Məhkəmə qərarları › İş №2(103)-2403/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2403/2020

19.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Torpaq üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2403/2020 19.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X2 və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Murtuzayeva Yeganə Hüseyin qızının katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsi və Bakı şəhəri 32 saylı notariat kontoruna qarşı “alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və sair tələbi barədə” iddiasına dair mülki iş üzrə Cavabdeh3 verdiyi apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Cavabdehlərə qarşı yuxarıda qeyd edilən iddia ərizəsi ilə Xəzər Rayon Məhkəməsinə müraciət etmiş iddiaçı Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 244M sahədə yerləşən 0.246106 ha torpaq sahəsinə dair cavabdeh S.Cabbarov ilə bağlanmış və Bakı şəhəri 32 saylı notariat kontorunun xüsusi notariusu Ş.Gülməmmədova tərəfindən xx.xx.2017-ci il tarixli 4Ə-90 reyestr qeyd ilə təsdiq edilmiş AN-İ seriyalı, ******* nömrəli “Alğı-satqı müqaviləsinin” etibarsız hesab olunması, həmin müqavilə əsasında verilmiş RX seriyalı, ******* saylı “Reyestrdən çıxarışın” ləğv olunması, mübahisəli torpaq sahəsinə dair Cavabdeh2 ilə bağlanmış və 2 saylı Bakı ASAN Xidmət Mərkəzinin xüsusi notariusu N.Səmədov tərəfindən xx.xx.2017-ci il tarixdə 4Ə-1418 saylı reyestr qeydi ilə təsdiq edilmiş AN-İ seriyalı, ******* nömrəli “Alğı-satqı müqaviləsinin” etibarsız hesab olunması, həmin müqavilə əsasında verilmiş RX seriyalı, ******* saylı xx.xx.2017-ci il tarixli “Reyestrdən çıxarışın” ləğv olunması, mübahisəli torpaq sahəsinə dair Cavabdeh3 ilə bağlanmış və Bakı Şəhəri 7 saylı Notariat Kontorunun xüsusi notariusu N.Vədətov tərəfindən xx.xx.2017-ci il tarixdə 4Ə-237 saylı reyestr qeyd ilə təsdiq edilmiş AN-İ seriyalı, ******* nömrəli “Alğı-satqı müqaviləsinin” etibarsız hesab olunması, həmin müqavilə əsasında verilmiş RX seriyalı, ******* nömrəli “Reyestrdən çıxarışın” ləğv olunması, onun (iddiaçının) mübahisəli torpaq sahəsi üzərində hüquqlarının bərpa edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Mülki işə baxmış Rayon Məhkəməsi, iş üzrə qəbul etdiyi xx.xx.2018-ci il tarixli qətnamə (İş № 2(003)-3171/2018) ilə iddianın qismən təmin edilməsini, mübahisəli torpaq sahəsinə dair cavabdeh S.Cabbarov ilə bağlanmış xx.xx.2017-ci il tarixli, AN-İ seriyalı, ******* nömrəli “Alğı-satqı müqaviləsinin” etibarsız hesab olunmasını, həmin müqavilə əsasında verilmiş RX seriyalı, ******* saylı “Reyestrdən çıxarışın” ləğv olunmasını, Cavabdeh2 ilə bağlanmış xx.xx.2017-ci il tarixli, AN-İ seriyalı, ******* nömrəli “Alğı-satqı müqaviləsinin” etibarsız hesab olunmasını, həmin müqavilə əsasında verilmiş RX seriyalı, ******* saylı, xx.xx.2017-ci il tarixli “Reyestrdən çıxarışın” ləğv olunmasını, Cavabdeh3 ilə bağlanmış xx.xx.2017-ci il tarixli, AN-İ seriyalı, ******* nömrəli “Alğı-satqı müqaviləsinin” etibarsız hesab olunmasını, həmin müqavilə əsasında verilmiş RX seriyalı, ******* nömrəli “Reyestrdən çıxarışın” ləğv olunmasını, habelə iddiaçının mübahisəli torpaq sahəsi üzərində mülkiyyət hüququnun bərpa edilməsini, iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzinin – 15 manat məbləğində pulun cavabdehlər S.Cabbarov, Cavabdeh2 və Cavabdeh3 tutularaq iddiaçıya ödənilməsini qət etmişdir. Cavabdeh3 Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsindən verdiyi apellyasiya şikayətinə əsasən işə baxmış Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, iş üzrə qəbul etdiyi xx.xx.2019-cu il tarixli qətnamə (İş № 2(103)-4429/2019) ilə apellyasiya şikayətinin qismən təmin edilməsini, Rayon Məhkəməsinin qətnaməsinin dəyişdirilməsini, Cavabdeh1 70.000 manat məbləğində pul vəsaitinin tutularaq Cavabdeh2 ödənilməsini, Cavabdeh2 170.000 manat məbləğində pul vəsaitinin tutularaq Cavabdeh3 ödənilməsini, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılmasını qət etmişdir. Həmin qətnamədən Cavabdeh2 verdiyi kassasiya şikayətinə əsasən mülki işə baxmış Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası iş üzrə qəbul etdiyi xx.xx.2019-cu il tarixli qərarı (İş № 2(102)-6430/2019) ilə kassasiya şikayətinin qismən təmin edilməsini, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsinin qismən, yəni Cavabdeh1 70.000 manat məbləğində pul vəsaitinin tutularaq Cavabdeh2 ödənilməsi hissəsində ləğv edilməsini və işin yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini, qalan hissədə qətnamənin dəyişdirilmədən saxlanılmasını qərara almışdır. Göstərilən səbəbdən, mülki iş Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası tərəfindən ləğv edilmiş hissədə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (bundan sonra – Məhkəmə) icraatına daxil olmuşdur. Məhkəmə, hazırki iş üzrə apellyasiya baxışı ilə bağlı bildirir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 357-ci maddəsinə görə, birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər (maddə 357.1.). Həmin hüquqa, işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslər də malikdir. Prokuror bu Məcəllənin 50-ci və 306-cı maddələrində göstərilən hallarda məhkəmə baxışında iddiaçı və ya ərizəçi olarsa, məhkəmə aktlarından protest verə bilər (maddə 357.2.). MPM-nin 358.1-ci maddəsinə görə, rayon (şəhər) məhkəmələrinin qətnamələrindən yurisdiksiya üzrə apellyasiya məhkəmələrinin mülki kollegiyalarına apellyasiya qaydasında şikayət verilə bilər. MPM-nin 392.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsinin qətnaməsində apellyasiya şikayətinə baxılması üzrə məhkəmənin nəticələri göstərilməlidir (maddə 392.1.6.). “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununun 65-ci maddəsinin mənasına görə, apellyasiya məhkəməsinin kollegiyaları apellyasiya instansiyası məhkəməsi kimi həmin apellyasiya məhkəməsinin ərazi yurisdiksiyasına aid edilmiş birinci instansiya məhkəmələri tərəfindən baxılmış işlər üzrə qərarlardan verilmiş apellyasiya şikayətləri və apellyasiya protestləri üzrə işlərə baxırlar. Qeyd olunan maddi və prosessual normalarının mənasından göründüyü kimi, apellyasiya icraatı apellyasiya şikayəti və ya apellyasiya protesti əsasında həyata keçirilir; apelyasiya şikayəti və ya protesti olmadığı halda apellyasiya icraatı qeyri-mümkündür. Artıq yuxarıda qeyd edildiyi kimi, Rayon Məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi xx.xx.2018-ci il tarixli qətnamə ilə iddia qismən təmin edilmişdir. Həmin qətnamədən cavabdehlərdən yalnız Cavabdeh3 apellyasiya şikayəti vermiş, digər cavabdehlər və ya iddiaçı qətnaməni apellyasiya qaydasında mübahisələndirməmişlər. Cavabdeh3 apellyasiya şikayətinə əsasən işə baxmış Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası xx.xx.2019-cu il tarixli qətnamə ilə apellyasiya şikayətini qismən təmin etmiş, apellyasiya qaydasında mübahisələndirilən Rayon Məhkəməsinin qətnaməsini dəyişdirmişdir. Bundan sonra hazırki iş üzrə apellyator qismində çıxış edən Cavabdeh3, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası xx.xx.2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti verməmiş, həmin qətnamə ilə razılaşmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsi Cavabdeh3 münasibətdə qanuni qüvvəsini almışdır. Hazırki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti Cavabdeh2 tərəfindən verilmişdir. Həmin kassasiya şikayətinə əsasən işə baxmış Azərbaycan Respublikası Ali Məhkəməsi şikayətin dəlillərini qismən əsaslı hesab edərək, apellyasiya instansiyası məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsini qismən, yəni Cavabdeh1 70.000 manat məbləğində pul vəsaitinin tutularaq Cavabdeh2 ödənilməsi hissəsində ləğv edilməsini və işin yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini, qalan hissədə qətnamənin dəyişdirilmədən saxlanılmasını qərara almışdır. Lakin Ali Məhkəmə bu zaman kassator Cavabdeh2 hazırki iş üzrə apellyasiya şikayətini vermədiyini, iş üzrə apellyasiya şikayəti vermiş Cavabdeh3 şikayətinə isə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ilə artıq hüquqi qiymət verildiyini nəzərə almamışdır. Beləliklə də, Məhkəmə tərəfindən müəyyən edilir ki, hazırki işə yenidən apellyasiya qaydasında baxılması üçün əsas ola biləcək apellyasiya şikayəti yoxdur. Belə olan halda işə apellyasiya qaydasında baxılması üçün əsaslar mövcud deyil. Odur ki, Məhkəmə hesab edir ki, hazırki iş üzrə apellyasiya baxışı icraatına xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən Məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsi və Bakı şəhəri 32 saylı notariat kontoruna qarşı “alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və sair tələbi barədə” iddiasına dair mülki iş üzrə apellyasiya baxışı icraatına xitam verilsin. Qərardaddan, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 10 gün müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Hakimlər (imza) Məmməd Məmmədov (imza) Şeyda Məhərrəmova (imza) Rəşad Həsənov “Əsli ilə düzdür” Hakim Məmməd Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar