Məhkəmə qərarları › İş №2(103)-2283/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2283/2023

29.03.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2283/2023 29.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı mülk iş üzrə (Açar sözlər: qızıl-zinət əşyalarının geri qaytarılması) Hakimlər Azad Nizam oğlu İmanov (sədrlik edən və məruzəçi), İkram Sabir oğlu Şirinov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1966/2022 saylı 28 iyun 2022-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilən xx.xx.2022-ci il tarixli rəydən görünür ki,qadın üçün qızıl komplekt dəsti (qarnitur) (1 ədəd boyunbağı, 1 ədəd sırğa, 1 ədəd qolbaq, 1 ədəd üzük, badam formalı brilyant qaşlarla bəzədilmiş) Türkiyə istehsalı, 585 əyarlı ümumi çəkisi 25 qram qızıl dəstin real bazar dəyəri 3400 manat müəyyən edilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 ona hədiyyə edilmiş, içərisində bir ədəd boyunbağıdan, bir ədəd sırğadan, bir ədəd qolbaqdan, bir ədəd badam formalı üzükdən ibarət olmaqla, ümumi qızıl çəkisi 25 qram olan Türkiyə istehsallı, 585 əyarlı ətrafı brilyant qaşlarla bəzədilmiş, ümumi dəyəri 3400 manat olan bir dəst komplektinin (qarniturun) naturada özünün yaxudda dəyərinin alınıb ona verilməsi, həmçinin ödədiyi 54 manat dövlət rüsumunun cavabdehdən alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, hazırki cavabdehlə faktiki nikaha iyun 2021-ci il tarixində daxil olmuşlar. Bu nigahdan uşaqları olmamışdır. O, hazırki zinət əşyası ilə bağlı iddia qaldıraraq bildirir ki, hazırki cavabdehlər toyundan 10 gün sonra ona aid olan zinət əşyalarını əlindən almışdır. Həmin əşyalar ona toy hədiyyəsi olaraq alınmışdır. Qeyd olunan bu əşyalar toyundan əvvəl alınaraq ona hədiyyə edilmişdir. İşdən göründüyü kimi onun toy şənliyi Yevlax şəhərində olmuş, adət-ənənələrə müvafiq olaraq o, gəlin köçmüşdür. Zinət əşyasını isə hazırki cavabdehlər zorla əlindən almışlar. Həmin zinət əşyaları aşağıdakılardır: Qadın üçün qızıl komplekt dəsti (qarnitur) (1 ədəd boyunbağı, 1 ədəd sırğa, 1 ədəd qolbağ, 1 ədəd üzük, badam formalı, brilyant qaşlarla bəzədilmiş) Türkiyə istehsalı olan, 585 ǝyar çəkisi 25 qr, qiyməti 3400 manat olmaqla bu əşyalar ona alınmışdır. Həmin əşyalar əlindən məcburi qaydada hazırki cavabdehlər tərəfindən alınmış ona qaytarılmamışdır. Belə ki, işdən göründüyü kimi qeyd olunan zinət əşyaları ona alınmışdır. Həmin əmlak onun mülküdür. Əşya faktiki olaraq möcud olmuşdur. Əşyanın onun əlindən alınmasını şahidləri və cavabdehin özü təsdiq edə bilər. Bu əşya onda cəmi 10 gün qalmış daha sonra əlindən alınmışdır. Həmin əşyaları cavabdehlər ondan məcburən almışlar. Göstərilənləri nəzərə alaraq iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir.

4. Cavabdehlər 08 aprel 2022-ci il tarixində iddia ərizəsinə ayrı-ayrılıqda etirazlarını məhkəməyə təqdim etmişlər. Lakin etirazlar məzmun baxımından eyni yazılmışdır.

5. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı iddia ərzəsində ailə qurduğu tarixi göstərmir yalnız onu bildirir ki, ona qızıl zinət əşyaları alınıb toydan təxminən 10 gün sonra güya qızıl əşyalarını onun əlindən almışlar. Bildirirlər ki, Cavabdeh1 ilə İddiaçı 13 iyun 2021-ci il tarixində faktiki ailə qurub, 18 oktyabr 2021-ci il tarixə kimi birlikdə yaşadıqdan sonra ayrılmışlar. Onlar evlənərkən pandiminiya dövrü olduğu üçün iddiaçıya qız toyu olmadı. Oğlan toyu 13 iyun 2021 -ci il tarixə təyin edilmişdir. Ona görədə 12 iyun 2021-ci il tarixdə Yevlaxda şəhərində ki, mərkəzi bazarda yerləşən qızıl satışı mağazasından mağaza sahibi Rafiq adlı şəxslə danışıb razılığa gələrək dəyərini toydan sonra ödəmək şərti ilə ondan iddia ərzəsində göstərilən qızıl zinət əşyalarını 2000 AZN-ə razılaşıb 100(bir yüz)AZN beh verib götürmüşlər. 13 iyun 2021-ci il tarixdə toy günü həmin qızıl əşyaları iddiaçının atası evində onun üstünə taxılmışdır. Həmin vaxtı iddiaçı Samirin barmağına kişi nişan üzüyü taxdı. Pandemiyanın toya da təsiri olmuşdur. Belə ki, toya çağırılan adamların bir hissəsi gəlmədiyindən, ona görədə kifayət qədər pul yığa bilməmişlər, hətta şadlıq sarayına belə borclu qalmışlarr. Bu səbəbdən toyun üçgünlüyünün səhəri yəni 16 iyun 2021-ci il tarixdə iddiaçının öz razılığı ilə qızıl zinət əşyalarını qaytarıb aldıqları mağazaya vermişlər. Həmin vaxtı belə razlığa gəlmişlər ki, imkan olan kimi Əfsanəyə gücləri çatan qiymətə qızıl zinət əşyaları alacaqlar. İddiaçı iddia ərzəsində qızıl zinət əşyalarının dəyərini hardan alıbsa 3400 AZN göstərir. Halbuki, qızıl zinət əşyalarının alınmasında iddiaçı Əfasanə Xəlilova iştirak etməmişdir.O həmin qızıl əşyalarını yalnız toy günü 13 iyun 2021- ci il tarixdə görmüşdür. İddiaçı iddia ərzəsində adları göstərilən əşyalarını özünün əmlakı hesab edir. Halbuki, əmlak o,halda vətəndaşın mülkiyyəti hesab edilə bilər ki,əmlakın dəyəri alınan anda tam ödənilmiş olsun. Əmlakın dəyəri tam ödənilmədikdə vətəndaşın mülkiyyəti sayılmır. Göstərilən qızıl zinət əşyalarını aldıqları mağaza sahibi Rafiq Aslanov adlı şəxsdə təsdiq edə bilər ki, onlar adları göstərilən qızıl zinət əşyalarını 12 iyun 2021-ci il tarixdə alıb 16 iyun 2021-ci il tarixdə geri qaytarmışlar. İddiaçı 18 oktyabr 2021-ci il tarixdə evdən gedərkən özü ilə cehiz gətirdiyi əşyaları həmçinin Cavabdeh1 aldığı 1 ədəd kişi üçün nişan üzüyünüdə aparıb, getmişdir.

6. Məhkəmə iclasında iştirak edən şahid qismindən dindirilən X3 qızı ifadəsində bildirmişdir ki, iddiaçı onun bacısıdır. Samir bacısının həyat yoldaşı, Səkinə qaynanasıdır. Bacısı ilə Samirin toyu 13 iyun 2021-ci il tarixində olmuşdur. 12 iyunda isə qız toyu olmuşdur. Pandemiya dövrü olduğu üçün toya çox adam çağrılmamışdır. Oğlan toyundan 2-3 gün sonra onlar Bakıya getdilər. Toyda taxılan qızılları bacısının yoldaşı və qaynanası toydan 10 gün sonra əlindən almışlar. Onların qızılları alıb nə etdiklərini bilmir. Qızıllar bacısından alınan zaman orda olmamışdır, lakin bacısı zəng edərək, ona əziyyət verdiklərini, qızılları ondan aldıqlarını demişdir. Niyə aldıqlarını soruşduqda isə bacısı qızılların onlara lazım olduğu üçün ondan istədiklərini demişdir. Qızıllar boyunbağı, qolbaq, üzük və sırğadan ibarət olmuşdur. Dəyəri 3400 manat idi. Qızılların hər birinin birkasını görmüşdür. Qızıllar cəmi 25 qram idi. Samirlə bacısı 2021-ci ilin sentyabr ayında ayrılıblar. Bacısının qaynanası onlara zəng edərək “gəlin qızınızı aparın” demişdir. Bacısı evə gələndə pis vəziyyətdə idi. Onu təhqir edib döymüşdülər. Heç yanında paltar da götürməmişdir. Samirin nişan üzüyünü onlar götürməmişlər.

7. Məhkəmə iclasında şahid qismində dindirilən X2 ifadəsində bildirmişdir ki, iddiaçının bibisi qızıır. Hazırda Yevlax şəhərində yaşayır. Əfsanə ilə Samirin toyunda iştirak etmişdir. Toy pandemiya dövrünə düşdüyü üçün toyda az adam iştirak etmişdir. Kişilər kafedə, qadınlar evdə oturmuşdular. Toyda Əfsanəyə boyunbağı, qolbaq, üzük və sırğa taxılmışdır. Qızılların dəyəri təxmini 3500 manat olmuşdur. Əfsanənin anası və bacısından qızılların onun əlindən alındığını eşitmişdir. Qızılları nisyə aldıqlarından məlumatı yoxdur. Oğlan toyundan 3-4 gün sonra onlar Bakı şəhərinə getmişlər. O, qızılların Əfsanədən alındığını o, evə qayıdanda bilmişdir. Şahid ona verilən suallara cavab olaraq bildirmişdir ki , Əfsanə evə qayıdanda əynində ev paltarı olmuş, yanında heç nə gətirməmişdir. Əfsanə onu incitdiklərini və gün görmədiyini, toydan 10 gün sonra yoldaşının qızılları Əfsanədən aldığını demişdir.

8. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1966/2022 saylı 28 iyun 2022-ci il tarixli qətnaməsi ilə (hakim İlkin Əliyev) iddia təmin edilməsi, aşağıda göstərilən qızıl-zinət əşyaları, olmadığı təqdirdə dəyəri cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada alınaraq İddiaçı verilməsi: 1) Ümumi dəyəri 3400 (üç min dörd yüz) manat, ümumi çəkisi 25 qram olan Türkiyə istehsallı, 585 əyarlı qadın üçün qızıl komplekt dəsti(qarnitur): bir ədəd boyunbağı, bir ədəd sırğa, bir ədəd qolbağ, bir ədəd badam formalı briliyant qaşlarla bəzədilmiş üzük. İş üzrə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 4 (dörd) manat və mediasiya xərci kimi ödənilmiş 50 (əlli) manat məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq İddiaçı verilməsi qət edilmişdir.

9. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 32.1, 32.2, 32.2.1, 32.2.2, 34.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2, 157.5, 157.8, 158.3, 181.1, 182.1, 666.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

10. Qətnamədən Cavabdeh1 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd olunması barədə yeni qətnamənin qəbul edilməsini xahiş etdi.

11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddia tələbi irəli sürmüş İddiaçı tələbləri tamamilə əsassızdır. Beləki, əgər iddiaçı ilə arasında rəsmi nikah olsaydı, onun tələbləri qanuni olardı. Lakin, iddiaçı ilə faktiki nikahda yaşadığı üçün əmlak tələbi qanunsuz və əsassızdır. Mübahisələndirilən məhkəmə qətnaməsində isə əsassız olaraq onun həmin qızılları vəya onların olmadığı təqdirdə dəyərinin ondan və anasından tutularaq iddiaçıya verilməsi qət edilmişdir. İddiaçı və onun anasının həmin qızıl-zinət əşyalarını nisyə aldığından xəbərləri var idi. Odur ki, İddiaçı vicdanlı əldə edən sayılmır. İş üzrə keçirilən məhkəmə prosesləri zamanı qarşılıqlı iddia tələbi üzrə verdiyi əhəmiyyətli izahatlar hakim tərəfindən nəzərə alınmamış və ümumiyyətlə qiymətləndirilməmişdir. O məhkəmə prosesi zamanı İddiaçı və anasının sözügedən qızıl-zinət əşyalarının nisyə alındığından xəbərlərinin olduğunu bildirsə də hakim tərəfindən bu izahatları nəzərə alınmamışdır. Bundan əlavə qızıl-zinət əşyasının satıcısı olan Rafiq adlı şəxs məhkəmə iclasında iştirak edərək izahatında ondan 100 manat beh alaraq qalan məbləği imkan olduqda tərəfindən ödəməyi, ödəyə bilmədiyi halda isə geri qaytarmağı haqqında sözləşsini hakimə bildirsə də, hakim sözügedən qızıl-zinət əşyasının satıcısı olan Rafiq adlı şəxsin izahatını nəzərə almamışdır. Bundan əlavə, Rafiq adlı şəxsin hər dəfə işdən icazə ala bilmədiyindən proseslərdə iştirak edə bilməmişdir. Buna baxmayaraq, qətnamədə Rafiq adlı şəxsin şahid qismində iştirak etmədiyi qeyd olunmuşdur. "xxxx" MMC tərəfindən düzgün ekspertiza aparılmamışdır. Belə ki, Türkiyə istehsalı 25 qram çəkidə 585 əyarlı qızılın dəyəri 3400 manat dəyərləndirilmişdir. Bu gün açıq satışda 585 əyarlı türk qızılının 1 qramının dəyəri 60-65 manat civarındadır. Buradan da görünür ki, qiymətləndirmə aparılan zaman qiymətləndirici tərəfindən qeyri-peşəkarlıq vəya bilərəkdən qiymətin şişirdilməsi məqsədilə qiymətləndirilmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

13. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Ailə Məcəlləsinin

14. Maddə 32.1 nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır.

15. Maddə 32.2 ər-arvadın ümumi birgə mülkiyyətinə: onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (şikəstlik, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.) (maddə 32.2.1); və -ci maddəsinə əsasən ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. (maddə 32.2.2)

16. Maddə 34.1 nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır).

Azərbaycan Respublikasının Mülki Məcəlləsinin

17. Maddə 157.2 mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

18. Maddə 157.5. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir.

19. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.

20. Maddə 158.3. Əmlaka mülkiyyət hüququnun başqa şəxsə keçməsi həmin əmlaka olan digər əmlak hüquqlarının xitamına səbəb olmur, bu şərtlə ki, əldə edən şəxs əmlakın yüklülüyünün olmamasına münasibətdə vicdanlı olsun.

21. Maddə 181.1. Daşınar əşyaya mülkiyyət hüququnun əldə edənə verilməsi üçün mülkiyyətçi əşyaya sahibliyi həqiqi hüquq əsasında ona verməlidir.

22. Maddə 182.1. Əşyanı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə vicdanlı əldə edən olduğu hallarda da əldə edən əşyanın mülkiyyətçisi olur. Əgər əldə edən özgəninkiləşdirənin mülkiyyətçi olmadığını bilirmişsə və ya bilməli idisə, vicdanlı əldə edən sayılmır. Vicdanlılıq faktı əşya verilənə qədər mövcud olmalıdır.

23. Maddə 666.1. Bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

24. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

25. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

26. Maddə 372.6. apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

27. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

28. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

29. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

30. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

31. Hazırki halda, cavabdeh apellyasiya şikayətində qətnamənin ləğv edilməsini xahiş etdiyindən birinci instansiya məhkəməsinin qətnaməsi bütövlükdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

32. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayət təmin edilmədən, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1966/2022 saylı 28 iyun 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

33. Belə ki, iş materialları ilə müəyyən edilir ki, İddiaçı ilə Cavabdeh1 arasında xx.xx.2021-ci il tarixində el adət-ənənəsinə uyğun toy olmuş və onlar faktiki nikah münasibətinə daxil olmuşlar. Tərəflərin faktiki nikah münasibətlərindən uşaqları olmamışdır. Toyda iddiaçıya bir ədəd boyunbağı, bir ədəd sırğa, bir ədəd qolbaq və bir ədəd üzükdən ibarət (badam formalı brilliat qaşlarla bəzədilmiş) qızıl-komplekt toy hədiyyəsi kimi taxılmışdır. Bu faktı həm iddiaçının özü, həm cavabdehlər təsdiq edirlər.

34. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qızıllarını, onların qaytarılması mümkün olmadıqda isə dəyərinin- 3400 manat məbləğində pulun cavabdehdən tutulmasını xahiş etmişdir.

35. İddiaçı iddiasını onunla əsaslandırır ki, qızıl komplekt toyda ona hədiyyə kimi taxılsa da, toydan 10 gün sonra ondan məcburi qaydada alınmışdır. Cavabdehlər isə iddia tələbini qəbul etməyərək, bildirmişlər ki, qızıllar iddiaçıdan zorla alınmamış, iddiaçı özü qızıllarını onlara vermiş, hətta qızılların dəyəri 3400 manat yox 2000 manat olmuşdur. Toydan sonra kifayət qədər pul yığa bilmədiklərindən, gəlinə aldıqları qızılları, aldıqları mağazaya geri qaytarmışlar.

36. Kollegiya qeyd edir ki, iddiaçının iddia tələbinin qanuni əsasını Ailə Məcəlləsinin 34.1 və Mülki Məcəllənin 157.2-ci maddəsi təşkil edir.

37. Qeyd olunan normalardan göründüyü kimi, qızıl-zinət əşyalarının qaytarılması üçün göstərilən 4 hal sübut olunmalıdır: 1) əşyaların mövcud olması; 2) əşyaların iddiaçıya məxsus olması; 3) əşyaların cavabdehin sahibliyində olması; 4) cavabdehin sahibliyinin qanunsuz olması.

38. Mahmudov Rusiyaya qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər.

39. Avropa Məhkəməsinin Qavazov Bolqarıstana qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir.

40. Məhkəmə kollegiyası hazırki vəziyyətdə bu qəbildən olan iddiaların sübut edilməsinin mürəkkəbliyini nəzərə alaraq hesab edir ki, iddianın əsaslı olub-olmamasına hüquqi qiymət verərkən tərəflərin izahatları, şahid ifadələrini, izahatlarda və ifadələrdə mövcud olan ziddiyyətli məqamları, tərəflərin davranışı və sair bu kimi hallar nəzərə alınmalıdır və nəticədə məhkəmə sərbəst daxili inamını rəhbər tutmalıdır.

41. İddiaçı ona hədiyyə kimi verilən qızıl-zinət əşyalarının onun mülkiyyəti olmasını və mülkiyyətinə verilmiş həmin əmlakların onun iradəsinə zidd olaraq ondan alındığını iddia edir. Cavabdehlər isə qızılların mövcudluğunu və satıcıya qaytarıldığını etiraf edir, lakin həmin qızılların nisyə alqı-satqı müqaviləsi əsasında alınması əsası ilə iddiaçının mülkiyyəti olmadığını, bundan başqa qızılların iddiaçı tərəfindən könüllü olaraq cavabdehə qaytarıldığını və qızılların dəyərinin 2000 manat olduğunu bildirməklə iddiaya etiraz edirlər.

42. İşin müəyyən edilmiş hallarından göründüyü kimi əgər həqiqətən də cavabdehlər qızıl-zinət əşyalarının alınması ilə bağlı satıcı ilə nisyə alqı-satqı müqaviləsi bağlamışlarsa belə, cavabdehlər qızıl-zinət əşyalarını iddiaçıya hədiyyə verən zaman iddiaçı cavabdehlərin həmin əşyaları nisyə aldıqlarını bilməmişdir. Bu baxımdan iddiaçı hədiyyəni qəbul edən zaman əmlakın yüklülüyünün olmamasına münasibətdə və ya əşyanı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı barədə vicdanlı olmuşdur. Hərçənd ki, Mülki Məcəllənin 601.1-ci maddəsinin tələbinə əsasən hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun.

43. Göründüyü kimi cavabdehlər əşyanı nisyə almış olsalar belə, əşyanın mülkiyyətçisi olmuşlar və əşya barədə sərəncam vermək səlahiyyətində olmuşlar. Bu baxımdan əşyalar bağışlama müqaviləsi ilə həqiqi hüquq əsasında iddiaçıya verilmişdir.

44. Kollegiya qeyd edir ki, iddiaçı əşyaların mövcudluğunu, ona məxsus olduğunu, cavabdehlər tərəfindən ondan alındığını sübut etdiyindən, əşyalara sahibliyin qanunsuz olmadığını sübut etmək vəzifəsi cavabdehlərin üzərinə düşür. Lakin cavabdehlər iddiaçının qızıl-zinət əşyalarını könüllü olaraq qaytarması barədə hər hansı sübut təqdim etməmiş və bu işin halları ilə də müəyyən olunmamışdır. Buna baxmayaraq, işin yuxarıda göstərilən müəyyən edilmiş hallarına görə cavabdehlər əşyaların nisyə alındığına, toy məclisindən yığılan vəsaitin əşyanın dəyərini ödəmədiyinə və imkanlarının olmadığına istinad etməklə həmin əşyaları iddiaçıdan almaqda haqlı olmamışdır.

45. Kollegiya hesab edir ki, iddia tələbinin göstərilən qızıl-zinət əşyalarının iddiaçıya qaytarılması hissəsində məhkəmə haqlı nəticəyə gəlmişdir.

46. Eyni zamanda məhkəmə kollegiası qeyd edir ki, hər iki cavabdeh iddiaya etirazında qızıl-zinət əşyalarını iddiaçıdan alarkən birgə hərəkət etdiklərini etiraf etdiyindən iddia tələbinin hər iki cavabdehə münasibətdə təmin edilməsi hissəsində məhkəmə haqlı olmuşdur.

47. Apellyasiya şikayətində işin mübahisələndirilən digər halı qızıl-zinət əşyalarının dəyəri ilə bağlıdır. Belə ki, iddiaçı mütəxəssis rəyinə istinad edərək komplektin dəyərinin 3400 manat olduğunu iddia edir. Cavabdehlər isə həmin əşyaların dəyərinin 2000 manat olduğunu və bunu şahid ifadəsi ilə sübut etməyə çalışmışdır. Buna baxmayaraq, cavabdehlər etirazlarlarının əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Halbuki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi iş üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər.

48. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, qızıl zinət əşyalarının mövcudluğu, cavabdehlər tərəfindən iddiaçıdan alındığı, dəyəri isə mütəxəssis rəyi ilə müəyyən edildiyindən, birinci instansiya məhkəməsi iddianı qismən etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apellyasiya şikayətində qeyd edilənlər yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz.

49. Məhkəmə kollegiyası həmçinin izah edir ki, cavabdehin apellyasiya şikayəti ilə mübahisələdirdiyi hissə 5000 manatdan az olduğundan Azərbaycan Respublikası MPM-in 402-ci maddəsinin tələblərinə uyğun olaraq qətnamədən kassasiya şikayəti verilə bilməz.

50. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Cavabdeh1 apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1966/2022 saylı 28 iyun 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar