Məhkəmə qərarları › İş №2(103)-2413/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2413/2021

01.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2413/2021 01.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Кollegiyası Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə Şərifova Aysel Şərafəddin qızının katibliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin nümayəndəsi X1 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı “sığorta məbləğinin ödənilməsi” tələbinə dair Bakı şəhəri Nəsimi Rayon Мəhkəməsinin 2(006)-2122/2020 saylı iş üzrə qəbul etdiyi xx xxxxxxx 2020-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 6600 manat sığorta məbləğinin Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, 2011-ci il tarixində Silahlı Qüvvələrdən ehtiyyata tərxis olunduqdan sonra növbəti 2012-ci ildə xəstəliklərin ağırlaşması nəticəsində AR ƏƏSMN yanında 11 saylı TSEK tərəfindən ona xidmət dövründə aldığı xəstəliklərə görə 2-ci qrup əlillik dərəcəsi təyin edilmiş və hal-hazıra qədər 2-ci qrup əlildir. Hərbi pensiya təminatı ilə təmin olunur. 2012-ci ilin may ayında müvafiq rəhbər sənədlərin tələblərinə uyğun olaraq sığorta almaq üçün Dövlət Sığorta Şirkətinə məktubla müraciət etmişdir. Cavab məktubunda ona sığorta məbləğinin ödənilməsindən imtina edilmiş və səbəb olaraq Müdafiə Nairliyinin Hərbi-Həkim Komissiyasının qərarı ilə sığorta verilmədiyi bildirilmişdir. O, öz növbəsində dövlət təşkilatının qərarına etibar edib məsələnin qanuni tərəfi ilə maraqlanmamışdır. Tam təsadufən bu aylarda ona qarşı Dövlət Sığorta Şirkəti tərəfindən qərəzli və qanunsuz qərar qəbul olunduğunu öyrənmiş və yenidən müvafiq sənədləri toplayaraq Sığorta Şirkətinə müraciət etmişdir. Müraciətində müvafiq qanunauyğun olaraq sığorta ilə təmin olunmağını tələb etmiş, bununla yanaşı yenidən imtina edəcəyləri halda bunun səbəbini və birinci müraciətini təsdiq edən sənədin ünvanına göndərilməsini tələb etmişdir. Bu dəfə də, imtina edilmişdir. Lakin səbəb əvvəlkindən fərqli olaraq vaxtın çox keçdiyi bildirilmiş və əvvəlki müraciəti haqda heç bir sənənd təqdim olunmamışdır. Nəticədə Dövlət Sığorta Şirkətinin ona qarşı etdiyi birbaşa qanunsuzluğa görə qanuni haqqı olan sığorta məbləği ilə təmin olunmamışdır. Bakı şəhəri Nəsimi Rayon Мəhkəməsinin 2(006)-2122/2020 saylı iş üzrə qəbul etdiyi xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən 6600 manat məbləğində icbari şəxsi sığorta ödənişinin alınaraq İddiaçı ödənilməsi qət edilmişdir. Qətnamədən cavabdehin nümayəndəsi apellyasiya şikayəti verərək onun ləğv edilməsini xahiş etmiş, şikayətini belə əsaslandırmışdır ki, hazırda qüvvədə olan “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının Qanunu xx.xx.1997-ci il tarixdə qəbul edilmiş, həmin qanunun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il tarixli Fərmanı ilə xx.xx.1997-ci il tarixdən qüvvəyə minmişdir. “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Qanunda müəyyən edilmiş sığorta ödənişinin bu Qanun qüvvəyə minənə kimi hərbi qulluqda olmuş hərbiçilərə şamil edilməsi və Qanunun normalarının geriyə qüvvəsinin olması barəsində qeyd-sərt yoxdur. Məhkəmənin istinad etdiyi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli Qərarına görə isə, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq maddələrində birdəfəlik sığorta məbləğinin artırılması hərbi qulluqçuların qanunvericiliklə müəyyən edilmiş hüquq və azadlıqlarının mahiyyətinə və həcminə təsir etmir, həmin hüquq və azadlıqlar olduğu kimi qalır. Bu baxımdan, birdəfəlik sığorta məbləğinin artırılması hərbi qulluqçuların Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş “hüquqi vəziyyətini yaxşılaşdıran” hal kimi qəbul oluna bilməz və Azərbaycan Respublikası Konstitusiyasının 12, 16 və 25-ci maddələrinin tələblərinə uyğun olaraq “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının xx xxx 1997-ci il tarixli Qanunu qüvvəyə minənədək həlak olmuş, itkin düşmüş, xəsarət almış, lakin hal-hazıra qədər sığorta məbləğini almamış hərbi qulluqçulara qanunvericilikdə nəzərdə tutulmuş sığorta məbləği ödənilməlidir. Bununla yanaşı, həmin Qərarın 2-ci bəndinə görə Azərbaycan Respublikası Konstitusiyasının 94cü maddəsinin İ hissəsinin 16-cı bəndinə əsasən bu məbləğin ödənilməsi qaydasının və şərtlərinin qısa müddətdə müəyyən edilməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilmişdir. Bu sığorta məbləğinin ödənilməsi qaydası və şərtləri müəyyən olunmamış məhkəmə qətnaməsi ilə sığorta məbləğinin ödənilməsi öhdəliyinin Dövlət Sığorta Kommersiya Şirkətinin üzərinə qoyulması əsassızdır. “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” xx xxx 1997-ci il tarixli Qanunun 5-ci maddəsinin ç) bəndinə görə, hərbi xidməti vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət dövründə xəsarət (yaralanma, travma, kontuziya) almasına, habelə həqiqi hərbi xidmət dövründə xəstələnməsinə görə həqiqi hərbi xidmətə yararsız hesab edilərək həqiqi hərbi xidmətdən (toplanışdan) ehtiyata və ya istefaya buraxıldığı gündən, həmçinin ehtiyata və ya istefaya buraxıldığı gündən həqiqi hərbi xidmət dövründə alınmış xəsarət (yaralanma, travma, kontuziya) və ya xəstəliklə əlaqədar üç il müddətində sığorta olunana əlillik təyin olunduqda müvafıq faiz məbləğində sığorta ödənişi verilir. İş materiallarındakı sənədlərdən də müəyyən olur ki, İddiaçı xidmətdən təxris olunduğunu gündən 9 il sonra müraciət etmişdir. Göründüyü kimi, iddiaçıya əlillik dərəcəsi hərbi xidmətdən buraxıldığı tarixdən üç il müddətində təyin olunmadığından ona sığorta məbləğinin verilməsindən imtina edilməli olduğu halda, birinci instansiya məhkəməsi hüququn tətbiqində səhvə yol verərək onun iddiasını təmin etmişdir. Bundan əlavə olaraq məhkəmə nəzərə almamışdır ki, “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2018-ci il tarixli Fərmanına əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların vərəsələrinə birdəfəlik ödəniş verilməsinə başlanmış, bu Fərmanın icrası isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə və Maliyyə Nazirliyinə həvalə edilmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şiakyətinin məzmununa uyğun izahat verərək onun təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı şikayətə etiraz edərək qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci hissəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 11 saylı TSEK-in xx.xx.2014-cü il tarixli, 292616 saylı arayışından görünür ki, İddiaçı İİ qrup əlillik dərəcəsi təyin olunmuşdur. Xəstəlik hərbi xidmət dövründə alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin 11 saylı Tibbi-Sosial Ekspert Komissiyasının xx.xx.2016-cı il tarixli, xxxxxxx0004 saylı çıxarışından görünür ki, İddiaçı ikinci qrup əlillik dərəcəsi almışdır. Diaqnoz: “Xr diskogen bel omba radikuliti. Tez-tez kəskinləşmə və kökcük ağrıları ilə onurğa sütununun döş nahiyyəsində skolioz”. Əlilliyin səbəbi: “Hərbi xidmət dövrü ilə əlaqədar əlillik” . İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2011-ci il tarixli, 883 saylı qərarından görünür ki, Ağayev X2 RHK tərəfindən 1995-ci ildə hərbi xidmətə çağırılmış, vətəndaş İddiaçı hərbi xidmət dövründə aldığı, xx.xx.2006-cı ildən xx.xx.2006-cı ilə kimi Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalında müayinə və müalicə olunduğu xəstəlikdiaqnoz: “Xora xəstəliyi, 12 barmaq bağırsaq soğanağının kəskin xorası. Vegetativ damar distoniyası”. xx.xx.2009-cu ildən xx.xx.2009-cu ilə kimi MN MHKH-da müayinə və müalicə olunduğu xəstəlik nəticəsidiaqnoz: “Xroniki eroziyalı qastroduodenitin kəskinləşməsi. Xroniki “B” virus hepatiti, reptikasıya mərhələsində” və xx.xx.2010-cu ildən xx.xx.2010-cu ilə kimi MN MHKH-da müayinə və müalicə olunduğu xəstəlik-diaqnoz: “Diskogen mənşəli xroniki bel-oma radikaliti kəskinləşmə mərhələsində, onurğa sütununun döş nahiyyəsinin təsbit olunmayan birinci mərhələ skoliozu, funksiyanın pozulmaması ilə. Xroniki eroziyalı qastroduodenitin kəskinləşməsi. Xroniki “B” virus hepatiti, natamam remissiya mərhələsində. Xromniki kombinə olunmuş babasil”. “Xəstəlikdir. Hərbi xidmət dövründə alınmışdır”. Birinci instansiya məhkəməsi “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin “ç” bəndinə istinad etməklə belə nəticəyə gəlmişdir ki, iddiaçının əlilliyiin səbəbi hərbi xidmət dövrü ilə bağlı olduğundan, Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən ona sığorta ödənişi ödənilməlidir. Kollegiya qeyd edir ki, mülki hüquq baxımından sığorta hadisəsi qanunvericiliyə və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. Sığorta hadisəsi hesab edilən hallar icbari sığorta üzrə icbari sığorta qanunvericiliyində, könüllü sığorta üzrə isə tərəflərin razılaşması əsasında sığorta müqaviləsində müəyyən edilir. Sığorta ödənişi sığorta hadisəsi baş verdikdə qanunvericiliyə, həmçinin sığorta müqaviləsinə uyğun olaraq, sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. Beləliklə, sığortaçının sığorta ödənişi vəzifəsinin yaranmasının hüquqi əsası həm icbari sığorta haqqında qanunvericilik müddəaları, həm də tərəflər arasında bağlanmış sığorta müqaviləsi çıxış edə bilər. “Hərbi qulluqçuların statusu haqqında” xx xxxxxx 1991-ci il tarixli Qanuna görə hərbi qulluqçuların hərbi xidmət (toplanışlar) dövründə həlak olması (ölməsi), xəsarət (yaralanma, travma, kontuziya) alması, səhhətinin (sağlamlığının) pozulması (xəstəliklə əlaqədar sağlamlığına ziyan dəydikdə), habelə hərbi xidmət vəzifələrini yerinə yetirməsi ilə bağlı bədbəxt hadisələrin nəticələrinin ehtimalına qarşı hərbi qulluqçu statusunu əldə etdikləri gündən onlar dövlət tərəfindən icbari şəxsi sığorta edilirlər və bu sığortalamanın qaydası, şərtləri və sığorta ödənişlərinin məbləği Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Prezidentinin xx xxxxxxxx 1991-ci il tarixli Fərmanı ilə Maliyyə Nazirliyi yanında fəaliyyət göstərən Dövlət Sığortası İdarə Heyətinin bazasında Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti yaradılmış və respublikada icbari sığortalamanın bütün növlərini həyata keçirmək həmin Şirkətə həvalə edilmişdir. “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun preambulasına əsasən bu Qanun hərbi qulluqçuların sosial müdafiəsini gücləndirmək məqsədilə onların həyatının və səhhətinin dövlət icbari şəxsi sığortası qaydalarını və şərtlərini müəyyən edir. Qanun müəyyən edir ki, hərbi qulluqçuların sığortaçısı dövlət sığorta orqanıdır (Dövlət Sığorta Kommersiya Şirkəti) (maddə 3). Qanuna xx xxxxxxx 2006-cı il tarixdə edilmiş dəyişikliklərə əsasən hərbi qulluqçu on bir min manat məbləğində sığorta edilir (maddə 4). Sığorta olunan hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət dövründə xəsarət (yaralanma, travma, kontuziya) almasına, habelə həqiqi hərbi xidmət dövründə xəstələnməsinə görə həqiqi hərbi xidmətə yararsız hesab edilərək həqiqi hərbi xidmətdən (toplanışdan) ehtiyata və ya istefaya buraxıldığı gündən, həmçinin ehtiyata və ya istefaya buraxıldığı gündən həqiqi hərbi xidmət dövründə alınmış xəsarət (yaralanma, travma, kontuziya) və ya xəstəliklə əlaqədar üç il müddətində sığorta olunana əlillik təyin olunduqda ona İ qrup əlilliyə görə - sığorta məbləğinin 80 faizi; İİ qrup əlilliyə görə - 60 faizi; İİİ qrup əlilliyə görə - 40 faizi nisbətində sığorta ödənişi verilir (maddə 5, ç). Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası müvafiq icra hakimiyyəti orqanları (sığortalılar) (o cümlədən hərbi qulluqçulqar üçün Azərbaycan Respublikasının Müdafiə Nazirliyi) üçün bu məqsədlə hər il dövlət büdcəsində nəzərdə tutulmuş vəsait hesabına aparılır (maddə 6). “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun bəzi müddəalarının şərh olunmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2014-cü il tarixli qərarında ifadə olunmuş hüquqi mövqelərə görə adı çəkilən Qanunun müvafiq maddələrində birdəfəlik sığorta məbləğinin artırılması hərbi qulluqçuların qanunvericiliklə müəyyən edilmiş hüquq və azadlıqlarının mahiyyətinə və həcminə təsir etmir, həmin hüquq və azadlıqlar olduğu kimi qalır. Bu baxımdan, birdəfəlik sığorta məbləğinin artırılması hərbi qulluqçuların Konstitusiyanın 149-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş “hüquqi vəziyyətini yaxşılaşdıran” hal kimi qəbul oluna bilməz. Bununla belə, Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” xx xxx 1997-ci il tarixli Qanun qüvvəyə minənədək həlak olmuş, itkin düşmüş, xəsarət almış, lakin hal-hazıra qədər bu əsaslara görə sığorta məbləğini almamış hərbi qulluqçulara münasibətdə bu Qanunla müəyyən edilmiş sığorta məbləğinin verilməsi məsələsi Konstitusiyanın 12, 16 və 25-ci maddələrinin tələbləri baxımından həll edilməlidir. “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Qanun qüvvəyə minənədək həlak olmuş, itkin düşmüş, xəsarət almış və bu əsaslara görə sığorta məbləğini almamış hərbi qulluqçulara və ya onların vərəsələrinə bu məbləğin ödənilməsindən imtina konstitusiya prinsipi olan bərabərlik hüququnu pozmuş olur. Belə ki, hərbi qulluqçular eyni kateqoriyaya aid və bərabər statusa malikdirlər və “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Qanuna əsasən onlara eyni sığorta riskinə qarşı eyni təminatlar verilir. Konstitusiya prinsipi olan bərabərlik prinsipi isə bərabər şərtlər daxilində hüquq subyektlərinin bərabər vəziyyətdə olmalarını nəzərdə tutur və ən əsası eyni kateqoriyaya aid şəxslərə hər hansı obyektiv və ağlabatan izah olmadan ayrı-seçkiliyin tətbiq olunmasını qadağan edir. Şəxsin hərbi qulluqda olma, hərbi xidmət zamanı həlak olma (ölmə), itkin düşmə, xəsarət və əlillik qrupu alma, həmçinin yararsız kimi tərxis olunma tarixləri sığorta hadisəsinin baş vermə faktını inkar etmir və bu, sığorta ödənişinin ödənilməsindən imtina üçün müstəqil əsas ola bilməz. Əks təqdirdə, bu hal hərbi xidmət zamanı həlak olmuş (ölmüş), itkin düşmüş və sağlamlığını itirmiş şəxslər arasında sadəcə tarixə əsaslanmaqla ağlabatan olmayan differensasiyanın aparılmasına səbəb olar. Bu isə eyni kateqoriyaya aid olan şəxslərin sosial hüquqlarının fərqləndirilməsinə gətirib çıxararaq, insan və vətəndaş hüquq və azadlıqlarının mümkün məhdudlaşdırılmasına dair konstitusiya məqsədlərilə uyğunlaşmır və konstitusiya prinsipi olan bərabərlik hüququnun tələblərini pozur. Qərarda həmçinin qeyd olunur ki, müvafiq icra hakimiyyəti orqanı ilə müqavilə bağlayaraq sığortaçı sığorta müqaviləsində nəzərdə tutulan sığorta hadisəsi baş verdiyi halda, sığorta olunana (faydalanan şəxsə) qanunvericiliklə müəyyən olunmuş sığorta ödənişini vermək öhdəliyini öz üzərinə götürür. Sığortaçının bu öhdəliyi mülki hüquq müqaviləsindən irəli gəlsə də, o, sığorta ödənişini edərkən sığorta olunanla (faydalanan şəxslə) münasibətlərdə dövlətin adından çıxış edir, Konstitusiyadan irəli gələn həmin şəxslərin həyatına və yaxud sağlamlığına vurulmuş zərərə görə dövlətin kompensasiya ödəmək vəzifəsini həyata keçirərək, həm də publik funksiyanı yerinə yetirir. Sığortaçının bu funksiyanı öz üzərinə götürməsi sığortalını müqavilə üzrə öhdəliklərini yerinə yetirmək, dövləti isə həmin xərclərin lazımi qaydada maliyyələşdirilməsini təmin etmək vəzifəsindən azad etmir. Hərbi qulluqçuların və onlara bərabər tutulmuş şəxslərin həyatının və sağlamlığının dövlət icbari şəxsi sığortası həyata keçirilərkən müqavilənin bağlanmaması nəticə etibarilə dövlətlə hərbi xidmətdə olduğu zaman həyatına və yaxud sağlamlığına zərər dəymiş şəxs arasında mövcud olan hüquqların və vəzifələrin mahiyyətini (təbiətini) dəyişdirə bilməz. Konstitusiya Məhkəməsinin Plenumu qeyd olunan hüquqi mövqelərə əsasən “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” xx xxx 1997-ci il tarixli Qanun qüvvəyə minənədək həlak olmuş, itkin düşmüş, xəsarət almış, lakin hal-hazıra qədər sığorta məbləğini almamış hərbi qulluqçulara, həmin məbləğin ödənilməsi qaydasının və şərtlərinin müəyyən edilməsini Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə etmiş, həmçinin xüsusi olaraq qeyd etmişdir ki, qanunverici bu mexanizmin qaydasını və şərtlərini tənzimləyərkən, sığorta məbləğinin ödənilməsinin müxtəlif üsullarını seçə bilər, lakin qanunvericiliklə 2006-cı ildə artıq müəyyən edilmiş sığorta məbləğinin ödənilməsi həcmi ləğv edilə və ya azaldıla bilməz, bu həcm şərtsiz gözlənilməlidir. Bunun əksi, hüquqi tənzimlənmənin ağlabatan sabitliyi və qüvvədə olan hüquq normaları sisteminə əsassız dəyişikliklərin edilməsinin yolverilməzliyini nəzərdə tutan vətəndaşların qanuna olan etimadının gözlənilməsi prinsipinin pozulmasına səbəb olar. Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli Qərarında isə müəyyən edilmişdir ki, Konstitusiya Məhkəməsi tərəfindən qəbul edilən qərarlar Azərbaycan Respublikası ərazisində məcburi qüvvəyə malikdir və qüvvəyə mindikdən sonra şərtsiz icra olunmalıdır. Konstitusiya Məhkəməsinin qərarının yüksək hüquqi qüvvəsi onun bütün hissələrinə, habelə həmin qərarın əsasını təşkil edən hüquqi mövqelərə də şamil olunur. Qanunvericiliyin sığorta olunana xidmətdən buraxıldığı gündən üç il müddətində əlillik təyin olunması barədə tələbinə münasibətdə kollegiya onu da nəzərə alır ki, həmin normanın məqsədlərinə görə sığorta hadisəsinin mövcud olması üçün sığorta olunan məhz hərbi xidməti ilə əlaqədar aldığı xəstəlik nəticəsində əlil olmalı və onun əlilliyi ilə xidməti vəzifələrini yerinə yetirməsi arasında birbaşa səbəbli əlaqə mövcud olmalıdır. Kollegiya qeyd edir ki, əgər şəxs hərbi xidmət dövründə faktiki əlil olubsa, onun həmin əlilliyi təsdiq edən sənədi gec alması sığorta ödənişinin verilməsindən imtina üçün əsas ola bilməz. İşin müəyyən olunmuş hallarından görünür ki, iddiaçı hərbi xidmət dövründə xəstələnmiş, məhz həmin xəsətlik diaqnozu ilə ona 2012-ci ildə əlillik dərəcəsi verilmişdir. Beləliklə, baxılan iş üzrə iddiaçının məhz ona əlillik verilməsinə əsas olmuş xəstəliyi hərbi xidmət dövründə aldığı, lakin özündən asılı olmayan səbəblərdən əlilliyini təsdiq edən rəsmi sənədi gec əldə etdiyi müəyyənləşdirildiyindən “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Qanunun 5-ci maddəsinin “ç” bəndində nəzərdə tutulmuş 3 illik müddət ona şamil edilə bilməz. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Məhkəmə Kollegiyası qeyd olunanlara əsasən hesab edir ki, baş vermiş sığorta hadisəsi ilə əlaqədar sığorta ödənişinin iddiaçıya ödənilməsi vəzifəsini cavabdehin üzərinə qoymaqda Rayon Məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlillərinə qətnamənin əsaslandırıcı hissəsində iddiaya qiymət verilərkən münasibət bildirildiyindən Kollegiya əlavə təkrarlanmağa zərurət görmür. Məhkəmə, MPM-nin 384.0.2-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT E T D İ: Cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Мəhkəməsinin 2(006)-2122/2020 saylı iş üzrə qəbul etdiyi xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Rəşad Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar