Məhkəmə qərarları › İş №2(103)-2340/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2340/2021

02.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2340/2021 02.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Qürbət Ağa oğlu Əsgərovun sədrliyi və məruzəsi ilə, Azad Nizam oğlu İmanov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Məhkəmə iclas katibi: Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi, Cavabdeh “Meqa Sığorta” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X9 iştirakı ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(005)-3037/2020 saylı qətnaməsindən İddiaçı və cavabdeh “Meqa Sığorta” Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh “Meqa Sığorta” Açıq Səhmdar Cəmiyyətinə qarşı “sığorta məbləğinin və hesablanmış dəbbə pulunun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh “Meqa Sığorta” Açıq Səhmdar Cəmiyyətindən İddiaçı xeyrinə 36.286,32 (otuz altı min iki yüz səksən altı manat otuz iki qəpik) manat məbləğində sığorta ödənişi və 39.726,60 (otuz doqquz min yeddi yüz iyirmi altı manat altmış qəpik) manat dəbbə pulu olmaqla, cəmi 76.012,92 (yetmiş altı min on iki manat doxsan iki qəpik) manat məbləğində pul vəsaitinin tutulmasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə cavabdeh “Meqa Sığorta” Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış müqavilələrə əsasən müvafiq şəxsi minik avtomobilləri (AK0393/12 nömrəli sığorta polisinə əsasən sığorta müddəti xx xxxxxx 2012xx xxxx 2013-cü ili əhatə edən və 6.400 (altı min dörd yüz) manat sığorta məbləği hesablanmış 7.200 (yeddi min iki yüz) manat dəyərində olan 1997-ci il buraxılışlı **-EG-*** dövlət qeydiyyat nişanlı “Mercedes Benz 180” markalı, MS13000008 nömrəli sığorta polisinə əsasən sığorta müddəti xx xxxxxx 2013-xx xxxxx 2014-cü ili əhatə edən və 5.900 (beş min doqquz yüz) manat sığorta məbləği hesablanmış 7.850 (yeddi min səkkiz yüz əlli) manat dəyərində olan 1999-cu il buraxılışlı **-EG-*** dövlət qeydiyyat nişanlı “BMW 523” markalı, MS13000012 nömrəli sığorta polisinə əsasən sığorta müddəti xx xxxxxx 2013-xx xxxxx 2014-cü ili əhatə edən və 6.200 (altı min iki yüz) manat sığorta məbləği hesablanmış 7.850 (yeddi min səkkiz yüz əlli) manat dəyərində olan 2007-ci il buraxılışlı 10-VA261 dövlət qeydiyyat nişanlı “Suzuki Swift” markalı, AK0363/12 nömrəli sığorta polisinə əsasən sığorta müddəti xx xxxxxx 2012-xx xxxxxx 2014-cü ili əhatə edən və 7.100 (yeddi min bir yüz) manat sığorta məbləği hesablanmış 7.840 (yeddi min səkkiz yüz qırx) manat dəyərində olan 2001-ci il buraxılışlı **-KF-*** dövlət qeydiyyat nişanlı “Peugeot 406” markalı, AK0357/12 nömrəli sığorta polisinə əsasən sığorta müddəti xx xxxxxxx 2012-xx xxxxxx 2014-cü ili əhatə edən və 7.300 (yeddi min üç yüz) manat sığorta məbləği hesablanmış 10.000 (on min) manat dəyərində olan 2003-cü il buraxılışlı **-NN-*** dövlət qeydiyyat nişanlı “Mercedes Benz C240” markalı, AK0392/12 nömrəli sığorta polisinə əsasən sığorta müddəti xx xxxxxx 2012-xx xxxx 2014-cü ili əhatə edən və 6.000 (altı min) manat sığorta məbləği hesablanmış 6.700 (altı min yeddi yüz) manat dəyərində olan 2002ci il buraxılışlı **-CU-*** dövlət qeydiyyat nişanlı “Opel Astra” markalı, AK0356/12 nömrəli sığorta polisinə əsasən sığorta müddəti xx xxxxxxx 2012-xx xxxxxx 2014-cü ili əhatə edən və 6.500 (altı min beş yüz) manat sığorta məbləği hesablanmış 7.000 (yeddi min) manat dəyərində olan 2005-ci il buraxılışlı **-UD-*** dövlət qeydiyyat nişanlı “Hyundai Sonata” markalı və AK0352/12 nömrəli sığorta polisinə əsasən sığorta müddəti xx xxxxxxx 2012-xx xxxxxx 2014-cü ili əhatə edən və 7.500 (yeddi min beş yüz) manat sığorta məbləği hesablanmış 12.500 (on iki min beş yüz) manat dəyərində olan 2000-ci il buraxılışlı 90- BC-388 dövlət qeydiyyat nişanlı “Mercedes Benz E320” markalı avtomobillər) kasko növü üzrə sığorta edilmişdir. Sığorta müqaviləsinə əsasən cavabdeh sığorta şirkəti tərəfindən avtomobillər üçüncü şəxslərin qanuna zidd hərəkətlərindən sığorta edilmiş, franşiza isə 15% təşkil etmişdir. Yuxarıda qeyd edilən avtomobillər üzrə sığorta hadisəsi baş vermişdir. Belə ki, onun xəbəri və iradəsi olmadan “Peugeot 406” markalı, **-KF-*** dövlət qeydiyyat nişanlı avtomobil X2 adına, “Mersedes Benz C240” markalı, **-NN-*** dövlət qeydiyyat nişanlı avtomobil X8 adına, “Opel Astra” markalı **-CU-*** dövlət qeydiyyat nişanlı avtomobil X4 adına, digər avomobillər isə digər şəxslərin adlarına keçirilmiş, bununla da onun həmin avtomobillər üzərində mülkiyyət hüquqları pozulmuşdur. Bu isə son nəticədə üçüncü şəxslərin qanuna zidd hərəkətləri deməkdir. Sığorta şəhadətnamələrinə əsasən avtomobillərə hesablanmış natamam sığorta və franşiza məbləğləri müvafiq qaydada hesablanmalıdır (“Mercedes Benz 180” markalı, **-EG-*** dövlət qeydiyyat nişanlı avtomobil üçün 4.835,61 (dörd min səkkiz yüz otuz beş manat altmış bir qəpik) manat (6.400x11,11%=711,04 manat məbləğ sığorta məbləğindən çıxıldıqda yaranan 5.688,96 manat hesablanmış zərərin məbləğindən 853,34 manat franşiza məbləği hesablandıqdan sonra yaranan ödəniləcək məbləğ), “BMW 523” markalı, **-EG-*** dövlət qeydiyyat nişanlı avtomobil üçün 3.769,27 (üç min yeddi yüz altmış doqquz manat iyirmi yeddi qəpik) manat (5.900x24,84%=1.465,56 manat məbləğ sığorta məbləğindən çıxıldıqda yaranan 4.434,44 manat hesablanmış zərərin məbləğindən 665,16 manat franşiza məbləği hesablandıqdan sonra yaranan ödəniləcək məbləğ), “Suzuki Swift” markalı, **-VA-*** dövlət qeydiyyat nişanlı avtomobil üçün 4.163,30 (dörd min bir yüz altmış üç manat otuz qəpik) manat (6.200x21%=1.302 manat məbləğ sığorta məbləğindən çıxıldıqda yaranan 4.898 manat hesablanmış zərərin məbləğindən 734,70 manat franşiza məbləği hesablandıqdan sonra yaranan ödəniləcək məbləğ), “Peugeot 406” markalı, **-KF-*** dövlət qeydiyyat nişanlı avtomobil üçün 5.465,43 (beş min dörd yüz altmış beş manat qırx üç qəpik) manat (7.100x9,43%=669,53 manat məbləğ sığorta məbləğindən çıxıldıqda yaranan 6.430,47 manat hesablanmış zərərin məbləğindən 964,57 manat franşiza məbləği hesablandıqdan sonra yaranan ödəniləcək məbləğ), “Mercedes Benz C240” markalı, 90- NN-657 dövlət qeydiyyat nişanlı avtomobil üçün 4.529,65 (dörd min beş yüz iyirmi doqquz manat altmış beş qəpik) manat (7.300x27%=1.971 manat məbləğ sığorta məbləğindən çıxıldıqda yaranan 5.329 manat hesablanmış zərərin məbləğindən 799,35 manat franşiza məbləği hesablandıqdan sonra yaranan ödəniləcək məbləğ), “Opel Astra” markalı, **-CU-*** dövlət qeydiyyat nişanlı avtomobil üçün 4.567,56 (dörd min beş yüz altmış yeddi manat əlli altı qəpik) manat (6.000x10,44%=626,40 manat məbləğ sığorta məbləğindən çıxıldıqda yaranan 5.373,60 manat hesablanmış zərərin məbləğindən 806,04 manat franşiza məbləği hesablandıqdan sonra yaranan ödəniləcək məbləğ), “Hyundai Sonata” markalı, **-UD-*** dövlət qeydiyyat nişanlı avtomobil üçün 5.130,51 (beş min bir yüz otuz manat əlli bir qəpik) manat (6.500x7,14%=464,10 manat məbləğ sığorta məbləğindən çıxıldıqda yaranan 6.035,90 manat hesablanmış zərərin məbləğindən 905,38 manat franşiza məbləği hesablandıqdan sonra yaranan ödəniləcək məbləğ) və “Mercedes Benz E320” markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobil üçün 3.825 (üç min səkkiz yüz iyirmi beş) manat (7.500x40%=3.000 manat məbləğ sığorta məbləğindən çıxıldıqda yaranan 4.500 manat hesablanmış zərərin məbləğindən 675 manat franşiza məbləği hesablandıqdan sonra yaranan ödəniləcək məbləğ)). Tərəflər arasında bağlanmış müqavilələrin şərtlərinə uyğun olaraq natamam sığorta və 15% franşiza məbləği çıxılmaqla, qalan 36.286,32 (otuz altı min iki yüz səksən altı manat otuz iki qəpik) manat (4.835,60 + 3.769,27 + 4.163,30 + 5.465,43 + 4.529,64 + 4.567,56 + 5.130,51 + 3.825) sığorta məbləğləri ona ödənilməli idi. Bununla əlaqədar cavabdeh sığorta şirkətinə xx xxxxxx 2013-cü il tarixində və xx xxxxxx 2013-cü il tarixində rəsmi qaydada müraciət etsə də, sığorta ödənişinin verilməsindən imtina haqqında yazılı şəkildə əsaslandırılmış bildiriş təqdim edilməmişdir. Üçüncü şəxslərin qanuna zidd hərəkətləri nəticəsində yuxarıda sadalanan avtomobillərin onun mülkiyyətindən çıxması qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə tam təsdiq olunmuşdur. Cavabdeh tərəfindən vaxtında ödənilməyən sığorta ödənişinə görə son üç ilə dəbbə pulu 39.726,60 (otuz doqquz min yeddi yüz iyirmi altı manat altmış qəpik) manat məbləğində təşkil etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(005)- 3037/2020 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdeh “Meqa Sığorta” Açıq Səhmdar Cəmiyyətindən 12.123,92 (on iki min bir yüz iyirmi üç manat doxsan iki qəpik) manat məbləğində sığorta ödənişinin İddiaçı xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən İddiaçı apelyasiya sikayəti verərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(005)-3037/2020 saylı qətnaməsinin iddianın rədd edilən hissəsində ləğv edilərək, iddia tələbinin tam təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsində göstərilənlərlə əsaslandırılmış və əlavə olaraq göstərilmişdir ki, birinci instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Eləcə də həmin qətnamədən cavabdeh “Meqa Sığorta” Açıq Səhmdar Cəmiyyəti tərəfindən apelyasiya sikayəti verilərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(005)-3037/2020 saylı qətnaməsinin ləğv edilərək, iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi İddiaçı tərəfindən iddia ərizəsində göstərilən 3 avtomobilə ("Mercedes Benz E 320" markalı ** BC *** dövlət qeydiyyat nişanlı, "Mercedes Benz C 240" markalı ** NN *** dövlət qeydiyyat nişanlı, "BMW 523" markalı ** EG *** dövlət qeydiyyat nişanlı avtomobillər) münasibətdə müvafiq təsdiqedici sübutlar məhkəməyə təqdim edildiyindən iddia ərizəsinin sığorta ödənişinin tutulması hissəsində qismən (3 avtomobilə münasibətdə) əsaslı olması qənaətinə gəlmişdir. Əvvəla qeyd edilməlidir ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin iş üzrə mötəbər sübut hesab etdiyi Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2014-cü il tarixli hökmündə və Ali Məhkəmənin Cinayət Kollegiyasının xx xxxxxx 2016-cı il tarixli qərarında iddia ərizəsində bəhs olunan "Mercedes Benz E 320" markalı ** BC *** dövlət qeydiyyat nişanlı, "Mercedes Benz C 240" markalı ** NN *** dövlət qeydiyyat nişanlı, "BMW 523" markalı ** EG *** dövlət qeydiyyat nişanlı avtomobillər qeyd olunsa da, həmin avtomobillərə münasibətdə etibarından suiistifadə olunmuş zərərçəkən kimi X35 tanınmışdır. Başqa sözlə, İddiaçı həmin məhkəmə qərarlarında nəinki zərərçəkən şəxs kimi, ümumiyyətlə, adı belə hallanmır. Digər tərəfdən, həmin məhkəmə qərarlarından aydın olur ki, təqsirləndirilən şəxslərin əməlləri külli miqdarda zərər vurmaya səbəb olmuş dələduzluq faktı kimi tövsif edilmiş və cinayətkarlar barəsində Azərbaycan Respublikası CM-nin 178.3.1 və 178.3.2-ci maddələri ilə hökm çıxarılmışdır. İddiaçı X27 ilə “Meqa Sığorta” Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış "Fiziki şəxslərin sahibliyində olan minik avtomobillərinin tam sığortası" şəhadətnamələrində dələduzluq sığorta təminatına daxil edilməmişdir. Hazırki mübahisə üzrə Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2019-cu il tarixli qərarı predusial mahiyyət daşıyır. Belə ki, "xxxx" ASC-nin şikayəti üzrə Ali Məhkəmənin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiya və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli qərarı ilə dələduzluq "Fiziki şəxslərin sahibliyində olan minik avtomobillərinin tam sığortası" şəhadətnaməsində sığorta riski kimi göstərilmədiyinə və sığorta təminatına daxil olunmadığına görə dələduzluq halının baş verməsi sığorta hadisəsi hesab edilməmişdir. Məhkəmə kollegiyasının iclasında cavabdeh “Meqa Sığorta” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X19 cavabdehin apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, iddiaçının apellyasiya şikayətinin təmin edilməməsini, cavabdehin apellyasiya şikayətinin təmin olunmasını, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(005)-3037/2020 saylı qətnaməsinin ləğv edilərək, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə kollegiyası işə İddiaçı iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kolegiyasi hesab edir ki, iddianin predmeti bölunməz olduğundan və apellyasiya sikayətləri qətnamənin ləğvinə yönəldildiyindən qətnamə tam yoxlanılmalıdir. İşin birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına görə İddiaçı ilə cavabdeh “Meqa Sığorta” Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış müqavilələrə əsasən müvafiq şəxsi minik avtomobilləri kasko növü üzrə sığorta edilmişdir. Sığorta müqaviləsinə əsasən cavabdeh sığorta şirkəti tərəfindən avtomobillər üçüncü şəxslərin qanuna zidd hərəkətlərindən sığorta edilmiş, franşiza isə 15% təşkil etmişdir. Qeyd edilən avtomobillər üzrə sığorta hadisəsi baş vermişdir. Belə ki, iddiaçının xəbəri və iradəsi olmadan mülkiyyətində olan müvafiq avomobillər müxtəlif şəxslərin adlarına keçirilmiş, bununla da onun həmin avtomobillər üzərində mülkiyyət hüquqları pozulmuşdur. Bu isə nəticə etibarilə üçüncü şəxslərin qanuna zidd hərəkətləri deməkdir. Sığorta şəhadətnamələrinə əsasən avtomobillərə hesablanmış natamam sığorta və franşiza məbləğləri müvafiq qaydada hesablanaraq, 36.286,32 (otuz altı min iki yüz səksən altı manat otuz iki qəpik) manat məbləğində sığorta ödənişi və cavabdeh sığorta şirkəti tərəfindən vaxtında ödənilməyən sığorta ödənişinə görə son üç ilə dəbbə pulu 39.726,60 (otuz doqquz min yeddi yüz iyirmi altı manat altmış qəpik) manat məbləğində pul vəsaiti iddiaçı şəxs tərəfindən cavabdeh şirkətdən tələb olunur. Qeyd edilən sığorta ödənişi ilə əlaqədar cavabdeh sığorta şirkətinə xx xxxxxx 2013-cü il tarixində və xx xxxxxx 2013-cü il tarixində rəsmi qaydada müraciət etmiş, ona sığorta ödənişinin verilməsindən imtina haqqında yazılı şəkildə əsaslandırılmış bildiriş təqdim edilməmişdir. Üçüncü şəxslərin qanuna zidd hərəkətləri nəticəsində yuxarıda sadalanan avtomobillərdən “Mercedes E320” markalı **-BC-*** dövlət qeydiyyat nişanlı və “Mercedes C240” markalı **-NN-*** dövlət qeydiyyat nişanlı avtomobillərin Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2016-cı il tarixli 1(102)-1335/2016 nömrəli qərarında, “Mercedes C240” markalı **-NN-*** dövlət qeydiyyat nişanlı və “BMW 523” markalı **-EG-*** dövlət qeydiyyat nişanlı avtomobillərin Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)- 724/2014 nömrəli xx xxxxxx 2014-cü il tarixli hökmündə iddiaçı şəxsin mülkiyyətindən çıxması tam olaraq öz təsdiqini tapmışdır. Birinci instansiya məhkəməsi işin müəyyən edilmiş halları əsasında hesab etmişdir ki, iddia ərizəsi tələb olunan sığorta ödənişi hissəsində qismən təmin edilməli, “Mercedes E320” markalı **-BC-*** dövlət qeydiyyat nişanlı (3.825 manat məbləğində sığorta ödənişi), “Mercedes C240” markalı **-NN-*** dövlət qeydiyyat nişanlı (4.529,65 manat məbləğində sığorta ödənişi) və “BMW 523” markalı **-EG-*** dövlət qeydiyyat nişanlı avtomobillərin (3.769,27 manat məbləğində sığorta ödənişi) üçüncü şəxslərin qanuna zidd hərəkətləri nəticəsində iddiaçı şəxsin mülkiyyətindən çıxması qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə öz təsdiqini tapdığından, həmin avtomobillər üzrə müvafiq qaydada hesablanmış ödəniləcək sığorta məbləğləri cavabdeh “Meqa Sığorta” Açıq Səhmdar Cəmiyyətindən İddiaçı xeyrinə tutulmalı, iddia ərizəsinin sığorta ödənişinin tutulması qalan hissədə öz hüquqi təsdiqi tapmadığından təmin edilməməlidir. Birinci instansiya məhkəməsi həmçinin hesab etmişdir ki, tərəflər arasında bağlanmış sığorta müqavilələri üzrə müvafiq qaydada sığorta ödənişinin verilməsi gecikdirildiyi təqdirdə dəbbə pulunun ödənilməsi nəzərdə tutulmadığından, iddia ərizəsi həmin hissədə təmin edilməməlidir. Birinci instansiya məhkəməsi gəldiyi nəticənin maddi hüquqi əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-21.3, 916.1, 934.1, 934.2, 462.1, 465.2, 467-ci maddələrinin və tərəflər arasında bağlanmış sığorta müqavilələrinin tələbləri ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin qətnaməsi ilə gəlinən nəticəylə razılaşmayan cavabdeh, iddia ərizəsində göstərilən avtomobillərin tam sığortası şəhadətnaməsində “dələduzluğun” sığorta təminatına daxil edilmədiyinə istinad edərək, iddianın təmin edilməsi üçün hüquqi əsas olmadığını göstərmişdir. Kollegiya cavabdehin apelyasiya şikayətində qətnamənin tam mübahisələndirilməsini nəzərə alıb, ilk növbədə cavabdehin apelyasiya şikayəti üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. İş materiallarında olan AK0393/12 nömrəli sığorta polisinin məzmunundan görünür ki, sığorta müddəti xx xxxxxx 2012-xx xxxx 2013-cü ili əhatə edən və 6.400 (altı min dörd yüz) manat sığorta məbləği hesablanmış 7.200 (yeddi min iki yüz) manat dəyərində olan 1997-ci il buraxılışlı **-EG-*** dövlət qeydiyyat nişanlı “Mercedes Benz 180” markalı avtomobilin “Avtonəqliyyat vasitələrinin kasko sığortası” növü üzrə sığortalanması üçün sığorta müqaviləsi bağlanmışdır; MS13000008 nömrəli sığorta polisinin məzmunundan görünür ki, sığorta müddəti xx xxxxxx 2013-xx xxxxx 2014-cü ili əhatə edən və 5.900 (beş min doqquz yüz) manat sığorta məbləği hesablanmış 7.850 (yeddi min səkkiz yüz əlli) manat dəyərində olan 1999cu il buraxılışlı 90-EG214 dövlət qeydiyyat nişanlı “BMW 523” markalı avtomobilin “Avtonəqliyyat vasitələrinin kasko sığortası” növü üzrə sığortalanması üçün sığorta müqaviləsi bağlanmışdır; MS13000012 nömrəli sığorta polisinin məzmunundan görünür ki, sığorta müddəti xx xxxxxx 2013-xx xxxxx 2014-cü ili əhatə edən və 6.200 (altı min iki yüz) manat sığorta məbləği hesablanmış 7.850 (yeddi min səkkiz yüz əlli) manat dəyərində olan 2007-ci il buraxılışlı 10-VA261 dövlət qeydiyyat nişanlı “Suzuki Swift” markalı avtomobilin “Avtonəqliyyat vasitələrinin kasko sığortası” növü üzrə sığortalanması üçün sığorta müqaviləsi bağlanmışdır; AK0363/12 nömrəli sığorta polisinin məzmunundan görünür ki, sığorta müddəti xx xxxxxx 2012-xx xxxxxx 2014-cü ili əhatə edən və 7.100 (yeddi min bir yüz) manat sığorta məbləği hesablanmış 7.840 (yeddi min səkkiz yüz qırx) manat dəyərində olan 2001-ci il buraxılışlı 10-KF748 dövlət qeydiyyat nişanlı “Peugeot 406” markalı avtomobilin “Avtonəqliyyat vasitələrinin kasko sığortası” növü üzrə sığortalanması üçün sığorta müqaviləsi bağlanmışdır; AK0357/12 nömrəli sığorta polisinin məzmunundan görünür ki, sığorta müddəti xx xxxxxxx 2012-xx xxxxxx 2014-cü ili əhatə edən və 7.300 (yeddi min üç yüz) manat sığorta məbləği hesablanmış 10.000 (on min) manat dəyərində olan 2003-cü il buraxılışlı **-NN- *** dövlət qeydiyyat nişanlı “Mercedes Benz C240” markalı avtomobilin “Avtonəqliyyat vasitələrinin kasko sığortası” növü üzrə sığortalanması üçün sığorta müqaviləsi bağlanmışdır; AK0392/12 nömrəli sığorta polisinin məzmunundan görünür ki, sığorta müddəti xx xxxxxx 2012-xx xxxx 2014-cü ili əhatə edən və 6.000 (altı min) manat sığorta məbləği hesablanmış 6.700 (altı min yeddi yüz) manat dəyərində olan 2002-ci il buraxılışlı **-CU- *** dövlət qeydiyyat nişanlı “Opel Astra” markalı avtomobilin “Avtonəqliyyat vasitələrinin kasko sığortası” növü üzrə sığortalanması üçün sığorta müqaviləsi bağlanmışdır; AK0356/12 nömrəli sığorta polisinin məzmunundan görünür ki, sığorta müddəti xx xxxxxxx 2012-xx xxxxxx 2014-cü ili əhatə edən və 6.500 (altı min beş yüz) manat sığorta məbləği hesablanmış 7.000 (yeddi min) manat dəyərində olan 2005-ci il buraxılışlı **-UD- *** dövlət qeydiyyat nişanlı “Hyundai Sonata” markalı avtomobilin “Avtonəqliyyat vasitələrinin kasko sığortası” növü üzrə sığortalanması üçün sığorta müqaviləsi bağlanmışdır; AK0352/12 nömrəli sığorta polisinin məzmunundan görünür ki, sığorta müddəti xx xxxxxxx 2012-xx xxxxxx 2014-cü ili əhatə edən və 7.500 (yeddi min beş yüz) manat sığorta məbləği hesablanmış 12.500 (on iki min beş yüz) manat dəyərində olan 2000-ci il buraxılışlı **-BC-*** dövlət qeydiyyat nişanlı “Mercedes Benz E320” markalı avtomobilin “Avtonəqliyyat vasitələrinin kasko sığortası” növü üzrə sığortalanması üçün sığorta müqaviləsi bağlanmışdır; Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxxx 2013-cü il tarixli 4(011)-585/2013 nömrəli qərarının surətindən və məzmunundan görünür ki, Bakı Şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin baş müstəntiqi X3 vəsatəti əsasında Bakı şəhər porkurorunun müavini baş ədliyyə müşaviri Fazil Həsənəliyev tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci və 320.2-ci maddələri ilə təqsirləndirilən şəxs X14 barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair təqdimata baxılaraq müvafiq vəsatət qismən təmin edilmiş, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2ci və 320.2-ci maddələri ilə təqsirləndirilən şəxs – xx xxxx 1984-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, alitəhsilli, işləməyən, ünvan 1 mənzil 17 ünvanında qeydiyyatda olan X14 barəsində həbs qətimkan tədbirinin seçilməsi, həbsdə saxlama müddətinin xx xxxxxx 2014-cü il tarixinədək müəyyən edilməsi, həbsdə olma müddətinin əvvəlinin xx xxxxxxx 2013-cü il tarixdən hesablanması, elan edilmiş qərarın surətinin X10 təqdim edilməsi, X1 üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına göndərilməsi, qərarın icrasının Bakı şəhər Baş Polis İdarəsinə həvalə edilməsi qərara alınmışdır. İddiaçı nümayəndəsi X7 tərəfindən “Meqa Sığorta” Açıq Səhmdar Cəmiyyətinə ünvanladığı xx xxxxxx 2013-cü il və xx xxxxxx 2013- cü il tarixli ərizələrin surətlərindən və məzmunlarından görünür ki, tərəflər arasında bağlanmış müqavilələr üzrə digər sığorta hadisələri və ona ödənilməli olan məbləğlərin ödənişinin həyata keçirilməsi üçün müvafiq tədbirlərin görülməsini xahiş etmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-724/2014 nömrəli xx xxxxxx 2014-cü il tarixli hökmünün surətindən və məzmunundan görünür ki, X12 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.1, 178.3.2-ci və 320.1 -ci maddələri ilə təqsirli bilinib Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.1-ci və 178.3.2-ci maddələri ilə 07 (yeddi) ii 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1-ci maddəsi ilə 01 (bir) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 08 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, cəzasının əvvəlinin xx xxxx 2013-cü il tarixdən hesablanması, cəzasını ümumi rejimli cəzaçəkrnə müəssisəsində çəkməsi, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsi; X31 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178,3.1, 178.3.2-ci və 320.1-ci maddələri ilə təqsirli bilinib Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.1-ci və 178.3.2-ci maddələri ilə 07 (yeddi) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1-ci maddəsi ilə 01 (bir) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 08 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, cəzasının əvvəlinin xx xxxx 2013- cü il tarixdən hesablanması, cəzasını ümumi rejimli cəzaçəkrnə müəssisəsində çəkməsi, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi, zərərçəkrniş şəxslər X32 və X15 mülki mühakimə icraatı qaydasında iddia qaldırmaq hüquqlarının izah edilməsi, məhkəmə istintaqı zamanı X5 müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş müdafiəçi Bakı şəhəri 2 nömrəli hüquq məsləhətxanasının vəkili X16 hüquqi yardım göstərdiyi üçün dövlət büdcəsinin hesabından Bakı şəhəri 2 nömrəli hüquq məsləhətxanasının nəfinə 160 (bir yüz altmış) manat miqdarında pul vəsaitinin ödənilməsi, iş üzrə ekspertiza tədqiqatının dəyəri 147 (bir yüz qırx yeddi) manat məbləğində pul vəsaitinin X11 və X17 müştərək qaydada alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməsi hökm edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2016cı il tarixli 1(102)-1335/2016 nömrəli qərarının surətindən və məzmunundan görünür ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.1, 178.3.2 və 320.1-ci maddələri ilə təqsirli bilinib məhkum olunmuş X28 barəsində Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2015-ci il tarixli qərarından məhkum X28 tərəfindən verilmiş kassasiya şikayəti müvafiq qərar ilə təmin edilməyərək, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.1, 178.3.2 və 320.1-ci maddələri ilə təqsirli bilinib məhkum olunmuş X28 barəsində Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2015-ci il tarixli qərarının dəyişdirilməsi, X20 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.1, 178.3.2 və 320.1-ci maddələri ilə təyin edilmiş 09 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzasının, barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq olunmaqla, 06 (altı) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına endirilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən həmin cəzanın hökmlə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1-ci maddəsi ilə təyin olunmuş 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına qismən toplanılmaqla, X18 üzərində qəti olaraq, 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, apelyasiya məhkəməsinin qərarının məhkum X20 aid qalan hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli 2(103)-13574/2019 nömrəli qətnaməsinin surətindən və məzmunundan görünür ki, iddiaçı X29 cavabdehlər X21, X22, X20 və X23 qarşı “cinayət yolu ilə vurulmuş maddi zərərin, itirilmiş gəlirin və mənəvi zərərə görə təzminatın tutulması” tələbinə dair iddia ərizəsi Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli 2(001)-6524/2018 nömrəli qətnaməsi ilə qismən təmin edilərək, cavabdeh X13 273.814 (iki yüz yetmiş üç min səkkiz yüz on dörd) manat məbləğində maddi ziyanın və məhkəmədə iddia qaldırılması ilə bağlı ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun əvəzinin tutularaq iddiaçı X32 ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Cavabdeh X28 tərəfindən verilmiş apelyasiya şikayəti müvafiq qətnamə ilə qismən təmin edilərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli 2(001)- 6524/2018 nömrəli qətnaməsinin ləğv olunması və iş üzrə yeni qətnamə çıxarılması, iddia tələblərinin qismən təmin edilməsi, cavabdeh X13 vurduğu maddi zərərin əvəzi qismində 273.814 (iki yüz yetmiş üç min səkkiz yüz on dörd) manat məbləğində maddi ziyanın və məhkəmədə iddia qaldırılması ilə bağlı ödənilmiş 30,40 (otuz manat qırx qəpik) manat məbləğində dövlət rüsumunun əvəzinin alınaraq iddiaçı X32 verilməsi, iddia tələbinin qalan hissələrdə təmin olunmaması müəyyən edilmişdir. İş materiallarında qeyd edilən sübutlar əsasında işin mübahisələndirilməyən halı kimi müəyyən edilmişdir ki, iddiaçı iddia tələbində tələb etdiyi avtomobillər cavabdeh tərəfindən sığortalanmışdır. Həmçinin işdə olan sübutlar əsasında və qanuni qüvvəyə minmiş hökmlə iddiaçının iddia tələbində qeyd etdiyi avtomobillərin dələduzluq yolu ilə ələ keçirilməsi müəyyən edilmişdir. İşin cavabdeh tərəfindən apelyasiya şikayətində mübahisələndirilən halı iddiaçı ilə bağlanmış “Fiziki şəxslərin sahibliyində olan minik avtomobillərinin tam sığortası şəhadətnaməsi”ndə “dələduzluq” sığorta təminatına daxil edilməmişdir. Apelyator dəlillərinin əsası kimi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarında müəyyən olunmuş hüquqi mövqe ilə əsaslandırmışdır. Kollegiya cavabdehin apelyasiya şikayətinin dəlillərini əsaslı hesab edir. Belə ki, “”........ "xxxx" ASC-nin şikayəti üzrə Ali Məhkəmənin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiya və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli qərarında qeyd edilmişdir: ...... Konstitusiya Məhkəməsinin Plenumu mübahisələndirilən məsələ ilə əlaqədar, ilk növbədə, fiziki və hüquqi şəxslərin qanuni mənafelərinin müdafiəsinin ən əhəmiyyətli vasitələrindən biri olan sığorta institutuna və onun mühüm kateqoriyaları sayılan sığorta müqaviləsi, sığorta hadisəsi anlayışlarını müəyyən edən mülki qanunvericilik normalarına aydınlıq gətirilməsini zəruri hesab edir. Sığorta - insanların maddi və şəxsi maraqlarının, onların həyatının, sağlamlığının, əmlakının və digər mənafelərinin mühafizəsinin təmin edilməsində mühüm iqtisadi-hüquqi kateqoriyadır. Mülki Məcəllənin 883.1-ci maddəsinə görə, sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Sığorta müqaviləsi onun iştirakçıları olan sığortaçıya və sığortalıya müəyyən hüquqlar və vəzifələr yaradır. Belə ki, sığortalı müvafiq sığorta haqqı ödəmək vəzifəsini və sığorta müqaviləsində nəzərdə tutulmuş sığorta hadisəsi baş verdikdə sığorta ödənişi almaq hüququnu, sığortaçı isə sığortalıdan müvafiq sığorta haqqını almaq hüququnu və sığorta hadisəsi baş verdikdə sığorta ödənişini ödəmək vəzifəsini əldə edirlər. Sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. Sığorta hadisəsi hesab edilən hadisələr və hallar icbari sığorta üzrə icbari sığorta qanunlarında, könüllü sığorta üzrə isə tərəflərin razılaşması əsasında sığorta müqaviləsində müəyyən edilir (Mülki Məcəllənin 922.1 və 922.2-ci maddələri). Tərəflər arasında imzalanmış sığorta müqaviləsi və sığorta şəhadətnaməsindən görünür ki, sığorta riskləri bölməsində avtonəqliyyat hadisəsi, atılmış və ya düşmüş əşya, oğurluq, quldurluq, qaçırma və soyğunçuluq, yanğın və partlayış, heyvanların hərəkəti, üçüncü şəxslərin qanunazidd hərəkətləri və təbii fəlakətlər müəyyən edilmişdir. Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən 2014-ci il 23 sentyabr tarixində təsdiq edilmiş “Fiziki şəxslərin sahibliyində olan minik avtomobillərinin tam sığortası üzrə” Sığorta Qaydalarında (bundan sonra – Qaydalar) da eyni müddəalar əks olunmuşdur. Qaydaların 28.1-ci maddəsində göstərilmişdir ki, sığortalıya bu Qaydalar əsasında aşağıdakı bəndlərin birində və ya bir neçəsində qeyd olunan risklər nəticəsində avtomobilə dəyə bilən zərərlərdən sığorta təminatı verilir: avtonəqliyyat hadisəsi; atılmış və ya düşmüş əşya; üçüncü şəxsin qanunazidd hərəkəti; oğurluq, quldurluq, qaçırma və soyğunçuluq; yanğın və partlayış; təbii fəlakət; heyvanların hərəkəti. Qeyd olunduğu kimi, sığorta müqaviləsinə əsasən sığorta obyekti olan R.İbadova məxsus avtomobil bir qrup şəxs tərəfindən dələduzluq yolu ilə ələ keçirildikdən sonra qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılaraq satılmışdır. Apellyasiya instansiyası məhkəməsi tərəflər arasında bağlanmış sığorta müqaviləsinin 5.1-ci bəndinə istinad edərək belə qənaətə gəlmişdir ki, sığorta müqaviləsində əks olunmuş sığorta risklərinin əhatə dairəsi arasındakı mülkiyyət əleyhinə cinayətlərin bir neçəsi (oğurluq, quldurluq, qaçırma və soyğunçuluq) sadalansa da, əslində bu istiqamət Azərbaycan Respublikasının Cinayət Məcəlləsində “Mülkiyyət əleyhinə olan cinayətlər” adlı XXİİİ Fəslində yer almış istənilən, o cümlədən dələduzluq cinayət əməli nəticəsində sığortalanmış avtomobilin müxtəlif üsullarla talanması, ələ keçirilməsi və sahiblikdən çıxarılmasını nəzərdə tutur. Lakin Qaydalarda və tərəflər arasında bağlanmış sığorta müqaviləsində sığorta hadisəsi kimi nəzərdə tutulmuş cinayətlərin (oğurluq, quldurluq, qaçırma və soyğunçuluq) əsas elementi ondan ibarətdir ki, həmin cinayətlər nəticəsində zərərçəkmiş şəxs öz iradəsindən asılı olmayan səbəblərdən mülkiyyətindən məhrum olunur. Dələduzluq cinayəti şəxsin etibarından sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında vermiş olur. Bununla əlaqədar olaraq qeyd edilməlidir ki, hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir (Mülki Məcəllənin 6-cı maddəsi). Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla qanunazidd olmayan istənilən şərtlərlə müqavilə bağlamaq imkanı verir. Bu baxımdan, öhdəliklərinin əmələ gəlməsi əsasları arasında müqavilə aparıcı yer tutur. Müqavilə ilə tərəflər qarşılıqlı razılıq əsasında hüquq və vəzifələrini müəyyən etməklə öz əmlak mənafelərini təmin etmiş olurlar. Mülki Məcəllənin 390.1-ci maddəsinin məzmununa müvafiq olaraq, fiziki və hüquqi şəxslər müqavilə əsasında öz hüquq və vəzifələrinin, həmçinin müqavilənin qanuna zidd olmayan istənilən şərtinin müəyyən edilməsində sərbəstdirlər. Həmin Məcəllənin 14.2.1-ci maddəsinə əsasən, müqavilələr və başqa əqdlər mülki hüquq və vəzifələrin əmələ gəlmə əsasları kimi müəyyən olunmuşdur. Bu baxımdan tərəflər arasında bağlanılan və şəhadətnamə ilə rəsmiləşdirilən sığorta müqaviləsinin şərtləri onlar arasında əmələ gəlmiş münasibətin hüquqi əsasları kimi qiymətləndirilməlidir. Sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır (Mülki Məcəllənin 926.1-ci maddəsi). Mülki Məcəllənin 935.1.8-ci maddəsinə uyğun olaraq, baş vermiş hadisənin icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta hadisəsi hesab edilməməsi sığortaçının sığorta ödənişinin verilməsindən imtinası üçün əsasdır. Beləliklə, R.İbadov və “xxxx” Sığorta Şirkəti ASC arasında bağlanılmış sığorta müqaviləsindən və “Fiziki şəxslərin sahibliyində olan minik avtomobillərinin tam sığortası Şəhadətnaməsi”ndən göründüyü kimi, tərəflər avtomobilin sığorta riskləri bölməsinə yalnız oğurluq, quldurluq, qaçırma və soyğunçuluq kimi cinayətləri daxil etmişlər. Lakin dələduzluq cinayəti tərəflər arasında bağlanmış sığorta müqaviləsinin sığorta riskləri dairəsinə salınmamışdır. Beləliklə, dələduzluq cinayətinin tərəflər arasında bağlanmış sığorta müqaviləsində sığorta riski kimi göstərilmədiyinə və sığorta təminatına daxil olunmadığına görə sığorta hadisəsi baş verməmişdir. Sığorta hadisəsinin baş verməməsi sığorta ödənişinin verilməsindən imtina edilməsi üçün əsas hesab edilir. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsinin dələduzluq əməlinin mübahisəli sığorta müqaviləsində sığorta riski olaraq nəzərdə tutulmuş oğurluq, soyğunçuluq, quldurluq, qaçırma əməlləri kimi mülkiyyət əleyhinə olan cinayətlər sırasında olduğuna görə baş vermiş bu hadisənin də sığorta hadisəsi kimi qəbul edilməsi mövqeyi yalnış olmuşdur. Kassasiya instansiyası məhkəməsinin isə apellyasiya instansiyası məhkəməsinin bu mövqeyi ilə razılaşması mülki qanunvericiliyin yuxarıda qeyd edilən normaları ilə uzlaşmır........” Kollegiya Konstitusiya Məhkəməsinin Plenumunun yuxarıda qeyd edilən qərarında göstərilmiş hüquqi mövqeyə əsaslanaraq hesab edir ki, hazırki iş üzrə iddiaçının mülkiyyətində olmuş və sığortalanmış minik avtomobillərinin dələduzluq yolu ilə ələ keçirilməsi qanuni qüvvədə olan hökmlə müəyyən edilməsinə baxmayaraq, birinci instansiya məhkəməsi hökmlə müəyyən edilmiş üç avtomobilin üçüncü şəxslərin qanuna zidd hərəkətləri nəticəsində iddiaçı şəxsin mülkiyyətindən çıxması hadisəsini sığorta hadisəsi kimi qiymətləndirməklə gəldiyi nəticə yanlış olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslı olmamış və həmin nəticəyə maddi hüquq normalarının tətbiq və təfsirində səhvə yol vermişdir. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətlərini nəzərdə tutan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1 və 385.4-cü maddələrinə gorə maddi və prosessual huquq normalarının düzgün tətbiq edilməməsi, eləcə də birinci instansiya məhkəməsinin qətnamədə göstərilən nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Kollegiya qeyd edilən prosessual hüquqi normalarının tələblərini nəzərə alaraq hesab edir ki, cavabdeh “Meqa Sığorta” Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(005)-3037/2020 saylı qətnaməsi ləğv edilməli, iddia tələbi rədd edilməlidir. Kollegiya iddiaçının iddia tələbinin rədd edilməsi barədə nəticəyə gəldiyi üçün, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə hər hansı bir dəyərləndirmə aparılmasına zərurət görmür. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 385, 387, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Cavabdeh “Meqa Sığorta” Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Hazırki iş üzrə Bakı şəhəri Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(005)-3037/2020 saylı qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdeh “Meqa Sığorta” Açıq Səhmdar Cəmiyyətinə qarşı “sığorta məbləğinin və hesablanmış dəbbə pulunun ödənilməsi” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Qürbət Əsgərov Hakimlər Azad İmanov Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar