Məhkəmə qərarları › İş №2(103)-2416/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2416/2021

10.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2416/2021 10.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şirinov Ziya Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X1 və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, Bayaramova Fidan Rafiq qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı “sığorta ödənişinin verilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı, hərbi xidmətdə olduğu zaman xəstəliyi ilə əlaqədar İİ qrup əlillik dərəcəsi aldığı üçün cavabdeh Dövlət Sığorta Kommersiya Şirkətindən 6.600 manat sığorta ödənişinin alınıb, ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin qeyd edilən qətnaməsi ilə iddia təmin edilmişdir. Cavabdeh Dövlət Sığorta Kommersiya Şirkəti, apelyasiya şikayəti verərək, qətnamənin ləğv, iddianın rədd olunmasını xahiş etmişdir. Şikayətin dəlilləri ondan ibarətdir ki, hərbi qulluqçuların icbari sığortasını tənzimləyən “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Qanuna əsasən sığorta olunanın və ya onun vərəsələrinin sığorta ödənişinin alınması üçün sığorta hadisəsinin baş verdiyi gündən 3 il keçənədək sığorta orqanlarına müraciət etmək hüquqları vardır. İddiaçı 2007-ci ildə tərxis olunmuş, 2008-ci ildə isə İİ qrup əlillik dərəcəsi almışdır. Lakin sığorta ödənişinin ödənilməsi tələbi ilə bağlı tərxis edildiyi vaxtdan 13 il sonra müraciət edərək, qanunda nəzərdə tutulmuş 3 illik kəsici müddəti ötürmüşdür. Məhkəmə iclasında iştirak edən iddiaçı, apelyasiya şikayətinə etiraz edərək, təmin olunmamasını, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlmədiyindən, MPM-in 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Kollegiya, iddiaçını dinləyib, apelyasiya şikayətini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət rədd edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası” haqqında Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinin “ç” bəndinə əsasən, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət dövründə xəsarət (yaralanma, travma, kontuziya) almasına, habelə həqiqi hərbi xidmət dövründə xəstələnməsinə görə həqiqi hərbi xidmətə yararsız hesab edilərək həqiqi hərbi xidmətdən (toplanışdan) ehtiyata və ya istefaya buraxıldığı gündən, həmçinin, ehtiyata və ya istefaya buraxıldığı gündən həqiqi hərbi xidmət dövründə alınmış xəsarət (yaralanma, travma, kontuziya) və ya xəstəliklə əlaqədar üç il müddətində sığorta olunana İİ qrup əlillik təyin olunduqda, ona sığorta məbləğinin 60 faizi miqdarında sığorta ödənişi ödənilir. İşdə olan sənədlərə görə, İddiaçı xx.xx.2006-ci ildə hərbi xidmətə çağrılmışdır. Azərbaycan Respublikası DİN DQ Hərbi Həkim Komisiyası tərəfindən verilmiş xx.xx.2007ci il tarixli, 144 nömrəli qərarında qeyd olunmuşdur ki, İddiaçı “Şizoferniya” diaqnozu qoyulmuş və xəstəlik hərbi xidmət dövründə alınmışdır. 019689 nömrəli əlilllik vəsiqəsinə əsasən, İddiaçı xx.xx.2008-ci il tarixdə İİ qrup əlillik (hərbi xidmət zamanı) dərəcəsi təyin olunmuşdur. Göründüyü kimi, iddiaçıya əlillik hərbi xidmət dövründə xəstəliyi ilə əlaəqdar sığorta hadisənin baş verdiyi gündən 3 il keçməmiş, yəni xx.xx.2008-ci ildə təyin olunmuşdur. Belə olan halda, İddiaçı cavabdeh Dövlət Sığorta Kommersiya Şirkətindən 6.600 manat məbləğində sığorta ödənişinin tutulmasını tələb etməsi əsaslıdır. Həmin sığorta ödənişinin Məmmədağa Əsagərova verilməsindən imtina edən Dövlət Sığorta Kommersiya Şirkəti isə, xx.xx.2020-ci il tarixli, 07-07-137 saylı məktubunda bildirilmişdir ki, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında”Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən, sığorta olunan və ya onun vərəslərinin sığorta ödənişinin alınması üçün sığorta hadisəsi baş verdiyi gündən 3 il keçənədək sığorta orqanlarına müraciət etmək hüququ vardır. İddiaçı əlillik vəsiqəsini xx.xx.2008-ci il tarixdə almış, sığorta hadisəsindən 12 ildən artıq müddət keçdiyi üçün sığorta ödənişinin verilməsi qeyri-mümkündür. Kollegiya, cavabdehin bu mövqeyini əsaslı saymır, ona görə ki, iddiaçı əlillik dərəcəsini hərbi xidmət dövründə aldığı xəsarət nəticəsində və 3 illik müddət daxilində alması işdəki sənədlərdə öz əksini tapır. Həmçinin, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun bəzi müddəalarının şərh olunmasına dair Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2014-cü il tarixli qərarında qeyd olunmuşdur ki, şəxsin hərbi qulluqda olma, hərbi xidmət zamanı həlak olma (ölmə), itkin düşmə, xəsarət və əlillik qrupu alma, həmçinin yararsız kimi tərxis olunma tarixləri sığorta hadisəsinin baş vermə faktını inkar etmir və bu, sığorta ödənişinin ödənilməsindən imtina üçün müstəqil əsas ola bilməz. Əks təqdirdə, bu hal hərbi xidmət zamanı həlak olmuş (ölmüş), itkin düşmüş və sağlamlığını itirmiş şəxslər arasında sadəcə tarixə əsaslanmaqla ağlabatan olmayan differensasiyanın aparılmasına səbəb olar. Bu isə eyni kateqoriyaya aid olan şəxslərin sosial hüquqlarının fərqləndirilməsinə gətirib çıxararaq, insan və vətəndaş hüquq və azadlıqlarının mümkün məhdudlaşdırılmasına dair konstitusiya məqsədlərilə uyğunlaşmır və konstitusiya prinsipi olan bərabərlik hüququnun tələblərini pozur. Odur ki, Kollegiya, apelyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq, bu qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə iş üzrə düzgün nəticəyə gəlmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Bu səbəbdən qətnamə qanuni və əsaslıdır, şikayətin dəlilləri onun ləğvi üçün əsas təşkil etmir. Göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4792/2020 saylı iş üzrə xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar