Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2287/2024 14.03.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (məruzəçi), Mərdanova Xumar Afət qızından və X1 ibarət tərkibdə İddiaçı Cavabdeh qarşı “alimentin 50%-nin uşağın adına açılmış hesaba köçürülməsi” tələbinə dair iddia ərizəsi üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 15 fevral 2024-cü il tarixli qərardadından iddiaçının nümayəndəsi (vəkili) tərəfindən verilmiş şikayətə, Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhər Yasamal Rayon Məhkəməsinə (məhkəmə) müraciət edərək, məhkəmənin 10 dekabr 2021-ci il tarixli qətnaməsi əsasında xx.xx.2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay qazancının və (və ya) başqa gəlirlərinin ¼ (dörddə bir) hissəsi miqdarında cavabdehin xeyrinə ödədiyi alimentin 50%-nin uşağın adına açılmış bank hesabına köçürülməsi və həmin vəsait üzərində sərəncamın X3 yetkinlik yaşına çatdıqdan sonra onun özü tərəfindən verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbul olunmasından imtina edilmiş, həmin qərardaddan iddiaçının nümayəndəsinin (vəkilinin) verdiyi şikayət də təmin olunmayaraq baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən əsassız olaraq iddia ərizəsinin qəbulundan imtina edilmişdir, məhkəmənin qəbul etdiyi qərardadla iddiaçının “məhkəməyə çatımlılıq” hüququ pozulmuşdur. Qərardadla həm də “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin (Ədalətli əhkəmə araşdırılması hüququ) tələbləri pozulmuşdur. Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Avropa Konvensiyası məhkəmə qərarlarının əsaslandırılması hüququnun təmin edilməsini tələb edir. 6-cı maddə tələb edir ki, dövlət daxili məhkəmələr çıxardıqları qərarları əsaslandırsınlar. Lakin hazırkı halda, birinci instansiya məhkəməsi gəldiyi nəticəni düzgün əsaslandırmamışdır. Hesab edir ki, birinci instansiya məhkəməsi gəldiyi nəticəni əsaslandırarkən istinad etdiyi MPM-nin tələblərinə düzgün istinad etməmiş, gəldiyi nəticəni düzgün əsaslandırmamışdır. Belə ki, məhkəmə Azərbaycan Respublikası MPM-nin 151.1 və 153.2.1-ci maddələrinə istinad edərək, gəldiyi nəticəni aşağıdakı kimi əsaslandırmışdır: “Bu baxımdan, ilk növbədə Ailə Məcəlləsinin 55.3-cü maddəsində nəzərdə tutulan "tələb”in müstəqil maddi-hüquqi tələb olub-olması məsələsinə aydınlıq gətirilməlidir. Məlumdur ki, uşağın saxlanması üçün aliment tələbinə dair iddianın predmetini birgə nikahdan doğulmuş və valideynlərdən birinin yanında qalan uşağın saxlanması üçün digər valideyndən vəsaitin tutulması, obyektini isə tutulmalı olan aylıq aliment məbləği təşkil edir. Göründüyü kimi, iddianın predmetini təşkil edən müstəqil maddi hüquqi tələb qismində alimentin tutulması çıxış etdiyindən, Ailə Məcəlləsinin 55.3cü maddəsində nəzərdə tutulan, aliment məbləğinin bir hissəsinin uşağın adına açılmış bank hesabına köçürülməsi tələbi, qətnamə ilə tutulan alimentin bir hissəsinin uşağın mənafeləri baxımından bank hesabına köçürülməsi təmin etmək imkanıdır (hüququdur). Bu hüququn məhkəmə vasitəsi ilə reallaşdırılması üsulu isə mahiyyət etibarilə təyin olunmuş alimentin tutulması barədə məhkəmə qərarının icrası qaydalarının təsiri altına düşür. Konstitusiya Məhkəməsi Plenumunun "MPM-in 231.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 2015-ci il 22 may tarixli qərarında izah olunmuşdur ki, məhkəmə qətnaməsinin icra üsulları iş üzrə tərəflərdən birinin pozulmuş hüquqlarının bərpasına yönəlmiş hərəkətlər sistemini nəzərdə tutur. Məhkəmə qətnaməsinin icra qaydası isə müvafiq məhkəmə aktının icra üsullarının məzmununu təşkil edən, müəyyən ardıcıllıqla və müvafiq qaydalara riayət etməklə yerinə yetirilən hərəkətlərin məcmusudur. Odur ki, yuxarıda qeyd edilənlər baxımından Ailə Məcəlləsinin 55.3-cü maddəsində nəzərdə tutulan alimentin 50 faizindən çox olmayan məbləğinin yetkinlik yaşına çatmayan uşağın adına açılmış bank hesabına köçürülməsi qətnamənin icrası qaydasıdır. Belə olan halda bu məsələ həm alimentin tutulması barədə qətnamədə, həm də alimentin tutulması barədə qətnamənin icrası mərhələsində həll edilə bilər. Aliment məbləğinin bir hissəsinin aliment ödəyən şəxsin tələbi üzrə uşağın adına açılmış bank hesabına köçürülməsinə dair Ailə Məcəlləsinin 55.3-cü maddəsindəki şərt yuxarıda ifadə olunmuş mövqe ilə hər hansı ziddiyyət təşkil etmir. Çünki, normada qeyd olunan "tələb” ifadəsi prosessual mənada iddianın irəli sürülməsini deyil, bu məsələyə dair müraciət etmək imkanını nəzərdə tutur. Göründüyü kimi iddiaçı, aliment məbləğinin bir hissəsinin, tələbi üzrə uşağın adına açılmış bank hesabına köçürülməsini mübahisələndirdiyindən, məhkəmə nəzarəti qaydasında (məhkəmə qətnamələrinin (qərarlarının) icrası haqqında) ərizə ilə müvafiq məhkəməyə (icra sənədi vermiş məhkəməyə) müraciət etməli idi.” Məhkəmənin gəldiyi qənaət əsassızdır, belə ki, məhkəməyə müraciət etməzdən əvvəl, onlar mediasiya vasitəsilə aralarında olan mübahisənin həll edilməsinə çalışsalar da, mübahisənin qarşılıqlı razılaşma ilə həlli mümkün olmamışdır. Ona görə də iddia tələbi ilə məhkəməyə müraciət edilmişdir. Hesab edir ki, tərəflər arasında olan mübahisəyə iddia icraatı qaydasında baxılmalı idi. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin olunmamalı, məhkəmənin mübahisələndirilən qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Ailə Məcəlləsinin 55.3-cü maddəsinə əsasən, məhkəmə uşağa görə aliment ödəyən valideynin tələbi ilə alimentin 50 faizdən çox olmayan məbləğini yetkinlik yaşına çatmayan uşağın adına açılmış bank hesabına köçürmək barədə qərar çıxara bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya Kollegiyalarının Azərbaycan Respublikası Ailə Məcəlləsinin 55.3-cü maddəsinin tətbiqi üzrə 04/2023 saylı 08 dekabr 2023-cü il tarixli qərardadında göstərilmişdir ki, Ailə Məcəlləsinin 55.3-cü maddəsində nəzərdə tutulan alimentin 50 faizindən çox olmayan məbləğinin yetkinlik yaşına çatmayan uşağın adına açılmış bank hesabına köçürülməsi qətnamənin icrası qaydasıdır. Belə olan halda, bu məsələ həm alimentin tutulması barədə qətnamədə, həm də alimentin tutulması barədə qətnamənin icrası mərhələsində həll edilə bilər. Ailə Məcəlləsinin 55.3-cü və MPM-in 231.1-ci maddələrinin qarşılıqlı təhlili, alimentin tutulması barədə məhkəmə qətnaməsi qanuni qüvvəyə mindikdən sonra aliment ödəyənin alimentin müəyyən hissəsinin uşağın adına açılmış bank hesabına köçürülməsi barədə tələbinə qətnamənin icrası qaydasında baxılmalı olduğu nəticəsinə gəlməyə əsas verir. Belə ki, aliment ödəməli olan şəxsdən aliment tutulması barədə qətnamədə alimentin hansı məbləğdə və qaydada tutulacağı göstərildiyindən, icra mərhələsində ortaya çıxan hər hansı hal borcluya əsas vermir ki, o, eyni aliment məbləğinin tutulma qaydasının dəyişdirilməsi barədə təkrarən qətnamə çıxarılmasını tələb etsin. Qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi isə, bir icra üsulunun digəri ilə əvəz edilməsi, yaxud qətnamənin ilkin icra üsulunun dəyişdirilməsi ilə transformasiya olunması deməkdir və heç bir halda qətnamənin özünün dəyişdirilməsi kimi başa düşülə bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq ərizəni yolverilməzliyinə görə qəbul etməkdən imtina etmişdir və şikayətin dəlilləri bununla bağlı qərardadın ləğvi üçün əsas deyil. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 395, 397, 398.0.2 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA ALDİ: Şikayət təmin olunmasın. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-1615/2024 saylı iş üzrə 15 fevral 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Hakimlər: Elnur Həsənov Xumar Mərdanova Sabit Bəhrəmzadə
Məhkəmə qərarları › İş №2(103)-2287/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2287/2024
14.03.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver