Məhkəmə qərarları › İş №2(103)-2353/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2353/2022

21.04.2022 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2353/2022 21.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Kazımov Elşən Cələddin oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Həsənov Orxan Qəhraman oğlunun katibliyi, İddiaçı Mənzil-Tikinti Kooperativinin nümayəndəsi X2, Cavabdeh3 nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, Nəsimi Rayon Məhkəməsinin 2(006)-6309/2021 saylı, 30 noyabr 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin faktiki halları: İddiaçı iddia ərizəsi ilə Nəsimi rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Nəsimi Rayonu, Azadlıq prospekti 103 saylı evin, 58 saylı mənzilinə dair Cavabdeh4 ilə Cavabdeh1 arasında bağlanmış 07 oktyabr 2017-ci il tarixli AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin Cavabdeh1ovun adına verilmiş ********* qeydiyyat nömrəli 12.10.2017-ci il tarixli çıxarış ləğv edilməsi, Bakı şəhəri, Nəsimi Rayonu, Azadlıq prospekti 103 saylı evin, 58 saylı mənzilinə dair Cavabdeh1 ilə Cavabdeh3 arasında bağlanmış 22 noyabr 2017-ci il tarixli AN-İ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin və həmin müqavilə əsasında Cavabdeh3 adına verilmiş çıxarışın ləğv edilməsi və Bakı şəhəri, Nəsimi Rayonu, Azadlıq prospekti 103 saylı evin, 58 saylı mənzilin boşaldılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Nəsimi Rayon Məhkəməsinin 2(006)-6309/2021 saylı, 30 noyabr 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Apellyasiya şikayəti və onun dəlili: İddiaçı qətnamədən apellyasiya şikayəti vermiş və şikayətin dəlili kimi qeyd etmişdir ki, məhkəmə qətnaməsi qanunsuz və əsassızdır, maddi və prosessual hüquq normaları pozulmaqla qəbul edilmişdir, birinci instansiya məhkəməsi tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, 103 saylı evin, 58 saylı mənzilinə dair Cavabdeh4 adına aparılmış qeydiyyatın ləğv edilib-edilməməsi, ümumiyyətlə, araşdırılmamışdır. Göstərilənləri nəzərə alaraq, qətnamənin ləğv edilməsini və iddia tələblərinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi A.Rahib apellyasiya şikayətini müdafiə edərək, bildirdi ki, məhkəmə qərardadı ilə, Cavabdeh4 adına aparılmış qeydiyyat ləğv edilmişdir. Belə olan halda, Cavabdeh4 və Cavabdeh1, eləcə də Cavabdeh1 və Nümayəndə1 arasında bağlanmış müqavilələr də ləğv edilməklə, Nümayəndə1 adına verilmiş çıxarış da ləğv edilməlidir. Rayon məhkəməsi isə həmin hallara qiymət verməmişdir. Bu səbəbdən, apellyasiya şikayətinin təmin edilərək qətnamənin ləğv olunması və iddianın təmin olunaraq həmin müqavilələrin ləğv olunmasına dair yeni qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə Kollegiyasının iclasında cavabdeh Nümayəndə1 nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayəti ilə razılaşmayaraq göstərdi ki, iddiaçı həmin müqavilələrin tərəfi deyil, onun qeyd olunan müqavilələrin ləğvini tələb etmək üçün subyektiv hüququ yoxdur, rayon məhkəməsi düzgün qənaətə gəlib, qətnamə qanuni və əsaslıdır, buna görə də şikayətin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, digər tərəflər məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Belə olan halda Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin Bakı İnzibati Məhkəməyə ünvanladığı 26.08.2020-ci il tarixli məlumatdan görünür kİ, İddiaçı MTK onun üzvlərinin ümumi yığıncağının qərarı ilə X3 Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, 103 saylı evin, 58 saylı mənzilin payçısı hesab edilmiş, mənzil onun adına keçirilmişdir. 1 saylı Bakı İnzibati Məhkəməsinin 2-1(81)-4498/2017 saylı, 01.08.2017-ci il tarixli qərarı ilə Cavabdeh4 iddiası təmin edilmiş, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, 103 saylı evin, 58 saylı mənzilin Cavabdeh4 adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilmişdir. Həmin qərar icra olunaraq Cavabdeh4 adına həmin mənzilə dair ********** qeydiyyat nömrəli 05.10.2017-ci il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Həmin mənzilə dair Cavabdeh4 ilə Cavabdeh1 arasında bağlanmış 07 oktyabr 2017ci il tarixli AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında Cavabdeh1ovun adına ********** qeydiyyat nömrəli 12.10.2017- ci il tarixli çıxarış verilmişdir. Həmin mənzilə dair Cavabdeh1 ilə Cavabdeh3 arasında bağlanmış 22 noyabr 2017ci il tarixli AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında Cavabdeh3 adına çıxarış verilmişdir. Bakı Apelyasiya Məhkəməsinin 2(103)-12064/2018 saylı, 21.11.2018-ci il tarixli qərardadından görünür ki, ərizəçi X1 “qohumluq faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-5922/2016 saylı, 04 iyul 2016-cı il tarixli qətnaməsindən maraqlı şəxslər Cavabdeh4 və İddiaçı MTK tərəfindən verilmiş apelyasiya şikayətləri qismən təmin edilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-5922/2016 saylı, 04 iyul 2016-cı il tarixli qətnaməsi ləğv edilmiş, ərizə baxılmamış saxlanılmışdır. İzah edilmişdir ki, xüsusi icraat qaydasında verilmiş ərizənin baxılmamış saxlanması, maraqlı şəxslərin ümumi əsaslarla iddia vermək hüquqlarını istisna etmir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4288/2018 saylı, 10.04.2018-ci il tarixli qərardadından görünür ki, maraqlı şəxs X4 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-9881/2016 saylı mülki iş üzrə qəbul etdiyi 29.09.2016-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə icraata xitam verilmişdir. ünvan 321-ci il tarixli qərardadından görünür ki, ərizəçi İddiaçı MTK-nin ərizəsi təmin edilmiş, 01 saylı Bakı İnzibati Məhkəməsinin 2-1(81)-4498/2017 saylı, 01.08.2017-ci il tarixli qərarının icrasına dönüş edilməsi, 01 saylı Bakı İnzibati Məhkəməsinin 2-1(81)- 4498/2017 saylı, 01.08.2017-ci il tarixli qərarı əsasında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 01 saylı Bakı Ərazi İdarəsi tərəfindən aparılmış qeydlər ləğv edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin 27.07.2021-ci il tarixli Bakı İnzibati Məhkəməsinə ünvanlanmış məlumatından görünür ki, ünvan 321-ci il tarixli qərardadına əsasən Cavabdeh4 adına verilmiş 05.10.2017-ci il tarixli dövlət reyestrindən çıxarışın ləğv edilməsinə dair daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeyd aparılmışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4442/2021 saylı, 16.04.2021-ci il tarixli qərardadından görünür ki, İddiaçı MTK-nin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 Saylı Bakı Ərazi İdarəsinə qarşı Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, 103 saylı evin, 58 saylı mənzilin daşınmaz əmlakın dövlət reyestrində Cavabdeh4 adına aparılmış qeydiyyatının ləğv edilərək həmin mənzilin İddiaçı MTK-nin adına qeydə alinması tələbinə dair iddiası mümkün sayılmamışdır. Hüquqi dəyərləndirmə: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı halda məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçının şikayətinə əsasən tam yoxlayır. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, tərəflərin izahatını dinləyib və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli qərarında da oxşar hüquqi mövqe nümayiş etdirilməklə aşağıdakılar qeyd edilmişdir: “Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimləmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ”. Kollegiya qeyd edir ki, iddiaçının həm iddia ərizəsi, həm də məhkəmə iclasında verdiyi izahatlarında mənzilə dair Cavabdeh4 ilə Cavabdeh1 arasında bağlanmış 07 oktyabr 2017-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin, eləcə də həmin mənzilə dair Cavabdeh1 ilə Cavabdeh3 arasında bağlanmış 22 noyabr 2017-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin ləğvini xahiş etmişdir. Məhkəmə Kollegiya iddiaçının şikayətinin dəlillərini iş üzrə toplanmış sübutlarla birlikdə qiymətləndirərkən belə nəticəyə gəlir ki, iddiaçı ləğv edilməsini tələb etdiyi müqavilələrin tərəfi olmadığından, başqa sözlə hazırkı iddianı qaldırmaq üçün subyektiv hüquqa malik olmadığından rayon məhkəməsi iddianı rədd etməkdə haqlı olmuşdur. Çünki hər hansı müqavilənin dəyişdirilməsi, müqaviləyə əlavələrin edilməsi, müqavildən imtina edilməsi (müqavilədən çıxma), eləcə də müqavilənin ləğvi ilə bağlı hüquqlar yalnız müqavilə tərəfinə aid olan hüquqdur. İddiaçı isə ləğvini tələb etdiyi həmin alqı-satqı müqavilələrinin tərəfi deyildir. Demə ki, iddiaçının şikayəti əsassızdır və təmin oluna bilməz. Bununla belə, Kollegiya hesab edir ki, iddiaçıya həmin müqavilələrin etibarsızlığı ilə bağlı ayrıca iddia tələbi ilə məhkəməyə müraciət etmək hüququnun olması izah edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.Beləliklə, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gələrək iddia tələbini təmin etməməkdə haqlı olmuşdur. MPM-nin 14.2-ci maddəsi görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsini əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməməkdə düzgün qənaətə gəldiyindən, apellyasiya şikayəti təmin edilməməlidir. Nəticə: Göstərilənlərə əsasən, Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gələrək, iddianı təmin etməməkdə haqlı olmuş, qətnamə qanuni və əsaslı, apellyasiya şikayətinin dəlilləri isə əsassız olmaqla, qətnamənin ləğvinə səbəb olmadığından şikayət təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmadığından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən onun verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu şikayəti vermiş iddiaçının özünə aid edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 393 , 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, QƏT ETDİ: İddiaçı Mənzil-Tikinti Kooperativi tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. Nəsimi Rayon Məhkəməsinin 2(006)-6309/2021 saylı, 30 noyabr 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamə rəsmən təqdim edildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İkram Şirinov Hakimlər: Elşən Kazımov Anar Tanrıverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar