Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2315/2023 16.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mərdanova Xumar Afət qızı (sədrlik edən və məruzəçi), Həsənov Elnur Məmmədsaat oğlu və X1 ibarət tərkibdə, X4 qızının katibliyi, İddiaçının nümayəndəsi X2, Cavabdehin nümayəndəsi-vəkili Vəkil iştirakları ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı "subroqasiya qaydasında pul" tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-979/2023 nömrəli, 16 yanvar 2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları İddiaçı iddia edir ki, Cavabdeh Məmməd qızı özünə məxsus olan “KİA Sportage" markalı, **-LZ-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən yol-nəqliyyat hadisəsi törətmiş və nəticədə "Bakı Sığorta” ASC-də kasko sığorta növü üzrə sığortalanmış “Mazda CX-5" markalı, **-AL-*** dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurulmuşdur. Sığorta hadisəsi nəticəsində "xxxx" markalı, **-AL-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş 8222.88 (səkkiz min iki yüz iyirmi iki manat, səksən səkkiz qəpik) məbləğində zərər məbləğinin 4795.87 (dörd min yeddi yüz doxsan beş manat, səksən yeddi qəpik) manat məbləğində olan hissəsi mütənsaiblik qaydasında cavabdehin məsuliyyətini icbari qaydada sığortalamış "xxxx" Sığorta Şirkəti tərəfindən ödənilməli olduğundan ASC həmin zərərin 4795.87 (dörd min yeddi yüz doxsan beş manat, səksən yeddi qəpik) manatdan artıq olan hissəsini, yəni 3427.01 (üç min dörd yüz iyirmi yeddi manat, bir qəpik) manat məbləğində pulu cavabdehdən tələb edilməlidir. Birinci instansiya məhkəməsində icraat: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı “subroqasiya qaydasında pul” tələbinə dair kiçik mübahisələr üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 3427,01 manat sığorta ödənişinin məbləğinin, ödənilmiş 54,27 manat dövlət rüsumunun və 0,4 manat məbləğində xidmət haqqının, cəmi 3481,68 manat pul məbləğinin cavabdehdən iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı "xxxx" ASC iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2015-ci il tarixdə, Bakı şəhəri, Neftçilər prospekti ünvanında "Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığorta şəhadətnaməsi" ilə sığortalanmış və Cavabdeh Məmməd qızına məxsus olan “KİA Sportage" markalı, **-LZ-*** dövlət qeydiyyat nişanlı avtomobili cavabdeh idarə edərkən yol-nəqliyyat hadisəsi törətmiş və nəticədə "Bakı Sığorta” ASC-də (bundan sonra ASC) kasko sığorta növü üzrə sığortalanmış “Mazda CX-5" markalı, **-AL-*** dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurulmuşdur. Yolnəqliyyat hadisəsinin törədilməsində Cavabdeh təqsirli bilinmişdir və barəsində AR DİN BDYPİ tərəfindən xx.xx.2015-ci il tarixdə MYP 214978 saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. “Mazda CX-5" markalı, **-AL-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanın aradan qaldırılması üçün ASC tərəfindən 7872.88 (yeddi min səkkiz yüz yetmiş iki manat, səksən səkkiz qəpik) məbləğində sığorta ödənişi həyata keçirilmişdir. İddia ərizəsinə əlavə edilmiş, xx.xx.2015- ci il tarixli, MİL-5735/15 saylı avtomobillərin tam sığortası üzrə sığorta şəhadətnaməsinin surətindən müəyyən olunur ki, "Mazda CX-5” markalı, **-AL-*** dövlət qeydiyyat nişanlı avtomobil ASC tərəfindən "əmlak sığortası" qaydasında sığortalanmışdır. İddia ərizəsinə əlavə edilmiş AR DİN BDYPİ tərəfindən tərtib edilmiş xx.xx.2015-ci il tarixdə MYP 214978 saylı inzibati xəta haqqında protokoldan müəyyən olunur ki, xx.xx.2015-ci il tarixdə, Bakı şəhəri, Neftçilər prospekti ünvanında “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığorta şəhadətnaməsi” ilə sığortalanmış və Cavabdeh Məmməd qızına məxsus olan “KİA Sportage” markalı, **-LZ-*** dövlət qeydiyyat nişanlı avtomobili cavabdeh idarə edərkən yol-nəqliyyat hadisəsi törədilmiş və Cavabdeh baş vermiş yol-nəqliyyat hadisəsinin törədilməsində təqsirli bilinərək, həmin vaxt qüvvədə olan AR İnzibati Xətalar Məcəlləsinin 151.1-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb edilmişdir. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2015-ci il tarixli zərərin hesablanması aktına əsasən sığorta hadisəsi nəticəsində "xxxx" markalı, **-AL-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər 8222.88 (səkkiz min iki yüz iyirmi iki manat, səksən səkkiz qəpik) manat məbləğində müəyyən edilmişdir. xx.xx.2015-ci il tarixli sığorta aktına əsasən sığorta hadisəsi nəticəsində “Mazda CX-5" markalı, **-AL- *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə ödənilməli məbləğ 350 (üç yüz əlli) manat məbləğində azadolma məbləği çıxıldıqdan sonra 7872.88 (yeddi min səkkiz yüz yetmiş iki manat, səksən səkkiz qəpik) məbləğində müəyyən edilmişdir. İddia ərizəsinə əlavə edilmiş 01 iyul 2015-ci il tarixli kassa məxaric orderinin surətindən müəyyən olunur ki, sığorta hadisəsi nəticəsində “Mazda CX-5" markalı, **-AL-*** dövlət qeydiyyat nişanlı avtomobilə 8222.88 (səkkiz min iki yüz iyirmi iki manat, səksən səkkiz qəpik) məbləğində zərər dəymiş və ASC tərəfindən 350 (üç yüz əlli) manat şərtsiz azadolma məbləği çıxılmaqla 7872.88 (yeddi min səkki yüz yetmiş iki manat, səksən səkkiz qəpik) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2022-ci il tarixli, BS-S-22/5489 saylı “Geriyə tələb (subroqasiya məktubundan görünür ki, Mülki Məcəllənin 936-cı maddəsinə əsasən ASC tərəfindən zərərin aradan qaldırılması üçün ödənilmiş sığorta ödənişinin 5 gün müddətində geri ödənilməsi cavabdehdən tələb edilmişdir və cavabdeh həmin məktubu xx.xx.2022-ci il tarixdə təhvil almışdır). Sığorta hadisəsi nəticəsində "xxxx" markalı, **-AL-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş 8222.88 (səkkiz min iki yüz iyirmi iki manat, səksən səkkiz qəpik) məbləğində zərər məbləğinin 4795.87 (dörd min yeddi yüz doxsan beş manat, səksən yeddi qəpik) manat məbləğində olan hissəsi mütənasiblik qaydasında cavabdehin məsuliyyətini icbari qaydada sığortalamış "xxxx" Sığorta Şirkəti tərəfindən ödənilməli olduğundan ASC həmin zərərin 4795.87 (dörd min yeddi yüz doxsan beş manat, səksən yeddi qəpik) manatdan artıq olan hissəsini, yəni 3427.01 (üç min dörd yüz iyirmi yeddi manat, sıfır bir qəpik) manat məbləğində pulu cavabdehdən tələb etmək hüququna malik olmuşdur. Cavabdeh etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı "xxxx" ASC-nin ona qarşı pul tələbinə dair iddiasına iddia müddətini tətbiq edərək, rədd edilməsini xahiş etmişdir. Cavabdeh etirazını onunla əsaslandırmışdır ki, "xxxx" ASC-nin iddia tələbinin rədd edilməsi üçün bir neçə əsas vardır. Bu əsaslardan biri də iddia müddətinin keçməsidir. Belə ki, iddia ərizəsində də qeyd olunmuşdur ki, yol nəqliyyat hadisəsi xx.xx.2015-ci il tarixində baş vermiş, sığorta ödənişi isə xx.xx.2015-ci il tarixdə "xxxx" markalı **-AL-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinə ödəniş edilmişdir. Qeyd edilməlidir ki, iddia müddətinin axımı xx.xx.2015-ci il tarixdən hesablanmağa başlanmışdır. Belə ki, iddianın hüquqi əsasını sığorta müqaviləsi təşkil edir. Çünki, iddiaçı "xxxx" ASC ondan məhz "xxxx" markalı **-AL-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi ilə bağladığı müqavilə əsasında pul tələb edir. Eyni zamanda "xxxx" ASC sığorta ödənişi edərkən MYP214978 nömrəli inzibati xəta haqqında protokol şikayəti əsasında məhkəmənin qərarı ilə ləğv edilmişdir. Yəni o, təqsirli şəxs hesab edilməmişdir. Həmin inzibati xəta haqqında protokol əsasında ondan pul tələb edilməsi özlüyündə qanunsuzdur. Əgər onunla "xxxx" ASC arasında hər-hansı öhdəlik (borc və s.) hüquq münasibətləri yaranmış olsaydı belə artıq həmin öhdəlik xitam olunmalı idi. Qeyd edilənlərdən müəyyən olunur ki, artıq 2020-ci ildə onun mövcud olmayan öhdəliyinə müddətin keçməsi ilə əlaqədar xitam verilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-979/2023 nömrəli, 16 yanvar 2023-cü il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, Cavabdeh 3427,01 (üç min dörd yüz iyirmi yeddi manat 01 qəpik) manat sığorta ödənişinin məbləği, 54,27 (əlli dörd manat 27 qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumu və 0,4 (40 qəpik) manat məbləğində bank xidmət haqqı olmaqla, cəmi 3481,68 (üç min dörd yüz səksən bir manat 68 qəpik) manat məbləğində pul vəsaitinin iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması qət edilmişdir. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.2, 373.1, 373.2, 936.1, 936.2, 1096.2; Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığortası üzrə sığorta qaydalarının 25.1, 25.2 və Mülki Prosesual Məcəllənin 119.1-ci maddəsinə istinad etməklə mövqeyi ondan ibarət olmuşdur ki, Cavabdeh Məmməd qızı özünə məxsus olan “KİA Sportage" markalı, **-LZ-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən yol-nəqliyyat hadisəsi törətmiş və nəticədə "Bakı Sığorta” ASC-də (bundan sonra ASC) kasko sığorta növü üzrə sığortalanmış “Mazda CX-5" markalı, **-AL-*** dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurulmuşdur. Sığorta hadisəsi nəticəsində "xxxx" markalı, **-AL-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş 8222.88 (səkkiz min iki yüz iyirmi iki manat, səksən səkkiz qəpik) məbləğində zərər məbləğinin 4795.87 (dörd min yeddi yüz doxsan beş manat, səksən yeddi qəpik) manat məbləğində olan hissəsi mütənsaiblik qaydasında cavabdehin məsuliyyətini icbari qaydada sığortalamış "xxxx" Sığorta Şirkəti tərəfindən ödənilməli olduğundan ASC həmin zərərin 4795.87 (dörd min yeddi yüz doxsan beş manat, səksən yeddi qəpik) manatdan artıq olan hissəsini, yəni 3427.01 (üç min dörd yüz iyirmi yeddi manat, bir qəpik) manat məbləğində pulu cavabdehdən tələb etmək hüququna malik olmuşdur. Eləcə də, cavabdeh etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı "xxxx" ASC-nin ona qarşı pul tələbinə dair iddiasına iddia müddətini tətbiq edərək, rədd edilməsini xahiş etmişdir. Məhkəmə hesab etmişdir ki, cavabdeh tərəfindən iddia müddətinin tətbiqi barədə verilmiş ərizə əsassızdır. Belə ki, sığortalı "xxxx" MMC və Cavabdeh arasındakı münasibətlər “zərərvurmadan (deliktdən) doğan öhdəlik münasibətlərin”dən meydana gəlmişdir. İddiaçı sığorta şirkəti sığortalı ilə öz arasında olan sığorta müqaviləsi üzrə sığorta ödənişini həyata keçirdiyindən MM-in 936.1-ci ("Subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur.") və 936.2-ci ("Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi iddiası ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir.") maddələrinə əsasən onun subroqasiya hüququ yaranmışdır. MM-in 936.1-ci maddəsində subroqasiya hüququna verilmiş anlayışdan da göründüyü kimi, sığorta şirkəti sığortalı və cavabdeh arasında mövcud olmuş zərərvurmadan irəli gələn münasibətlərdə ödədiyi sığorta məbləği həcmində tələb hüququnu əldə etmişdir. Beləliklə, işin göstərilən halları onu təsbit edir ki, hazırkı iş üzrə iddiaçı və cavabdeh arasındakı münasibətlər sığorta müqaviləsindən deyil, zərər vurmadan doğan öhdəlik münasibətləridir. Bu növ öhdəliklərdən irəli gələn tələblərə isə ümumi iddia müddəti şamil edilir və MM-in 373.1-ci maddəsinə görə, ümumi iddia müddəti on il təşkil edir. Belə olan halda, məhkəmə hesab etmişdir ki, hal-hazırkı subroqasiya qaydasında pul tələbinə dair iddiaya ümumi iddia müddəti şamil edilməli və ümumi iddia müddəti 10 il təşkil etdiyindən və xx.xx.2015-ci ildə baş vermiş sığorta hadisəsindən 10 illik müddət ötmədiyindən, cavabdehin iddia müddətinin tətbiqi barədə ərizəsi əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə onu da qeyd etmişdir ki, cavabdeh etirazında MYP214978 nömrəli inzibati xəta haqqında protokolun onun şikayəti əsasında məhkəmənin qərarı ilə ləğv edildiyini və bununla da, onun təqsirli şəxs hesab edilmədiyini qeyd etsə də, cavabdeh bununla bağlı hər hansı sübutu etirazına əlavə etməmişdir. Qətnamədən narazı qalan cavabdeh tərəf apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsində icraat: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddia müddətinin axımı xx.xx.2015-ci il tarixdən hesablanmağa başlamışdır. Həmçinin qeyd olunmalıdır ki, iddianın hüquqi əsasını sığorta müqaviləsi təşkil edir. Çünki, iddiaçı "xxxx" ASC ondan məhz "xxxx" markalı, **-AL-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi ilə bağladığı müqavilə əsasında pul tələb edir. Eyni zamanda "xxxx" ASC sığorta ödənişi edərkən MYP 214978 nömrəli inzibati xəta haqqında protokol şikayəti əsasında məhkəmənin qərarı ilə ləğv edilmişdir. Yəni təqsirli şəxs hesab edilməmişdir. Həmin inzibati xəta haqqında protokol əsasında ondan pul tələb edilməsi özlüyündə qanunsuzdur. Həmçinin əgər onunla "xxxx" ASC arasında hər-hansı öhdəlik (borc və s.) hüquq münasibətləri yaranmış olsaydı belə artıq həmin öhdəlik xitam olunmalı idi. Belə ki, Mülki Məcəllənin 550-ci maddəsinə əsasən tələbə, yəni digər şəxsdən hərəkətin edilməsini və ya edilməməsini tələb etmək hüququna müddətin keçməsinə görə xitam verilə bilər. Qeyd edilənlərdən müəyyən olunur ki, artıq 2020-ci ildə onun mövcud olmayan öhdəliyinə müddətin keçməsi ilə əlaqədar xitam verilmişdir. Əgər birinci instansiya məhkəməsi araşdırma zərurəti yaranmasına baxmayaraq inzibati xəta haqqında protokolun məhkəmə qərarı ilə ləğv edilib-edilməməsini müəyyən etmək üçün sorğu versəydi onda cavabdehin qeyd etdiklərinin həqiqət olduğunu müşahidə etmiş olardı. Həmçinin məhkəmə tərəfindən təqdim edilmiş sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etmədiyini, iş üzrə əlavə araşdırma zərurətinin yarandığını və işə iddia icraatı qaydasında baxılmalı olduğu nəzərə alınmalı idi. Hesab edir ki, məhkəmə təqdim edilmiş sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etmədiyini, MYP 214978 nömrəli inzibati xəta haqqında protokolun məhkəmə qərarı ilə ləğv edilib-edilməməsini müəyyən etmək üçün iş üzrə əlavə araşdırma zərurəti yarandığını və işə iddia icraatı qaydasında baxılmalı olduğunu nəzərə almadan çıxarılmış qətnamə tam qanunsuzdur. Belə ki, işə iddia icraatı qaydasında baxıldıqdan sonra, xx.xx.2015-ci il tarixli akta əsasən zərərin düzgün hesablanmasını müəyyən etmək üçün ekspertiza təyin etdikdən sonra qətnamə çıxarılmalı idi. İddiaçının nümayəndəsi apellyasiya şikayətinə yazılı etiraz təqdim edərək, apellyasiya şikayətinin rədd edilməsi və iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi etirazı onunla əsaslandırmışdır ki, cavadehin öhdəliyi hər hansı bir müqavilədən deyil, onun tərəfindən avtomobil idarə edilən zaman törədilmiş yol-nəqliyyat hadisəsi nəticəsində iddiaçıda əmlak sığortası qaydasında sığortalanmış avtomobilə zərər vurulmasından, yəni deliktdən irəli gəlir. İddiaçının cavabdehə qarşı tələbi aralarında bağlanmış hər hansı bir müqavilədən deyil, törədilmiş mülki hüquq pozuntusundan, deliktdən irəli gəlir. Cavabdehin vurduğu zərəri ödəmiş iddiaçı reqres hüququndan istifadə edir. Bundan başqa tərəflərindən yol-nəqliyyat hadisəsinin törədilməsini və inzibati xəta pozuntusuna görə cavabdehin inzibati məsuliyyətə cəlb edilməsini təsdiq edən mötəbər sübutu – inzibati xəta haqqında protokol məhkəməyə təqdim edilmişdir və inzibati xəta pozuntusunun mövcud olmamasını eləcə də yolnəqliyyat hadisəsinin özünün təqsiri nəticəsində törədilməsini sübut etmə vəzifəsi bilavasitə cavadehin üzərinə düşür. Hazırki halda cavabdeh özü üçün əlverişli olan halı, yəni inzibati xəta pozuntusunun olmamasını və inzibati məsuliyyətə cəlb edilməməsini, yol-nəqliyyat hadisəsinin onun təqsiri nəticəsində törədilməsini bilavasitə özü sübut etməlidir və məhkəmənin cavabdehin əvəzindən bu halı araşdırmaq üçün sübutlar tələb etməsi yolverilməzdir. Bundan başqa dəymiş zərərin qiymətləndirilməsi iddiaçı tərəfindən qanunvericiliyə müvafiq qaydada aparılmışdır və birinci instansiya məhkəməsi istinad edilən normaları nəzərə alaraq, tərəflərindən təqdim edilmiş zərərin hesablanması aktını mötəbər sübut kimi nəzərə almışdır. Apellyasiya baxışı zamanı Bakı Apellyasiya Məhkəməsinin 15 mart 2023-cü il tarixli qərardadı ilə iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı "subroqasiya qaydasında pul" tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)- 979/2023 nömrəli, 16 yanvar 2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə tərəflər dəvət edilməklə məhkəmə iclasında baxılması qərara alınmışdır. Proses iştirakçılarının izahatı: Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi-vəkili Vəkil apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, yol-nəqliyyat hadisəsinin cavabdehin təqsiri nəticəsində törədilmədiyini sübut edən Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 22 aprel 2015-ci il tarixli qərarının surətini təqdim edərək, hazırki iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməklə, iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Apelyasiya baxışının hədləri. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi nəzərdə tutulduğundan qətnamə tam yoxlanılmasını təşkil edir. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Tətbiq edilən hüquq: Mülki Məcəllə: 936.1. Subroqasiya hüququ həmin Məcəllənin 936.6 maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərər görə məsuliyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.2. Faydalanan şəxsin zərər vuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. 1096.2. Delikt törətmiş şəxs mülki hüquqi məsuliyyət daşıyır. Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığortası üzrə sığorta qaydalarının: 25.1. Sığortalanmış avtomobilə dəymiş zərərin əvəzini ödəmiş sığortaçı sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən istifadə edə bilər. 25.2. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüququ sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Mülki Prosessual Məcəllə: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 372.1. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.7. Apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənini maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləüv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 385.1.1 və 385.1.2. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzıün tətbiq edilməməsi; məhkəmənin ıəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apelyasiya instansiyası məhkəməsinin mövqeyi
Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdırmaqla, işdə olan sübutları tədqiq edərək və həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi qərar qəbul edərkən kifayət qədər araşdırmamış eləcə də maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək yeni qətnamə çıxarılmalı iddia tələbi rədd edilməlidir. Məhkəmə kollegiyası ilk olaraq qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən prosessual normaların tələbləri pozulmuşdur. Belə ki, birinci instansiya məhkəməsi baxışı zamanı cavabdeh iddia ərizəsinə etiraz göndərərək, iddia tələbinin əsasını təşkil edən, yəni baş vermiş yol-nəqliyyat hadisəsi zamanı onun təqsirli olmasını sübut edən inzibati xəta haqqında protokoldan şikayət verdiyini və həmin protokolun məhkəmə qaydasında ləğv edildiyini bildirmişdir. Belə olan halda isə birinci instansiya məhkəməsi tərəflər dəvət edilməklə işə iddia icraatı qaydasında baxılması haqqında qərardad qəbul etməli idi, çünki cavabdeh tərəf iddiaçının subroqasiya hüququnu əldə etməsinə əsas olan yol-nəqliyyat hadisəsi zamanı təqsirinin olmamasını bildirmişdir ki, bu hallar əlavə araşdırma tələb etməklə yanaşı tərəflərin təqdim etdiyi sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etməmişdir, bununla da birinci instansiya məhkəməsi tərəfləri məhkəmə iclasına dəvət etməklə onların izahatlarını almalı və çəkişmə prinsipinə əməl edilməklə işə baxılmalı idi. Belə ki, Mülki Prosessual Məcəllənin 284-5.4-cü maddəsinə əsasən məhkəmə aşağıdakı hallarda işə iddia icraatı qaydasında baxılması haqqında əsaslandırılmış qərardad çıxarır: 284-5.4.1. qarşılıqlı iddia verilərsə; 284-5.4.2. üçüncü şəxsin işə daxil olması barədə vəsatəti təmin edilərsə; 284-5.4.3. tərəflərin təqdim etdiyi sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etmirsə; 284-5.4.4. iş üzrə əlavə araşdırmanın, o cümlədən sübutların yerində müayinəsi, tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurəti yaranırsa. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi isə cavabdehin etirazının dəlillərinə qiymət verməyərək, işə iddia icraatı qaydasında baxmayaraq tərəflərin tələb və etirazlarının əsası kimi istinad etdikləri hallar üzrə araşdırma aparmamış, tərəflərin təqdim etdiyi sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etməməsinə əhəmiyyət verməmişdir. Azərbaycan Respublikasının MPM-nin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun. Göründüyü birinci instansiya məhkəməsi işə baxarkən istinad edilən normanın tələblərini pozmaqla düzgün olmayan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, hazırki iş üzrə subroqasiya hüququnun yaranması üçün ilk olaraq baş vermiş yol-nəqliyyat hadisəsi zamanı cavabdehin məsuliyyətinin olub-olmamasının müəyyən edilməsi vacibdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsinin xx.xx.2015-ci il tarixli, MYP214978 №-li inzibati xəta haqqında qərardan görünür ki, Cavabdeh özünə məxsus olan “KİA Sportage" markalı, **-LZ-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən xx.xx.2015-ci il tarixdə Neftçilər prospektindən sağ zolaqdan sola Azadlıq prospekti istiqamətinə dönərkən özündən solda düzünə hərəkət edən “Mazda” markalı **-AL-*** dövlət qeydiyyat nişanlı avtomobili buraxmayıb, onunla toqquşmuş və o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 151.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək, 40 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Göründüyü kimi hazırda cavabdehin məsuliyyətini müəyyən edən yeganə sübut Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsinin xx.xx.2015-ci il tarixli, MYP214978 №-li inzibati xəta haqqında qərarı olmuşdur ki, həmin qərardan da göründüyü kimi cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 151.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinmişdir. Bununla belə cavabdeh tərəf ilk olaraq iddia ərizəsinə etirazında eləcə də apellyasiya şikayətində həmin protokolun tərəfindən verilmiş şikayətə əsasən məhkəmə qaydasında ləğv edildiyini bildirmişdir. Bununla bağlı isə cavabdeh tərəfindən apellyasiya instansiyası məhkəməsinə təqdim edilmiş Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 3(004)-259/2015 nömrəli, 22 aprel 2015-ci il tarixli qərarından görünür ki, Cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsinin xx.xx.2015-ci il tarixli, MYP214978 №-li inzibati xəta haqqında protokolu əsasənda qəbul edilmiş 23 mart 2015-ci il tarixli inzibati qərarı məhkəmə qaydasında mübahisələndirmiş və onun şikayəti təmin edilərək, qeyd olunan qərar ləğv edilmiş və inzibati xəta haqqında iş yenidən baxılması üçün Bakı şəhəri BPİ X6 İdarəsinə göndərilmişdir. Göründüyü kimi cavabdehin təqsirini sübut edən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsinin xx.xx.2015-ci il tarixli, MYP214978 №-li inzibati xəta haqqında protokol və həmin protokol əsasında qəbul edilmiş qərar məhkəmə qaydasında ləğv edilmişdir. Bununla əlaqədar iddiaçı tərəf yazılı vəsatət verərək, məhkəmə qaydasında ləğv edilmiş qərara yenidən baxılmasının nəticəsi barədə məlumat əldə etmək üçün sorğu verilməsini qeyd etdiyindən, məhkəmə iclası təxirə salınmış, lakin iddiaçı tərəf qərara yenidən baxılmasının nəticəsi barədə ağalaban müddət ərzində hər hansı sübut təqdim etməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsində işə baxılarkən cavabdehin etirazında cavabdehin təqsirini sübut edən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsinin xx.xx.2015-ci il tarixli, MYP214978 №-li inzibati xəta haqqında protokol və həmin protokol əsasında qəbul edilmiş qərarın şikayəti əsasında məhkəmə qaydasında ləğv edilməsi barədə izahat verməsi və qətnamədə də bu halın əks edilməsi ilə iddiaçıya məhkəmə qaydasında ləğv edilmiş qərara yenidən baxılmasının nəticəsi barədə məlumat əldə etmək üçün imkan yaradılmışdır. Lakin iddiaçı tərəf bu vaxt baxımından imkandan istifadə etməyərək yalnız apellyasiya instansiyası məhkəməsində işə baxılarkən bu vəzifəsini həyata keçirmək üçün möhlət istəmiş, verilən vaxt ərzində isə qeyd olunduğu kimi sözügedən sənədlə bağlı təkzibedici sübut təqdim etməmişdir. Halbuki hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası iddia tələbinə münasibətdə həmçinin qeyd etməyi zəruri hesab edir ki, Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Həmçinin qeyd edilməlidir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İşin qeyd olunan hallarından göründüyü kimi "Bakı Sığorta” ASC-də kasko sığorta növü üzrə sığortalanmış “Mazda CX-5" markalı, **-AL-*** dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi zamanı cavabdehin təqsiri müəyyən edilməmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tələbinin əsaslarını məhkəmə araşdırması zamanı sübut edə bilmədiyindən iddiası göstərilən hallara görə qanuni və əsaslı sayıla bilməz. Məhkəmə kollegiyası bu qənaətə gələrkən cavabdehin hazırki mübahisəyə iddia müddətinin tətbiq edilməs barədə dəlilinin də əsassız olmasını qeyd edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materiallarına əsasən yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi iddia üzrə maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir ki, bununla da gəldiyi nəticə qanuni və əsaslı hesab edilə bilməz. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia tələbi rədd olunmasına dair yeni qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Kollegiya hesab edir ki, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.3, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası,
Qət etdi:
Cavabdeh Məmməd qızı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-979/2023 nömrəli, 16 yanvar 2023-cü il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı "subroqasiya qaydasında pul" tələbinə dair iddiası təmin edilməsin. Apellyatorun ödədiyi dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən Xumar Mərdanova Hakimlər Elnur Həsənov Sabit Bəhramzadə