Məhkəmə qərarları › İş №2(103)-2324/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2324/2021

17.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2324/2021 17.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi və məruzəsi ilə, Mərdanova Xumar Afət qızından və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Musayev Şahəli Calal oğlunun katibliyi, İddiaçı Hüseynov Anar Tahir oğlunun, cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin nümayəndəsi Qənbərov Vüqar Nəgah oğlunun iştirakı ilə, İddiaçı Hüseynov Anar Tahir oğlunun cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı sığorta məbləğinin ödənilməsi tələbinə dair mülki iş üzrə Nəsimi Rayon Məhkəməsinin 2(006)-549/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsindən cavabdehin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasmda açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı Hüseynov Anar Tahir oğlu cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı «iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən 6600 manat icbari sığorta məbləğinin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçıxx.xx.2010-cu il tarixdən xx.xx.2010cu il tarixədək AR Silahlı Qüvvələrində həqiqi hərbi xidmət keçmişdir. Silahlı Qüvvələrinin N №-li hərbi hissəsində hərbi xidmət keçərkən aldığı xəstəliklər nəticəsində sağlamlığını itirmiş və ona xx.xx.2010-cu il tarixdə İİ dərəcəli əlillik qrupu təyin edilmişdir. 2011-ci ildən başlayaraq onun İİ dərəcəli əlillik qrupun hər il təsdiqlənmiş, xx.xx.2016-cı ildə isə 5 illik müddətə - xx.xx.2021-ci il tarixədək uzadılmışdır. Əlilliyin səbəb əlaqəsi “hərbi xidmət dövrü ilə əlaqədar əlillik” ifadəsi ilə göstərilmişdir. 2010-cu ildən bu günə qədər hər il müvafiq sənədləri əlavə etməklə ərizə ilə cavabdehə müraciət edərək “Hərbi qulluqçuların icbari şəxsi sığortası haqqında” AR Qanunda 2-ci qrup əlillər üçün nəzərdə tutulmuş 6600 manat məbləğində sığorta ödənişinin verilməsi üçün göstəriş verilməsini xahiş etmişdir. Lakin müraciət mahiyyəti üzrə baxılmamış və sonuncu dəfə xx.xx.2019-cu il tarixdə imtina cavabı verilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-549/2020 saylı, xx xxxxxxxx 2020ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin olunmuşdur. Qətnamədən cavabdehin nümayəndəsi apellyasiya şikayəti verərək onun ləğv edilməsini xahiş etmiş, şikayətini belə əsaslandırmışdır ki, hazırda qüvvədə olan “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” AR Qanunu xx.xx.1997-ci il tarixdə qəbul edilmiş, həmin qanunun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il tarixli Fərmanı ilə xx.xx.1997-ci il tarixdən qüvvəyə minmişdir. “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Qanunda müəyyən edilmiş sığorta ödənişinin bu Qanun qüvvəyə minənə kimi hərbi qulluqda olmuş hərbiçilərə şamil edilməsi və Qanunun normalarının geriyə qüvvəsinin olması barəsində qeyd-sərt yoxdur. Məhkəmənin istinad etdiyi Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli Qərarına görə isə, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” AR Qanununun müvafiq maddələrində birdəfəlik sığorta məbləğinin artırılması hərbi qulluqçuların qanunvericiliklə müəyyən edilmiş hüquq və azadlıqlarının mahiyyətinə və həcminə təsir etmir, həmin hüquq və azadlıqlar olduğu kimi qalır. Bu baxımdan, birdəfəlik sığorta məbləğinin artırılması hərbi qulluqçuların AR Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş “hüquqi vəziyyətini yaxşılaşdıran” hal kimi qəbul oluna bilməz və AR Konstitusiyasının 12, 16 və 25-ci maddələrinin tələblərinə uyğun olaraq “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının xx xxx 1997-ci il tarixli Qanunu qüvvəyə minənədək həlak olmuş, itkin düşmüş, xəsarət almış, lakin hal-hazıra qədər sığorta məbləğini almamış hərbi qulluqçulara qanunvericilikdə nəzərdə tutulmuş sığorta məbləği ödənilməlidir. Bununla yanaşı, həmin Qərarın 2-ci bəndinə görə AR Konstitusiyasının 94-cü maddəsinin İ hissəsinin 16-cı bəndinə əsasən bu məbləğin ödənilməsi qaydasının və şərtlərinin qısa müddətdə müəyyən edilməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilmişdir. Bu sığorta məbləğinin ödənilməsi qaydası və şərtləri müəyyən olunmamış məhkəmə qətnaməsi ilə sığorta məbləğinin ödənilməsi öhdəliyinin Dövlət Sığorta Kommersiya Şirkətinin üzərinə qoyulması əsassızdır. “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” xx xxx 1997-ci il tarixli Qanunun 5-ci maddəsinin ç) bəndinə görə, hərbi xidməti vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət dövründə xəsarət (yaralanma, travma, kontuziya) almasına, habelə həqiqi hərbi xidmət dövründə xəstələnməsinə görə həqiqi hərbi xidmətə yararsız hesab edilərək həqiqi hərbi xidmətdən (toplanışdan) ehtiyata və ya istefaya buraxıldığı gündən, həmçinin ehtiyata və ya istefaya buraxıldığı gündən həqiqi hərbi xidmət dövründə alınmış xəsarət (yaralanma, travma, kontuziya) və ya xəstəliklə əlaqədar üç il müddətində sığorta olunana əlillik təyin olunduqda müvafıq faiz məbləğində sığorta ödənişi verilir. Göründüyü kimi, iddiaçıya əlillik dərəcəsi hərbi xidmətdən buraxıldığı tarixdən üç il müddətində təyin olunmadığından ona sığorta məbləğinin verilməsindən imtina edilməli olduğu halda, birinci instansiya məhkəməsi hüququn tətbiqində səhvə yol verərək onun iddiasını təmin etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək onun təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası mülki işin materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, şikаyət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işdə olan ZE № ******* saylı hərbi biletin surətindən görünür ki, Hüseynov Anar Tahir oğlu xx.xx.2001-ci ildən xx.xx.2010-cu il tarixə qədər Azərbaycan Respublikası Silahlı Qüvvələrində xidmət etmişdir. "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 156-cı maddəsinin "B" bəndinə müvafiq olaraq Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata tərxis edilmişdir. İşin materiallarında olan AR Dövlət Sığorta Kommersiya Şirkətinin iddiaçıya ünvanladığı xx.xx.2019-cu il tarixli, 07-07-573 saylı məktubunda bildirilir ki, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” AR Qanununun xx xxx 1997-ci il tarixli Qanunun 7-ci maddəsinin sonuncu abzasına əsasən sığorta olunanın və ya onun vərəsələrinin sığorta ödənişinin alınması üçün sığorta hadisəsi baş verdiyi gündən 3 il keçənədək sığorta orqanlarına müraciət etmək hüququ vardır. Sığorta hadisəsindən 3 ildən artıq müddət keçdiyi üçün Qanunda nəzərdə tutulmuş sığorta ödənişinin verilməsi qeyri mümkündür. İşin materiallarında olan AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin TSEK-də müayinə aktından SER TSE-01 nömrəli, 114957 saylı çıxarışa əsasən Hüseynov Anar Tahir oğlu 2-ci qrup əlildir, əlilliyin səbəbi: hərbi xidmət dövrü xəstələnib. İşin materiallarında olan AR Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2010-cu il tarixli, 841 nömrəli Qərarından görünür ki, Hüseynov Anar Tahir oğluna qoyulan diaqnoz: “İkinci dərəcə alimentar-konstitusional piylənmə. Qlükozaya qarşı tolerantlığın pozulması. Vegetativ-damar distoniyası. Arterial hipertenziya. Bahar katarı, remissiya mərhələsində. Torlu qişanın diabetik angiopatiyası, koproliferativ mərhələ. Beyinin sağ alın payının kistası”(Gədəbəy RHK-nın xx.xx.2010-cu il tarixli 4/277 nömrəli göndərişi, xx.xx.2010-cu il tarixli 3/6 nömrəli arayışı, Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalından verilmiş xx.xx.2009-cu il tarixli çıxarış epikrizi, MN MHHK-nın həkim mütəxəssisi-terapevtinin rəyi ilə təsdiq edilir), “xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır”. Birinci instansiya məhkəməsi “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin “ç” bəndinə istinad etməklə belə nəticəyə gəlmişdir ki, iddiaçı hərbi xidmətdə olduğu dövrdə yaralanaraq bu səbəblə İİ qrup əlillik dərəcəsi aldığından, Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən ona sığorta ödənişi ödənilməlidir. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, mülki hüquq baxımından sığorta hadisəsi qanunvericiliyə və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. Sığorta hadisəsi hesab edilən hallar icbari sığorta üzrə icbari sığorta qanunvericiliyində, könüllü sığorta üzrə isə tərəflərin razılaşması əsasında sığorta müqaviləsində müəyyən edilir. Sığorta ödənişi sığorta hadisəsi baş verdikdə qanunvericiliyə, həmçinin sığorta müqaviləsinə uyğun olaraq, sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. Beləliklə, sığortaçının sığorta ödənişi vəzifəsinin yaranmasının hüquqi əsası həm icbari sığorta haqqında qanunvericilik müddəaları, həm də tərəflər arasında bağlanmış sığorta müqaviləsi çıxış edə bilər. “Hərbi qulluqçuların statusu haqqında” xx xxxxxx 1991-ci il tarixli Qanuna görə hərbi qulluqçuların hərbi xidmət (toplanışlar) dövründə həlak olması (ölməsi), xəsarət (yaralanma, travma, kontuziya) alması, səhhətinin (sağlamlığının) pozulması (xəstəliklə əlaqədar sağlamlığına ziyan dəydikdə), habelə hərbi xidmət vəzifələrini yerinə yetirməsi ilə bağlı bədbəxt hadisələrin nəticələrinin ehtimalına qarşı hərbi qulluqçu statusunu əldə etdikləri gündən onlar dövlət tərəfindən icbari şəxsi sığorta edilirlər və bu sığortalamanın qaydası, şərtləri və sığorta ödənişlərinin məbləği Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Prezidentinin xx xxxxxxxx 1991-ci il tarixli Fərmanı ilə Maliyyə Nazirliyi yanında fəaliyyət göstərən Dövlət Sığortası İdarə Heyətinin bazasında Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti yaradılmış və respublikada icbari sığortalamanın bütün növlərini həyata keçirmək həmin Şirkətə həvalə edilmişdir. “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun preambulasına əsasən bu Qanun hərbi qulluqçuların sosial müdafiəsini gücləndirmək məqsədilə onların həyatının və səhhətinin dövlət icbari şəxsi sığortası qaydalarını və şərtlərini müəyyən edir. Qanun müəyyən edir ki, hərbi qulluqçuların sığortaçısı dövlət sığorta orqanıdır (Dövlət Sığorta Kommersiya Şirkəti) (maddə 3). Qanuna xx xxxxxxx 2006-cı il tarixdə edilmiş dəyişikliklərə əsasən hərbi qulluqçu on bir min manat məbləğində sığorta edilir (maddə 4). Sığorta olunan hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət dövründə xəsarət (yaralanma, travma, kontuziya) almasına, habelə həqiqi hərbi xidmət dövründə xəstələnməsinə görə həqiqi hərbi xidmətə yararsız hesab edilərək həqiqi hərbi xidmətdən (toplanışdan) ehtiyata və ya istefaya buraxıldığı gündən, həmçinin ehtiyata və ya istefaya buraxıldığı gündən həqiqi hərbi xidmət dövründə alınmış xəsarət (yaralanma, travma, kontuziya) və ya xəstəliklə əlaqədar üç il müddətində sığorta olunana əlillik təyin olunduqda ona İ qrup əlilliyə görə - sığorta məbləğinin 80 faizi; İİ qrup əlilliyə görə - 60 faizi; İİİ qrup əlilliyə görə - 40 faizi nisbətində sığorta ödənişi verilir (maddə 5, ç). Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası müvafiq icra hakimiyyəti orqanları (sığortalılar) (o cümlədən hərbi qulluqçulqar üçün Azərbaycan Respublikasının Müdafiə Nazirliyi) üçün bu məqsədlə hər il dövlət büdcəsində nəzərdə tutulmuş vəsait hesabına aparılır (maddə 6). “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun bəzi müddəalarının şərh olunmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2014-cü il tarixli qərarında ifadə olunmuş hüquqi mövqelərə görə adı çəkilən Qanunun müvafiq maddələrində birdəfəlik sığorta məbləğinin artırılması hərbi qulluqçuların qanunvericiliklə müəyyən edilmiş hüquq və azadlıqlarının mahiyyətinə və həcminə təsir etmir, həmin hüquq və azadlıqlar olduğu kimi qalır. Bu baxımdan, birdəfəlik sığorta məbləğinin artırılması hərbi qulluqçuların Konstitusiyanın 149-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş “hüquqi vəziyyətini yaxşılaşdıran” hal kimi qəbul oluna bilməz. Bununla belə, Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” xx xxx 1997-ci il tarixli Qanun qüvvəyə minənədək həlak olmuş, itkin düşmüş, xəsarət almış, lakin hal-hazıra qədər bu əsaslara görə sığorta məbləğini almamış hərbi qulluqçulara münasibətdə bu Qanunla müəyyən edilmiş sığorta məbləğinin verilməsi məsələsi Konstitusiyanın 12, 16 və 25-ci maddələrinin tələbləri baxımından həll edilməlidir. “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Qanun qüvvəyə minənədək həlak olmuş, itkin düşmüş, xəsarət almış və bu əsaslara görə sığorta məbləğini almamış hərbi qulluqçulara və ya onların vərəsələrinə bu məbləğin ödənilməsindən imtina konstitusiya prinsipi olan bərabərlik hüququnu pozmuş olur. Belə ki, hərbi qulluqçular eyni kateqoriyaya aid və bərabər statusa malikdirlər və “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Qanuna əsasən onlara eyni sığorta riskinə qarşı eyni təminatlar verilir. Konstitusiya prinsipi olan bərabərlik prinsipi isə bərabər şərtlər daxilində hüquq subyektlərinin bərabər vəziyyətdə olmalarını nəzərdə tutur və ən əsası eyni kateqoriyaya aid şəxslərə hər hansı obyektiv və ağlabatan izah olmadan ayrıseçkiliyin tətbiq olunmasını qadağan edir. Şəxsin hərbi qulluqda olma, hərbi xidmət zamanı həlak olma (ölmə), itkin düşmə, xəsarət və əlillik qrupu alma, həmçinin yararsız kimi tərxis olunma tarixləri sığorta hadisəsinin baş vermə faktını inkar etmir və bu, sığorta ödənişinin ödənilməsindən imtina üçün müstəqil əsas ola bilməz. Əks təqdirdə, bu hal hərbi xidmət zamanı həlak olmuş (ölmüş), itkin düşmüş və sağlamlığını itirmiş şəxslər arasında sadəcə tarixə əsaslanmaqla ağlabatan olmayan differensasiyanın aparılmasına səbəb olar. Bu isə eyni kateqoriyaya aid olan şəxslərin sosial hüquqlarının fərqləndirilməsinə gətirib çıxararaq, insan və vətəndaş hüquq və azadlıqlarının mümkün məhdudlaşdırılmasına dair konstitusiya məqsədlərilə uyğunlaşmır və konstitusiya prinsipi olan bərabərlik hüququnun tələblərini pozur. Qərarda həmçinin qeyd olunur ki, müvafiq icra hakimiyyəti orqanı ilə müqavilə bağlayaraq sığortaçı sığorta müqaviləsində nəzərdə tutulan sığorta hadisəsi baş verdiyi halda, sığorta olunana (faydalanan şəxsə) qanunvericiliklə müəyyən olunmuş sığorta ödənişini vermək öhdəliyini öz üzərinə götürür. Sığortaçının bu öhdəliyi mülki hüquq müqaviləsindən irəli gəlsə də, o, sığorta ödənişini edərkən sığorta olunanla (faydalanan şəxslə) münasibətlərdə dövlətin adından çıxış edir, Konstitusiyadan irəli gələn həmin şəxslərin həyatına və yaxud sağlamlığına vurulmuş zərərə görə dövlətin kompensasiya ödəmək vəzifəsini həyata keçirərək, həm də publik funksiyanı yerinə yetirir. Sığortaçının bu funksiyanı öz üzərinə götürməsi sığortalını müqavilə üzrə öhdəliklərini yerinə yetirmək, dövləti isə həmin xərclərin lazımi qaydada maliyyələşdirilməsini təmin etmək vəzifəsindən azad etmir. Hərbi qulluqçuların və onlara bərabər tutulmuş şəxslərin həyatının və sağlamlığının dövlət icbari şəxsi sığortası həyata keçirilərkən müqavilənin bağlanmaması nəticə etibarilə dövlətlə hərbi xidmətdə olduğu zaman həyatına və yaxud sağlamlığına zərər dəymiş şəxs arasında mövcud olan hüquqların və vəzifələrin mahiyyətini (təbiətini) dəyişdirə bilməz. Konstitusiya Məhkəməsinin Plenumu qeyd olunan hüquqi mövqelərə əsasən “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” xx xxx 1997-ci il tarixli Qanun qüvvəyə minənədək həlak olmuş, itkin düşmüş, xəsarət almış, lakin hal-hazıra qədər sığorta məbləğini almamış hərbi qulluqçulara, həmin məbləğin ödənilməsi qaydasının və şərtlərinin müəyyən edilməsini Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə etmiş, həmçinin xüsusi olaraq qeyd etmişdir ki, qanunverici bu mexanizmin qaydasını və şərtlərini tənzimləyərkən, sığorta məbləğinin ödənilməsinin müxtəlif üsullarını seçə bilər, lakin qanunvericiliklə 2006-cı ildə artıq müəyyən edilmiş sığorta məbləğinin ödənilməsi həcmi ləğv edilə və ya azaldıla bilməz, bu həcm şərtsiz gözlənilməlidir. Bunun əksi, hüquqi tənzimlənmənin ağlabatan sabitliyi və qüvvədə olan hüquq normaları sisteminə əsassız dəyişikliklərin edilməsinin yolverilməzliyini nəzərdə tutan vətəndaşların qanuna olan etimadının gözlənilməsi prinsipinin pozulmasına səbəb olar. Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli Qərarında isə müəyyən edilmişdir ki, Konstitusiya Məhkəməsi tərəfindən qəbul edilən qərarlar Azərbaycan Respublikası ərazisində məcburi qüvvəyə malikdir və qüvvəyə mindikdən sonra şərtsiz icra olunmalıdır. Konstitusiya Məhkəməsinin qərarının yüksək hüquqi qüvvəsi onun bütün hissələrinə, habelə həmin qərarın əsasını təşkil edən hüquqi mövqelərə də şamil olunur. Qanunvericiliyin sığorta olunana xidmətdən buraxıldığı gündən üç il müddətində əlillik təyin olunması barədə tələbinə münasibətdə kollegiya onu da nəzərə alır ki, həmin normanın məqsədlərinə görə sığorta hadisəsinin mövcud olması üçün sığorta olunan məhz hərbi xidməti ilə əlaqədar aldığı xəstəlik nəticəsində əlil olmalı və onun əlilliyi ilə xidməti vəzifələrini yerinə yetirməsi arasında birbaşa səbəbli əlaqə mövcud olmalıdır. Kollegiya qeyd edir ki, əgər şəxs hərbi xidmət dövründə faktiki əlil olubsa, onun həmin əlilliyi təsdiq edən sənədi gec alması sığorta ödənişinin verilməsindən imtina üçün əsas ola bilməz. İşin müəyyən olunmuş hallarından görünür ki, iddiaçı hərbi xidmət dövründə yaralanmış, məhz həmin yaralanma diaqnozu ilə ona 2010-cu ildə əlillik dərəcəsi verilmişdir. Beləliklə, baxılan iş üzrə iddiaçının məhz ona əlillik verilməsinə əsas olmuş xəsarəti hərbi xidmət dövründə aldığı, lakin özündən asılı olmayan səbəblərdən əlilliyini təsdiq edən rəsmi sənədi gec əldə etdiyi müəyyənləşdirildiyindən “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Qanunun 5-ci maddəsinin “ç” bəndində nəzərdə tutulmuş 3 illik müddət ona şamil edilə bilməz. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-549/2020 saylı, xx xxxxxxxx 2020ci il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Babayev Hakimlər: Xumar Mərdanova Elnur Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar