Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2316/2021 02.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızından və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı uşağın himayədə olması faktının müəyyən edilməsi və aliment tələblərinə dair 2(002)-2488/2020 saylı mülki iş üzrə Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2003-cü il təvəllüdlü X1 iddiaçının himayəsində olması faktı müəyyən edilməklə uşağın yetkinlik yaşına çatana qədər, eləcə də Bakı Dövlət Universitetində təhsil aldığı müddət ərzində Cavabdeh hər ay aylıq qazancının və digər gəlirlərinin dörddə bir hissəsi miqdarında alimentin tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdehi 2000-ci ildən tanıyır, onunla faktiki münasibətlərindən xx.xx.2003-cü il təvəllüdlü X3 anadan olmuşdur, uşaq daimi olaraq onun himayəsində olmuşdur. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(004)-1813/15 saylı qətnaməsi ilə xx xxxxxx 2003-cü il təvəllüdlü X1 atasının Cavabdeh olduğu müəyyən edilmişdir. X3 anadan olduqdan sonra bu günə kimi onun himayəsində olmaqla onu tək ana kimi saxlayıb böyütmüşdür. Cavabdeh qızlarının təminatı üçün mütəmadi olaraq hər ay müəyyən məbləğdə (son aylarda 200 manat) pul yardımı etmişdir. Ancaq cavabehin öz ailəsi olduğu üçün uşağın saxlanmasında heç bir mənəvi və faktiki iştirakı olmamışdır. O, Cəbrayıl rayonundan məcburi köçkün olmaqla hazırda qızı ilə yaşaması üçün ona məcburi köçkünlər üçün salınmış Qobu Park yaşayış massivində iki otaqlı mənzil vermişlər, ana-bala bu mənzildə birlikdə yaşayırlar. Qızları bu il ödənişli əsaslarla Bakı Dövlət Universitetinin Filologiya fakültəsinə qəbul olunmuşdur. Bu fakt onun maddi məsuliyyətini artırır. O, orta məktəbdə müəllimə kimi işləyir, lakin aldığı maaş uşağı ilə onun dolanışıqlarına tam yetmir, xeyli çətinlikləri yaranır. Cavabdeh polis orqanlarında uzun müddət çalışmış və mayor rütbəsi ilə təqaüdə çıxmışdır. Cavabdeh təqaüdünün miqdarının 600 manat olduğunu söyləsə də, hesab edir ki, yüksək rütbəli zabit kimi təqaüdə çıxdığı üçün onun təqaüdünün məbləği 600 manatdan artıqdır. Hesab edir ki, cavabdehin aylıq qazancının və digər gəlirlərinin dörddə bir hissəsi miqdarında alimentin tutulması qızlarının daha əlverişli şəraitdə yaşaması və mükəmməl təhsil alması nöqteyi nəzərindən əhəmiyyətlidir. Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, xx.xx.2003-cü il təvəllüdlü X1 anası İddiaçı himayəsində olması faktının müəyyən edilməsi, xx xxxxxxx 2020-ci il tarixdən başlayaraq xx.xx.2003-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay qazancının və digər gəlirlərinin ¼ (dörddə bir) hissəsi miqdarında alimentin tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin qızları X1 Bakı Dövlət Universitetində təhsil aldığı müddətdə Cavabdeh müəyyən məbləğdə pul ödəməsi hissəsində qismən ləğv edilməsini və iddianın tam təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiasının təmin olunmamış hissəsi ilə qızının BDU-da əyani oxuduğu müddətdə alimentin tutulmasının təmin edilmədiyi hissəsində qətnamə ilə razılaşmır. Hesab edir ki, qətnamə həmin hissədə maddi hüquq normasının pozulması (düzgün şərh edilməməsi) ilə çıxarılmışdır. Düzdür, qızları əmək qabiliyyətlidir. Ancaq o, 18 yaşı tamam olmazdan öncə ali məktəbin əyanı şöbəsinə daxil olmuşdur. Odur ki, birinci kursda aliment ödənilsə də, sonrakı 3 il üçün yetkinlik yaşına çatdığına görə aliment alması dayandırılacaq. Ancaq qızları 3 il ərzində əyani oxuduğu müddətdə faktiki olaraq əmək fəaliyyəti ilə məşğul ola bilməyəcəkdir. Çünki əyani təhsili buna imkan verməyəcəkdir. Belə olan halda, təhsil müddətində mütləq qaydada maddi yardıma ehtiyacı olacaqdır ki, bunu da yalnız valideynləri ona etməlidirlər. Başqa imkan yoxdur. Həmçinin, qızları pullu təhsil aldığından maddi durum baxımından çıxılmaz duruma düşəcəyi faktdır. Odur ki, onun valideyinlərinin maddi dəstəyinə ehtiyacı mütləqdir. Apellyasiya baxışı zamanı iddiaçı şikayəti müdafiə edərək təmin olunmasını xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdeh iclasda iştirak etməmiş və bunun səbəblərini bildirməmişdir. Kollegiya işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iddiaçını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Hazırkı iş üzrə xx.xx.2003-cü il təvəllüdlü X1 ali təhsil aldığı müddət ərzində cavabdehdən alimentin tutularaq iddiaçıya ödənilməsinə dair iddianın təmin olunmayan hissəsində qətnamə yoxlanılır. Birinci instansiya məhkəməsi iş üzrə tədqiq edilmiş sübutlar əsasında müəyyən etmişdir ki, X3 xx.xx.2003-cü il tarixdə Bakı şəhərində anadan olmuşdur. Bəylərova Fidanın atası Cavabdeh, anası İddiaçıdır. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(004)-1813/15 saylı qətnaməsinə əsasən xx xxxxxx 2003-cü il təvəllüdlü X2 atasının Cavabdeh olması faktının müəyyən edilməsi, X2 adına yeni doğum akt qeydi aparılıb doğum haqqında şəhadətnamənin verilməsi, doğum akt qeydində doğum tarixinin xx xxxxxx 2003-cü il, soyadının Bəylərova, adının Fidan, atasının adının Qurban, ata qrafasında Cavabdeh, ana qrafasında İddiaçı, doğulduğu yerin Bakı şəhəri olmasının qeyd edilməsi qət edilmişdir. xx.xx.2003-cü il təvəllüdlü X1 xx.xx.2020-ci il tarixli ərizəsinə əsasən, o, həqiqətən anası İddiaçı himayəsində yaşayır. Birinci instansiya məhkəməsi işin müəyyən edilmiş hallarına qanunvericlik normalarını tətbiq etməklə belə qənaətə gəlmişdir ki, iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin etməklə mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı mahiyyəti üzrə düzgün nəticəyə gəlmişdir. Belə ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinə əsasən, valideynlər əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlarını saxlamağa borcludurlar. Aliment ödənilməsi barədə saziş olmadıqda, əmək qabiliyyəti olmayan yetkinlik yaşına çatmış övladların saxlanması üçün alimentin miqdarı, tərəflərin ailə və maddi vəziyyəti, diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilir (maddə 80). Alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər (81). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin “əmək qabiliyyəti olmayan” müddəası yetkinlik yaşına çatmış övladın bu və ya digər xəstəlik və ya ondan yaranan qüsurlar nəticəsində əlilliyə məruz qalaraq, peşəkar və ya ümumi əmək fəaliyyəti ilə məşğul olmaq qabiliyyətini, yaxud imkanını tamamilə və ya qismən itirməsi kimi başa düşülməlidir. Qərarda qeyd olunur ki, ümumi orta təhsildən fərqli olaraq əlavə və ya peşə təhsili, eləcə də ali təhsilin seçim xüsusiyyətinə malik olması, müsabiqə əsasında təşkil olunması və daha çox fərdin maddi vəziyyəti ilə bağlı olması baxımından, uşağın ümumi orta təhsili başa vurduqdan sonra əlavə və ya peşə təhsili, ali təhsil almasına, böyük xərc tələb edən müsabiqə və sair tədbirlərdə iştirakına görə valideynlərin əlavə xərclərdə iştirakı, onlardan bu məsələ ilə bağlı vəsait tələb olunması əsassızdır. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 80.1-ci maddəsində nəzərdə tutulmuş şərtlərin mövcudluğu müəyyən edilmədiyindən, iddia tələbi alimentin uşağın yetkinlik yaşına çatdıqdan sonra ali təhsil aldığı dövr üçün müəyyən edilməməsi hissəsində birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır. Bu səbəbdən, apellyasiya şikayəti təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-2488/2020 saylı, xx xxxxxx 2020ci il tarixli qətnaməsi mübahisələndiirlən hissədə - xx.xx.2003-cü il təvəllüdlü X1 ali təhsil aldığı müddət ərzində cavabdehdən alimentin tutularaq iddiaçıya ödənilməsinə dair iddianın təmin olunmayan hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-2316/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2316/2021
02.03.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver