Məhkəmə qərarları › İş №2(103)-2311/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2311/2025

23.04.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2311/2025 23.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə (Açar sözlər: alimentin və əlavə xərclərin ödənilməsi ) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Azad Nizam oğlu İmanov (sədrlik edən və məruzəçi), Məmməd Allahverdi oğlu Məmmədov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Fuad Vahid oğlu Qəşəmzadənin katibliyi, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2, Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «alimentin və əlavə xərclərin ödənilməsi» tələbinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-8794/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları

1. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(005)- 1621/2024 nömrəli qətnaməsi ilə xx xxxx 1956-cı il təvəllüdlü İddiaçı fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmişdir.

2. Bakı şəhəri Nərimanov Rayon İcra Başçısının xx.xx.2024-cü il tarixli, 185 saylı sərəncamı ilə Liza Kasueva xx xxxx 1956-cı il təvəllüdlü həyat yoldaşı İddiaçı qəyyum təyin edilmişdir.

3. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-2327/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə İddiaçı ilə X5 arasında xx.xx.1982- ci il tarixdə 185 №li aktla Binəqədi rayon qeydiyyat şöbəsi tərəfindən qeydə alınmış nikah pozulmuşdur.

4. ƏƏSMN X1 Sistemindən əlillik haqqında arayışdan görünür ki, xx xxxx 1956-cı il təvəllüdlü İddiaçı ətrafların hərəkət funksiyasının və hərəkət koordinasiyasının kəskin təzahürlü pozulması (tetraplegiya, triplegiya, hemiplegiya, paraplegiya, tetraparez, triparez, nəzərəçarpanparaparez, ataksiya, intension titrəmə ilə hiperkinetik sindrom) və ya total afaziya ilə nəticələnmiş sinir sisteminin müxtəlif xəstəlikləri- baş beynin insultu, baş beynin travmatik xəstəlikləri, uşaq serebral iflici, sinir sisteminin ağır infeksion xəstəlikləri səbəbindən birinci dərəcəli əlildir.

5. AZ-İİ seriyalı 605938 saylı nikah haqqında şəhadətnamədən görünür ki, İddiaçı ilə X10 nikaha daxil olmuşlar. Bu barədə nikah akt qeydləri kitabında xx.xx.2023-cü il tarixdə, 4130 nömrəli qeyd edilmişdir.

6. “Elektron Məhkəmə” İnformasiya Sistemindən görünür ki, Cavabdeh1 Cavabdeh1 hər hansı rəsmi iş yeri və ya əlavə gəlir yeri yoxdur. Cavabdeh2 isə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində kargüzar vəzifəsində çalışır, aylıq əmək haqqı 784 manat təşkil edir.

7. “Elektron Məhkəmə” İnformasiya Sistemindən görünür ki, İddiaçı əlilliyə görə 200 manat, yaşa görə 337.77 manat, ümumilikdə 537.77 manat pensiya alır.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

8. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı cavabdehlərdən hər ay üçün hər birindən 300 manat, cəmi 600 manat məbləğində alimentin və əlavə xərclərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

9. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 15 noyabr 2008-ci il tarixdə X5 ilə rəsmi nikah bağlayaraq ailə qurmuşdur. Birgə nikahdan onların iki övladı var: xx.xx.1983-cü il təvəllüdlü Cavabdeh1 və xx.xx.1984-cü il təvəllüdlü Cavabdeh2. X5 ilə ilk vaxtlarda münasibətləri yaxşı olsa da, sonradan ailə münasibətləri pisləşdiyindən, birgə yaşamaqları və ailənin saxlanması qeyri-mümkün olmuşdur. İddiaçı bütün ömrünü işləmiş, çalışmış ki, ailənin heç bir ehtiyacı olmasın, üç dənə 3 otaqlı mənzil almışdır. Evlərin birini qızının adına, ikisini isə həyat yoldaşı X4 adına almışdır. Hal-hazırda bütün əmlakı X4 və cavabdehlərin sahibliyindədir, iddiaçı özü isə evsiz qalmışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2327/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən X5 ilə iddiaçı arasında olan nikah pozulmuşdur. Hal-hazırda iddiaçının 1-ci dərəcəli əlilliyi var, sərbəst hərəkət edə bilmir. İddiaçı üç dəfə insult diaqnozu ilə xəstəxanaya düşmüş, və İİİ dərəcəli onkoloji xəstəlikdən əziyyət çəkir. İddiaçı əlil arabası ilə hərəkət edir, heç yerdən gəliri yoxdur və çox ağır maddi durumum var. Hal-hazırda iddiaçının ağır xəstəliyə tutulmağını, şikəst olduğunu və ona qulluq etməyə görə kənar şəxslərə haqq ödəmək lazım olduğunu nəzərə alaraq cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tutularaq iddiaçının xeyrinə hər ay üçün hər birindən 300 manat, cəmi 600 manat məbləğində alimentin və əlavə xərclərin ödənilməsi qanuna müvafiq hesab edir.

10. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-8794/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsi ilə (hakim Əminə Abbasova) iddianın qismən təmin edilməsi, xx xxxx 1956-cı il təvəllüdlü İddiaçı saxlanılması üçün xx.xx.2024-cü il tarixdən hesablanmaqla hər ay Cavabdeh1 111 (yüz on bir) manat, Cavabdeh2 111 (yüz on bir) manat, ümumilikdə 222 (iki yüz iyirmi iki) manat məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi, 46.64 (qırx altı manat, altmış dörd qəpik) manat məbləğində dövlət rüsumunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 alınaraq dövlət büdcəsinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, qətnamənin alimentə dair hissədə dərhal icra edilməsi qət edilmişdir.

11. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 43, 44.3, 82.1, 82.2, 82.3, 82.4, 82.5, 82.6, 83.1, 83.2, 83.3, 100.1, 100.2, 100.3-cü maddələrinə, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 234.1, 234.2-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

12. Cavabdehlər həmin qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Ailə Məcəlləsinin 82.1-ci maddəsinə əsasən “Əmək qabiliyyəti olan yetkinlik yaşına çatmış övladlar maddi yardıma ehtiyacı olan əmək qabiliyyəti olmayan valideynlərini saxlamağa və onlara qayğı göstərməyə borcludurlar.” Qeyd edilən normaya əsasən valideynin övladından aliment tələb edə bilməsi üçün maddi yardıma ehtiyacı olmalıdır. İddiaçının maddi vəziyyəti kifayət qədər yaxşıdır və yardıma ehtiyacı yoxdur. Bu səbəblə aliment tələb etmək üçün heç bir hüquqi əsasdan da söhbət gedə bilməz. Belə ki, xx.xx.2023-cü il tarixində X5 ilə nikah münasibətlərinə xitam verilən zaman birgə nikah dövründə əldə olunmuş əmlaklar tərəflər arasında bərabər şəkildə bölünmüşdür. Dolayısı ilə iddiaçının yetəri qədər əmlakı vardır. Belə ki, Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(001)-2805/2023 saylı qətnaməsinə əsasən Bakı şəhəri, Xətai rayonu, Ceyhun Həsənov küç., ev 1M, 180 nömrəli, Bakı şəhəri, Xətai rayonu, Ceyhun Həsənov küç., ev 1M 162 nömrəli mənzillərin və Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 167, 1 saylı küçə, ev 1, 16 saylı mənzil, "xxxx" X6 Firması (VÖEN: **********), xx.xx.2006-cı il tarixli 136A nömrəli icarə müqaviləsi və xx.xx.2014-cü il tarixli 3M-3/662 nömrəli xx.xx.2018-ci il tarixli 3M-729 saylı alğısatqı müqavilələrinə əsasən alınmış Abşeron rayonu, Xırdalan şəhəri, Donuzkökəltmə sovxozu ərazisində 0,0965 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin icarə hüququnun hər birinin üzərində ½ hissədə İddiaçı və ½ hissəsi üzərində isə X3 payları müəyyən edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 16 fevral 2024-cü il tarixli 2(103)-717/2024 saylı qətnaməsi və AR Ali Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(102)- 1636/2024 saylı Qərarı ilə qətnamə qüvvədə saxlanmışdır. Göründüyü kimi hazırki iş üzrə məhkəmə iddiaçının maddi vəziyyətini tam və hərtərəfli araşdırmadan qərar qəbul etmişdir. İddiaçı X10 ilə nikah bağlanarkən ağır xəstəliyi səbəbilə fəaliyyət qabiliyyətsiz və öz hərəkətlərini anlamaq və idarə etməkdən məhrum bir şəxs olmuşdur. Bundan istifadə edərək Liza Kasueva onunla nikaha daxil olmuş və qısa müddət sonra iddiaçının fəaliyyət qabiliyyətsiz hesab olunması üçün məhkəməyə müraciət etmişdir. Daha sonra onun qəyyumu olmağa da nail olmaqla tamamilə iddiaçıdan maddi cəhətdən istifadə etməyə başlamışdır. Fəaliyyət qabiliyyətsiz olan şəxslə bağlanan bu nikahın etibarsızlığı üçün artıq cavabdeh B.Xatirə tərəfindən məhkəməyə müraciət edilmişdir. 2(005)-406/2025 iş hazırda Nərimanov Rayon Məhkəməsində hakim Ramin Quliyevin icraatındadır. Bu səbəblə bildirir ki, iddiaçının maddi imkanı kifayət qədər yaxşıdır və cavabdehlərdən aliment tutulması yalnız iddiaçının hazırki həyat yoldaşı olan və ondan sui-istifadə edən Liza Kasuevanın mənfəətinə xidmət edəcəkdir. Hazırki iş üzrə məhkəmənin işin hallarını tam araşdırmaması, iddiaçının maddi vəziyyətini düzgün qiymətləndirməməsi qanunsuz və əsassız məhkəmə qətnaməsinin çıxarılmasına səbəb olmuşdur.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

15. Məhkəmə iclasında iştirak edən cavabdehlər Cavabdeh2, Cavabdeh1 və onun nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.

16. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş iddiaçı tərəf məhkəmə kollegiyasının iclasına gəlməmiş və gəlməmə səbəbi barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Ailə Məcəlləsi

17. 82.1-ci maddəsinə əsasən əmək qabiliyyəti olan yetkinlik yaşına çatmış övladlar maddi yardıma ehtiyacı olan əmək qabiliyyəti olmayan valideynlərini saxlamağa və onlara qayğı göstərməyə borcludurlar.

18. 82.2.-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan valideynlər üçün aliment əmək qabiliyyəti olan və yetkinlik yaşına çatmış övladlardan məhkəmə qaydasında tutulur.

19. 82.3-cü maddəsinə əsasən övladların hər birindən tutulan alimentin həcmi məhkəmə tərəfindən valideynlərin və övladların maddi vəziyyəti, ailə vəziyyəti və tərəflərindən diqqətəlayiq digər maraqları nəzərə alınmaqla hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilir.

20. 82.4-cü maddəsi alimentin miqdarı müəyyən olunarkən məhkəmə, tələbin valideynlərin əmək qabiliyyəti olan və yetkinlik yaşına çatmış övladlarından hamısına, birinə və ya bir neçəsinə verildiyindən asılı olmayaraq, onların hamısını nəzərə almağa haqlıdır.

21. 82.5-ci maddəsinə əsasən valideynlərin öz valideynlik vəzifələrini yerinə yetirməməsi məhkəmə tərəfindən müəyyən olunarsa, uşaqlar əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan valideynlərini saxlamaq vəzifəsindən azad edilə bilərlər.

22. 82.6-cı maddəsinə əsasən uşaqlar valideynlik hüquqlarından məhrum edilən valideynlərinə aliment ödəməkdən azad edilirlər.

23. 83.1-ci maddəsinə əsasən yetkinlik yaşına çatan övladlar əmək qabiliyyəti olmayan valideynlərini saxlamadıqda və valideynləri ağır xəstəliyə tutulduqda, əlilliyi müəyyən edildikdə, onlara qulluq etməyə görə kənar şəxslərə haqq ödəmək lazım gəldikdə və digər müstəsna hallarda, yetkinlik yaşına çatmış övladlar məhkəmə qaydasında yuxarıdakı hallarla əlaqədar əlavə xərclərin çəkilməsinə cəlb edilə bilərlər.

24. 83.2-ci maddəsinə əsasən yetkinlik yaşına çatan övladların hər biri tərəfindən əlavə xərclərin ödənilməsi qaydası və bu xərclərin miqdarı məhkəmə tərəfindən, valideynlərin və uşaqların maddi və ailə vəziyyətləri, digər diqqətəlayiq hallar nəzərə alınmaqla bu Məcəllənin 82.3—82.6- cı maddələrinə uyğun olaraq müəyyən edilir.

25. 83.3. Əlavə xərclərin ödənilməsi qaydası və bu xərclərin miqdarı tərəflərin sazişi ilə də müəyyən oluna bilər.

26. 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

27. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;

28. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;

29. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır;

30. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır;

31. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır;

32. 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər;

33. 402.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz.

Apellyasiya baxışının hədləri

34. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

35. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

36. Hazırki halda, cavabdehlər apellyasiya şikayətində qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etsə də, iddia qismən təmin edildiyindən qətnamə iddianın təmin olunan hissəsində yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

37. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-8794/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi “Cavabdeh1 111 (yüz on bir) manat məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi” hissəsində ləğv edilməli, həmin hissədə İddiaçı iddia tələbi təmin edilməməli, qətnamə mübahisələndirilən digər hissədə cavabdeh X7 münasibətdə dəyişdirilmədən saxlanılmalıdır.

38. İşin mübahisəsiz halı odur ki, İddiaçı əmək qabiliyyəti olmayan, cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntuları olan əlilliyi olan şəxsdir. Beləliklə, İddiaçı əlilliyi ilə bağlı onun xüsusi qayğı və qulluğa ehtiyacı vardır. Əmək qabiliyyəti olan yetkinlik yaşına çatmış övladlar isə maddi yardıma ehtiyacı olan əmək qabiliyyəti olmayan valideynlərini saxlamağa və onlara qayğı göstərməyə borcludurlar. Atanın hazırki vəziyyəti- fəaliyyət qabiliyyətinin olmaması, qayğıya ehtiyacı övladların ona qarşı aliment öhdəliyinin yaranmasına əsas verir.

39. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 82.1-ci maddəsinə əsasən əmək qabiliyyəti olan yetkinlik yaşına çatmış övladlar maddi yardıma ehtiyacı olan əmək qabiliyyəti olmayan valideynlərini saxlamağa və onlara qayğı göstərməyə borcludurlar. Həmin Məcəllənin 82.3-cü maddəsinə əsasən övladların hər birindən tutulan alimentin həcmi məhkəmə tərəfindən valideynlərin və övladların maddi vəziyyəti, ailə vəziyyəti və tərəflərindən diqqətəlayiq digər maraqları nəzərə alınmaqla hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilir.

40. Kollegiya apellyasiya şikayətinin dəlilinə münasibətdə qeyd edir ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(005)- 1621/2024 nömrəli qətnaməsi ilə xx xxxx 1956-cı il təvəllüdlü İddiaçı fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmişdir. Həmçinin, ƏƏSMN X1 Sistemindən əlillik haqqında arayışdan görünür ki, xx xxxx 1956-cı il təvəllüdlü İddiaçı ətrafların hərəkət funksiyasının və hərəkət koordinasiyasının kəskin təzahürlü pozulması (tetraplegiya, triplegiya, hemiplegiya, paraplegiya, tetraparez, triparez, nəzərəçarpanparaparez, ataksiya, intension titrəmə ilə hiperkinetik sindrom) və ya total afaziya ilə nəticələnmiş sinir sisteminin müxtəlif xəstəlikləri- baş beynin insultu, baş beynin travmatik xəstəlikləri, uşaq serebral iflici, sinir sisteminin ağır infeksion xəstəlikləri səbəbindən birinci dərəcəli əlildir. İş materiallarından göründüyü kimi İddiaçı fəaliyyət qabiliyyətini itirməklə gündəlik həyat fəaliyyətini sərbəst şəkildə idarə etmək imkanından məhrum olmuşdur. Cavabdehlərin apellyasiya şikayətində istinad etdiyi hallar, “aliment məbləğinin atalarına deyil, onun həyat yoldaşına çatması” mülahizələri formal mülahizə olmaqla qətnamənin ləğvi üçün əsas ola bilməz. Belə ki, qanunun tələbindən irəli gələn yetkinlik yaşına çatmış övladların maddi yardıma ehtiyacı olan əmək qabiliyyəti olmayan valideynlərini saxlamaq və onlara qayğı göstərmək borcunun olması, həmçinin ailə bağları, mənəvi dəyərlər və s. bu kimi amillər nəzərə alınmaqla kollegiya hesab edir ki, İddiaçı saxlanılması üçün aliment tutulmalıdır.

41. Eyni zamanda kollegiya qeyd edir ki, Elektron məhkəmə informasiya sistemindən əldə olunmuş çıxarışa əsasən Cavabdeh2 "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində kargüzar vəzifəsində çalışır. Göründüyü kimi Cavabdeh2 müntəzəm gəlir mənbəyi mövcuddur. Lakin iş materialları ilə digər Cavabdeh1 Məməd qızının iş yerinin və müntəzəm gəlir mənbəyinin olmaması müəyyənləşdirilir. Belə olan halda yuxarıda qeyd olunan qanunun maddələri və sosial ədalət, övladların real yaşayış şəraiti nəzərə alınmaqla kollegiya hesab edir ki, yalnız müntəzəm gəlir mənbəyinə malik olan övladın üzərinə aliment öhdəliyinin qoyulması mövcud qanunverciliyə və ədalət, humanizm prinsipinə uyğundur.

42. Apellyasiya şikayətinin “iddiaçının maddi vəziyyətinin yaxşı olması səbəbindən aliment tələb etmək hüququnun əsasının olmaması” dəlilinə münasibətdə kollegiya hesab edir ki, cavabdehlər tərəfindən istinad olunan halı təsdiq edən mötəbər sübut məhkəməyə təqdim edilməmişdir.

43. Həmçinin, məhkəmə kollegiyası fəaliyyət qabiliyyəti olmayan İddiaçı üçün birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş Cavabdeh2 tutulmalı olan alimentin miqdarını qanunvericiliyin tələblərinə və işin hallarına uyğun hesab edir.

44. Beləliklə, kollegiya hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-8794/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi “Cavabdeh1 111 (yüz on bir) manat məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi” hissəsində ləğv edilməli, həmin hissədə İddiaçı iddia tələbi təmin edilməməli, qətnamə mübahisələndirilən digər hissədə cavabdeh X7 münasibətdə dəyişdirilmədən saxlanılmalıdır.

45. Həmçinin qeyd edilməlidir ki, apellyasiya instansiyası məhkəməsində baxılan mülki iş üzrə qəbul edilmiş qətnamədə iddianın qiyməti beş min manatdan azdır. Bu səbəbdən də qətnamədən kassasiya şikayətinə yol verilmir.

46. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

47. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384.0.3, 392, 393, 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

Cavabdehlərin apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-8794/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi “Cavabdeh1 111 (yüz on bir) manat məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi” hissəsində ləğv edilsin. Həmin hissədə İddiaçı iddia tələbi təmin edilməsin. Qətnamə mübahisələndirilən digər hissədə cavabdeh X7 münasibətdə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu cavabdehlərə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar