Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2395/2023 05.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: “alimentin azaldılması”) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim X11 qızının sədrliyi və məruzəsi ilə, hakimlər X2 və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi İsmayılova Ayşən Səaddin qızının katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi və vəkili Məmmədova Leyla Polad qızının iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “alimentin azaldılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-529/2023 saylı, 24 yanvar 2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 05 aprel 2023-cü il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. İddiaçı ilə Cavabdeh 20 yanvar 1979-cu ildə rəsmi nikaha daxil olmaqla ailə qurmuşlar. Birgə nikahlarından iki qız övladları olmuşdur. Daha sonra tərəflər arasında bağlanmış nikah pozulmuş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(004)- 725/2019 saylı qətnaməsi ilə İddiaçı Cavabdeh xeyrinə 180 manat məbləğində aliment tutulması qət edilmişdir.
Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(004)-725/2019 saylı qətnaməsi ilə təyin edilmiş 180 (yüz səksən) manat məbləğində aliment ödəməkdən və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(004)-725/2019 saylı qətnaməsi üzrə yığılmış aliment borcundan azad olması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
3. İddia onunla əsaslandırılmışdır ki, o Cavabdeh ilə xx.xx.1979-cü il tarixdə rəsmi nikaha daxil olmuşdur və rəsmi nikahlarından iki qız övladları olmuşdur. Uzun müddət Rusiya Federasiyasında yaşamışlar. Rusiya Federasiyasından Azərbaycan Respublikasına qayıtdıqdan sonra cavabdeh bir müddət işləməmişdir. Lakin cavabdeh 2007-ci ildə Azərbaycan Respublikasının ərazisini tərk edərək Rusiya Federasiyasında getmiş və orda yaşamışdır. Cavabdeh əvvəl Rusiya Federasiyasının Vladimir vilayətinin, Murom şəhəri, Melinki rayonu, Voynovo kəndində yaşamış və orada təqaüdə çıxmışdır. Cavabdehlə aralarında olan nikah Yasamal Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli qətnaməsi ilə ləğv olunmuşdur. Cavabdeh Rusiya vətəndaşıdır. O, 2018-ci ilin dekabr ayında Yasamal Rayon Məhkəməsinə iddiaçıdan aliment alınması barədə iddia ərizəsi ilə müraciət etmişdir. Yasamal Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(004)-725/2019 saylı qətnaməsi ilə iddia tələbi təmin olunmuş və iddiaçıdan Cavabdeh xeyrinə 180 (yüz səksən) manat məbləğində aliment tutulması qət edilmişdir. Cavabdeh iddiaçıya qarşı alimentin tutulması barədə iddiasını onunla əsaslandırmışdır ki, guya ki, təqaüd almır, sosial vəziyyətdi çox aşağıdır. Əslində cavabdeh Rusiya Federasiyasında Moskva şəhəri üzrə pensiya alır. Cavabdeh pensiya aldığı halda, məhkəməni aldatmış və iddiaçıdan əlavə olaraq hər ay 180 (yüz səksən) manat aliment ödənilməsinə nail olmuşdur. Rusiya Federasiyası Pensiya Fondu Moskva vilayəti üzrə dövlət müəssisəsi X10 verilmiş 13 avqust 2020-ci il tarixli, xx/xx/17197 saylı Cavabdeh aid olan məlumatın təqdim edilməsi haqqında sənəddə qeyd edilir ki, “Moskva şəhəri və Moskva vilayəti üzrə Pensiyanın ödənilməsi üzrə Mərkəz bildirir ki, PTK TTÖ məlumat bazasına əsasən, xx.xx.1954-il təvəllüdlü, FSHSN 155-019-613 47, 108827, Moskva şəhəri, Kurilovo qəsəbəsi, Lesnaya küçəsi, ev 4, mənzil 26 ünvanında qeydiyyatda olan X8 xx.xx.2015-ci ildən (pensiyanın ilkin təyinat tarixi: xx.xx.2009 il) Moskva şəhəri və Moskva vilayəti üzrə 4 saylı RPF Baş idarəsindən qocalığa göra siğorta pensiyası alır. Pensiyanın aylıq məbləği 19500.25 (on doqquz min beş yüz rubl iyimi beş qəpik). İddiaçının 93 yaşında Ağdam rayonundan olan xəstə anası onun himayəsindədir, anası ağır xəstədir, ona baxır və müalicəsi, xərclərinə köməklik edir. İddiaçı Qarabağ döyüşlərində iştirak etmişdir, Qarabağ müharibəsi veteranıdır. Onun uzun illərdi ayaqları xəstədir və mütamadi olaraq müayinə, müalicə olunur hər ay müalicəsi üçün ailə büdcəsindən müvafiq məbləğdə xərci çıxır. İddiaçı ailə həyatı qurmuşdur, həyat yoldaşı X3 insulindən asılı şəkərli diabet İİ tip diaqnozu ilə ağır şəkər xəstəsidir,onun mayinə - müalicəsi üçün hər ay təqribən 250-300 manat məbləğində xərc çəkilir, o, heç bir yerdə işləmir və təqaüdə çıxmamışdır. Özünü təqaüd almayan şəxs kimi qələmə verən cavabdeh əsassız olaraq iddiaçının ailə büdcəsindən hər ay 180 (yüz səksən) manat pulu aliment kimi öz xeyrinə tutdurmuşdur. Rusiya Federasiyasının Pensiya Fondundan təqdim olunan sənəddə aydın yazılır ki, cavabdehin aylıq pensiya məbləği 19.500.25 (on doqquz min beş yüz rubl 25 qəpik) rus rubulu təşkil edir. Cavabdehin gəliri və təqaüdü kifayət qədərdir ki, ondan aliment tələb etməsin. Cavabdeh qərəzli formada iddiaçıya qarşı aliment iddiasından istifadə etmişdir. Cavadeh bir tərəfdən kifayət qədər yaxşı təqaüd aldığını gizlətmiş və digər tərəfdən isə özünü kasıb kimi göstərməyə nail olmuşdur.Yuxarıda qeyd edilən arayış alınandan sonra, yəni bu günə kimi cavabdehin aldığı 19.500.25 (on doqquz min beş yüz rubl 25 qəpik) rus rubul pensiya məbləği altı dəfə Rusiya Federasiyasının höküməti tərəfindən qaldırılmışdır. İddiaçı Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(004)-725/2019 saylı qətnaməsi ilə X5 təyin edilmiş 180 (yüz səksən) manat məbləğində aliment ödəməkdən və aliment üzrə yığılmış borclardan azad olumağı barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. Daha sonra İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(004)-725/2019 saylı qətnaməsi ilə təyin edilmiş 180 (yüz səksən) manat məbləğində alimentin azaldılaraq ondan Cavabdeh xeyrinə 100 (yüz) manat məbləğində tutulmasını məhkəmədən xahiş etmişdir.
5. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 24 yanvar 2023-cü il tarixli, 2(004)- 529/2023 saylı qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı alimentin azaldılması tələbinə dair iddia ərizəsi təmin edilməmişdir.
6. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, cavabdehin Rusiya Federasiyasında pensiya alması onun maddi yardıma ehtiyac olmamasına dəlalət etmir. İş materiallarında olan X12 X1 tərəfindən verilmiş Cavabdeh dair xx.xx.2022-ci il tarixli “təyin edilən təqaüdlər və sosial ödəmələr” haqqında arayışın tərcümə olunaraq notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, Cavabdeh qocalığa görə sosial əlavələrlə birlikdə cəmi 10034 rubl 83 qəpik (Rusiya rublunun Azərbaycan manatı ilə məzənnəsinə əsasən həmin məbləğ 243,61 manat təşkil edir) müavinət alır. Moskva şəhərinin 12 oktyabr 2021-ci il tarixli 1597 saylı “Pensiyaya regional sosial əlavələrin müəyyən edilməsi məqsədilə pensiyaçının yaşayış minumumunun həddinin müəyyən edilməsinə dair” Qanununa əsasən 2022-ci il üçün Moskva şəhərində pensiyaçılar üçün yaşayış minumumu üçün 15.410 rubldur. (Rusiya rublunun Azərbaycan manatı ilə məzənnəsinə əsasən həmin məbləğ 374.36 manat təşkil edir). Göründüyü kimi, cavabdehin Rusiya Federasiyasından aldığı qocalığa görə müavinət 2022-ci il üçün pensiyaçılar üçün yaşayış minumumundan da aşağıdır. Cavabdeh hal-hazırda özünün də qeyd etdiyi kimi 10034 rubldan (243 manatdan) artıq müavinət almır. Bundan əlavə məhkəmə zamanı iddiaçı özünün müharibə veteranı olmasının, himayəsində xəstə anası və 2-ci nikahdan olan və işləməyən həyat yoldaşının olmasını əsas gətirərək alimentin miqdarının 100 (yüz) manata qədər azaldılmasını xahiş edir. Lakin məhkəmə hesab edir ki, qeyd edilən hallar qocalığa görə müavinət təyin edilmiş keçmiş həyat yoldaşının maddi yardıma ehtiyacı olmaması kimi qiymətləndirilməməlidir. Məhkəmə iddiaçı tərəfindən iş materiallarına əlavə olunan Cavabdeh dair xx.xx.2020-ci il tarixli “təyin edilən təqaüdlər və sosial ödəmələr” haqqında arayışın kserosurəti ilə bağlı qeyd edir ki, göründüyü kimi arayış üç il bundan əvvələ, 2020-ci il tarixinə aiddir. Eyni zamanda arayışın məzmunundan regional sosial əlavənin və yaxud aylıq müavinətin regional sosial əlavələrlə birlikdə 11.598 rubl təşkil edib-etməməsi və həmin məbləğin cavabdeh tərəfindən alınması dəqiq müəyyən edilmədiyindən həmin sübutu mötəbər hesab etmir.
7. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 85.1.4, 86, 107.2, 112.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona qarşı verilmiş etirazın dəlilləri
a) Apellyasiya şikayətinin dəlilləri
8. İddiaçı apellyasiya şikayəti verərək Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(004)-529/2023 saylı qətnaməsinin ləğv edilərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(004)-529/2023 saylı qətnaməsini əsassız hesab edir. Ona görə ki, məhkəmə onun iddia tələbində göstərdiyi halları yəni həyat yoldaşının ağır xəstə olmasını, himayəsində 95 yaşında yaşlı anasının olmasını, hər ay özünün və həyat yoldaşının müalicəsinə 800 manatdan çox pul xərcləndiyini nəzərə almamış və onun hüquqlarını pozan qətnamə qəbul etmişdir. Cavabdeh əvvəl Rusiya Federasiyasının Vladimir vilayətinin, Murom şəhəri, Melinkin rayonu, Voynovo kəndində yaşamış və orada təqaüdə çıxmışdır. Yasamal Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(004)-725/2019 saylı qətnaməsi ilə ondan Cavabdeh xeyrinə 180 manat məbləğində aliment tutulması qət edilmişdir. O, ona qarşı alimentin tutulması barədə iddianı onunla əsaslandırmışdır ki, guya ki, təqaüd almır, sosial vəziyyətdi çox aşağıdır. Əslində cavabdeh Rusiya Federasiyasında Moskva şəhəri üzrə pensiya alır. Cavabdeh pensiya aldığı halda, ondan əlavə olaraq hər ay 180 manat aliment ödənilməsinə nail olmuşdur. Rusiya Federasiyası Pensiya Fondu Moskva vilayəti üzrə dövlət müəssisəsi X10 verilmiş 13 avqust 2020-ci il tarixli, xx/xx/17197 saylı Cavabdeh aid olan məlumatın təqdim edilməsi haqqında sənəddə qeyd edilir ki, “Moskva şəhəri və Moskva vilayəti üzrə Pensiyanın ödənilməsi üzrə Mərkəz bildirir ki, PTK TTÖ məlumat bazasina əsasən, xx.xx.1954-il təvəllüdlü, FSHSN 155-019- 613 47, 108827, Moskva şəhəri, Kurilovo qəsəbəsi, Lesnaya küçəsi, ev 4, mənzil 26 ünvanında qeydiyyatda olan X8 xx.xx.2015-ci ildən (pensiyanın ilkin təyinat tarixi: xx.xx.2009 il) Moskva şəhəri və Moskva vilayəti üzrə 4 saylı RPF Baş idarəsindən qocalığa göra sigorta pensiyası alır. Pensiyanın aylıq məbləği 19500.25 (on doqquz min beş yüzrubl 25 qəpik)”. Qeyd edir ki, 95 yaşında Ağdam rayonundan olan xəstə anası onun himayəsindədir. O, Qarabağ döyüşlərində iştirak etmiş, Qarabağ müharibəsi veteranıdır. Uzun illərdi ayaqları xəstədir və mütamadi olaraq müalicə olunur. Ona verilən tibbi arayışlarda qeyd edilir ki, onun revmatizim, poliaruit xəstəliyi, sağ diz oynağının və sol pəncənin xırda oynaqların artrozu kimi xəstəlikləri vardır. Özünü yazıq kimi qələmə verən şəxs, əsassız olaraq onun ailə büdcəsindən hər ay 180 manat pulu aliment kimi öz xeyrinə tutdurmuşdur. Rusiya Federasiyasının Pensiya Fondundan təqdim olunan sənədə aydın yazılır ki, cavabdehin aylıq pensiya məbləği 19.500.25 (on doqquz min beş yüzrubl 25 qəpik) rus rubulu təşkil edir. X4 gəliri və təqaüdü kifayət qədərdir ki, ondan aliment tələb etməsin. X6 qərəzli formada ona qarşı aliment iddiasından istifadə etmişdir. O, bir tərəfdən kifayət qədər yaxşı təqaüd aldığını gizlətmiş və digər tərəfdən isə özünü kasıb kimi göstərməyə nail olmuşdur. Məhkəməyə müraciət etmişdir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(004)-725/2019 saylı qətnaməsi ilə X5 təyin edilmiş 180 manat məbləğində aliment ödəməkdən və aliment üzrə yığılmış borclardan azad oluması barədə qətnamə qəbul edilsin. Amma məhkəmə işə baxarkən bir neçə halları nəzərdən keçirsədə, nəticədə onun iddiasını təmin edən qətnamə qəbul etmədi. Onun hazırda ailə qurub yaşadığı şəxs X3 2-ci dərəcəli şəkərli diabet xəstəsidir, hər ay onun müalicəsi üçün 510 manat məbləğində pul xərcləyir. Belə ki, ayaqları, dizləri ağrıyır, ürəyindən müalicə alır, hər ay 200-250 manat məbləğində müalicəsinə pul xərcləyir. Anası Ağdam rayonundan məcburi köçkündür 95 yaşı var onun müalicəsinə müvafiq köməklik edir. Onun aldığı pensiyanın təxminən 800 manata qədəri özünün, həyat yoldaşının ancaq müalicəsinə xərclənir. X6 Rusiya Federasiyasında aldığı minimum pensiyanın məbləği üstəgəl sosal ödəmələr üçün pensiyaya edilən əlavələr ümümilikdə təxminən Azərbaycan pulu ilə 500 manatdan çox edir. Onun isə aldığı pensiya yuxarıda göstərdiyi xərcləri çıxdıqda ona çatan məbləğ təxminən 100-150 manat təşkil edir ki, bu məbləğdə onun ölməmək üçün yaşamağına gərək olan çörəyi almağa ancaq çatır. X6 2000-ci ildən onu tərk edib Rusiya Federasiyasına gedən şəxsdir, bir dəfə olsun belə 2000-ci il tarixdən onun qayğısına qalmayan, özü üçün Rusiya Federasiyasında rahat yaşıyan bir qadındır. O, həmin insandır ki, qızlarını ona qarşı qaldırmış və qızları ilə onun arasında böyük problemlər yaratmışdır. Qızlarını məhkəmədə ona qarşı ifadə verməyə vadar etmişdir. Onun qızları və X6 Rusiya Federasiyasında yaşıyırlar, məqsədləri burada olan ona vaxtı ilə bir hərbçi kimi verilmiş mənzili tez bir zamanda satmaqdır, o, onlara mane olduğuna görə, onun başına belə oyunlar açılar. Yasamal Rayon Məhkəməsi isə Qarabağ müharibəsi veteranın haqlı tələbini təmin etmir və aşkar şəkildə qarşı tərəfin Rusiya Federasiyasının vətəndaşı olan X4 tərəfini saxlayır. Nə üçün hakim onun 180 manatını xəstə olan zaman ona qayğı göstərməyən, onu 2000-ci ildə tərk edib gedən, qızlarını özü ilə aparan və qızlarını ona qarşı məhkəmədə ifadə verməyə vadar edən, 85 yaşında xəstə anasnıı bır dəfədə olsun ziyarət etməyən insana verən qətnamə qəbul etməlidir və onun tələbini rədd etməlidir. Ona görə ki, X6 ildə bir dəfə Azərbaycana gələcək və ondan tutulmuş alımenti götürüb aparacaq və öz istirahətinə xərcləyəcəkdir, əvəzində ona maddi və mənəvi zərər vuracaqdır. Bu heç bir ədalətə, heç bir hümanizmə sığmır. Onu özü, əziz insanları yəni anası, həyat yoldaşının pula ehtiyacı olduğu halda onun pulu tamamilə hazırda yad, qədir bilməz, bir insana verilməlidir. Əgər pensiyaçılar üçün minmum 15.410 rubuldur niyə X4 özünün məhkəməyə təqdim etdiyi arayışda o, 10.034 rubul müavinət aldığı göstərilir, məqsəd nəyin bahasına olursa olsun aliment almağa davam etsin və bunada hakimin köməyi ilə nail olmuşdur. Həmçinin X6 xx.xx.2019-cu il tarixli, 2(004)- 725/2019 saylı qətnamənin qəbulu zamanı ümumiyyətlə pensiya almadığını məhkəmə iclasında çox inandırıcı formada elan etmişdir. Onun məhkəməyə təqdim etdiyi arayışı mötəbər saymayan hakim aşkar şəkildə X4 tərəfin saxlayaraq, onun iddia tələbini rədd edən qətnamə qəbul etmişdir. Onun tərəfindən işin hallarını təsdiq edən mühüm əhəmiyyət daşıyan bütün sübutlar təqdim edilsədə məhkəmə bu sübutları nəzərə almamışdır. Qeyd edir ki, özünün, həyat yoldaşının xəstəlikləri barədə, həmçinin Moskva şəhəri üzrə pensiya məbləğinin 19000 rubl olmasını təsdiq edən sənədləri məhkəməyə təqdim etsə də bu sənədlərə əhəmiyyət verilməmişdir.
b) Apelyasiya şikayətinə qarşı verilmiş etirazın dəlilləri
10. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
11. Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlillərinə uyğun məzmunda izahat verərək təmin olunmasını xahiş etmişdir.
12. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili X7 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək təmin olunmamasını xahiş etmişdir.
Apellyasiya baxışının hədləri
13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
14. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
15. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır.
16. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv edilməsi xahiş edilmişdir. Bu səbəbdən kollegiya hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin tam yoxlanılması təşkil edir.
Tətbiq edilən maddi hüquq normaları:
Azərbaycan Respublikasının Ailə Məcəlləsinin
17. 85.1.4-cü maddəsinə əsasən, ər-arvad uzun müddət nikahda olmuşlarsa, nikah pozulduğu andan 5 il müddətindən gec olmayaraq pensiya yaşına çatan və maddi yardıma ehtiyacı olan keçmiş ər (arvad) nikah pozulduqdan sonra məhkəmə qaydasında buna zəruri vəsaitə malik olan keçmiş ərdən (arvaddan) aliment ödəməyi tələb etmək hüququna malikdirlər.
18. 86-cı maddəsinə əsasən, aliment ödənilməsi barədə ər-arvad və ya keçmiş ərarvad arasında saziş olmadıqda, məhkəmə qaydasında ərə (arvada) və ya keçmiş ərə (arvada) ödənilməli olan alimentin miqdarı məhkəmə tərəfindən keçmiş ərin (arvadın) ailə və maddi vəziyyəti, tərəflərin digər diqqətəlayiq olan maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləği formasında müəyyən edilir.
19. 93.2 və 93.3-cü maddələrinə əsasən, tərəflər arasında belə saziş olmadıqda, məhkəmə alimentin miqdarını hər bir ayrıca halda aliment tutulan şəxsin və aliment alan şəxsin maddi və ailə vəziyyətindən və tərəflərin diqqətəlayiq olan digər maraqlarından asılı olaraq hər ay ödənilən sabit pul məbləğində müəyyən edir. Aliment tələb edən ailə üzvünü, eyni zamanda bir neçə şəxs saxlamağa borclu olduqda, məhkəmə onların maddi və ailə vəziyyətindən asılı olaraq aliment vəzifəsinin yerinə yetirilməsində onlardan hər birinin iştirakının miqdarını müəyyən edir, həm də məhkəmə bütün bu şəxslərə və ya onlardan yalnız birinə, yaxud da bir neçəsinə iddia verildiyindən asılı olmayaraq aliment verməyə borclu olan bütün şəxsləri nəzərə alır.
20. 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.
Apelyasiya instansiyası məhkəməsinin mövqeyi
21. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia qismən təmin edilməlidir.
22. Məhkəmə kollegiyası qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
23. İddiaçının istinad etdiyi hallara əsasən iddia tələblərinin qanuni əsasını Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsi təşkil edir. Belə ki, istinad edilən normanın mənasından göründüyü kimi alimentin miqdarının dəyişdirilməsi məsələsi o halda həll oluna bilər ki, alimentin məbləği müəyyən ediləndən sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olsun.
24. Beləliklə bu kateqoriyadan olan işlərə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun xeyrinə aliment tutulan şəxsin təminat səviyyəsinə və aliment ödəyənin maddi vəziyyətinə təsirini nəzərə almalıdır.
25. İşin məhkəmə tərəfindən müəyyən edilən hallarından göründüyü kimi İddiaçı ilə Cavabdeh 20 yanvar 1979-cu ildə rəsmi nikaha daxil olmaqla ailə qurmuşlar. Birgə nikahlarından iki qız övladları olmuşdur. Daha sonra tərəflər arasında bağlanmış nikah pozulmuş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(004)- 725/2019 saylı qətnaməsi ilə İddiaçı Cavabdeh xeyrinə 180 manat məbləğində aliment tutulması qət edilmişdir.
26. Hazırda iddiaçı alimentin miqdarı müəyyən olunduqdan sonra onun ailə və ya maddi vəziyyətində dəyişikliklərin başa verdiyinə, X3 ilə nikaha daxil olduğuna, arvadının sağlamlağında bəzi problemlər olduğuna, heç yerdə işləmədiyinə və pensiya almadığına, özünün də yaşlandığına istinad etmişdir. Müvafiq qaydada təsdiq olunmuş Cavabdeh dövr üzrə ödəmələr haqqında xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, cavabdehin qocalığa görə aldığı sığorta təqaüdündə artım müşahidə edilir.
27. Göründüyü kimi, qətnamə ilə alimentin miqdarı müəyyən edildikdən sonrakı dövrdə iddiaçı və cavabdehin maddi və ailə vəziyyətlərində dəyişiklik baş vermiş, cavabdeh əlavə xərclərə məruz qalmış, iddiaçının isə aldığı pensiyanın məbləği artırılmışdır.
28. Bundan başqa məhkəmə kollegiyası qeyd etməyi zəruri sayır ki, maddi yardıma ehtiyacı olan şəxsə aliment təyin edilərkən məhkəmə tərəfindən aliment verməyə borclu olan bütün şəxslər, iddia onların hamısına və ya yalnız birinə, yaxud da bir neçəsinə verildiyindən asılı olmayaraq, maddi və ailə vəziyyətinə uyğun olaraq aliment vəzifəsinin yerinə yetirilməsində nəzərə alınmalıdır. İşin hallarından da göründüyü kimi iddiaçının cavabdehlə birgə nikahlarından iki qız övladları vardır və onların əmək qabiliyyətli olmaması barədə məhkəməyə hər hansı sübut təqdim edilməmişdir.
29. Mübahisələndirilən qətnamədən isə görünür ki, birinci instansiya məhkəməsi iddiaçının istinad etdiyi halların cavabdehin maddi yardıma ehtiyacı olmaması kimi qiymətləndirilməli olmadığını qeyd etsə də, əslində bu halların alimentin miqdarı müəyyən olunduqdan sonra yaranıb-yaranmadığını, halların tərəflərin ailə və ya maddi vəziyyətində dəyişikliyin baş verməsinə əsas olub-olmadığını, bunun xeyrinə aliment tutulan şəxsin təminat səviyyəsinə və aliment ödəyənin maddi vəziyyətinə təsirini nəzərə almalı idi.
30. Beləliklə, məhkəmə kollegiyası yuxarıda sadalanan qanunvericilik normalarına əsasən, ödəmələrin miqdarını müəyyənləşdirən halların artıq dəyişdiyini nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 3101.2019-ci il tarixli, 2(004)-725/2019 saylı qətnaməsi ilə İddiaçı Cavabdeh xeyrinə tutulan alimentin miqdarı dəyişdirilməli, İddiaçı Cavabdeh xeyrinə hər ay 120 manat sabit pul məbləğində aliment tutulmalıdır.
31. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini tamamilə və ya qismən ləğv edə bilər.
32. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 384, 392, 393, 402.1 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ:
Apelyasiya şikayəti qismən təmin edilsin. İddiaçı Cavabdeh qarşı “alimentin azaldılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-529/2023 saylı, 24 yanvar 2023-cü il tarixli qətnaməsi ləğv edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2019-ci il tarixli, 2(004)-725/2019 saylı qətnaməsi ilə İddiaçı Cavabdehnın xeyrinə tutulan alimentin miqdarı dəyişdirilsin. İddiaçı hər ay 120 manat sabit pul məbləğində aliment tutularaq Cavabdeh ödənilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən hakim imza: Cəmilə Musayeva Hakimlər imzalar: Fərrux Qasımov Elşən Kazımov