Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2284/2024 28.03.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iddia tələbinə dair iş üzrə (Açar sözlər: mülki hüquq pozuntusu, mənəvi ziyan) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və X3 ibarət tərkibdə, Qasımov Ramil Rəşid oğlunun katibliyi, cavabdeh "xxxx" ASC-nin nümayəndələri X5 və X10 iştirakı ilə İddiaçı "xxxx" ASC-nə qarşı “mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 16 noyabr 2022-ci il tarixli qətnaməsindən cavabdehin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları
1. Lənkəran şəhər Mənzil-təsərrüfat idarəsində sosial işçi kimi süpürgəçi işləyən X12 29 iyun 2021-ci il tarixdə saat 14:00 radələrində əynini dəyişmək üçün X20 Təchizatı və Satışı İdarəsinin Lənkəran Elektrik Şəbəkəsinin balansında olan qapalı paylayıcı-çevirici məntəqəyə sərbəst daxil olaraq gərginlik altında olan elektrik qurğularına yolverilməz məsafədə yaxınlaşdığı vaxt, şkafın orta gözlüyündəki yüksək gərginlikli elektrik cərəyanına toxunmasından yaranmış yüksək hərarətin (alovun) təsiri nəticəsində ölmüşdür.
2. Həmin hadisə ilə bağlı cinayət işi başlanmış, Lənkəran Rayon Məhkəməsinin 17 sentyabr 2021-ci il tarixli hökmünə əsasən X13 Azərbaycan Respublikasının CM-nin 314.2-ci maddəsi ilə təqsirli bilinib ona 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir.
3. Hökmlə müəyyən olunmuşdur ki, Lənkəran şəhəri, K.Kazımov küçəsi, 75/1 və 75/2 nömrəli binaların həyətində yerləşən X20 Təchizatı və Satışı İdarəsinin Lənkəran Elektrik Şəbəkəsinin balansında olan qapalı paylayıcı-çeviricinin qapısının qıfılla bağlı vəziyyətdə saxlanılmaması hadisənin baş verməsinin səbəbi olmuş, “Elektrik və istilik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydası”nın 3.2.6.1-ci bəndinin, "Elektrik qurğularının istismarında təhlükəsizlik texnikası qaydaları”nın 3.1.5-ci bəndinin və "110/35/20 kv-luq istismar şöbəsinin ustası”nın vəzifə təlimatının 8-ci bəndinin tələbləri pozulmuşdur.
4. Məhkəmə müəyyən etmişdir ki, Lənkəran şəhəri, K,Kazımov küçəsi, 75/1 və 75/2 nömrəli binaların həyətində yerləşən qapalı paylayıcı-çeviricinin giriş qapısının açıq vəziyyətdə olmasını aşkar etməsinə baxmayaraq həmin qurğunun girişini qıfılla bağlanılmasını təmin etmədiyinə görə vəzifə təlimatının 8-ci bəndinin və "Elektrik və istilik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydası”nın 3.2.6.1-ci bəndinin tələbləri X20 Təchizatı və Satışı İdarəsində usta vəzifəsində işləyən X13 tərəfindən pozulmuşdur.
5. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə X2 iddia tələbi qismən təmin edilmiş, "xxxx" ASC-dən mənəvi ziyanın əvəzi qismində 10 000 manatın alınaraq X4 ödənilməsi qət olunmuşdur.
6. Həmin qətnamədən Samir Quluzadənin verdiyi apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin 01 mart 2023-cü il tarixli qətnaməsi ilə qismən təmin olunmuş, qətnamə dəyişdirilərək mənəvi ziyanın məbləği 30 000 manat müəyyənləşdirilmiş, "xxxx" ASC-nin şikayəti təmin edilməmişdir.
7. X1 Quliyevanın oğlu, İddiaçı qardaşıdır.
Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı
8. İddiaçı (iddiaçı) "xxxx" ASC-nə (cavabdeh) qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, cavabdehdən mənəvi ziyana görə 50 000 manatın, dövlət rüsumuna görə 240 manatın alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
9. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, 21 yaşı olanda atası Hacıməmməd Quluzadə 2010-cu ildə vəfat etmiş, atasının vəfatından sonra anası onları min bir əziyyətlə böyüdüb boya-başa çatdırmışdır. Anası Lənkəran şəhər Mənziltəsərrüfat idarəsində sosial işçi kimi süpürgəçi işləməklə onları böyütmüşdür. Zəhmətkeş anası işinə məsuliyyətsiz orqanların əməkdaşlarının səhlənkarlığı ucbatından faciəvi surətdə vəfat etmişdir. Belə ki, "xxxx" ASC-nin X20 Təchizatı və Satışı İdarəsinin Lənkəran X9 şəhər şəbəkə sahəsində usta vəzifəsində işləyən X7 öz xidməti vəzifələrini lazımi qaydada yerinə yetirməməsi, yəni səhlənkarlıq etməsi fiziki şəxslərin hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurulmasına, o cümlədən ağır nəticələrin baş verməsinə - X8 ölümünə səbəb olmuşdur. Lənkəran Rayon Məhkəməsinin 17 sentyabr 2021-ci il tarixli hökmünə əsasən təqsirləndirilən şəxs X13 Azərbaycan Respublikasının CM-nin 314.2-ci maddəsi ilə təqsirli bilinib ona 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Cinayət işinin materialalrına əlavə edilmiş “məhkəmə-tibbi ekspertiza və Pataloji Anatomiya Birliyi” Publik Hüquqi şəxsin 19 iyul 2021-ci il tarixli rəyindən görünür ki, X8 bədəni üzərində (elektrik vurğusu nişanəsindən başqa) sağ dirsək oynağı, sağ əl, sağ kürəküstü, döş qəfəsi nahiyələrində İİ-İİİ dərəcəli elektrik vurmadan yaranmış yanıq yaraları aşkar edilmişdir. Qeyd olunan xəsarətlər ölümündən əvvəl və ya ölüm anında elektrik vurma nəticəsində yaranmış yüksək hərarətin (alov) təsirindən törənmişlər, aşkar edilmiş xəsarətlər yüksək gərginlikli elektrik cərəyanına toxunmasından dərhal sonra çox qısa müddət ərzində baş vermiş və qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2021-ci il tarixdə yüksək gərginli elektrik cərəyanına toxunması nəticəsində əmələ gələ bilərdi və dərəcəsinə görə canlı şəxslərdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül dərəcəli zərərvurmaya aiddir. X8 ölümü zorakıdır, ölüm elektrik vurmadan baş vermişdir, bu fikri meyitin üzərində sağ əlin İİ barmağı nahiyəsində elektrik vurğusu nişanəsinin olması, daxili üzvlərin doluqanlığı, göz qapaqlarının selikli qişalarının və ağciyərlərin visseral plevralarının altına nöqtəvari qansızma, ürək boşluqlarında və iri damarların mənfəzində duru qanınolması ilə təsdiq edilir. X8 ölümü ilkin meyit əlamətlərinə görə meyitin məhkəmə-tibbi müayinəsindən 2-4 saat əvvəl baş vermişdir. Cinayət işinin materialalrına əlavə edilmiş əmək təhlükəsizliyinin tədqiqi ekspertizasının 17 avqust 2021-ci il tarixli rəyindən görünür ki, Lənkəran şəhəri, K.Kazımov küçəsi, 75/1 və 75/2 nömrəli binaların həyətində yerləşən X20 Təchizatı və Satışı İdarəsinin Lənkəran Elektrik Şəbəkəsinin balansında olan qapalı paylayıcı-çeviricinin qapısının qıfılla bağlı vəziyyətdə saxlanılmaması hadisənin baş verməsinin səbəbi olmuşdur. Baş vermiş hadisə ilə əlaqədar "Elektrik və istilik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydası”nın 3.2.6.1-ci bəndinin, "Elektrik qurğularının istismarında təhlükəsizlik texnikası qaydaları”nın 3.1.5-ci bəndinin və "110/35/20 kv-luq istismar şöbəsinin ustası”nın vəzifə təlimatının 8-ci bəndinin tələbləri pozulmuşdur. Lənkəran şəhəri, K,Kazımov küçəsi, 75/1 və 75/2 nömrəli binaların həyətində yerləşən qapalı paylayıcı-çeviricinin giriş qapısının açıq vəziyyətdə olmasını aşkar etməsinə baxmayaraq həmin qurğunun girişini qıfılla bağlanılmasını təmin etmədiyinə görə vəzifə təlimatının 8-ci bəndinin və "Elektrik və istilik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydası”nın 3.2.6.1-ci bəndinin tələbləri X20 Təchizatı və Satışı İdarəsində usta vəzifəsində işləyən X13 tərəfindən pozulmuşdur. Bu baş vermiş hadisə ilə əlaqədar Azərbaycan Respublikası CM-nin 314.2-ci maddəsi ilə cinayət işinin ibtidai istintaqı aparılmış və cinayət işi məhkəməyə göndərilmiş, iş üzrə Lənkəran Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü çıxarılmış, qanuni qüvvəsini almışdır. Cinayət işindən görünür ki, hadisə "xxxx" ASC-nin X20 Təchizatı və Satışı İdarəsinin Lənkəran X9 şəhər şəbəkə sahəsində usta işləyən əməkdaşının təqsiri ucbatından baş vermişdir. Cavabdeh orqanın məsul vəzifədə çalışan əməkdaşının qanunsuz və hüquqazidd cinayət xarakterli hərəkətləri və baş verən hadisə nəticəsində ona maddi və mənəvi ziyan dəymişdir. Baş vermiş cinayət hadisəsi nəticəsində anasının ölməsi ilə bağlı onun və digər ailə üzvlərinin mənəvi sarsıntı keçirməsi mübahisəsizdir və bu hadisə nəticəsində və ondan sonrakı prosesslər zamanı yaşanan mənəvi sarsıntılar, streslər, iztirablar, əzab və əziyyətlər ilə bağlı vurulmuş mənəvi ziyanın ödənilməsini tələb etməkdə hüquqları vardır. Qanunverici isə bu halda mənəvi ziyanın pul məbləğində ifadə olunmasını mümkün sayır. Uşaq atadan deyil, anadan yetim qalır. Əziz anasını faciəvi surətdə itirmişdir, bu itkini söz ilə ifadə etmək çətindir, çünki bunlar daha duyğusal hisslərdir. Bu baxımdan mərhum anasının ölümü nəticəsində keçirdiyləri stres, narahatlıq, məyusluq, mənəvi sarsıntı və s. kimi halları nəzərə alaraq, ona dəymiş mənəvi zərər cavabdehdən alınaraq ona ödənilməlidir.
10. İddiaçının məhkəmə iclasında iştirak edən nümayəndəsi (vəkili) iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə etmiş, cavabdehin nümayəndəsi isə iddianın əsassız olduğunu bildirmişdir.
11. Birinci instansiya məhkəməsinin 14 dekabr 2023-cü il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, "xxxx" ASC-dən mənəvi ziyanın əvəzi qismində 30 000 (otuz min) manatın, dövlət rüsumunun əvəzi qismində 240 (iki yüz qırx) manatın alınıb İddiaçı ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi qət olunmuşdur.
12. Məhkəmə gəldiyi nəticəni ümumi ifadələrlə əsaslandıraraq vurğulamışdır ki, qanunverici işəgötürənin işçisinin vurmuş olduğu zərərə görə mülki hüquq məsuliyyəti daşımasını ədalətli və məqsədəmüvafiq hesab etmişdir, zərərçəkənin istəyinə uyğun olaraq dəymiş zərərin əvəzinin ödənilməsi iddiası birgə məsuliyyətlilərdən işəgötürənə və ya işçiyə və ya eyni vaxtda hər ikisinə qarşı sürülə bilər. Həmçinin işçi tərəfindən əmək vəzifələrinin iş vaxtından sonra icra edilməsi halında dəymiş zərərə görə də hüquqi (fiziki) şəxs işəgötürən olaraq məsuliyyət daşıyır.
13. Məhkəmə, mənəvi zərərə görə tutulmalı olmalı kompensasiya məbləğinə münasibətdə hesab etmişdir ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir, həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amilləri - inamsızlıq, narahtlıq, məyusluq hisslərini, stresləri, əzab və əziyyətləri nəzərə alır.
14. Mövqeyinin hüquqi əsası kimi məhkəmə, Mülki Məcəllənin 21.1-ci, 23.1-ci, 1096-cı, 1097.1-ci, 1099.1-ci, 1108.1-ci, 1108.2-ci, 1108.3-cü, Mülki Prosessual Məcəllənin 14.2-ci, 77.1-ci və 82.4-cü maddələrinə, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 2002-ci il 31 may tarixli, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” 24 aprel 2020-ci il tarixli, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2022-ci il tarixli Qərarlarına, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli qərarına, Avropa Məhkəməsinin “Ədalətli kompensasiya tələbləri barədə Praktiki Qaydaları”na istinad etmişdir.
15. Qətnamədən cavabdehin nümayəndəsi apellyasiya şikayəti verərək onun ləğv, iddia tələblərinin isə təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini məhkəmənin maddi və prosessual hüquq normalarının tələblərini pozduğu, sübutlara düzgün hüquqi qiymət vermədiyi, iddiaçının hər hansı mənəvi ziyana məruz qaldığının sübuta yetirilmədiyi, müəyyənləşdirdiyi mənəvi ziyan məbləğinin həddindən artıq yüksək olduğu arqumentləri ilə əsaslandırmışdır.
Apellyasiya şikayətinə qarşı etiraz
16. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.
Apellyasiya baxışı, izahatlar
17. "xxxx" ASC-nin məhkəmə iclasında iştirak edən nümayəndələr apellyasiya şikayətinin dəlillərini müdafiə etmiş, iddiaçı isə məhkəməyə gəlməmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
18. Maddə 14.2.6. Başqa şəxsə zərər vurulması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarındandır.
19. Maddə 21. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
20. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
21. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
22. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
23. Maddə 1099.1. Hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir.
24. Maddə 1115. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
25. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
26. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
27. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
28. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
29. Maddə 82.4. Cinayət işi üzrə qanuni qüvvəyə minmiş məhkəmə hökmü bu hərəkətlərin olub-olmaması və bu hərəkətlərin kim tərəfindən edilməsi məsələlərində mülki işə baxan məhkəmə və ya hakim üçün məcburidir.
30. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
31. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
32. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının həddi
33. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
34. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
35. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının həddini qətnamənin iddianın qismən təmin olunması ilə bağlı hissəsinin qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki iddiasının qismən təmin olunmasına baxmayaraq iddiaçı qətnamədən şikayət verməmiş, cavabdehin nümayəndəsi isə qətnamənin qeyd olunan hissəsini mübahisələndirmişdir.
İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi
36. Kollegiya ilk növbədə qeyd edir ki, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidirlər. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır.
37. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
38. Beləliklə, mülki mühakimə icraatında hüququn tətbiqi üçün ilkin başlanğıc nöqtə tələbin qanuni əsasının tapılmasından ibarətdir – iddia tələbinin düzgün qanuni əsasını tapmaq üçün isə 4 sual cavablandırılmalıdır: kim kimdən nəyi və nəyə əsasən tələb edir?.
39. Məhkəmə kollegiyası qeyd edir ki, Mülki Məcəllənin 21-ci maddəsi (§ 19) ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Bu mənada, zərərin əvəzinin ödənilməsi ilə bağlı hər bir konkret iddia tələblərinin əsası digər hüquq sahələrindən (məsələn, müqavilə hüququ, delikt hüququ və s.) irəli gəlir. Hazırkı mübahisəyə münasibətdə isə zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsası delikt hüququndan yaranır.
40. Mülki qanunvericiliyin yuxarıda sadalanmış müddəalarının (§ 21-24) mənasından göründüyü kimi mülki hüquq pozuntusuna (deliktə) görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin mövcudluğu və zərər vuran şəxsin təqsirliliyi. Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır.
41. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq X7 qanuni qüvvədə olan hökmlə müəyyən edilən qanunazidd hərəkətləri nəticəsində iddiaçının məruz qaldığı ziyandan məhz "xxxx" ASC-nin məsuliyyət daşıdığı qənaətinə gəlmişdir (§ 23, 29).
42. Kollegiya, iddia tələbinin əsaslandırıldığı faktiki hallar nəticəsində iddiaçının mənəvi sarsıntı və iztirab keçirmiş olması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı hesab edir; belə ki, onun anası həmin hadisə nəticəsində vəfat etmişdir və hadisənin onun şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olduğu, narahatlıq, məyusluq hissləri, stress yaratdığı şübhəsizdir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli qərarında da izah edilmişdir ki, “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Plenumun mövqeyinə görə mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun.
43. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Rusiya Federasiyasına qarşı çıxarılmış qərarlarının icrası ilə bağlı xx.xx.2009-cu il tarixli Aralıq qətnaməsində qeyd olunmuşdur ki, mənəvi ziyan hüquq pozuntusunun özünün birbaşa nəticəsi olduğuna görə vətəndaş mənəvi ziyanın mövcudluğunu sübut etməli deyildir. Həmin Məhkəmənin mənəvi ziyanla bağlı təcrübəsi göstərir ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir, həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amillər - inamsızlıq, narahatlıq, məyusluq hisslərini, stresləri, əzab və əziyyətləri nəzərə alır.
44. Bununla yanaşı nəzərə alınmalıdır ki, mənəvi ziyan məbləği insanın mənəvi dünyasında baş vermiş sarsıntıların, habelə məruz qaldığı mənəvi iztirabların təsəlliverici kompensasiyası olması etibarilə heç bir halda şəxsin maddi qazanc əldə etməsinə yönələ bilməz və mənəvi zərərə görə təzminatın miqdarı müəyyən edilərkən hüquqa zidd əməlin növü, dərəcəsi, davam etdiyi müddət, hansı şəraitdə, mühitdə baş verməsi və digər amillər nəzərə alınmalıdır. Ali Məhkəmənin Plenumunun yuxarıda qeyd olunan qərarında da, mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər, məhkəmələrin zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borclu olduqları tövsiyyə edilmiş, bununla həm də zərər məbləğinin müəyyənləşdirilməsinin meyarları təsbit edilmişdir.
45. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin müəyyənləşdirdiyi mənəvi ziyan məbləği göstərilən meyarlara cavab vermir.
46. Xüsusilə qeyd olunmalıdır ki, X8 ölümü ilə əlaqədar mənəvi ziyana məruz qaldığı iddiası ilə daha əvvəl onun oğlu Samir Quluzadə məhkəmədə iddia qaldırmış, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə onun xeyrinə cavabdehdən 30 000 manat tutulmuşdur.
47. Kollegiyanın qənaətinə görə, göstərilən hal "xxxx" ASC-ni iddiaçıya dəymiş mənəvi ziyanı qarşılamaq məsuliyyətindən azad etməsə də, bu məsuliyyətinin ölçüsü müəyyənləşdirərkən nəzərə alınmalıdır.
48. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” 24 aprel 2020-ci il tarixli Konstitusiya Məhkəməsinin Qərarında qeyd edilmişdir ki, mənəvi təzminatı tələb etmək hüququ olan şəxslərin dairəsinə ölən və ya sağlamlığına zərər vurulan şəxsin yaxınları malik ola bilər. Şəxsin “yaxını” dedikdə onun məhz ailə hüququ çərçivəsində qohumu deyil, ölmüş və ya sağlamlığına zərər vurulmuş şəxslə xüsusi bağlılığı ilə səciyyələnən, səmimi münasibətinin və mənəvi yaxınlığının olduğu, həyatında mühüm yer tutan, uzun müddət birgə yaşadığı və birgə təsərrüfat apardığı, ölümündən və ya sağlamlığına vurulan zərər nəticəsində həyat şəraiti dəyişmiş, həqiqətən mənəvi sarsıntı, əzab və iztirab keçirmiş insan nəzərdə tutulur. Məhkəmələr mənəvi zərərə görə təzminat müəyyən edərkən hər baxılan iş üzrə sosial, psixoloji və iqtisadi qiymətləndirməni mütənasiblik və ədalətlilik prinsipləri əsasında aparmalıdırlar. Mənəvi təzminatın həcmi (miqdarı, məbləği) müəyyən edilərkən iddia irəli sürən insanla ölən və ya sağlamlığına zərər vurulmuş şəxs arasındakı şəfqət və mənəvi bağlılığının möhkəmliyi, keçirilmiş iztirabın və sarsıntının dərəcəsi, onların birlikdə və ya ayrı yaşamaları, ər-arvad olduqları təqdirdə, həmçinin evlilik həyatının müddəti və s. amillər nəzərə alınmalıdır. Ana və atanın uşaqlarının, nənə və babanın nəvələrinin ölümü və ya sağlamlığına zərər vurulması səbəbi ilə mənəvi təzminat tələblərində zərərçəkmişin tək uşaq (nəvə) olması, valideynlərin yenidən uşaq dünyaya gətirəcək yaşda olub-olmamaları kimi amillər də diqqətə alınmalıdır. Uşaqların ana və atalarının ölümü və ya sağlamlığına zərər vurulması səbəbi ilə mənəvi təzminat tələblərində onların ata və analarına möhtac yaşda olmaları, fiziki və ya əqli məhdudiyyətli olmaları əsas götürülməlidir. Hüquqazidd hərəkətdən zərərçəkmiş qardaş və ya bacıların mənəvi təzminat tələbinə baxılarkən onlar arasında doğmalıq və sevgi hislərinin, mütəmadi və sıx ünsiyyətlərinin olub-olmaması kimi məqamlar nəzərdən keçirilməlidir.
49. Həmin Qərarla belə nəticəyə gəlinmişdir ki, “ölmüş və ya sağlamlığına zərər vurulmuş şəxsin yaxınları, o cümlədən ailə üzvləri keçirdikləri mənəvi sarsıntı və iztirabın dərəcəsinə, zərərçəkmiş şəxsə yaxınlıq dərəcəsinə və s. amillərə müvafiq olaraq birgə və ya ayrı-ayrılıqda təzminat almaq hüququna malikdirlər. Ölmüş və ya sağlamlığına zərər vurulmuş şəxsin yaxınlarından, o cümlədən ailə üzvlərindən birinin mənəvi zərərə görə təzminat almış olduğu halda, digərlərinin təzminat tələbi bu Qərarın təsviri-əsaslandırıcı hissəsində göstərilən mütənasiblik və ədalətlilik meyarlarına uyğun olaraq işə baxan məhkəmə tərəfindən həll edilməlidir”.
50. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, qətnamə cavabdehin mübahisələndirdiyi hissədə dəyişdirilməli, iddiaçının xeyrinə tutulan mənəvi ziyan 10 000 manat məbləğində müəyyənləşdirilməlidir.
51. Kollegiya, cavabdehin apellyasiya şikayətinin digər dəlilləri üzrə əsaslandırma aparılmasına zərurət görmür və bu mövqeyini mülki prosessual hüququn ümumi sistemindən irəli gələn prosessual qənaət prinsipinə uyğun hesab edir. Mülki Prosessual Məcəllənin 80-ci maddəsində əksini tapmış həmin prinsipə əsasən məhkəmə prosesində yalnız elə faktlarla və hallarla bağlı dəlillər nəzərə alınmalıdır ki, onlar işin həlli üçün hüquqi baxımdan əhəmiyyət kəsb etsinlər.
52. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDİ:
"xxxx" ASC-nin nümayəndəsinin apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-4437/2023 saylı iş üzrə 14 dekabr 2023-cü il tarixli qətnaməsi "xxxx" ASC-dən mənəvi ziyanın əvəzi qismində 30 000 (otuz min) manatın alınıb İddiaçı ödənilməsi” hissəsində dəyişdirilsin. Mənəvi zərərin əvəzi olaraq 10 000 (on min) manat "xxxx" ASC-dən alınıb İddiaçı ödənilsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatorun özünə aid olunsun. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Sabit Bəhrəmzadə