Məhkəmə qərarları › İş №2(103)-2386/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2386/2023

10.04.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2386/2023 10.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə (Açar sözlər: cehiz əşyaları tələbi) hakimlər X6 (sədrlik edən və məruzəçi), Sadıqov Vahid Nəriman oğlu və İsgəndərov Akif Əsgər oğlundan ibarət tərkibdə, Sadıqov Mehman Norəs oğlunun katibliyi, iddiaçı X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı cehiz əşyaları tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(004)-2443/2022 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. İddiaçı xx.xx.2014-cü il tarixdə cavabdehin oğlu İrşad Məmmədovla faktiki ailə qurmuş, həmin vaxtdan ünvan 1 ünvanında yerləşən 20 saylı evə köçərək əri ilə birgə orada yaşamışdır. xx.xx.2015-ci il tarixdə onların nikahları rəsmi qeydə alınmışdır. Həmin nikahdan xx.xx.2015-ci il tarixdə Dilbər adlı uşaqları doğulmuşdur.

2. xx.xx.2018-ci il tarixdə iddiaçının əri İrşad Məmmədov bədbəxt hadisə nəticəsində vəfat etmiş, bundan sonra iddiaçının həmin evdə yaşaması ilə bağlı cavabdehlə mübahisələri yaranmışdır.

3. İddiaçı Cavabdeh qarşı uşağı ilə birlikdə ünvan 1 ünvanında yerləşən 20 saylı evə köçürülməsi və cavabdeh tərəfindən yaradılan maneələrin aradan qaldırılması tələbinə dair iddiası təmin edilməmişdir.

a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı Cavabdeh qarşı cehiz əşyaları tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən Qonaq dəsti: Ağ qorka başı gümüşü naxışlı; 1Stol, 6 ədəd stul paxlava naxışlı, ortası qaşlı ağ rəngli; künc divan-küncləri ağ dəri, oturacaq yeri qara, paxlava naxışlı, ortası qaşlı, 4 künc yastıq ortası qaşlı (qəhvəyi); jurnal stolu qara əyaqları gümüşü, Yataq dəsti; Şifoner - güzgülü qara qızılı naxışlı; taxt başı qızılı naxışlı; termo- iki tumuçalı; kuxna stolu qara, iki ədəd stul qırmızı, cəmi 5.000 manat; uşaq yatağı - ağ qızılı butalı; yorğan, döşək, yastıq naxışlı sıranmış, cəmi 400 manat; Soyuducu-LG metalik rəng, 1.000 manat; Paltar yuyan 6 kq, LG metalik 700 manat; Televizor-107 LG plazma 1.000 manat; Qaz peçi qara, 300 manat; Aspirator-qara 250 manat; Lüstur- xrustal 6 ədəd - şamdan, dörd künc 6 lampalı, ağ nikel; Zambaq 6 lampalı qarşıq rəngli, musiqili; iki dəyirmi qızılı zəng 570 manat; Pərdələr: qonaq otağı - südrəng Qloçiya firması; yataq otağı qara tül qızmızı naxışla; mətbəx-qara-qırmızı naxışlı; uşaq otağı- südrəng toxunma naxışlı; 4 ədəd günlük cəmi 470 manat; Pakrival - qara qırmızı; Pakrival tək çarpayı süd rəng, gümüşü zərli parçadan bantovkalı 160 manat; yun adyal-sarı güllü 90 manat; Sentifon yorğan yaşıl, kala güllü 40 manat; Yorğan-döşək 3 dəst naxışlı sranmış 600 manat; Yastıqlar – 4 ədəd tük yastıq 60 manat; 2 ədəd sentifon yastıq 30 manat; Xalçalar südrəng qonaq otağı 300 manat; Mətbəxt üçün qara qırmızılı 100 manat; Koridor üçün ağ romaşkalı güllü 90 manat; süfrə qəhvəyi rəngdə gül toxunuşlu 80 manat; Qorka qablar kampot qabı qara qaşlı 130 manat; ağ-qara qaşlı 150 manat; yataq otağı xalçası qara qırmızılı 100 manat; Vaza qızıllı qulplu 80 manat; konfet qabı qızılı qaşlı 70 manat; Xrustal bokallar 6 ədəd çexski 65 manat; Konfet qabı gümüş qaşlı 115 manat; Qənd qabı gümüş qaşlı 50 manat; Bagema 4 ədəd- 2 vaza, 2 konfet qabı cəmi 150 manat; Şirniyyat qabı mərtəbəli gümüşü dəmirlə 58 manat; meyvə qabı yekə gümüşü dəmirlə 25 manat; Ləpə qabı gümüşü 4 gözlü 2 ədəd 54 manat; Podnos 3 ədəd qızılı qulplu oval formada 65 manat; Ət çəkən maşın 270 manat; Şirə çəkən maşın 80 manat; Mikser qabla 30 manat; Qazan dəsti nikel 90 manat; Ütü 45 manat; Ütü stolu 58 manat; Duxovka 110 manat; Dvd NP-4 70 manat; Tefal aş qazanı şüşə qapaqlı 38 manat; Qazan çuğun 2 ədəd ağ qırmızı güllü 25 manat; Aşsüzən nikel 12 manat; Paltar setkası 8 manat; Boşqab dəsti göy zeyli 63 manat; Boşqab dəsdi ağ qara naxışlı 70 manat; Ağ bokal 12 ədəd 18 manat; bokal 6 ədəd qara naxışlı 10 manat; Xrustal stəkan 24 ədəd 12 limonlu, 12 ağ dumanlı naxışlı 50 manat; Armudu xrustal stəkan 6 ədəd 15 manat; Nəlbəki metalik 24 ədəd 35 manat; Armudu nəlbəki metalik 8 manat; tort qabı dəsti qara qırmızı güllü 10 manat; Şirniyyat qabı 2 ədəd ağ qırmızı naxışlı 12 manat; Mətbəx dəsti 21 manat; Ədva qablar südrəng naxışlı 30 manat; Qaşıq-çəngəl dəsti 24 ədəd 65 manat; Ləyən çuğun göy qırmızı 25 manat; Vaza ayaqlı şüşədən 18 manat; Güldan künc üçün 40-45 cəmi 85 manat; Pendir qabı şüşədən 5 manat; Mürəbbə qabı 8 manat; Ləyən nikel 13 manat; Kartof-soğan qabı 3 ədəd 12 manat; Pol vedrəsi 16 manat; Tablo Quran yazlı 33 manat; Yataq dəstləri (pastellər) yaşıl toxunma güllü taxt dəsdi 50 manat; Gümüşü rəng taxt dəsti 48 manat; Kitab taxt dəsti güllü 45 manat; Bənövşəyi güllü 45 manat; Tək adamlıq dəst qara-qırmızı 30 manat; Tək adamlıq ağ qırmızı 30 manat; Sarı ortası güllü prostina dəsti 28 manat; Əlüz məhrabası güllü 12 manat; Əl-üz məhrabası qarşıq rəngli 10 manat; Əl-üz məhrabası bənövşə rəng 13 manat; Can məhrabası qəhvəyi qarşıq 18 manat; Çay məhrabası 6 ədəd 8 manat; Çay dəsmalı meyvəli 9 manat; Süfrə ağ-qara 12 manat; Oyuncaq mişka pələng 60 manat; Oyuncaq ördək balaları ilə 35 manat cehiz əşyaları və ya cehiz əşyalarının dəyəri olan cəmi 14.251 manat pulun tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

5. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 1 saylı Bakı ASAN Xidmət Mərkəzinin qeydiyyat idarəsi tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli “Nikah haqqında” şəhatətnaməyə əsasən X7 ilə nikaha daxil olmaqla ailə həyatı qurmuşlar. Həmin nikahdan xx.xx.2015-ci il tarixdə X5 adında bir övladları olmuşdur. Mərhum əri ilə xx.xx.2015-ci il tarixdə nikahlarını rəsmiləşdirslər də, xx.xx.2014-cü il tarxdən faktiki olaraq ailə həyatı qurduqları ilk gündən cehizləri ilə birlikdə ərinə məxsus ünvan 2 ünvanda yerləşən həyət evinə köçərək həmin ünvada yaşamışlar. xx.xx.2018-ci il tarixdə əri istehsalat qəzası nəticəsində elektrik cəryanının vurması səbəbindən iş başında həlak olmuşdur. Ərinin dəfn mərasimi Şəmkir rayonunda yerləşən ata evində təşkil olunduğundan hamısı Şəmkir rayonuna gedərək dəfn mərasimdə iştirak etmişlər. Lakin dəfndən sonra yaşadıqları həyət evlərinə qayıdanda cavabdeh onu azyaşlı qızı ilə birlikdə yaşadıqları mənzildən qovmuş və bir daha həmin mənzilə buraxmamışdır. Onun uşağı ilə birlikdə həmin evə köçürülməsi tələbinə baxan məhkəmələr tərəfindən müəyyən edilmişdir ki, mübahisəli mənzilin nömrəsinin 20 və ya 18B olması halını tərəflərin iştirakı ilə aydınlaşdırılmış və eyni zamanda icra hakimiyyəti tərəfindən verilmiş rəsmi sənədlə müəyyən edilmişdir ki, iddiaçının köçmək istədiyi mübahisəli mənzil cavabdehin mülkiyyətində olan 18B saylı mənzildir. Onun azyaşlı qızı ilə birlikdə cehiz əşyalarının yerləşdiyi fərdi yaşayış evinə köçürülməyi məhkəmə qətnaməsi ilə mümkün olmadığından həmin evdə yerləşmiş və cavabdeh tərəfindən dağıdılaraq satılan cehiz əşyalarının naturada qaytarılması, bu mümkün olmadıqda isə dəyərinin cavabdehdən tutularaq ödənilməsi barədə qətnamə qəbul edilməlidir. Eyni zamanda, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qəradadı əsasında iddianın təmiri tədbiri barədə Binəqədi rayon İcra və Probasiya şöbəsi xx.xx.2018-ci il tarixli akt tərtib edərək icra sənədi üzrə borclu Cavabdeh məhkəmə icraatı başa çatana qədər mübahisəli mənzlin Cavabdeh və başqa şəxslər tərəfindən başqa şəxslərə satılması, kirayə verilməsi və həmin mənzildə yerləşən bütün cehiz əşyaların və digər əmlakımın dağıdılaraq çölə tökülməsi kimi hərəkətlər Cavabdeh və başqa şəxslərə qadağan edilmişdir. İcra məmuru həmin hərəkətləri video çəkliş edərək aparmışdır.

6. Cavabdeh iddia müddətinin tətbiqinə dair ərizə təqdim edərək iddia 4 ildən artıq vaxt keçdiyinə görə verildiyindən iddia müddətini tətbiq edərək iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(004)- 2443/2022 saylı qrardadı ilə iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmişdir.

8. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspetrtizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 9/5857 saylı ekspert rəyinə əsasən iş materiallarında göstərilən malların orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 12.874 manat müəyyən edilir.

9. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(004)- 2443/2022 saylı qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh cehiz əşyalarının dəyəri olan 12.874 manat məbləğində pulun tutularaq İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.

10. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, iş materialları, şahid ifadələri və iş materiallarında olan digər sübutlarla iddiaçının cavabdehin oğlu ilə nikaha daxil olaraq ərinin yaşadığı ünvan 3 ünvanında yerləşən evə köçüb orada yaşadığı, həmin evə cehiz əşyalarını apardığı, xx.xx.2018-ci il tarixdə iddiaçının əri bədbəxt hadisə nəticəsində vəfat etdikdən sonra cavabdehin iddia ərizəsində qeyd edilən cehiz əşyalarını evlə birgə özgəninkiləşdirdiyi müəyyən edilmişdir.

11. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəllənin 157.2-ci maddəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 218.3, maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a. Apellyasiya şikayətinin dəlilləri

12. Qətnamədən cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edilmişdir.

13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı onun evinə gələndə bu qədər əmlak gətirməmişdir, hamısını öz pulu ilə almışdır. Ondan əlavə hesab edir ki, ekspert rəyi düzgün deyil, heç bir əşyanı görmədən ekspert özündən qərəzli şişirdilmiş qiymətlər göstərərək iddiaçın xeyrinə rəy yazmışdır. Digər tərəfdən, əgər 2015-ci ildə alınsa belə necə olur ki, həmin qiymət 7 il üstündə qalır. Şahidlərin əksəriyyəti iddiaçının yaxın qohumları olmuş, buna baxmayaraq, məhkəmə həmin şahidlərin ifadələrini rəhbər tutmuşdur. Digər tərəfdən, artıq 7 ilə yaxın məhkəmələrdə və polisdə ərizə ilə şikayətlər olunmasına baxmayaraq, iddiaçı heç bir vaxt ona məxsus cehizlərin olmasını göstərməmişdir. Bu səbəbdən hesab edir ki, qətnamə qanunsuzdur və ləğv olunmalıdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

15. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini qəbul etməyərək bildirdi ki, birinci instansiya məhkəməsi icraatı zamanı şahidlər dəvət olunmuşdur. Həyat yoldaşı elektrik cərəyanı vurması nəticəsində ölmüş, cavabdeh şirkətin 100.000 pulunu almış, maşını, daha sonra cehizləri ilə birlikdə evi satmışdır. Hazırda cavabdehlə bağlı prokurorluqda iş gedir. Belə ki, cavabdeh X4 adlı bir xanımla əlbir olaraq saxta çıxarışla evi satmışdır.

16. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə rəsmi qaydada məlumat verilmiş, lakin o, məhkəmə iclasına gəlməmiş və bunun səbələri barədə məlumat verməmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

17. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Maddə 384.0.4. Mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələbləri, özü də bu pozuntular sahiblikdən məhrumetmə ilə birləşdirilmiş olmasa belə, iddia müddəti aşağıdakılara şamil edilmir.

18. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 222.1. Məhkəmə əmlakın natura şəklində alınmasını qət etdikdə onun adını, alınmalı əmlak qətnamə icra olunan vaxt mövcud olmasa, cavabdehdən alınmalı əmlakın dəyərini, habelə alınmalı əmlakın yerləşdiyi yeri və ya əmlaka görə iddiaçıya verilməsi qət olunmuş məbləğin cavabdehin bankdakı hansı hesabından silinməli olmasını qətnamənin nəticə hissəsində göstərir. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 385.1.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardan biridir. Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Maddə 387.1. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun.

Apellyasiya baxışının hədləri

19. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

20. Hazırkı işdə iddia qismən təmin edildiyindən qətnamənin əsaslığı iddianın təmin olunan hissəsində yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

21. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi iddianın qismən təmin olunan hissəsində ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilərək iddia qismən təmin edilməlidir.

22. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işə baxarkən düzgün olaraq nəticəyə gəlmişdir ki, iddiaçı tərəfindən cavabdehin oğlu X7 ilə nikaha daxil olduqdan sonra sonuncunun yaşadığı ünvan 4 ünvanında yerləşən evə cehiz əşyalarının aparıldığı iş materialları ilə öz təsdiqini tapır.

23. Belə ki, iddiaçı tərəfindən təqdim edilmiş bəzi cehiz əşyalarının alınmasını təsdiq edən sənədlər, habelə məhkəmə iclasına dəvət olunmuş şahidlər tələb olunan cehiz əşyalarının iddiaçıya məxsus olduğunu, onların ünvan 3 ünvanında aparıldığını təsdiq etmişlər.

24. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, cavabdeh həmin əşyaların ona məxsus olması ilə bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir.

25. Məhkəmə kollegiyası onu da qeyd edir ki, ekspert tərəfindən iddiaçıya məxsus cehiz əşyaları qiymətləndirilərkən onların orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq orta bazar qiymətləri nəzərə alınmışdır.

26. Bundan başqa, iş üzrə tək iddiaçının yaxın qohumları şahid kimi ifadə verməmiş, o cümlədən, cehiz əşyalarının bir qisminin alındığı mağazanın əməkdaşı, cehiz əşyalarının daşınmasında iştirak edən taksi sürücüsü də ifadələrini vermişlər və məhkəmə yalnız iddiaçının yaxın qohumlarının ifadələrini nəzərə almamışdır.

27. Bununla belə, birinci instansiya məhkəməsi iddia ərizəsində cehiz əşyalarının cavabdehdən tutulmasının da xahiş edildiyini nəzərə almamış, yalnız onların dəyərinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul etmişdir.

28. Bundan başqa, birinci instansiya məhkəməsi öz qətnaməsində cavabdehin iddia müddətinin tədbiqinə dair ərizəsinə də münasibət bildirməmişdir.

29. Həmçinin, iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizasının təyin olunmasına baxmayaraq, birinci instansiya məhkəməsi tərəfindən aparılmış ekspertiza tədqiqatının dəyərini təşkil edən məbləğin (məhkəmə xərcinin) iş üzrə tərəflərin hansına aid edilməsi məsələsi də həll edilməmişdir.

30. Göründüyü kimi, birinci instansiya məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur.

31. Göstərilənlərlə bağlı məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi qətnamə çıxararkən tələb olunan cehiz əşyalarının, həmin əşyalar qətnamə icra olunan vaxt mövcud olmadığı təqdirdə isə onların dəyərinin cavabdehdən tutularaq iddiaçıya verilməsini qət etməli idi.

32. Məhkəmə kollegiyası cavabdehin iddia müddətinin tədbiqi ilə bağlı ərizəsinə münasibətdə qeyd edir ki, hazırki iş üzrə iddia tələbi mülkiyyətçi hüquqlarının müdafiəsi ilə bağlı olduğundan iddia müddəti şamil edilə bilməz.

33. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərini təşkil edən 50 manat məbləğində vəsait cavabdehdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir.

34. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 372, 382, 384.0.2, 385, 392, 393, 402.1, 405, 406.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(004)-2443/2022 saylı qətnaməsi iddianın qismən təmin olunan hissəsində ləğv edilsin və həmin hissədə yeni qətnamə qəbul edilsin. İddia tələbi qismən təmin edilsin. Cavabdeh Qonaq dəsti: Ağ qorka başı gümüşü naxışlı; 1Stol, 6 ədəd stul paxlava naxışlı, ortası qaşlı ağ rəngli; künc divan-küncləri ağ dəri, oturacaq yeri qara, paxlava naxışlı, ortası qaşlı, 4 künc yastıq ortası qaşlı (qəhvəyi); jurnal stolu qara əyaqları gümüşü, Yataq dəsti; Şifoner - güzgülü qara qızılı naxışlı; taxt başı qızılı naxışlı; termo- iki tumuçalı; kuxna stolu qara, iki ədəd stul qırmızı (cəmi 5.000 manat); uşaq yatağı - ağ qızılı butalı; yorğan, döşək, yastıq naxışlı sıranmış, (cəmi 400 manat); Soyuducu-LG metalik rəng (700 manat); Paltar yuyan 6 kq, LG metalik (500 manat); Televizor-107 LG plazma (800 manat); Qaz peçi qara (300 manat); Aspirator-qara (250 manat); Lüstur - xrustal 6 ədəd - şamdam, dörd künc 6 lampalı, ağ nikel; Zambaq 6 lampalı qarşıq rəngli, musiqili; iki dəyirmi qızılı zəng (450 manat); Pərdələr: qonaq otağı - südrəng Qloçiya firması; yataq otağı qara tül qızmızı naxışla; mətbəx-qara-qırmızı naxışlı; uşaq otağı- südrəng toxunma naxışlı; 4 ədəd günlük (cəmi 400 manat); Pakrival - qara qırmızı; Pakrival tək çarpayı süd rəng, gümüşü zərli parçadan bantovkalı (cəmi 150 manat); yun adyal-sarı güllü (90 manat); Sentifon yorğan yaşıl, kala güllü (40 manat); Yorğan-döşək 3 dəst naxışlı sıranmış (600 manat); Yastıqlar - 4ədəd tük yastıq (60 manat); 2 ədəd sentifon yastıq (30 manat); Xalçalar südrəng qonaq otağı (300 manat); Mətbəxt üçün qara qırmızılı (100 manat); Dəhliz üçün ağ romaşkalı güllü (100 manat); süfrə qəhvəyi rəngdə gül toxunuşlu (80 manat); Qorka qablar kampot qabı qara qaşlı və ağ-qara qaşlı, Vaza qızılı qulplu, konfet qabı qızılı qaşlı, Xrustal bokallar 6 ədəd çexski, Konfet qabı gümüş qaşlı, Qənd qabı gümüş qaşlı, Bagema 4 ədəd- 2 vaza, 2 konfet qabı, Şirniyyat qabı mərtəbəli gümüşü dəmirlə, meyvə qabı yekə gümüşü dəmirlə, Ləpə qabı gümüşü 4 gözlü 2 ədəd (cəmi 700 manat); Podnos 3 ədəd qızılı qulplu oval formada (60 manat); Ət çəkən maşın (150 manat); Şirə çəkən maşın (80 manat); Mikser qabla (30 manat); Qazan dəsti nikel (90 manat); Ütü (45 manat); Ütü stolu (40 manat); Duxovka (100 manat); Dvd NP-4 (40 manat); Tefal aş qazanı şüşə qapaqlı (38 manat); Qazan çuğun 2 ədəd ağ qırmızı güllü (24 manat); Aşsüzən nikel (12 manat); Paltar setkası (8 manat); Boşqab dəsti göy zeyli (50 manat); Boşqab dəsdi ağ qara naxşlı (50 manat); Ağ bokal 12 ədəd (18 manat); bokal 6 ədəd qara naxışlı (9 manat); Xrustal stəkan 24 ədəd 12 limonlu, 12 ağ dumanlı naxışlı (50 manat); Armudu xrustal stəkan 6 ədəd (15 manat); Nəlbəki metalik 24 ədəd (24 manat); Armudu nəlbəki metalik (2 manat); tort qabı dəsti qara qırmızı güllü (10 manat); Şirniyyat qabı 2 ədəd ağ qırmızı naxışlı (10 manat); Mətbəx dəsti (15 manat); Ədva qablar südrəng naxışlı (30 manat); Qaşıq-çənkəl dəsti 24 ədəd (48 manat); Ləyən çuğun göy qırmızı (25 manat); Vaza ayaqlı şüşədən (18 manat); Güldan künc üçün 40-45 cəmi (80 manat); Pendir qabı şüşədən (5 manat); Mürəbbə qabı (8 manat); Ləyən nikel (13 manat); Kartof-soğan qabı 3 ədəd (12 manat); Pol vedrəsi (16 manat); Tablo Quran yazlı (33 manat); Yataq dəstləri (pastellər) yaşıl toxunma güllü taxt dəsti (50 manat); Gümüşü rəng taxt dəsti (48 manat); Kitab taxt dəsti güllü (45 manat); Bənövşəyi güllü (45 manat); Tək adamlıq dəst qara-qırmızı (30 manat); Tək adamlıq ağ qırmızı (30 manat); Sarı ortası güllü prostina dəsti (28 manat); Əl-üz dəsmalı güllü (12 manat); Əl-üz dəsmalı qarşıq rəngli (10 manat); Əl-üz dəsmalı bənövşə rəng (13 manat); Can dəsmalı qəhvəyi qarşıq (18 manat); Çay dəsmalı 6 ədəd (6 manat); Çay dəsmalı meyvəli (9 manat); Süfrə ağ-qara (12 manat); Oyuncaqlar (mişka pələng ördək balaları ilə) (60 manat) cehiz əşyaları, həmin əşyalar qətnamə icra olunan vaxt mövcud olmadığı təqdirdə isə onların dəyərini təşkil edən 12.874 manat məbləğində pul alınaraq iddiaçı X3 verilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərini təşkil edən 50 (əlli) manat məbləğində vəsait Cavabdeh tutularaq X2, Kod 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ******************** SFİFT BİK: CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34CTRE******************** nömrəli hesabına köçürülsün. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği cavabdehə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakimlər: Məhəmməd Rüstəmli Akif İsgəndərov Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar