Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2372/2024 23.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “əmlakın naturada bölünməsi, hərracdan satılması və satışdan əldə edilmiş pul məbləğinin paylı mülkiyyətçilər arasında bölünməsi” tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: “paylı mülkiyyətdə olan mənzilin naturada ayrılması və sair”) Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Kazımov Elşən Cələddin oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Həsənova Şərqi Əlabbas qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, Nərimanov Rayon Məhkəməsinin 2(005)-2617/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin faktiki halları:
1. İddiaçı Cavabdeh qarşı əmlakın hərracdan satılması və satışdan əldə edilmiş pul məbləğinin paylı mülkiyyətçilər arasında bərabər bölünməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, paylı mülkiyyətdə olan Bakı şəhəri, Nərimanov rayonu, C.Hacıbəyli küçəsi, bina 116, 99 saylı mənzilin açıq hərracdan satılaraq, əldə edilmiş satış məbləğinin paylı mülkiyyətçilər arasında paylarına uyğun şəkildə bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdiirlməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nərimanov rayonu, C.Hacıbəyli küçəsi, bina 116, 99 saylı mənzilin naturada bölünməsini, bu mümkün olmadıqda isə əmlakın açıq hərracdan satılaraq, əldə edilmiş satış məbləğinin paylı mülkiyyətçilər arasında paylarına uyğun şəkildə bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh ilə birgə nikah dövründə əldə olunan C.Hacıbəyli küç., bina 116, mənzil 99 ünvanda yerləşən mənzilə dair ½ hissədə paylarının müəyyən edilməsi bu barədə qətnamə qəbul edilməsini xahiş etmişdi. Bakı şəhəri, Nərimanov rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli, № 2(005) 2960/2022 saylı qətnaməsi ilə ünvan 1 ünvanda yerləşən mənzilə İddiaçı ½ hissədə pay hüququ tanındı. Bu qərardan razı qalmayan Cavabdeh Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti göndərmişdi. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, №2(103)- 1802/2023 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmədi. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 29 noyabr 2022-ci il tarixli, 2(005)-2960/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanıldı. 10 may 2023-cü il tarixli Yaşayış mənzilinin orta bazar dəyərinin müəyyən edilməsi barədə Arayışda ünvan 1 ünvanda yerləşən yaşayış mənzili orta bazar dəyəri 10 may 2023-cü il tarixinə əsasən, 280000 manat- 300000 manat arası təşkil edir. Birgə nikah dövründə əldə olunmuş əmlakın açıq hərracda satılaraq müəyyən olunmuş paylara uyğun olaraq vəsaitlərin götürülməsi tələbi ilə bağlı mediasiyaya müraciət etmiş, lakin qarşı tərəf iştirak etməmişdir.
4. Nərimanov Rayon Məhkəməsinin 2(005)-2617/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi (hakim Aytən Novruzova) ilə iddia təmin edilmiş, Bakı şəhəri, Nərimanov rayonu, C.Hacıbəyli küçəsi, bina 116, 99 saylı mənzilin açıq hərracdan satılması və satışdan əldə edilmiş məbləğin mülkiyyətçilərin paylarına uyğun olaraq (İddiaçı ½ hissədə, Cavabdeh ½ hissədə) bölünməsi, Bakı şəhəri, Nərimanov rayonu, C.Hacıbəyli küçəsi, bina 116, 99 saylı mənzilin ilkin satış qiyməti 300000 (üç yüz min) manat məbləğində müəyyən edilməsi və ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir.
5. İddiaçı qətnaməni mübahisələndirməmişdir.
6. Cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti və onun dəlilləri:
7. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti vermiş, bildirmişdir ki, birinci instansiya məhkəməsi qətnaməsində mübahisəli əmlakın cavabehin mülkiyyətində olmasını göstərərkən, bu mənzil alınması üçün sərf olunan vəsaitin kim tərəfindən maliyyələşdirilməsi araşdırılmamışdır. Həmçinin mübahisəli əmlakın birgə vəsait hesabına əldə edilməsini təsdiq edən hər hansı sübut yoxdur. Palların tanınması barədə qəbul edilmiş qərar isə qanunsuz və əsassızdır. Mənzilin alınması üçün vəsait cavabdehin atası tərəfindən verilmişdir. Həmçinin mübahisəsi gedən mənzil hazırda cavabdehin mülkiyyətində olduğundan iddiaçının belə bir tələb irəli sürməsidüzgün olmamışdır. Belə ki, iddiaçının həmin evə dair hər hansı payı mövcud deyil. Bundan başqa birinci instansiya məhkəməsinin baxışı zamanı cavabdehin iştirakı təmin edilməmişdir. Qeyd edilənlərə əsasən, qətnamənin qanunsuz və əsassız olduğundan ləğv edilərək, iddiaçı tərəfindən verilmiş iddianın təmin edilməməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı:
8. Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayəti ilə razılaşmayaraq bildirdi ki, mübahisəli mənzilin naturada bölgüsü mümkün olmadığından birinci instansiya məhkəməsi paylı mülkiyyətdə olan həmin mənzilin hərracdan satılaraq satış pulunun bölünməsi barədə əsaslı qətnamə qəbul etmişdir. Həmçinin birinci instansiya məhkəməsi əmlakın ilkin satış qiymətinin 300.000 manat müəyyən edilməsi barədə də düzgün nəticəyə gəlmişdir. Odur ki, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi.
9. Apellyasiya şikayətinə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmişdir. Bununla belə cavabdeh tərəf üzrlü səbəblərdən məhkəmə iclasında iştirak etməmələri barədə ərizə göndərsə də bu barədə sübut təqdim etməmişdir.
10. Belə olan halda Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən şikayətə cavabdeh tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi: Mülki iş materiallarında olan:
11. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-463/2022 saylı iş üzrə 05 sentyabr 2022-ci il tarixli qətnaməsi ləğv edilərək, iddia tələbi təmin edilmiş, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2012-ci il tarixdə Bakı şəhəri Nərimanov Rayon Qeydiyyat şöbəsində 418 nömrəli akt qeyd ilə bağlanmış nikahın pozulması, xx.xx.2014-cü il təvəllüdlü X4 və xx.xx.2017-ci il təvəllüdlü X3 iddiaçı Cavabdeh yanında saxlanılmaları, xx.xx.2014-cü il təvəllüdlü X2 və xx.xx.2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün İddiaçı hər ay hər uşağa 180 manat olmaqla, cəmi 360 manat məbləğində aliment tutularaq Cavabdeh verilməsi, alimentin tutulma vaxtının xx.xx.2021-ci il tarixdən hesablanması qət olunmuşdur.
12. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 29 noyabr 2022-ci il tarixli, 2(005)- 2960/2022 saylı saylı qətnaməsi ilə iddia tələbi təmin edilmiş, İddiaçı ilə Cavabdeh birgə nikah dövründə əldə olunan ünvan 2 ünvanda yerləşən mənzilə İddiaçı ½ hissədə pay hüququ tanınmışdır.
13. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(103)-1802/2023 saylı qətnaməsinə əsasən Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 29 noyabr 2022-ci il tarixli, 2(005)-2960/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(102)-4361/2023 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(103)-1802/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
14. "xxxx" MMC tərəfindən verilmiş 10 may 2023-cü il tarixli, yaşayış mənzilinin orta bazar dəyərinin müəyyən edilməsi barədə arayışdan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, C.Hacıbəyli küçəsi, bina 116, 99 saylı mənzilin orta bazar dəyəri 280000 manat- 300000 manat təşkil edir. Tətbiq edilən maddi hüquq normaları:
15. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 220.1. Paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər; 220.2. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər; 220.3. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir; 220.4. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. 220.5. Mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir. 220.6. Bu Məcəllənin 220.3-220.5-maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair" Аzərbаycаn Respublikаsı Kоnstitusiyа Məhkəməsi Plenumunun 04 аprel 2014-cü il tаrixli Qərаrındа qeyd edilir ki: ..."Mülkiyyətçilərdən hər hansı birinin əmlaka sahiblik, istifadə və sərəncamla əlaqədar hüquqları digərlərinin hüquqlarından üstün sayıla bilməz. Mülkiyyət hüququnun həyata keçirilməsi imkanı bütün tərəflər üçün bərabər olmalıdır. Bununla bağlı qeyd etmək vacibdir ki, məhkəmənin əmlakın açıq hərracdan satılması barədə qərarı digər mülkiyyətçilərin hüquqlarını təmin etmək məqsədilə qəbul edilir." ..."Nəzərə аlınmаlıdır ki, əmlakın açıq hərracdan satılaraq bölünməsindən əvvəl Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalara əməl edilməlidir. Həmin qaydalar paylı mülkiyyətdə olan əmlakın bölünməsi və ondan payın ayrılmasının mərhələli formada tənzimlənməsini nəzərdə tutur. İlk növbədə, əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməlidir. Əmlakın naturada bölünməsi mümkün olmadığı halda, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Digər mülkiyyətçilərin kompensasiya vermək imkanı olmadıqda və ya onlar kompensasiya vermək istəmədikdə, əmlakın məhkəmə qərarı əsasında hərracdan satılması məsələsinə baxıla bilər. Eyni zamanda, payının naturada ayrılması mümkün olmadıqda və mülkiyyətçi payın əvəzinə pul kompensasiyasını almaqdan imtina etdikdə, həmin mülkiyyətçi əmlakın açıq hərracdan satılmasını tələb edə bilməz. Həmçinin paylı mülkiyyətin mülkiyyətçisi birbaşa əmlakın açıq hərracdan satılmasını tələb etmək hüququna malik deyil. Bu baxımdan, paylı mülkiyyətin mülkiyyətçilərinin razılığı olmadan əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında məhkəmə tərəfindən qərarın qəbul edilməsi mülkiyyət hüququnun qanunsuz məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz." "Məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür." Tətbiq edilən prosessual hüquq normaları:
16. Mülki Prosessual Məcəllə Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər. 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.3. qətnaməni dəyişdirə bilər; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 387-ci maddəsində nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsinin prosessual hüquq normalarına riayət etməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayır. Apellyasiya Məhkəməsinin baxışının hədləri:
17. Hazırkı halda Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mənzilə dair hissədə yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:
18. Məhkəmə kollegiyası iş materiallarını, apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, cavabdehin apellyasiya şikayəti qismən təmin edilməklə, qətnamənin nəticə hissəsindən “Hərracda mənzilin ilkin satış dəyəri 300000 (yüz qırx yeddi min iki yüz) manat müəyyən edilsin” hissəsi xaric edilməlidir.
19. Məhkəmə Kollegiyası apellyasiya şikayətinin Bakı şəhəri, Nərimanov rayonu, C.Hacıbəyli küçəsi, bina 116, 99 saylı mənzilin alınmasında cavabdehin atasının köməyi olması, iddiaçının o evin alınmasında heç bir rolu olmaması barədə dəlili üzrə qeyd edir ki, həmin dəlil aşkar əsassızdır. Belə ki, birincisi cavabdeh tərəfindən bu barədə mötəbər sübutlar təqdim edilməmişdir. İkinci isə qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə - Bakı şəhəri, Nərimanov rayonu, C.Hacıbəyli küçəsi, bina 116, 99 saylı mənzilin üzərində İddiaçı ½ hissədə payının olması müəyyən edilmişdir.
20. Göründüyü kimi iddiaçının qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə üzərində ½ hissədə payı müəyyən edilən əmlakların naturada bölünməsini, naturada bölgü mümkün olmadığı təqdirdə isə əmlakların açıq hərraca çıxarılmasını və əldə edilən gəlirin tərəflərin paylarına mütənasib bölünməsini tələb etməyə subyektiv hüququ vardır.
21. Bununla yanaşı işin faktiki halları ilə müəyyən edilmişdir ki, əmlakın naturada bölgüsü mümkün deyil, cavabdeh iddiasının payına uyğun kompensasiya ödəməkdən imtina etmişdir.
22. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, mülki iş materiallarına əsasən mənzilin naturada ayrılması mümkün olmadığından, rayon məhkəməsinin həmin əmlakın hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsinə dair qənaəti əsaslı olmuşdur
23. Məhkəmə kollegiyası apellyasiya şikayətinin birinci instansiya məhkəməsində işə baxılarkən cavabdehin iştirakının təmin olunmaması barədə dəlili üzrə qeyd edir ki, həmin dəlil əsassızdır, belə mülki iş materiallarında olan xx.xx.2023-cü il tarixli məhkəmə iclas protokolundan məlum olur ki, cavabdehin nümayəndəsi və vəkili Vəkil2 həmin məhkəmə iclasında iştirak etmişdir (i/v 95).
24. Bununla belə, mülki iş materiallarından müyyən edilir ki, rayon məhkəməsi tərəfindən hərraca çıxarılan mənzilin qiymətləndirilməsi həyata keçirilmiş, qiymətləndirici tərəfindən mənzilin bazar qiyməti 300000 (üç yüz min) müəyyən edilmişdir.
25. Rayon məhkəməsi də hərracda mənzilin ilkin satış qiymətini 300.000 (üç yüz min) AZN müəyyən etmişdir.
26. İddiaçının məhkəməyə təqdim etdiyi iddia ərizəsindən eləcə də iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsindən isə məlum olur ki, iddia tələbində əmlakın ilkin satış dəyərinin müəyyən edilməsi tələb edilməmişdir. Yalnız iddiaçının nümayəndəsi və vəkili məhkəmə iclasında əmlakın 300.000 manata hərracdan satılmasını və bu məbləğin tərəflər arasında bərabər bölünməsini xahiş etmişdir ki, həmin tələb qeyd edildiyi kimi iddia ərizəsində və ya iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizədə öz əksini tapmamışdır. Halbuki MPM-in 149.1-ci maddəsinə əsasən iddia ərizəsi məhkəməyə yazılı şəkildə verilməlidir.
27. Məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 39.3.3-cü maddəsinə görə, ipoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir.
28. Göründüyü kimi, qanuna əsasən, ipoteka predmeti olan əmlakın ilkin satış qiyməti müəyyən edilməlidir. Paylı mülkiyyətdəki əmlakın satışı ilə bağlı isə qanunda (MM. maddə 220.6.) belə bir tələb nəzərdə tutulmamışdır. MPM-in 218.3-cü maddəsində təsbit olunmuşdur ki, hakim (məhkəmə) yalnız verilmiş tələblər üzrə qətnamə çıxarır. Bununla belə, həmin normanın ikinci cümləsində nəzərdə tutulmuşdur ki, hakim (məhkəmə) qanunda göstərilən müstəsna hallarda da iddia tələblərindən kənara çıxa bilər. Demək ki, iddia ərizəsində də əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi tələbi olmadığından, rayon məhkəməsi MM-in 220.6-cı maddəsinin tələblərinə əsasən hərraca çıxarılan əmlakın ilkin satış dəyərini müəyyən etməkdə haqlı olmamışdır.
29. MPM-in 372.6-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
30. Kollegiya qeyd edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamədən “Hərracda mənzilin ilkin satış dəyəri 300000 (üç yüz min) manat müəyyən edilsin” hissəsi xaric edilməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Nəticə:
31. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamənin nəticə hissəsindən “Hərracda mənzilin ilkin satış dəyəri 147.200 (yüz qırx yeddi min iki yüz) manat müəyyən edilsin” hissəsi xaric edilməlidir, çünki həmin hissəyə dair tələb olmadığından, həmin hissə rədd oluna və ya hər hansı formada dəyişdirilə bilmir. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
32. Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən apellyasiya şikayətinin ödənilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilməlidir.
33. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.3 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunsun. Nərimanov Rayon Məhkəməsinin 2(005)-2617/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsinin nəticə hissəsindən “hərracda mənzilin ilkin satış dəyəri 300.000 (üç yüz min) manat müəyyən edilsin” hissəsi xaric edilsin. Qətnamə apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: Kassasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə MPM-in 408.1.7-ci maddəsinə əsasən geri qaytarılacaqdır.