Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2400/2020 24.02.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), X1 və X3 ibarət tərkibdə, Həsənova Ləman Elmar qızının katibliyi, İddiaçı və vəkili X5, cavabdeh “xxxx”ASC-nin nümayəndəsi X7 iştirakları ilə İddiaçı cavabdeh “xxxx” ASC-yə qarşı “sığortanın ödənişinin ödənilməsi” tələbinə dair Bakı şəhəri Yasamal Rayon Мəhkəməsinin 2(004)-1924/2019 saylı, xx xxxxx 2019-cu il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: İddiaçı cavabdeh “xxxx”ASC-ya qarşı iddia ərizəsi və sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh “xxxx”Açıq Səhmdar Cəmiyyətindən 4245 (dörd min iki yüz qırx beş) manat sığorta ödənişinin, həmin ödənişin gecikdirilməsinə görə 1000 (min) manat məbləğində dəbbə pulunun, ödənilmiş 20 manat məbləğində notarius xərcinin, 31 manat məbləğində dövlət rüsumu və bank xidmət haqqının əvəzinin tutularaq, ona verilməsi barəsində qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə onunla əsaslandırılmışdır ki, xx xxxxxxxx 2018-ci il tarixdə, saat 15.00 radələrində idarə etdiyi «Tofash Shahin S» markalı ** VS *** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə Biləsuvar rayonunun Çinarlı kəndində yaşayan qardaşı X4 məxsus fərdi yaşayış evinin həyətyanı sahəsinə daxil olarkən, avtomobildə yanğın baş verdi və yanğın genişlənərək açıq talvara keçdi. Dərhal ailə üzvlərini və qonşuları köməyə çağıraraq qonşularla birlikdə yanğını söndürməyə çalışdılar. Lakin alov güclü olduğu üçün söndürə bilmədilər.Yanğın barədə yanğınsöndürmə xidmətinə zəng edərək məlumat verildi. Bir müddət sonra gələn yanğınsöndürənlər yanğını söndürərək yayılmasının qarşısını aldılar.Yanğın nəticəsində talvarın yanvar konstruksiyaları qismən, avtomobil isə tamamilə yararsız hala düşdü. Avtomobil işlək vəziyyətdə idi, həmin vaxt elektrik naqillərində qısaqapanmanın yaranmasından yanğın baş vermişdi. Hadisə nəticəsində ona 9000 manat, zərərçəkmiş X4 isə 4245 manat məbləğində zərər dəymişdir. İdarə etdiyi avtomobil xx xxxxxx 2017-ci il tarixdə xx xxxxxx 2018-ci il tarixədək Cavabdeh ASC-də icbari sığorta müqaviləsi əsasında sığortalanmışdır. Həmin müqavilənin şərtinə əsasən, əmlaka vurulan zərərə görə sığorta məbləği 5000 manat müəyyən olunmuşdur. Zərərçəkmişə vurulmuş 4245 manat məbləğində zərərin ödənilməsi ilə bağlı cavabdeh sığorta şirkətinə dəfələrlə müraciət etsə də, hər dəfə əsassız bəhanə ilə sığorta məbləğinin ödənilməsindən imtina edilmişdir. Buna görə də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hadisə tam təfərrüatı ilə araşdırılmış, hadisə ilə bağlı Fövqəladə Halar Nazirliyinin Əməliyyatistintaq İdarəsinin xx xxxxxxx 2018-ci il tarixli qərarı ilə hadisənin xx xxxxxxxx 2018-ci il tarixdə baş verdiyi və hadisə vaxtı avtomobilin onun tərəfindən idarə olunduğu qeyd edilmişdir. Hadisə ilə əlaqədar zərərçəkmiş şəxsə dəyən zərərin ödənilməsi üçün sığorta şirkəti sığorta məbləğini gecikdirdiyi üçün məcbur olub şəxsən həmin zərəri qarşılamağa çalışsa da, zərəri bütöv şəkildə qarşılaya bilməmişdir. Həmin məbləğdən 1000 manat məbləğində ödəniş etmişdir. Hadisə nəticəsində onun özünə də kifayət qədər yüksək məbləğdə zərər dəydiyindən və tamamilə yararsız hala düşmüş avtomobil onun yeganə gəlir mənbəyi olduğundan, qalan zərəri ödəmkə iqtidarında deyil. Hesab edir ki, Sığorta şirkətinin sığorta məbləğinin ödənilməsindən imtinası qanunsuzdur və buna görə də sığorta məbləği cavabdeh şirkətdən qaydasında tutulmalıdır. Zərərçəkmişin əmlakına vurulmuş zərər 4245 manat qiymətləndirilmişdir. Həmin məbləğ cavabdehdən tutulmalıdır. Onu da qeyd etdi ki, cavabdeh tərəfindən vurulan maddi zərər 4245 manat təşkil edir. Həmin məbləği ödəməkdən yanyınmaya görə dəbbə pulunu 1000 manat məbləğində tələb edir. Bundan başqa məhkəmə xərcləri kimi 20 manat notarius xərci, iddia qaldırmaqla əlaqədar ödədiyi 31 manat məbləğində dövlət rüsumu və bank xidmət haqqının əvəzi də cavabdehdən tutularaq, ona ödənilməlidir. Bakı şəhəri Yasamal Rayon Мəhkəməsinin 2(004)-1924/2019 saylı, xx xxxxx 2019cu il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsi əsassız və qanunsuz olduğuna görə ləğv edilməsini və iddia tələbinin təmin edilməsi baradə yeni qətnamə qəbul edilməsini xahiş etmiş, apellyasiya şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-9845/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-8121/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərarı ilə həmin qətnamədən İddiaçı nun verdiyi kassasiya şikayəti təmin edilmiş qətnamə ləğv olunaraq iş yeni apellyasiya baxışına qaytarılmışdır. Kassasiya instansiyası məhkəməsi iddiaçının kassasiya şikayətini təmin edib işin yeni apellyasiya baxışına göndərilməsi ilə bağlı qərarında mövqeyinin hüquqi əsasını belə şərh etmişdir:“...apellyasiya instansiyası məhkəməsinin işin araşdırılmış halları ilə müəyyən etdiyi kimi, İddiaçı xx xxxxxxxx 2018-ci il tarixdə “xxxx” ASC tərəfindən icbari sığorta növündə sığortalanaraq, özünə məxsus “Tofash Shahin S” markalı **-VS-*** dövlət nömrə nişanlı avtomobillə qardaşı X2 həyətyanı sahəsinə daxil olarkən, avtomobilin mühərrik hissəsində qısa qapanma baş vermiş, nəticə etibarilə, avtomobildə yanğın baş vermiş və yanğın-alov ətrafa yayılaraq, talvarı yandırmışdır. İddiaçı baş vermiş hadisəni sığorta hadisəsi kimi qiymətləndirsə də, cavabdeh iddiaya etirazını avtomobildə baş vermiş yanğın hadisəsinin sözügedən avtomobilin yol hərəkətində olmaması isə əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsi sadalanan avtomobilin istifadə olunması onun yolda, küçədə və ya həyətyanı sahədə hərəkəti ilə şərtləndirilməməsinə diqqət yetirməmişdir. Yəni, avtomobilin küçədə, yolda, həyətyanı sahədə və ya istənilən yerdə hərəkət ilə bağlı istismarı onun birmənalı olaraq istifadəsi deməkdir. Həmçinin apellyasiya instansiyası məhkəməsi iddiaçının hazırki tələblə çıxış etməyə subyevtiv hüququnun olub-olmamsına da hüquqi qiymət verməmişdir. ”. Məhkəmə iclasında iştirak edən iddiaçı və onun vəkili apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək izahatında bildirmişdir ki, qanunvericiliyin mənasına görə sığorta hadisəsinin yaranması və sığorta haqqının ödənilməsi üçün avtomobil hərəkət halında olmalıdır. İddiaçı isə gah avtomobilin dayandığını, gah da həyətə daxil olarkən qısa qapanma olduğunu bildirərək bir-birinə ziddiyyətli ifadələr vermişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci hissəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırki halda apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyi üçün kollegiya qətnamənin əsaslılığını tam yoxlayır. Həmçinin qeyd olunmalıdır ki, hazırkı halda işə yeni apellyasiya qaydasında baxılır və bu zaman apellyasiya instansiyası məhkəməsinin iş üzrə əvvəlki qətnaməsini ləğv etmiş kassasiya məhkəməsinin mövqeyi nəzərə alınmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə görə kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2005-ci il tarixli qərarında məhkəmələrin diqqəti Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinə əsasən qətnamənin qanuni və əsaslı tərtib olunmasının zəruriliyinə cəlb edilmiş, məhkəmə qətnaməsinin maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edildiyi vurğulanmışdır. Həmin qərarda məhkəmələrə tövsiyyə olunmuşdur ki, “qətnamənin məzmunu giriş, təsviri, əsaslandırıcı və nəticə hissələrindən ibarət olub, həmin ardıcıllıqla Azərbaycan Respublikası MPM-nin 220-ci maddəsində göstərilən məlumatları əks etdirməlidir. Məhkəmə qətnaməsinin əsaslandırıcı hissəsində sübutlar əlaqəli şəkildə şərh edilməli, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəbləri orada aydın izah edilməlidir”. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisələndirilən qətnaməsini düzgün əsaslandırmamış, gəldiyi nəticə işin halları və onlara tətbiq edilməli olan hüquq normaları ilə əlaqəli şəkildə izah olunmamışdır. Halbuki, MPM-in 220.4-cü və 220.5-ci maddələrinə görə, qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ-hüquqi aktlar, nəticə hissəsində isə məhkəmə xərclərinin hansı qaydada bölüşdürülməsi göstərilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunmuş məhkəmə müdafiəsi hüququ və hüquqi dövlət prinsipi onu tələb edir ki, şəxsin hüquq və vəzifələri ilə bağlı qərarlar qəbul etmiş məhkəmələr belə qərarlarını mütləq olaraq lazımi qaydada əsaslandırmalıdırlar. Bununla hər kəs onun barəsindən çıxarılmış qərarın nəinki konkret nəticəsi barədə, həm də səbəbləri və əsasları barədə məlumat əldə etmiş olur. Əsaslandırılmamış məhkəmə qərarı hüquqi dövlət prinsipi ilə ziddiyyət təşkil edir. Bu, həm də ona görə vacibdir ki, qərarın əsaslandırılması ilə tanış olmadan şikayət etmək hüququnun həyata keçirilməsini təsəvvür etmək mümkün deyildir, çünki şikayət vermək hüququnun həyata keçirilməsi özündə məhkəmənin dəlillərinin və əsaslandırılmasının əks arqumentlər gətirilməklə mübahisələndirilməsini nəzərdə tutur. S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxx 2006-cı il tarixli qərarında da göstərilmişdir ki, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilibedilməməsinin səbəbləri aydın göstərilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, bu və ya digər prosessual pozuntunun birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə əsas olub-olmamasını işin konkret hallarından asılı olaraq apellyasiya instansiya məhkəməsi həll edir. Beləliklə, apellyasiya instansiyası məhkəməsi prosessual hüquq normalarına riayət olunub-olunmamasını apellyasiya şikayətinin obyektindən və predmetindən asılı olmayaraq yoxlayır”. Məhkəmə kollegiyası iş materiallarını bu kontekstdə araşdıraraq hesab edir ki, yuxarıda şərh olunanlar birinci instansiya məhkəməsinin qətnaməsi maddi-prosessual hüquq normalarının pozulması ilə çıxarılması kimi qiymətləndirilməli və qətnamə ləğv edilərək işə, işdə olan sübutlar əsasında mahiyyəti üzrə baxılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 372.1-ci maddəsinin tələbinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçı Emin Şahbazov xx xxxxxxxx 2018-ci il tarixdə “xxxx” ASC tərəfindən icbari sığorta növündə sığortalanaraq, özünə məxsus “Tofash Shahin S” markalı **-VS-*** dövlət nömrə nişanlı avtomobillə qardaşı X2 həyətyanı sahəsinə daxil olarkən, avtomobilin mühərrək hissəsində qısa qapanma baş vermiş, nəticə etibarilə, avtomobildə yanğın baş vermiş və yanğın alov ətrafa yayılaraq, talvarı yandırmışdır. Kollegiya ilk növbədə qeyd edir ki, birinci instansiya məhkəməsi yanlış olaraq mövqeyini avtomobildə baş vermiş yanğının yol hərəkətində deyil, avtomobilin fərdi yaşayış evinin həyətinə daxil olan zaman baş tutduğu, buna görə də sığortalanmış avtomobildə baş vermiş yanğın sığorta hadisəsi kimi qiymətləndirilmədiyi ilə əsaslandırmışdır. Belə ki, qanunvericiliydə avtomobilin istifadə olunması onun yolda, küçədə və ya həyətyanı sahədə hərəkəti ilə şərtləndirilməməmişdir. Həmçinin kollegiya qeyd edir ki, Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edibetməməsi məsələləri araşdırılmalıdır. Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2008-ci il tarixli qərarında qeyd olunan məsələ ilə bağlı ifadə olunmuş hüquqi mövqelərə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Kollegiya hesab edir ki, iddiaçını hazırki iddia tələbini irəli sürməkdə subyektiv hüququn sahibi kimi qəbul etmək mümkün deyildir. Belə ki, iddiaçının idarə etdiyi “Tofash Shahin S” markalı ** VS *** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə Biləsuvar rayonunun Çinarlı kəndində yaşayan qardaşı X4 məxsus fərdi yaşayış evinin həyətyanı sahəsinə daxil olarkən, avtomobildə yanğın baş vermiş və yanğın genişlənərək açıq talvara keçmişdir. İddiaçı hazırda qardaşına məxsus evə dəymiş ziyanın əvəzini tələb etməkdədir. Kollegiya qeyd edir ki, hazırki iddianı ziyan dəymiş əmlakın sahibi irəli sürə bilər. Başqasının əmlakın dəymiş ziyanının əvəzini tələb etməkdə iddiaçının subyektiv hüququ yoxdur. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna əsasən kollegiya hesab edir ki, apellyasiya şikayətləriinin verilməsi üçün tərəflərin ödəmiş olduğu dövlət rüsumları onları ödəmiş şəxslərin özlərinə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Q Ə T E T D İ: Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Мəhkəməsinin 2(004)-1924/2019 saylı, xx xxxxx 2019cu il tarixli qətnaməsi ləğv edilərək, iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdeh “xxxx” ASC-yə qarşı “sığortanın ödənişinin ödənilməsi” barədə iddia tələbi təmin edilməsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu onu ödəmiş şəxsin özünə aid edilsin. Qətnamədən təqdim olunduğu gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Кollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim: Şeyda Məhərrəmova Hakimlər: Məmməd Məmmədov Xumar Mərdanova Əsli ilə düzdür: Hakim: Şeyda Məhərrəmova
Məhkəmə qərarları › İş №2(103)-2400/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2400/2020
24.02.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver