Məhkəmə qərarları › İş №2(103)-2298/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2298/2022

01.03.2022 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2298/2022 01.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Fuad Şəmsəddin oğlu Talışinskindən ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-5503/2021 saylı 06 yanvar 2022-ci il tarixli qərardadından Cavabdeh Awadh Ahmed Alamerinin nümayəndəsi və vəkili Rəhimov Emin Yelmar İlqar oğlu tərəfindən verilmiş şikayətə əsasən işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh Awadh Ahmed Alameriyə qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlə arasında bağlanmış 28.09.2018-ci il tarixli icarə müqaviləsinin ləğv edilməsi və müqavilə üzrə ödənilməmiş 6600 manat icarə haqqının, bu məbləğə 3 il ərzində illik 5 % bank uçot dərəcəsi faizlərinin (330 x 3 il), yəni 990 manatın, ödənilməmiş vergi borcunun (235 manat) və vurulmuş mənəvi zərərin 3000 manat, cəmi 10 825 manatın və 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-5503/2021 iş üzrə qəbul etdiyi 06 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin olunmuş, İddiaçı ilə Cavabdeh Awadh Ahmed Alameri arasında bağlanmış 28.09.2018- ci il tarixli icarə müqaviləsinin ləğv edilməsi, icarə müqavilə üzrə ödənilməmiş 6600 manat icarə haqqının Cavabdeh Awadh Ahmed Alameridən İddiaçı xeyrinə tutulması, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. Həmin qətnamə ilə razılaşmayan Cavabdeh Awadh Ahmed Alamerinin vəkili və nümayəndəsi Vəkil1 apellyasiya şikayəti vermişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-5503/2021 iş üzrə qəbul etdiyi 16.11.2021-ci il tarixli qərardad ilə apellyasiya şikayətinin verilməsi MülkiProsessual Məcəllə ilə müəyyən olunmuş formada və “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilmədiyindən geri qaytarılmışdır. Sonradan Vəkil1 qeyd olunan qüsurları aradan qaldıraraq 13.12.2021- ci il tarixdə yenidən apellyasiya şikayəti və buraxılmış müddətin bərpasına dair ərizə vermişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-5503/2021 saylı 06 yanvar 2022ci il tarixli qərardadı ilə apellyasiya şikayətinə dair buraxılmış müddətin bərpası haqqında ərizə rədd edilmiş, apellyasiya şikayəti və ona əlavə edilmiş sənədlər geri qaytarılması qərara alınmışdır. Qərardaddan Cavabdeh Awadh Alamerinin nümayəndəsi və vəkili Rəhimov Emin Yelmar oğlu şikayətlə məhkəməyə müraciət edərək qərardadın ləğv edilməsini, mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi, əks təqdirdə bu şikayətə baxıldıqdan sonra 7 gün müddətində işlə birlikdə apellyasiya instansiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, buraxılmış müddətin bərpası haqqında ərizə ilə bağlı Sabunçu rayon məhkəməsində təyin olunan hər 2 məhkəmə iclasında (28.12.2021ci il tarixli və 06.01.2022-ci il tarixli məhkəmə iclaslarında) dəfələrlə hakimə həmin qərardadın müvəkkilinin bağ evinin zəbt olunması səbəbindən onun yaşamadığı ünvana göndərilməsi, həmin ərəfələrdə bir çox 1-ci instansiya məhkəmələrinin apellyasiya şikayətlərini əvvəlki qayda üzrə, yəni poçtla qəbul etməsi, elektron məhkəmə sisteminin ölkədə yeni tətbiq olunması, həmçinin həmin ərəfədə futbol oynayarkən sağ dizini zədələməsi səbəbindən (İnternational Medikal Centere tərəfindən verilən «Rentgen Müayinənin Protokolu hazırkı şikayətə əlavə olunur») 13.11.2021-12.12.2021-ci il tarixləri arası səhhətində olan xəstəliklə bağlı fəaliyyəti məhdudlaşdığından elektron qaydada olmaqla apellyasiya şikayətini yalnız bağ evinin nəzarətiçisi ona bildirdikdən sonra və göstərilən üzürlü səbəblərə görə vəkillik fəaliyyətinə tam şəkildə başlaya bildikdən və işlədiyi büroya getdikdən sonra göstərilən tarixdə göndərə bilmiş deməsinə baxmayaraq məhkəmə bu deyilənləri nəzərə almamışdır. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-5503/2021 saylı 18 yanvar 2022ci il tarixli qərardadı ilə şikayət ərizəsi təmin edilməmiş, şikayət işlə birlikdə baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)- 5503/2021 saylı 06 yanvar 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarından görünür ki, 16.11.2021-ci il tarixli qərardad 16.11.2021-ci il tarixdə Vəkil1 elektron kabinetinə yerləşdirilmiş, o, isə yenidən apellyasiya şikayətini 13.12.2021-ci il tarixdə vermişdir. Azərbaycan Respublikası MPM-in 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi təqdim olunan (alınan) gündən bir ay müddətində verilə bilər. Həmin Məcəllənin 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Həmin Məcəllənin 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Həmin Məcəllənin 133.2-ci maddəsinə əsasən buraxılmış müddətin bərpası haqqındakı ərizə prosessual hərəkətlərin edilməli olduğu məhkəməyə verilir və məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilir. Onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həllinə maneçilik törətmir. Həmin Məcəllənin 133.3-cü maddəsinə əsasən müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddət buraxılmış zəruri prosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və s.). Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işin yuxarıda sadalanan hallarını nəzərə almaqla və müddətin bərpa olunmasına əsaslar olmadığından prosessual müddətin üzrlü səbəb olmadan buraxıldığı barədə düzgün qənaətə gəlmişdir. Ona görə də şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Şikayətin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, 16.11.2021-ci il tarixli qərardaddan 10 gün ərzində şikayət verimədiyi təqdirdə məhz elə 10 gün ərzində yenidən apellyasiya şikayəti verilə bilərdi. Qeyd edildiyi kimi, apellyasiya şikayəti 27 gün sonra verilmişdir. Cavabdehin nümayəndəsi buraxılmış müddətin üzrlü hesab edilməsinə dair məhkəməyə hər hansı bir mötəbər sübut təqdim etməmişdir. Bu halda məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-5503/2021 saylı 06 yanvar 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 397-398, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh Awadh Ahmed Alamerinin nümayəndəsi və vəkili Rəhimov Emin Yelmar İlqar oğlunun şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-5503/2021 saylı 06 yanvar 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar