Məhkəmə qərarları › İş №2(103)-2284/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2284/2022

09.03.2022 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2284/2022 09.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı X5 cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı “müqaviləyə xitam verilməsi və pul tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 22 noyabr 2021-ci il tarixli 2(006)-5516/2021 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı X7 cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, onunla "xxxx" ASC arasında bağlanmış 28 avqust 2007-ci il tarixli, FK 0009 saylı kredit müqaviləsinə xitam verilməsi, həmin kredit müqaviləsi üzrə borcun olmaması barədə məlumatın "xxxx" MMC-yə verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi, cavabdehdən artıq ödənilmiş 25.000 manat pulun və 30 manat ödənilmiş dövlət rüsumunun onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 28 avqust 2007-ci il tarixdə "xxxx" ASCnin “Xəzər” filialı ilə arasında bağlanmış FK 0009 saylı kredit müqaviləsinə əsasən ona 24 ay müddətinə, illik 28 faiz dərəcəsi ilə 30.000 manat məbləğində kredit verilmiş, kredit müqaviləsi üzrə borcun qaytarılmasının təminatı üçün 28 avqust 2007-ci il tarixli, FK 0009 saylı ipoteka müqaviləsi bağlanaraq X1 xüsusi mülkiyyətindəki Bakı şəhəri, Xətai rayonu, Gəncə prospektindəki 44 nömrəli binada yerləşən 85 saylı mənzil ipoteka ilə yüklü edilmişdir. Həmin kredit müqaviləsi üzrə bankın cinayətkar əməlləri ilə aldadıldığı üçün borc artıq məbləğdə ödətdirilmişdir. Bu səbəbdən də ipoteka predmetinin mülkiyyətçisi X4 məhkəməyə müraciət etmiş və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 19 noyabr 2020ci il tarixli, 2(006)-168/2020 saylı qətnaməsi ilə iddia təmin edilmiş, "xxxx" ASC ilə onun arasında bağlanmış 28 avqust 2007-ci il tarixli ipoteka müqaviləsinə xitam verilməklə, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospektində yerləşən 44 saylı evin 85 saylı 3 otaqlı mənzilinin ipoteka ilə yüklülükdən azad edilməsi qət edilmişdir. Həmin iş üzrə keçirilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/2739 №-li, 12.10.2020-ci il tarixli məhkəmə-mühasibatlıq ekspertizasının rəyindən görünür ki, mənim 28 avqust 2008-ci il tarixli, FK 0009 saylı Kredit müqaviləsi şərtləri nəzərə alınmaqla, müqavilə üzrə 28.08.2010-cu il tarixdən (kredit müqaviləsi müddətinin bitmə tarixi) sonra ödənilmiş 25.050,00 manat məbləğində kredit ödənişləri 28.08.2010-cu il tarixə (kredit müqaviləsi müddətinin bitmə tarixi) hazırki tədqiqatla müəyyən edilmiş 12.264,61 manat borc məbləğindən çıxılmaqla onun 28.08.2010-cu il tarixə (kredit müqaviləsi müddətinin bitmə tarixi) banka olan əsas və faiz borcu tam ödənilmiş və 12.785,39 manat məbləğində artıq ödəmə müəyyən edilir. Lakin qeyd edilən ekspertiza tədqiqatına heç də onun ödədiyi bütün məbləğlərin qəbzləri təqdim edilməmişdir. Ona görə də orada artıq ödəmə məbləği az göstərilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 22 noyabr 2021-ci il tarixli 2(006)- 5516/2021 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, iddiaçı X7 ilə "xxxx" ASC arasında bağlanmış 28 avqust 2007-ci il tarixli, FK 0009 saylı kredit müqaviləsinə xitam verilməsi, ödənilmiş dövlət rüsumuna görə 30 manat məbləğində pulun cavabdeh Azərbaycan Əmanətlərin Sığortalanması Fondundan alınaraq iddiaçı X6 ödənilməsi və iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədən iddiaçı apelyasiya şikayəti verib, qətnamənin iddianın rədd edilməsi hissəsində ləğv edilməsini və iddianın həmin hissədə də təmin edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi ilə eyni məzmunlu apelyasiya şikayətində göstərilmişdir ki, qətnamə qanunsuz və əsassızdır, maddi və prosessual hüquq normaları pozulmuşdur. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apelyasiya şikayətinin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İşə baxılmasının vaxtı və yeri barədə iddiaçıya lazimı qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlmədiyindən, kollegiya işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə isə, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddia rədd edilməlidir. İş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-168/2020 saylı 19.11.2020-ci il tarixli qətnaməsindən görünür ki, X7 ilə "xxxx" ASC arasında bağlanmış 28 avqust 2007-ci il tarixli, FK 0009 saylı kredit müqaviləsinə xitam verilmiş, X3 məxsus Bakı şəhəri, Xətai rayonu, Gəncə prospektində yerləşən 44 saylı evin 85 saylı 3 otaqlı mənzili ipoteka ilə yüklülükdən azad edilmiş, 400 manat ekspertiza xərci "xxxx" ASCdən tutularaq məhkəmə ekspertiza mərkəzinin hesabına köçürülməsi qət edilmişdir. Kollegiya qeyd edir ki, iddiaçı irəli sürdüyü iddia tələbinə münasibətdə məhkəmə müdafiəsi hüququna malik olsa belə, həmin tələb buna cavab verməli olan şəxsə qarşı yönəldilmədiyindən təmin edilə bilməz. İddianın əsaslılığı məsələsinə gəldikdə isə iddiaya cavab verməli olan subyektə qarşı tələb irəli sürüldüyü təqdirdə müvafiq məhkəmə qərar verə bilər. Nəzərə alınmalıdır ki, mülki işlər üzrə məhkəmə icraatı iddiaçının məhkəməyə təqdim etdiyi ərizə əsasında başlanan icraatdır və iddiasına cavab verməli olan subyekti müəyyənləşdirmək bilavasitə iddiaçının müstəsna hüququdur. Bu zaman həm də nəzərə alınmalıdır ki, mülki-prosessual qanunvericilik yalnız iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslərin cavabdeh hesab olunduğunu nəzərdə tutur (MPM-nin 50-ci maddəsi). Həmçinin qeyd olunmalıdır ki, başqa cavabdehin cəlb edilməsi zərurəti olarsa, məhkəmə iddiaçının razılığı ilə həmin cavabdehi işə cəlb edə bilər, lakin digər cavabdehin işə qoşulması məsələsi hər bir halda iddiaçı tərəfindən ona qarşı tələb irəli sürülməsi qaydasında həyata keçirilməlidir. Eləcə də iddia ona cavab verməli olmayan şəxsə verildikdə məhkəmə iddiaçının razılığı ilə cavabdehi əsl cavabdehlə əvəz edə bilər. İddiaçı cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırki tələb üzrə cavab verməli olan şəxs (cavabdeh) Əmanətlərin Sığortalanması Fondu deyil, "xxxx" ASC olmalıdır. Lakin apelyasiya icraatı mərhələsində əsl olmayan cavabdehin əsl cavabdehlə əvəz olunması mümkün olmadığından, iddiaçı hazırki tələblə "xxxx" ASC-yə qarşı yeni iddia qaldırmalıdır (qaldırılacaq yeni iddianın kreditor tələb olub-olmaması və bu əsasla icraata qəbul məsələsi həmin işin icraatı çərçivəsində həll oluna bilər). Mülki Prosessual Məcəllənin 385.1.1-ci maddəsinə görə, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır, 384.0.2-ci maddəsinə əsasən isə apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q ə t e t d i: Apelyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-5516/2021 nömrəli iş üzrə 22 noyabr 2021-ci il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə çıxarılsın. İddiaçı X5 cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı “müqaviləyə xitam verilməsi və pul tələbinə dair” iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən iki ay müddətində Azərbaycan Respublikasının Ali Məhkəməsinə Bakı Apelyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar