Məhkəmə qərarları › İş №2(103)-2375/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2375/2022

06.04.2022 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2375/2022 06.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi və məruzəsi ilə, Məmmədova Şərafət Asif qızı və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, İsmayılova Günel Rza qızının katibliyi, İddiaçı, Cavabdeh ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı «əlavə əmək haqqının ödənilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 30 aprel 2021-ci il tarixli 2(006)- 2071/2021 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh ASC-yə qarşı «əlavə əmək haqqının ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ASC-dən Hüquq Departamentinin Dövlət və hüquq mühafizə orqanları ilə iş şöbəsinin rəisi vəzifəsi üzrə əmək funksiyasının 16 iyun 2020-ci il tarixdən 18 noyabr 2020-ci il tarixə qədər icra etdiyinə görə 5.737 manat əlavə əmək haqqının və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 30 aprel 2021-ci il tarixli 2(006)- 2071/2021 saylı qətnaməsi ilə iddia tərələbi rədd edilmişdir. Qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin edilməsinin xahiş etmişdir. Bakı Apellyasiya Məhəkməsinin 25 avqust 2021-ci il tarixli 2(103)-7093/2021 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 30 aprel 2021-ci il tarixli 2(006)-2071/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qətnamədən narazı qalan iddiaçı kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin edilməsinin xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhəkməsinin 01 yanvar 2022-ci il tarixli 2(102)- 593/2022 saylı qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-7093/2021 nömrəli iş üzrə 25 avqust 2021-ci il tarixli qətnaməsi ləğv edilsin və iş yeni apellyasiya baxışına qaytarılmışdır. Təkrar apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən iddiaçı məhkəməyə ərizə təqdim edərək, artıq cavabdeh tərəfindən ona pul məbləği ödənildiyi üçün iddiadan imtina etdiyini bildirərək, iddiadan imtinanın qəbul edilməsini və iş üzrə icraata xitam verilməsinin xahiş etmişdir. Cavabdehin nümayəndəsi iddiaçı tərəfindən verilmiş ərizənin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbindən imtina qəbul edilərək birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməklə iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 370-ci maddəsinə əsasən apellyasiya şikayəti qəbul olunduqdan sonra iddiaçının iddiadan imtina etməsi və tərəflərin barışıq sazişi bağlaması apellyasiya instansiyası məhkəməsinə ünvanlanmış yazılı ərizələrdə ifadə olunmalıdır. Ərizələrə baxılma qaydası, iddiadan imtinanın qəbul edilib-edilməməsinin, tərəflərin barışıq sazişinin təsdiq edilib-edilməməsinin nəticələri bu Məcəllənin 191-ci maddəsinin qaydaları ilə müəyyən olunur. Həmin Məcəllənin 191.2-ci maddəsinə görə hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Mülki Prosessual Məcəllənin 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 391-ci maddəsinə görə bu Məcəllənin 19-cu və 20-ci fəsillərində göstərilən əsaslar olduqda işin icraatına xitam verilməklə və ya ərizə baxılmamış saxlanılmaqla məhkəmənin qətnaməsi ləğv edilməlidir. Prosessual qanunvericiliyin qeyd olunan müddəalarını rəhbər tutmaqla məhkəmə kollegiyası hesab edir ki, iddiaçının iddiasından imtinası qanuna zidd olmadığından və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmadığından qəbul edilməli, mübahisəyə dair çıxarılmış birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməklə mülki işin icraatına xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191, 261, 370, 391, 400, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: İddiaçı iddiadan imtinası barədə ərizəsi qəbul edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 30 aprel 2021-ci il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı Cavabdeh ASC-yə qarşı «əlavə əmək haqqının ödənilməsi» tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı ApellyasiyaMəhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Babayev Hakimlər: Şərafət Məmmədova Rafael Eyvazov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar