Məhkəmə qərarları › İş №2(103)-2411/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2411/2025

22.04.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2411/2025 22.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “alimen tələbi”nə dair mülki iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: “alimen tələbi”) Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Kazımov Elşən Cələddin oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Həsənova Şərqi Əlabbas qızının katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, Səbail Rayon Məhkəməsinin 2(009)-266/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları:

1. İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən xx.xx.2014-cü il təvəllüdlü X1 üçün hər ay sabit aliment məbləğində 300 (üç yüz) manat aliment tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddiaçı cavabdehlərin oğlu X7 xx.xx.2014-cü il tarixli 239 saylı akt qeydi üzrə nikaha daxil olmuşdur. Onların birgə nikahından xx.xx.2014-cü il təvəllüdlü oğulları X8 dünyaya gəlmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2-(009)-1373/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsilə İddiaçı ilə X7 arasında olan xx.xx.2014-cü il tarixdə Xəzər rayon qeydiyyat şöbəsində bağlanılmış nikahın pozulması, X2 xx.xx.2022-ci il tarixdən başlayaraq, 28 dekabr 2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 193 (yüz doxsan üç) manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Bakı şəhər Səbail Rayon Məhkəməsinin e-2- (009)-1373/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən borclunun icra vərəqəsi üzrə 5018 (beş min on səkkiz) manat aliment borcu təşkil edir. Həmçinin, məhkəmənin diqqətinə çatdırır ki, borclu X7 Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, artıq bir ildən çoxdur ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmət 15 saylı Cəzaçəkmə Müəssəsində ona hökm edilmiş cəzasını çəkməkdədir. Cavabdehlər xx.xx.1965-ci il təvəllüdlü Cavabdeh2 və xx.xx.1971-ci il təvəllüdlü Cavabdeh1 xx.xx.2014-cü il təvəllüdlü X3 nənə və babasıdır. Nəzərə çatdırır ki, qeyd olunan halda, övladı maddi xərclərinin qarşılanması ilə bağlı atası tərəfindən hər hansı bir yardım almadığı üçün hazırda maddi çətinlik çəkir. Eləcə də yardıma ehtiyacı olan yetkinlik yaşına çatmayan nəvə hazırda saxlanmaq üçün öz valideynlərindən (ata cəzaçəkmə müəssisəsində olduğundan) maddi yardım almaq imkanı yoxdur. Cavabdehlərin nəvələrinə kömək etmək üçün yetərincə maddi vəsaiti var və onu saxlaya bilər, ancaq həmin vəzifəni könüllü surətdə yerinə yetirmək arzusunda deyillər.

3. Səbail Rayon Məhkəməsinin 2(009)-266/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi (hakim Rəna Qafarova) ilə iddia təmin edilməmişdir. Apellyasiya şikayəti və onun dəlilləri:

4. İddiaçı qətnamədən apellyasiya şikayəti vermiş və şikayətin dəlilləri ondan ibarət olmuşdur ki, Ailə Məcəlləsinin 89-cu maddəsi nənə ilə babaya valideynlərə olduğu kimi bir öhdəlik yükləmişdir. Ancaq bu öhdəlikləri bir sıraya qoymuşdur. Əvvəlcə valideynlər öhdəliyi yerinə yerinə yetirməlidir. Onlar bunu edə bilmədikdə nənə və babanın öhdəliyi meydana gəlir və həm də bu öhdəlik tamamlayıcı xarakter daşıyır. Məhkəmə nənə və babanın bu öhdəliyini təminat xarakterli olaraq dəyərləndirmişdir. Bundan əlavə məhkəmə, yetkinlik yaşına çatmayan uşağın saxlanma xərclərini tam qarşılamasa da valideynlərindən aliment alırsa artıq nənə və babadan aliment ala bilməyəcəyini ifadə etmişdir. Bu yanaşma nənə və babanın öhdəliyinin tamamlayıcı xarakteri ilə uyğun gəlmir. Əlavə olaraq, bu hüquq normasının əsas məqsədi valideylərin və ya nənə və babanın mənfəətlərinin yox uşağın mənfəətlərinin qorunmasıdır. Ancaq məhkəmə hüquq normasına formal yanaşmış, normaya uşağın mənfəətləri tərəfindən yanaşmamış, normanın məqsədini nəzərə almamışdır. Uşaq hüquqları haqqında Qanunun 5-ci maddəsinə əsasən uşaqların mənafeləri üstün tutulmalı, onların hüquqlarının təmin olunmasına şərait yaradılmalıdırlar. Bu baxımdan məhkəmənin tələbi təmin etməməsi hüquq pozuntusu olaraq qəbul edilməlidir.

5. Məhkəmə sözügedən maddədə “yardım ala bilmədikdə” ifadəsini dar anlamda şərh etmişdir. Belə ki, məhkəmə aliment barədə qətnamənin icra oluna bilməməsinin iddianın əsaslı və qanuni olmasına dəlalət etmədiyini bildirmişdir. Ali Məhkəmə 2(102)- 250/2022 nömrəli qərarında qeyd etmişdir ki, “… atanın azadlıqdan məhrumetmə yerində cəza çəkdiyi üçün ona münasibətdə alimentin tutulması real deyil və icrası mümkün olmayacaq…”. Cari işdə də aliment öhdəliyi olan ata X7 cəza çəkmə müəssisəsindədir və aliment ödəməsi mümkün deyildir. Çünki C.Səlimovun aliment ödəyə biləcək hansısa bir gəlirə malik olmasına dair bir sübut yoxdur. Nənə və babanın aliment ödəmə öhdəliyinin bir şərti olaraq onların zəruri vəsaitə malik olması və buna dəlalət edən sübutların təqdim edilməsi lazımdır. Tərəflərindən Cavabdeh2 aktiv VÖEN-ə sahib olduğunu göstərən sübutlar məhkəməyə təqdim edilmişdir. Onun faəliiyət istiqamətləri tikintiyerlərinin təmizlənməsi və qurudulmasıdır. Bundan əlavə onun tikinti texnika vasitələri də vardır. Bu VÖEN üzrə gəlirləri haqqında məlumat isə məxfilik səbəbilə Vergi orqanı tərəfindən paylaşılmamışdır. Ancaq məhkəmə sorğu verərək bu məlumatları əldə edə bilər. Məhkəmə ilk şərtin gerçəkləşmədiyini ifadə edərək bu faktı araştırmadan tələbimizi təmin etməkdən imtina etmişdir.

6. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Belə ki, İddiaçı X4 cəza çəkmə müəssisəsində olduğuna və Cavabdeh2 aktiv VÖEN sahibi olduğuna və gəlir əldə etdiyinə dəlalət edən sübutlar təqdim etmiş, məhkəmə bu sübutları düzgün qiymətləndirməyərək tələbi təmin etməmişdir. Beləliklə, məhkəmə prosessual hüquq pozuntusuna yol vermişdir.

7. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsaslardır.

8. Odur ki, qətnamənin ləğv edilərək, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamənin qəbul edilməsini xahiş edilmişdir. Tərəflərin izahatı:

9. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətini müdafiə edərək, onun dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.

10. Apellyasiya şikayəti ilə bağlı mülki işə məhkəmə kollegiyasında baxılmasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdehlər məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Belə olan halda, Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi:

11. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1373/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, iddia təmin edilmiş, X7 ilə İddiaçı arasında xx.xx.2014-cü il tarixdə Xəzər rayon qeydiyyat şöbəsində bağlanmış və 239 saylı akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması, tərəflərin birgə nikahından doğulmuş 28 dekabr 2014-cü il təvəllüdlü X3 anası İddiaçı yanında saxlanılması, cavabdeh X2, xx.xx.2022-ci il tarixdən başlayaraq, 28 dekabr 2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 193 (yüz doxsan üç) manat sabit pulun məbləğində tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.

12. 1 saylı Bakı DOST Mərkəzindən verilmiş xx.xx.2025-ci il tarixli məlumatdan məlum olur ki, İddiaçı adına “Əmək və məşğulluq” altsisteminə əsasən, qüvvədə olan əmək müqaviləsi aşkar edilməmişdir.

13. 15 saylı Cəzaçəkmə Müəssisəsinin xx.xx.2025-ci il tarixli məlumatına əsasən, X5 aid Səbail Rayon Məhkəməsinin 2(009)-1373/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra vərəqəsi üzrə təyin edilmiş 193 manat aliment borcunun ödənilməsinin vacibliyi məhkumun nəzərinə çatdırıldı, lakin məhkum səhhəti ilə bağlı işləyə bilməyəcəyini və gələcəkdə maddi durumu imkan verdiyi halda borcunu ödəyəcəyini bildirmişdir.

14. AR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məlumatda uçot baza məlumatlarına əsasən Cavabdeh2 xx.xx.2007-ci il tarixdə ********** nömrəli VÖEN-lə vergi uçotuna alınması, hazırda fəaliyyətinin aktiv olması, vergi ödəyicisi kimi vergi borcunun olmaması qeyd edilmişdir.

15. AR Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin xx.xx.2025ci il tarixli məlumatından görünür ki, fiziki şəxs X6 adına müvafiq dövlət qeydiyyat nişanlı ekskavator və ekskavator yükləyici dövlət qeydiyyatına alınmışdır.

16. AR DİN Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2025-ci il tarixli məlumatından görünür ki, fiziki şəxs X6 adına müvafiq qeydiyyat nişanlı “Kamaz 5511 Yük” markalı və “Kia Sorento” markalı nəqliyyat vasitələri qeydiyyatadır.

17. AR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin X6 adına Bakı şəhər Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi, 565 saylı fərdi yaşayış evi və evin yerləşdiyi 0,02 ha torpaq sahəsi qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. X6 adına ümumi birgə payda olan Göyçay rayonu, Çərəcə kəndində yerləşən 1,1968 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Tətbiq edilən maddi hüquq normaları: Azərbaycan Respublikası Ailə Məcəlləsi:

18. Maddə 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar.

19. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər.

20. 89. Yardıma ehtiyacı olan yetkinlik yaşına çatmayan nəvələr saxlanmaq üçün öz valideynlərindən maddi yardım ala bilmədikdə, buna zəruri vəsaitə malik baba və nənədən məhkəmə qaydasında aliment almaq hüququna malikdirlər. Əmək qabiliyyəti olmayan və yardıma ehtiyacı olan yetkinlik yaşına çatan nəvələr saxlanmaq üçün valideynlərindən, yaxud da ərdən (arvaddan) maddi yardım ala bilmədikdə, onlara da eyni hüquq verilir.

21. 100.2. Aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. «Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununa əsasən 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir.

22. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “20” dekabr 2024-cü il 15 nömrəli qərarı

23. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli 8-2/2016 nömrəli Qərarında aşağıdakı dəyişikliklər edilsin:

24. 1.2.1. 8.4-cü bəndə aşağıdakı məzmunda 8.4-1, 8.4-2 və 8.4-3-cü yarımbəndlər əlavə edilsin:

25. “8.4-1. Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini “xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun” məzmununda ifadə etməlidir). Tətbiq edilən prosessual hüquq normaları: Mülki Prosessual Məcəllə

26. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

27. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

28. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

29. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

30. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

31. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.

32. 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər.

33. 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır.

34. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

35. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

36. Maddə 385.1. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır:

37. 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi;

38. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 387-ci maddəsində nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsinin prosessual hüquq normalarına riayət etməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayır. Apellyasiya Məhkəməsinin baxışının hədləri:

39. Hazırkı halda Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən tam yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:

40. Məhkəmə kollegiyası iddiaçı tərəfin izahatını dinləyib, mülki iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi qismən təmin edilməlidir.

41. Hazırkı halda iddiaçı uşağın saxlanması üçün Ailə Məcəlləsinin 89-cu maddəsinə əsasən baba və nənədən aliment tutulması barədə tələblə məhkəməyə müraciət etmiş, iddiaçı öz tələbini onunla əsaslandırır ki, övladının atasından aliment tutulması barədə qətnamə olsa da, atanın cəzçəkmə müəssisəsində cəza çəkməsi və səhhəti ilə əlaqədar işləyə bilməməsi səbəbindən həmin qətnamənin icrası faktiki olaraq mümkün deyil. Bu baxımdan, zəruri maddi vəsaitə malik olan baba və nənədən aliment tutulması barədə iddia vermək məcburiyyətində qalmışdır.

42. İddia tələbini təmin etməyən rayon məhkəməsi qeyd etmişdir ki, baba və nənənin nəvələrini saxlamaq vəzifəsi əlavə təminat xarakteri daşıyır. Baba və nənənin nəvələrini o hallarda saxlamaq vəzifəsi var ki, nəvə valideynlərindən, yəni hər iki valideyndən də maddi yardım ala bilməsin. Nəvələrin valideynlərindən aliment tələb etmək hüququnun əsasını yardıma ehtiyaclarının olması təşkil edir. Bura onların valideynlərindən yardım ala bilməmələri halları daxildir. Nəvələr valideynlərindən aliment aldıqda, lakin həmin vəsait onların ehtiyaclarını ödəmədikdə, onların baba və nənələrindən aliment tələb etmək hüquqları yoxdur. Çünki baba və nənənin nəvələrinə münasibətdə aliment öhdəlikləri ikinci növbəli olub, birinci növbəli borcluların (valideynlər) öhdəliklərindən sonra tətbiq edilə bilər.

43. Bundan başqa baba və nənə nəvələrinə o halda aliment ödəmək vəzifəsi daşıyır ki, onların zəruri vəsaitləri olsun. Onların belə vəsaitinin olub-olmamasını işin konkret hallarından asılı olaraq məhkəmə müəyyənləşdirir.

44. Hazırki işin materiallarından da görünür ki, uşaq iddiaçının himayəsindədir, uşağın digər valideyni olan atadan isə məhkəmə qətnaməsi ilə aliment tutulması qət edilmiş, lakin ata icra sənədini icra etmir və ya edə bilmir.

45. Məhkəmə qeyd edir ki, icra sənədinin icra edilməməsi ilə bağlı iddiaçının müavfiq səlahiyyətli dövlət qurumuna müraciət etmək hüququ vardır. Lakin bu hal hazırki iddianın qanuni və əsaslı olmasına dəlalət etmir. Belə ki, yardıma ehtiyacı olan yetkinlik yaşına çatmayan nəvələri saxlamaq üçün hər iki valideyndən də maddi yardım ala bilmədikdə, buna zəruri vəsaitə malik baba və nənədən məhkəmə qaydasında aliment almaq hüququna malikdirlər. Hazırda xx.xx.2014-cü il təvəllüdlü X3 hər iki valideynindən maddi yardım ala bilmədiyi təsdiq olunmur.

46. Rayon məhkəməsinin mövqeyi ilə razılaşmayan kollegiya aşağıdakıları qeyd edir.

47. Ailə Məcəlləsinin 89-cu maddəsinə əsasən, yardıma ehtiyacı olan yetkinlik yaşına çatmayan nəvələr saxlanmaq üçün öz valideynlərindən maddi yardım ala bilmədikdə, buna zəruri vəsaitə malik baba və nənədən məhkəmə qaydasında aliment almaq hüququna malikdirlər.

48. Məhkəmə kollegiyası rayon məhkəməsinin uşağın yalnız hər iki valideyndən maddi yardım ala bilmədikdə buna zəruri vəsaitə malik baba və nənədən məhkəmə qaydasında aliment almaq hüququna malik olması, hazırkı işdə isə xx.xx.2014-cü il təvəllüdlü X3 hər iki valideynindən maddi yardım ala bilməməsinin təsdiq olunmaması barədə mövqeyi üzrə qeyd edir ki, rayon məhkəməsi hazırkı işin faktiki hallarını düzgün müəyyən etməmişdir.

49. Belə ki, uşağın atasının cəzaçəkmə müəssisəsində cəza çəkməsi və işləyə bilməməsi səbəbindən qətnamə ilə ondan uşağın saxlanması üçün tutulan alimenti ödəyə bilməməsi hazırkı işin mübahisəsiz halıdır.

50. Digər tərəfdən 1 saylı Bakı DOST Mərkəzindən verilmiş xx.xx.2025-ci il tarixli məlumatdan məlum olur ki, İddiaçı adına “Əmək və məşğulluq” altsisteminə əsasən, qüvvədə olan əmək müqaviləsi aşkar edilməmişdir.

51. Demək ki, hazırkı işdə uşağın hər iki valideyndən maddi yardım ala bilməməsi müəyyən olunur.

52. Baba və nənədən aliment alınması üçün digər şərt onların zəruri vəsaitə malik olmasıdır.

53. Hazırkı iş üzrə baba, yəni Cavabdeh2 VÖEN-nin olması, mülkiyyətində daşınmaz əmlak və nəqliyyat vasitələrinin olması iddiaçı tərəfindən təqdim edilən müvafiq sübutlarla təsdiq olunmuşdur.

54. Həmçinin rayon məhkəməsində izahat verən Cavabdeh2 həm cəzaçəkmə müəssisəsində cəza çəkən oğlu, həm də digər oğullarına öz baxdığını, ayda 1500 manat kredit ödədiyini, bu nəvəsinə də 9 il özünün baxdığını, gəlini ilə münasibətlərinin yaxşı olmasını, lakin boşandıqdan sonra gəlininin onlarla münasibəti kəsdiyini və uşağı onlara göstərmədiyini bildirmişdir (i/v 64).

55. Bütün bunlar əsasında Cavabdeh2 zəruri vəsaitə malik olması müəyyən edilir.

56. Hər hansı iddia tələbi üzrə ilk öncə onun qanuni əsası tapılmalı və iddiaçının bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olması yoxlanılmalıdır.

57. Hazırkı iddia tələbinin qanuni əsası Ailə Məcələsinin 89-cu maddəsidir və iddiaçının bildirdiyi faktiki hallar da həmin normanın dispozisiya şərtlərinə (valideynlərdən yardım ala bilməmə və babanın zəruri vəsaitə malik olması) uyğun olduğundan iddia tələbi babaya, yəni Cavabdeh2 münasibətdə əsaslıdır və ona münasibətdə qismən təmin edilməli, iddia tələbi digər cavabdehə münasibətdə təmin edilməməlidir.

58. Məhkəmə kollegiyası alimentin məbləğinin hər ay 250 manat sabit pul məbləğində müəyyən edilməsini ağılabatan hesab edir.

59. 2024-cü il üçün Azərbaycan Respublikasında minimum əməkhaqqı 345 manat olmuşdur.

60. İddiaçı hazırkı tələblə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət etmişdir (i/v 1).

61. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “20” dekabr 2024-cü il 15 nömrəli qərarının 8.11-1-ci maddəsinə görə, alimentin məhkəməyə müraciət edildiyi vaxtdan tutulmasına dair Ailə Məcəlləsinin 100.2-ci maddəsində nəzərdə tutulmuş qayda həmin Məcəllənin 112-ci maddəsinə əsasən artırılmış aliment məbləğinin tutulmasına da şamil edilir.

62. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “20” dekabr 2024-cü il 15 nömrəli qərarının “8.4-1-ci bəndinə görə, Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini “xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun” məzmununda ifadə etməlidir).

63. Beləliklə, iddia tələbi qismən təmin edilməklə, Cavabdeh2 xx.xx.2014-cü il təvəllüdlü X1 üçün xx.xx.2024-cü il tarixdən hesablanmaqla sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqı məbləğinin (250/345=0,72) 0,72 misli həddində sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulmalı, iddia tələbi qalan hissədə və Cavabdeh1 münasibətdə təmin edilməməlidir. Nəticə:

64. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, rayon məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq edilmədiyindən, iddiaçının apellyasiya şikayəti təmin edilməli və qətnamə ləğv olunmalı, iş üzrə yeni qətnamə qəbul olunmalı, iddia tələbi qismən təmin edilməklə, Cavabdeh2 xx.xx.2014-cü il təvəllüdlü X1 üçün xx.xx.2024-cü il tarixdən hesablanmaqla sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqı məbləğinin (250/345=0,72) 0,72 misli həddində sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulmalı, iddia tələbi qalan hissədə və Cavabdeh1 münasibətdə təmin edilməməlidir.

65. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər.

66. Hazırkı iş üzrə mübahisələndirilən hissədə iddianın qiyməti (250x12=3000) 3000 manat təşkil etdiyindən qətnamədən MPM-in 402.1-ci maddəsinə görə kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır.

67. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunsun. Səbail Rayon Məhkəməsinin 2(009)-266/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilsin, iddia tələbi Cavabdeh2 münasibətdə qismən təmin edilsin. Cavabdeh2 xx.xx.2014-cü il təvəllüdlü X1 üçün xx.xx.2024-cü il tarixdən hesablanmaqla sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqı məbləğinin (250/345=0,72) 0,72 misli həddində sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulsun. İddia tələbi qalan hissədə və Cavabdeh1 münasibətdə təmin edilməsin. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir, prosessual qanunvericilikdə hazırkı qətnamədən kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar