Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2323/2021 15.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı “sığorta ödənişinin verilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2(006)-396/2020 saylı qətnaməsindən cavabdeh tərəfdən verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsində açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun hərbi xidmət dövründə xəsarət alması ilə bağlı qanunla nəzərdə tutulmuş 4400 manat icbari sığorta pulunun cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 1991-ci ildə Qaradağ rayon Hərbi Komisarlığı tərəfindən hərbi xidmətə çağırılmış və N saylı hərbi hissənin şəxsi heyət siyahısına salınmışdır. Həmin vaxtdan da cəbhə bölgəsində erməni işğalçılarına qarşı gedən döyüşlərdə iştirak etmiş, 1992-ci ildə gedən döyüşdə ağır yaralanmış, bununla bağlı hərbi hospitalda müalicə olunmuşdur. 1992-ci ildə tarixdə hərbi həkim komissiyasının rəyinə əsasən hərbi hissənin siyahısından çıxarılmış, ona İİİ qrup əlillik dərəcəsi verilmişdir. O, sığorta ödənişinin verilməsi ilə bağlı cavabdeh tərəfə ərizə ilə müraciət etmiş, lakin heç bir tədbir görülməmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2(006)- 396/2020 saylı qətnaməsi ilə iddia təmin edilmiş, cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən 4400 manat məbləğində sığorta ödənişinin alınaraq İddiaçı ödənilməsi qət edilmişdir. Qətnamə ilə razılaşmayan cavabdeh tərəf apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulmuşdur. Hərbi qulluqçuların icbari sığorta qaydaları “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında" Azərbaycan Resplikasının Qanunu ilə tənzimlənir. İddiaçı bu Qanunla nəzərdə tutulmuş 3 illik müraciət müddətini ötürmüşdür. Sığorta hadisəsinin baş verdiyi vaxt və ondan 3 il sonrakı dövr ərzində Qanunun qeyd olunan norması qüvvədə olmuşdur. İddiaçı hərbi xidmətdən tərxis edildiyi gündən 3 il müddətində deyil, 18 il sonra müraciət etdiyi üçün sığorta ödənişinin verilməsi qanunauyğun deyildir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apelyasiya şikayətinə uyğun izahat verərək, təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı şikayətin əsassız olduğunu bildirməklə qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası apelyasiya şikayətini iş materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi, işə işdə olan və əlavə təqdim olunan sübutlar əsasında mahiyyət üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Eyni Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan 097116 №-li vəsiqənin surətindən görünür ki, İddiaçı üçüncü qrup müharibə əlilidir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 01 saylı Zona Tibbi-Sosial Ekspert Komissiyasının SER TSE-01 № 305241 nömrəli arayışından görünür ki, İddiaçı ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar üçüncü qrup müharibə əlilidir. Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin İddiaçı ünvanladığı xx.xx.2018-ci il tarixli məktubdan görünür ki, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun bəzi müddəalarının şərh olunmasına dair xx xxxxxx 2014-cü il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarına əsasən “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” xx xxx 1997-ci il tarixli Qanun qüvvəyə minənədək həlak olmuş, itkin düşmüş, xəsarət almış, lakin hal-hazıra qədər sığorta məbləğini almamış hərbi qulluqçulara, həmin məbləğin ödənilməsi qaydasının və şərtlərinin qısa müddətdə müəyyən edilməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilmişdir. Ona görə bu məsələyə Azərbaycan Respublikası Milli Məclisi tərəfindən müvafiq normativ hüquqi akt qəbul edildikdən sonra baxılacaqdır. Göstərilənləri nəzərə alan Kollegiya mövcud mülki mübahisənin həlli və apelyasiya şikayətinin dəlilləri ilə əlaqədar olaraq qeyd edir ki, “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanununun 27-ci maddəsinə görə, Hərbi qulluqçuların hərbi xidmət (toplanışlar) dövründə həlak olması (ölməsi), xəsarət (yaralanma, travma, kontuziya) alması, səhhətinin (sağlamlığının) pozulması (xəstəliklə əlaqədar sağlamlığına ziyan dəydikdə), habelə hərbi xidmət vəzifələrini yerinə yetirməsi ilə bağlı bədbəxt hadisələrin nəticələrinin ehtimalına qarşı hərbi qulluqçu statusunu əldə etdikləri gündən onlar dövlət tərəfindən icbari şəxsi sığorta edilirlər. Məhkəmə tərəfindən hazırki işin mübahisəsiz halları kimi müəyyən edilmişdir ki, İddiaçı hərbi xidmətə daxil olduğu andan qanunvericilik əsasında dövlət tərəfindən məcburi şəxsi sığortalanmış, o, hərbi xidmətdə olduğu dövrdə sığorta hadisəsi baş vermiş, ona 3-cü qrup əlillik dərəcəsi təyin olunmuş, beləliklə də Dövlət Sığorta Kommersiya Şirkətinin müvafiq sığorta ödənişini ödəmək öhdəliyi yaranmışdır. “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası” haqqında Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə görə, bu Qanuna uyğun olaraq hərbi qulluqçu 11.000 min manat məbləğində sığorta edilir. Həmin Qanunun 5-ci maddəsinin “ç” bəndinin mənasına görə, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət dövründə xəsarət (yaralanma, travma, kontuziya) almasına, habelə həqiqi hərbi xidmət dövründə xəstələnməsinə görə həqiqi hərbi xidmətə yararsız hesab edilərək həqiqi hərbi xidmətdən (toplanışdan) ehtiyata və ya istefaya buraxıldığı gündən, həmçinin ehtiyata və ya istefaya buraxıldığı gündən həqiqi hərbi xidmət dövründə alınmış xəsarət (yaralanma, travma, kontuziya) və ya xəstəliklə əlaqədar 3 il müddətində sığorta olunana əlillik təyin olunduqda bu, sığorta hadisəsi hesab edilir və onlara sığorta ödənişi bu Qanunun 4-cü maddəsi ilə müəyyən edilmiş sığorta məbləğinin İİİ qrup əlilliyə görə - 40 faizi nisbətində verilir. Hazırda iddiaçı hesab edir ki, hərbi xidmət dövründə aldığı xəsarətlə əlaqədar ona 3-cü qrup əlillik təyin olunmasına görə, qanunla müəyyən edilmiş məbləğdə sığorta ödənişi səlahiyyətli olan cavabdeh Şirkət tərəfindən ona ödənilməlidir. Məhkəmə Kollegiyası qeyd edir ki, sığorta ödənişinin ödənilməsi qaydası və şərtlərinin hələlik müəyyən olunmaması iddiaçının qanuni və əsaslı iddiasının təmin olunmamasına əsas ola bilməz. Belə ki, faktiki olaraq dövlət tərəfindən icbari şəxsi sığorta edilmiş və Azərbaycan Respublikasının ərazi bütövlüyünun müdafiəsi zamanı əlil olmuş hərbi qulluqçunun baş vermiş sığorta hadisəsindən sonra sığorta ödənişindən bu kimi səbəblərə görə məhrum olması insan hüquq və azadlıqları sahəsində müəyyən edilmiş konstitusion prinsiplərlə bir araya sığmır. Bundan başqa, sığorta olunana sığorta ödənişinin verilməsindən imtinanın əsasları “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası” haqqında Qanunun 8-ci maddəsində sığorta olunana və ya onun vərəsələrinə sığorta məbləğinin verilməsindən imtinanın əsasları göstərilmişdir ki, hazırki mübahisə çərçivəsində həmin əsasların heç biri müşahidə olunmur. Odur ki, apelyasiya şikayətinin dəlilləri əsassızdır. Kollegiya qeyd edir ki, qanunun 3 illik müddət müəyyən etməkdə məqsədi xəsarətin məhz hərbi əməliyyatlar zamanı alınması və məhz bunun nəticəsində əlillik dərəcəsinin verilməsi faktının təsdiq edilməsinə xidmət edir. İş materiallarından görünür və mübahisə doğurmur ki, iddiaçıya 3-cü qrup əlillik təyin olunmasına Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi zamanı döyüş tapşırığını yerinə yetirərkən xəsarət alması səbəb olmuşdur. Beləliklə də, apelyasiyanın nəticələri ilə müəyyən edilir ki, birinci instansiya məhkəməsi iş üzrə qanuni, əsaslı və işin hallarına uyğun nəticəyə gəlmişdir. Apelyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsaslar yoxdur. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-396/2020 saylı iş üzrə xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən iki ay müddətində Azərbaycan Respublikasının Ali Məhkəməsinə Bakı Apelyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-2323/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2323/2021
15.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver