Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2391/2022 01.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi ilə, İddiaçı Cavabdeh QSC-yə qarşı müqavilənin ləğv edilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 18 yanvar 2022-ci il tarixli 2(004)- 4429/2021 saylı qərardadından cavabdeh tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq müəyyən etdi: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 22 sentyabr 2021-ci il tarixli 2(004)- 4429/2021 saylı qətnaməsi ilə İddiaçı Cavabdeh QSC-yə qarşı müqavilənin ləğv edilməsi tələbinə dair iddiası təmin edilməmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 18 yanvar 2022-ci il tarixli 2(004)- 4429/2021 saylı qərardadı ilə İddiaçı tərəfindən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 22 sentyabr 2021-ci il tarixli qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş prosessual müddətin buraxılması üzrlü hesab edilərək bərpa olunması və verilmiş apellyasiya şikayətinin mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Həmin qərardaddan Cavabdeh QSC şikayət verərək qərardadın ləğv olunmasını və İddiaçı apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpa edilməsinə dair ərizəsinin rədd edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, İddiaçı tərəfindən xəstəliyi ilə əlaqədar vaxtında apellyasiya şikayəti verə bilməməsi və ötürülmüş prosessual müddətin bərpasına əsas ola biləcək hər hansı mötəbər sübut məhkəməyə təqdim olunmamışdır. İddiaçı məhkəmə iclaslarında nümayəndəsi və vəkili Nümayəndə vasitəsilə təmsil edilmiş, qətnamə qəbul edilərkən Nümayəndə məhkəmə iclasında iştirak etmişdir. Qətnamədən apellyasiya şikayəti də həmin vəkil tərəfindən tərtib edilərək məhkəməyə elektron kabinet vasitəsilə təqdim olunmuşdur. Belə olduğu halda hesab edir ki, iddiaçının xəstəliyi və ailə vəziyyəti ilə bağlı vaxtında apellyasiya şikayəti verə bilməməsi barədə ərizədə qeyd etdikləri əsassızdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 08 fevral 2022-ci il tarixli 2(004)- 4429/2021 saylı qərardadı ilə şikayət təmin edilməyərək baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılacağı barədə məhkəmə bildirişi göndərilmiş və onlarda olan bütün sübutların, eləcə də şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmişdir. Ancaq işdə iştirak edən şəxslər sübutlar, etiraz və ya izahatlarını məhkəməyə təqdim etməmişlər. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 18 yanvar 2022-ci il tarixli 2(004)-4429/2021 saylı qərаrdаdı ləğv edilməli, iddiaçının qətnamədən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsinə dair ərizəsi rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-in 360-cı maddəsinə görə apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin 133.1-ci maddəsinə görə məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. İş materiallarından görünür ki, mübahisələndirilən qətnaməni cavabdeh İddiaçı müvafiq poçt qəbzini imzalamaqla şəxsən 04 oktyabr 2021-ci il tarixdə almışdır. (i.v.80). Eyni zamanda iddiaçının nümayəndəsi həmin məhkəmə aktı qəbul olunan vaxt məhkəmə iclasında iştirak etmiş, çıxarılan qətnamədən məlumatlı olmuşdur. Cavabdeh 17 noyabr 2021-ci il tarixdə dövlət rüsumu ödəyərək qətnamədən apellyasiya şikayəti vermişdir. Bundan əlavə məhkəmə kollegiyası vurğulayır ki, İddiaçı tərəfindən xəstəliyi və ailə vəziyyəti ilə əlaqədar vaxtında apellyasiya şikayəti verə bilməməsi və ötürülmüş prossesual müddətin bərpasına əsas ola biləcək hər hansı bir mötəbər sübut məhkəməyə təqdim olunmamış, apellyasiya şikayəti vermək üçün buraxılmış prossesual müddətin üzrlü hesab edilməsinə əsas olmuş hallar müəyyən edilməmişdir. Şərh olunanlara əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının qətnamədən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsinə dair vəsatətini təmin etməkdə haqlı olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 133.1, 398-401-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh QSC-nin şikayəti təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 18 yanvar 2022-ci il tarixli 2(004)- 4429/2021 saylı qərardadı ləğv edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 22 sentyabr 2021-ci il tarixli 2(004)- 4429/2021 saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsinə dair İddiaçı ərizəsi təmin edilməsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-2391/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2391/2022
01.03.2022 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver