Məhkəmə qərarları › İş №2(103)-2316/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2316/2024

08.04.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2316/2024 08.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Azneft” İstehsalat Birliyinə qarşı iş üzrə QƏTNAMƏSİ Açar sözlər: “mənəvi ziyanın ödənilməsi” hakimlər X2 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, hakim köməkçisi Həsənova Ləman Rasim qızının katibliyi, iddiaçının nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Azneft” İstehsalat Birliyinə qarşı mənəvi ziyanın ödənilməsi tələbinə dair Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2242/2023 saylı işi üzrə 13 dekabr 2023-cü il tarixli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı:

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Azneft” İstehsalat Birliyinə qarşı iddia ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Azneft” İstehsalat Birliyindən mənəvi zərərə görə 50000 manat məbləğində pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2242/2023 saylı işi üzrə 13 dekabr 2023-cü il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Azneft” İstehsalat Birliyindən mənəvi zərərə görə 20000 manat pul vəsaitinin tutularaq İddiaçı ödənilməsi, qalan hissədə iddianın təmin edilməməsi qət edilmişdir. Qətnamədə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixli Qərarına; Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumu “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 03 noyabr 2008-ci il tarixli Qərarına; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” 24 aprel 2020-ci il tarixli Qərarına; Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 18 aprel 2022-ci il tarixli Qərarına; Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21, 1096.1, 1097.1, 1099.1, 1114.1; Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4-cü maddələrinə istinadən qeyd edilmişdir ki, baş vermiş hadisədən artıq 13 il keçməsi onu qəti surədə deməyə əsas verir ki, iddiaçının hadisənin ilk vaxtlarında keçirdiyi arzuolunmaz mənəvi-psixoloji stressin səviyyəsi ilə hazırkı vaxtda keçirdiyi stressin səviyyəsi eyni ola bilməz. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Hadisədən uzun müddət keçdikdən sonra mənəvi zərərin təsirinin azalması da labüddür. Ona görə də iddia tələbinin iddiaçının qeyd etdiyi formada, tam həcmdə təmin olunması əsasları hazırda mövcud deyildir.Zərərçəkənin ölümünə səbəb olmuş hadisə ehtiyatsızlıqla törədilmiş cinayət olduğundan zərərin məbləği 20000 manat məbləğində müəyyən edilməlidir.

3. İşin icraatı zamanı müəyyən edilmişdir ki : - Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 1(009)- 263/2010 nömrəli, 18 noyabr 2010-cu il tarixli hökmünə əsasən, X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib və CM-nin 62-ci maddəsi tətbiq edilərək hər ay qazancının 15% məbləğində pul vəsaiti dövlət nəfinə tutulmaqla 1 il 6 ay müddətinə islah işləri cəzasına məhkum edilmişdir; - AZ-İ 412299 nömrəli, 20 iyul 2010-cu il tarixli ölüm haqqında şəhadətnamənin surətinə əsasən, X7 xx.xx.2010-cu ildə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 2010-cu ilin iyul ayının 20 günündə 117 № ilə qeyd edilmişdir (iş səh.15-24, 25). Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri:

4. İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)- 2242/2023 nömrəli xx.xx.2023-cü il tarixli qətnaməsini iddianın təmin edilməyən hissəsində ləğv edərək, iddianın tam təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair 24 aprel 2020-ci il tarixli qərarına, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 saylı qərarının 2-ci bəndinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1,9.1, 9.3, 13.7, 217.1, 217.3-cü maddələrinə istinadən qeyd edilmişdir ki, iztirab və sarsıntının nəticəsi olan zərər, zərərçəkənin hiss etdiyi fiziki və ya psixoloji ağrı şəklində ortaya çıxdığına görə təzminat bu ağrının dərəcəsinə mütənasib olmalıdır. Ağrının şiddəti obyektiv faktorlara görə dəyərləndirilir. Belə obyektiv faktorlara, törədilən hüquqazidd əməlin növü, ölçüsü, şiddəti, davam etdiyi müddət, zərərçəkən şəxsdə mənfi fiziki və psixoloji təsiri misal göstərmək olar. Zərərin ağırlığının çox olması təzminat miqdarının yüksək olmasını, zərərin ağırlığının az olması isə təzminat miqdarının aşağı olmasını şərtləndirir. 13 ildən artıqdır o, bu sarsıntılara, əzablara, iztirablara məruz qalır. Bunun nə demək olduğunu anlayırsınızmı? Bəlkə də işə baxan hakim gənc olduğundan onun nələr çəkdiyini yetərincə başa düşmür. Bəlkə də bu işdə təcrübəsi olmadığından heç bir əsaslandırma aparmadan, azyaşlı 10 yaşında olan uşağının həyatını 20000 manat qiymətləndirmişdir. Qeyd olunanlara əsasən məhkəmə iddia tələbinin tam təmin edilməsinə dair qətnamə çıxarmalı idi. Lakin Səbail Rayon Məhkəməsi maddi hüquq normalarına əməl etməyərək, əsassız olaraq iddianın qismən,cüzi şəkildə təmin edilməsi haqqında qətnamə çıxarmaqla iddiaçının hüquqlarının məhkəmə müdafiəsini pozmuşdur. 10 yaşlı uşağının faciəli şəkildə ölməsindən sonra onun xəsarətli cəsədi gözünün önündə bir şəkil kimi canlanır. Bu və iddia ərizəsində sadalanan digər hallar ana olaraq davamlı mənəvi iztirab və sarsıntı keçirməsinə səbəb olur. Ona görə də, məhkəmədən cavabdehdən 50000 manat məbləğində pul vəsaitinin mənəvi zərərə görə tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə yalnız kompensasiyanın ödənilməli olmasını deyil, həm də ödəniləcək məbləğin miqdarını da əsaslandırmağa borcludur. Əks təqdirdə iddiaçıya ədalətsizlik etmiş olur. Vəkili izahatında analoji işlər üzrə təyin edilən kompensasiya məbləği ilə bağlı məhkəmə aktlarına istinad etmiş, qərarlara əsasən səhlənkarlıq cinayəti nəticəsində mülki hüquq pozuntusu səbəbi ilə uşaq ölümünə görə vurulmuş mənəvi zərərə təyin edilən kompensasiya məbləğinin 50000 manat həddində təmin edildiyini bildirmişdir. Birinci instansiya məhkəməsi qətnamədə qeyd edir ki, hadisədən uzun müddət keçdikdən sonra mənəvi zərərin təsirinin azalması da labüddür. Oğlunun faciəvi ölümü onu sarsıtmaqdan başqa, onun şəklini görəndə körpə çöhrəsi fikrində canlanır və hər gün bu iztirabı yaşayır. Onunla bağlı çox gözəl xatirələri var idi. Qaçqınçılıq bir yandan, bir yandan da övlad ağrısı dözülməzdir. Həyat yoldaşı ila artıq elə bir yaşda deyillər ki dünyaya uşaq gətirsinlər,artıq yaşlanmışlar. Məhkəmə bu halı da nəzərə almamışdır. Baş vermiş hadisədən artıq 13 il keçməsi onu qəti surədə deməyə əsas verir ki, iddiaçının hadisənin ilk vaxtlarında keçirdiyi arzuolunmaz mənəvi-psixoloji stressin səviyyəsi ilə hazırkı vaxtda keçirdiyi stressin səviyyəsi eyni ola bilməz. Məhkəmə bu halları müəyyən etmək üçün ilk növbədə onun yaşadıqlarını yaşamalıdır. Bu mənən baş verməlidir. Əlbəttə, o, başına gələnləri heç bir anaya arzu etməz.

5. Cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Azneft” İstehsalat Birliyi apellyasiya şikayəti verərək, Bakı şəhəri Səbail rayon Məhkəməsinin e-2(009)-2242/2023 №-li, xx.xx.2023cü il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətdə “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında”Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il qərarına, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2,21.3, 1096.1, 1096.2, 1097.1; Mülki Prosessual Məcəllənin 9.3, 88, 217.1, 217.3-cü maddələrinə istinadən qeyd edilmişdir ki, zərərin əvəzini zərər vurmuş şəxs ödəməlidir. Qanunvericilikdə bir neçə şəxsin bir hüquqpozmada mülki-hüquqi məsuliyyətini müəyyənləşdirən üç məsuliyyət növü vardır. Bunlar paylı məsuliyyət, solidar (birgə) məsuliyyət və subsidiar (əlavə) məsuliyyətdən ibarətdir. Paylı məsuliyyətdə hər kəs öz payı daxilində məsuliyyət daşıyır ki, vurulmuş zərərin əvəzinin ödənilməsində öz payı həcmində iştirak edir. Solidar (birgə) məsuliyyəti bir neçə şəxs birlikdə zərər vurduqda daşıyır. Məsuliyyətin bu növünün xüsusiyyəti ondadır ki, məhkəmə zərərçəkənin mənafeyi üçün zərəri birlikdə vurmuş şəxslərin üzərinə məsuliyyəti hissələr şəklində qoya bilər. Subsidiar məsuliyyət qanunda və ya müqavilədə nəzərdə tutulduğu halda borclu ilə birlikdə öhdəliyin lazımınca icra edilməməsinə görə əlavə məsuliyyətdir. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə birbaşa ziyan və ya zərər vurulmasına səbəb olan təqsirli, hüquqazidd əməldir. Bunun nəticəsində yaranmış öhdəlikdə delikt törətmiş zərərvuran və zərərçəkmiş şəxs iştirak edir. Mülki hüquq pozuntusunun yaranmasında nəzərdə tutulan hüquqazidd əməl dedikdə, mülki qanunvericiliyin normalarını pozan hərəkət və ya hərəkətsizlikanlaşılır. Eləcə də delikt törətmiş şəxsin əməli təqsirli olmalıdır. Bakı şəhəri Səbail rayon Məhkəməsinin 1(009)-263/2023 saylı xx.xx.2010-cu il tarixli hökmündən də görünür ki, X3 öz xidməti vəzifəsinə lazımi qaydada yerinə yetirməməsi, səhlənkarlığa yol verməsi nəticəsində fiziki şəxs vəfat etmişdir. “Azneft” İB tərəfindən nə cinayət, nə də mülki hüquq pozuntusu olmadığından, hazırki iddia tələbi cavabdehdən deyil X1 tələb edilə bilər. Birinci instansiya məhkəməsi hazırkı işə baxarkən yuxarıda qeyd etdiyimiz maddi və prosessual hüquq normalarının tələblərini pozmuş və nəticədə qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Apellyasiya icraatında müəyyən edilən hallar və məhkəmə prosesi iştirakçılarının izahatları:

6. İddiaçının nümayəndəsi Vəkil apellyasiya şikayətini müdafiə etmiş, iddiaçının övladını itirməsindən müddətin keçməsi valideynin iztibarları azaltmadığını, əksinə artırdığını, baş verən hadisənin daim ananın gözlərində canlandığını bildirmiş, oxşar iddia tələbi ilə iddiaçının ərinin və ya digər qohumunun tələb irəli sürmədiklərini, cinayət işi üzrə mülki iddia olmadığını qeyd etmiş, işəgötürən təşkilatın ərazidə təhlükəsizliyi təmin etməli olduqlarını bildirməklə apellyasiya şikayətlərinin təmin edilməsini, cavabdehin isə apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.

7. Məlumatlandırılması üçün qanunvericilikdə nəzərdə tutulan tədbirlərin görülməsi nəticə vermədiyindən cavabdehin iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri:

8. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarına və Mülki Prosesual Məcəllənin 372-ci maddəsinə əsasən: maddi və prosessual hüquq normalarına riayət etməsi baxımından birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır. Tətbiq edilən hüquq və apelyasiya instansiyası məhkəməsinin mövqeyi:

9. Məhkəmə kollegiyası mübahisə edilən hissədə apellyasiya şikayətinin dəlillərinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23–cü maddələrinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarı; “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli 7 saylı Qərarının, Mülki Məcəllənin 21.1, 1096-1098, 1114- 1115; "İnsan Hüquqlarının və X4 Haqqında Konvensiya"nın 41; Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 12.2, 181.2.4, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 76, 77.1, 80-82, 89, 106.2, 119, 217.4, 220.5, 385-390-cı maddələrinə istinadən hesab edir ki, apellyasiya şikayətlərinin faktiki və hüquqi əsasları olmayan dəlilləri formal mülahizə xarakteri daşıdığından əsassızdır və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Birinci instansiya məhkəməsi tərəfindən mənəvi zərərə görə ağlabatan məbləğdə tutulan kompensasiyanın sübutu hamıya bəlli olan hallardır ( cinayət təqibi və sair), qətnamənin qəbul edilməsində qanunvericiliyin tətbiqi zamanı pozuntu müəyyən edilmir.

10. Mülki Məcəllənin 1096.1-1096.2-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

11. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

12. Həmin Məcəllənin 1099.1-ci maddəsinə əsasən: Hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. 1099.2. Bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun.

13. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli Qərarında qeyd edilmişdir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyriəmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır.

14. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli Qərarına əsasən zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də, mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur.

15. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olubolmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.

16. Həmin Məcəllənin 106.1-106.2-ci maddələrinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir; digər tərəf sübutları özündə saxlayıb məhkəmənin tələbi ilə təqdim etmədikdə, məhkəmə tərəflərin bildirdiyi məlumatlar əsasında iş üçün əhəmiyyətli olan halları müəyyən olunmuş hesab edə bilər.

17. lllər öncə baş vermiş hadisədən sonrakı dövrün mənəvi sarsıntıların çoxalmasına xidmət etməməsi, cinayət təqibi üzrə iddiaçının və ya şikayətinin olmaması və sair bu kimi dəlillər qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə bir valideyn üçün müəyyən edilmiş mənəvi zərərə görə kompensasiya verilməsindən fərqli məbləğ müəyyən edilməsi üçün əsas ola bilməz. Belə ki, mənəvi zərər insana təbii hüquq olaraq anadangəlmə məxsus bir sıra hüquqlarının da məhdudlaşmasına səbəb olur və yalnız onun şəxsiyyətinə, sağlamlığına və mənəvi-psixoloji vəziyyətinə təsirini, keçirdikləri mənəvi əzab və stressləri nəzərə alaraq və bunların dəyərləndirilməsi baxımından qət edilən məbləğ daha çox simvolik səciyyə daşıyır. Qeyd edilənlər baxımından hazırkı münasibətlərdə cavabdehlik daşıdığı məsələ üzrə cavabdehin cinayət prosesi zamanı (və ondan sonra) davranışını və iddiaçının cinayət təqibi üzrə şikayətinin olmadığını, habelə onun məhkəmə qərarından şikayət vermədiyini nəzərə alaraq, məhkəmə kollegiyası mənəvi ziyan hissədə məbləğinin fərqli tutulmalı olması və ya iddianın rədd edilməsi ilə bağlı apellyasiya şikayətlərində təsbit edilmiş dayanıqlı (sübutlar) dəlillər müəyyən etmir.

18. Məhkəmə kollegiyası qeyd edilən xüsusatlar üzrə baş vermiş cinayət hadisəsi nəticəsində oğlunun ölməsi ilə bağlı ananın və digər ailə üzvlərinin mənəvi sarsıntı keçirməsinin, yaşanan stres, əzab və əziyyətlər ilə bağlı iddiaçının dəlillərinin mübahisəsiz olduğunu diqqətəlayiq hesab edərək, iddiaçının keçirdiyi mənəvi sarsıntının, dəyərləndirdiyi məbləğə yaxın - 20000 manat məbləğində mənəvi zərərə görə kompensasiyanın müəyyən edilməsini ağlabatan və ədalətli hesab edir. Cavabdehin apellyasiya şikayəti üzrə isə diqqətə çatdırılmalıdır ki, mülki məsuliyyəti müəyyən edən mülki hüquq normalarının tələblərinin özünə münasib tərzdə subyektiv təfsirə əsaslanma işəgötürənin işçinin hüquqa zidd hərəkətlərinə görə məsuliyyətini müəyyən normativ tənzimlənməni istisna etmir.

19. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin əsassız olduğunu nəzərə alaraq, şikayətlərin verilməsi üçün ödənilmiş dövlət rüsumu üzrə məhkəmə xərclərinin onu ödəyən şəxslərə aid edilməsini kollegiya əsaslı hesab edir.

20. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: İddiaçı və cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Azneft” İstehsalat Birliyinin apellyasiya şikayətləri rədd edilsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2242/2023 saylı işi üzrə 13 dekabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar