Məhkəmə qərarları › İş №2(103)-240/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-240/2022

20.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-240/2022 20.12.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh2 və "xxxx" sığorta şirkətinə qarşı iş üzrə (Açar sözlər: yol nəqliyyat hadisəsi nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), Hüseyn Aida Əli qızı və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Ağalı Leyla Rasim qızının katibliyi, iddiaçının vəkili Vəkil, Cavabdeh2 və onun nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və "xxxx" sığorta şirkətinə qarşı yol nəqliyyat hadisəsi nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair 2(006)-436/2020 saylı mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 05 fevral 2020-ci il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. 21 iyun 2019-cu il tarixində Cavabdeh2 idarə etdiyi “Mercedes 190” markalı Az ** TL *** dövlət qeydiyyat nişanlı avtomobillə İddiaçı idarə etdiyi “BMW 740Li” markalı Az ** UF *** dövlət qeydiyyat nişanlı və X1 idarə etdiyi “Mercedes Benz E240” markalı Az ** LO *** dövlət qeydiyyat nişanlı avtomobillərin toqquşması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş vermişdir.

2. Həmin hadisənin törədilməsində Cavabdeh2 təqsirli bilinərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə 40 manat məbləğində inzibati cərimə tətbiq olunmuşdur.

3. "xxxx" MMC tərəfindən tərtib olunmuş 27 iyun 2019-cu il tarixli qüsur aktına əsasən “BMW 740Li” markalı Az ** UF *** dövlət qeydiyyat nişanlı avtomaşının təmiri üçün tələb olunan ehtiyat hissələrinin dəyəri 18968 manat, xidmət haqqı 1125 manat olmaqla avtomobilin təmiri üçün cəmi 20093 manat tələb olunur.

4. ASC "xxxx" Sığorta Şirkətinin Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə verdiyi 19 avqust 2019-cu il tarixli arayışa və ödəniş tapşırıqlarına əsasən, qeyd olunan sığorta hadisəsi ilə əlaqədar İddiaçı 2700 manat, digər avtomobilin sürücüsü X3 2300 manat məbləğində sığorta ödənişi verilmişdir.

Birinci instansiya məhkəməsindəki icraat

5. İddiaçı cavabdehlər Cavabdeh2 və "xxxx" sığorta şirkətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, yuxarıda qeyd olunan yol nəqliyyat hadisəsi zamanı mülkiyyətində olan avtomobilin əzilməsinə görə vurulmuş maddi zərərin əvəzi kimi 20093 manat, avtomaşının əmtəə görünüşünü itirməsinə görə dəymiş zərərin əvəzi kimi 10000 manat pulun, cəmi 30093 manat pulun 5000 manat hissəsinin "xxxx" sığorta şirkətindən, qalan 25093 manat hissəsinin Cavabdeh2 tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, yol nəqliyyat hadisəsi nəticəsində ona vurulmuş maddi zərərin əvəzi nə sığorta şirkəti tərəfindən, nə də Cavabdeh2 tərəfindən ona ödənilməmişdir.

7. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-436/2020 saylı mülki iş üzrə 05 fevral 2020-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin olunmuş, vurulmuş maddi zərərin əvəzi qismində 20093 manat, avtomobilin dəyər itirməsi nəticəsində vurulmuş maddi zərərin əvəzi qismində 2000 manat və iddia ərizəsi verilərkən dövlət rüsumu kimi ödənilmiş 30 manat pulun Cavabdeh2 tutularaq İddiaçı verilməsi qət edilmişdir. (hakim Ceyhun Tağıyev)

8. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, Cavabdeh2 təqsiri üzündən baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində İddiaçı maddi zərər vurulması ekspert rəyi və iş materialları ilə sübuta yetirildiyindən, iddia tələbi Cavabdeh2 qarşı hissədə qismən təmin edilməli, sığorta şirkəti üzərinə düşən vəzifəni yerinə yetirərək icbari sığorta ödənişini iddiaçıya ödədiyindən, sığorta şirkətinə qarşı hissədə iddia rədd edilməlidir.

9. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 1096, 1097.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2 və 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

10. Qətnamədən Cavabdeh2 apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsində işə baxılarkən onun iştirakı təmin olunmamış, iddiaçının avtomaşınına dəymiş zərərin miqdarı şişirdilmişdir. Hadisədən sonra İddiaçı ona bildirmişdir ki, avtomaşının sınmış hissələrinin dəyişdirilməsinə və tam təmirinə 9000 manat pul tələb olunur. O öz avtomaşınını 3000 manat dəyərində hesablamaqla iddiaçıya verməyi, sığorta şirkətinin verdiyi 2700 manat pulu da nəzərə almaqla ona əlavə 3000 manat da pul verməyi təklif etmiş, bundan sonra onunla görüşməmişdir. Bir müddət keçəndən sonra icra məmuru tərəfindən axtarıldığını bildikdən sonra ona məlum olmuşdur ki, iddiaçı onun barəsində iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Hesab edir ki, avtomobilə dəymiş zərərin miqdarı reallığı əks etdirmir. Məhkəmə qərar qəbul edərkən sığorta şirkəti tərəfindən ödənilmiş 2700 manat pulu nəzərə almamış, işin faktiki hallarını tam araşdırmamışdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

13. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 və onun nümayəndəsi Cəlil Mahmudov apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdilər.

14. Cavabdeh2 izahatında bildirdi ki, mübahisənin barışıqla tamamlanması üçün iddiaçıya 4000 manat məbləğində pul ödəməyə hazırdır.

15. İddiaçının vəkili Vəkil izahatında bildirdi ki, apellyasiya şikayəti əsassızdır və təmin edilməməlidir. Yol nəqliyyat hadisəsi baş verdikdən sonra təmsil etdiyi İddiaçı Cavabdeh2 təklif etmişdir ki, 7000 manat məbləğində pul ödəsə, razılığa gəlib mübahisəni tamamlaya bilərlər. Lakin Cavabdeh2 bu təkliflə razılaşmamış və ümumiyyətlə qarşılıqlı razılığa gəlməkdən yayınmışdır. Buna görə də iddiaçı məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Bununla belə, cavabdehin maddi vəziyyətini nəzərə alaraq, hal-hazırda iddiaçı mübahisənin uzanmaması üçün cavabdehlə 7000 manat məbləğində pul müqabilində razılığa gəlməyə hazırdır.

Tətbiq edilən maddi və prosessual hüquq normaları

Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Yenə həmin Məcəllənin 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

Apellyasiya baxışının hədləri

16. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

17. Qətnamə Cavabdeh2 apellyasiya şikayəti üzrə mübahisələndirilən hissədə yoxlanılmışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

18. Apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

19. İş materiallarından görünür ki, 21 iyun 2019-cu ildə Cavabdeh2 təqsiri üzündən baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində İddiaçı mülkiyyətində olan avtomobil əzilmiş, nəticədə ona maddi zərər dəymişdir.

20. Hadisədən 6 gün sonra "xxxx" MMC tərəfindən tərtib olunmuş 27 iyun 2019-cu il tarixli qüsur aktına əsasən “BMW 740Li” markalı Az ** UF *** dövlət qeydiyyat nişanlı avtomaşının təmiri üçün tələb olunan ehtiyat hissələrinin dəyəri 18968 manat, xidmət haqqı 1125 manat olmaqla cəmi 20093 manat tələb olunur.

21. Birinci instansiya məhkəməsində işə baxılarkən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən keçirilmiş məhkəmə əmtəəşünaslıq ekspertizasının 13 noyabr 2019-cu il tarixli 25426 saylı rəyinə əsasən, nəzəri hesablama yolu ilə təqdim edilən "xxxx" MMC tərəfindən tərtib edilmiş 27 iyun 2019-cu il tarixli məlumatlara əsasən, təzə avtohissələrin qiymətləri nəzərə alınmaqla 2009-cu il buraxılışlı “BMW 740Li” minik markalı Az ** UF *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən 20093 manat müəyyən edilir. O cümlədən dəyişilməli hissələrin qiyməti 18968 manat, təmir-bərpa işlərinin qiyməti 1125 manat. Qeyd edilən avtomobilin təmirbərpa olunmasını nəzərə alınmaqla normal vəziyyətdə qəzaya uğramamış avtomobillə orta bazar satış qiymətinə 10% aşağı olması istisna edilmir.

22. Apellyasiya icraatı zamanı keçirilmiş təkrar məhkəmə əmtəəşünaslıq ekspertizasının 23 sentyabr 2021-ci il tarixli 9/4878 saylı rəyi ilə birinci instansiya məhkəməsinin rəyi təsdiq olunmuşdur.

23. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qətnamənin mübahisələndirilən hissəsində işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir.

24. Cavabdeh2 iddiaçının mülkiyyətində olan avtomobilə daha aşağı məbləğdə ziyan vurulmasına dair məhkəməyə heç bir sübut təqdim etməmişdir.

25. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsi Cavabdeh2 həm qeydiyyatda olduğu ünvana, həm də məhkəməyə məlum olan faktiki yaşayış ünvanına məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişləri göndərmiş, lakin bildirişlər “bu ünvanda yaşamır” və “bina sökülüb” qeydi ilə geri qaytarılmışdır.

26. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfin məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılması barədə üzərinə düşən vəzifəni yerinə yetirmişdir.

27. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası MPM-in 372, 382, 384.0.1, 392, 393, 402-403, 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Cavabdeh2 apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-436/2020 saylı mülki iş üzrə 05 fevral 2020-ci il tarixli qətnaməsi cavabdehin apellyasiya şikayəti üzrə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumu apelyatora aid edilsin. Təkrar məhkəmə əmtəəşünaslıq ekspertizasının keçirilməsinə sərf olunmuş 100 manat pul apelyatordan tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizasının hesabına keçirilsin. Qətnamənin surəti işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron kabinet vasitəsilə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar