Məhkəmə qərarları › İş №2(103)-231/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-231/2020

10.01.2020 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-231/2020 10.01.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Səmədov Tofiq Səməd oğlu və X2 ibarət tərkibdə, Məhkəmə iclas katibi xxxxxxxxx katibliyi ilə, İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi və vəkili X1 iştirakı ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-8772/2018 saylı iş üzrə xx xxxxxx 2018-ci il tarixli qətnaməsindən ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Mənzil Tikinti Kooperativi Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh arasında bağlanmış xx xxx 2018-ci il tarixdə xx-xx-2018 saylı müqaviləyə xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh İddiaçı Mənzil Tikinti Kooperativinə qarşı qarşılıqlı iddia ərizəsi, ona əlavə ilə məhkəməyə müraciət edərək, müqavilənin mühüm şərtlərinin pozulmasına görə, müqavilənin icrası üzrə ödənilmiş pul vəsaitindən qaytarılmamış qalıq 27500 (iyirmi yeddi min beş yüz) manatın İddiaçı MTK-dan Cavabdeh xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-8772/2018 saylı iş üzrə xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə ilk iddia tələbinin təmin edilməsi, İddiaçı MTK ilə Cavabdeh arasında bağlanmış xx xxx 2018-ci il tarixli, xx-xx-2018 saylı müqaviləyə xitam verilməsi, dövlət rüsumu olaraq ödənilmiş 10 (on) manatın Cavabdeh tutularaq İddiaçı MTK-nın xeyrinə ödənilməsi, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı Mənzil Tikinti Kooperativinə qarşı “pulun tutulması tələbinə dair” qarşılıqlı iddia tələbinin təmin edilməməsi, ödənilmiş 30 manat dövlət rüsumunun özünə aid edilməsi qət edilmişdir. Qətnamədən ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, ilk iddianın rədd edilməsini və qarşılıqlı iddianın təmin edilməsi, yəni onun xeyrinə İddiaçı Mənzil Tikinti Kooperativindən 15600 manat pul vəsaitinin tutulması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, hazırkı işdəki Tərəflər arasındakı müqavilənin əsas mühüm şərti budur ki, "İddiaçı" MTK Bakı şəhəri, Nərimanov rayonu, X6 küçəsi, 945 ünvanında yerləşən çoxmərtəbəli yaşayış kompleksində 1-ci blok, 1-ci mərtəbədə yerləşən ümumi sahəsi 43 kv.m olan 3 saylı qeyri-yaşayış sahəsinini Sifarişçiyə (yəni ona) təhvil verməyi, qarşılığında o isə razılaşdırılmış pul məbləğinin ödənilməsini öhdəsinə götürmüşdü. İş materiallarındakı xx.xx.2018-ci il tarixli xx-xx-2018 saylı Maliyyə arayışı ilə sübut olunur ki, müqavilə predmeti olan qeyri-yaşayış sahəsinin dəyəri tərəfindən tam həcmdə ödənilmişdir. Qarşılıqlı iddia üzrə mübahisələndirdiyi məqam bu olmuşdur ki, o, əsas müqavilə öhdəliyini tam həcmdə icra etməyinə baxmayaraq "İddiaçı" MTK öhdəliklərini pozaraq müqavilədə nəzərdə tutulmuş sahədən (43 m2) daha aşağı ölçüdə (31.91 m2) əmlak verilmişdir. Bu halın sübutu kimi müvafiq lisenziyaya malik "Billur" Layihə firmasının təsdiq etdiyi layihə məhkəməyə təqdim olunmuşdur ki, nəticədə iş materiallarında həmin sahənin fərqli ölçülərə malik olduğunu göstərən üç ayrı sxem layihə mövcuddur, (maraqlı vəziyyət də budur ki, ziddiyətli üç sxemin ikisi "İddiaçı" MTK tərəfindən təsdiq edilib.) Bu ziddiyətli halın aydınlaşdırılması (əldə olunacaq mötəbər sübut kimi) qarşılıqlı iddia üzrə tələbinin hüquqi vəziyyətinə birbaşa təsir edəcəyinə görə tərəfindən mühəndis- texniki ekspertizasının keçirilməsi barədə vəsatət verilmişdir (hansı ki öz imkanları ilə əldə etdiyi sxemə belə sübut kimi hər hansı bir qiymət verilməmişdir), lakin birinci instansiya məhkəməsi vəsatəti təmin etməyərək bu ziddiyətli məqamı araşdırmamışdır. Digər yandan, binanın tikintisi üçün vacib texniki sənəd sayılan Bakı şəhər İcra Hakimiyyəti sərəncamı və həmin mərtəbənin (Bakı Şəhər İcra Hakimiyyətinin memarlıq qurumu ilə razılaşdırılmış) müvafiq təsdiqli işçi layihəsinin MTK-dan tələb olunması (hansıki bu sübutu da öz imkanları ilə əldə etməyi mümkün olmamışdır, aidiyyəti vəkil sorğusuna MTK cavab verməmişdir) vəsatətlə xahiş edilmişdir, çünki həmin sənədlər məhkəmə araşdırmasına təqdim olunsaydı, əsas hüquq təsdiq edici sənədlərlə MTK-nın təqdim etdiyi sxem arasında uyğunsuzluqlar aşkar olunacaqdı. Lakin məhkəmə bu vəsatəti də təmin etməyərək işin hər tərəfli tam araşdırmasına şərait yaratmamışdır. Məhkəmə iddia tələbləri ilə bağlı hüquqi mövqeyini formalaşdırarkən sübut kimi yalnız müqavilənin məzmunu-hərfi mənasını əsas götürmüş, müqavilənin icrası mərhələsindəki pozuntulara hüquqi qiymət verməmiş, halbuki işin hallarını hərtərəfli araşdırmalı və əldə olunacaq sübutlara kompleks qiymət verməklə hüquqi nəticəyə çatmalı idi. Hesab edir ki, yuxarıdakı hallar üzrə məhkəmə araşdırması düzgün aparılsaydı qarşılıqlı iddia ərizəsi üzrə hüquqi mövqeyin əsaslılığı tam şəkildə müəyyən olunacaqdı. Lakin məhkəmə tərəflər arasında yaranmış münasibətin həqiqi xarakterini, bəyan olunan iradə ifadəsini təhlil etməyə lüzum görmədən müqavilənin hərfi məzmunu ilə kifayətlənmişdir. Halbuki "Marine Plaza" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxxxx 2017-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2018 ci il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, tərəflər hüquq və öhdəliklərini mülki qanunvericiliyə müvafiq olaraq müqavilə ilə razılaşdırdıqları halda məhkəmələr yaranmış mübahisəni həmin müqavilə şərtləri çərçivəsində həll etməli tərəflərin müqavilə üzrə öhdəliklərini icra edib- etməmələrini hərtərəfli araşdırmalı, eləcə də hansı tərəfin öhdəliyin icra edilməməsi üçün məsuliyyət daşımalı olduğunu dəqiqliklə müəyyən etməlidir. Hesab edir ki, işin qeyd olunan halları tam şəkildə aydınlaşdırıldıqdan sonra müqavilənin ləğvi ilə bağlı dəbbə pulunun tutulması məsələsinə məhkəmə hüquqi qiymət verə bilərdi. Çünki, müqavilənin mühüm şərtlərini MTK-nın pozmasına baxmayaraq, öhdəliklərini tam həcmdə icra etmiş şəxsdən "dəbbə pulu" adıyla pul tutulmasının qanuni, etik və mənəvi əsası yoxdur. Qeyri-yaşayış sahəsinin qaytarılmasını öz mülahizəsinə görə deyil, məhz qeyri-yaşayış sahəsinin ümumi ölçüsünün MTK tərəfindən ona verilməsi müqavilə ilə əsas öhdəlik kimi götürülən sahədən az olması səbəbi ilə qaytarmaq istəmişdir. Habelə xx.xx.2018-ci il tarixdən sonra həmin qeyri-yaşayış sahəsini 2018-ci ilin iyul ayında MTK-dan təhvil alaraq sahiblik/istifadə hüquqlarını həyata keçirmiş, davamında ümumi sahədə yol verilən pozuntuya görə 2018-ci ilin avqust ayında məruz qaldığı qanunsuzluq haqqında istintaq aparılması və dəymiş ziyanın ödənilməsi üçün müvafiq kömək göstərilməsi üçün Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə şikayət ərizəsi ilə müraciət etdi və hazırda həmin idarədə araşdırma aparılmaqdadır. Bu baxımdan hesab edir ki, onun qeyri-yaşayış sahəsinin geri qaytarmaya dair ərizədən sonrakı tarixdə (təqribən yarım ay sonra) təhvil almaqla əvvəlki tarixli ərizənin hüquqi nəticələri istisna edilməli və ləğvə görə 10 % dəbbə pulunun tutulması barədə müqavilə bəndi tətbiq olunmamalıdır. Birinci instansiya məhkəməsi isə bu faktı düzgün qiymətləndirməmiş və maddi hüquq normasını düzgün tətbiq etməyərək səhv nəticəyə gəlmişdir. Bu baxımdan "xxxxxxxxxxxxxxxxxxxxxxxxx" yerinə aradakı fərqin ödənilməsini MTK təmin etdiyi halda müqavilənin ləğvi üçün bütün sənədləşməni təmin edəcəyini dəfələrlə bəyan etmişdir. Müqavilənin mühüm şərtini pozmuş MTK-nın hansısa məbləği tutmasına məhkəmə tərəfindən şərait yaradılması nəticəsində MTK hüquqi vasitələrdən sui-istifadə etmə imkanını əldə etmiş olacaqdır. Məhkəmə iclasında ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi və vəkili X3 apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, MTK-ya 150.600 manat ödəmişlər. Həmin məbləğdən 135.000 manat qaytarılmışdır. 10% dəbbə pulu adı ilə 15600 manat isə qaytarılmamışdır. Lakin bu əsasızdır. Çünki, müqavilə şirkətin öhdəliyini yerinə yetirmədiyi üçün pozulub. Qeyri-yaşayış sahəsinin dəyərinin Cavabdeh tərəfindən tam ödənilməsi barədə işdə maliyə arayışı var. İşə baxılması vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş ilkin iddia üzrə İddiaçı Mənzil Tikinti Kooperativi nümayəndəsi səbəbini göstərmədən nümayəndəsinin iştirakını təmin etməmişdir. Apellyasiya instansiya məhkəməsi, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməlidir. Belə ki, birinci instansiya məhkəməsi ilkin iddia tələbini təmin edərkən, qarşılıqlı iddianı rədd edərkən qənaətini belə əsaslandırmışdır ki, tərəflər arasında bağlanmış xx xxx 2018-ci il tarixli, xx-xx-2018 saylı müqaviləyə əsasən icraçı- İddiaçı MTK ünvan 2 ünvanında onun tərəfindən inşa edilən İddiaçı MTK çoxmərtəbəli yaşayış kompleksində 1-ci blok, 1-ci mərtəbədə yerləşən, ümumi sahəsi 43 kv.metr olan 3 saylı qeyri-yaşayış sahəsini Sifarişçi - Cavabdeh təhvil verməyi, sifarişçi isə bunun qarşılığında İcraçıya razılaşdırılmış pul vəsaitini ödəməyi və müqavilə ilə nəzərdə tutulmuş işləri yerinə yetirməyi öhdəsinə götürmüşdür. Sifarişçi müqavilə üzrə öhdəliyi yerinə yetirib qeyri-yaşayışın dəyərini icraçıya tam ödəsə də, bir müddət sonra qeyri-yaşayış sahəsini geri qaytararaq, tərəfindən ödənilmiş pul vəsaitinin MTK tərəfindən geri qaytarılmasını tələb etmişdir. Nəticə etibarilə, MTK dəbbə pulunu çıxaraq, qalan məbləği sifarişçiyə qaytarmışdır. Hazırda sifarişçi tərəf dəbbə pulunun tutulmasını mübahisələndirir. Əsas qismində MTK tərəfindən verilmiş qeyri-yaşayış sahəsinin ümumi sahəsinin müqavilə ilə razılaşdırılmış ölçüdən az olduğunu göstərmişdir. xx xxx 2018-ci il tarixli, xx-xx-2018 saylı müqavilənin 3.4-cü maddəsinə əsasən müqavilədən imtina edildiyi (qeyri-yaşayış sahəsinin geri qaytarılması) hallarında, Sifarişçi müqavilənin 3.1-ci maddəsində razılaşdırılmış məbləğin 10 (on) faiz həcmində İcraçıya dəbbə pulu ödəyəcək. Göründüyü kimi, müvafiq müqavilənin 3.4-cü maddəsi dəbbə pulunun ödənilməsini yalnız Sifarişçi tərəfindən müqavilədən imtina edilməsi ilə əlaqələndirir, yəni həmin maddə ilə imtinanın bəraətverici əsasları (icraçının müqavilə şərtlərinin pozması və s. halları) nəzərdə tutulmamışdır. Məhkəmə hesab edir ki, Sifarişçi tərəf, müvafiq müqaviləni bağlamaqla, şərtlərini qəbul etmiş olur. Habelə, müqavilə bağlanmış olduğundan, qüvvəyə minmiş və tərəf üçün məcburi xarakter daşıyır. Yəni, Sifarişçi artıq qüvvəyə minmiş müqavilənin şərtini mübahisələndirə bilməz. Mülki Məcəllənin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür; Həmin Məcəllənin 759.2.-ci maddəsinə əsasən əgər sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun; Həmin Məcəllənin 762.1-ci maddəsinə əsasən podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun; Həmin Məcəllənin 762.3-cü maddəsinə əsasən podratçının sifariş edilmiş podrat nəticəsini deyil, başqa podrat nəticəsini təqdim etməsi və ya podratı kəmiyyətcə yerinə yetirməməsi, əgər bunu icra əvəzinə qəbul etmək açıq-aşkar mümkün deyildirsə, qüsurlara bərabər tutulur; Həmin Məcəllənin 765-ci maddəsinə əsasən məmulatın qüsuru nəticəsində, əgər müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra həmin qüsur tamamilə aradan qaldırılmazsa, sifarişçi müqavilədən imtina edə bilər. Bu halda podratçı müqavilə ilə bağlı xərclərin əvəzini sifarişçiyə ödəməyə borcludur; Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin qarşılıqlı iddianın rədd edilməsi hissəsində ləğv edilməli və qarşlıqlı iddianın qismən təmin edilməsi üçün əsasdır. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş qarşılıqlı iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair xx xxx 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Belə ki, qarşılıqlı iddiaçının apellyasiya şikayətinin obyektini birinci instansiya məhkəməsinin qətnaməsinin bir hissəsi, yəni qarşılıqlı iddianın təmin edilməməsi hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır) predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı konkret olaraq qarşılıqlı iddianın təmin edilməməsi hissəsində yol verdiyi pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin bu hissədə ləğvi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır. Demək mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarına əsasən apellyasiya şikayəti üzrə qətnamə yalnız mübahisələndirilən hissədə yoxlanılmalı, digər hissəsinə isə toxunulmamalıdır. Hazırkı iş üzrə, qarşlılıqlı iddia tələbinin faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dizpozisiya əlamətləri ilə uzlaşdığından iş üzrə birinci instansiya məhkəməsinin qarşılıqlı iddia ilə bağlı gəldiyi nəticə düzgün olmamışdır. Belə ki, işin mübahisəsiz halı ondan ibarətdir ki, tərəflər arasında həqiqətən də podrat müqaviləsi ilə əlaqədar mülki hüquq münasibətləri yaranmış, qarşılıqlı iddiaçı bununla əlaqədar, yəni mübahisəli qeyriyaşayış sahəsinə görə MTK-ya 150600 manat ödəmiş, lakin MTK podratçı olaraq sifarişçinin sifarişini, yəni podratı kəmiyyətcə tam yerinə yetirməyərək qüsurlu icra etdiyinə görə qarşılıqlı iddiaçı müqavilənin icrasından imtina etmiş, MTK tərəfindən ona 135 000 manat qaytarılmış, 15600 manat isə qaytarılmamışdır. Bu halları tərəflərin heç biri mübahisələndirmir. İşin mübahisəli halı isə qeyri-yaşayış sahəsinə görə məhz MTK-ya ödənilmiş(qarşılıqlı iddiaçı apellyasiya şikayətində MTK-nın hansısa əməkdaşına verdiyi 12000 manatı mübahisələndirməmiş və tələb etməmişdir) 150600 manatdan qaytarılmayan 15600 manat hissəsi ilə bağlıdır. MTK həmin məbləğin qaytarmamasının əsası kimi aralarında bağlanmış müqavilənin 3.4-cü bəndinə istinad edir. Belə ki, həmin bəndə görə müqavilədən imtina edildiyi hallarında sifarişçi müqavilənin 3.1-ci bəndində razılaşdırılmış məbləğin 10 faizi həcmində icraçıya dəbbə pulu ödəməlidir. Əvvəla, sifarişçi- qarşılıqlı iddiaçının müqavilədən imtina etməsinin səbəbi MTK-nın podratı Mülki Məcəllənin 762.3-cü maddəsinə əsasən kəmiyyətcə qüsurlu icra etməsi ilə bağlı olmuşdur. Podratın qüsurlu icra olunması MTK-nın bunu inkar etməməsi ilə yanaşı, məhkəmə tikinti ekspertizasının xx xxxxxxx 2019-cu il tarixli, 1357 saylı rəyi ilə də təsdiq olunur. Belə ki, həmin rəydə də, ünvan 3 ünvanda İddiaçı MTK tərəfindən inşa etdiyi yaşayış binasının birinci mərtəbəsində yerləşməklə, həmin qeyri-yaşayış sahəsinin divarları nəzərə alınmadan faktiki sahəsi 31,77 m2 müqavilə üzrə və müqavilədə göstərilən sxemə əsasən qeyri-yaşayış sahəsinin faktiki sahəsi 43,0 kv.m təşkil etdiyi müəyyən olunmuşdur. Ona görə də qarşılıqlı iddiaçının MTK-ya qarşı hazırki tələbi sırf podrat münasibətlərindən yaranmış, yəni qarşılıqlı iddia üzrə cavabdeh podratçı olaraq qüsurlu iş gördüyünə görə müqavilədən imtina etmiş və sonradan belə bir iddia irəli sürülmüşdür. Çünki, MTK podrat münasibətləri üzrə qarşılıqlı iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliyi qüsurlu icra etmişdir. Qeyd olunduğu kimi bu hal iş materialları ilə açıq-aşkar təsdiq olunduğundan işin mübahisəsiz halına çevrilmişdir. İkincisi, dəbbə pulu(cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir(MM.m.462.1). Əgər borclu öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi üçün məsuliyyət daşımırsa, kreditor dəbbə pulunun ödənilməsini tələb edə bilməz(MM.m.462.2). Birinci instansiya məhkəməsinin qarşılıqlı iddianı rədd edərkən gətirdiyi dəlillər ziddiyyətli olmaqla, həm də anlaşılan olmamışdır. Belə ki, məhkəmə bir tərəfdən qarşılıqlı iddiaçının müqavilə üzrə öhdəliyini tam yerinə yetirərək qeyri-yaşayış sahəsinin dəyərini icraçıya tam ödədiyini və MTK tərəfindən verilmiş qeyri-yaşayış sahəsinin ümumi sahəsinin müqavilə ilə razılaşdırılmış ölçüdən az olduğunu qəbul edir, digər tərəfdən isə MTK-nın xx xxx 2018-ci il tarixli, xx-xx-2018 saylı müqavilənin 3.4-cü bəndinə əsasən müqavilənin 3.1-ci bəndində razılaşdırılmış məbləğin 10 (on) faizi həcmində sifarişçinin icraçıya dəbbə pulu ödəməli olduğuna haqq qazandırır, əsas kimi müqavilənin 3.4-cü bəndində dəbbə pulunun ödənilməsini yalnız Sifarişçi tərəfindən müqavilədən imtina edilməsi ilə əlaqələndirdiyini, yəni həmin bənddə imtinanın bəraətverici əsasları (icraçının müqavilə şərtlərinin pozması və s. halların) nəzərdə tutulmadığını göstərir. Hətta məhkəmə bir qədər də ədalətsiz mövqe nümayiş etdirərək göstərir ki, sifarişçi tərəf, müvafiq müqaviləni bağlamaqla, şərtlərini qəbul etmiş olur, habelə, müqavilə bağlanmış olduğundan, qüvvəyə minmiş və tərəf üçün məcburi xarakter daşıyır, yəni, sifarişçi artıq qüvvəyə minmiş müqavilənin şərtini mübahisələndirə bilməz. Göründüyü kimi, məhkəmə Mülki Məcəllənin 404.1-ci maddəsinin tələblərini pozaraq müqavilə şərtlərini təfsir edərkən təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə almamışdır. Yəqin ki, müqavilənin digər şərtlərini nəzərə alsaydı bu cür səhv nəticəyə gəlməzdi. Üçüncüsü, təklif etmiş tərəfin sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan fiziki şəxslər barəsində tətbiq etdiyi müqavilənin standart şərtlərində təklif etmiş tərəfin əsas öhdəliyi pozduğu halda müqavilənin digər tərəfinin müqavilədən imtina etmək hüququnu məhdudlaşdıran və ya onu bu hüquqdan məhrum edən və ya müqavilənin digər tərəfini icra etməmə nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququndan məhrum edən və ya 420.3.6-cı maddəyə zidd olaraq onun bu hüququnu məhdudlaşdıran (əsas öhdəliyinin icrası tələbinin pozulması) müddəalar etibarsız sayılır(MM. mad.420.3, 420.3.7) Birinci instansiya məhkəməsinin ziddiyyətli qənaətinə görə müqavilənin mühüm şərtini pozaraq müqavilə üzrə öhdəliyini qüsurlu icra edən MTK qarşılıqlı iddiaçıya 43 kv. metr qeyri-yaşayış sahəsi verməli olduğu halda faktiki olaraq 31,77 kv. metr qeyri-yaşayış sahəsi verdiyinə görə məsuliyyət daşımamalı, ancaq məhz bu öhdəliyin qüsurlu icra edilməsinə görə müqavilədən imtina etdiyinə görə sifarişçi məsuliyyət daşımalıdır. Həqiqətənmi müqavilənin etibarsız şərtlərinə görə sifarişçi MTK-dan müqavilə ilə bağlı xərclərin əvəzini tələb edə bilməz və MTK qarşılıqlı iddia üzrə mülki hüquqi məsuliyyət daşımamalıdır? Əlbətdə ki, birinci instansiya məhkəməsi qarşılıqlı iddia üzrə yekun qənaətə gələrkən bu suaların doğru cavabını özü üçün müəyyən etməli idi. İstər tərəflər arasında bağlanmış müqavilənin 3.4-cü bəndi, istərsə də, MTK-nın istinad etdiyi 6 və 10-cu bəndlərinin 6.2, 10.1.10.2 və 10.3-cü yarım bəndlərindəki müddəlar açıq-aşkar etibarsızdır. Belə ki, müqavilənin 3.4-cü bəndində müqavilədən imtina edildiyi halda, yalnız sifarişçinin icraçıya dəbbə pulu ödəməsi, 6.2-ci bəndinə görə müqavilə şərtlərinin pozulması hallarına görə, sifarişçinin müqavilə qiymətinin 10 faizi həcmində cərimə ödəyəcəyinin nəzərdə tutulması xüsusi olaraq göstərilsə də, icraçının hansısa əsasa görə məsuliyyət daşıması xüsusiləşdirilməmişdir. Çünki, müqavilə şərtlərinin pozulmasına görə tək sifarişçi deyil, icraçı da məsuliyyət daşımalıdır. Hazırki iddia predmetinə aid olmasa da müqavilənin 10.1.10.2 və 10.3-cü bəndlərindəki müddəlar da açıq-aşkar sifarişçinin mənafeyinə zidd müddəlar olmuşdur. Ona görə də qarşılıqlı iddiaçı MTK-nın podratı qüsurlu icra etdiyinə görə müqavilədən imtina etməkdə haqlı olmuş və bu halda MTK da müqavilə ilə bağlı xərclərin əvəzini ona ödəməyə Mülki Məcəllənin 765-ci maddəsinin tələbinə əsasən borcludur. Mülki Prosessual Məcəlləsinin 384.0. və 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1., 385.1.1 və 385.1.4-cü maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Həmin Məcəllənin 390-cı maddəsinə əsasən məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o hallarda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur. Şərh olunanlara əsasən, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə qarşılıqlı iddianın təmin edilməyən hissəsində ləğv edilməli və həmin hissədə qarşılıqlı iddia qismən təmin edilməlidir. Apellyasiya instansiyası məhkəməsi həmçinin hesab edir ki, İddiaçı Mənzil Tikinti Kooperativindən iş üzrə keçirilmiş ekspertiza xərci - 100 (yüz) manat, alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN **********, Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ22, AZ34CTRE******************** hesabına köçürülməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-8772/2018 saylı iş üzrə xx xxxxxx 2018-ci il tarixli qətnaməsi qismən, yəni qarşılıqlı iddianın təmin edilməməsi hissəsində ləğv edilsin və qarşılıqlı iddia qismən təmin edilsin. İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı Mənzil Tikinti Kooperativindən 15 600 (on beş min altı yüz) manat tutularaq ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh verilsin. İddiaçı Mənzil Tikinti Kooperativindən iş üzrə keçirilmiş ekspertiza xərci - 100 (yüz) manat alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN **********, Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ22, AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamədən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: imza Elşən Kazımov Hakimlər: imza Tofiq Səmədov imza Vüqar Həsənov Düzdür: Hakim: Elşən Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar