Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2379/2023 05.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə (Açar sözlər: alimentin miqdarının dəyişdirilməsi) Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, İkram Sabir oğlu Şirinov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh, onun nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-3264/2022 saylı 16 dekabr 2022ci il tarixli qətnaməsindən iddiaçının nümayəndəsi və vəkili Vəkil1 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İş materiallrında olan Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2(007)- 3203/2019 nömrəli xx.xx.2019-cu il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh xeyrinə xx.xx.2019-cu il tarixindən başlayaraq xx.xx.2017-ci il təvəllüdlü İddiaçı saxlanılması üçün hər ay əmək haqqının 1/4 hissəsi miqdarında alimentin və əlavə olaraq xx.xx.2017-ci il təvəllüdlü İddiaçı saxlanılması üçün üç yaşına çatanadək 05 sentyabr 2019-cu il tarixdən hesablanmaqla İddiaçı hər ay 50 manat sabit pul miqdarında alimentin tutulması qət edilmiş, qalan hissədə iddia təmin olunmamışdır.
2. İş materiallaranda olan mərkəzləşdirilmiş portal çıxarışından görünür ki, İddiaçı “X9 Kompani S.A" tikinti və təmir şöbəsində rəis müavini vəzifəsində işləyir. Əmək haqqı 2520 manat təşkil edir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı Cavabdeh qarşı alimentin miqdarının azaldılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, hüquqlarını müdafiə etdiyi şəxs cavabdeh ilə 28 sentyabr 2016-cı il tarixində nikaha daxil olublar.Birgə nikahdan tərəflərin xx.xx.2017-ci il təvəllüdlü X7 adında övladları dünyaya gəlib. Bakı şəhər Nizami rayon Məhkəməsinin xx.xx.2019-ci il tarixli qətnaməsi ilə tərəflər arasında olan nikah pozulub və tərəflərin birgə nikahdan olan övladı cavabdehin yanında saxlanılıb. Nikah pozularkən cari iş üzrə iddiaçının aylıq qazancının dörddə bir hissəsində aliment tutulub cavabdehə ödənilməsi qət edilib. Qətnamə qüvvəyə mindiyi gündən indiyə qədər aliment qətnamədə qeyd edilən miqdarda fasiləsiz olaraq iddiaçıdan tutulur və cavabdehə ödənilir.İddiaçı 08 may 2020-ci ildə başqa şəxslə rəsmi nikaha daxil olaraq yeni ailə həyatı qurub.Hazırda iddiaçının ikinci nikahdan xx.xx.2020-ci il təvəllüdlü X4 və xx.xx.2021-ci il təvəllüdlü X8 olmaqla iki azyaşlı övladı vardır. İddiaçı iki azyaşlı övladının da dünyaya gəlməsi ilə əlaqədar ailə xərcləri artdığından ilkin nikahdan olan övladı üçün aylıq gəlirinin dörddə bir hissəsi, təxminən bir uşaq üçün aylıq 500 manat miqdarında aliment tutulması onu olduqca əlverişsiz vəziyyətə salır və bu hal övladlarının saxlanması üçün aylıq xərcləri arasında ədalətli bölünməsini təmin etmir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin tələbinə əsasən 3 uşaq üçün aliment miqdarı valideynin aylıq qazancının yarısı qədər müəyyən edilib. Ailə Məcəlləsinin bu norması cari situasiayaya tətbiq edildiyi təqdirdə cavabdehin aliment öhdəliyi aylıq qazancının altıda bir hissəsi tutulmaqla müəyyən edilməli uşaqların saxlanmasının ədalətli təmin edilməsinə səbəb olacaq. Qeyd edilənlərə əsasən, Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2(007)-3203/2019 nömrəli xx.xx.2019cu il tarixli qətnaməsinə əsasən xx.xx.2017-ci il tarixdə anadan olmuş İddiaçı saxlanılması üçün müəyyən edilmiş alimentin miqdarının azaldılaraq iddiaçının aylıq qazancının 6/1 hissəsi məbləğində müəyyən olunması haqqında qətnamə qəbul olunmasını xahiş etmişdir.
5. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-3264/2022 saylı 16 dekabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim Fikrət Mirzəyev) iddianın təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir.
6. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2, 112.1-ci maddəsinə, “Uşaq hüquqları haqqında” Konvensiyanın 3, 27.2-ci maddələrinə, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə, “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarına, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 28 mart 2016-cı il tarixli 8-2/2016 nömrəli Qərarının 8.2, 8.7 və 8.12-ci bənlərinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
7. Qətnamədən iddiaçının nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayəti verərək qətnamənin dəyişdirilməsinə, iddia tələbinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ailə vəziyyətini araşdırmadan, himayəsində iki azyaşlı övladının olmasını nəzərə almadan qətnamə qəbul etmişdir. Hesab edir ki, məhkəmə qətnaməsi dəyişdirilməli və yeni qətnamə qəbul edilərkən iddiaçıdan tutulan aliment məbləğinin miqdarı onun ailə vəziyyəti, ümumilikdə üç yetkinlik yaşına çatmayan övladının olması nəzərə alınmaqla dəyişdirilməlidir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
7. Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətinə qarşı etiraz təqdim edərək, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-3264/2022 saylı 16 dekabr 2022-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
c) Proses iştirakçılarının izahatı
8. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.
9. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh və onun nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdilər.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Ailə Məcəlləsinin
8. Maddə 76.2 valideynlərindən məhkəmə tərəfindən tutulan aliment miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər.
9. Maddə 112.1 aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.
10. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarına əsasən Plenum hesab etmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə bu Qərarda formalaşdırılan hüquqi mövqeyi rəhbər tutaraq alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın təminat səviyyəsinə və aliment ödəyənin maddi vəziyyətinə təsirini nəzərə almalıdır.
11. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 28 mart 2016-cı il tarixli 8-2/2016 nömrəli Qərarının 8.2-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir.
12. Həmin Qərarın 8.7-ci bəndinə əsasən aliment ödəyən şəxsin məhkəmə qətnaməsi ilə aliment tutulmayan digər övladlarının olması,eləcə də onun digər əlavə xərclərə (kredit borcunun olması, kirayə haqqı ödəməsi və s.) məruz qalması alimentin azaldılması üçün mütləq əsas kimi qəbul edilməməlidir.
13. Həmin Qərarın 8.12-ci bəndinə əsasən alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır.
“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun:
14. Maddə 3 uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən, istərsə də məhkəmələr, inzibati və ya qanunvericlik orqanları tərəfindən görülsün;
15. Maddə 27.2 valideynlər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar.
16. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən valideynlərin uşağın təbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
9. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
10. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
11. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
14. Hazırki halda, iddiaçı apellyasiya şikayətində qətnamənin dəyişdirilməsini və iddia tələbinin təmin edilməsini xahiş etdiyindən qətnamə bütövlükdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
15. Məhkəmə kollegiyası izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-3264/2022 saylı 16 dekabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
16. Kollegiya ilkin olaraq qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
17. Məhkəmə kollegiyası vurğulayır ki, hər bir uşağın layiqli həyat tərzi yaşamağa hüququ vardır və uşağın inkişafı üçün valideynlərin maddi və mənəvi dəstək olmaları onların vəzifəsi və borcudur.
18. Kollegiya qeyd edir ki, hazırkı halda İddiaçı xx.xx.2017-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2(007)-3203/2019 nömrəli xx.xx.2019-cu il tarixli qətnaməsi ilə müəyyən olunan, iddiaçının qazancının (digər gəlirlərinin) ¼ hissəsində alimentin azaldılması məqsədəuyğun deyil. Belə ki, iddiaçının qazancı (aylıq əmək haqqı-2520 manat) respublika reallığı ilə kifayətqədər yüksəkdir və onun ¼ hissəsi 630 manata bərabərdir. Qazancının 1890 manat hissəsi iddiaçının istifadəsində qalır ki, bu da digər uşaqların minimal həyat səviyyəsini normal saxlanması üçün kifayət edir.
19. Məhkəmə işin faktiki hallarına və qanunvericiliyin yuxarıda sadalanan normalarına əsasən haqlı olaraq hesab etmişdir ki, iddia təmin olunmamalıdır.
20. Apellyasiya şikayətinin dəlilərinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində qeyd olunan dəlillər qanuni və əsaslı məhkəmə qətnaməsin ləğvi üçün əsas ola bilməz. Belə ki, alimentin məbləğinin azaldılması yolverilməzdir, ədalətli və ağlabatan deyil, alimentin miqdarının azaldılması aliment alan uşağın mənafeyinə ziddir və işin faktiki halları ilə mütənasiblik təşkil etmir.
21. Kollegiya həmçinin iddiaçı tərəfindən apellyasiya icraatı zamanı təqdim edilmiş İddiaçı ilə X2 arasında bağlanmış barışıq sazişi ilə bağlı qeyd edir ki, həmin sazişin mövcudluğu iddiaçı ilə cavabdehin birgə nikahından olan uşağın əvvəlki yaşayış sahəsinin pisləşməsinə xidmət edə bilməz. Nəzərə almaq lazımdır ki, mövcüd qanunvericilik normaları istənilən yaranmış vəziyyətdə uşağın mənafelərinin daha üstün tutulmasını imperativ olaraq göstərir.
22. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları (uşağın mənafeyini) nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apelyasiya şikayətində qeyd edilənlər yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz.
23. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
İddiaçının nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-3264/2022 saylı 16 dekabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.