Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2298/2025 22.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh MMC-yə qarşı iş üzrə QƏTNAMƏSİ İş № 2(103)-2298/2025 (Açar sözlər: hərracın yekunları barədə protokolun ləğv edilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Şirinov Ziya Allahverdi oğlu və X2 ibarət tərkibdə, Əmiraslanova Nigar Çingiz qızının katibliyi, İddiaçının nümayəndəsi-vəkili Nümayəndə2 iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində X6 cəlb edilməklə “hərracın yekunları barədə protokolun ləğv edilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 3638/2024 nömrəli 26 noyabr 2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 22 aprel 2025-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(008)- 6174/2019 nömrəli icra vərəqəsinə əsasən İddiaçı xx.xx.2019-cu il tarixdən başlayaraq, xx.xx.2013-cü il təvəllüdlü X4 və xx.xx.2016-cı il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 160 manat olmaqla, cəmi 320 manat sabit pul məbləğində aliment alınaraq, X5 verilməsi qət edilmişdir.
2. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 8(008)-675/2021 nömrəli əmlakın üzərinə həbs qoyulmasına dair qərardadına əsasən Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-6174/2019 nömrəli, xx.xx.2019-cu il tarixli icra sənədinin icrasını təmin etmək məqsədilə borclu İddiaçı mülkiyyətində olan Abşeron rayonu, Masazır kəndində yerləşən ümumi sahəsi 0.03 ha olan torpaq sahəsinin üzərinə həbs qoyulması qərara alınmışdır.
3. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən Abşeron rayonu, Masazır kəndi torpaq sahəsi 3/5 hissədə mülkiyyət hüququ üzrə X5, 2/5 hissədə nülkiyyət hüququ üzrə İddiaçı məxsus olmuşdur.
4. "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli torpaq sahəsinin qiymətləndirilməsi barədə ekspert rəyinə əsasən birgə mülkiyyətdə olan İddiaçı 2/5 hissə, X5 3/5 hissə ilə məxsus olan Abşeron rayonu, Masazır kəndində yerləşən 0.03 ha torpaq sahəsinin qiymətləndirilməsi işi xx.xx.2021-ci il tarixinə bazar dəyəri 15000 (on beş min) manat məbləğində müəyyən olunduğu təsdiq edilmiş, İddiaçı düşən pay 2/5 hissəsi 6000 (altı min) manat, X5 düşən pay 3/5 hissəsi 9000 (doqquz min) manat təşkil etmişdir.
5. Borclu İddiaçı və tələbkar X5 ünvanlanmış 30/22 saylı, xx.xx.2022-ci il tarixli açıq hərracın keçirilməsinə dair bildirişə əsasən Sabunçu rayon icra və probasiya şöbəsi tərəfindən № 16-187586/17 saylı xx.xx.2022-ci il tarixli sifarişə əsasən borclu İddiaçı 2/5 hissə, X5 3/5 hissə ilə məxsus olan, Abşeron rayonu, Masazır kəndində yerləşən 0.03 ha torpaq sahəsinin ilkin 15000 manat satış qiymətilə açıq hərracda satılması 17 fevral 2022-ci il tarixinə, saat 11:00-a təyin edilmişdir.
6. 30/22 nömrəli, xx.xx.2022-ci il tarixli Cavabdeh MMC-nin Bakı şəhəri Sabunçu Rayon İcra şöbəsinə ünvanladığı məktuba əsasən xx.xx.2019-cu il tarixli, 2(008)- 6174/2019 saylı icra vərəqəsində və hərracın keçirilməsi barədə 16-187586/17 saylı xx.xx.2022-ci il tarixli sifariş məktubunda İddiaçı və X3 ünvanının Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Ləhiş bağ sahəsi 5424 olaraq göstərildiyi, göstərilən ünvana göndərilmiş bildiriş rabitə orqanının “ünvan tam deyil” qeyd şərti ilə geri qaytarıldığı, göstərilənləri nəzərə alıb icra işinin materiallarından X3 və İddiaçı digər ünvanları və ya digər əlaqə vasitələri barədə müvafiq məlumatların verilməsinin təmin edilməsi xahiş olunmuşdur.
7. 17 fevral 2022-ci il tarixli hərracın baş tutmamasına dair protokola əsasən xx.xx.2022-ci il tarixinə təyin edilmiş açıq hərrac hərracın iştirakçısı olmaması səbəbindən baş tutmamışdır.
8. Borclu İddiaçı və tələbkar X5 ünvanlanmış 224/22 nömrəli, xx.xx.2022-ci il tarixli təkrar hərracın keçirilməsinə dair bildirişə əsasən Sabunçu rayon icra və probasiya şöbəsi tərəfindən № 16-187586/17 saylı xx.xx.2022-ci il tarixli sifarişə əsasən borclu İddiaçı 2/5 hissə, X5 3/5 hissə ilə məxsus olan, Abşeron rayonu, Masazır kəndində yerləşən 0.03 ha torpaq sahəsi 13500 manat satış qiymətilə açıq hərracda satılması 03 mart 2022-ci il tarixinə, saat 11:00-a təyin edilmişdir.
9. Bakı şəhəri Sabunçu rayon icra şöbəsi tərəfindən verilmiş 16-187586/17 saylı xx.xx.2022-ci il tarixli sifarişi üzrə keçirilən açıq hərracda iştirak etmək üçün X7 tərəfindən Cavabdeh MMC-yə yazılmış ərizəyə əsasən satış dəyəri ümumilikdə 13.500 manat (on üç min manat) müəyyənləşdirilməklə 03 mart 2022-ci il tarixinə, saat 11:00-a təyin edilmiş təkrar açıq hərracda satışa çıxarılmış Abşeron rayonu, Masazır kəndində yerləşən 0.03 ha torpaq sahəsinə dair keçirilən açıq hərracda tələbkar olaraq iştirak etmək arzusunda olduğunu bildirmişdir.
10. Bakı şəhəri Sabunçu rayon icra şöbəsi tərəfindən verilmiş 16-187586/17 saylı xx.xx.2022-ci il tarixli sifarişi üzrə keçirilən açıq hərracda iştirak etmək üçün X9 tərəfindən Cavabdeh MMC-yə yazılmış ərizəyə əsasən satış dəyəri ümumilikdə 13.500 manat (on üç min manat) müəyyənləşdirilməklə 3 mart 2022-ci il tarixinə, saat 11:00-a təyin edilmiş təkrar açıq hərracda satışa çıxarılmış Abşeron rayonu, Masazır kəndində yerləşən 0.03 ha torpaq sahəsinə dair keçirilən açıq hərracda iştirak etmək arzusunda olduğunu bildirmişdir. Açıq hərracda iştirak etməyi üçün tərəfindən 675 (altı yüz yetmiş beş) manat məbləğində beh məbləği Cavabdeh MMC-nin xəzinədarlığına nağd qaydada ödənilmişdir.
11. xx.xx.2022-ci il tarixli, 23/22 nömrəli Cavabdeh MMC-nin Hərrac Yekunları barədə Protokola əsasən təkrar hərracda Abşeron rayonu, Masazır kəndində yerləşən, xüsusi mülkiyyətdə olan, yaşayış məntəqələri torpaqları kateqoriyasına aid olan 0.03 ha torpaq sahəsinin İddiaçı məxsus 2/5 hissəsinin alış qiyməti: 5460 (beş min dörd yüz altmış) manat olmuşdur. Abşeron rayonu, Masazır kəndində yerləşən paylar məlum olan 0.03 ha torpaq sahəsinin İddiaçı məxsus 2/5 hissəsinin (reyestr nömrəsi **********84, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2021-ci il) dövlət qeydiyyat orqanında yeni mülkiyyətçi X3 adına daşınmaz əmlakın dövlət reyestrinə daxil edilməsi üçün əsas hesab olunmuşdur, protokol müqavilə qüvvəsinə malik olmuşdur.
12. Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(012)- 1033/2023 saylı qətnaməsinə əsasən cavabdeh İddiaçı X3 mülkiyyətində olan Abşeron rayonu, Masazır kəndində yerləşən 0.03 ha torpaq sahəsindən çıxarılması qət edilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
13. İddiaçı Cavabdeh MMC-yə qarşı “hərracın yekunları barədə protokolun ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-nin 03 mart 2022-ci il tarixli, 23/22 nömrəli hərrac yekunları barədə protokolunun ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
14. İddia onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-6174/2019 saylı xx.xx.2019-cu il tarixli icra vərəqəsinə əsasən borclu İddiaçı 2/5 hissə, X5 3/5 hissə ilə məxsus olan, Daşınmaz Əmlakın Dövlət Reyestrində 768 nömrəli reyestr kitabının, 14 nömrəli vərəqində qeydiyyata alınmış, Abşeron rayonu, Masazır kəndində yerləşən 0.03 ha torpaq sahəsinin İddiaçı məxsus 2/5 hissəsi Bakı şəhəri Sabunçu Rayon İcra Şöbəsinin sifarişi ilə Cavabdeh MMC-də qiymətləndirilmişdir. Belə ki, xüsusi mülkiyyətdə olan 0.03 ha torpaq sahəsinin 17 fevral 2022-ci il tarixinə təyin edilmiş açıq hərracda ilkin satış qiyməti iddiaçıya məxsus 2/5 hissə üzrə 6000 manat, X10ma məxsus 3/5 hissə üzrə 9 000 manat olmaqla ümumilikdə 15000 manat məbləğində qiymətləndirilmişdir. Daha sonra xüsusi mülkiyyətdə olan 0.03 ha torpaq sahəsinin 03 mart 2022-ci il saat 11:00 tarixə təyin edilmiş təkrar açıq hərracdakı satış qiyməti İddiaçı məxsus 2/5 hissə üzrə 5400 manat, X10ma məxsus 3/5 hissə üzrə 8100 manat olmaqla, ümumi 13500 manat müəyyən edilmişdir. Cavabdeh MMC-nin xx.xx.2022-ci il tarixli hərrac Protokolu birmənalı ləğv edilməlidir. Ona görə ki, həmin protokol onun iştirakı olmadan, xəbəri olmadan keçirilmişdir. X7 onun haqqında alimentə görə şikayət etmişdir. Belə ki, Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən AR CM-nin 221.3-cü maddəsi ilə təqsirli bilinərək 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilmişdir. 17 saylı Cəzaçəkmə müəssisəsində xx.xx.2021-ci ildən xx.xx.2022-ci il tarixədək cəza çəkmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə əməli 128-ci maddəyə tövsif edilmiş, AR CM-nin 73.2-ci maddəsinə əsasən cəzadan azad edilmişdir. X7 onun cəzaçəkmə müəssisəsində olmasını fürsət bilib ona qarşı bu addımı atmış və onun əmlakı əlindən çıxmışdır. Mübahisələndirilən torpaq sahəsinə dair o, digər addımları da atmışdır. Abşeron rayonu Masazır qəsəbəsində yerləşən 0.03 ha torpaq sahəsi çox aşağı qiymətləndirilmişdir. Həmin tikilinin üzərində olan 3 mərtəbəli villa nəzərə alınmamış və yalnız torpaq sahəsi qiymətləndirilmişdir. İcra məmuru əmlakı qiymətləndirərkən, yaxud satışa göndərərkən mülkiyyətçi kimi ona bildiriş verilməli, eyni zamanda əmlakın qiymətləndirilməsi barədə mütəxəssis rəyi ona təqdim olunmalı idi. Bir faktı da qeyd edir ki, əmlak qiymətləndirilərkən baxış keçirilməmiş, anoloji qaydada rəy tərtib olunmuş “Qiymətləndirmə haqqında” qanunun tələbləri pozulmuşdur. Hərracın yekunları barədə protokolu o, Bakı şəhəri Sabunçu Rayon İcra və Probasiya Şöbəsinin inzibati binasına yaxınlaşaraq əldə etmişdir.
15. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(004)-2298/2025 nömrəli 26 noyabr 2024-cü il qətnaməsi ilə (hakim Aydan Oruclu) iddia təmin edilməmişdir.
16. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, Cavabdeh Abşeron rayonu, Masazır kəndində yerləşən 0.03 ha torpaq sahəsinə dair keçirdiyi hərrac qanunvericiliyin tələblərinə uyğun keçirilmiş və hərracın yekunları barədə protokol qanunvericiliyin tələblərinə əməl edilməklə tərtib edilmişdir, bu səbəbdən İddiaçı Cavabdeh MMC-yə qarşı mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində X6 cəlb edilməklə “hərracın yekunları barədə protokolun ləğv edilməsi” tələbinə dair iddiası təmin edilməməlidir.
17. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 414.1, 414.2, 414.3, 414.4, 414.5, 415.2, 415.5, “İcra haqqında” Qanunun 45.1, 45.8, 50.1, 51.1, 53.1, 53.3, 61.1, 61.2, 62.1, 62.2, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 106.1, 216-220, 227, 233 və 360-cı maddələrinə istinadla əsaslandırmışdır.
Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apelyasiya şikayətinin dəlilləri
18. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
19. Apellyasiya şikayətində iddia ərizəsində qeyd edilənlərdən əlavə göstərilmişdir ki, hakim qətnamədə iş üzrə sübutlara qiymət verərkən iddiaçının iddianın əsasını təşkil edən hüquqi fakt - Belə ki, Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən AR CM-nin 221.3-cü maddəsi ilə təqsirli bilinərək 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilmişdir. 17 saylı Cəzaçəkmə müəssisəsində xx.xx.2021-ci ildən xx.xx.2022-ci il tarixədək cəza çəkmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə əməli 128-ci maddəyə tövsif edilmiş, AR CM-nin 73.2-ci maddəsinə əsasən cəzadan azad edilmişdir. Bu barədə sübut ümimiyyətlə sadalamamış, həmin sübuta qiymət verməmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
20. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
21. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi.
22. Məhkəmə iclasının vaxtı və yeri barədə lazimı qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh və üçüncü şəxs məhkəmə iclasına gəlmədiklərindən işə onların (nümayəndənin) iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi
23. Maddə 224.1. Paylı və ya birgə mülkiyyət mülkiyyətçisinin başqa əmlakı kifayət etmədikdə onun kreditoru borclunun ümumi əşyadakı payına tutmanın yönəldilməsi üçün həmin payın ayrılmasını tələb edə bilər. 24.Maddə 224.2. Əgər payın naturada ayrılması mümkün deyildirsə və ya paylı və ya birgə mülkiyyətin qalan iştirakçıları buna etiraz edirlərsə, kreditorun ixtiyarı var ki, borclunun öz payını bazar qiyməti ilə ümumi mülkiyyətin qalan iştirakçılarına satmasını və satışdan əldə edilmiş vəsaitin borcun ödənilməsinə yönəldilməsini tələb etsin. Ümumi mülkiyyətin qalan mülkiyyətçiləri borclunun payını almaqdan imtina etdikdə kreditorun ixtiyarı var ki, tutmanın borclunun ümumi mülkiyyət hüququndakı payına onun açıq hərracdan satılması yolu ilə yönəldilməsini məhkəmə qaydasında tələb etsin. Borclunun ümumi mülkiyyət hüququndakı payı ipoteka predmeti olduqda, həmin paya tutmanın yönəldilməsi “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş qaydada həyata keçirilir.
25. Maddə 414.1. Əgər müqavilənin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, o, hərrac keçirilməsi yolu ilə bağlana bilər. Müqavilə hərracı udan şəxslə bağlanır.
26. Maddə 414.2. Hərracın təşkilatçısı kimi əmlakın mülkiyyətçisi və ya əmlak hüququnun sahibi və ya ixtisaslaşdırılmış təşkilat çıxış edə bilər. İxtisaslaşdırılmış təşkilat əmlakın mülkiyyətçisi və ya əmlak hüququnun sahibi ilə müqavilə əsasında hərəkət edir və onların adından və ya öz adından çıxış edir. 27.Maddə 414.3. Bu Məcəllədə göstərilən hallarda əmlakın və ya əmlak hüququnun satışı barədə müqavilələr yalnız hərrac keçirilməsi yolu ilə bağlana bilər. 28.Maddə 414.4. Hərrac auksion və ya müsabiqə formasında keçirilir. Ən yüksək qiymət təklif etmiş şəxs auksionda hərracı udmuş sayılır, hərracın təşkilatçısının qabaqcadan təyin etdiyi müsabiqə komissiyasının rəyinə əsasən ən yaxşı şərtlər təklif etmiş şəxs isə müsabiqə üzrə hərracı udmuş sayılır. 29.Maddə 414.5. Qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, hərracın formasını satılan əmlakın mülkiyyətçisi və ya satılan əmlak hüququnun sahibi müəyyənləşdirir. 30.Maddə 415.2. Qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir. 31.Maddə 415.5. Hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun və ya müsabiqənin keçirildiyi gün hərracın nəticələri haqqında protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir. Hərracı udmuş şəxs protokolu imzalamaqdan boyun qaçırarsa, verdiyi behi itirir. Protokolu imzalamaqdan boyun qaçıran hərrac təşkilatçısı hərracı udan şəxsə behi ikiqat məbləğdə qaytarmalı, habelə hərracda iştirak etmək nəticəsində dəyən zərərin əvəzini ödəməlidir. 32.Maddə 416.1. Bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər.
33. Maddə 416.2. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur.
“İcra haqqında” Azərbaycan Respublikasının Qanunu
34.Maddə 45.1. Tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasında ibarətdir. 35.Maddə 45.8. Borclunun ümumi mülkiyyətdə əmlakı olduqda, tələb Azərbaycan Respublikasının mülki qanunvericiliyinə uyğun olaraq onun ümumi mülkiyyətdə olan payına yönəldilir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
36. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
37. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
38. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
Apellyasiya baxışının hədləri
39. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
40. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
41. Qətnamə tam yoxlanılır.
Apelyasiya instansiyası məhkəməsinin mövqeyi
42. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddia tələbi təmin edilməlidir.
43. İşin halları ilə müəyyən olunur ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(008)-6174/2019 nömrəli qətnaməsinə əsasən İddiaçı xx.xx.2019-cu il tarixdən başlayaraq, xx.xx.2013-cü il təvəllüdlü X4 və xx.xx.2016-cı il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 160 manat olmaqla, cəmi 320 manat sabit pul məbləğində alimentin alınaraq X5 verilməsi qət edilmişdir. İddiaçı aliment borcunu ödəmədiyindən icra sənədinin icrasını təmin etmək məqsədilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 8(008)-675/2021 nömrəli qərardadına əsasən İddiaçı mülkiyyətində olan Abşeron rayonu, Masazır kəndində yerləşən 0.03 ha torpaq sahəsinin 2/5 hissəsinin üzərinə həbs qoyulmuşdur. İcra məmurunun sifarişi üzrə İddiaçı 2/5 hissə, X5 3/5 hissə ilə məxsus olan Abşeron rayonu, Masazır kəndində yerləşən 0.03 ha torpaq sahəsinin açıq hərracda satılması "xxxx" MMC-yə sifariş olunmuşdur. İddiaçı düşən pay torpağın 2/5 hissəsi 6000, X5 düşən pay torpağın 3/5 hissəsi 9000 manat məbləğində qiymətləndirilmişdir. İlkin hərracın keçirilməsi 17 fevral 2022-ci il tarixə saat 11:00-a təyin edilmiş, hərracın keçirilməsinə dair bildirişlər göndərilmiş, hərracın həmin tarixə qeyd edilməsi ilə bağlı elan “BirjaNews” internet informasiya ehtiyatında dərc olunmuş, “Əmlak Hərrac Mərkəzi" MMC-nin rəsmi internet səhifəsində yerləşdirilmiş, lakin hərrac hərracın iştirakçısı olmaması səbəbindən baş tutmamışdır. Daha sonra xx.xx.2022-ci il tarixə saat 11:00-a təyin edilmiş təkrar hərracın keçirilməsinə dair bildirişlər göndərilmiş, hərracın həmin tarixə qeyd edilməsi ilə bağlı elan “BirjaNews” internet informasiya ehtiyatında dərc olunmuş, "xxxx" MMC-nin rəsmi internet səhifəsində yerləşdirilmiş və 03 mart 2022ci il tarixdə baş tutmuş təkrar hərracda Abşeron rayonu, Masazır kəndində yerləşən 0.03 ha torpaq sahəsinin İddiaçı məxsus 2/5 hissəsi 5460 manata X1.
44. Rəsulov X11 Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən AR CMnin 221.3-cü maddəsi ilə təqsirli bilinərək 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilmiş, xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 17 saylı cəzaçəkmə müəssisəsində cəza çəkmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə əməli CM-nin 128-ci maddəsinə tövsif edilərək, AR CM-nin 73.2-ci maddəsinə əsasən cəzadan azad edilmişdir.
45. Həmin cinayət işi üzrə X7 proses iştirakçısı olmuş və İddiaçı hazırki işə baxılan ərəfədə cəzaçəkmə müəssisəsində olduğunu bilmişdir.
46. Hazırda İddiaçı hərracın onun iştirakı və xəbəri olmadan keçirilməsi səbəbi ilə Cavabdeh MMC-nin 03 mart 2022-ci il tarixli, 23/22 nömrəli hərrac yekunları barədə protokolunun ləğv edilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir.
47. Kollegiya ilk növbədə qeyd edir ki, iddia ərizəsinin “xahiş etdi” hissəsində “hərracın yekunları barədə protokolun ləğv edilməsi” göstərilsə də, iddianın əsaslandırması və iddiaçının əldə etmək istədiyi nəticə hərracın nəticələrinin etibarsız sayılmasından ibarətdir və məhkəmə də tələbə məhz bu konteksdə baxaraq qiymət verməyi əsaslı hesab edir.
48. Qeyd olunmalıdır ki, hazırki işdə söhbət iddiaçının alimenti borcu üzrə tutmanın onun keçmiş arvadı (iş üzrə üçüncü şəxs) X7 ilə ümumi paylı mülkiyyətində olan əmlakdakı payına yönəldilməsindən gedir. Yəni, aliment işi üzrə icra sənədini icra edən icra məmuru hesab etmişdir ki, yığılmış borc İddiaçı Şəbnəm Rəsulova ilə ümumi mülkiyyətində olan torpaq sahəsindəki payına (2/5) yönəldilməldir.
49. İlk növbədə qeyd olunmalıdır ki, borclunun ümumi əmlakda olan payına tutma icra prosesindən kənar baş verir, yəni icra məmurunun, hazırki işdə olduğu kimi, tutmanı borclunun ümumi əmlakdakı payına tutma yönəltmək, bu məqsədlə həmin əmlakın üzərinə həbs qoydurmaq, onu qiymətləndirmək, hərraca çıxarmaq və s. hərəkətlər etmək hüququ yoxdur.
50. “Tutmanın ümumi əmlakdakı paya yönəldilməsi” dedikdə, tələbin artıq qanuni qüvvəsini alaraq icraya yönəldilmiş məhkəmə aktının icrası ilə bağlı görülən icra tədbirləri nəticəsində borclunun başqa şəxslərlə ümumi mülkiyyətində olan daşınmaz və ya rəsmi reyestrdə qeydə alınmış daşınar əşyadakı payı hesabına icra edilməsindən gedir.
51. Qanunvericilikdə borclunun ümumi əmlakdakı payına tutma yönəldilməsinin fərqli qaydası müəyyən olunmuşdur. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 45.8-ci maddəsinin tələbinə görə, borclunun ümumi mülkiyyətdə əmlakı olduqda, tələb Azərbaycan Respublikasının mülki qanunvericiliyinə uyğun olaraq onun ümumi mülkiyyətdə olan payına yönəldilir.
52. Mülki Məcəllənin 224.1-cü maddəsinin tələbinə görə, paylı və ya birgə mülkiyyət mülkiyyətçisinin başqa əmlakı kifayət etmədikdə onun kreditoru borclunun ümumi əşyadakı payına tutmanın yönəldilməsi üçün həmin payın ayrılmasını tələb edə bilər.
53. Həmin Məcəllənin 224.2-ci maddəsinə görə isə əgər payın naturada ayrılması mümkün deyildirsə və ya paylı və ya birgə mülkiyyətin qalan iştirakçıları buna etiraz edirlərsə, kreditorun ixtiyarı var ki, borclunun öz payını bazar qiyməti ilə ümumi mülkiyyətin qalan iştirakçılarına satmasını və satışdan əldə edilmiş vəsaitin borcun ödənilməsinə yönəldilməsini tələb etsin. Ümumi mülkiyyətin qalan mülkiyyətçiləri borclunun payını almaqdan imtina etdikdə kreditorun ixtiyarı var ki, tutmanın borclunun ümumi mülkiyyət hüququndakı payına onun açıq hərracdan satılması yolu ilə yönəldilməsini məhkəmə qaydasında tələb etsin.
54. Ailə qanunvericiliyində də eyni qayda müəyyən olunmuşdur, belə ki, Ailə Məcəlləsinin 41.1-ci maddəsinə görə, ər-arvaddan birinin öhdəlikləri üzrə ödəmə yalnız onun şəxsi əmlakına və ər-arvadın ümumi əmlakı bölünərkən həmin əmlakdan ona çata biləcək paya yönəldilə bilər.
55. Beləliklə, borclunun ümumi əmlakdakı payına tutmanın yönəldilməsi bu əmlakın üzərinə həbs qoyub, onu açıq hərracdan satışa çıxarmaq yox, kreditorun tələbi ilə borclunun payının ayrılması, bu mümkün olmadıqda və ya digər iştirakçı etiraz etdikdə isə borclunun payının bazar qiyməti ilə ümumi mülkiyyətin qalan iştirakçılarına satmasını yolu ilə mümkündür. Digər iştirakçı borclunun payını almadıqda, kreditor tutmanın borclunun ümumi mülkiyyət hüququndakı payına onun açıq hərracdan satılması yolu ilə yönəldilməsini məhkəmə qaydasında tələb edə bilər.
56. Göründüyü kimi, icra icraatı çərçivəsində icra məmurunun aşkar etdiyi ümumi mülkiyyət hüquqü üzrə borcluya məxsus paya tutma yönəldilməsinin xüsusi qaydası və ardıcıllığı müəyyən olunmuşdur: kreditorun borclunun ümumi əşyadakı payına tutmanın yönəldilməsi üçün həmin payın ayrılmasını tələb etməsi (yəni, bu barədə müstəqil iddia qaldırması); payın naturada ayrılması mümkün deyildirsə və ya paylı və ya birgə mülkiyyətin qalan iştirakçıları buna etiraz edirlərsə, kreditorun borclunun öz payını bazar qiyməti ilə ümumi mülkiyyətin qalan iştirakçılarına satmasını və satışdan əldə edilmiş vəsaitin borcun ödənilməsinə yönəldilməsini tələb etməsi; ümumi mülkiyyətin qalan iştirakçıları borclunun payını almaqdan imtina etdikdə, kreditorun tutmanın borclunun ümumi mülkiyyət hüququndakı payına onun açıq hərracdan satılması yolu ilə yönəldilməsini məhkəmə qaydasında tələb etməsi.
57. “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli 1/2024 nömrəli qərarının 6.42-ci bəndinə görə, ərin (arvadın) ayrıca öhdəliyi ilə bağlı tutma yalnız onun başqa əmlakı borcun ödənilməsinə kifayət etmədikdə ərin (arvadın) ümumi əmlakda olan payına yönəldilə bilər. Bu cür yönəltmə kreditorun (kreditorların) tələbi əsasında Mülki Məcəllənin 224-cü maddəsində müəyyən edilmiş qaydaya və ardıcıllığa riayət edilməklə həyata keçirilməlidir. Həmin qaydalara (ardıcıllığa) riayət edilmədən ümumi əmlakın birbaşa açıq hərracdan satılması qanunsuzdur.
58. Qərarın 6.43-cü bəndinə görə isə eyni qaydaya ərin (arvadın) ayrıca öhdəliyi ilə bağlı tutmanın icra icraatı çərçivəsində ərin (arvadın) ümumi əmlakda olan payına yönəldilməsi zamanı da riayət edilməlidir. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 45.8-ci maddəsinə əsasən borclunun ümumi mülkiyyətdə əmlakı olduqda, tələb Azərbaycan Respublikasının mülki qanunvericiliyinə uyğun olaraq onun ümumi mülkiyyətdə olan payına yönəldilir.
59. Göstərilənlər onu deməyə əsas verir ki, icra məmuru borclunun əmlak vəziyyətini yoxlamalı və yoxlama nəticəsində təkcə ümumi mülkiyyətdə olan əmlak aşkar etdikdə, tələbkara tutmanın Mülki Məcəllənin 224-cü maddəsində nəzərdə tutulmuş qaydada və ardıcıllıqla borclunun həmin əmlakdakı payına yönəldilməsi barədə iddia qaldırmaq hüququnun olmasını izah etməlidir.
60. Göstərilən tələb hüququ müstəsna olaraq kreditora məxsusdur, ona görə də belə iddia ilə icra məmuru və ya başqa şəxslər məhkəməyə müraciət edə bilməzlər.
61. Hazıki işdə isə qanunvericiliyin göstərilən tələblərinə məhəl qoyulmadan, icra məmuru İddiaçı ümumi əmlakdakı payına tutma yönəldərək, həmin əmlakı qiymətləndirmiş və onun açıq hərracdan, daha sonra isə qiyməti aşağı salınmaqla təkrar hərracdan satışının həyata keçirilməsinə nail olmuşdur.
62. Diqqət yetirdikdə, hətta bu hərəkətlər zamanı da qanunun tələblərinə əməl olunmadığı aşkar görünür (Mülki Məcəllənin 415-ci maddəsində nəzərdə tutulmuş hərracın keçirilməsi qaydası və müddətləri; təkrar hərracda qiymətin azaldılmasının yolverilməz olması; İddiaçı yeri məlum olduğu halda hərraclar barədə məlumatlandırılmaması və s.).
63. “İcra icraatı çərçivəsində borclunun əmlakının hərracdan satılması qaydası ilə bağlı qanunvericiliyin tətbiqi üzrə” Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının xx.xx.2021-ci il tarixli 02/2021 nömrəli qərardadının 22ci bəndinə görə, ipoteka predmeti olmayan əmlaka icra sənədi üzrə tutmanın yönəldilməsi və hərracdan satılması proseduru isə Mülki Məcəllənin 415-ci və “İcra haqqında” Qanunun müvafiq müddəaları ilə tənzimlənir. Mülki Məcəllənin 415-ci maddəsi hərracın keçirilməsinin ümumi qaydasını müəyyən edir. “İcra haqqında” Qanunun 45.6-cı maddəsinə əsasən icra qanunvericiliyinə əsasən tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. Həmin Qanunun 53-cü maddəsinə əsasən üzərinə həbs qoyulmuş həmin əmlak tələbkara təklif olunur, o, bundan imtina etdikdə həmin əmlak imtina günündən üç ay müddətində hərrac yolu ilə satılır. Əmlak satılmadıqda, həmin əmlak yenidən tələbkara təklif olunur. Tələbkar əmlakdan imtina etdikdə, əmlak borcluya, icra sənədi isə icra sənədini vermiş məhkəmə və ya digər orqana qaytarılır.
64. Qərardadın 26-cı bəndinə görə, icra icraatı çərçivəsində borclunun ipoteka predmetinə, vergi ödəyicisi kimi siyahıya alınmış əmlaka və girov predmeti olan qiymətli kağızlara aid olmayan əmlaklarına tələbin yönəldilməsi və hərracdan satılması qaydaları Mülki Məcəllənin 415-ci və “İcra haqqında” Qanunun 45.6, 45.7, 51, 53, 61, 62-ci maddələri ilə tənzimlənir və bu münasibətlərə qanunun analogiyası üzrə digər qanunvericilik aktlarında nəzərdə tutulmuş hərrac qaydaları tətbiq edilməməlidir.
65. Kollegiya yuxarıdakı qərardadı hazırki mübahisəyə tətbiq etmək niyyətində deyil, sadəcə ona istinadən qeyd edir ki, hətta üzərinə tutma yönəldilmiş torpaq sahəsi İddiaçı şəxsi mülkiyyətində olsa idi belə, yenə də həmin əmlaka tutma yönəldilməsi zamanı xeyli kobud qanun pozuntularına yol verilməsi onun nəticələrini etibarsız edərdi. Prosessual qənaət prinsipi baxımından, həmin pozuntulara qiymət verməyə zərurət yoxdur, çünki prosedur özü səhv həyata keçirilmişdir.
66. Hazırki halda iddiaçının ümumi əmlakdakı payına tutma yönəldilməsi icra icraatı çərçivəsində həyata keçirilə bilmədiyindən (“İcra haqqında” Qanunun 45.8-ci maddəsi), keçirilmiş hərracın nəticələri etibarsız hesab olunmalıdır. Hərracın etibarsız sayılması isə hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur.
67. Qeyd edilənlərə əsasən apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddia tələbi təmin edilməlidir.
68. Kollegiya həmçinin qeyd edir ki, sadalanan hallar iddianın əsaslığına dəlalət etdiyindən kollegiya apellyasiya şikayətinin digər dəlillərinə münasibət bildirməyi zəruri hesab etmir.
69. İddia ərizəsinin və apellyasiya şikayətinin verilməsinə görə ödənilmiş dövlət rüsumlarının tutulması barədə tələb olmadığından, rüsumlar onu ödəyən tərəfin – iddiaçının özünə aid edilir.
70. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3638/2025 nömrəli iş üzrə 26 noyabr 2024-cü il tarixli qətnaməsi ləğv edilsin. İddia təmin edilsin. Abşeron rayonu, Masazır kəndində yerləşən 0.03 ha torpaq sahəsinin İddiaçı məxsus 2/5 hissəsinin satılmasına dair Cavabdeh MMC-nin keçirdiyi 03 mart 2022-ci il tarixli hərrac və hərracı udmuş X6 ilə bağlanmış eyni tarixli 23/22 saylı hərracın yekunları barədə protokol etibarsız hesab olunsun. Ödənilmiş dövlət rüsumları iddiaçıya aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.