Məhkəmə qərarları › İş №2(103)-2386/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2386/2021

08.12.2021 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2386/2021 08.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlundan və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Arifli Şamxal Mehdi oğlunun katibliyi, iddiaçının nümayəndəsi Hikmət Yigitdölün, vəkili X2 və cavabdehin nümayəndəsi (vəkili) Vəkil iştirakları ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 13 oktyabr 2020-ci il tarixli qətnaməsindən iddiaçı “X8” MTK tərəfindən verilmiş apellyasiya şikayəti üzrə mülki işə baxaraq müəyyən etdi: İddiaçı MTK Cavabdeh qarşı ilkin olaraq “müqavilənin ləğv edilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, sonradan iddia tələbini dəqiqləşdirərək İddiaçı MTK ilə Cavabdeh arasında bağlanmış 18 fevral 2010-cu il tarixli müqavilənin etibarsız sayılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir Cavabdeh da öz növbəsində İddiaçı MTK-ya qarşı “qeyri-yaşayış sahəsinin boşaldılaraq təhvil verilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti, 1181-ci ünvanda yerləşən yaşayış binasının 1-ci mərtəbəsində 14 A saylı, 150 m² sahəsi olan mağazaya sahiblik, istifadə və mülkiyyət hüququnun tanınması, həmin mağazanın boşaldılaraq ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Nərimanov Rayon Məhkəməsinin 13 oktyabr 2020-ci il tarixli qərardadı ilə Cavabdeh “X8” MTK-ya qarşı qarşılıqlı iddiası üzrə mülki işin icraatına “Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti, 1181-ci ünvanda yerləşən yaşayış binasının 1-ci mərtəbəsində 14a saylı 150 kv.m sahəsi olan mağazaya sahiblik, istifadə və mülkiyyət hüququnun tanınması” hissəsində xitam verilmişdir. Həmin qərardad işdə iştirak edən şəxslər tərəfindən mübahisələndirilməmişdir. Eyni zamanda, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 13 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakim V.Quliyev, iş №2(005)-724/20) ilk iddia təmin olunmamış, qarşılıqlı iddia təmin edilərək Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti, 1181-ci məhəllə ünvanında yerləşən İddiaçı MTK tərəfindən inşa edilən yaşayış binasının 1-ci mərtəbəsindəki 150 m² sahəsi olan 14 a saylı qeyri-yaşayış sahəsinin (mağazanın) İddiaçı MTK tərəfindən boşaldılıb Cavabdeh təhvil verilməsi qət olunmuşdur. Həmçinin, eyni tarixdə xüsusi qərardad çıxarılaraq aşkar edilən pozuntular barədə prokurorluğa məlumat verilmişdir. İddiaçı “X8” MTK apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və ilkin iddianın təmin, qarşılıqlı iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İşin halları: İlk iddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MTK ilə Cavabdeh arasında imzalanmış 18 fevral 2010-cu il tarixli müqaviləyə əsasən MTK tərəfindən Bakı şəhəri, Xocalı prospekti 1181-ci məhəllə ünvanında tikilən yaşayış binasının 1-ci mərtəbəsində 150 m² sahəsi olan 14a saylı mağaza dəyəri (136 000 manat) ödənilmək şərti ilə cavabdehə satılmışdır. Həmin müqavilə üzrə tam ödəniş olduğu üçün maliyyə arayışı da verilmişdir. Lakin iki gün sonra, yəni 20 fevral 2010-cu il tarixdə aralarında olan müqavilə şifahi razılaşma əsasında ləğv edilmişdir. Eyni zamanda, Cavabdeh tərəfindən MTK-ya ödənilmiş 136 000 manat məbləğində pul vəsaiti onun özünə geri qaytarılmışdır. Bu barədə Cavabdeh həm maliyyə arayışında, həm də MTK-ya ünvanlanmış qəbzdə qeyd aparmışdır. Lakin bu yaxınlarda məlum olmuşdur ki, aralarında bağlanmış müqavilənin Cavabdeh qalan nüsxəsi ilə o, Azərbaycan Respublikası Baş Prokurorluğuna müraciət etmişdir. Ona görə də aralarında olan müqavilənin etibarsız sayılması barədə qətnamə çıxarılması üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MTK ilə onun arasında 18 fevral 2010-cu il tarixdə müqavilə imzalanmışdır. Həmin müqaviləyə əsasən MTK tərəfindən Bakı şəhəri, Xocalı prospekti 1181-ci məhəllə ünvanında tikilən yaşayış binasının 1-ci mərtəbəsində 150 m² sahəsi olan 14a saylı mağaza dəyəri (136 000 manat) ödənilmək şərti ilə ona satılmışdır. Müqavilə üzrə MTK satıcı, o isə alıcı olmuşdur. Müqavilə ilə razılığa gəlmişlər ki, satıcı Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti, 1181-ci məhəllə ünvanda yerləşən “X8” MTK tərəfindən inşa edilən yaşayış binasının 1-ci mərtəbəsində 150 m² sahəsi olan 14 A saylı mağaza sahəsini alıcıya verməyi, alıcı isə həmin sahəni qəbul etməyi və qabaqcadan müəyyənləşdirilmiş mağaza sahəsinin dəyərinin vaxtında ödənilməsini öhdəsinə götürür. Müqavilə ilə həmin sahənin dəyərinin 136 000 manat olması müəyyənləşdirilmişdir. Mağazanın dəyərinin alıcı tərəfindən satıcıya nəğd yolla ödənilməsi razılaşdırılmışdır. Müqavilənin bütün şərtləri MTK tərəfindən irəli sürülmüş və MTK-nın şərtləri qəbul edilmişdir. Müqavilə layihəsi “X8” MTK tərəfindən hazırlanmış və təqdim edilmişdir. Alıcı olaraq müqavilənin bütün şərtlərinə əməl etmiş və qeyri-yaşayış sahəsinin 136 000 manat olan dəyərini MTK-ya ödəmişdir. Həmin məbləğin 18 fevral 2010-cu il tarixdə tam ödənilməsinə dair “X8” MTK-nın sədri H.S.Yığıtdöl tərəfindən maliyyə arayışı verilmişdir. Onlar əsasən Rusiya Federasiyasında yaşadıqlarına görə Bakı şəhərində az olurlar. Bakı şəhərinə gələrkən həmişə yaşayış binasının tikintisinin nə zaman qurtaracağı və həmin binadan aldıqları 150 m² qeyri-yaşayış sahəsinin nə vaxt onlara təhvil verilməsini “X8” MTK-nın sədri H.S.Yigitdöldən soruşmuşlar. O isə həmişə vədlər vermişdir. 2019-cu ilin dekabr ayında həyat yoldaşı Bakı şəhərində olarkən qeyri-yaşayış sahəsinin yerləşdiyi binaya gedərkən MTK tərəfindən ona satılmış qeyri-yaşayış sahəsinə qapı qoyulduğunu, kimlərinsə istifadə etdiyini görmüşdür. O, MTK-dan aldıqları əmlakın təhvil verilməsini tələb etmiş, lakin “X8” MTK-nın sədri H.S.Yığıtdöl yenidən bəhanələr gətirdiyindən Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinə gedərək ərizə təqdim etmişdir. Ərizə təqdim edilərkən məlum olmuşdur ki, “X8” MTK-nın sədri H.S.Yığıtdöl tərəfindən yaşayış və qeyri-yaşayış sahələrinin bir neçə nəfərə satılması ilə əlaqədar cinayət işi başlanmış, cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün Bakı Ağır Cinayətlərə dair İşlər üzrə Məhkəməyə göndərilmişdir. Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinə şikayət olunduğunu bilən “X8” MTK-nın sədri H.S.Yığıtdöl onlarla söhbət edib pullarını geri qaytarmağı təklif etmişdir. Onunla razılaşmayaraq aldıqları sahənin təhvil verilməsini tələb etmişlər. İş materiallarında olan İddiaçı MTK ilə Cavabdeh arasında 18 fevral 2010-cu il tarixdə bağlanmış qeyri-yaşayış sahəsinə dair 12 saylı müqavilənin surətindən görünür ki, “X8” MTK Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 1181-ci məhəllədə tikdiyi yaşayış binasının 1-ci mərtəbəsində yerləşən 150 m² sahəsi olan 14 a saylı mağaza sahəsini 136 000 manata Cavabdeh verməyi, Cavabdeh isə mağazanı qəbul etməyi və dəyərini ödəməyi öhdəsinə götürür. Müqavilənin surətindən görünür ki, müqavilə yerləşən səhifənin üzərinə qoşa dioqanal xətt çəkilərək ortasına “İptal” yazılmışdır. İş materiallarında olan 18 fevral 2010-cu il tarixli maliyyə arayışının surətindən görünür ki, Bakı şəhəri, Xocalı prospekti 32 ünvanında yerləşən yaşayış binasındakı qeyriyaşayış sahəsi Cavabdeh məxsusdur. Bu binanın A1 girişi, ümumi sahəsi 150 m² olan 14 a saylı qeyri-yaşayış sahəsinin pay dəyəri olan 136 000 manat tam ödənilmişdir. İş materiallarında olan 20 fevral 2010-cu il tarixli Qəbzin surətindən görünür ki, Cavabdeh həmin qəbzdə İddiaçı MTK-dan 136000 manat məbləğində pulunu aldığını qeyd etmişdir. İş materiallarında olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 10 fevral 2020ci il tarixli qərardadı ilə təyin edilmiş məhkəmə-xətşünaslıq ekspertizası əsasında Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 24 mart 2020-ci il tarixli 4/84 saylı rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, mülki işin 39cu vərəqəsində olan 18 fevral 2010-cu il tarixli 12 saylı qeyri-yaşayış sahəsi haqqında “Müqavilə”də “Tərəflərin imzaları” hissəsində alıcı qrafasında olan imza və mülki işin 41-ci vərəqəsində olan 20 fevral 2010-cu il tarixli “Qəbz”də “Cavabdeh” yazılarının qarşısında olan imza – öz aralarında eyni şəxs tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş, mülki işin 39-cu vərəqəsində olan 18 fevral 2010-cu il tarixli 12 saylı qeyri-yaşayış sahəsi haqqında “Müqavilə”də “Tərəflərin imzaları” hissəsində “alıcı” qrafasında olan imza; mülki işin 40-cı vərəqəsində olan 18 fevral 2010-cu il tarixli “maliyyə arayışı”nın aşağı hissəsində “Cavabdeh” yazılarının aşağısında olan imza; mülki işin 41-ci vərəqəsində olan 20 fevral 2010-cu il tarixli “Qəbz”də “Cavabdeh” yazılarının qarşısında olan imza Cavabdeh tərəfindən yox, başqa şəxs tərəfindən icra edilmişdir. Ekspertizaya təqdim edilmiş, mülki işin 39-cu vərəqəsində olan 18 fevral 2010-cu il tarixli 12 saylı qeyri-yaşayış sahəsi haqqında “Müqavilə”də “tərəflərin imzaları” hissəsində “alıcı” qrafasında olan imza və 20 fevral 2010-cu il tarixli “Qəbz”də “Cavabdeh” yazılarının qarşısında olan imza X3 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Məhkəmə prosesində iştirak etmiş şahid X3 ifadəsində bildirmişdir ki, Cavabdeh onun dayısının yoldaşıdır. Yaşayış sahəsini alarkən məbləği o, dayısı X1 razılığı və iştirakı ilə İddiaçı MTK-ya ödəmişdir. Məhkəmə prosesində iştirak etmiş şahid X4 ifadəsində bildirmişdir ki, o, Cavabdeh əridir. Mübahisəli qeyri yaşayış sahəsinə onlar baxış keçirərək Esmira ilə bu sahəni bəyənmiş və Cavabdeh azərbaycan vətəndaşı olduğu üçün bu mağazaya görə müqaviləni MTK ilə bağlamış və bacısı oğlu Rüstəmin iştirakı ilə cavabdeh MTK-ya vermişlər. Hər iki iddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi və qərardad qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı “X8” MTK apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iş üzrə ifadə vermiş qarşılıqlı iddia üzrə iddiaçı tərfındən təqdim olunmuş şahid bildirir ki, müqavilə onun tərəfindən imzalanıb. Digər şahid bildirir ki, müqavilənin dəyəri Rüstəm tərəfindən MTK-nə ödənilib. Müqavilə də Rüstəm tərəfindən bağlanılıb. Burdan belə nəticəyə gəlmək olar ki, qarşılıqlı iddia üzrə iddiaçı tərəfındən MTK ilə nə müqavilə bağlanılıb, nə də müqavilənin dəyri olan pul ödənilib. MTK ilə müqavilə bağlayan da Rüstəmdir, müqavilə üzrə müəyyən olunmuş məbləği ödəyən də. İş materiallarında olan sübutdan görünür ki, müqavilə bağlandıqdan iki gün sonra müqavilə bağlayan şəxs yaxınlaşaraq müqavilənin ləğv olunması və müqavilə üzrə ödədiyi pulu geri götürməsini bildirmişdir. Belə ki, həmin qəbzdəki imza ilə müqavilədəki imzalar eynilik təşkil edir. Necə olur ki, iş üzrə ifadə vermiş digər şahid X3 ifadəsində bildirir ki, müqavilədəki imza ona məxsusdur. Sonradan isə ekspertiza rəyi ilə tanış olduqdan sonra bildirir ki, imzalar ona məxsus deyil. Həmçinin, mülki iş üzrə mübahisə predmeti olan müqavilənin 2010-cu il tarixdə bağlanmasına baxmayaraq, qarşılıqlı iddia üzrə iddiaçı bu vaxta qədər bir dəfə də olsun MTK-ya yaxınlaşmamış və qeyri yaşayış sahəsi ilə maraqlanmamışdır. Ona görə də hesab edir ki, mülki işin araşdırılması zamanı ziddiyyətli məqamlar ortaya çıxmış, lakin məhkəmə tərəfindən bu hallar araşdırılmamışdır. İddiaçının nümayəndəsi və vəkili məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat verdilər və təmin olunmasını xahiş etdilər. Cavabdehin nümayəndəsi və vəkili apellyasiya şikayətini qəbul etməyərək rədd olunmasını xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 372.6 və 372.7-ci maddələrinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası sədrlik edənin işin hallarına dair məruzəsini, tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin iş üzrə 13 oktyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. İşin mübahisəsiz halı ondan ibarətdir ki, İddiaçı MTK ilə Cavabdeh arasında 18 fevral 2010-cu il tarixdə müqavilə imzalanmışdır. Həmin müqaviləyə əsasən MTK tərəfindən Bakı şəhəri, Xocalı prospekti 1181-ci məhəllə ünvanında tikilən yaşayış binasının 1-ci mərtəbəsində 150 m² sahəsi olan 14a saylı mağaza dəyəri (136 000 manat) ödənilmək şərti ilə ona satılmışdır. Mağazanın dəyərinin alıcı tərəfindən satıcıya nəqd yolla ödənilməsi razılaşdırılmış, Cavabdeh qeyri-yaşayış sahəsinin 136 000 manat olan dəyərini MTK-ya ödəmişdir. Həmin məbləğin 18 fevral 2010-cu il tarixdə tam ödənilməsinə dair İddiaçı MTK-nın sədri H.S.Yığıtdöl tərəfindən maliyyə arayışı verilmişdir. İlk iddiaçı müqavilə bağlandıqdan bir neçə gün sonra cavabdehin yaxınlaşmasını, müqavilənin ləğvi barədə şifahi razılığa gəldiklərinə, 136000 manat pul vəsaitinin cavabdehə qaytarıldığına və bu barədə yazılı qəbz tərtib edildiyinə istinad edərək müqavilənin ləğv olunduğunu bildirmişdir. Bu səbəbdən də ilk öncə müqavilənin ləğvi barədə iddia qaldırmışdır. Lakin 136000 manat pulun qaytarılmasına dair qəbzdəki imza mübahisələndirildiyindən və həmin imza müqavilədəki imza ilə eyni olduğundan ekspertiza təyin edilmiş və həmin imzaların cavabdehə aid olmadığı müəyyən edilmişdir. İlk iddiaçı məhz buna əsaslanaraq müqavilənin etibarsızlığı tələbini irəli sürmüşdür. Birinci instansiya məhkəməsi ilk iddianın əsassız olması ilə bağlı mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı “X8” MTK Cavabdeh ilə 18 fevral 2010-cu il tarixdə müqavilə bağladığını və 136000 manat pulun “X8” MTK-ya ödənilməsini qəbul (etiraf) etmişdir. İddiaçı 136000 manat pulun “X8” MTK tərəfindən geri qaytarıldığını bildirərək müqavilənin etibarsız sayılmasını xahiş etmişdir. Lakin Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 24 mart 2020-ci il tarixli 4/84 saylı ekspert rəyilə həmin pulun Cavabdeh qaytarılması öz təsdiqini tapmır. Birinci instansiya məhkəməsinin qənaətinə görə 18 fevral 2010-cu il tarixdə bağlanmış müqavilənin Cavabdeh tərəfindən imzalanıb-imzalanmamasından asılı olmayaraq Cavabdeh tərəfindən həmin əqd bəyənildiyindən və bu əsasla da İddiaçı MTKya müqavilədə nəzərdə tutulan məbləğ ödənildiyindən belə əqd tərəflər arasında öhdəlik yaratmışdır. İddiaçı “X8” MTK 136000 manat məbləğində pulun qaytarıldığını bildirsə də, bunu məhkəmə iclasında sübut edə bilməmişdir. Birinci instansiya məhkəməsi yuxarıda göstərilənləri nəzərə alaraq ilk iddianı rədd, qarşılıqlı iddianı isə təmin etmiş və gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 360, 385.1, 442, 448-cı maddələri və s. normalarla əsaslandırmışdır. Azərbaycan Respublikası Mülkİ Məcəlləsinin 360.1-ci maddəsinə görə əgər başqa şəxsin (təmsil edilənin) adından əqdi bağlayan şəxsin (təmsilçinin) başqa şəxsin (təmsil edilənin) adından hərəkət etmək səlahiyyəti olmazsa və ya bu səlahiyyət aşılarsa, əqdin digər tərəfinin təmsilçidən həmin əqdin icrasını və ya əqdin bağlanması nəticəsində ona dəymiş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır, bu şərtlə ki, başqa şəxs (təmsil edilən) əqdi sonradan bəyənməsin. Həmin Məcəllənin 360.2-ci maddəsinə görə təmsil edilən tərəfindən əqdin sonradan bəyənilməsi onun üçün əqdin bağlandığı andan əqd üzrə mülki hüquq və vəzifələr yaradır, dəyişdirir və onlara xitam verir. Hazırki iş üzrə mübahisələndirilən müqavilə cavabdehin əvəzinə səlahiyyəti olmayan şəxs tərəfindən imzalansa da, sonradan həmin müqavilənin həm alıcı, həm də satıcı tərəfindən bəyənildiyi aşkardır. Qarşılıqlı iddia ilə bağlı birinci instansiya məhkəməsi öz mövqeyini belə əsaslandırmışdır ki, 18 fevral 2010-cu il tarixdə bağlanmış müqavilənin qarşılıqlı iddiaçı olan Cavabdeh tərəfindən imzalanıb-imzalanmamasından asılı olmayaraq qarşılıqlı iddiaçı Cavabdeh tərəfindən belə əqd bəyənildiyindən və bu əsasla da İddiaçı MTK-ya müqavilədə nəzərdə tutulan məbləğ ödənildiyindən belə əqd tərəflər arasında öhdəlik yaratmışdır. Digər tərəfdən, ilkin iddia üzrə iddiaçı tərəf pulun qaytarılmasını da məhkəmə iclasında sübut edə bilməmişdir. Bu hal müvafiq ekspert rəyilə bir daha öz təsdiqini tapmışdır ki, 136000 manat pulun alınmasına dair imza nə Cavabdeh, nədə ki X3 tərəfindən icra olunmamışdır. Qarşılıqlı iddiaçı Cavabdeh isə tərəflər arasında bağlanmış mübahisəli əqddəki imzanın onun olmadığı müəyyən edilsə də, mülki qanunvericiliyin tələblərinə uyğun olaraq bu əqdi bəyənir, hüquqi qüvvəsinə şübhə etmir və qeyri yaşayış sahəsinə görə 136000 manatın “X8” MTK-ya ödənilməsi əsasları ilə Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti, 1181-ci ünvanda yerləşən yaşayış binasının 1-ci mərtəbəsində 14 A saylı, 150 m² sahəsi olan mağazanın boşaldılaraq ona verilməsini cavabdehdən tələb edir. Odur ki, qarşılıqlı iddiaçı Cavabdeh bağlanmış müqaviləyə görə "xxxx" MTK-dan öhdəliklərin yerinə yetirilməsini tələb etməkdə haqlıdır. İddiaçı “X8” MTK-nın apellyasiya şikayətinin əsas dəlili məhkəmənin gəldiyi nəticənin əsassız olması, işdə ziddiyyətli məqamlar olmasına baxmayaraq həmin halların araşdırılmaması barədədir. Məhkəmə kollegiyası işin tam, hərtərəfli, obyektiv araşdırılmasını və apellyasiya şikayətinin dəlilləri üzrə ətraflı araşdırma aparılmasını təmin etmək məqsədilə apellyasiya baxışı zamanı məhkəmə tikinti-texniki və təkrar məhkəmə-xətşünaslıq ekspertizaları təyin etmişdir. Məhkəmə tikinti-texniki ekspertizasının 08.10.2021-ci il tarixli rəyində mübahisəli qeyri-yaşayış sahəsinin yerləşmə sxemi olmadığına görə həmin sahənin sərhədlərini müəyyən etməyin mümkün olmadığı qeyd edilmişdir. Məhkəmə-xətşünaslıq ekspertizasının 26.08.2021-ci il tarixli rəyində isə göstərilmişdir ki, mübahisəli qeyri-yaşayış sahəsinə dair 18 fevral 2010-cu il tarixli müqavilədə “Tərəflərin imzaları” hissəsində “Alıcı” qrafasındakı imza – X3 tərəfindən icra olunmuş, lakin 18 fevral 2010-cu il tarixli maliyyə arayışının aşağı hissəsindəki “Cavabdeh” yazıları və həmin yazıların aşağı hissəsindəki imza, eləcə də 20 fevral 2010-cu il tarixli qəbzdə “Cavabdeh” yazısının qarşısındakı imza - X3 tərəfindən deyil, başqa şəxs tərəfindən icra edilmişdir. Göründüyü kimi, apellyasiya şikayətinin dəlilləri üzrə ətraflı araşdırma aparılması təmin olunmuş, lakin şikayətin dəlilləri öz təsdiqini tapmamışdır. Əksinə, təkrar ekspertiza ilə 18 fevral 2010-cu il tarixli müqavilədə “Tərəflərin imzaları” hissəsində “Alıcı” qrafasındakı imzanın X3 tərəfindən icra olunduğu müəyyən edilmişdir ki, bu da qətnamənin əsaslı olduğunu bir daha təsdiq edir. Məhkəmə kollegiyası bir daha qeyd edir ki, tərəflər arasında 18 fevral 2010-cu il tarixli müqavilənin bağlanması və 136 000 manat pulun MTK-ya ödənilməsi işin mübahisələndirilməyən halıdır. MTK həmin pulun 20.02.2010-ci il tarixdə qaytarıldığını bildirsə də, bunu təsdiq edən hər hansı mötəbər sübut təqdim edə bilməmişdir. Cavabdeh də bunu etiraf etmir. İddiaçının istinad etdiyi qəbzdəki imza isə nə cavabdehə, nə də onun adından müqaviləni imzalamış şəxsə aid deyil. Apellyasiya baxışı zamanı iddiaçı “X8” MTK-nın nümayəndəsi H.Yigitdöl müqavilədə göstərilən 150 kvm qeyri-yaşayış sahəsinin hazırda -1 mərtəbədə yerləşməklə boş olduğunu, binanın enerji təchizatını təmin etmək məqsədilə istifadə olunduğunu və həmin sahəni cavabdehə təklif etdiyini bildirərək məhkəmə iclasının təxirə salınmasını xahiş etdi. Məhkəmə kollegiyası vəsatəti təmin edərək məhkəmə iclasını təxirə salsa da, tərəflər arasında hər hansı barışıq əldə olunmamışdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı işdə iddiaçı “X8” MTK öz tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirə bilməmişdir. Lakin Cavabdeh həmin iddiaya qarşı etirazını əsaslandırdığı faktları, eləcə də öz qarşılıqlı iddiasının əsası kimi istinad etdiyi halları sübut edə bilmişdir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Apellyasiya instansiyası məhkəməsinin qənaətinə görə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı işdə sübutlar qiymətləndirilərkən yuxarıda göstərilən tələblərə əməl olunmuşdur. Məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinin tələbinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 384.0.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı “X8” MTK-nın apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin iş üzrə 13 oktyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar