Məhkəmə qərarları › İş №2(103)-2376/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2376/2023

03.04.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2376/2023 03.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “alimentin azaldılması” tələbinə dair mülki iş üzrə (Açar sözlər: alimentin azaldılması tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X5 (sədrlik edən və məruzəçi), Eyvazov Rafael Əmir oğlu və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Şahbazlı Nəzrin Elmar qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin azaldılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2(007)-3228/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları 1.İddiaçı və Cavabdeh 22 oktyabr 2013-cü il tarixdə rəsmi nikaha daxil olmuş, bu nikahdan xx.xx.2014-cü il təvəllüdlü X4 doğulmuşdur. 2.Bakı şəhəri Nizami rayon Məhkəməsinin 03 mart 2016-cı il il tarixli, (007)-262/2016 saylı qətnaməsi ilə aralarında bağlanmış nikahın pozulması, azyaşlı uşaqları X3 Cavabdeh himayəsində saxlanılması və onun yetkinlik yaşma çatana qədər saxlanılması üçün İddiaçı hər ay 117 manat sabit pul məbləğində alimentin tutularaq onun xeyrinə ödənilməsi qət edilmişdir. 3.Bakı şəhəri Nizami rayon Məhkəməsinin 19 mart 2018-ci il il tarixli qətnaməsi ilə İddiaçı tutulmalı olan sabit pul məbləğində alimentin miqdarı artırılaraq 154 manat müəyyən edilmişdir. 4.X4 daha sonra “Aliment ödənilməsi vəzifəsindən azad edilməsi barədə” iddia tələbi ilə məhkəməyə müraciət etsə də, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 28 dekabr 2019-cu il il tarixli, 2(006)-6966/2019 saylı qətnaməsi ilə onun həmin iddia tələbi rədd edilərək təmin edilməmişdir. 5.Bakı şəhəri Nizami rayon Məhkəməsinin 31 mart 2022-ci il tarixli, 2(007)-883/2022 saylı qətnaməsi ilə iddiaçı Cavabdeh İddiaçı birgə nikahlarından doğulan, 25 sentyabr 2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay qazancının və başqa gəlirlərinin ¼ hissəsi miqdarında alimentin və 108 manat 50 qəpik sabit pul məbləğində aimentin tutulub ona ödənilməsi barədə tələbi təmin edilməmişdir. 6.Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(103)- 4537/2022 saylı qətnaməsi ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinin 31 mart 2022-ci il tarixli, 2(007)-883/2022 saylı qətnaməsi ləğv olunmuş, iddia qismən təmin edilərək, cavabdeh İddiaçı 25 sentyabr 2014-cü il təvəllüdlü uşağı X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay qazancının və başqa gəlirlərinin 1/4 hissəsi miqdarında, əlavə olaraq 90 (doxsan) manat sabit pul miqdarında alimentin tutularaq iddiaçı Cavabdeh xeyrinə verilməsi qət edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı Cavabdeh qarşı “alimentin azaldılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2014-cü il tarixdə doğulmuş övladı X1 üçün hər ay əmək haqqının 1/4 hissəsinin Cavabdeh xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. İddiaçı tələbini belə əsaslandırmışdır ki, cavabdehlə nikahları ləğv edilmiş, 24 sentyabr 2014cü il təvəllüdlü övladının anasının himayəsində qalmaqla aliment ödənilməsi qət edilmişdir. Cavabdeh sonradan Nizami rayon Məhkəməsinə müraciət etmiş və alimentin artırılmasını xahiş etmişdir. Nizami rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə cavabdehin tələbi rədd edilmiş, Bakı Apellyasiya məhkəməsinin 2(103)- 4537/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə aliment onun bütün qazancının ¼ hissəsi və əlavə 90 manat ödəniş edilməsi qət edilmişdir. Hazırda aldığı əmək haqqından başqa digər fəaliyyəti mövcud deyildir. Cavabdeh iddia etsə də ki, əsas işindən başqa digər fəaliyyəti möcuddur, bu hal məhkəmə araşdırmasında öz təsdiqini tapmamışdır. xx.xx.2022-ci tarixli arayışdan görünür ki, o, Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında işləyir və aylıq qazancı 338 manat təşkil edir. Cavabdeh onunla prinsipiallıq aparır. Cavabdeh atası və anası ilə birgə yaşayır və imkanları da son dərəcə qənaətbəxşdir.

9. Cavabdeh xx.xx.2022-ci il tarixdə iddia ərizəsinə etiraz verərək, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nizami rayon Məhkəməsinin 03 mart 2016-cı il il tarixli, 2(007)-262/2016 saylı qətnaməsi ilə aralarında bağlanmış nikahın pozulması, azyaşlı uşaqları X3 onun himayəsində saxlanılması və onun yetkinlik yaşma çatana qədər saxlanılması üçün İddiaçı hər ay 117 manat sabit pul məbləğində alimentin tutularaq onun xeyrinə ödənilməsi qət edilmişdir. Həmin qətnamə ilə müəyyən olunmuş alimentin miqdarının azyaşlı uşaqlarının tələbatının qarşılanmasında hədsiz az olduğundan, daha sonra iddia tələbinə əsasən Bakı şəhəri Nizami rayon Məhkəməsinin 19 mart 2018-ciil il tarixli qətnaməsi ilə İddiaçı tutulmalı olan sabit pul məbləğində alimentin miqdarı artırılaraq 154 manat müəyyən edilmişdir. Azyaşlı uşaqlarının gündəlik dolanışığı və təminatı ilə qəti olaraq maraqlanmayıb, daim müxtəlif bəhanələrlə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən olunmuş alimenti də vaxtı-vaxtında ödəməkdən boyun qaçıran İddiaçı daha sonra “Aliment ödənilməsi vəzifəsindən azad edilməsi barədə” iddia tələbi ilə məhkəməyə müraciət etsə də, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 28 dekabr 2019-cu il il tarixli, 2(006)- 6966/2019 saylı qətnaməsi ilə onun həmin iddia tələbi rədd edilərək təmin edilməmişdir. Bakı şəhəri Nizami rayon Məhkəməsinin 19 mart 2018-ci il il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı azyaşlı uşaqlarının saxlanması üçün hədsiz az olduğundan və hazırda Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında dülgər vəzifəsində işləyən İddiaçı hər ay qazancının və başqa gəlirlərinin 1/4 hissəsi miqdarında alimentin və 108 manat 50 qəpik sabit pul məbləğində alimentin tutulub ona ödənilməsi barədə iddia tələbi Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(103)-4537/2022 saylı qətnaməsi ilə qismən təmin edilərək , ondan 25 sentyabr 2014-cü il təvəllüdlü uşaqları X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay qazancının və başqa gəlirlərinin 1/4 hissəsi miqdarında, əlavə olaraq 90 (doxsan) manat sabit pul miqdarında alimentin tutulması müəyyən edilmişdir. Həmin qətnamənin də qəbul edilməsindən cəmi 3 (üç) ay müddətin keçdiyi bir vaxtda və onun yaşayış səviyyəsində, durumunda əhəmiyyət kəsb edən hər hansı bir dəyişikliyin baş vermədiyi halda, o, növbəti olaraq hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.

10. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-3228/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı “alimentin azaldılması” tələbinə dair iddia tələbinin təmin edilməməsi qət edilmişdir.

11. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78-ci maddəsinin tələbləri baxımından, aliment ödəməli olan İddiaçı bir uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün Bakı Apellyasiya məhkəməsinin 2(103)-4537/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə onun bütün qazancının ¼ hissəsi və əlavə 90 manat aliment tutulmasına maneə yoxdur, alimentin həmin məbləğinin dəyişdirilərək azaldılması yolverilməzdir, ədalətli və ağlabatan deyildir, alimentin miqdarının azaldılması uşağın mənafeyinə kəskin zidddir və işin faktiki halları ilə mütənasiblik təşkil etmir. İddiaçı məhkəmə iclasında hazırda aldığı əmək haqqından başqa digər fəaliyyətinin mövcud olmamasını, aylıq qazancının 338 manat təşkil etməsini, başqa borclarının olmasını, cavabdehin də işləməsini bildirmişdir. Məhkəmə iddiaçının həmin dəlilərini əsassız sayaraq qeyd edir ki, yuxarıda istinad edilən maddi hüquq normaları, habelə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun və Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun anoloji işlərlə bağlı gəldikləri hüquqi mövqeləri baxımından məhkəmə hesab edir ki, iddiaçı alimentin miqdarının azaldılmalı olması ilə bağlı mövqeyində haqlı deyildir, həmin hallar, alimentin miqdarının azaldılması üçün mütləq əsas kimi qəbul edilməməldir. Belə ki, iddiaçının göstərdiyi hallar onu bir valideyn kimi, qanunla üzərinə qoyulmuş öhdəlikdən azad etmir. Çünki, təyin olunan aliment uşaqların maksimum dərəcədə cəmiyyətdə normal inkişafına, tərbiyyəsinə, təhsilinə, müalicəsinə və s. xidmət etməlidir. Göründüyü kimi, aliment məbləğindən azad edilməsi təyin olunduqdan sonra iddiaçının xərclərin azaldılmasına səbəb olacaq ailə və maddi vəziyyətində elə də ciddi dəyişikliklər olmamışdır. Həmçinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti tərəfindən məhkəmə sorğusu əsasında təqdim edilmiş Cavabdeh əmək müqavilələri barədə bildirişlərdən görünür ki, onun sonuncu dəfə əmək müqaviləsinə xx.xx.2022-ci il tarixdə xitam verilmiş və hazırda onun rəsmi iş yeri yoxdur. Məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab etmişdir ki, İddiaçı Cavabdeh qarşı “xx.xx.2014-cü il tarixdə doğulmuş övladı X1 üçün hər ay əmək haqqısının 1/4 hissəsin cavabdeh X2 xeyrinə tutulması” barədə iddia tələbi təmin edilməməlidir.

12. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2, 112.1-ci maddəsinə, “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarına, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 28 mart 2016-cı il tarixli, 8- 2/2016 nömrəli Qərarının 8.2, 8.7, 8.12-ci maddəsinə, “Uşaq hüquqları haqqında” Konvensiyanın 3, 27-ci maddəsinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

13. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-3228/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinin ləğv edilərək, iddia tələbimin təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

14. Apellyasiya şikayətində göstərilmişdir ki, faktiki olaraq məhkəmə qaydasında sübut olunur ki, rəsmi olaraq 338 manat əmək haqqı alır, digər gəlirləri yoxdur. Bu halda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78, 112-ci maddələrinə istinad etsə də adı çəkilən qanunun prinsiplərinə zidd olaraq yekun qərar qəbul etmişdir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1 maddəsi ilə təsdiqlənir ki,valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Məhkəmə məlum halda Azərbaycan Respublikası Ailə Məcəlləsinin Plenumunun 28 mart 2016 il tarixli 8-2/2016 saylı Qərarına istinad etsə də bu halda onun maddi durumunu öyrənməmişdir, alimentin əmək haqqımın ¼ hissəsindən kənara çıxması, onun maddi durumunun son dərəcə ağırlaşması deməkdir. Məhkəmə Ailə Məcəlləsinin 78-ci maddəsinin prinsiplərinə uyğun olmayaraq, iddiaçının maddi durumunun son dərəcə ağırlığını nəzərə almır. Ailə Məcəlləsinin 112-ci maddəsinin də tələbləri pozulmuşdur. Analoji mövqeyi məhkəmə bu halda da nümayiş etdirir, məsələni birtərəfli qaydada həll edir. Azərbaycan Respublikasınn MPM-in 217.3-cü maddəsinin tələbləri pozulmuşdur.Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi halları əhatə etməmişdir.

Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Cavabdeh tərəfindən məhkəməyə apellyasiya şikayətinə etiraz ünvanlamış, etiraz onunla əsaslandırılmışdır ki, hazırda aylıq olaraq 390 manat məbləğində əmək haqqı və digər gəlirləri olan İddiaçı Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsilə də müəyyən edilmiş alimenti də vaxtı-vaxtında ödəməməklə, ayrı yaşadıqları 9 il müddətində bir ata olaraq azyaşlı uşaqlarının saxlanması, onun maddi və mənəvi təminatı ilə də qəti olaraq maraqlanmamışdır. Yalnız öz əmək haqqının 1/4 hissəsi miqdarında alimenti ödəmək istəyi ilə hazırkı iddia tələbi ilə məhkəməyə müraciət edən İddiaçı əmək haqqının ¼ hissəsi cəmi 97 manat 50 qəpik təşkil edir ki, həmin məbləğ də azyaşlı uşağının saxlanması üçün qəti olaraq məntiqə belə uyğun deyildir. «Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə 246 manat, əmək qabiliyyətli əhali üçün 261 manat, pensiyaçılar üçün 199 manat, uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13 -cü maddəsi və BMT-nin «Uşaq hüquqları haqqında» Konvensiyasının 27-ci maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş yaşayış minimumu səviyyəsindən aşağı olmayaraq maddi təminatına hüququ vardır. BMT-nin «Uşaqhüquqları haqqında» Konvensiyasının 27-cimaddəsinə görə uşağın qeyd olunan hüququ onun əsas hüquqlarından biri hesab olunur və bu hüququn pozulması uşaqların maraqlarının təmin olunmasım tənzimləyən beynəlxalq prinsiplərinin pozulması deməkdir. İddia tələbi üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(103)-4537/2022 saylı qətnaməsi ilə azyaşlı uşaqları İbrahim Quliyevin saxlanması üçün İddiaçı hər ay qazancının və başqa gəlirlərinin 1/4 hissəsi miqdarında və əlavə olaraq 90 (doxsan) manat sabit pul miqdarında alimentin tutulması müəyyən edilmişdir. Apellyasiya Məhkəməsinin sözü gedən, xx.xx.2022-ci il tarixli qətnaməsinin qəbul edildiyi müddətdən cəmi 9 ay keçdiyi bir vaxtda, İddiaçı yaşayış səviyyəsində, durumunda hər hansı bir önəmli-əhəmiyyətli dəyişikliklərin baş vermədiyi halda, o, növbəti olaraq hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir ki, həmin səbəblərdən də hesab edir ki, apelliyasiya şikayəti qanunsuz və əsassız olduğundan təmin edilməməli və iş üzrə Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2022-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

Proses iştirakçılarının izahatı

16. Cavabdeh apellyasiya şikayətinə etiraz edərək bildirir ki, 2016-cı ildən onlar ayrılıblar, uşağını atıb getmişdir. Uşağının həyatı ilə maraqlanmır. İddiaçının əlavə gəlirləri də var, sadəcə vergi ödəmədiyinə görə sübut etmək mümkün deyil.

17. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə kollegiyasının iclasına gəlməmiş, məhkəməyə ərizə ünvanlayaraq bildirmişdir ki, iclasın keçiriləcəyi ərəfələrdə rayonda olduğu üçün məhkəmə iclasında iştirak edə bilməyəcək, bu səbəbdən məhkəmə iclasının 10 günlük təxirə salınmasını xahiş etmişdir.Məhkəmə kollegiyası iddiaçının üzrlü səbəb barədə hər hansı sübut təqdim etmədiyini nəzərə alaraq işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq normaları:

18. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur.

19. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən tutulan alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər.

20. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər.

21. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir.

22. «Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununa əsasən 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir.

23. “Uşaq hüquqları haqqında” Qanunun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının tə min olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir.

24. Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.

25. BMT-nın “Uşaq hüquqları haqqında” Konvensiyasının iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir.

Apellyasiya baxışının hədləri

26. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

27. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

28. Hazırki halda iddiaçının apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyi üçün kollegiya qətnamənin əsaslılığını tam yoxlayır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

29. Məhkəmə kollegiyası izahatı dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

30. Belə ki, hazırkı apellyasiya baxışında yoxlanılan iddia tələbi, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının azaldılmasından (dəyişdirilməsindən) ibarətdir; belə növ iddia tələblərinin həllinin qanuni əsaslarını isə Ailə Məcəlləsinin 112.1-ci maddəsi təşkil edir. Həmin maddəyə görə aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.

31. Göründüyü kimi qanunverici, prinsip etibarı ilə məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra onun miqdarının dəyişdirilməsinin (artırılmasının və ya azaldılmasının) və ya aliment ödəməkdən ümumiyyətlə azad edilmənin mümkünlüyünü nəzərdə tutur. Lakin bunun ən əsas şərti məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olduğunun sübuta yetirilməsidir.

32. Hazırki mübahisə üzrə iddiaçı, alimentin miqdarının azaldılmasını xahiş etmiş, tələbini onunla əsaslandırmışdır ki, aldığı əmək haqqından başqa digər fəaliyyəti mövcud deyildir.

33. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının alimentin azaldılması barədə iddia tələbi əsassızdır. Belə ki, iş materiallarından göründüyü kimi, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(103)-4537/2022 saylı qətnaməsi ilə cavabdeh İddiaçı 25 sentyabr 2014-cü il təvəllüdlü uşağı X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay qazancının və başqa gəlirlərinin 1/4 hissəsi miqdarında, əlavə olaraq 90 (doxsan) manat sabit pul miqdarında alimentin tutulması qət edilmişdir.

34. İddiaçı hazırkı iddia tələbində aliment məbləğinin azaldılaraq hər ay əmək haqqının ¼ hissəsi miqdarında aliment tutulmasını tələb etsə də, aliment məbləğinin azaldılması üçün əsas ola biləcək - Ailə Məcəlləsinin 76.2-ci maddəsində nəzərdə tutulmuş iddiaçının maddi və ailə vəziyyətində hər hansı dəyişikliklərin olmasını təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmiş, həmçinin diqqətəlayiq hər hansı hal məhkəmə tərəfindən müəyyən edilməmişdir.

35. Qanunvericiliyin müddəaları alimentin məbləğinin müəyyənləşdirilməsi və sonradan dəyişdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir; lakin bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar da nəzərə alınmalıdır.

36. Bakı Apellyasiya Məhkəməsi hər ay qazancının və başqa gəlirlərinin 1/4 hissəsi miqdarında, əlavə olaraq 90 (doxsan) manat sabit pul miqdarında alimentin tutulması barədə qənaətə gələrkən həmin dövrün həyat standartlarını əsas götürmüşdür; hazırda isə bu vəziyyət dəyişmişdir, belə ki, uşağa görə müəyyənləşdirilmiş yaşayış minumumu 2023-cü il üçün 220 manat nəzərdə tutulmuşdur.

37. Bu baxımdan kollegiya, “uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması” prinsipini, tərəflərin maddi və ailə vəziyyətlərini, eləcə də işin konkret hallarını əsas götürərək hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbinin rədd edilməsi barədə nəticəyə gəlməkdə haqlı olmuşdur.

38. İş materialları ilə müəyyən edilir ki, iddiaçı Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında işləyir və aylıq əmək haqqı 338 manat təşkil edir.

39. İddiaçının müəyyən edilmiş aliment məbləğinin onun maddi vəziyyətinin çətinləşməsinə səbəb olacağı barədə apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, bu hal onu övladının saxlanılmasında və getdikcə artan tələbatlarının qarşılanmasında iştirak vəzifəsindən azad etmir.

40. Beləliklə, məhkəmə kollegiyasının qənaəti bundan ibarətdir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır və birinci instansiya məhkəməsi mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı düzgün nəticəyə gəlmişdir.

41. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

42. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir.Həmin Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

43. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2(007)-3228/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Rafael Eyvazov Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar