Məhkəmə qərarları › İş №2(103)-2334/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2334/2021

06.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2334/2021 06.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri - Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Şirinov Ziya Allahverdi oğlu və X1 ibarət tərkibdə, Türkmənli Lamiyə Elman qızının katibliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı «sığorta ödənişinin verilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 05 noyabr 2020-ci il tarixli, 2(006)-1651/2020 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı «sığorta ödənişinin verilməsi» tələbinə dair iddia ərizəsi ilə (iddianın dəyişdirilmiş formasında) məhkəməyə müraciət edərək, 2-ci qrup əlilliyə görə «Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında» Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş 5 illik əmək haqqının 60%-i miqdarında sığorta ödənişinin (1997-ci ildə Azərbaycan Respublikası Daxili İşlər Orqanlarından xaric edilərkən tutduğu vəzifəsinin və malik olduğu polis kapitanı rütbəsinin bu günə mövcud olan vəzifə və rütbə maaşları nəzərə alınmaq şərti ilə) cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 26.04.1990-cı il tarixdən 07.02.1997-ci ilədək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyində xidmət keçmiş, xidmət dövrü döyüş zonasında döyüş vaxtı ağır yaralanmış və sağlamlığını itirmişdir. 05.05.2017-ci il tarixdə iddiaçıya 2-ci dərəcəli əlillik qrupu təyin edilmişdir. Əlilliyin səbəb əlaqəsi «Azərbaycan Respublikasının müdafiəsi ilə əlaqədar» göstərilmişdir. Lakin bu günə qədər iddiaçı 2-ci qrup əlillər üçün qanunla nəzərdə tutulan sığorta ödənişini ala bilməmişdir. Qeyd edilənlərə əsasən məhkəmədən iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 05 noyabr 2020-ci il tarixli, 2(006)- 1651/2020 saylı qətnaməsi ilə (hakim Rəşid Səmədov) iddia təmin olunmuşdur. Cavabdeh məhkəmənin qeyd edilən qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını, iddianın təmin olunmaması barədə yeni qətnamənin qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini - birinci instansiya məhkəməsinin qətnaməsinin əsassız olması, maddi və prosessual hüquq normalarının pozulması, iddiaçının 26.04.1990-cı il tarixdən 07.02.1997-ci il tarixədək xidmətdə olması, bu barədə Azərbaycan Respublikası DİN-nin 01.11.2005-ci il tarixli, 480 saylı əmrində göstərilməsi, X3 əməkdaşlarının aldığı xəsarətin «xidməti vəzifələri yerinə yetirərkən» baş verməli olması, iddiaçıya xidmətdən təxris edildiyi gündən 20 il sonra əlllik verilməsi, «Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən isə 3 il müddətində əlillik təyin olunduqda sığorta haqqının ödənilməli olması və s. kimi əsaslandırmış, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməsi xahiş olunmuşdur. İzahatlar, prosessual məsələlər: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, şikayətində göstərilən dəlillərə və birinci instansiya məhkəməsində verilmiş izahata uyğun izahat vermiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini əsassız sayaraq, iddia ərizəsində göstərilən dəlillərə və birinci instansiya məhkəməsində verilmiş izahata uyğun izahat vermiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini və izahatları dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmaldıır. Belə ki, işdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Xüsusi Həkim Komissiyasının 10 saylı, 13.02.2017-ci il tarixli qərarında qeyd edilmişdir ki, 1966-cı il təvəllüdlü İddiaçı Azərbaycan Respublikasının müdafiəsi zamanı hərbi travma almışdır. Diaqnoz: «Qapalı kəllə-beyin travması. Postravmatik ensefalopatiya. Asteno-nevrotik vəziyyət, vegetativ əlamətlərlə. Sol ayağın topuq nahiyəsində güllə yarası. Sol ayaq sinirinin zədələnməsi». İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasının müayinəyə dair məlumatın verilməsi barədə çıxarışdan görünür ki, İddiaçı ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar ikinci qrup müharibə əlilidir. İş materiallarında olan 000424 №-li vəsiqənin surətindən görünür ki, İddiaçı Azərbaycan Respublikasının müdafiəsi ilə əlaqədar ikinci qrup müharibə əlilidir. İşin birinci instansiya məhkəməsi tərəfindən müəyyən olunmuş hallarına əsasən iddiaçı 26.04.1990-cı il tarixdən 07.02.1997-ci ilədək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyində xidmət keçmiş, xidmət dövrü ağır yaralanmış və ona ikinci dərəcəli əlillik qrupu təyin edilmişdir. Hazırda iddiaçı ona ödənilməli olan sığorta məbləğini tələb edir. İddiaçı hüquq-mühafizə orqanının işçisi kimi xidmət dövründə xəsarət almış və nəticədə ona ikinci qrup əlillik təyin edilmişdir. Belə olan halda iddiaçıya «Məhkəmə və hüquq-mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında» Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsi nəzərə alınmaqla, ikinci qrup əlilliklə əlaqədar 5 illik əmək haqqının 60% məbləğində sığorta ödənişi ödənilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İİİ hissəsində göstərilmişdir ki, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. «Məhkəmə və hüquq-mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında» Azərbaycan Respublikasının Qanununun 4-cü maddəsinə əsasən həmin qanuna uyğun olaraq hər bir məhkəmə və hüquq mühafizə orqanları işçisi onların 5 illik əmək haqqı məbləğində sığorta edilir. Həmin Qanunun 5-ci maddəsinə əsasən məhkəmə və hüquq mühafizə orqanları işçilərinin xidmət vəzifələrinin icrası ilə bağlı həlak olması (vəfat etməsi), xəsarət (yaralanma, travma, kontuziya) alması sığorta hadisələri hesab edilir. Sığorta hadisələri baş verdikdə sığorta məbləğindən faizlə aşağıdakı sığorta ödənişləri verilir; a) sığorta olunan məhkəmə və ya hüquq-mühafizə orqanlarında xidmətdə olduğu zaman həlak olduqda (vəfat etdikdə) - 100 faiz; b) sığorta olunan xidmətdə olduğu zaman aldığı xəsarət (yaralanma, travma, kontuziya) almağa görə xidmətdən çıxdıqdan sonra üç il ərzində öldükdə - 100 faiz; c) sığortaolunanın əlilliyi müəyyən edildikdə; İ dərəcə - 80 faiz; İİ dərəcə - 60 faiz; İİİ dərəcə - 40 faiz ç) sığorta olunan: ağır xəsarət (yaralanma, travma, kontuziya) aldıqda - 20 faiz; yüngül xəsarət (yaralanma, travma, kontuziya) aldıqda - 10 faiz Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 154.1-ci maddəsinə əsasən əmək haqqı - müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. Həmin Məcəllənin 157.3-cü maddəsinə görə əmək haqqının tərkibinə aylıq tarif (vəzifə) maaşı, əlavələr və mükafatlar daxildir. Azərbaycan Respublikası Prezidentinin 20 sentyabr 1991-ci il tarixli Fərmanı ilə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi yanında fəaliyyət göstərən Dövlət Sığortası İdarə Heyətinin bazasında Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti yaradılmış və Respublikada icbari sığortalamanın bütün növlərini həyata keçirmək həmin Şirkətə həvalə edilmişdir. Məhkəmə kollegiyası iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı sayaraq, həmçinin aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İşdə olan 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 21 dekabr 2016-cı il tarixli qərarından görünür ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı «vəzifəli şəxsin hərəkətindən şikayət» barədə iddiası təmin olunmuş, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Xüsusi Həkim Komissiyası tərəfindən İddiaçı şəhadətləndirilərək 24.12.1991-ci il tarixdə döyüş zonasında xidməti ezamiyyətdə olarkən aldığı yaralanmanın (xəsarətin) səbəb əlaqəsinin təyin edilərək bu barədə İddiaçı Xüsusi Həkim Komissiyasının qərarının verilməsi vəzifəsi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə həvalə edilmişdir. İşdə olan digər sübutlardan da aydın olur ki, iddiaçı müvafiq sığorta haqqını tələb etməkdə subyektiv hüquqlara malikdir. İddiaçı hüquq-mühafizə orqanının (DİN-nin) işçisi kimi xidmət dövründə (24.12.1991-ci il tarixdə döyüş zonasında xidməti ezamiyyətdə olarkən) döyüş zonasında Azərbaycan Respublikasının müdafiəsi zamanı xəsarət almış, məhz həmin səbəbdən də sonradan ona əlillik təyin olunmuşdur. Cavabdeh apellyasiya şikayətində iddiaçıya əlilliyin 20 il sonra verilməsini, bununla da «Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında» Qanunun 5-ci maddəsində nəzərdə tutulmuş 3 illik müddətin keçməsini göstərmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin həmin dəlilinə münasibət bildirərək qeyd edir ki, iddiaçıya əlilliyin sonradan təyin olunması onun müvafiq sığorta haqqını almaq hüququnu istisna etmir. Həmçinin, 3 ildən artıq müddət keçdikdən sonra sığorta olunana əlillik təyin olunmaması, yəni iddiaçının əlillik dərəcəsini vaxtında almaması onun şəxsi iradəsi ilə bağlı olmamışdır. İşdən və məhkəmə qərarından da göründüyü kimi, iddiaçı əlillik təyin olunması ilə bağlı səlahiyyətli orqanlara müraciət etmiş, sonda hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində şəxslərin maddi və sosial deyil, hüquqi vəziyyətini yaxşılaşdıran, hüquqi məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların geriyə qüvvəsindən bəhs edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsi 7.3-cü maddəsinə əsasən mülki hüquq subyektlərinə ziyan vurursa və ya onların vəziyyətini pisləşdirirsə, mülki qanunvericiliyin geriyə qüvvəsi ola bilməz. Göründüyü kimi, şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquqi məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların geriyə qüvvəsi vardır. Bu səbəbdən də yuxarıda qeyd edilən qanunların iddiaçının xəsarət almasından sonra qəbul edilməsi, onun müvafiq tələb hüququnu aradan qaldırmır. Həmçinin qeyd edilməlidir ki, «Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında» Azərbaycan Respublikası Qanununun bəzi müddəalarının şərh olunmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 yanvar 2014-cu il tarixli Qərarına əsasən – Azərbaycan Respublikası Konstitusiyasının 12, 16 və 25-ci maddələrinin tələblərinə uyğun olaraq «Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında» Azərbaycan Respublikasının 20 may 1997-ci il tarixli Qanunu qüvvəyə minənədək həlak olmuş, itkin düşmüş, xəsarət almış, lakin hal-hazıra qədər sığorta məbləğini almamış hərbi qulluqçulara qanunvericilikdə nəzərdə tutulmuş sığorta məbləği ödənilməlidir. Bununla yanaşı, «Məhkəmə və hüquq-mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında» Azərbaycan Respublikasının Qanununun 4-cü maddəsinə əsasən, sığorta olunana və ya onun vərəsələrinə sığorta məbləğinin verilməsindən aşağıdakı hallarda imtina edilir: sığorta hadisəsinin sığorta olunanın xidmət vəzifələrinin icrası ilə bilavasitə bağlı olmamasını müəyyən edən məhkəmə hökmünün və ya qərarının qəbul edilməsi, yaxud sığorta olunan alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə hərəkət etdikdə. Cavabdeh isə qeyd edilən halların mövcudluğu ilə bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Göründüyü kimi, apellyasiya şikayətinin dəlilləri iddiaçının tələb hüququnu aradan qaldırmır. Cavabdeh etirazının və apellyasiya şikayətinin əsası kimi istinad etdiyi halları əsaslandıra və sübut edə bilməmişdir. Halbuki, MPM-in 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin tələbinə görə, məhkəməyə müraciət olunan istənilən fərdi şikayət açıq əsaslandırılmamış və ya şikayət vermə hüququndan sui-istifadə edilmiş hesab edirsə, qəbul olunmayan elan edilə bilər. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı «sığorta ödənişinin verilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 05 noyabr 2020-ci il tarixli, 2(006)-1651/2020 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 05 noyabr 2020-ci il tarixli, 2(006)- 1651/2020 saylı qətnaməsi apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 02 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: imza var. Hakimlər: imzalar var. Əsli ilə düzdür: Sədrlik edən Rafael Eyvazov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar