Məhkəmə qərarları › İş №2(103)-2396/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2396/2024

27.03.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2396/2024 27.03.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ iddiaçı “X14 Evi-Uşaq Bağçası” Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə QƏRARDADİ Açar sözlər: prosessual müddətin bərpası Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X3 (sədrlik edən və məruzəçi), X7 və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, İddiaçı “X14 Evi-Uşaq Bağçası” MMC-nin Cavabdeh qarşı zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 05 fevral 2024-cü il il tarixli, 2(011)-32/2023 nömrəli qərardadından iddiaçı “X14 Evi-Uşaq Bağçası” MMC-nin şikayətinə yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı “X14 Evi-Uşaq Bağçası” MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xidməti otaqların təmirinə çəkilmiş xərclər qismində 10342 manat, əldən çıxmış fayda qismində 20210 manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat, cəmi 30582 manat məbləğində pul vəsaitinin cavabdeh “X14 Evi-Uşaq Bağçası” MMC-nin xeyrinə tutulmasını xahiş etmişdir.

2. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 23 iyun 2023-cü il tarixli, e-2(011)- 32/2023 nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmişdir.

3. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

4. Bakı Apelyasiya Məhkəməsinin 14 dekabr 2023-cü il tarixli, 2(103)-6054/2023 nömrəli qərardadına əsasən apellyasiya şikayətinin mümkün hesab edilməsi barədə Bakı Apellyasiya Məhkəməsinin 15 sentyabr 2023-ci il tarixli, 2(103)-6054/2023 nömrəli qərardadı ləğv edilmiş, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilmiş və apellyasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə həmin məhkəməyə göndərilməsi qərara alınmışdır.

5. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 18 yanvar 2024-cü il tarixli, e-2(011)- 32/2023 nömrəli qərardadına əsasən cavabdehin verdiyi apellyasiya şikayəti geri qaytarılmış, qərardadda cavabdehə prosessual müddətin bərpası haqqında ərizə ilə məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur.

6. Daha sonra cavabdeh yenidən apellyasiya şikayəti və həmin şikayətin verilməsi üçün buraxılmış müddətin bərpası barədə ərizə ilə məhkəməyə müraciət edərək, buraxılmış prosesual müddətin bərpa edilərək işi baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir.

7. Müddətin bərpası barədə ərizə onunla əsaslandırılmışdır ki, məhkəmə qətnaməsindən Cavabdeh məlumatı olmamışdır, ona görə ki, o, qeyd olunan mənzildə özü yaşamır, həmin mənzildə yaşayanlar ölkə xaricində olmuş və yalnız Bakıya qayıtdıqdan sonra cavabdeh qətnamədən məlumatlı olmuşdur. Bundan sonra qanunla müəyyən olunmuş müddət ərzində cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir. Nümayəndə qeyd olunanlara əsasən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 23 iyun 2023-cü il tarixli e-2(011)-32/2023 saylı qətnaməsindən verilmiş apellyasiya şikayətinin müddətinin buraxılmasını üzürlü hesab edilərək, buraxılmış prosesual müddətin bərpa edilərək işi baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir.

8. Cavabdehin nümayəndəsi Vəkil2 izahatında bildirmişdir ki, Cavabdeh yaşlı qadındır, rayonda yaşayır. Həmin ünvanda faktiki onun oğlunun keçmiş arvadı X1 və nəvəsi yaşayır. Onlar da qətnamə çatdırıldığı vaxt həmin vaxt xaricdə olduqlarından qətnamədən məlumatlı olmamışlar, qətnaməni binanın komendantı Mehdiyeva Lalə qəbul etmişdir. Vəkil2 həmçinin qeyd etmişdir ki, hakimliyə test imtahanlarına hazırlaşdığı üçün məşğul olmuş və elektron sistemdə qətnamənin yerləşdirilməsi barədə məlumatı olmamışdır.

9. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 05 fevral 2024-cü il tarixli, e-2(011)- 32/2023 nömrəli qərardadına əsasən, Cavabdeh apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə vəsatəti təmin edilmiş, apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddət bərpa edilmiş və apellyasiya şikayəti mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.

10. İddiaçı həmin qərardaddan şikayət verərək, ləğv olunmasını xahiş etmişdir. 11.Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin üzürlü hesab edilərək bərpa edilməsi barədə gəldiyi nəticəni yalnız qətnamə göndərilən zaman, cavabdehə məxsus mənzildə yaşayan qızının xarici ölkədə olduğuna görə guya ki, qətnaməni almaq imkanının olmaması ilə əsaslandırmağa çalışmışdır. Halbuki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası 14 dekabr 2023-cü il tarixli 2(103)-6054/2023 nömrəli qanuni qüvvəyə minmiş qərardadında göstərmişdir ki, iş materiallarında olan poçt qəbzindən qətnamənin cavabdehə 14 iyul 2023-cü il tarixdə təqdim edildiyi müəyyən edilir. Bu baxımdan cavabdehə münasibətdə apellyasiya şikayəti vermək üçün 1 aylıq müddətin axını 15 iyul 2023-cü il tarixdə başlanmış, 15 avqust 2023-cü il tarixdə isə bitmişdir. Apellyasiya şikayəti isə məhkəməyə yalnız 31 avqust 2023-cü il tarixdə, yəni 16 gün gecikmə ilə göndərilmişdir. Bundan başqa birinci instansiya məhkəməsi özü tərəfindən çıxarılmış və hazırda mübahisələndirilən 23 iyun 2023-cü il tarixli qətnaməni 12 iyul 2023-cü il tarixdə (AZEMİS) elektron məhkəmə informasiya sisteminə yerləşdirdiyini və həmin gündən də qətnamənin çatdırılmış hesab edildiyini və apellyasiya şikayətinin isə yalnız 31 avqust 2023-cü il tarixdə, yəni müəyyən olunmuş prossesual müddət bitdikdən 19 gün sonra verildiyini nəzərə almadığına görə əsassız və qərəzli qərardad qəbul etmişdir. Həmçinin iddiaçının nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş vəkil sorğusuna X8 MMC tərəfindən verilmiş cavabda, Bakı şəhəri, Xətai rayonu, Afiyəddin Cəlilov küçəsi 69, blok 5, mərtəbə 6-da yerləşən 363 nömrəli mənzilin mülkiyyətçisi Cavabdeh adına, Bakı Şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən göndərilmiş məktubun onun ailə üzvünə təqdim edildiyi göstərilmişdir. Həmin sübuta da eynilə digər sübutlar kimi məhkəmənin heç bir məhəl qoymaması, heç bir araşdırma aparmadan onun qəbul etdiyi qərardadın obyektivliyinə ciddi şübhələr doğurur.

12. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 23 fevral 2024-cü il il tarixli, 2(011)- 32/2023 nömrəli qərardadına əsasən şikayət təmin olunmayaraq işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.

Tətbiq edilən hüquq

13. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir; Maddə 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir; Maddə 133.2. Buraxılmış müddətin bərpası haqqındakı ərizə prosessual hərəkətlərin edilməli olduğu məhkəməyə verilir və məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilir. Onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həllinə maneçilik törətmir; Maddə 133.3. Müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və s.); Maddə 268.1. Şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir.

14. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “X2 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2008-ci il tarixli Qərarı: “Qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzrlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzrlülük göstərilən meyarların sərhədində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın.”

Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi

15. İş materiallarından görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 23 iyun 2023-cü il tarixli, e-2(011)-32/2023 nömrəli qətnaməsi tərəflərə 14 iyul 2023-cü il tarixdə göndərilmiş, 24 iyul 2024-cü il tarixdə Lalə adlı şəxs tərəfindən qətnamə qəbuıl edilmiş, 31 avqust 2023-cü il tarixdə Cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir. (1-ci cild, səhifə 211-213).

16. Cavabdeh qətnamədən şikayət verilməsi üçün nəzərdə tutulmuş müddətin buraxılmasının üzrlü səbəbi kimi mənzildə özü yaşamadığını, həmin mənzildə yaşayan şəxslərin ölkə xaricində olduğunu və yalnız Bakıya qayıtdıqdan sonra qətnamədən məlumatlı olduğunu göstərmişdir.

17. İş materiallarında olan "xxxx" MMC-nin məktubuna əsasən qətnamə 25 iyul 2023-cü il tarixdə MMC-nin əməkdaşı Mehdiyeva Lalə tərəfindən qəbul edilmiş, 26 iyul 2023-cü il tarixdə cavabdehin ailə üzvlərinə təhvil verilmişdir.

18. AR Mülkü Prosessual Məcəllənin 135.2-ci maddəsinə əsasən məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir.

19. Həmçinin şəxsin “ailə üzvü” anlayışının əhatə dairəsinə daxil olması üçün 3 şərtin hər biri mövcud olmalıdır: yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq, yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququnun olması və mülkiyyətçi ilə birlikdə yaşayırsa.

20. Məhkəmə kollegiyası "xxxx" MMC-nin məktubuna qiymət verərkən qeyd edir ki, qətnamənin MMC-nin əməkdaşı Mehdiyeva Lalə tərəfindən qəbul edilməsi təsdiqini tapır, lakin qətnamənin 26 iyul 2023-cü il tarixdə cavabdehin hansı ailə üzvünə verilməsi bu məktubda qeyd olunmur və bununla bağlı hər hansı sübut da mövcud deyildir.

21. Bundan başqa, iş materiallarına əlavə edilmiş nikahın pozulması haqqında şəhadətnamədən görsənir ki, şəxs cavabdehin oğlu X9 və keçmiş gəlini X4 arasında nikah 19 iyul 2017-ci ildə pozulmuş, sözügedən mənzildə isə hazırda faktiki olaraq cavabdehin gəlini X4 və azyaşlı nəvəsi X13 yaşayırlar.

22. Həmçinin iş materiallarında olan Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışdan və X5 xarici passportunun surətindən görsənir ki, o 24 iyul 2023-cü il tarixdən 02 avqust 2023-cü il tarixədək Azərbaycan Respublikası ərazisində olmamışdır.

23. Beləliklə, hazırkı mübahisəyə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslıdır, şikayətin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunmaqla, qərardadın ləğvinə əsas vermir. Bununla bağlı olaraq, qərardad dəyişdirilmədən saxlanılmalı, şikayət təmin olunmamalıdır.

24. Göstərilənlərə əsasən və MPM-in 263, 264, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı:

İddiaçı “X14 Evi-Uşaq Bağçası” Məhdud Məsuliyyətli Cəmiyyətinin Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 05 fevral 2024-cü il il tarixli, 2(011)-32/2023 nömrəli qərardadından verdiyi şikayət təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 05 fevral 2024-cü il il tarixli, 2(011)-32/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

HAKİMLƏR Fərrux Qasımov

Məhəmməd Rüstəmli

Xəyal Sarıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar