Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2299/2024 11.03.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Əkbərov Kamran Hüseyn oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1064/2024 saylı, 22 yanvar 2024cü il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, müəyyənetdi: İddiaçı cavabdeh "xxxx" KB ASC-yə qarşı ipoteka müqaviləsinə xitam verilməsi və s. tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" KB ASC ilə aralarında bağlanmış kredit müqaviləsi üzrə qalıq 4250 manat (2500 ABŞ dolları) məbləğində borcun ödənilməsi ilə eyni tarixdə bağlanmış 20 dekabr 2012-ci il tarixli, 020KVİ/12 saylı ipoteka müqaviləsinə xitam verilməklə ipotekanın dövlət qeydiyyatının ləğv edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1064/2024 saylı, 22 yanvar 2024cü il tarixli qərardadı ilə (Günay Abidova) mülki iş üzrə icraata xitam verilməsi, iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 62,50 manat məbləğində dövlət rüsumunun ona geri qaytarılması qərara alınmışdır. Birinci instansiya məhkəməsi qənaətində göstərib ki, məhkəmə müəyyən etdi ki, İddiaçı ilə cavabdeh "xxxx" ASC arasında bağlanmış xx.xx.2012-ci il tarixli kredit müqaviləsi üzrə cavabdeh tərəfindən iddiaçıya verilmiş borc üzrə öhdəliklərin təminatı olaraq iddiaçının mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 2 nömrəli mənzilin cavabdehin xeyrinə ipoteka ilə yüklü edilməsinə dair ipoteka müqaviləsi tərəflər arasında həmin tarixdə bağlanmışdır. İddiaçı tərəfindən kredit müqaviləsi üzrə öhdəlikləri tam icra edilmədiyindən, bank ona qarşı “borcun ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi və s.” tələbinə dair iddia ərizəsi ilə Şəmkir Rayon Məhkəməsinə müraciət etmişdir. Şəmkir Rayon Məhkəməsi tərəfindən 2(076)-527/2015 nömrəli iş üzrə xx.xx.2015-ci il tarixli qətnamə qəbul edilərək, bankın iddiası təmin edilmiş, xx.xx.2012-ci il tarixli 020KV/12 saylı əsas kredit müqaviləsi çərçivəsində bağlanmış həmin tarixli 020KV-1/12 saylı əlavə kredit müqaviləsi üzrə İddiaçı və digər şəxsdən müştərək qaydada cəmi 17.477,91 (on yeddi min dörd yüz yetmiş yeddi dollar doxsan bir sent) ABŞ dolları məbləğində pulun ödənildiyi günə Azərbaycan manatına olan məzənnə üzrə alınıb "xxxx" KB ASC-yə verilməsi, tələbin ipoteka predmeti olan ünvan 1 ünvanında yerləşən 2 nömrəli mənzilə yönəldilməklə, mənzilin açıq hərracdan satılması, satışdan əldə olunan pul vəsaiti hesabına cəmi 17.477,91 ABŞ dolları məbləğində pulun alınıb "xxxx" KB ASC-yə verilməsi, mənzil açıq hərracdan satıldıqdan sonra 1 ay ərzində İddiaçı həmin mənzildən çıxarılması qət edilmişdir. Qətnamə xx.xx.2015-ci il tarixdə qanuni qüvvəsini alaraq icraya yönəldilmiş, icra tədbirləri çərçivəsində xx.xx.2016-cı il tarixdə keçirilən açıq hərrac nəticəsində ipoteka predmeti olan mənzil 22312.50 manata banka satılmış, mənzil xx.xx.2016-cı il tarixdə tam mülkiyyət hüququ əsasında bankın adına dövlət qeydiyyatına alınmışdır. Hazırda iddiaçı məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" KB ASC ilə aralarında bağlanmış kredit müqaviləsi üzrə qalıq 4250 manat (2500 ABŞ dolları) məbləğində borcunun olduğunu bildirərək, həmin borcun ödənilməsi ilə eyni tarixdə bağlanmış 20 dekabr 2012-ci il tarixli, 020KVİ/12 saylı ipoteka müqaviləsinə xitam verilməklə ipotekanın dövlət qeydiyyatının ləğv edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. İddia tələbi ilə əlaqədar məhkəmə qeyd etmişdir ki, iddiaçı aralarında bağlanmış xx.xx.2012-ci il tarixli əsas kredit müqaviləsi çərçivəsində olan əlavə kredit müqaviləsi üzrə banka 4250 manat (2500 ABŞ dolları) məbləğində kredit borcunun qalmasını mübahisələndirsə də, məhkəmə araşdırması zamanı iddiaçının həmin kredit müqaviləsi üzrə cavabdehə olan borcunun məbləğinin müəyyən edilməsinə dair qanuni qüvvəsini almış məhkəmə qətnaməsinin mövcud olması müəyyən edilmişdir. Məhkəmə qeyd edib ki, həmin qətnamə hazırki iş üzrə preyudisial əhəmiyyətə malik olmaqla, Şəmkir Rayon Məhkəməsi tərəfindən qətnamədə müəyyənləşdirilmiş faktların həmin prosesdə cavabdeh olan hazırki iş üzrə isə iddiaçı tərəfindən yenidən mübahisələndirilməsini və artıq qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlara dair hazırki iş üzrə araşdırma aparılmasını mümkünsüz edir. Buna görə də məhkəmə hesab edir ki, iddiaçının cavabdehə olan qalıq borcunun məbləği barədə məsələ hazırki iş üzrə məhkəmə araşdırmasının predmeti ola bilməz. İddiaçının “qalıq borcun ödənilməsi ilə eyni vaxtda cavabdehlə aralarında bağlanmış 20 dekabr 2012-ci il tarixli ipoteka müqaviləsinə xitam verilməsi və ipotekanın dövlət qeydiyyatının ləğv edilməsi” tələbi ilə əlaqədar isə qeyd edilməlidir ki, bu tələb ilkin tələbdən törəyən tələb olmaqla yanaşı, iş materiallarından göründüyü kimi, iddiaçı tərəfindən xitam verilməsi tələb edilən ipoteka müqaviləsi artıq mövcud deyildir. Belə ki, xx.xx.2015-ci il tarixdə qanuni qüvvəsini alaraq icraya yönəldilmiş Şəmkir Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli qətnaməsi ilə borcludan tutulması qət edilən məbləğin ipoteka müqaviləsi üzrə bankın xeyrinə ipoteka ilə yüklü edilmiş iddiaçının mülkiyyətində olan mənzilə yönəldilməsi, bu məqsədlə mənzilin açıq hərracdan satılması qənaətinə gəlinmişdir. Məhkəmə araşdırmasına təqdim edilmiş sənədlərdən o da müəyyən edilir ki, xx.xx.2016-cı il tarixdə keçirilən açıq hərrac nəticəsində ipoteka predmeti olan mənzil 22312.50 manata banka satılmış, mənzil xx.xx.2016-cı il tarixdə tam mülkiyyət hüququ əsasında bankın adına dövlət qeydiyyatına alınmışdır. İpoteka saxlayan tərəfindən ipoteka predmeti açıq hərrac vasitəsilə əldə edildiyindən və ipoteka predmeti olan əmlak ipoteka saxlayanın mülkiyyətinə keçdiyindən məhkəmə hesab edir ki, ipoteka müqaviləsinə xitam verilməsi və ipotekanın dövlət qeydiyyatının ləğv edilməsinə dair tələbə məhkəmədə baxıla bilməz. Çünki iddiaçının qeyd olunan tələbi üzrə mübahisə artıq mövcud deyildir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının mübahisələndirdiyi kredit müqaviləsi üzrə qalıq borcunun məbləğinin müəyyən edilməsinə dair qanuni qüvvəsini almış məhkəmə qətnaməsi mövcud olduğundan, xitam verilməsini tələb etdiyi ipoteka müqaviləsi və ləğv edilməsini tələb etdiyi ipotekanın dövlət qeydiyyatı isə artıq mövcud olmadığından, hazırkı iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 23 fevral 2016-cı il tarixli qərarına əsasən Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinin mənasına görə eyni tərəflər arasında olan mülki iş üzrə qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş faktlar həmin tərəflər arasında başqa bir mülki işdə təkrar sübut edilə bilməz. Bu, məhkəmə aktının qanuni qüvvəsi ilə əlaqədardır və əvvəlki prosesdə müəyyən edilmiş halın sonrakı məhkəmə üçün preyudisial əhəmiyyətə malik olmasını göstərir. Həmin qərara əsasən, preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir. Preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir. Məhkəmə qərarının preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarının əsaslandırıcı hissəsində müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin işdə iştirak edən şəxslər tərəfindən yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılmasının və təkzib edilməsinin mümkünsüzlüyü deməkdir. Faktın preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarının hüquqi təbiətinə əsaslanır və onun subyektiv və obyektiv hədləri ilə müəyyənləşdirilir, tərəflər və işdə iştirak edən digər şəxslər bu hədlərdən kənara çıxa bilməzlər. Bununla yanaşı, yekun məhkəmə qərarlarının preyudisial əhəmiyyəti mütləq deyildir və prosessual qanunla müəyyən edilmiş hədlərə malikdir. Məhkəmə aktının preyudisiallığının tanınması üçün preyudisiallığın obyektiv və subyektiv hədlərinin məcmusu vacib şərtdir. Preyudisiallığın subyektiv həddi əvvəl baxılmış işdə və yeni baxılan işdəki şəxslərin dairəsinin, yəni subyekt tərkibinin eyniliyini şərtləndirir. Beləliklə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş tələbin və (və ya) etirazların predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir. Həmin qərardaddan İddiaçı şikayət verərək qərardadın ləğv, iddiа tələbinin isə mаhiyyəti üzrə bахılmаsınа dаir qərаrdаd qəbul edilməsini xahiş etmişdir. Şikayətdə göstərilib ki, prоsеssuаl hüquq nоrmаsının tələbinə əsаsən hər bir tərəf öz еtirаz və dəlillərini sübut еtməyə bоrcludur. Cаvаbdеhlər tərəfindən iddiа tələbi üzrə hеç bir sübut təqdim еdilməməsinə bахmаyаrаq məhkəmənin iddiа tələbi üzrə icrааtа хitаm vеrilməsi bаrədə gəldiyi nəticə əsаsızdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1064/2024 saylı, 16 fevral 2024cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün iş materialları ilə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayəti təmin etməyən birinci instansiya məhkəməsi mövqeyini bununla əsaslandırmışddır ki, iddiaçı şikayətində ilkin olaraq “iddia tələblərini sadalayıb, həmin tələblərə məhkəmədə baxılması üçün çəkişmə prinsipinin təmin edilməli olduğunu, cavabdeh tərəfin heç bir sübut təqdim etməməsini və iddiaçının təqdim etdiyi sübutlara müvafiq hüquq qiymət verilməməsini” mübahisələndirir. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı iddia ərizəsində cavabdeh bankla aralarında bağlanmış xx.xx.2012-ci il tarixli əsas kredit müqaviləsi çərçivəsində olan əlavə kredit müqaviləsi üzrə banka 4250 manat (2500 ABŞ dolları) məbləğində kredit borcunun qaldığını, qalıq borcun ödənilməsi ilə eyni vaxtda cavabdehlə aralarında bağlanmış 20 dekabr 2012-ci il tarixli ipoteka müqaviləsinə xitam verilməli və ipotekanın dövlət qeydiyyatının ləğv edilməli olduğunu bildirdiyindən, eyni zamanda, həmin kredit və ipoteka müqavilələri üzrə qanuni qüvvəsini almış məhkəmə qətnaməsinin mövcudluğunu iddia ərizəsində göstərmədiyindən (məhkəmədən gizlətdiyindən), xx.xx.2023-cü il tarixli qərardadla iddia ərizəsinin məhkəmə icraatı mümkün hesab edilərək, iş üzrə hazırlıq iclası xx.xx.2024-cü il tarixə təyin edilmişdir. Cavabdeh "xxxx" ASC xx.xx.2024-cü il tarixdə “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsilə ərizə təqdim edərək, müvafiq sənədlərin iş materiallarına əlavə edilməsi üçün məhkəməyə göndərildiyini qeyd etmişdir. İddia ərizəsində qeyd olunan halların araşdırılması məqsədilə həmin ərizəyə əlavə edilmiş sənədlərin öyrənilməsi zamanı müəyyən edilmişdir ki, iddiaçının hazırki tələbdə mübahisələndirdiyi kredit müqaviləsi üzrə cavabdehə olan borcunun məbləğinin müəyyən edilməsinə dair Şəmkir Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixdə qanuni qüvvəsini almış 2(076)-527/2015 nömrəli, xx.xx.2015-ci il tarixli qətnaməsi mövcuddur. Məhkəmə həmin qətnamənin hazırki iş üzrə preyudisial əhəmiyyətə malik olduğunu nəzərə alaraq, Şəmkir Rayon Məhkəməsi tərəfindən qətnamədə müəyyənləşdirilmiş faktların həmin prosesdə cavabdeh olan hazırki iş üzrə isə iddiaçı tərəfindən yenidən mübahisələndirilməsini və artıq qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlara dair hazırki iş üzrə araşdırma aparılmasını mümkünsüz hesab etmişdir. Buna görə də məhkəmə iddiaçının cavabdehə həmin kredit müqaviləsi üzrə qalıq borcunun məbləği barədə məsələnin yenidən hazırki məhkəmə araşdırmasının predmeti ola bilməyəcəyi qənaətinə gələrək, iddiaçının təqdim etdiyi ödəniş qəbzlərini araşdırmamış və qalıq borcun məbləğinin müəyyən edilməsi məsələsinə münasibət bildirməmişdir. İddia tələbinin “qalıq borcun ödənilməsi ilə eyni vaxtda cavabdehlə aralarında bağlanmış 20 dekabr 2012-ci il tarixli ipoteka müqaviləsinə xitam verilməsi və ipotekanın dövlət qeydiyyatının ləğv edilməsi” hissəsi ilə əlaqədar isə məhkəmə hesab etmişdir ki, həmin tələb ilkin tələbdən törəyən tələbdir. Bununla yanaşı, cavabdeh tərəfindən təqdim edilmiş xx.xx.2015-ci il tarixdə qanuni qüvvəsini almış Şəmkir Rayon Məhkəməsinin 2(076)-527/2015 nömrəli, xx.xx.2015- ci il tarixli qətnaməsi əsasında iddiaçı tərəfindən xitam verilməsi tələb edilən ipoteka müqaviləsinin artıq mövcud olmaması müəyyən edilmişdir. Belə ki, həmin qətnamə ilə borcludan tutulması qət edilən məbləğin ipoteka müqaviləsi üzrə bankın xeyrinə ipoteka ilə yüklü edilmiş iddiaçının mülkiyyətində olan mənzilə yönəldilməsi, bu məqsədlə mənzilin açıq hərracdan satılması qət edilmişdir. Cavabdeh tərəfindən məhkəmə araşdırmasına təqdim edilmiş "xxxx" MMC-nin hərracın nəticələri haqqında Y- 127 №-li yekun protokoldan və çıxarışdan müəyyən edilmişdir ki, xx.xx.2016-cı il tarixdə keçirilən açıq hərrac nəticəsində ipoteka predmeti olan mənzil 22312.50 manata cavabdehə satılmış, mənzil xx.xx.2016-cı il tarixdə tam mülkiyyət hüququ əsasında bankın adına dövlət qeydiyyatına alınmışdır. İpoteka saxlayan tərəfindən ipoteka predmeti açıq hərrac vasitəsilə əldə edildiyindən və ipoteka predmeti olan əmlak ipoteka saxlayanın mülkiyyətinə keçdiyindən məhkəmə hesab etmişdir ki, ipoteka müqaviləsinə xitam verilməsi və ipotekanın dövlət qeydiyyatının ləğv edilməsinə dair tələbə məhkəmədə baxıla bilməz. Çünki iddiaçının qeyd olunan tələbi üzrə mübahisə artıq mövcud deyildir. Belə olan halda məhkəmə hesab etmişdir ki, iddiaçının mübahisələndirdiyi kredit müqaviləsi üzrə qalıq borcunun məbləğinin müəyyən edilməsinə dair qanuni qüvvəsini almış məhkəmə qətnaməsi mövcud olduğundan, eyni zamanda, xitam verilməsini tələb etdiyi ipoteka müqaviləsi və ləğv edilməsini tələb etdiyi ipotekanın dövlət qeydiyyatı artıq mövcud olmadığından, iş üzrə icraata xitam verilməlidir. İddiaçının şikayətində mübahisələndirdiyi “iddia tələbinin həcmində işin hazırlıq icraatı zamanı dəqiqləşdirmə aparılmasının mümkünlüyü, işin baxış iclasına təyin edilməsi ilə bağlı vəsatətin iddiaçının şəxsən özü tərəfindən təqdim edilməməsi, iddia tələbinin tərəflər аrasındа ipоtеkа müqаviləsi üzrə tələblə bаğlı əmlаkın аçıq hərrаcdа sаtılmаsı və həmin hərrаcın nəticələrinin mübаhisələndirilməsi ilə bаğlı iddiаçının iddiа tələbinin həcminin аrtırılmаsı ilə bаğlı məhkəməyə mürаciət еtmək hüququnun olması” məsələlərinə münasibətdə məhkəmə xüsusilə vurğulayır ki, mülki prosessual qanunvericilik işin hazırlıq icraatı zamanı iddiaçıya iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa hüquq versə də, qanunvericilikdə bununla bağlı bəzi məhdudiyyətlər müəyyən edilmişdir. Belə ki, qanunvericiliyin tələbinə görə, iddianın dəyişdirilməsi barədə ərizə verildikdə ilkin iddia tələbi iki qaydada dəyişdirilə bilər: birinci halda tələbin əsası, yəni iddiaçının öz hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etməsinin səbəbi, ikinci halda isə iddianın predmeti, yəni maddi hüquq normasının dispozisiyası dəyişdirilir. Bununla belə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli Qərarında ifadə edilmiş hüquqi mövqeyə görə, Mülki Prosessual Məcəllənin 53-cü maddəsinə istinad etməklə iddiaçının iddianın həm əsasını, həm də predmetini dəyişməsi yolverilməzdir. İddianın həm əsasının, həm də predmetinin dəyişdirilməsi yeni iddianın irəli sürülməsi kimi başa düşülməlidir. Beləliklə, hazırki iş üzrə iddiaçı iddia tələbinin dəyişdirilməsinə olan hüququnun təmin edilməsi məqsədilə hazırlıq iclasının təxirə salınmalı olmasına dair dəlil gətirərək, qərardadın ləğv edilməsini tələb etsə də, onun iddia tələbini öz şikayətində qeyd edilmiş formada dəyişdirməsi yolverilməzdir. Konstitusiya Məhkəməsi Plenumunun bu məsələ ilə bağlı mövqeyini əsas götürərək və iddiaçının həmin tələblərinin artıq yeni bir iddia olmasını onun diqqətinə çatdıraraq məhkəmə qeyd edir ki, keçirilməsindən 8 ilə yaxın müddət ötmüş hərracın nəticələrinin mübahisələndirilməsi iddiaçının hüquqdan vicdansızcasına suiistifadə etmək niyyətinin göstəricisidir (nəzərə alınmalıdır ki, iddiaçı hazırki şikayətində yuxarıda qeyd olunan qətnamədən və hərracın keçirilməsindən xəbərinin olmamasını mübahisələndirmir). Bununla yanaşı qeyd edilməlidir ki, mübahisələndirilən qərardadın mövcudluğu iddiaçının qeyd etdiyi tələblərlə məhkəməyə müraciət etmək hüququnu məhdudlaşdırmır. Hətta əgər məhkəmə həmin qərardadı ləğv etsə belə, iddiaçının öz tələbini qeyd etdiyi formada dəyişdirməsi yolverilməz olduğundan, həmin icraat çərçivəsində iddiaçının qeyd olunan tələblərinə baxılması mümkün olmayacaqdır. Deməli, hazırda mübahisələndirilən qərardadın mövcudluğu iddiaçının hər hansı hüquqlarına toxunmadığı halda, o, hüququndan sui-istifadə edərək, əsassız dəlillərlə birinci və apellyasiya instansiyası məhkəmələrinin iş yükünü artırır. İddiaçının şəxsən özü olmasa da, buna dair səlahiyyət verdiyi şəxsin (vəkilə verilən xx.xx.2022-ci il tarixli, 7E-3793 reyestr nömrəli etibarnamə) hazırlıq iclasının onların iştirakı olmadan keçirilərək işin məhkəmə baxışına təyin edilməsi ilə bağlı teleqramı xx.xx.2024-cü ildə məhkəməyə daxil olsa da, iddiaçı həmin teleqramın özü tərəfindən vurulmadığını mübahisələndirərək, dolayısı ilə öz niyyətinin əslində hazırlıq iclasının təxirə salınmalı olduğunu bildirir. Onun bu dəlili ilə müəyyən edilir ki, iddiaçı əslində məhkəmə iclasının vaxtı barədə məlumatlı olmuş (ona məxsus olan “**********”, “**********”, “**********” mobil telefon nömrələrinə göndərilən iclasın vaxtı və yeri barədə məlumatı əks etdirən SMSxəbərdarlıqlar “çatdırıldı” statusundadır), lakin buna baxmayaraq, məhkəmə hazırlıq iclasında üzürlü səbəbdən iştirak etməməsi və iclasın təxirə salınması ilə bağlı müraciəti məhkəməyə daxil olmamışdır. Halbuki, mülki prosessual qanunvericiliyin imperativ tələbinə görə, işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar (maddə 185.1.). Lakin qeyd edilənlərin əksinə, iddiaçının vəkalət verdiyi şəxs məhkəməyə teleqram göndərərək, mülki işin baxış iclasına təyin edilməsini xahiş etmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, səlahiyyətli nümayəndəsi onun tapşırığı əsasında hərəkət etməyə borclu olduğu halda, iddiaçının iradəsi ziddinə hərəkət etmişdirsə, bu məsələ ilə bağlı iddiaçının qanunvericilikdən və həmin vəkillə bağladığı müqavilədən irəli gələn müvafiq tələblərə hüququ vardır. Əgər vəkalət alan iddiaçının iradəsi çərçivəsində hərəkət etmişdirsə və sonradan belə bir şikayəti hazırlayaraq iddiaçının adından məhkəməyə müraciət etmişdirsə, bu halda məhkəməni yanıltmağa çalışdıqlarına və hüquqdan sui-istifadə etdiklərinə görə onlar barəsində müvafiq hüquqi tədbirlər görülməsinə zəmin yaradır. Əslində iddiaçının hazırlıq iclasının təxirə salınmalı olması ilə bağlı dəlili həm də ona dəlalət edir ki, deməli, iddiaçı dolayı yolla da olsa, qoyduğu tələblərə xitam verilməli olduğunu etiraf edir, buna görə də alternativ yollar axtarır. Beləliklə, iddiaçının müvafiq vəsatəti olmadığından, eyni zamanda, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh (məhkəmə iclasının yeri və vaxtı barədə bildiriş xx.xx.2023-cü il tarixdə cavabdehə məxsus elektron kabinetə yerləşdirilmişdir, cavabdehin xx.xx.2024-cü ildə elektron kabinet vasitəsilə sənədləri məhkəməyə təqdim etməsi onun məhkəmə iclasından xəbərdar olduğu halda gəlmədiyini təsdiq edir) səbəblərini bildirmədən məhkəməyə gəlmədiyindən, məhkəmə hazırlıq iclasını təxirə salmadan onun tələbinə baxmağa haqlı olmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.2-185.3, 185.5-ci maddələrinə görə, işdə iştirak edən şəxslərdən hər hansı biri məhkəmə iclasına gəlmədikdə, onlara məhkəmə bildirişi verilməsi haqqında məlumat olmadıqda, işə baxılması təxirə salınır (tərəflərə məhkəmə bildirişinin çatdırılması mübahisəsizdir). Əgər işdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar ediliblərsə, məhkəmə gəlməməyin səbəblərini üzürlü hesab etdikdə işə baxılmasını təxirə salır (heç bir tərəf üzürlü səbəb göstərməyib). Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir (cavabdehə məhkəmə bildirişin çatdırılması və onun gəlməmə səbəbləri barədə məlumatın olmaması mübahisəsizdir). Qeyd olunan dispozitiv (məhkəməyə münasibətdə) normalar məhkəməyə hazırki iş üzrə hazırlıq iclasının təxirə salınmamasına əsas vermişdir. Bununla da məkhəmə bütün qeyd olunan halları ümumiləşdirərək hesab edir ki, şikayətdə göstərilən bütün dəlillər əsassız olduğundan, şikayət təmin edilməməlidir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılacağı barədə məhkəmə bildirişi göndərilmiş və onlarda olan bütün sübutların, eləcə də şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin işdə iştirak edən şəxslər sübutlar, etiraz və ya izahatlarını məhkəməyə təqdim etməmişlər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayətdə göstərilən dəlillər qərardadın ləğv edilməsi üçün əsas ola bilməz. Belə ki, Mülki Prosessual Məcəllənin 261.0.2-ci maddəsinə görə, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraatın xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iş üzrə icraata xitam verir. Məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsinn iş üzrə gədiyi nəticə mülki prosessual qanunvericiliyin tələbinə uyğun qanuni və əsaslı olmuşdur. Xüsusən də qərardaddan verilən şikayət üzrə məhkəmənin hüquqi dəyərləndirməsi kifayət qədər geniş, ətraflı və işin hallarına uyğun olmuşdur. Buna görə də, şikayət üzrə əlavə hüquqi dəyərləndirmə aparılmasına məhkəmə tərkibi əsas və lüzüm görmür. M.İbrahimovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 21 iyun 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Konstitusiya Məhkəməsinin Plenumunun 08 iyun 2017-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqedən görünür ki, ... məhkəmə instansiyaları məhkəmə aktlarından verilmiş şikayətlərə baxarkən qanuni qüvvəyə minmiş qərarların stabilliyi və tarazlığı prinsipini nəzərə almalı, məhkəmənin həmin işə baxmağa səlahiyyətli olub-olmamasını, şikayət verilərkən məhkəmə hakimiyyətinin iyerarxiyasına riayət edilib-edilməməsini yoxlamalıdır.... Məhkəmə müdafiəsi prosedurunun və konkret formasının seçilməsi məhkəmə qərarının qanuni qüvvəsini təmin edən, müxtəlif məhkəmə aktlarının kolliziyasının istisna edilməsinə yönələn məhkəmə qərarlarının stabilliyi prinsipi nəzərə alınmaqla həyata keçirilməlidir. Belə ki, bu prinsip məhkəmə aktlarının bir-birinə zidd olmamasının, eləcə də hüquqi müəyyənlik prinsipinin təmin edilməsinə yönəlir. Şərh olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1064/2024 saylı, 22 yanvar 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400-cü maddələrini rəhbər tutaraq, apellyasiya instansiya məhkəməsi q ə r a r a a l d ı: İddiaçı şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1064/2024 saylı, 22 yanvar 2024cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan, (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-2299/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2299/2024
11.03.2024 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver