Məhkəmə qərarları › İş №2(103)-2299/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2299/2021

02.03.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2299/2021 02.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi, İddiaçı və onun vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı uşaqların ananın himayəsinə verilməsi və aliment tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 13 oktyabr 2020-ci il tarixli 2(003)-3127/2020 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, övladları 11.05.2013-cü il təvəllüdlü X3, 17.07.2015-ci il təvəllüdlü X1, 01.08.2018-ci il təvəllüdlü X2 onun himayəsinə verilməsi və cavabdehdən uşaqların yetkinlik yaşma çatana qədər saxlanılmaları üçün hər ay hər uşaq üçün 170 manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, tərəflər 01.10.2010-cu ildən etibarən faktiki nikah münasibətlərinə daxil olmuş, faktiki nikahdan 11.05.2013-cü il təvəllüdlü X6, 17.07.2015-ci il təvəllüdlü X4 və 01.08.2018-ci il təvəllüdlü X5 doğulmuşdur. Hal-hazırda onlar faktiki nikah münasibətlərinə son qoymuş, birgə nikahlarından doğulmuş 3 uşaq onun yanında qalmışdır. Cavabdeh uşaqların saxlanması öhdəliyindən boyun qaçırdığına görə məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 13 oktyabr 2020-ci il tarixli 2(003)- 3127/2020 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək tərəflərin faktiki nikah münasibətlərindən doğulmuş uşaqların yetkinlik yaşına çatanadək saxlanmaları üçün 15.09.2020-ci il tarixdən hesablanmaqla cavabdehdən hər ay hər uşağa görə 130 manat sabit pul məbləğində aliment tutularaq iddiaçıya, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən iddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, uşaqların yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün cavabdehdən onun xeyrinə hər ay hər uşağa görə 170 manat sabit pul məbləğində aliment tutulması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, o hal-hazırda uşaqları ilə birlikdə zirzəmi tipli qeyri-yaşayış sahəsində qalır. Cavabdeh heyvandarlıq təsərrüfati saxlamaqla kifayət qədər gəlirə malikdir və onun tələb etdiyi miqdarda alimenti ödəmək iqtidarındadır. Bundan əlavə, məhkəmənin qətnaməsində uşaqların kimin yanında qalması məsələsi həll olunmamışdır. Məhkəmə kollegiyasının iclasında İddiaçı və onun vəkili Vəkil apellyasiya şikayətinin təmin edilməsini xahiş etdilər. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlmədiyindən, Azərbaycan Respublikası MPMin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iddiaçının və onun vəkilinin izahatlarını dinləyib, iş materiallarını və apellyasiya şıkayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 13 oktyabr 2020-ci il tarixli 2(003)-3127/2020 saylı qətnaməsi dəyişdirilməlidir. İş materiallarında olan doğum haqqında və atalığın müəyyən edilməsi haqqında şəhadətnamələrin surətindən görünür ki, tərəflərin faktiki nikah münasibətlərindən 11.05.2013-cü il təvəllüdlü X6, 17.07.2015-ci il təvəllüdlü X4 və 01.08.2018-ci il təvəllüdlü X5 doğulmuş, uşaqlar barəsində Cavabdeh atalığı müəyyən edilmişdir. Tərəflər arasında rəsmi nikah olmadığına görə, birinci instansiya məhkəməsi uşaqların ananın himayəsinə verilməsi hissəsində iddianı təmin etməmiş, lakin uşaqların hal-hazırda faktiki olaraq analarının yanında qaldığını, hal-hazırda tərəflər arasında uşaqların kimin yanında qalması ilə bağlı mübahisənin olmamasını, cavabdehin uşaqları saxlamaqdan boyun qaçırmasını nəzərə alaraq hər ay hər uşağa görə 130 manat pulun cavabdehdən tutulub iddiaçıya verilməsini qət etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Konstitusiyanın 34-cü maddəsinin 4-cü hissəsinə görə, uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1 və 78.2-ci maddələrinə müvafiq olaraq valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyrimüntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. "Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minumumu haqqında" Azərbaycan Respublikası Qanununa əsasən, 2020-ci il üçün yaşayış minumumu uşaqlar üçün 170 manat məbləğində müəyyən edilmişdir. «Uşaq hüquqları haqqında» Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. İstinad edilən maddi hüquq normalarına görə uşaqların saxlanması üçün alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Məhkəmə kollegiyası qanunla müəyyən edilmiş uşaqlar üçün nəzərdə tutulmuş yaşayış minimumunu, tərəflərin maddi və ailə vəziyyətini, uşaqların yaş həddini və işin digər diqqətəlayiq hallarını nəzərə alaraq bu qənaətə gəlir ki, alimentin hər ay hər uşaq üçün 150 manat sabit pul məbləğində müəyyən edilməsi qanuni və ədalətlidir. Belə ki, cavabdeh sağlamlıq və sair vəziyyətinə görə işləyə bilməməsi, aliment ödəmək üçün qazanc əldə edə bilməməsi barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası MPM-in 382, 384, 392, 393, 402-404, 405 və 406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı apellyasiya şikayəti qismən təmin olunsun. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 13 oktyabr 2020-ci il tarixli 2(003)- 3127/2020 saylı qətnaməsi dəyişdirilsin. Cavabdeh 11.05.2013-cü il təvəllüdlü X6, 17.07.2015-ci il təvəllüdlü X4 və 01.08.2018-ci il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün 15.09.2020-ci il tarixdən hesablanmaqla hər ay hər uşağa görə 150 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına yazılı formada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar