Məhkəmə qərarları › İş №2(103)-2395/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2395/2021

10.03.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2395/2021 10.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Nağıyeva Aynur Valeh qızının katibliyi ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(006)-2893/2020 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cəlilova soyadının daşımasının Cəlilova (Zoxrabova) Elnarə Rauf qızına qadağan edilməsi və ona vurulmuş mənəvi zərər qismində 50.000 manatın cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, onunla cavabdeh Cəlilova (Zoxrabova) Elnarə Rauf qızı arasında xx xxxxxxxx 1999-cu il tarixdə Bakı şəhəri Səadət Sarayında (Bakı Nikah Evində) 1274 saylı akt qeydi ilə nikah bağlanmışdır. Nikah bağlandıqdan sonra X3 onun soyadını götürmüş və həmin tarixdən cavabdehin soyadı «Cəlilova» olmuşdur. Onlar bir ailə kimi yaşadıqları son dövrdə cavabdeh ona xəyanət etmiş, başqa-başqa şəxslərlə münasibət qurmuş, buna baxmayaraq onunla da ailə münasibətlərini saxlamış, əsas məqsədi isə onun maddi imkanlarından istifadə etmək olmuşdur. Həmin ərəfədə o, şəhərdə məşhur şirkətlərdən biri olan «xxxx» MMC-nin baş direktoru olmuş və soyadı ilə ölkədə kifayət qədər nüfuzlu bir şəxs kimi tanınmışdır. Sonradan cavabdeh onun öz biznesində iflasa uğradığını görüb, ona xəyanət etməsini artıq gizlətməmiş və ondan boşanmaq istədiyini bildirmişdir. Hətta, cavabdeh ona yalnız hər ay 3.000 manat verəcəyi təqdirdə onunla rəsmi nikah münasibətlərini saxlaya biləcəyini və həftədə bir dəfə onunla ər-arvad münasibətində (intim əlaqə) ola biləcəyini ona təklif etmişdir. Bu zaman illərcə özünə həyat yoldaşı bildiyi və hər anı ilə paylaşdığı bu qadının əsl siması ona bəlli olmuş və o, başa düşmüşdür ki, artıq cavabdehlə ailə münasibətləri davam etdirilə bilməz. O, cavabdehə ayrılmaq barədə qəti fikrini bildirmiş və həmin vaxtdan cavabdehə ancaq və ancaq nifrətlə yanaşır. Bundan sonra, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(009)-441/2016 saylı qətnaməsi ilə onunla cavabdeh arasında olan nikah pozulmuşdur. Onunla Cavabdeh arasında olan nikahın pozulması Bakı şəhəri Səbail rayon Qeydiyyat şöbəsində nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında xx xxxx 2018-ci il tarixdə qeyd edilmişdir. Onların arasında olan ailə münasibətləri məhz cavabdehin ləyaqətsiz hərəkətlərinə görə pozulduğundan o, cavabdehin onun soyadını daşımasını artıq istəməmiş, bu üzdən birgə uşaqlarının olmasına baxmayaraq, cavabdehlə rəsmi nikahlarının ləğv edilməsini, cavabdehlə bütün mənəvi və rəsmi bağlılıqların pozulmasını istəmişdir. Lakin, aralarında olan nikah pozulduqdan sonra da, cavabdeh onun soyadını daşımaqda davam etmişdir. Halbuki, cavabdeh kimi şəxslərin onun soyadını daşımağa mənəvi haqqı yoxdur. Onun soyadında belə bir şəxsin olmasını istəmir, istəmir ki, kimsə cavabdehə Cəlilova kimi müraciət edib, onun soyadını alçaltsın. Cəlilov onun atasının soyadıdır....Onlar bu insanın nəslidirlər və onların nəslində ərinə xəyanət edən qadın olmamışdır. Necə olur ki, o, 17 il yaxşı kişi, yaxşı valideyn olmuşdur, amma pulu qurtaran kimi, ona xəyanət edilir, ailə, dostları və el içində rüsvay olunur və bunlarla yanaşı onun soyadı daşınır? Ərinə xəyanət edən iki oğul anasının nəinki ərinin soyadını daşımaq, hətta onun Azərbaycan qadını adını daşımaq hüququ yoxdur. Azərbaycan qadını anadır, müqəddəsdir və cavabdeh kimi şəxslərin Azərbaycan qadını sıralarında yeri yoxdur. O cümlədən, cavabdeh onun soyadını da daşımamalıdır. Qanunvericiliyə əsasən şəxsin adı onun adı, ata adı və soyadından ibarətdir. Bu isə o deməkdir ki, onun adı onun şərəf və ləyaqəti ilə bağlıdır və adına ləkə gətirilməsi şərəf və ləyaqətinin alçaldılması deməkdir. Bu baxımdan onun öz adını qorumaq hüququ vardır. Cavabdehin əxlaqa, mənəviyyata, ailənin milli dəyərlərinə zidd olan hərəkətləri artıq onun şərəf və ləyaqətinin alçalmasına səbəb olduğundan, ona mənəvi zərər dəymişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(006)-2893/2020 nömrəli qətnaməsi ilə iddia təmin edilməmişdir. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, apellyasiya şikayətinin təmin olunmasını, qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti iddia tələbi ilə eyni məzmunda əsaslandırılmışdır. İşə baxılması vaxtı və yeri haqqında işdə iştirak etməli olan şəxslər lazımi qaydada xəbərdar edilsə də məhkəmə iclasında iştirak edən olmamışdır. Apellyasiya instansiya məhkəməsi, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, birinci instansiya məhkəməsi iş üzrə yekun nəticəyə gələrkən qənaətini belə əsaslandırmışdır ki, tərəflər xx xxxxxxxx 1999-cu il tarixdə nikahlarını rəsmiləşdirməklə ailə qurmuşlar, cavabdehə nikah bağlandıqdan sonra Cəlilova soyadı verilmişdir. Tərəflərin birgə nikahdan doğulmuş iki övladları var, onlardan xx xxxxxx 2005-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatmamış, xx xxxxxx 2001-ci il təvəllüdlü X2 isə yetkinlik yaşına çatmışdır. Tərəflər arasında ailə münasibətləri pozulmuş və Cavabdeh nikahın pozulması, uşaqların ananın yanında qalması və aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli 2(009)-441/2016 saylı qətnaməsi ilə iddia təmin edilmiş, tərəflər arasında xx xxxxxxxx 1999-cu il tarixdə Bakı Səadət Sarayında 1274 saylı akt qeydi ilə bağlanmış nikah pozulmuş, uşaqlar ananın yanında saxlanılmış və uşaqların atasından uşaqların anasının xeyrinə aliment tutulması qət edilmişdir. Məhkəmə qətnaməsi qanuni qüvvəyə minmiş, qətnamə Qeydiyyat şöbəsinə təqdim edilmiş və tərəflərə nikahlarının xx xxxxx 2016-cı il tarixdə 59 saylı akt qeydi ilə ləğv edilməsi barədə şəhadətnamə təqdim olunmuşdur. İddiaçı tərəfindən iddia tələbinin əsası kimi istinad etdiyi hallara – yəni, cavabdehin iddiaçıya mənəvi ziyan vurmasına dair sübutlar məhkəməyə təqdim edilməmişdir. Soyadın dəyişdirilməsi barədə iddia tələbinə münasibətdə Ailə Məcəlləsinin 30.4-cü maddəsinə əsasən nikah pozulduqda ər (arvad) ümumi soyadlarını saxlamaq və ya nikahdan əvvəlki soyadını bərpa etmək hüququna malikdir. Göründüyü kimi, cavabdehin soyadını saxlamaq və ya nikahdan əvvəlki soyadını bərpa etmək hüququ var. Qanunda keçmiş arvadın nikahdan öncəki soyadını bərpa etməli olmasına dair imperativ göstəriş yoxdur. Bu səbəbdən, qeyd olunan hissədə də iddia təmin edilə bilməz. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğv edilməsi və iddanın təmin edilməsi üçün əsas ola bilməz. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair xx xxx 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. İddiaçının apellyasiya şikayətinin obyektini birinci instansiya məhkəməsinin qətnaməsi, yəni iddianın təmin edilməməsi hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır) predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin bu hissədə ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır. Demək mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarına əsasən apellyasiya şikayəti üzrə qətnamə yalnız mübahisələndirilən hissədə yoxlanılmalıdır. Hazırkı iş üzrə, iddia tələbinin faktiki əsası(faktiki hallar) qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dizpozisiya əlamətləri ilə uzlaşmadığından birinci instansiya məhkəməsinin iddianın təmin edilməməsi ilə bağlı iş üzrə gəldiyi nəticə düzgün olmuşdur. Əvvəla, iddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair məhkəməyə hər hansı bir mötəbər sübut təqdim etməmiş, eləcə də apellyasiya şikayətində də ona mənəvi zərər vurulması ilə bağlı hansısa mötəbər dəlilə istinad etməmişdir. Mənəvi zərər vurulması üçün cavabdeh iddiaçıya qarşı təqsirli olaraq mülki hüquq pozuntusu törətməli və iddiaçı bundan zərər çəkməli, həmçinin təqsirli şəxsin hərəkəti yaxud hərəkətsizliyi ilə vurulan zərərin arasında səbəbli əlaqə olmalıdır. Cavabdehin iddiaçıya mənəvi zərər vurması isə inandırıcı və ağlabatan görünmür. İkincisi, mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Lakin bu hallar hansısa mötəbər sübutlarla təsdiq edilmir. Buna görə də iddiaçının mənəvi sarsıntı və iztirab keçirməsi də inandırıcı deyildir. Üçüncüsü, Ailə Məcəlləsinin 30.4-cü maddəsinə əsasən nikah pozulduqda ər(arvad) ümumi soyadlarını saxlamaq və ya nikahdan əvvəlki soyadını bərpa etmək hüququna malikdir. Demək tərəflər arasında nikah pozulsa da cavabdehin iddiaçı ilə ümumi olan soyadını saxlamaq hüququ vardır. Həmin hüququ isə ona qadağan edən hansısa norma mövcud deyildir. Bu cür vəziyyətdə cavabdehə iddiaçının soyadını daşımağı necə qadağan etmək olar. Əlbətdə ki, iddiaçı bu cür iddia irəli sürməmişdən və şikayət verməzdən əvvəl bu halları özü üçün dəqiqləşdirməli idi. Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin mübahisələndirdiyi hissədə ləğv edilməsi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla mübahisələndirilən hissədə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(006)- 2893/2020 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar