Məhkəmə qərarları › İş №2(103)-2326/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2326/2024

15.05.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2326/2024 15.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh MMC-yə qarşı “mənəvi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə İş № 2(103)-2326/2024 Açar sözlər: (mənəvi zərər) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimlər Xəyal Əjdər oğlu Sarıyevin (sədrlik edən və məruzəçi), X12 və X3 ibarət tərkibdə, Rüfanə Elxan qızı Əzizzadənin katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh MMC-nin nümayəndəsi X11 iştirakı ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 22 yanvar 2024-cü il tarixli, 2(001)-881/2024saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı 1.İddiaçının oğlu Mübariz Abasov 28 mart 2015-ci il tarixdə, saat 20 radələrində baş vermiş yolnəqliyyat hadisəsi zamanı vəfat etmişdir. 2.Yol-nəqliyyat hadisəsinin törədilməsində təqsirli bilinən Cavabdeh MMC-nin sürücüsü X6 Azərbaycan Respublikasının CM-in 263.3-cü maddəsi ilə təqsirli bilinərək məhkəmənin hökmü ilə məhkum edilmişdir. 3.İddiaçı qeyd olunanlara əsasən ona və mənəvi zərər dəydiyini iddia edərək hazırki tələblə məhkəməyə müraciət etmişdir. a)Birinci instansiya məhkəməsində icraat 4.İddiaçı Cavabdeh MMC-yə qarşı “mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək vurulmuş mənəvi zərərin əvəzi olaraq 30000 manat məbləğində pulun Cavabdeh MMC-dən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. 5.İddia tələbi onunla əsaslandırılmışdır ki, övladı X14 22 yaşı tamam olmamış həyatdan məhrum olmuşdur. Hər gün oğlunun yoxluğunun acısını yaşayır, iztirabını çəkir. Oğlunun boyunu sevə bilməmiş, onun toyunu edə bilməmiş, balalarını görə bilməmişdir. Ana olaraq ona bala dağı çəkilmişdir. Səbəbi övladının gənc yaşında, işinə məsuliyyətsiz yanaşan şəxslərin qurbanı olması və faciəli surətdə vəfat etməsidir. Belə ki, cavabdehin işçisi X6 28 mart 2015-ci il tarixdə, saat 20 radələrində idarə etdiyi "Xaliq Faiqoğlu” MMC-nin balansında olan və ona yol vərəqəsi əsasında verilmiş “Daewoo BS 090” markalı, **-VS-*** dövlət nömrə nişanlı avtobusla Babək prospekti ilə köhnə maşın bazarı istiqamətində hərəkət edərkən, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələbini pozaraq, Babək prospekti 8 ünvanında, yolun qarşı hərəkət hissəsinə çıxmış, “Mersedes” markalı **-LB-*** dövlət nömrə nişanlı avtomobillə toqquşmuş, nəticədə həmin avtomobili idarə edən Rüstəm Bədirovun və avtomobildə sərnişin qismində olan oğlu Mübariz Abasovun sağlamlıqlarına həyat üçün təhlükəli olan ağır zərər vuran xəsarətlər yetirərək, ölmələrinə səbəb olan qəza törətmişdir. Mustafa Mamedov Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-771/2015 nömrəli xx.xx.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 4 (dörd) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 8 (səkkiz) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Hökmdən göründüyü kimi, hadisənin baş verməsi cavabdehin işçisinin təqsiri ucbatından baş vermişdir. Mustafa Mamedovun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə məhkum edilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-771/2015 nömrəli, xx.xx.2015-ci il tarixli hökmü qanuni qüvvəyə minmişdir. Mustafa Mamedovun müdafiəçisi tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin 13 oktyabr 2015-ci il tarixli, 1(103)-1192/2015 tarixli qərarı ilə şikayət qismən təmin edilərək cəzası 07 ilə endirilmiş, qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minmişdir. Qeyd olunan qanuni qüvvəyə minmiş hökmlə baş vermiş hadisədə cavabdehin məsuliyyəti təsdiq olunur və hazırki mülki işdə preyudisial əhəmiyyət daşıyır. Cavabdehin işçisinin hüquqazidd hərəkətlərinə görə baş verən hadisə nəticəsində gənc övladı öldüyünə görə ona mənəvi zərər dəymişdir. Baş vermiş cinayət mənəvi hüzurunun pozulmasının təməlini qoymuşdur. Oğlunun əzilmiş və qan içində olanda başı, bud hissəsindən qırılmış ayaqları gözünün önündən getmir. Həmin hadisədən sonra davamlı əzab çəkir. Övladı təxminən 2 il olar hərbi xidmətdən qayıtmış, toyunu edəcəkdilər. Lakin cavabdehin işçisinin təqsirinə görə övladının yasını keçirtdilər və bu onun həyatının normal ahəngini pozmuşdur. Harada gənc yaşda insan görür, oğlunun cansız bədəni gözünün önünə gəlir. Hələ o, doğum günləri, şənliklər, toy məclisləri barədə eşidərkən keçirdiyi hissləri demir. Bütün bunlara görə davamlı iztirablara, ruhi sarsıntılara məruz qalır. Hökmdə əks olunan məhkəmə-tibbi ekspertizasının xx.xx.2015-ci il tarixli 43 nömrəli rəyindən görünür ki, X9 meyitində baş toxumasına və qişalarına, yan mədəciklərə qansızma, alın sümüyünün kəllə əsasına keçən xətti sınığı, hər iki budun qapalı yerdəyişmiş sınıqları aşkar edilmişdir. Qeyd olunan xəsarətlər dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddirlər. Oğlunun ölümünə səbəb baş-beyin əzilməsi olmuşdur. Çox ağırdır. Ürəyi hələ də sızlayır. Gənc bir şəxsin ölməsini eşidən adi bir insan sarsıntı keçirdiyi halda, bir ana üçün bunun necə dərin yaralar açdığını, iztirablar verdiyini, ruhi sarsıntılar yaşatdığını təsəvvür edə bilərsizmi? Mənəvi zərər, bir tərəfdən hüquqa zidd əməl nəticəsində şəxsin əmlak və qeyri-əmlak nemətlərində obyektiv olaraq əmələ gələn azalmadırsa, digər tərəfdən onun meydana gəlməsi üçün şəxsin bu azalmanı hiss etməsi, psixoloji sarsıntı və iztirab keçirməsidir. Onun iztirablarının, sarsıntılarının dərəcəsini təsəvvür belə edə bilməzsiniz. Çünki, hər dəfə gənc yaşda oğlan görərkən övladını xatırlayır. Onu görmək, qucaqlamaq, oxşamaq istəyir. Lakin edə bilmir. Çünki cavabdehin işçisi övladını yaşamaq hüququndan, onu isə övladı ilə ünsiyyətdə olmaq hüququndan məhrum etmişdir. Bunu hər gün yaşamaq ana üçün işgəncədir. Bu iztirablarının ömür boyu bitməyəcəyini göstərir və bütün bunlar onu çox sarsıdır, yaşama həvəsini azaldır, mənəvi hüzurunu pozur. Balasının yoxluğuna qəbullanmaq çox ağırdır. Hərdən elə gəlir ki, hardansa çıxıb gələcək. Amma gəlmir. Aciz qalır. Ruhu sarılır. İztirab çəkir. Ömrünün sonunədək bitməyəcək iztirablar! Cavabdehin işçisinin təqsiri ilə baş vermiş cinayət hadisəsi nəticəsində onun fıziki mənəvi əzablar, iztirablar, sarsıntılar çəkməyi, məhrumiyyətlərə məruz qalmağı şübhəsizdir. Cavabdeh 10 marşrut xətti üzrə sərnişindaşımanı həyata keçirir. Balansında 300 avtobusu var. Göründüyü kimi cavabdehin maddi durumu iddianın tam təmin edilməsi üçün yetərlidir. Mənəvi ziyanın ölçüsü şəxsi məsələ olduğundan tələbin həcmini bu əzabları, iztirabları və sarsıntıları yaşayan şəxs müəyyən edə bilər. Gənc övladını itirmiş bir ana olaraq iztirab və sarsıntılarının ömrünün sonunadək davam edəcəyini nəzərə alaraq, cavabdehdən vurulmuş mənəvi zərərin əvəzi olaraq 30.000 manat pul tələb edir. 6.Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (bundan sonra-məhkəmə) 22 yanvar 2024-cü il tarixli, 2(001)-881/2024 saylı qətnaməsi ilə (sədrlik edən-Pərviz Məmmədov) iddia tələbi qismən təmin edilərək, Cavabdeh MMC-dən 3000 (üç min) manat məbləğində dəymiş mənəvi ziyanın İddiaçı xeyrinə tutulması qət edilmişdir. İş materiallarında olan: 7.Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-771/2015 saylı, 30 iyul 2015-ci il tarixli hökmünün surətindən görünür ki, X6 Azərbaycan Respublikasının CM-in 263.3-cü maddəsi ilə təqsirli bilinib 4 (dörd) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum olunmaqla 8 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. 8.Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)- 1192/2015 saylı, 13 oktyabr 2015-ci il tarixli Qərarının surətindən görünür ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)- 771/2015 saylı, 30 iyul 2015-ci il tarixli hökmündən X2 müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-771/2015 saylı, 30 iyul 2015-ci il tarixli hökmü dəyişdirilmiş və hökmlə X4 Azərbaycan Respublikasının CM-in 263.3-cü maddəsi ilə təyin edilmiş azadlıqdan məhrumetmənin müddəti 08 il 06 aydan 07 ilə endirilmişdir. 9.Cavabdeh MMC tərəfindən verilmiş etiraz ərizəsindən görünür ki, İddiaçı Mirhüseyn qızı tərəfindən ona vurulmuş mənəvi zərərin əvəzi olaraq 30000 manat məbləğində pulun cavabdeh MMC-dən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. İddia ərizəsində qeyd edilmişdir ki, guya cəmiyyətdə müəyyən qanun pozuntuları baş vermiş və bu səbəbdən də iddiaçının övladı baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində vəfat etmişdir. Belə ki, sözügedən avtobus 49 saylı müntəzəm marşrut üzrə sərnişin daşımaları üçün sürücü X2 istismarına verilmişdir. xx.xx.2015-ci il tarixdə, saat 20 radələrində MMC-yə məxsus **-VS-*** dövlət qeydiyyat nişanlı avtobus Babək prospekti ilə davam edərkən yolda mövcud olan qazıntı və yenidənqurma işləri səbəbilə məcburiyyətdən əks istiqamətdə olan yola daxil olmuşdur. Həmin zaman sürücüdən alınmış izahatda da qeyd etdiyi kimi, avtobus tam saz vəziyyətdə olmuş, hər hansı spirtli içkidən istifadə etməmiş və ya narkotik vasitələrin təsiri altında olmamışdır. Bu barədə müəssisə tərəfindən tam şəkildə yoxlanışları daimi olaraq aparılmışdır. Bu faktlar ekspertiza nəticələri ilə təsdiqlənmişdir. Həmin zaman sürücü ondan asılı olmayan səbəblərdən öz marşrutunu tamamlamaq üçün Yusif Səfərov istiqamətində hərəkət edən avtomobillərin yoluna daxil olmuşdur. Körpünün divarı boyunca avtobusun sürəti 20-30 km olmuşdur. Yəni özü fərqində olmuşdur ki, onun getdyi yolda problem yarana bilər. Bu səbəbdən öz sürətini artırmamışdır. Bu zaman təxminən 70 metr məsafədə 150-160 km surətlə “Mercedes” markalı, **-LB-*** dövlət qeydiyyat nişanlı avtomobilin onun üzərinə gəldiyini görmüşdür. Həmin zaman avtobusu tam şəkildə yolun ortasında saxlamış və avtobusda olan sərnişinlərə möhkəm dayanmalarını bildirmişdir. Hadisədən dərhal sonra özü və sərnişinlər avtobusdan düşərək “Mercedes” markalı avtomobildə olan şəxslərə köməklik etməyə calışmış, o cümlədən xəsarət almış şəxsləri təcili tibbi yardım avtomobilinə mindirmişdir. Daha sonra isə onlara məlum olmuşdur ki, sözügedən “Mercedes” markalı avtomobil həmin şəxslərin olmamış, onlar qanunsuz və icazəsiz olaraq avtomobili talama məqsədi olmadan qaçıraraq istifadə etmişdirlər. İşin faktiki halarından məlum olur ki, “Mercedes” markalı avtomobildə olan şəxslər avtoyuma yerində fəaliyyət göstərmişdirlər. Avtoyuma məntəqəsinin daimi müştərisi olan Tofiq Gülməmmədova məxsus avtomobili icazəsiz olaraq sürmüşdürlər. Bundan əlavə həmin zaman sərxoşluq hallarının müəyyən edilməsi ilə bağlı yoxlanış keçirilmiş və bu barədə hər hansı bir halın müəyyən edilmədiyi qeyd edilmişdir. Həmçinin M.S.Mamedovun cəzasını yüngülləşdirən halların mövcud olması da diqqətə alınmalıdır. Həmin zərərçəkən şəxslərə hadisə baş verdikdən sonra şirkət tərəfindən maddi yardım göstərilmişdir. Bu səbəbdən zərərçəkmişlərlə müəyyən barışıq da əldə edilmişdir. Lakin İddiaçı tərəfindən təqdim edilmiş iddia ərizəsinə nəzər yetirdikdə həmin ərizədə cəmiyyətdə baş tutan qanun pozuntuları səbəbindən insan həyatının itirilməsi qeyd edilmişdir. Bu barədə ilk öncə qeyd etmişlər ki, onlar cəmiyyət olaraq həmin şəxsin övladını itirməsi barədə öz məyusluqlarını bildirmək istəyirlər. Nəzərə çatdırmışlar ki, həmin zaman müəssisədə hər hansı qanunsuzluq halı mövcud olmamışdır. Belə ki, avtobusu istifadə edən şəxs müəssisənin rəsmi işçisi olmuş, həmin avtobusu istifadə etmək hüququ olan sürücülük vəsiqəsi olmuşdur. Hər hansı bir alkoqol və ya narkotik vasitənin təsirində olmamışdır. Müəssisə tərəfindən qüvvədə olan qanunvericiliyin tələbinə əsasən sözügedən sürücü bütün sürücülərlə birlikdə reys qabağı tibbi yoxlanışdan keçirilmişdir. Bu kimi hallara əsasən isə hesab edirlər ki, müəssisədə hər hansı qanunsuz əməl olmamışdır. Dəymiş mənəvi zərər məhkəmə hökmü və ya səlahiyyətli orqanın yekun qərarı ilə müəyyən edilir. Lakin işin faktiki hallarına nəzər yetirdikdə müəyyən etmək mümkün olur ki, nə məhkəmə, nə də səlahiyyətli orqan tərəfindən bu barədə hər hansı bir müddəa qeyd edilməmişdir. Hal-hazırda mübahisələndirilən iddia üzrə hər hansı zərərin müəyyən edilməməsi nəzərə alınsa iddiaçı tərəfindən 30000 manat məbləğində pul vəsaitini hansı əsaslarla hesablanması onlara məlum olmamışdır. Bu göstərilənlərdən də aydın olur ki, iddiaçının qeyd etdiyi miqdarın hansı qanunvericiliyə uyğun olaraq müəyyən edilməsi qeyd edilməmişdir. Qeyd edilənlərdən isə aydın olur ki, müəssisə baş verən halların hər hansı birində qanun pozuntusu yerinə yetirməmiş və müəssisədən asılı olan səbəblərdən sözügedən bədbəxt hadisə baş tutmamışdır. Müəssisənin hər hansı təqsirinin olmaması da nəzərə alınmalıdır. Həmçinin müəssisə tərəfindən zamanında zərərçəkmiş şəxs və onların ailələrinə maddi yardım göstərilmişdir. İddiaçı tərəfindən təqdim edilmiş iddia ərizəsində isə bu kimi hallar ümumiyyətlə qeyd edilməmişdir. Digər hall isə bundan ibarətdir ki, artıq həmin hadisənin baş verməsindən 10 ilə yaxın bir müddət ötmüşdür. Yuxarıda qeyd edilən qanunvericilik normalarından da aydın olur ki, mülki iddiaçı cinayət mühakimə icraatı zamanı mülki iddia cinayət təqibi başlanandan məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı başlananadək istənilən an verilə bilərdi. Lakin iddiaçı tərəfindən uzun bir müddət ötdükdən və təqsirləndirilən şəxs X6 azadlığa buraxıldıqdan sonra məhkəməyə müraciət edilmişdir. Yəni təqsirləndirilən şəxs artıq öz cəzasını çəkmişdir. Göstərilənləri nəzərə alaraq, etiraz ərizəsində İddiaçı Mirhüseyn qızının Cavabdeh MMC-nə qarşı mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - mənəvi zərərin ödənilməsi tələbinə dair iddiasının rədd edilməsinə dair qətnamə çıxarılması məhkəmədən xahiş edilmişdir. 10.Məhkəmə işin fakitki halları ilə bağlı qeyd etmişdir ki, 28 mart 2015-ci il tarixdə Cavabdeh MMC-nin balansında olan və yol vərəqəsi əsasında verilmiş “Daevoo BS 090” markalı, ** VS *** dövlət nömrə nişanlı avtobusun sürücüsü X1 prospekti ilə köhnə maşın bazarı istiqamətində hərəkət edərkən, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələbini pozaraq, Babək prospekti 8 ünvanında, yolun qarşı hərəkət hissəsinə çıxmış, “Mersedes” markalı **-LB-*** dövlət nömrə nişanlı avtomobillə toqquşmuş, nəticədə həmin avtomobili idarə edən Rüstəm Bədirovun və avtomobildə sərnişin qismində olan iddiaçının oğlu Mübariz Abasovun sağlamlıqlarına həyat üçün təhlükəli olan ağır zərər vuran xəsarətlər yetirərək ölmələrinə səbəb olan qəza törətmişdir. Onun əməlinə məhkəmənin hökmü ilə hüquqi qiymət verilmiş, X6 Azərbaycan Respublikasının CM-in 263.3-cü maddəsi ilə təqsirli bilinib 4 (dörd) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum olunmaqla 8 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Həmin hökmdən onun müdafiəçisi tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının 1(103)-1192/2015 saylı, 13 oktyabr 2015-ci il tarixli Qərarına əsasənapellyasiya şikayəti qismən təmin edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)- 771/2015 saylı, 30 iyul 2015-ci il tarixli hökmü dəyişdirilmiş və hökmlə X4 Azərbaycan Respublikasının CM-in 263.3-cü maddəsi ilə təyin edilmiş azadlıqdan məhrumetmənin müddəti 08 il 06 aydan 07 ilə endirilmişdir. 11.Hal-hazırda iddiaçı baş vermiş cinayət hadisəsi nəticəsində övladının ölməsi nəticəsində mənəvi sarsıntı keçirməsinə əsaslanaraq, bu hadisə nəticəsində və ondan sonrakı proseslər zamanı yaşadığı streslər, əzab və əziyyətlər ilə bağlı vurulmuş mənəvi ziyanın ödənilməsini tələb edir. 12.Məhkəmə işin faktiki hallarını, mülki işdə olan sübutları qiymətləndirib, yuxarıda qeyd edilmiş maddi və prosessual qanunvericiliyin tələblərinə əsaslanaraq, belə qənaətə gəlmişdir ki, iddiaçı ona dəyən mənəvi zərərin məbləğini 30000 manat məbləğində qiymətləndirsə də, işin faktiki halları, iddiaçının oğlunun ölümünə səbəb olmuş qəzanın cavabdehin işçisi tərəfindən qeyd edilmiş cinayətin ehtiyatsızlıqdan törədilməsi və qəsdinin olmaması, cavabdeh hüquqi şəxsin mənəvi zərərin yetirilməsində rolu, eyni zamanda X2 Azərbaycan Respublikasının CM-in 263.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxılarkən zərərçəkmiş şəxslərin və ya onların hüquqi varisləri ilə barışığın əldə olunması, habelə hadisənin baş verməsindən 9 ilə yaxın müddətin keçməsi nəzərə alınaraq, Cavabdeh MMC-dən 3000 (üç min) manat məbləğində dəymiş mənəvi ziyanın İddiaçı xeyrinə tutulması ədalətli olmaqla yanaşı tərəflərin mənafeyinə uyğundur. 13.Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 21.3, 1097.1, 1099.1-ci; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarına; “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008ci il tarixli 7 №li qərarına; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarına; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 82.4, 119.1, 218.3, 217.4, 216-220-ci maddələrlə istinadla əsaslandirmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri 14.Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin təmin edilməyən hissədə dəyişdirilməsini və iddia tələbinin tam edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 15.Apellyasiya şikayəti iddia ərizəsinə uyğun qaydada əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, mənəvi ziyanın ödənilməsiilə bağlı cavabdehlərlə onlar arasında hər hansı bir müqavilə olmamış və qanunvericilikdə də mənəvi ziyanın ödənilməsi ilə ümumiyyətlə hər hansı bir miqdarda ödənilməsi nəzərdə tutulmamışdır. Belə olan halda məhkəmə tərəfindən 30.000 manat tələbindən cavabdehdən 3.000 manat tutulması qanunun tələbinin pozulması kimi qiymətləndirilməlidir. Məhkəmə qətnamənin 7-ci səhifəsinin 5-ci abzasında qeyd edir ki, məhkəmə işin faktiki hallarını, mülki işdə olan sübutları qiymətləndirib, yuxarıda qeyd edilmiş maddi və prosessual qanunvericiliyin tələblərinə əsaslanaraq, belə qənaətə gəlir ki, iddiaçı ona dəyən mənəvi zərərin məbləğini 30000 manat məbləğində qiymətləndirsə də, işin faktiki halları, iddiaçının oğlunun ölümünə səbəb olmuş qəzanın cavabdehin işçisi tərəfindən qeyd edilmiş cinayətin ehtiyatsızlıqdan törədilməsi və qəsdinin olmaması, cavabdeh hüquqi şəxsin mənəvi zərərin yetirilməsində rolu, eyni zamanda X2 Azərbaycan Respublikasının CM-in 263.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxılarkən zərərçəkmiş şəxslərin və ya onların hüquqi varisləri ilə barışığın əldə olunması, habelə hadisənin baş verməsindən 9 ilə yaxın müddətin keçməsi nəzərə alınaraq, Cavabdeh MMC-dən 3000 (üç min) manat məbləğində dəymiş mənəvi ziyanın İddiaçı xeyrinə tutulması ədalətli olmaqla yanaşı tərəflərin mənafeyinə uyğundur. Normanın tələbi odur ki, mülki hüquq pozuntusu nəticəsində vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Bir valideyn üçün gənc övladını qəbirə qoymağın nə olduğunu düşünə bilirikmi? Gənc bir insanın həyatı 3.000 manat dəyərindədirmi? Kimsə övladının həyatını 3.000 manat müqabilində kiməsə bəxş edə bilərmi? İddiaçıya istər maddi, istərsə də mənəvi zərərlə bağlı nə məhkum, nə də cavabdeh tərəfindən hər hansı ödəniş olmamışdır. Bir halda ki, iddia tələbi 30.000 manatdır, mənəvi zərərə görə qət edilən məbləğə nə ad vermək olar? Hadisədən uzun müddət keçməsi mənəvi zərəri aradan qaldırırmı? İddiaçının övladı vəfat edib. İddiaçı gözdən əlil deyil, hər gün gənc insan görəndə övladını xatırlayır. Əzab əziyyətlə böyütdüyü övladını. Toyuna hazırlaşdığı övladını. Toy əvəzinə yasını keçirtdiyi övladını. Qəbirə qoyduğu övladını. Lakin məhkəmə maddi hüquq normalarına əməl etməyərək, əsassız olaraq iddianın cüzi şəkildə təmin edilməsi haqqında qətnamə çıxarmaqla iddiaçının hüquqlarının məhkəmə müdafiəsini pozmuşdur. Qanuni qüvvəyə minmiş məhkəmə hökmündən də görünür ki, yüksək təhlükə mənbəyi cavabdehin mülkiyyətində olmaqla onu idarəetmək üçünmüvafiq sənədlərlə özişçisinə vermişdir. Məhkəmədə iddiaçı tərəfindən analoji işlər üzrə təyin edilən kompensasiya məbləği ilə bağlı məhkəmə aktlarına istinad edilmiş, qərarlara əsasən yol nəqliyyat hadisəsi nəticəsində mülki hüquq pozuntusu səbəbi ilə 1 nəfərin ölümünə görə vurulmuş mənəvi zərərə təyin edilən kompensasiya məbləğinin 30.000 manat həddində təmin edildiyi bildirilmişdir. Məhkəmə işin hallarına əsasən vurulmuş mənəvi zərərin məbləğini 30.000 manat təmin etməməklə, iddiaçının Konstitusiyada təsbit edilmiş bərabərlik hüququnu da pozmuşdur. Məhkəmənin yanaşmasına görə hadisənin ilk vaxtlarında iddiaçının keçirdiyi arzuolunmaz mənəvi-psixoloji stressin səviyyəsi ilə hazırkı vaxtda keçirdiyi stressin səviyyəsi azalır. Bu qətiyyən belə deyil. Əksinə, müddət keçdikcə uzun illər birgə yaşadığın əziz insanın yoxluğunu həyatının hər anında hiss edirsən. Xüsusən ana-qadın üçün daha ağrılı olan bu hisslərin yaşatdığı iztirab, sarsıntının dərəcəsi dərinləşir. İddiaçı tərəfindən məhkəmə təcrübəsində eyni cavabdehəqarşı analoji iş olduğu qeyd edilmişdir. Qeyd edir ki, həmin iş üzrə də övladı ölmüş valideynin cavabdehə qarşı iddiası təmin edilmiş və mənəvizərərə görə 30.000 manat ödənilməsi qətedilmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri 16.Cavabdeh MMC-nin nümayəndəsi X16 iddia ərizəsinə etirazla eyni məzmunlu apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edərək, apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. c) Məhkəmə icraatı iştirakçılarının izahatları 17.Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə etdi, onun məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi. 18.Məhkəmə kollegiyasının iclasında Cavabdeh MMC-nin nümayəndəsi X16 apellyasiya şikayətini qəbul etmədi, apellyasiya şikayətinə qarşı etirazda göstərilənlrə uyğun məzmunda izahat verərək şikayətin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 19.Maddə 21.1.Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 20.Maddə 21.2.Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.Maddə 1096.1.Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 22.Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 23.Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 24.Maddə 1099.1. Hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 25.Maddələr 14.2, 77.1, 217.4.Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 26.Maddə 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir; 29.Maddə 385.2.Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. 27.Maddə 384.0.3. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Apellyasiya baxışının hədləri 28.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. 29.Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırkı halda apellyasiya baxışının hədlərini qətnamənin mənəvi zərərin məbləği ilə bağlı iddianın təmin edilməyən hissəsində qanuniliyinin və əsalılığının yoxlanılması təşkil edir. Çünki iddiaçı qətnaməni həmin hissədə mübahisələndirmiş, cavabdeh isə apellyasiya şikayəti verməmişdir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi 30.Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apellyasiya şikayətini və mülki iş materiallarının araşdıraraq hesab edir ki, iddiaçı tərəfin apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 22 yanvar 2024-cü il tarixli, 2(001)-881/2024 saylı qətnaməsi mübahisələndirilən-cavabdehdən tutulan mənəvi zərərin məbləği ilə bağlı hissədə dəyişdirilməlidir. 31.Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, 28 mart 2015-ci il tarixdə Cavabdeh MMC-nin balansında olan və yol vərəqəsi əsasında verilmiş “Daevoo BS 090” markalı, ** VS *** dövlət nömrə nişanlı avtobusun sürücüsü X1 prospekti ilə köhnə maşın bazarı istiqamətində hərəkət edərkən, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunun 36cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələbini pozaraq, Babək prospekti 8 ünvanında, yolun qarşı hərəkət hissəsinə çıxmış, “Mersedes” markalı **-LB-*** dövlət nömrə nişanlı avtomobillə toqquşmuş, nəticədə həmin avtomobili idarə edən Rüstəm Bədirovun və avtomobildə sərnişin qismində olan iddiaçının oğlu Mübariz Abasovun sağlamlıqlarına həyat üçün təhlükəli olan ağır zərər vuran xəsarətlər yetirərək ölmələrinə səbəb olan qəza törətmişdir. Onun əməlinə məhkəmənin hökmü ilə hüquqi qiymət verilmiş, X6 Azərbaycan Respublikasının CM-in 263.3-cü maddəsi ilə təqsirli bilinib 4 (dörd) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum olunmaqla 8 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Həmin hökmdən onun müdafiəçisi tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının 1(103)-1192/2015 saylı, 13 oktyabr 2015-ci il tarixli Qərarına əsasənapellyasiya şikayəti qismən təmin edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)- 771/2015 saylı, 30 iyul 2015-ci il tarixli hökmü dəyişdirilmiş və hökmlə X4 Azərbaycan Respublikasının CM-in 263.3-cü maddəsi ilə təyin edilmiş azadlıqdan məhrumetmənin müddəti 08 il 06 aydan 07 ilə endirilmişdir. 32.Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının övladının baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində vəfat etməsi, habelə ölümün cavabdehin işçisinin ehtiyatsızlıqdan törədilmiş cinayət əməli nəticəsində baş verməsi və həmin hərəkətlərlə mənəvi zərər arasında səbəbli əlaqənin olması işin mübahisələndirilməyən halıdır. Belə olan halda, işə baxan məhkəmənin qənaətinə görə, cavabdehin işçisinin ehtiyatsızlığı nəticəsində baş vermiş cinayət hadisəsi nəticəsində iddiaçının övladının ölməsi ilə bağlı iddiaçının mənəvi sarsıntı keçirməsi mübahisəsizdir və o, bu hadisə nəticəsində stresləri, əzab və əziyyətləri ilə bağlı vurulmuş mənəvi zərərin ödənilməsini tələb etməkdə haqlıdır. Qanunverici bu halda mənəvi zərərin pul məbləğində ifadə olunmasını mümkün sayır. 33.Məhkəmə işin faktiki hallarını, mülki işdə olan sübutları qiymətləndirib, maddi və prosessual qanunvericiliyin tələblərinə əsaslanaraq, belə qənaətə gəlmişdir ki, iddiaçı ona dəyən mənəvi zərərin məbləğini 30000 manat məbləğində qiymətləndirsə də, işin faktiki halları, iddiaçının oğlunun ölümünə səbəb olmuş qəzanın cavabdehin işçisi tərəfindən qeyd edilmiş cinayətin ehtiyatsızlıqdan törədilməsi və qəsdinin olmaması, cavabdeh hüquqi şəxsin mənəvi zərərin yetirilməsində rolu, eyni zamanda X2 Azərbaycan Respublikasının CM-in 263.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxılarkən zərərçəkmiş şəxslərin və ya onların hüquqi varisləri ilə barışığın əldə olunması, habelə hadisənin baş verməsindən 9 ilə yaxın müddətin keçməsi nəzərə alınaraq, Cavabdeh MMC-dən 3000 (üç min) manat məbləğində dəymiş mənəvi zərərin İddiaçı xeyrinə tutulması ədalətli olmaqla yanaşı tərəflərin mənafeyinə uyğundur. 34.Bu baxımdan, məhkəmə kollegiyası hesab edir ki, vurulmuş mənəvi zərərin məbləği ilə bağlı birinci instansiyası məhkəməsinin gəldiyi nəticə apellyasiya şikayətinin dəlilləri müstəvisində dəyərləndirilməlidir. 35.İlk olaraq, şəxsin yaxınlarının, o cümlədən ailə üzvlərinin ölməsi və ya sağlamlığına zərər vurulması halında mənəvi zərərə görə ödənilən təzminat şəxsin keçirdiyi sarsıntı və iztirabın müəyyən dərəcədə yumşaldılmasına, pozulan mənəvi tarazlığın bərpa edilməsinə yönəlmiş olur. Belə halda zərərçəkmiş şəxsi müəyyən miqdarda təzminat ilə təmin etməklə yaxınının itirilməsi nəticəsində keçirdiyi sarsıntı və iztirabın unutdurulması, yaşama sevincindəki azalma və mənəvi hüzursuzluğun aradan qaldırılması məqsədi ilə ona mənəvi cəhətdən dəstək olunmasına xidmət edilmiş olur. 36.Mənəvi zərərin məbləğinin müəyən edilməsi üçün konkret meyarlar qanunvericiliklə müəyyən edilməmişdir. Mənəvi zərərin məbləği təqsirli şəxsin təqsiri və ya zərərçəkənin subyektiv vəziyyəti nəzərə alınmadan obyektiv əsaslara görə müəyyən edilir. Mənəvi təzminatın əsas məqsədi zərərin kompensasiyası olduğundan, gələcəkdə baş verəcək zərərin qarşısının alınması üçün yüksək məbləğdə zərər tələb edilə bilməz. İztirab və sarsıntının nəticəsi olan zərər, zərərçəkənin hiss etdiyi fiziki və ya psixoloji ağrı şəklində ortaya çıxdığına görə təzminat bu ağrının dərəcəsinə mütənasib olmalıdır. Ağrının şiddəti obyektiv faktorlara görə dəyərləndirilir. Belə obyektiv faktorlara, törədilən hüquqazidd əməlin növü, ölçüsü, şiddəti, davam etdiyi müddət, zərərçəkən şəxsdə mənfi fiziki və psixoloji təsirləri aiddir. Zərərin ağırlığının çox olması təzminat miqdarının yüksək, az olması isə aşağı olmasını şərtləndirir. Belə ki, bir şəxsin avtomobil qəzasında vəfat etməsi ilə şəxsin qəsdən həyatdan məhrum edilməsinin məruz qoyduğu mənəvi zərərin məbləği fərqləndirilməlidir. Təzminatın miqdarı ilə bağlı nəzərə alınmalıdır ki, zərərçəkənə şişirdilmiş bir məbləğin verilməsi əsassız varlanmaya gətirib çıxara bilər. 37.İztirab və sarsıntının ağırlıq dərəcəsinə təsir göstərən faktorlardan biri də ölən və ya cismani zərərə məruz qalanın yaxınlarının mənəvi təzminat tələb etmələri halında onların zərərçəkmiş şəxslə qohumluq dərəcəsi və şəxsi münasibətlərinin xarakteridir. Yaxınlara ödəniləcək mənəvi təzminatın miqdarında qohumluq dərəcəsindən asılı olmayaraq mövcud olan şəxsi münasibətlərin xarakteri də əhəmiyyət kəsb edir. Bu zaman sağ ikən şəxslərarası münasibətlərin məzmununa xüsusi diqqət edilməlidir. Odur ki, ölən şəxslə yaxşı münasibəti olan və daim onun yanında qalan bir kəsə ödəniləcək təzminat məbləği, münasibətləri pis olan və uzun zaman ərzində onunla görüşməyən şəxsə ödəniləcək məbləğdən çox olmalıdır. 38.Mənəvi təzminatın məbləğinə təsir edən elementlərdən biri də zərərçəkənin iqtisadi vəziyyətidir. Çünki qane olma səviyyəsi hamıda eyni deyil. Təqsirli tərəfin maddi vəziyyəti də mənəvi zərərin müəyyən edilməsində əhəmiyyətli faktorlardan biridir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsində də mənəvi zərərin məbləği məsələsi həll edilərkən ölkələrin sosialiqtisadi durumu, insanların yaşayış səviyyəsi nəzərə alınır.

39. Kollegiya qeyd edir ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2008ci il 3 noyabr tarixli qərarında göstərilir ki, şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. 40.Həmçinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2020-ci il tarixli Qərarna əsasən: “Konstitusiyanın 68-ci maddəsinin İİ hissəsi cinayət, habelə hakimiyyətdən sui-istifadə nəticəsində zərər çəkmiş şəxsin hüquqlarının qanunla qorunmasını bəyan edir və zərər çəkmiş şəxsin ədalət mühakiməsinin həyata keçirilməsində iştirak etmək və ona vurulmuş zərərin ödənilməsini tələb etmək hüququnu müəyyən edir. Konstitusiyanın bu norması insan hüquq və azadlıqlarının pozulduğu təqdirdə zərərçəkmiş şəxsə dəymiş ziyana görə kompensasiyanın ödənilməsini ədalətli sayaraq bu öhdəliyin yerinə yetirilməsində dövlətin də məsuliyyətini müəyyən edir. Mənəvi zərər insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir və yaxın şəxsin itirilməsi, fəal ictimai həyatın davam etdirilməsinin qeyri-mümkünlüyü, əmək qabiliyyətinin itirilməsi, ailə və şəxsi həyat sirrinin ictimailəşməsi, şərəf və ləyaqəti alçaldan məlumatların yayılması, müəyyən hüquq və azadlıqların qanunsuz məhdudlaşdırılması, fiziki əzab, sağlamlığa zərər vurulması və s. nəticəsində yarana bilər. Mənəvi təzminat isə hüquqa zidd əməl ilə zərərçəkənin mənəvi və ya fiziki bütövlüyünə edilən təcavüz nəticəsində meydana gələn ağrı və iztirabın, mənəvi sarsıntının unudulması, yaşama sevinci və arzusunun təkrar qazanılması, pozulan mənəvi tarazlığın yenidən bərpa edilməsi üçün bərabərləşdirmə vasitəsidir. Mənəvi zərərin əvəzinin ödənilməsi tələbi maddi zərərin ödənilməsi tələbindən fərqləndirilməlidir. Maddi zərərin həcmi vurulmuş ziyanın həcmi ilə şərtlənsə də, mənəvi zərərin həcmi zərərçəkmiş şəxsin mülahizəsinə əsasən iddiada müəyyən edilir və məhkəmələr tərəfindən mənəvi zərərin həcmi (miqdarı) ədalətlilik və mütənasiblik meyarları baxımından qiymətləndirilməlidir. Şəxsin yaxınlarının, o cümlədən ailə üzvlərinin ölməsi və ya sağlamlığına zərər vurulması halında mənəvi zərərə görə ödənilən təzminat şəxsin keçirdiyi sarsıntı və iztirabın müəyyən dərəcədə yumşaldılmasına, pozulan mənəvi tarazlığın bərpa edilməsinə yönəlmiş olur. Belə halda zərərçəkmiş şəxsi müəyyən miqdarda təzminat ilə təmin etməklə yaxınının itirilməsi nəticəsində keçirdiyi sarsıntı və iztirabın unutdurulması, yaşama sevincindəki azalma və mənəvi hüzursuzluğun aradan qaldırılması məqsədi ilə ona mənəvi cəhətdən dəstək olunmasına xidmət edilmiş olur. Nəzərə alınmalıdır ki, mənəvi təzminat tələbi vərəsəliklə əlaqəli deyil. Belə ki, mənəvi təzminat tələbi ilə çıxış edən iddiaçı ölən şəxsin vərəsəsi olsa da, onların ölümdən əvvəl emosional yaxınlığı olmadığı, iddiaçı şəxsin ölməsi ilə əlaqədar ağrı və kədər hissi və ya mənəvi sarsıntı keçirmədiyi təqdirdə onun mənəvi təzminat almaq tələbi də istisna edilir. Mənəvi təzminatı tələb etmək hüququ olan şəxslərin dairəsinə gəlincə isə qeyd edilməlidir ki, bu hüquqa ölən və ya sağlamlığına zərər vurulan şəxsin yaxınları malik ola bilər. Şəxsin “yaxını” dedikdə onun məhz ailə hüququ çərçivəsində qohumu deyil, ölmüş və ya sağlamlığına zərər vurulmuş şəxslə xüsusi bağlılığı ilə səciyyələnən, səmimi münasibətinin və mənəvi yaxınlığının olduğu, həyatında mühüm yer tutan, uzun müddət birgə yaşadığı və birgə təsərüfat apardığı, ölümündən və ya sağlamlığına vurulan zərər nəticəsində həyat şəraiti dəyişmiş, həqiqətən mənəvi sarsıntı, əzab və iztirab keçirmiş insan nəzərdə tutulur. Məhkəmələr mənəvi zərərə görə təzminat müəyyən edərkən hər baxılan iş üzrə sosial, psixoloji və iqtisadi qiymətləndirməni mütənasiblik və ədalətlilik prinsipləri əsasında aparmalıdırlar. Mənəvi təzminatın həcmi (miqdarı, məbləği) müəyyən edilərkən iddia irəli sürən insanla ölən və ya sağlamlığına zərər vurulmuş şəxs arasındakı şəfqət və mənəvi bağlılığının möhkəmliyi, keçirilmiş iztirabın və sarsıntının dərəcəsi, onların birlikdə və ya ayrı yaşamaları, ər-arvad olduqları təqdirdə, həmçinin evlilik həyatının müddəti və s. amillər nəzərə alınmalıdır. Beləliklə, mənəvi zərərin vurulmasının sübut edilməsinin kifayət qədər mürəkkəb olması mübahisəsizdir. Bu növ iddialarda şəxs maddi deyil, mənəvi aləmində, şüurunda baş vermiş mənfi halları, sarsıntını, yaşamaq eşqinin azalmasını və s. məhkəmə qarşısında sübut etməlidir. Bu baxımdan Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, məhkəmədə mənəvi zərərlə bağlı işə baxılarkən zərərçəkmiş şəxsin mənəvi və fiziki iztirablar keçirməsi ilə əlaqədar zərərin hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində vurulması, zərər vuranın təqsirinin dərəcəsi və mübahisənin həlli üçün əhəmiyyət kəsb edən digər hallar ətraflı araşdırılaraq müəyyən edilməlidir. Vurulmuş mənəvi zərərə görə təzminatın məbləğinin hesablanması zamanı məhkəmələr cavabdehin maddi durumunu nəzərə almalıdır. Həmçinin məhkəmələr tərəfindən nəzərə alınmalıdır ki, şəxsin ölümü və ya sağlamlığına vurulmuş zərər təkcə qohumlarının deyil, həm də onun dostlarının, tanışlarının da mənəvi sarsıntı, məyusluq hisləri keçirməsinə səbəb ola bilər. Lakin məhkəmələr hüquq pozuntusu nəticəsində yaranan mənəvi zərərə görə şəxsin məsuliyyətini müəyyən edərkən güclü emosional hislərlə ağır mənəvi sarsıntı və iztirab hislərini fərqləndirməlidirlər.” 41.Zərərvuranın təqsirinin dərəcəsi də təzminatın miqdarının müəyyən edilməsində əhəmiyyət kəsb edir. Bu anlamda, ehtiyatsızlıqla cinayət törətmiş şəxsdən tutulan zərərin məbləği, qəsdən cinayət törətmiş şəxsdən tutulan zərənin məbləği ilə eyni olmamalıdır. 42.Həmçinin, mənəvi zərər bilavasitə zərərvuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə, mənfi psixoloji reaksiyaya səbəb olduğu üçün, hadisədən uzun müddət keçdikdən sonra mənəvi zərərin təsirinin azalması da labüddür. 43.İşin hallarından görünür ki, iddiaçının övladının ölümünə ehtiyatsızlıqla törədilmiş cinayət səbəb olmuşdur. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-771/2015 saylı, 30 iyul 2015-ci il tarixli hökmünün surətindən görünür ki, cinayət işinə baxılarkən zərərçəkmiş şəxsin hüquqi varisi olaraq mərhum X7 atası X15 iştirak etmişdir. Məhkəmə zərərçəkmiş şəxslərlə barışıq əldə olunmasını yüngülləşdirici hal kimi qəbul etmişdir. Hazırda isə mərhum X7 anası olan iddiaçı X5 hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. 44.Kollegiya hesab edir ki, iddiaçının oğlunun ölümü nəticəsində keçirdiyi mənəvi sarsıntıların, psixoloji stressin və əzab-əziyyətin qarşılığı olaraq mənəvi zərərin məbləği 10000 manat məbləğdə müəyyənləşdirilməlidir. 45.Belə ki, Konstitusiya Məhkəməsi Plenumunun 24 aprel 2020-ci il tarixli Qərarında qeyd olunur ki, mənəvi təzminatın həcmi (miqdarı, məbləği) müəyyən edilərkən iddia irəli sürən insanla ölən və ya sağlamlığına zərər vurulmuş şəxs arasındakı şəfqət və mənəvi bağlılığının möhkəmliyi, keçirilmiş iztirabın və sarsıntının dərəcəsi, onların birlikdə və ya ayrı yaşamaları və s. amillər nəzərə alınmalıdır. 46.Hazırkı işdən isə müəyyən olunur ki, iddiaçının mərhum oğlunun 2015-ci ildə baş verən hadisə vaxtı 22 yaşı olmuşdur. 47.Lakin, baş vermiş hadisədən artıq 9 ilə yaxın vaxt keçməsi onu qəti surədə deməyə əsas verir ki, iddiaçının hadisənin ilk vaxtlarında keçirdiyi arzuolunmaz mənəvi-psixoloji stressin səviyyəsi ilə hazırkı vaxtda keçirdiyi stressin səviyyəsi eyni ola bilməz. Ona görə də, iddia tələbinin iddiaçının qeyd etdiyi formada, tam həcmdə təmin olunması əsasları hazırda mövcud deyildir. 48.Məhkəmə kollegiyası şərh olunanları, eyni zamanda zərərçəkən mərhum X7 iddiaçının övladı olmasını, hadisə nəticəsində gənc yaşda vəfat etməsini, eləcə də iddiaçının oğlunun ölümünə səbəb olmuş qəzanın cavabdehin işçisi tərəfindən qeyd edilmiş cinayətin ehtiyatsızlıqdan törədilməsi və qəsdinin olmamasını, cinayət işinə baxılarkən iddiaçının həyat yoldaşının zərərçəkmiş şəxsin hüquq varisi kimi iştirak etməsini, təqsirləndirilən şəxslə barışıq əldə olunmasını, hadisədən 9 ilə yaxın müddət keçməsini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulan mənəvi zərərin məbləği az müəyyən edildiyindən qətnamə mənəvi zərərlə bağlı hissədə dəyişdirilməli, cavabdehdən tutulan mənəvi zərərin məbləği 10000 (on min) manat müəyyən edilməlidir. 49.Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən qətnamə çıxarılarkən mənəvi zərərin tutulması ilə bağlı düzgün nəticəyə gəlsə də, mənəvi zərərin məbləğini düzgün müəyyən etməmişdir. 50.Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 22 yanvar 2024-cü il tarixli, 2(001)-881/2024 saylı qətnaməsi mübahisələndirilən- cavabdehdən tutulan 3000 manat mənəvi zərərin məbləği ilə bağlı hissədə dəyişdirilməli, mənəvi zərəri 1000 (on min) manat məbləğində müəyyən edilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. 51.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393, 402, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 22 yanvar 2024-cü il tarixli, 2(001)-881/2024 saylı qətnaməsi mübahisələndirilən- cavabdehdən tutulan 3000 (üs min) manat mənəvi zərərin məbləği ilə bağlı hissədə dəyişdirilsin, mənəvi zərər 10000 (on min) manat məbləğində müəyyən edilsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, iddiaçıya rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər.

Sədrlik edən Xəyal Sarıyev

Hakimlər Fuad Abdıyev

Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar