemində qeydiyyata alınmalıdır. Lakin iş materiallarına əlavə edilmiş 15.05.2019-cu il tarixli əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı əmək haqqı 10.882 manat təşkil edir. Onun əmək haqqının azaldılması ilə bağlı hər hansı bildiriş qeydiyyata alınmadığı üçün "xxxx" göstərilməyən məbləğə istinad edən MMC-nin dəlilləri əsassızdır. Məhkəmə göstərilənləri nəzərə alaraq qeyd edir ki, 2019-cu ilin avqust, sentyabr, oktyabr, noyabr, dekabr, 2020-ci ilin yanvar, fevral ayları üzrə İddiaçı əmək funksiyasını yerinə yetirməsi ilə əlaqədar əmək müqaviləsi ilə müəyyən olunmuş ödənişlər tam ödənilməmiş, 2020-ci ilin mart, aprel, may, iyun, iyul ayları üzrə isə əmək haqqı ümumiyyətlə ödənilməmişdir. İşin bu halı apellyasiya icraatı zamanı Məhkəmə tərəfindən təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən keçirilmiş məhkəmə mühasibatlıq ekspertizasının nəticəsi ilə verilmiş 31.03.2022-ci il tarixli, 9/7112 saylı rəyində də öz təsdiqini tapır. Belə ki, həmin rəy ilə müəyyən olunmuşdur ki, iş materiallarında olan “Əmək müqaviləsinin” şərtlərinə, sosial arayış haqqında məlumata və bank çıxarışı məlumatına əsasən, cavabdeh MMC tərəfindən İddiaçı 2019-cu ilin avqust, sentyabr, oktyabr, noyabr, dekabr, 2020-ci ilin yanvar, fevral ayları üzrə 65.449,37 manat əmək haqqı məbləği hesablanmış, iş materiallarında olan bank çıxarışı məlumatlarına əsasən 35.994 manat əmək haqqı ödənilmiş, ödənilməmiş əmək haqqı 29.455,37 manat təşkil edir. Bundan başqa, 2020-ci ilin mart, aprel, may, iyun, iyul ayları üzrə əmək haqqı ödənilməmişdir. İş materiallarında olan sosial arayışa əsasən İddiaçı mart ayı üzrə 10.882 manat hesablanmışdır. İş materiallarında olan tabel uçot və sosial arayış məlumatına əsasən ona 494,64 manat əmək haqqı hesablanmışdır. Tədqiqat zamanı iş materiallarında olan tabel uçot vərəqəsinə əsasən İddiaçı aprel ayı üzrə 8 saat əmək funksiyasinı yerinə yetirmişdir. Həmçinin iş materiallarında olan tabel uçot vərəqəsinə əsasən İddiaçı may və iyun aylarında əmək funksiyasını yerinə yetirmədiyi yəni, may və iyun aylarında iş günü və iş saatları hissəsi boş göstərilmişdir. İddiaçı bank hesabına 12.03.2020-ci il tarixdə 25.248 manat əmək haqqı məbləği mədaxil olmuşdur. 16.03.2020-ci il tarixdə isə MMC-nin hesabına 25.248 manat mədaxil olunmuşdur. MMC-nin "xxxx" ASC-də olan şəxsi hesabından çıxarış məlumatlarına əsasən (iş v. 261) 16.03.2020-ci il tarixdə Ödənişin təyinatında “Ödəniş tapşırıqlarının icra edilməsi üçün” qeyd edilmiş, şirkətin hesabına mədaxil olunmuş 25.248 manat məbləğində vəsaitin İddiaçı tərəfindən və ya başqa şəxs tərəfindən mədaxil edildiyini müəyyən etmək mümkün olmamışdır. Beləliklə, İddiaçı 2019cu ilin avqust, sentyabr, oktyabr, noyabr, dekabr, 2020-ci ilin yanvar, fevral ayları üzrə ödənilməmiş qalıq məbləğin 29.455,37 manat məbləğində pulun, 2020-ci ilin mart, aprel, may, iyun, iyul ayları üzrə isə əmək haqqının ümumiyyətlə ödənilməməsi müəyyən olunur. Göründüyü kimi ekspertiza tərəfindən verilmiş rəydə İddiaçı iddia ərizəsində qeyd edilən xüsusatlar öz əksini tapır. 25.248 manat məbləğində pulun 16.03.2020-ci il tarixdə MMC-nin hesabına İddiaçı və ya başqa şəxs tərəfindən mədaxil edildiyi müəyyən edilməsə də, Məhkəmə hesab edir ki, həmin məbləğ MMC tərəfindən 4 gün əvvəl, yəni 12.03.2020-ci il tarixdə İddiaçı hesabına mədaxil edilmiş məbləğlə eyni olduğundan Məhkəmə İddiaçı vəkilinin (nümayəndəsinin) Məhkəməyə verdiyi məlumatın, yəni həmin məbləğin İddiaçı tərəfindən MMC-nin hesabına mədaxil etməsi barədə məlumatın doğru olmasını qəbul edir. Göstərilənlərə əsasən müəyyən edilir ki, işə baxmış Rayon Məhkəməsi ilk iddianı təmin etməkdə haqlı olmuşdur Qarşılılıq iddia ərizəsində MMC bildirir ki, iddiaçıya 2020-ci ilin mart ayınını əmək haqqı kimi 5.730 manat və 9.053 manat istifadə olunmamış məzuniyyət haqqının ödənilməməsi hissəsində iddia tələbi ilə razılaşır. Lakin bildirir ki, İddiaçı tərəfindən bəzi işçilərə əsassız üstünlük verilməklə o, MMC-yə ziyan vurmuşdur. Belə ki, C.Tağıyev və G.Qənbərovaya əvvəllər aldıqları əmək haqqından 2 dəfə çox - C.Tağıyevə 5.013 manat, G.Qənbərovaya isə 3.375 manat aylıq əmək haqqı təyin etməklə süni şəkildə onlara üstünlüklər yaratmışdır. Şirkətdə heç bir iş yerinin, işçinin və ya ştatın ixtisarı aparılmadığı, bu barədə heç bir qərar olmadığı halda, heç bir əsas olmadan və qanunsuz olaraq onların işdən çıxarılma əmrini ƏM-nin 70-ci maddəsinin “b” bəndi ilə rəsmiləşdirmiş, onlara əlavə işdən çıxarılmaya görə təzminat almaq hüququ yaratmışdır. C.Tağıyev əmək müqaviləsinin 9.1-ci bəndinə əsasən Şirkətdən ona birdəfəlik ödəmə şəklində 6 aylıq əmək haqqı məbləğində kompensasiya ödənilməsini məhkəmə qaydasında tələb etmişdir ki, bunun nəticəsində Şirkətdən 4500 x 6 ay = 27.000 manat məbləğində ziyan dəymişdir. Eyni qaydada G.Qənbərova da 3 aylıq əmək haqqı məbləğində (3000 x 3 ay = 9.000 manat) kompensasiya ödənilməsini məhkəmə qaydasında tələb etmişdir. Həmçinin Əmək müqaviləsinə işçilərin sayı və ya ştatları ixtisar düşməklə xitam verilərkən ƏM-nə və tərəflər arasında bağlanmış əmək müqaviləsində nəzərdə tutulmuş xəbərdarlıq müddətlərinə əmək edilməməsi səbəbi ilə Əmək müqaviləsinin 6.3-cü bəndinə əsasən Şirkət ixtisar səbəbi ilə işçiyə ən azı 2 ay əvvəldən yazılı bildiriş təqdim etməklə müqaviləyə birtərəfli qaydada xitam verə bildiyi halda, bu şərtə əməl etmədiyinə görə C.Tağıyev əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndi ilə xitam verildiyindən orta aylıq əmək haqqı miqdarında yəni 5013 manat işdən çıxarma müavinəti, 2 təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əmək haqqının 0,4 misli miqdarında, yəni 2.005,2 manat kompensasiya, G.Qənbərova da eyni qaydada 3.337 manat işdən çıxarma müavinəti və 1.334,8 manat kompensasiya ödənilməsini tələb etmişdir. Məhkəmə MMC-nin apellyasiya şikayətinin bu dəlilləri ilə bağlı qeyd edir ki, Bakı Şəhəri Səbail Rayon Prokurorluğu tərəfindən qəbul edilmiş və hazırki iş materiallarına əlavə edilmiş 20.01.2021-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərarından görünür ki, İddiaçı cavabdeh MMC-də direktor işlədiyi müddətdə hər hansı qanunsuz hərəkətlərə yol verməsi öz təsdiqini tapmamışdır. Belə ki, MMC-yə 122.961,11 manat məbləğində pul vəsaitinin talanmasını bildirsə də, araşdırma zamanı mənimsəmə faktı öz təsdiqini tapmamışdır. Bundan başqa, Məhkəmə qeyd edir ki, C.Tağıyev və G.Qənbərovanın işdən çıxarılması, onlara işdən çıxma müavinətinin və xəbərdarlıq müddəti əvəzinə kompensasiyanın ödənilməsi əmək qanunvericiliyinin tələblərindən irəli gəlir ki, həmin işçilər də bu hüquqlarından istifadə etmişlər. Bunda İddiaçı hər hansı təqsirinin olması barədə MMC-nin dəlili tamamilə əsassızdır. Odur ki göstərilənləri nəzərə alan Məhkəmə hesab edir ki, qarşılıqlı iddia tələbini rədd etməklə işə baxmış Rayon Məhkəməsi düzgün nəticəyə gəlmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096 və 1097-ci maddələrinə əsasən hər hansı bir şəxsin (hazırki halda MMC-yə münasibətdə işçi sayılan İddiaçı) mülki hüquq pozuntusu (delikt) törətməsi qənaətinə gəlib ondan zərərçəkənin (hazırki halda MMC-nin) xeyrinə ziyanın əvəzinin ödənilməsi öhdəliyinin qoyulması üçün ilk növbədə sübuta yetməlidir ki, həmin şəxs (İddiaçı) bu kimi zərəri (MMC-yə) yetirmişdir. Lakin hazırki işdə bu kimi sübutlar mövcud deyil. MMC-nin mübahisələndirdiyi digər bir hal ondan ibarətdir ki, iddiaçıya 2020-ci ilin mart ayının əmək haqqı kimi 5.730 manat və 9.053 manat istifadə olunmamış məzuniyyət haqqının ödənilməməsi halını təsdiq etsə də, MMC hesab edir ki, həmin məbləğin hesabına İddiaçı MMC-yə vurduğu ziyanın bir qismi silinməlidir. Məhkəmə qeyd edir ki, artıq yuxarıda qeyd edildiyi kimi İddiaçı tərəfindən MMC-yə ziyan vurulması öz təsdiqini tapmamışdır. Buna görə də, MMC-nin bu mövqeyi əsaslı hesab edilə bilməz. Beləliklə də, göstərilənləri nəzərə alan Məhkəmə hesab edir ki, Rayon Məhkəməsi ilk iddianı təmin etməklə, qarşılıqlı iddianı rədd etməklə iş üzrə qanuni, əsaslı və işin hallarına uyğun nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsaslar yoxdur. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün cavabdeh MMC tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir. Odur ki, göstərilənlərə əsaslanan və MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutan Məhkəmə QƏT ETDİ: Cavabdeh MMC-nin apellyasiya şikayəti təmin edilməsin. Hazırki mülki iş üzrə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 19 fevral 2021-ci il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu Cavabdeh MMC-nin özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-228/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-228/2022
22.04.2022 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver