Məhkəmə qərarları › İş №2(103)-2309/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2309/2025

13.05.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2309/2025 13.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “digər valideyinin razılığı olmadan uşaqların ölkə hüdudlarından kənara aparılmasına dair verilmiş icazənin ləğv edilməsi və uşaqların anadan alınaraq ataya verilməsi” tələbi barədə iddiasına dair mülki iş üzrə Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X1 və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi İbrahimova Pərvin Adil qızının katibliyi ilə, hazırkı iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 07 fevral 2025-ci il tarixli qətnamədən İddiaçı verdiyi apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) birinci instansiya məhkəməsində iş üzrə aparılmış icraat barədə məlumat

1. İddia ərizəsi ilə Binəqədi Rayon Məhkəməsinə müraciət etmiş iddiaçı, onunla cavabdehin birgə nikahından doğulmuş 2 uşağın – xx.xx.2015-ci il təvəllüdlü Məmmədxanın və xx.xx.2018-ci il təvəllüdlü Milayın onun razılığı olmadan hazırkı iş üzrə cavabdeh tərəfindən müvəqqəti olaraq ölkə hüdudlarından kənara aparılmasına və qaytarılmasına həmin məhkəmənin xx.xx.2021-ci il tarixli, 2(005)-5632/2021 saylı qətnaməsi ilə cavabdehə verilmiş icazənin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(005)-3143/2019 saylı qətnaməsi ilə hazırkı iş üzrə tərəflərin arasında xx.xx.2014-cü il tarixdə bağlanmış nikah pozulması, nikahdan doğulmuş uşaqların ikisinin də, nikahın pozulmasından sonra analarının yanında saxlanılması qət edilmişdir. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(001)- 5830/2019 nömrəli qətnaməsi ilə, hazırkı iş üzrə iddiaçının uşaqları ilə hər həftənin şənbə günü saat 15:00-dan 18:00-dək hazırkı iş üzrə cavabdehin iştirakı ilə ünsiyyət vaxtının müəyyən edilməsi qət edilmişdir. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(005)- 5632/2021 saylı qətnaməsi ilə, hazırkı iş üzrə cavabdehə hazırkı iş üzə iddiaçının razılığı olmadan müvəqqəti olaraq ölkə hüdudlarından kənara uşaqların aparılmasına və qaytarılmasına icazənin verilməsi qət edilmişdir. Cavabdeh, məhkəmə qətnaməsi ilə ona verilmiş bu hüquqdan sui-istifadə edərək, xx.xx.2023-cü il tarixdə uşaqlar ilə birlikdə ölkə hüdudlarını tərk edərək Fransa Respublikasına getmiş və bir daha geri qayıtmamışdır. İddiaçıda olan məlumata görə, hazırda cavabdeh, Fransada siyasi qaçqın kimi yaşayır. Nəticədə, iddiaçı bir valideyn kimi öz uşaqları ilə görüşmək, onlarla ünsiyyətdə olmaq, uşaqlarım tərbiyəsi ilə məşğul olmaq və sair bu kimi hüquqlarını həyata keçirmək imkanından məhrum olmuşdur. Cavabdehin qanunsuz hərəkəti nəticəsində Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(001)-5830/2019 nömrəli qətnaməsinin icrası da hazırda qeyrimümkün olmuş, o uşaqları ilə görüşə bilmir. Həmin qətnamənin icrası ilə məşğul olan Binəqədi Rayon İcra Şöbəsinin xx.xx.2024-cü il tarixli qərarı ilə cavabdehin barəsində axtarış elan edilmişdir. “Uşaqların ölkədən getməsinə icazənin verilməsi ilə əlaqədar valideynlər arasında yaranan mübahisələr üzrə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” xx.xx.2021-ci il tarixli qərarla Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumu məhkəmələrə izah etmişdir ki, uşağın ölkədən çıxmasına icazənin verilməsi ilə bağlı qanuni qüvvəsini almış məhkəmə qətnaməsinin mövcudluğu, uşağın mənafeyinə zidd olan, yəni uşağın silahlı münaqişə bölgəsində, təbii fəlakət zonasında, kütləvi epidemiya zonasında yerləşən ölkəyə, habelə uşağın ölkədən çıxarılmasının onun həyat və sağlamlığına və digər mənafelərinə açıq-aşkar təhlükə yaradacağı digər hallarda, buna etiraz edən valideyn öz seçiminə görə uşağın onun himayəsinə verilməsi və yaxud daha əvvəl məhkəmə qaydasında verilmiş icazənin yeni əsaslarla ləğv edilməsi tələbinə dair müstəqil iddia qaldırmaq hüququnu istisna etmir. Odur ki, göstərilənləri nəzərə alaraq iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etmiş və hesab edir ki, iddia tələbi əsaslıdır.

3. İddia ərizəsi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş və onun əsasında Rayon Məhkəməsi tərəfindən 2(001)-3712/2024 saylı işin icraatı başlanmışdır.

4. Eyni zamanda iddiaçı digər iddia ərizəsi ilə Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, həmin uşaqların cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. Əsasları yuxarıda qeyd edilən iddia tələbinin əsasları eynilik təşkil edən bu iddia ərizəsində əlavə olaraq qeyd edilmişdir ki, cavabdeh, iddiaçının və uşaqların qanunla qorunan hüquqlarını pozmuş, nəticədə nə cavabdeh uşaqları ilə nə də ki, uşaqlar öz ataları ilə ünsiyyətdə ola bilmirlər. Bundan başqa nəzərə alınmalıdır ki, cavabdeh, uşaqları xaricə aparıb, uşaqları orada saxlamaqla uşaqları öyrəşdikləri mühitdən, məktəb və bağçadan, qohum və dostlarından təcrid etmişdir. Uşaqlar təhsildən, sosial mühitdən, milli adət-ənənədən kənarda qalmışlar. İddiaçı hesab edir ki, onun övladlarının həyat və sağlamlığı, gələcək mənafeləri təhlükə altındadır. O, cavabdehin övladlarını Fransa Respublikasında hansı şəraitdə, kimlərin yanında saxlanılmasından tam məlumatsızdır. Övladları ilə ünsiyyətdə ola bilmədiyindən onların hazırda xəstə və ya sağlam olduğunu, nə etdiklərini bilmir. Bundan başqa nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası ilə Fransa Respublikası arasındakı münasibətlər müəyyən dərəcədə gərgindir. Odur ki, göstərilənləri nəzərə alaraq iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etmiş və hesab edir ki, bu iddia tələbi də əsaslıdır.

6. İddia ərizəsi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş və onun əsasında Rayon Məhkəməsi tərəfindən 2(001)-3752/2024 saylı işin icraatı başlanmışdır. Bundan sonra Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qərardadla hər iki işi bir icraatda birləşdirmişdir.

7. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi 07 fevral 2025-ci il tarixli qətnamə ilə hər iki iddianın təmin edilməməsini qət etmişdir.

8. Bu nəticə onunla əsaslandırılmışdır ki, iddia tələbinə verilmiş etirazda cavabdeh bildirmişdir ki, onun və uşaqların hazırda yaşadıqları, yüksək sosial şəraitə malik olan Fransa Respublikası müharibə vəziyyətində deyil. Uşaqların sağlamlığı və həyatı üçün təhlükə yoxdur. Bundan başqa nəzərə alınmalıdır ki, iddiaçı, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(005)-5632/2021 saylı qətnaməsi ilə razılaşmış, həmin qətnamədən heç apellyasiya şikayəti də verməmişdir. Buna görə də iddialar rədd edilməlidir. Rayon Məhkəməsi həmçinin ona əsaslanmışdır ki, Bakı Şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti yanında fəaliyyət göstərən Qəyyumluq və Himayəçilik Komissiyası iş üzrə verdiyi xx.xx.2024-cü il tarixli rəydə göstərmişdir ki, Komissiya üzvləri tərəfindən xx.xx.2015-ci il təvəllüdlü Məmmədxan və xx.xx.2018-ci il təvəllüdlü Milay ilə video formatda söhbət aparılmış və onlar bildirmişlər ki, anaları ilə birlikdə Fransa Respublikasında yaşamalarından razıdırlar, orada təhsil alırlar, onların yeni dostları var, onları orada narahat edə biləcək hər hansı bir hal yoxdur. Qeyd edilənləri və işin hallarını nəzərə alan Komissiya hesab edir ki, uşaqların cavabdehdən alınaraq iddiaçıya verilməsi və uşaqların müvəqqəti olaraq ölkə hüdudlarından kənara aparılmasına və qaytarılmasına dair qətnamə ilə cavabdehə verilmiş icazənin ləğv edilməsi məqsədəmüvafiq deyil, uşaqla cavabdehin yanında saxlanılmalıdırlar. Rayon Məhkəməsi hesab etmişdir ki, iş üzrə tərəflərin birgə nikahlarından doğulmuş uşaqlarının cavabdehdən alınaraq iddiaçıya verilməsi üçün heç bir qanuni əsas müəyyən edilməmişdir. Belə ki, işin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarından görünür ki, uşaqlar həm bir-birilərinə, həm də analarına daha çox bağlıdırlar. Cavabdehin bir valideyn kimi uşaqlarına qarşı vəzifələrinə səhlənkar yanaşması, onların qayğısına qalmaması, tərbiyəsi ilə lazımınca məşğul olmaması kimi hallar məhkəmə iclasında müəyyən edilməmişdir. İddiaçı isə iddiasında əsaslandığı halları təsdiq edən sübutlarını məhkəməyə təqdim etməmişdir. Rayon Məhkəməsi göstərilənləri və iddiaçının bildirdiyi dəlillərin əsassız olmasını nəzərə alaraq hesab etmişdir ki, iddia tələbləri təmin edilə bilməz. b) apellyasiya şikayəti barədə məlumat

9. İddiaçı həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələblərinin təmin edilməsi haqqında yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. Əsasları iddia tələblərinin əsasları ilə eynilik təşkil edən apellyasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, işə baxmış Rayon Məhkəməsi iddiaçının təqdim etdiyi sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, uşaqların hansı valideynə emosional bağlılıqlarını, hansı valideynin yanında qalmaq istədiklərini seçərkən sərbəst olubolmamaları və bu seçimin onların iradəsinə uyğun olub-olmadığını, seçim edərkən valideynləri və ya digər şəxslər tərəfindən psixi təsirə məruz qalıb-qalmamalarını müəyyən etməmiş, məhkəmə-psixoloji ekspertizası təyin etməli olduğu halda bunun etməmiş və nəticədə iş üzrə əsassız qətnamə qəbul etmişdir. c) iş üzrə tərəflərin apellyasiya baxışı iclasında iştirakı barədə məlumat

11. Apellyasiya baxışının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar olunmuş iş üzrə tərəflər apellyasiya baxışı iclasına gəlməmiş, nümayəndə vasitəsi ilə təmsil olunmamış, işlə bağlı yazılı mülahizələrini təqdim etməmiş və bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişlər. Qeyd edilən hal işin baxılmasına mane olmadığından Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. d) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi

12. Məhkəmə, apellyasiya şikayətinin dəlillərini və mülki işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

13. Belə ki, işdə olan sənələrdən müəyyən edilir ki, iş üzrə tərəflər xx.xx.2015-ci il təvəllüdlü Məmmədxanın və xx.xx.2018-ci il təvəllüdlü Milayın valideynləridir.

14. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3143/2019 saylı iş üzrə qəbul etdiyi xx.xx.2019-cu il tarixli qətnamədən görünür ki, həmin qətnamə ilə hazırkı iş üzrə tərəflərin arasında xx.xx.2014-cü il tarixdə bağlanmış nikah pozulması, nikahdan doğulmuş uşaqların ikisinin də, nikahın pozulmasından sonra analarının yanında saxlanılması qət edilmişdir.

15. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5830/2019 saylı iş üzrə qəbul etdiyi xx.xx.2019-cu il tarixli qətnamədən görünür ki, həmin qətnamə ilə hazırkı iş üzrə iddiaçının uşaqları ilə hazırkı iş üzrə cavabdehin iştirakı ilə ünsiyyətdə olması üçün hər həftənin şənbə günü saat 15:00-dan 18:00-dək ünsiyyət vaxtının müəyyən edilməsi qət edilmişdir.

16. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(005)-5632/2021 saylı iş üzrə qəbul etdiyi xx.xx.2021-ci il tarixli qətnamədən görünür ki, həmin qətnamə ilə hazırkı iş üzrə cavabdehə hazırkı iş üzə iddiaçının razılığı olmadan müvəqqəti olaraq ölkə hüdudlarından kənara uşaqların aparılmasına və qaytarılmasına icazənin verilməsi qət edilmişdir.

17. İşin mübahisəsiz halıdır ki, cavabdeh, xx.xx.2023-cü il tarixdə uşaqlar ilə birlikdə ölkə hüdudlarını tərk edərək Fransa Respublikasına getmiş və bir daha geri qayıtmamışdır. Cavabdeh uşaqlar ilə birlikdə hazırda Fransa Respublikasında yaşayır.

18. Bakı Şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti yanında fəaliyyət göstərən Qəyyumluq və Himayəçilik Komissiyası tərəfindən Rayon Məhkəməsinə verilmiş xx.xx.2024-cü il tarixli, 129/2024 saylı rəydən görünür ki, Komissiya, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 52, 56.1, 58.1, 58.2, 60.3-cü maddələrini və Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 11.2-ci maddəsinin tələblərini, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(005)-5632/2021 saylı iş üzrə qəbul etdiyi xx.xx.2021-ci il tarixli qətnaməni, işin hallarını, Komissiya üzvlərinin iş üzrə tərəflərin nikahından doğulmuş uşaqlar video format şəkilində apardıqları söhbət zamanı uşaqların bildirdiklərini nəzərə alaraq hesab etmişdir ki, uşaqların cavabdehdən alınaraq iddiaçıya verilməsi və uşaqların müvəqqəti olaraq ölkə hüdudlarından kənara aparılmasına və qaytarılmasına dair qətnamə ilə cavabdehə verilmiş icazənin ləğv edilməsi məqsədəmüvafiq deyil.

19. Həmin rəydə Komissiya qeyd etmişdir ki, hər bir uşaqla videogörüntü formatında söhbət aparmamışdan öncə uşağın otaqda tək olmasından əmin olduqdan sonra söhbət aparılmışıdr. Söhbət zamanı uşaqlar ayrı-ayrılıqda bildirmişlər ki, anaları ilə birlikdə Fransa Respublikasında yaşamalarından razıdırlar, orada təhsil alırlar, onların yeni dostları var, onları orada narahat edə biləcək hər hansı bir hal yoxdur. Cavabdeh ilə videogörüntü formatında aparılmış söhbət zamanı cavabdeh bildirmişdir ki, o, xx.xx.1987-ci il təvəllüdlüdür, ali təhsillidir (sahibkarlığın idarə edilməsi, menecment), türk sahibkarlara məxsus tikinti şirkətindən yaxşı iş təklifinin gəlməsi ilə əlaqədar övladları ilə birlikdə Fransa Respublikasına getmiş, menecer kimi çalışır, rus dilinə də ehtiyac olduğu üçün əlavə olaraq tərcümə işi ilə də məşğuldur. Sen-Dye-de-Voj şəhərində kirayə tutduğu evdə yaşayır, 700 manat kirayə haqqı ödəyir. Uşaqların rahat yaşaması üçün evdə zəruri şəraiti vardır, mənzil sığorta olunub, 50 avro sığorta haqqı ödəyir, dövlətə vergi ödəyir. Uşaqların məktəb sığortasına görə hər uşağa 50 avro sığorta haqqı, məktəbdənkənar sağlamlıq sığortası üçün isə hər birinə görə 30 avro ödəyir. Komissiyaya təqdim olunan məktəbin valideynlər üçün məlumat kitabçasından da görünür ki, uşaqlara peyvənd vurulur, sağlamlıq vəziyyətləri yoxlanılır, vergi ödənişi etmək tələb olunur, məktəbdənkənar xidmətlər və iaşə xidmətləri 2024-cü ilin oktyabr ayından maksimum tariflə hesablanacaqdır. Uşaqların məktəbdə necə vaxt keçirdikləri məktəbin sosial şəbəkə hesabı (baxış üçün təqdim etdi) üzərindən paylaşılır. Özü Yeni Azərbaycan Partiyasının üzvüdür, atası Azərbaycanda yaşayır. Uşaqlarına yaxşı baxır, keyfiyyətli qida və geyimlə təmin edir. Uşaqları azyaşlıdır, onların gündəlik gigiyenası, təmizliyi ilə bağlı işləri ilə ana daha yaxşı məşğul ola bilər. Bir dəfə uşaqları iddiaçıya görüş üçün verəndən sonra götürmək üçün onlara gedəndə iki yaşlı qızı Milayın elektrik uzadıcısını dişləri ilə gəmirib qırıq-qırıq etdiyinin şahidi olmuşdur. İddiaçının anası yaşlıdır, onun kimi nə o, nə də iddiaçı uşaqlara baxa bilməz. İddiaçı uzun illər ərzində mitinqlərdə, toplantılarda, “disput.az” saytından “Fərid 2m” profili üzərindən dövlət əleyhinə təbliğat aparmaqla məşğul olmuşdur. O, aliment tələbi ilə məhkəməyə yenidən müraciət etdikdən sonra iddiaçı uşaqları tələb etmək fikrinə düşmüşdür. O, həmçinin bildirmişdir ki, iddiaçı, onun uşaqlarla xaricə getmək istədiyini bildikdə ondan tələb etmişdir ki, aliment öhdəliklərinə xitam verilməsi barədə icra şöbəsində ərizə versin, əks halda uşaqların xaricə getməsinə razılıq verməyəcək. Buna görə də, o, uşaqlarla xaricə getməsi üçün məhkəməyə müraciət etmək məcburiyətində qalmışdır. O, izahatının sonunda uşaqlarının onun himayəsində qalması və övladları ilə birlikdə iddiaçının razılığı olmadan ölkə xaricinə çıxmasına razılıq verilməsi barədə məhkəmə qərarının ləğv olunmaması barədə rəy qəbul edilməsini Komissiyadan xahiş etdi. Cavabdeh ilə videogörüntü formatında aparılan söhbət zamanı cavabdehin və uşaqların yaşadıqları evə vizual baxış həyata keçirilmiş, evin girişində qeyd olunan ünvanın Komissiyaya yaşayış yeri barədə təqdim olunan sənəddə qeyd olunan ünvanla eynilik təşkil etməsi müəyyən edilmişdir. Birmərtəbəli həyət evi 3 yataq otağından, mətbəxdən sanitar qovşaqdan ibarətdir, otaqlar təmirli, səliqəli və işıqlıdır, həyətdə avtomobil vardır (cavabdehin deməsinə görə avtomobil onun özünə məxsusdur).

20. Bakı Şəhəri Sabunçu Rayon Prokurorluğunun hazırkı iş üzrə iddiaçının hazırkı iş üzrə cavabdeh tərəfindən döyülməsi barədə verdiyi məlumata əsasən toplanmış material üzrə qəbul edilmiş xx.xx.2019-cu il tarixli görünür ki, toplanmış material əsasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə 19050071 nömrəli cinayət işi başlanılmışdır.

21. Bakı Sabunçu Rayon Məhkəməsinin 1(008)-434/2019 saylı cinayət işi üzrə çıxartıdığı xx.xx.2019-cu il tarixli hökmündən görünür ki, hazırkı iş üzrə iddiaçı Azərbaycan Respublikası CM-in 128-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinmiş və 1 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir.

22. Cavabdehin Rayon Məhkəməyə təqdim etdiyi “Whatsapp” yazışmalarından görünür ki, cavabdehin uşaqları ilə birlikdə ölkədən çıxmaqlarından iddiaçının məlumatı olmuşdur. Cavabdeh uşaqlarla ölkə hüdudlarından kənara çıxandan sonra da cavabdeh ilə iddiaçının “Whatsapp” vasitəsi ilə əlaqələri davam etmiş, iddiaçı uşaqlarla “Whatsapp” vasitəsilə mütəmadi olaraq canlı danışmış və yazışmışdır. Uşaqlarla canlı danışıqlardan əlavə, iddiaçı ilə cavabdeh uşağın idmana getməsi (xx.xx.2024; xx.xx.2004-cü il tarixli yazışmalar), uşağın məktəblə bağlı nəticələri barədə (xx.xx.2004; xx.xx.2004-cü il tarixli yazışmalar), bağça ilə əlaqədar (xx.xx.2024), cavabdehin xaricdəki evdə kombi istilik sistemini düzgün işlədə bilmədiyi üçün kombi ilə əlaqədar olaraq (xx.xx.2024-cü il tarixli) “Whatsapp” yazışmaları olmuşdur.

23. Göstərilənləri nəzərə alan Məhkəmə hazırkı iş üzrə tərəflər arasında yaranmış mülki mübahisənin həlli nəticəsində Rayon Məhkəməsinin qəbul etdiyi qətnamənin əsaslılığı və həmin qətnamədən verilmiş apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi ilə bağlı bildirir ki, iş üzrə tərəflər arasında yaranmış və hazırkı apellyasiya baxışının predmeti təşkil edən mülki mübahisə uşaqların hüquqlarının və onların valideynlərdən biri olan iddiaçının hüququnun müdafiəsi ilə bağlıdır.

24. İddiaçının iddia ərizəsində, apellyasiya şikayətində bildirdiklərindən və iş üzrə tərəflərin birgə nikahlarından doğulmuş uşaqların Binəqədi Rayon İcra Hakimiyyəti yanında fəaliyyət göstərən Qəyyumluq və Himayəçilik Komissiyasına verdikləri məlumatlardan görünür ki, uşaqların maraqları ilə iddiaçının maraqları arasında ziddiyyət mövcuddur.

25. Bununla bağlı Məhkəmə qeyd edir ki, dövlət uşağı lazımi dərəcədə müdafiə etmək imkanlarından tam istifadə etməlidir. Uşaq dövlət tərəfindən müdafiə olmaq hüququndan heç bir halda məhrum oluna bilməz. Məhkəmə, uşağın özünün və onun valideynlərinin Azərbaycan Respublikası Konstitusiyasında, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununda, “Uşaq hüquqları haqqında” Konvensiyada və “Uşaq hüquqları haqqında” Bəyannamədə qeyd edilən “həyat və azadlıq hüquqlarının qorunmasına” və “uşağın “üstün maraqları” konsepsiyasına” əsaslanmalıdır. “Uşaqların “üstün maraqları” konsepsiyası” ilk dəfə 1959-cu ildə BMT-nin “Uşaq hüquqları haqqında” Bəyannaməsində ifadə edilmişdir. Həmin Bəyannamənin ikinci maddəsinin mənasına görə, qanunla və başqa vasitələr ilə uşağın sosial müdafiəsi təmin edilməli, uşağın əqli, fiziki, mənəvi və sosial baxımdan sağlam, normal, azad və ləyaqətli inkişafı üçün bütün şəraitlər yaradılmalıdır.

26. BMT-nin “Uşaq hüquqları haqqında Konvensiyasının” 3-cü maddəsinə görə isə, uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən (maddə 3.).

27. İddiaçı bildirir ki, övladları ilə onun ünsiyyətdə olması ilə bağlı qanuni qüvvəyə minmiş qətnamə olsa da, o, övladları ilə ünsiyyətə ola bilmir. Buna görə də, uşaqlar cavabdehdən alınaraq ona verilməli və uşaqların müvəqqəti olaraq ölkə hüdudlarından kənara aparılmasına və qaytarılmasına dair qətnamə ilə cavabdehə verilmiş icazə ləğv edilməlidir.

28. Bununla bağlı Məhkəmə qeyd edir ki, iddiaçının övladları ilə ünsiyyətdə olması ilə bağlı qanuni qüvvəyə minmiş qətnamənin mövcudluğu yuxarıda qeyd edilən iddia tələblərin təmin edilməsinə zəmin yaratmır. Çünki, xeyrinə “ünsiyyət hüququnun təmin edilməsi barədə qətnamə” qəbul edilmiş iddiaçının uşaqları ilə ünsiyyətdə olmaq hüququ, uşaqlarla yaşayan cavabdehin uşaqlarla birlikdə ölkə hüdudlarından kənara çıxmaq hüququnu, habelə uşaqların “üstün maraqları” konsepsiyasını məhdudlaşdıra bilməz.

29. Odur ki, qeyd edilənləri, Azərbaycan Respublikası Ailə Məcəlləsinin, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun, “Uşaq hüquqları haqqında” Konvensiyanın və “Uşaq hüquqları haqqında” Bəyannamənin uşaqların üstün maraqlarının qorunması ilə bağlı tələblərini nəzərə alan Məhkəmə hesab edir ki, işə baxmış Rayon Məhkəməsi iddiaçı tərəfindən cavabdehə qarşı irəli sürdüyü və yuxarıda qeyd edilən iddia tələblərini təmin etməməkdə haqlı olmuşdur. Apellyasiya şikayətinin dəlilləri əsassızdır. e) apellyasiya baxışının nəticəsi

30. Beləliklə də apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticəsi qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri əsassızdır və formal mülahizə xarakteri daşıyır. Qətnamənin tam və ya qismən ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

31. MPM-in 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

32. Bu baxımdan, Məhkəmə, MPM-in 384-cü maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

33. Odur ki, yuxarıda göstərilənlərə əsaslanan və MPM-in 384, 392, 393, 402, 405ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə

QƏT ETDİ:

İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 07 fevral 2025-ci il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. İddiaçı hazırkı qətnamədən, qətnamə ona rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına MPM-nin tələblərinə, “MPM-ə əlavə 3-də” müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilmiş qaydada kassasiya şikayəti verə bilər. İş üzrə cavabdeh hazırkı qətnamədən kassasiya şikayəti verə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar