Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2364/2025 30.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə QƏTNAMƏ İş № 2(103)-2364/2025 (Açar sözlər: bağışlama müqaviləsinin ləğvi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Babayev Fuad Fikrət oğlu (məruzəçi), X8 və X5 ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi, İddiaçının vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı bağışlama müqaviləsinin və çıxarışın ləğv edilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 28 yanvar 2025-ci il tarixli e- 2(011)-1275/2025 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə 30 aprel 2025-ci il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı xx.xx.1940-cı ildə anadan olmuşdur, hazırda 84 yaşı var. Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsi, 28 saylı evin, 25 saylı mənzili 1995-ci ildən onun xüsusi mülkiyyətində olmuşdur, yəni həmin mənzilə 29 il sahiblik etmiş, mənzil onun üçün çox dəyərli olmuşdur, demək olar ki, bütün həyatını həmin mənzildə yaşamışdır.
2. İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsi, 28 saylı evin, 25 saylı mənzilini xx.xx.2019-cu il tarixdə Bakı şəhəri 52 saylı notariat ofisində aralarında bağlanmış bağışlama müqaviləsi əsasında cavabdeh, nəvəsi Cavabdeh bağışlamışdır.
İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı Cavabdeh qarşı bağışlama müqaviləsinin və çıxarışın ləğv edilməsi tələbinə dair iddia ərizə ilə məhkəməyə müraciət edərək, onun Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsi, 28 saylı evin 25 saylı mənzilini Cavabdeh bağışlamasından imtina edilməsi, 52 saylı Notariat ofisində bağlanmış 4Ə-824 nömrə ilə reyestrdə qeydə alınmış bağışlama müqaviləsinin ləğv edilməsi, daşınmaz əmlakın dövlət reyestrində ********** nömrə ilə qeydiyyata alınmış hüquqların dövlət qeydiyyatı haqqında çıxarışın ləğv edilməsi, mənzilə mülkiyyət hüquqlarının bərpa olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddia onunla əsaslandırılmışdır ki, o, xx.xx.1940-cı ildə anadan olmuşdur, hazırda 84 yaşı var. Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsi, 28 saylı evin, 25 saylı mənzili 1995ci ildən onun xüsusi mülkiyyətində olmuşdur, yəni həmin mənzilə 29 il sahiblik etmiş, mənzil onun üçün çox dəyərli olmuşdur, demək olar ki, bütün həyatını həmin mənzildə yaşamışdır. Həmin dəyərli mənzilini qoca və xəstə olduğundan fikirləşmişdir ki, yaşlı vaxtında yanında oğlunun oğlu, nəvəsi Cavabdeh qalacağından, ona qayğı göstərəcəyindən ona bağışlasın. Beləliklə, mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsi, 28 saylı evin, 25 saylı mənzilini xx.xx.2019-cu il tarixdə Bakı şəhəri 52 saylı notariat ofisində aralarında bağlanmış bağışlama müqaviləsi əsasında cavabdeh, nəvəsi Cavabdeh bağışlamışdır. Mənzilini bağışlamaqda məqsədi nəvəsinin yaşlı, tənha vaxtında yardıma möhtac olduğundan yanında olması, səhhəti ilə və həyat şəraiti ilə maraqlanması, qoca yaşlı nənəsinə köməklik etməsi olmuşdur. Hazırda 84 yaşında, qoca və xəstə vəziyyətdə tənha və mənzilsiz qalmışdır. Mənzilini bağışlamağına baxmayaraq, bunun müqabilində bir dəfə də olsun cavabdeh onunla maraqlanmamışdır, bir gün belə onun yanında qalmamışdır, ona heç bir qayğı göstərməmişdir. Bunun əksinə mənzili ona bağışlayandan sonra onunla telefonla aqressiv danışmağa başlamış, 2024-cü ildən isə ümumiyyətlə, onunla bütün əlaqələrini kəsmişdir, bununla da cavabdeh xəstə 84 yaşlı nənəsinə ailə hüquq münasibətdə üzərinə düşən vəzifələrini kobudcasına pozmuşdur. Bundan sonra o, belə qənaətə gəlmişdir ki, mənzili bağışlamaqdan imtina etsin. Cavabdehin təqsiri ucbatından qoca yaşında xəstə vəziyyətdə tənhalığa düçar olmuşdur. Halbuki, onun nəvə nəvazişinə, isti ailə münasibətinə, nənə kimi qayğıya ehtiyacı vardır. Cavabdeh nəvə kimi qoca və xəstə nənəsinə ailə hüquq münasibətdə üzərinə düşən vəzifələrini kobudcasına pozmuşdur. Hazırda çörək almağa belə gedə bilmir. Bağışlama müqaviləsinin razılıqla ləğv edilməsi ilə bağlı cavabdehə yazılı bildirişlə müraciət etmiş, lakin bir nəticə verməmişdir. Onun ailə üzvü kimi nəvəsinə qiymətli mənzilini əvəzsiz olaraq verməkdə məqsədi aralarında mövcud olan mənəvi bağların sarsılmaz birliyindən irəli gəlmişdir. Bununla yanaşı, cavabdeh nəvə hədiyyə verən nənənin ailə üzvü kimi qarşısında ailə münasibətlərindən irəli gələn vəzifələr daşıyır. Həmin vəzifələr məhz sağlam ailə münasibətlərinin daha da möhkəmlənməsinə xidmət edir. Lakin bu hallara rağmən hədiyyə alan cavabdeh nəvəsi 84 yaşlı nənəsinə qarşı sağlam ailə münasibətlərini kökündən sarsıdan hərəkətlərə yol verməsi ailə qanunvericiliyinin məqsədinin realizəsini və vəzifələrinin icrasını mümkünsüz etmişdir. Ona görə də o, bağışlamaqdam imtina etməklə, sağlam ailə münasibətlərinə xələl gətirən ailə üzvünün varlanmasının qarşısını alır. Hazırki vəziyyətdə cavabdeh 84 yaşlı nənəsinə münasibətdə ailə münasibətlərindən irəli gələn vəzifələrini kobudcasına pozmuş, yəni, 84 yaşlı nənəsinə qarşı səhhəti və yaşayış tərzi ilə maraqlanmamaqla, qayğı göstərməməklə, öz nəvə borcunu yerinə yetirməmişdir. Bununla da cavabdeh qoca və yaşlı 84 yaşlı nənəsinə münasibətdə ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri həm hərəkət, həm də hərəkətsizliklə pozmuşdur.
5. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 28 yanvar 2025-ci il tarixli e-2(011)- 1275/2025 saylı qətnaməsi ilə (hakim X4 qızı) iddia ərizəsi təmin edilməmişdir.
6. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 666.1, 666.2, 670.1, 673.1, 673.1.2, 673.3-cü maddələrinin, Mülki Prossesual Məcəllənin 14.2, 217.3, 217.4, 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
7. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. Apelyasiya şikayətini iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırmışdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
10. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmiş, şikayətin dəlillərinə uyğun izahat vermişdir.
11. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.
12. İşin halları, eləcə də şikayətə işdə olan sübutlar əsasında baxılmasının mümkünlüyü nəzərə alınaraq məhkəmə işə gəlməyən tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi
13. Maddə 666.1. Bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur.
14. Maddə 666.2. Bağışlama predmeti əşyalar, hədiyyə verənə və ya üçüncü şəxsə qarşı əmlak hüquqları (tələblər), habelə hədiyyə alanın hədiyyə verən və ya üçüncü şəxs qarşısında əmlak vəzifəsindən azad edilməsi ola bilər.
15. Maddə 670.1. Bağışlama şərtlərin və ya öhdəliklərin yerinə yetirilməsindən asılı edilə bilər.
16. Maddə 673.1. Hədiyyə verən aşağıdakı hallarda bağışlamaqdan imtina edə bilər: 673.1.1. hədiyyə alan hədiyyə verənin və ya onun yaxın qohumunun barəsində ağır cinayət törətdikdə; 673.1.2. hədiyyə alan ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin və ya onun yaxın qohumlarının biri barəsində kobudcasına pozduqda; 673.1.3. o, bağışlama ilə bağlı öhdəlikləri əsassız olaraq icra etmədikdə.
17. Maddə 673.3. İmtina yalnız onun əsasının hədiyyə verənə məlum olduğu gündən bir il ərzində imtina haqqında bildirişin hədiyyə alana çatdığı halda qüvvədədir. Hədiyyə verənin həmin ilin sonunadək öldüyü halda imtina hüququ qalan müddət üçün onun vərəsələrinə keçir. Əgər hədiyyə alan hədiyyə verəni qəsdən öldürmüşsə və ya bağışlamanı ləğv etməkdə ona mane olmuşsa, hədiyyə verənin vərəsələri bağışlamaqdan imtina edə bilərlər.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
18. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
19. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
20. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
21. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
22. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
23. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
24. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
25. Hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının tam yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
26. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
27. Məhkəmə kollegiyası iş üzrə sübutlara, müəyyən edilmiş hallara qiymət verərək, iddianı rədd edən birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır.
28. Belə ki, iş materiallarında olan xx.xx.2019-cu il tarixli Daşınmaz əmlakın bağışlama müqaviləsindən görünür ki, hədiyyə verən İddiaçı ünvan 1 ünvanında yerləşən mənzili hədiyyə alan Cavabdeh bağışlamışdır. Bağışlama müqaviləsində hədiyyə alan Cavabdeh Rusiya Federasiyası vətəndaşı olması göstərilmişdir. Həmçinin bağışlama müqaviləsindən görünür ki, Cavabdeh müqavilənin bağlanmasında iştirak etməmiş, onu müqavilə bağlanan zamanı X6 təmsil etmişdir.
29. Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsi, ev 28, 25 saylı mənzil xx.xx.2019-cu il tarixdən Cavabdeh xüsusi mülkiyyətindədir.
30. xx.xx.2024-cü il tarixli bildirişdən və eyni tarixli poçt göndəriş qəbzindən görünür ki, xx.xx.2024-cü il tarixdə İddiaçı Cavabdeh bildiriş verərək, bağışlama müqaviləsinin ləğv edilməsinə razılaşmasını təklif etmişdir. Bildiriş onunla əsaslanıdırlmışdır ki, mənzili nəvəsinə bağışlamaqda məqsədi nəvəsinin yaşlı, tənha vaxtında yanında olması, səhhəti və həyat şəraiti ilə maraqlanması olmuşdur. Hazırda onun 84 yaşı var və o, qoca və xəstə vəziyyətdə tənha qalmışdır. Baxmayaraq ki, nəvəsinə mənzili bağışlamışdır, bunun müqabilində bir dəfə də olsun, nəvəsi onunla maraqlanmamış, bir gün belə onun yanında qalmamış, ona qarşı heç bir qayğı göstərməmişdir. Nəvəsinin təqsiri ucbatından qoca yaşında xəstə vəziyyətdə tənhalığa düçar olmuşdur. Halbuki, onun nəvə nəvazişinə, isti ailə münasibətinə, nənə kimi qayğıya ehtiyacı vardır. O, nəvə kimi qoca və xəstə nənəsinə ailə hüquq münasibətdə üzərinə düşən vəzifələri kobubcasına pozmuşdur.
31. xx.xx.2025-ci il tarixli Ambulator kitabçadan çıxarışdan görünür ki, İddiaçı şəkərli diabet, nevroloji ağırlaşmalarla essensial hipertenziya, stenokardiyanın digər formaları diaqnozları ilə ambulator qeydiyyatdadır.
32. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş X3 ifadəsində bildirmişdir ki, o, iddiaçı Mərziyyə Nəbiyevanın qızıdır, Nofəl isə qardaşının oğludur. Mənzil anasının adına olmuşdur. Onlar dörd bacı, bir qardaşdır, anası mənzilini qardaşının oğluna bağışlamışdır. Anası tək olduğu üçün evi Nofələ bağışlamışdır. Nofəl Rusiya vətəndaşıdır, bağışlama vaxtı da Rusiyada yaşayırdı. Amma nənəsinə demişdir ki, gəlib ona baxacaq, qulluq edəcək, lakin bağışlamadan sonra Nofəl öz nənəsi üçün heç bir qayğı göstərməmişdir. İddiaçı inanmışdır ki, Nofəl gələcək, ona görə məhkəmədə iddia qaldırmamışdır. Əvvəllər Nofəl ilə nənəsi telefonla danışmış, 2024-cü ildən isə əlaqə kəsilmişdir, Nofəl nənəsi ilə kobud danışmış, hətta onu mənzildən çıxaracağını demişdir.
33. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş X1 ifadəsində bildirmişdir ki, Mərziyyə Nəbiyeva onun qaynanasıdır, o, evi 2019-cu ildə Nofələ hədiyyə etmişdir. Mərziyyə xanım yaşlıdır, qayğısına qalanı yox idi, ona görə istəmişdir ki, nəvəsi yanında olsun. Lakin, Nofəl Rusiyada yaşayır, nənəsi ilə o vaxtdan heç bir əlaqəsi yoxdur, gəlib-getmir. Bağışlamadan sonra nənəsi ilə Nofəlin əlaqəsi olmamış, o, Azərbaycana gəlməmiş, nənəsinə heç bir qulluq göstərməmiş, əlaqə də saxlamamışdır. Mərziyə xanım ona görə məhkəməyə müraciət etməmişdir ki, Nofəlin gələcəyini gözləmişdir, amma 2019-cu ildən əlaqələri olmamış, Nofəl zəng etməmişdir. Daha sonra şahid X1 iddiaçının vəkilinin sualına cavab olaraq bildirmişdir ki, Nofəl iddia qaldırılana qədər nənəsi ilə əlaqə saxlamışdır.
34. Məhkəmə kollegiyası qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur
35. Bu mənada məhkəmə kollegiyasının qənaətinə görə, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmır və toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi rədd etməkdə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir.
36. Belə ki, mübahisəli bağışlama müqaviləsindən göründüyü kimi, iddiaçının öz mülkiyyətində olan əmlakı cavabdehə bağışlanmasına dair müqavilədə hazırda iddiaçının öz tələbində göstərdiyi hallar – bağışlamanın yalnız cavabdehin iddiaçıya qulluq etməsi halında etibarlı olması, ölkə xaricində deyil, iddiaçı ilə birlikdə yaşaması kimi xüsusi şərtlər göstərilməmiş, tərəflər arasında məhz qeyd edilən istiqamətdə razılıq olmasına dair mötəbər sübutlar təqdim olunmamışdır.
37. Birinci instansiya məhkəməsində dindirilən şahid ifadələrinə münasibətdə isə kollegiya hesab edir ki, iddiaçının hazırda bağışlamadan imtinanın əsası kimi göstərdiyi hallar bu barədə real razılaşma olsa belə, öz təsdiqini müvafiq bağışlama müqaviləsində tapmalı idi, çünki həmin hallar qeyd edilən müqavilənin birbaşa mühüm şərtlərindən biri kimi çıxış edəcəkdi. Bu halda sözügedən halların yazılı müqavilə formasında deyil, şahid ifadələri ilə təsdiq edilməsi yolverilməzdir.
38. Mülki Prosessual Məcəllənin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
39. Göstərilənlər baxımından həmçinin nəzərə alınmalıdır ki, ailə üzvlərindən biri digərinə hədiyyə, xüsusən dəyərli hədiyyələr edərkən heç bir maddi qarşılıq gözləmədən, sırf mənəvi motivdən çıxış edir. Bu halda o, mənəvi dəyər verdiyi, yaxın bildiyi, qarşılığında da eyni əxlaqi münasibəti gözlədiyi ailə üzvünü əvəzsiz qaydada hədiyyə verməklə zənginləşdirir. Bunun isə sağlam və etibarlı ailə münasibətlərinin formalaşmasında, ailə üzvləri arasında mənəvi bağların güclənməsində əhəmiyyəti və rolu danılmazdır. Lakin buna rəğmən hədiyyə alanın hədiyyə verənin özünə və ya yaxın qohumuna qarşı sağlam ailə münasibətlərini kökündən sarsıdan hərəkətlərə yol verməsi ailə qanunvericiliyinin məqsədinin realizəsini və vəzifələrinin icrasını mümkünsüz edir.
40. Beləliklə, hədiyyə alan tərəfindən hədiyyə verənin özü və ya onun yaxın qohumları barəsində ailə hüquq münasibətlərindən irəli gələn vəzifələrin kobudcasına pozulması bağışlamanın motivini aradan qaldırdığından, bu hal hədiyyədən imtina üçün əsas kimi təsbit edilmişdir.
41. Yuxarıda da qeyd edildiyi kimi, məhkəmə iclaslarında tədqiq olunmuş sübutlar, yəni şahid ifadələri və iddiaçı tərəfindən qeyd olunan hallar müvafiq qaydada müqavilə üzrə şərtləndirilmədəyindən cavabdehin məsuliyyəti bu hissədə istisna edilir. Lakin Kollegiya “mənəvi vəzifə borcu” arqumentinə münasibətdə aşağıdakıları qeyd edir.
42. İş materiallarından görünür ki, hədiyyə alan Cavabdeh bağışlama müqaviləsi bağlanan zaman Rusiya Federasiyası vətəndaşı olmuş, Rusiya Federasiyasında yaşamış və bu fakt hədiyyə verən X2 məlum olmuşdur. Odur ki, məhkəmə bağışlama müqaviləsi bağlanan zaman hədiyyə verənin Rusiya Federasiyası vətəndaşı olması və Rusiya Federasiyasında yaşaması faktının hədiyyə alana məlum olması səbəbindən, hesab edir ki, bağışlama müqaviləsi bağlanandan sonra nəvənin yaşadığı və vətəndaşı olduğu ölkəni tərk edərək nənəsinin yanına köçməməsi və onunla birlikdə yaşayaraq qayğı göstərməməsi nəvənin ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələrinin kobudcasına pozulması hesab edilə bilməz.
43. Məhkəmə kollegiyası bu baxımdan hesab edir ki, iddiaçı bağışlama müqaviləsini bağlayarkən öz hərəkətlərinin mənasını başa düşmüş, təsir altında olmamış və öz iradəsini əks etdirmişdir.
44. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, hətta hədiyyə alanın hədiyyə verənin yanına köçərək ona qayğı göstərməməsi ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələrin kobudcasına pozulması kimi qiymətləndirilsə belə, bağışlama müqaviləsinin ləğv edilməsi üçün Mülki Məcəllənin 673.3-cü maddəsində nəzərdə tutulmuş 1 illik kəsici müddət də ötürülmüşdür. 45 Belə ki, iddiaçı pozuntunu təşkil edən halların bildiriş verildiyi 2024-cü il tarixində yarandığını iddia etsə də, iş materiallarından aydın olur ki, cavabdeh müqavilə bağlandığı 2019-cu il tarixdən cari aya qədər Rusiya Federasiyasında məskunlaşmaqda davam etmişdir ki, bununda göstərilən hallar Kollegiya tərəfindən pozuntuya əsas ola biləcək bütün faktların iddiaçıya əvvəlcədən məlum olması kimi qiymətləndirir.
46. Nəzərə alınmalıdır ki, iddia müddəti pozulmuş hüquqların məhkəmə müdafiəsi ilə bağlı nəzərdə tutulmuş müddət olaraq hüquq münasibətləri iştirakçılarının öz hüquqlarını vaxtında müdafiə etməsinə, müqavilə və maliyyə intizamının möhkəmləndirilməsinə, mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin aradan qaldırılmasına, məhkəmələr tərəfindən zamanla mötəbərliyinin yoxlanılması qeyrimümkün olan sübutlara istinad edilməsini aradan qaldıraraq mübahisələrin obyektiv əsaslarla həll edilməsinə və s. yönəlmişdir.
47. Konstitusiya Məhkəməsi Plenumunun B.Mürsəlovun şikayəti üzrə 2020-ci il 12 mart tarixli və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1, 373.1, 373.3, 551.1, 551.2.1 və 553.1.1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından şərh olunmasına dair” 2023-cü il 15 fevral tarixli Qərarlarında iddia və kəsici müddətlərin mahiyyəti və fərqləndirici xüsusiyyətləri ilə bağlı ifadə etdiyi hüquqi mövqeyinə əsasən, tələb hüququna xas olan iddia müddətindən fərqli olaraq kəsici müddət əqdi mübahisələndirmək hüququna və iddialara aiddir. İddia müddətinin keçməsi tələb hüququnun özünün deyil, bu hüququn səlahiyyətli orqan vasitəsi ilə məcburi qaydada həyata keçirilməsi imkanının xitamına səbəb olduğu halda, kəsici müddət subyektiv hüququn mövcudluğu ilə şərtlənir, həmin müddətin bitməsi hüququn özünün xitamı ilə nəticələnir. İddia müddətinin axımı dayandırıla (Mülki Məcəllənin 379-cu maddəsi), kəsilə (Mülki Məcəllənin 380-ci maddəsi) və müəyyən hallarda bərpa edilə (Mülki Məcəllənin 382-ci maddəsi) bilər. Kəsici müddətlər isə qanunda birbaşa nəzərdə tutulan hallar istisna olmaqla, dayandırıla və kəsilə bilməz. İddia müddəti konkret borclunun konkret tələb üzrə müdafiə vasitələrindən biridir (bu səbəbdən də cavabdehin ərizəsi ilə tətbiq edilir), kəsici müddət isə üçüncü şəxslərin və ümumiyyətlə mülki dövriyyənin maraqları naminə müəyyən edilir (bu səbəbdən də məhkəmənin öz təşəbbüsü ilə (ex officio) tətbiq edilir.
48. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tələblərinin əsası kimi istinad etdiyi hallara dair nə birinci instansiya, nədə apellyasiya instansiyası məhkməsinə heç bir mötəbər və tutarlı sübutlar təqdim etməmişdir.
49. Nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir.
50. Qeyd olunanlara əsasən kollegiyanın qənaəti bundan ibarətdir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı düzgün nəticəyə gəlmişdir və apelyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir.
51. Məhkəmə kollegiyası qeyd edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır.Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı).
52. Məhkəmə kollegiyası onu da vurğulamağı zəruri hesab edir ki, Mülki Prosessual Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
53. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür.
54. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
55. Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
56. Kollegiya hesab edir ki, apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği onu ödəmiş tərəfin özünə aid edilməlidir.
57. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 28 yanvar 2025-ci il tarixli e-2(011)- 1275/2025 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti ilə bağlı ödənilmiş dövlət rüsumu məbləği onu ödəmiş şəxsin özünə aid olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Fuad Abdıyev