Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2373/2020 12.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X3 və X2 ibarət tərkibdə, məhkəmə iclas katibi Balaban Nərgiz Cəlaləddin qızının katibliyi ilə, İddiaçı cavabdehlər “xxxx” MMC (bundan sonra – Hərrac Mərkəzi) və Cavabdeh2 QSC-yə (bundan sonra – Bank) qarşı “ipotekaya xitam verilməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxxxxx 2019-cu il tarixli qətnamədən iddiaçının verdiyi apellyasiya şikayətinə əsasən, iddiaçının vəkili (nümayəndəsi) Vəkil və cavabdeh Bankın nümayəndəsi X1 iştirakı ilə işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı, iddia ərizəsi ilə Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, özünə məxsus və ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış sahəsi üzərində olan ipotekaya xitam verilməsi və ipoteka ilə yüklülüyü təsdiq edən ******* nömrəli, xx.xx.2013-cü il tarixli “Reyestrdən çıxarışın” ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bank ilə hazırki iş üzrə İddiaçı arasında bağlanmış xx.xx.2006-cı il tarixli “Kredit xətti müqaviləsinə” əsasən, Bank tərəfindən borcalan İddiaçı müəyyən məbləğdə kredit verilmişdir. O, Bank qarşısında üzərinə götürmüş olduğu öhdəliklərin icrasının təminatı olaraq özünə məxsus qeyri-yaşayış sahəsini Bankın xeyrinə ipoteka ilə yüklü etmiş və bu barədə onunla Bank arasında “İpoteka müqaviləsi” bağlanmışdır. Bundan başqa, (hazırki iş üzrə tərəf olmayan) Nazim Cabbarov və Səməd Səmədov borcalan İddiaçı öhdəliklərinin icrasına təminat olaraq zamin durmuşlar. İddiaçı “Kredit xətti müqaviləsi” üzrə öhdəliklərini lazımınca icra etmədiyinə görə, Bank borcun ödənilməsi və tələbin ipoteka predmetinə yönəldilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Xətai Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsi (İş № 2(011)-568/2016) ilə cəmi 85.185,56 ABŞ dolları məbləğində pulun İddiaçı və zaminlərdən tutularaq Banka ödənilməsi, tutmanın ipoteka predmeti olan qeyri-yaşayış sahəsinə yönəldilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini aldıqdan sonra icraya yönəldilmişdir. İcra sənədinin icrası tapşırılmış Xətai Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2016-cı il tarixli sifariş məktubu ilə qeyri-yaşayış sahəsinin açıq hərracdan satılması məqsədilə cavabdeh Hərrac Mərkəzinə müraciət edilmiş, Hərrac Mərkəzi 140.000 manat ilkin satış qiyməti ilə qeyri-yaşayış sahəsini xx.xx.2017-ci tarixdə açıq hərraca çıxarmışdır. Hərrac baş tutmadığı üçün ikinci hərracın keçirilməsi xx.xx.2017-ci il tarixə təyin edilmiş və əmlakın qiyməti ilkin satış qiymətindən 15% aşağı, yəni 119.000 manat müəyyən edilmişdir. İkinci hərrac da baş tutmadığına görə xx.xx.2017-ci il tarixdə Hərrac Mərkəzi qanunvericiliyin tələblərinə uyğun olaraq həmin əmlakı Banka təklif etmişdir. Lakin Bank hərracın nəticələrini məhkəmə qaydasında mübahisələndirdiyi üçün təklifi qəbul etmədiyini Hərrac Mərkəzinə bildirmişdir. Bununla yanaşı hərracın nəticələrinin ləğvi barədə iddia ərizəsi verən Bank Xətai Rayon Məhkəməsinin 2(011)-568 nömrəli, xx.xx.2016-ci il tarixli icra sənədinin icrasının dayandırılması barədə iddianın təmin edilmə tədbiri barədə ərizə verməmiş, bununla bağlı məhkəmə tərəfindən qərardad qəbul edilməmişdir. Təbii ki, tamam başqa predmet ilə verilmiş müstəqil iddia başqa bir predmet üzrə verilmiş icra sənədinin icrasının dayandırılması üçün əsas deyil. Bunun üçün müvafiq iddianın təmini təbiri barədə qərardad və ya “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsində göstərilən əsaslardan biri olmalı idi. Bu isə Hərrac Mərkəzi tərəfindən Banka ünvanlanmış xx.xx.2017-ci il tarixli təklifə cavab verilməsi üçün nəzərdə tutulmuş müddətin axımının davam etdiyini göstərir. Həmçinin yuxarıda qeyd edildiyi kimi Bank əmlakı öz balansında qəbul etməkdən imtina etmişdir. Bu isə artıq ipoteka predmeti olan qeyri-yaşayış sahəsinin müvafiq yüklülükdən azad edilməsi üçün əsasdır. Cavabdeh Bank tərəfindən hərracın nəticələrinin ləğvi ilə bağlı verdiyi iddia ərizəsi Nərimanov Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi (İş № 2(005)-3692/2017) ilə rədd edilmiş və hərracın nəticələri qüvvədə qalmışdır. Qeyd edilən iş apellyasiya və kassasiya instansiyası məhkəmələrinin baxış predmeti olmuş, son nəticədə Nərimanov Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsinin qüvvədə saxlanılması barədə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi (İş № 2(103)-3770/2018) Azərbaycan Respublikası Ali Məhkəmənin xx.xx.2018-ci il tarixli qərarı (İş № 2(102) 6431/2018) ilə dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə Hərrac Mərkəzi tərəfindən keçirilmiş hərracın nəticələri tam qanuni hesab edilmişdir. Ehtimal olaraq belə hesab edilsə ki, qeyd edilən icra sənədinin dayandırılması barədə iddianın təmini tədbiri olsa idi, artıq iş üzrə yekun qərarın qəbul edildiyi gün, yəni xx.xx.2018-ci il tarixdə bu cür təmin tədbiri öz qüvvəsini itirmiş hesab edilir. Bu halda isə Bank artıq ipoteka predmetinin əldə edilməsi ilə bağlı yekun iradə ifadəsini bildirməli idi. Lakin ipoteka predmeti olan qeyri-yaşayış sahəsi hələ də ipoteka saxlayan olan Bank tərəfindən öz balansına daxil edilməmişdir; həmin əmlak hazırda da iddiaçının mülkiyyətindədir. İddia ərizəsi əsasında başlanmış mülki işə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2019-cu il tarixli qətnamə ilə iddianın təmin edilməməsini qət etmişdir. İddiaçı həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Əsasları iddia tələbinin əsasları ilə eynilik təşkil edən apellyasiya şikayətində əlavə olaraq qeyd edilir ki, Rayon Məhkəməsi işə baxan zaman işin həqiqi hallarını araşdırmamış, işin müəyyən olunmuş halları ilə bağlı düzgün nəticəyə gəlməmiş, maddi və prosessual hüquq normalarına riayət etməmiş və nəticədə iş üzrə əsassız qətnamə qəbul etmişdir. İddiaçının vəkili (nümayəndəsi) apellyasiya baxışı iclasında iştirak edərək apellyasiya şikayətinin dəlillərini müdafiə etdi və şikayətin, habelə iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Cavabdeh Bankın ləğvedicisi olan Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi apellyasiya baxışı iclasında iştirak edərək apellyasiya şikayətinin dəlillərinə etiraz etdi və hazırki iş üzrə Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamənin əsaslarına uyğun izahat verdi. İş üzrə digər cavabdeh olan Hərrac Mərkəzi işə apellyasiya qaydasında baxılmanın yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunsa da, apellyasiya baxışı iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişdir. Məhkəmə, qeyd edilən halın işin baxılmasına mane olmadığını nəzərə alaraq, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə Hərrac Mərkəzinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki, qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə, apellyasiya şikayətinin dəlilərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Rayon Məhkəməsinin qətnaməsi ləğv edilməlidir. Belə ki, Xətai Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsindən (İş № 2(011)-568/2016) görünür ki, həmin qətnamə ilə cəmi 174.687,79 ABŞ dolları məbləğində pulun İddiaçı, N.Cabbarov və S.Səmədovdan tutularaq Banka ödənilməsi, tutmanın ipoteka predmeti olan mübahisəli qeyri-yaşayış sahəsinə yönəldilməsi, qeyri-yaşayış sahəsinin açıq hərracdan satılması, əmlakın satışından əldə edilmiş vəsaitin borcun ödənilməsinə yönəldilməsi və sair qət edilmişdir. Xətai Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsi qüvvəyə minmiş və icraya yönəldilmişdir. İcra sənədi üzrə icra hərəkətlərini həyata keçirən Xətai Rayon İcra Şöbəsi ilkin satış qiyməti 140.000 manat olmaqla qeyri-yaşayış sahəsinin hərraca çıxarılması üçün xx.xx.2016-cı il tarixdə Hərrac Mərkəzinə sifariş vermişdir. xx.xx.2017-ci il tarixli, 01 №-li bildiriş ilə müraciət etmiş Hərrac Mərkəzi, İcra Şöbəsinin xx.xx.2016-cı il tarixli sifariş məktubuna əsasən ilkin satış qiymətinin 140.000 manat müəyyən edilməklə qeyri-yaşayış sahəsinin hərraca çıxarılması, hərracın xx.xx.2017-ci il tarixdə, saat 11:00-da keçirilməsi barədə məlumat verilmişdir. Hərrac Mərkəzi tərəfindən, xx.xx.2017-ci il tarixdə, 02 №-li bildiriş ilə tərəflərə, o cümlədən Banka müraciət edilərək, qeyri-yaşayış sahəsinin ilkin satış qiyməti 119.000 manat olmaqla hərraca çıxarılması, hərracın xx.xx.2017-ci il tarixdə, saat 11:00-da keçirilməsi barədə məlumat verilmişdir. Hərrac Mərkəzi tərəfindən, xx.xx.2017-ci il tarixli bildiriş ilə Banka müraciət edilərək, qeyri-yaşayış sahəsinin hərracdan satılmadığı, bununla bağlı “Birja yeniliekləri” qəzetinin xx.xx.2017-ci il tarixli buraxılışında elanın dərc edildiyi bildirilmiş və ipoteka predmeti haqqında qəbul ediləcək son qərar barədə Hərrac Mərkəzinin də məlumatlandırılması xahiş olunmuşdur. xx.xx.2017-ci il tarixdə “xxxx” Xidməti MMC və “xxxx” MMC-yə qarşı iddia ərizəsi ilə Nərimanov Rayon Məhkəməsinə müraciət edən Bank, qeyri-yaşayış sahəsinə dair Qiymətləndirilmə Xidmətinin xx.xx.2016-cı il tarixli “Hesabatının” və Hərrac Mərkəzinin xx.xx.2017-ci il və xx.xx.2017-ci il tarixli protokollarının ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Nərimanov Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi (İş № 2(005)- 3692/2017) ilə Bankın yuxarıda qeyd edilən iddiası təmin edilməmişdir. Həmin qətnamədən Bankın verdiyi apellyasiya şikayətinə əsasən işə baxmış Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, iş üzrə qəbul etdiyi xx.xx.2018-ci il tarixli qətnamə (İş № 2(0103)-3770/2018) ilə şikayəti təmin etməmiş, qətnaməni dəyişdirmədən saxlamışdır. Bankın verdiyi kassasiya şikayətinə baxmış Azərbaycan Respublikası Ali Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2018-ci il tarixli qərar (İş № 2(102)-6431/2018) ilə apellyasiya instansiyası məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsini dəyişdirilmədən saxlamışdır. İcra Şöbəsinin Bakı Apellyasiya Məhkəməsinə ünvanladığı xx.xx.2018-ci il tarixli məktubundan görünür ki, Xətai Rayon Məhkəməsinin 2(011)-568/2016 №-li iş üzrə verilmiş xx.xx.2016-cı il tarixli icra sənədi xx.xx.2017-ci il tarixdə İcra Şöbəsinin icraatına daxil olmuşdur. Həmin icra sənədinin icrası məqsədi ilə Qiymətləndirilmə Mərkəzinin xx.xx.2017-ci il tarixli rəyi alındıqdan sonra, xx.xx.2018-ci il tarixdə “X4” MMC-yə hərracın keçirilməsi haqqında sifariş göndərilmişdir. “X4” MMC-nin xx.xx.2018-ci il tarixli məktubuna əsasən hərracın keçirilməsi xx.xx.2018-ci il tarixə təyin edilmişdir. Daha sonra Bank xx.xx.2018-ci il tarixdə İcra Şöbəsinə, “X4” MMC-yə yazılı formada müraciət edərək, 2(005)-3692/2017 №-li iş üzrə yekun qərar qəbul edilənədək, (011)-568/2016 №-li, xx.xx.2016-cı il tarixli icra sənədinin icraatının dayandırılması üçün tədbirlər görülməsini xahiş etmişdir. İcra Şöbəsi xx.xx.2018-ci il tarixdə 13642/5 №-li məktubla “X4” MMC-yə müraciət edərək, hərracın satışının dayandırılmasını və bu barədə göndərilmiş sənədlərin qaytarılmasını xahiş etmişdir. “X4” MMC-nin İcra Şöbəsinə ünvanladığı xx.xx.2018-ci il tarixli məktubundan görünür ki, İcra Şöbəsinin xx.xx.2018-ci il tarixli sifarişi əsasında qeyri-yaşayış sahəsinə dair ilkin hərrac xx.xx.2018-ci il tarixdə, təkrar hərrac isə xx.xx.2018-ci il tarixdə keçirilmişdir. Lakin hərracın iştirakçısı olmadığından, hərrac baş tutmamış elan olunmuş və “İpoteka haqqında” Qanunun 43.1.2-ci maddəsinə əsasən qeyri-yaşayış sahəsi Banka təklif olunmuşdur. Həmin məktubla İcra Şöbəsinin xx.xx.2018-ci il tarixli 13642/5 nömrəli müraciətinə əsasən qeyri-yaşayış sahəsinin satışı dayandırılaraq sənədlər İcra Şöbəsinə qaytaılmışdır. Hərrac Mərkəzinin xx.xx.2019-cu il tarixli, 01 №-li bildirişdən görünür ki, Hərrac Mərkəzi, ilkin satış qiymətinin 140.000 manat müəyyən edilməklə qeyri-yaşayış sahəsinin hərraca çıxarılması, hərracın xx.xx.2019-cu il tarixdə, saat 11:00-da keçirilməsi barədə məlumat verilmişdir. Hərrac Mərkəzinin xx.xx.2019-cu il tarixli, 02 №-li bildirişindən görünür ki, qeyriyaşayış sahəsinin ilkin satış qiyməti 119.000 manat olmaqla hərraca çıxarılması, hərracın xx.xx.2019-cu il tarixdə, saat 11:00-da keçirilməsi barədə məlumat verilmişdir. Hərrac Mərkəzi tərəfindən, xx.xx.2019-cu il tarixli məktubla Banka müraciət edilərək, qeyri-yaşayış sahəsinin hərracdan satılmadığı bildirilmiş və qeyri-yaşayış sahəsi 89.250 manata Banka təklif edilmişdir. Bununla bağlı “Birja yenilikləri” qəzetinin xx.xx.2017-ci il tarixli buraxılışında elanın dərc edildiyi bildirilmiş və ipoteka predmeti haqqında qəbul ediləcək son qərar barədə Hərrac Mərkəzinin də məlumatlandırılması xahiş olunmuşdur. Qeyd olunanlara əsasən Rayon Məhkəməsi tərəfindən işin halları kimi müəyyən edilmişdir ki, mübahisəli qeyri-yaşayış sahəsi İcra Şöbəsinin sifarişi ilə 140.000 manat ilkin satış qiyməti ilə cavabdeh Hərrac Mərkəzi tərəfindən hərraca çıxarılmışdır. Qeyri-yaşayış sahəsi ilkin və təkrar keçirilən hərracdan satılmadığı üçün “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 43-cü maddəsinin tələbinə uyğun olaraq həmin əmlak xx.xx.2017ci il tarixli məktubla Banka təklif olunmuşdur. Əmlakın əldə olunması üçün “İpoteka haqqında” Qanunla müəyyən edilmiş 30 günlük müddət başa çatmamış, yəni xx.xx.2017-ci il tarixdə Bank qeyri-yaşayış sahəsinin qiymətləndirilməsi barədə hesabatın və hərracın nəticələrinə dair protokolların ləğv edilməsi barədə iddia qaldırmış, həmin iddia Nərimanov Rayon Məhkəməsinin xx.xx.2017ci il tarixli qətnaməsi ilə təmin edilməmişdir. Həmin iş apellyasiya və kassasiya instansiyası məhkəmələrinin baxış predmeti olmuş, son nəticədə Nərimanov Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi qanuni qüvvəsini almışdır. Bundan sonra xx.xx.2019-cu il tarixdə Bank ərizə ilə İcra Şöbəsinə ərizə ilə müraciət edilərək 2(011)-568/2016 №-li iş üzrə verilmiş xx.xx.2016-ci il tarixli icra sənədi üzrə icra icraatın təzələnərək icra tədbirlərinin davam etdirilməsini və qeyri yaşayış sahəsinin 140.000 manat ilkin satış qiyməti ilə açıq hərraca çıxarılması barədə sifariş verilməsini xahiş etmişdir. İcra Şöbəsinin sifarişi əsasında Hərrac Mərkəzi tərəfindən xx.xx.2019-cu il tarixdə ilkin, xx.xx.2019-cu il tarixdə isə təkrar hərrac keçirilmiş, əmlak hərracdan satılmadığına görə, xx.xx.2019-cu il tarixli məktubla Banka təklif olunmuşdur. Göstərilənlərə əsasən Rayon Məhkəməsi hesab etmişdir ki, hərracın nəticələri məhkəmə qaydasında mübahisələndirildiyinə görə, Bank mübahisəli əmlakı balansına götürə bilməmişdir. Bunları nəzərə alan Rayon Məhkəməsi hesab etmişdir ki, iddia əsassızdır. Məhkəmə, Rayon Məhkəməsinin qeyd edilən mövqeyi ilə razılaşmır və bununla bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317-ci maddəsinə görə, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər (maddə 317.1.). Satış həmin Məcəllənin 414-416-cı maddələrinə uyğun olaraq həyata keçirilir (maddə 317.2.). Mülki Məcəllənin 319.5-ci maddəsinə görə, əgər birinci hərracın keçirilməsi zamanı əşyanın ilkin satış qiymətinin yetmiş faizinə çatan təklif olmazsa, hərrac yenidən keçirilməlidir. Təkrar hərrac, təkrarən keçirilməsinə istinad edilərək birinci hərracın formasında elan edilməli və həmin qaydada keçirilməlidir. Təkrar hərrac zamanı ipoteka predmetinin ən aşağı satış qiyməti heç olmasa hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olmalıdır. Bu baş verməzsə, hərrac keçirilmir. Hərrac üzrə xərclər mülkiyyətçinin üzərinə qoyulur. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 41-ci maddəsinə görə, məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru məhkəmə icraçısı tərəfındən həyata keçirilir və ipoteka predmeti hərracda satılır. Məhkəmə icraçısı hərracın keçirilməsini əmtəə birjalarının nəzdində yaradılmış ixtisaslaşdırılmış təşkilata sifariş verir (maddə 41.2.). Hərracın təşkilatçısına sifariş “Məhkəmə qərarlarının icrası haqqında” Azərbaycan Respublikası Qanununa müvafıq qaydada tərtib olunur və hərraca çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini əks etdirir. Sifariş notariusun icra qeydi əsasında tərtib olunduqda müstəqil qiymətləndiricinin xidmətlərindən istifadə olunması ilə bağlı xərclər ipoteka saxlayan tərəfındən ödənilir (maddə 41.3.). Həmin Qanunun 43.8-ci maddəsinə görə, ipoteka saxlayan təkrar hərrac baş tutmayan elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.4-43.8 və 48-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2014-cü il tarixli qərarında təsbit edilmiş hüquqi mövqeyə görə, ipoteka saxlayan tərəfindən ipoteka predmetini almaq imkanından vaxtında istifadə edilməməsi, ipoteka qoyan üçün mühüm olan ipotekaya xitam verilməsi imkanından istifadə etmək hüququnu yaradır. “İpoteka haqqında” Qanunun başqa şəkildə şərh edilməsi, yəni ipoteka saxlayana bu imkanın qanunla müəyyən edilmiş müddətdən sonra da yenidən verilməsi, ipoteka qoyanın qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarar. İkinci hərrac keçirildikdən sonra 30 təqvim günü ərzində ipoteka saxlayan ipoteka predmetini əldə etmədikdə, ipoteka qoyan mülki məhkəmə icraatı qaydasında ipotekaya xitam verilməsini tələb edə bilər. “İpoteka haqqında” Qanununun 43-cü maddəsində yalnız iki hərracın keçirilməsi nəzərdə tutulduğundan, hər hansı əsasla yeni hərracların keçirilməsi həmin Qanuna zidd hesab edilməlidir.” Qeyd olunan maddi hüquq normalarının tələblərindən, habelə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan mövqeyindən hazırki mübahisənin həllinə yanaşdıqda müəyyən edilir ki, iddiaçı, ipotekaya xitam verilməsini tələb etməkdə haqlıdır. Çünki yuxarıda qeyd edildiyi kimi, Bank, “İpoteka haqqında” Qanun ilə ona vermiş hüquqlardan istifadə etməmiş, hərraca çıxarılmış qeyriyaşayış sahəsini təkrar hərrac baş tutulmadığı elan edildikdən sonra 30 təqvim günü ərzində qeyri-yaşayış sahəsinin əldə edilməsi barədə Hərrac Mərkəzi ilə müvafiq müqavilə bağlamamışdır. Cavabdeh Bankın iddiaya etirazı və bu etirazla razılaşan Rayon Məhkəməsinin mövqeyi ondan ibarətdir ki, xx.xx.2017-c i il tarixdə qeyri-yaşayış sahəsi Banka təklif olunmuş, xx.xx.2017-ci il tarixdə isə, yəni 30 günlük müddətin başa çatmasına 10 gün qalmış Bank tərəfindən hərracın nəticələri məhkəmə qaydasında mübahisələndirilmişdir. Bu səbəbdən mübahisəli əmlak Bank tərəfindən əldə edilməmişdir. Məhkəmə hesab edir ki, bu mövqe səhvdir. Çünki “İpoteka haqqında” Qanunun 43.8-ci maddəsində göstərilən 30 günlük müddət kəsici müddətdir. Yəni həmin müddət keçdikdən sonra maraqlı şəxs əmlakı əldə etmək hüququnu itirir (həmin hüquqa xitam verilir). Qeyri-yaşayış sahəsinə dair hərracın nəticələrinin məhkəmə qaydasında mübahisələndirilməsi o halda kəsici müddətin uzadılmasına səbəb ola bilərdi ki, Bankın iddiası əsaslı hesab edilərək təmin olmuş olardı. Lakin artıq qeyd olunduğu kimi, qeyriyaşayış sahəsinin qiymətləndirilməsi və hərracın nəticələri qanuni hesab edilmiş, Bankın iddiası isə rədd edilmişdir. Eyni zamanda qeyd olunmalıdır ki, 2(102)-6431/2018 №-li mülki işin materiallarından görünür ki, Bankın Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası tərəfindən baxılan zaman Bankın nümayəndəsi kassasiya baxışı iclasında iştirak etmiş və Ali Məhkəmənin xx.xx.2018-ci il tarixli qərarından xəbərdar olmuşdur. Nəzərə alınsa ki, Ali Məhkəmənin həmin qərarı qəbul edildiyi andan qüvvəyə minmişdir onda qəbul edilməlidir ki, Bank artıq xx.xx.2018-ci il tarixdən etibarən xəbərdar idi ki, onun “qeyri-yaşayış sahəsinə dair Qiymətləndirilmə Xidmətinin xx.xx.2016-cı il tarixli “Hesabatı” və Hərrac Mərkəzinin xx.xx.2017-ci il və xx.xx.2017-ci il tarixli protokollarının ləğv edilməsi tələbi barədə” iddiası əsassızdır. Ali Məhkəmənin xx.xx.2018-ci il tarixli yekun qərarı qəbul edildikdən sonra da Bank mübahisəli əmlakın öz balansına götürülməsi barədə müvafiq qurumlara müraciət etməmişdir. Belə olan qəbul edilməlidir ki, iddiaçı, ipotekaya xitam verilməsini tələb etməkdə haqlıdır. Çünki yuxarıda qeyd edildiyi kimi, Bank, “İpoteka haqqında” Qanun ilə ona verilmiş hüquqlardan istifadə etməmiş, hərraca çıxarılmış qeyri-yaşayış sahəsini təkrar hərrac baş tutulmadığı elan edildikdən sonra 30 təqvim günü ərzində əldə edilməsi barədə Hərrac Mərkəzi ilə müvafiq müqavilə bağlamamışdır. Göstərilənlərə əsasən, Məhkəmə bu qənaətə gəlir ki, Rayon Məhkəməsi iddianı rədd etməklə iş üzrə səhv və işin hallarına uyğun olmayan nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşımır. Məhkəmə, MPM-nin 384.0.2-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə edilməli və i iddianın təmin edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməlidir. Məhkəmə qeyd edir ki, iddia və apellyasiya şikayəti təmin edildiyinə görə, iddianın və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumları MPM-nin 119-cu maddəsinin tələbinə görə cavabdehə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: İddiaçı apellyasiya şikayəti təmin edilsin. Hazırki mülki iş üzrə Nərimanov Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxxxxx 2019-cu il tarixli qətnamə ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdehlər “xxxx” MMC və Cavabdeh2 QSC-yə qarşı “ipotekaya xitam verilməsi tələbi barədə” iddiası təmin edilsin. ünvan 1 ünvanda yerləşən, İddiaçı mülkiyyətində olan qeyri-yaşayış sahəsi üzərində olan ipotekaya xitam verilsin. Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2013-cü il tarixdə verilmiş RX seriyalı ******* nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış” ləğv edilsin. İş üzrə ödənilmiş dövlət rüsumları Cavabdeh2 QSC-yə aid edilsin. Bu məqsədlə ləğv prosesində olan Cavabdeh2 QSC-dən cəmi 20 (iyirmi) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Hakimlər (imza) Məmməd Məmmədov (imza) Şeyda Məhərrəmova (imza) Rəşad Həsənov “Əsli ilə düzdür” Hakim Məmməd Məmmədov
Məhkəmə qərarları › İş №2(103)-2373/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2373/2020
12.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver