Məhkəmə qərarları › İş №2(103)-2420/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2420/2024

16.04.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2420/2024 16.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimləri X3 (sədrlik edən və məruzəçi), Babayev Fuad Fikrət oğlu və X2 ibarət tərkibdə, məhkəmə iclas katibi İsmayılova Ayşən Səaddin qızının katibliyi, İddiaçı və onun vəkili və nümayəndəsi Vəkil, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “aliment borcunun silinməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4290/2022 saylı 22 noyabr 2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə baxaraq, aşağıdakıları MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2(008)-1110/2013 saylı qətnaməsinə əsasən ondan tələb olunan 20.000 (iyirmi min) manat məbləğində aliment borcunun Cavabdeh xeyrinə ödəməkdən azad edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, cavabdeh ilə xx.xx.2010-cu il tarixdə rəsmi nikaha daxil olmuş, birgə nikahdan xx.xx.2010-cu ildə X4 və xx.xx.2013-cü ildə X5 adlı uşaqları anadan olmuşdur. 2013-cü ildə bir müddət cavabdehlə ailədaxili münasibətləri gərgin olduğundan, cavabdeh aliment tələbi ilə məhkəməyə müraciət etmiş və Sabunçu Rayon Məhkəməsinin 2(008)-1110/2013 saylı, xx.xx.2013-cü il tarixli qətnaməsi ilə uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün ondan hər ay hər uşaq üçün 93 manat olmaqla, cəmi 186 manat sabit pul məbləğində alimentin tutularaq Cavabdeh xeyrinə ödənilməsi qət edilmişdir. Məhkəmə qətnaməsi çıxarıldıqdan 3-4 ay sonra ailəsi yenidən bərpa olunmuş və cavabdeh uşaqlarla onun evinə qayıtmışdır. xx.xx.2022-ci il tarixədək onlar Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, G.Həsənov küçəsi, 15 saylı evdə ümumi təsərrüfat aparmaqla birgə yaşamışlar. Uşaqları məktəbə, gimnastikaya o aparıb-gətirmişdir. Heç bir mübahisələri və dava-dalaşları olmamışdır. Cavabdeh işləmədiyindən, ailəsinin bütün xərcləri onun üzərində olmuşdur. Qeyd olunan tarixdə ailələrində yaranan söz-söhbətə görə cavabdeh uşaqları ilə birgə evdən çıxıb getmişdir. Yalnız bundan sonra ona Xəzər rayon İcra Şöbəsindən gələn bildirişdən məlum olmuşdur ki, onun cavabdehə 20.000 manat aliment borcu vardır. Hesab edir ki, həmin aliment borcu qanunsuz hesablanmışdır. Belə ki, həmin müddət ərzində cavabdehlə birlikdə yaşamaqla birgə təsərrüfat aparmışlar. Cavabdehin həmin vaxtadək alimentlə bağlı icra şöbəsinə müraciət etməməsi buna sübutdur. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4290/2022 nömrəli mülki işi üzrə xx.xx.2022-il tarixli qətnaməsi ilə, iddia tələbi təmin edilmişdir və iddiaçının, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2(008)-1110/2013 saylı qətnaməsinə əsasən ondan tələb olunan 20.000 (iyirmi min) manat məbləğində aliment borcunu cavabdehin xeyrinə ödəməkdən azad edilməsi qət edilmişdir. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin 2(008)-4290/2022 nömrəli iş üzrə xx.xx.2022-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3422/2023 saylı xx.xx.2023-ci il tarixli qətnaməsi ilə, cavabdehin apellyasiya şikayəti təmin edilmiş, hazırkı mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 22 noyabr 2022-ci il tarixli qətnamənin ləğv edilməsi və iş üzrə yeni qətnamə qəbul edilməklə, iddiaçının cavabdehə qarşı “aliment borcunun ödənilməsindən azad edilmə” tələbi barədə iddiasının təmin edilməməsi qət edilmişdir. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2023-ci il tarixli 2(103)-3422/2023 nömrəli qətnaməsinin tam ləğv edilməsini və işin təkrar apelyasiya baxışına göndərilməsini xahiş etmişdir. Azərbaycan Respubliaksı Ali Məhkəməsinin 2(102)-155/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli 2(103)-3422/2023 saylı qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinin təmin olunmasını xahiş etmiş və bildirmişdir ki, uşaqlarına valideynləri baxmış, yeməyinə qədər onlar gətirmişlər. İddiaçı ilə 1-2 il bir yerdə qaldıqdan sonra yenidən atası gilə getmişdir. 2013-cü il tarixində aliment tələbi ilə müraciət olunmuşdur. Nikahın pozulması bu ilin yanvar-fevral aylarında olmuşdur. 2013-cü ildən-2022-ci ilə qədər alimentin tutulması ilə bağlı icra hərəkətlərinin aparılmamasından şikayət verməmiş, düşünmüşdür ki, düzələr. Whatsapp yazışmalarını qəbul etmir, onun kim tərəfindən yazıldığını bilmir. İcra sənədinin icra olunmamasına dair müraciət etməmişdir. Aliment ödənilmədiyi dövrdə icra şöbəsinə müraciət etməməsinin səbəbi ondan ibarət olmuşdur ki, həmin vaxt pula o qədər də ehtiyacı yox idi, çünki atasıgilin mağazası var idi və o, həmin mağazadan mal götürüb satırdı və uşaqlarını saxlayırdı. O, iddiaçının aliment ödəməyəcəyini bildiyi üçün icra şöbəsinə müraciət etməmişdir. Həmçinin uşaqlarına görə etməmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı vəkili və nümayəndəsi Vəkil apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmiş və bildirmişdir ki, birinci instansiya məhkəməsində işə baxılan zaman işin bütün halları araşdırılmışdır. Cavabdeh özü birinci instansiya məhkəməsində izahatında ehtiyaclarının qarşılandığını qismən etiraf etmişdir. Cavabdeh həmin dövrdə icra şöbəsinə müraciət edərək hüquqlarını müdafiə etdiyi şəxsdən qətnamənin icra olunmasını tələb edə bilərdi. Bu müddət ərzində iddiaçı və cavabdeh bir evdə yaşamış və bütün ehtiyaclar İddiaçı tərəfindən qarşılanmışdır. Münasibətləri kəskinləşəndən sonra cavabdeh alimentin ödənilməsi ilə bağlı müraciət etmişdir. Qeyd edilənlərə əsasən apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin olunmamasını xahiş edərək bildirmişdir ki, iş materiallarına flashkart əlavə olunmuşdur, belə ki, o, 9 il ərzində hər il uşaqlarına ad günü keçirmişdir. Bundan əlavə whatsapp yazışmaları da iş materiallarına əlavə edilmişdir, orada gündəlik yazışmaları əks olunmuşdur. Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən, iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, İddiaçı Cavabdeh qarşı “aliment borcunun silinməsi” tələbinə dair mülki iş üzrə icraata Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinin tələbinə uyğun olaraq xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 106.3-106.5-ci maddələrinə əsasən, borclar alimentin məhkəmənin qətnaməsi və ya aliment ödənilməsi barədə saziş ilə müəyyən edilən miqdara uyğun olaraq icra məmuru tərəfindən müəyyən edilir. Bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq yetkinlik yaşına çatmayanlara ödənilən aliment üzrə borcların miqdarı aliment ödəməli olan şəxsin onu ödəmədiyi dövr ərzindəki qazancına və başqa gəlirlərinə görə müəyyən edilir. Həmin şəxs göstərilən dövrdə işləmədikdə və ya onun əmək haqqının və (və ya) başqa gəlirlərini təsdiqləyən sənəd təqdim edilmədikdə, aliment üzrə borcların miqdarı borc tutulduğu vaxtda Azərbaycan Respublikası üzrə orta əmək haqqına görə müəyyən edilir. Borcların bu cür müəyyən edilməsi tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozarsa, həmin tərəf məhkəməyə müraciət edə bilər. Bu halda məhkəmə tərəflərin maddi və ailə vəziyyətini və diqqətəlayiq olan digər halları nəzərə alaraq aliment üzrə borcları sabit pul məbləğində müəyyən edə bilər. İcra məmuru tərəfindən aliment üzrə borcun müəyyən edilməsi ilə razılaşmayan tərəflərdən hər biri onun hərəkətlərindən mülki prosessual qanunvericiliklə müəyyən olunmuş qaydada şikayət edə bilər. Mülki Prosessual Məcəllənin 220.6-cı maddəsinə əsasən, məhkəmə qətnamənin icra qaydası və müddətini müəyyən etdiyi və ya onun icrasının təmin edilməsi üçün tədbirlər gördüyü hallarda, bunu qətnamənin nəticə hissəsində göstərməlidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 23.1.1-ci maddəsinə əsasən, tələbkar icra sənədinin qaytarılması barədə ərizə verdikdə icra sənədi icra edilmədən icra sənədini vermiş məhkəməyə və ya digər orqana qaytarılır. Konstitusiya Məhkəməsinin Plenumunun ““İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin şərh edilməsinə dair” 10 oktyabr 2017-ci il tarixli Qərarında qeyd edilən hüquqi mövqeyə görə, icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmurunun qərarı həmin mülki, iqtisadi və inzibati işin bilavasitə davamıdır və icra məmurunun bu qərarından şikayətə icra sənədini vermiş məhkəmə tərəfindən baxılması hüquqi müdafiə vasitələrinin əlçatanlığına və səmərəliliyinə xidmət edir. Konstitusiya Məhkəməsi Plenumunun “MPM-nin 231.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 2015-ci il 22 may tarixli Qərarında isə izah olunmuşdur ki, məhkəmə qətnaməsinin icra üsulları iş üzrə tərəflərdən birinin pozulmuş hüquqlarının bərpasına yönəlmiş hərəkətlər sistemini nəzərdə tutur. Məhkəmə qətnaməsinin icra qaydası isə müvafiq məhkəmə aktının icra üsullarının məzmununu təşkil edən, müəyyən ardıcıllıqla və müvafiq qaydalara riayət etməklə yerinə yetirilən hərəkətlərin məcmusudur. İş materiallarından göründüyü kimi, iddiaçı keçən müddət üçün ondan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2(008)-1110/2013 saylı icra vərəqəsinə əsasən tələb olunan alimentin silinməsini xahiş edir. Belə ki, o, icra məmuru tərəfindən aliment üzrə borcun müəyyən edilməsi ilə razılaşmır, qeyd edir ki, tərəflər borcun yaranması ehtimal olunan müddət ərzində ailə olaraq birlikdə yaşayıblar və cavabdeh tərəfindən keçən bu müddət üçün müvafiq icra sənədinin icra edilməsi tələb olunmamışdır. Məhkəmə kollegiyası hazırki vəziyyətdə sadalanan qanunvericilik normalarında əks olunmuş hüquqi mövqeyə uyğun olaraq hesab edir ki, bu qəbildən olan mübahisələrə mülki işin davamı kimi baxılmalıdır. Çünki, nə qədər ki, irəli sürülən tələb alimentin ödənilməsindən azad etmə ilə bağlıdır, bu məsələyə məhz icra icraatını müəyyən edən normalar daxilində qiymət verilməlidir. Bu kateqoriyadan olan məsələlərə mülki işin davamı kimi baxılması, irəli sürülmüş hazırki tələbə mülki mühakimə icraatı qaydasında baxılmasını istisna edir. Buna baxmayaraq, birinci instansiya məhkəməsi Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2(008)-1110/2013 saylı icra vərəqəsi üzrə yaranmış borcun silinməsi ilə bağlı irəli sürülmüş tələb üzrə icraatın növünü düzgün müəyyən etmədən, iddianı icraatına qəbul edərək işi mahiyyəti üzrə həll etmişdir. Halbuki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 106-cı maddəsinin məzmununa görə, borc alimentin məhkəmənin qətnaməsi və ya aliment ödənilməsi barədə saziş ilə müəyyən edilən miqdara uyğun olaraq icra məmuru tərəfindən müəyyən edilir. İcra məmuru tərəfindən aliment üzrə borcun müəyyən edilməsi ilə razılaşmayan tərəflərdən hər biri onun hərəkətlərindən mülki prosessual qanunvericiliklə müəyyən olunmuş qaydada şikayət edə bilər. Belə ki, alimentin ödənilməsinin müvafiq icra qaydası, məbləği müəyyən edildikdən sonra uşaqların mənafeyi və diqqətəlayiq digər halları nəzərə alınmaqla mövcud qaydanın dəyişdirilməsi və ya ləğv edilməsi ilə bağlı əsaslar yaranarsa, aliment alan və ya ödəyən şəxslərin bu barədə müraciətləri MPM-nin 231.1-ci maddəsində nəzərdə tutulmuş icra icraatı qaydasında baxılaraq, həll edilməlidir. Beləliklə icra məmuru tərəfindən müəyyən edilmiş aliment borcu ilə razılaşmayan tərəflərin - tələbkar və borclunun, “İcra haqqında” Qanunda qeyd edilmiş qaydada icra məmurunun hərəkətlərindən (hərəkəsizliyindən) və qərarlarından şikayət etmək hüquqları vardır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “X1 şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 07 iyul 2009-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2010-cu il tarixli Qərarında əks edilmiş hüquqi mövqeyinə əsasən “.... iş məhkəmədə baxılmalı olmadıqda iddia tələbinin tam və ya qismən yolverilməzliyini nəzərdə tutan bu vacib institut bir sıra mühüm məqsədlərə xidmət edir. Belə ki, məhkəmədə baxılmalı olmayan iddia ərizələrinin yolverilməzliyi və ya artıq icraata qəbul edilmiş işlərə xitam verilməsi faktiki olaraq mübahisəli hüquq münasibətinin hələ yaranmadığı və məhkəmədən kənar baxılmalı olan işlərlə məhkəmələrin lüzumsuz yüklənməsinin qarşısını alır. Bu institut, eyni zamanda, tərəflərin öz aralarında olan mübahisəli məsələləri həll etmək üçün malik olduqları daha geniş imkanlardan səmərəli istifadə etməsinə şərait yaradır.” Beləliklə, işə məhkəmədə baxılmalı olmadıqda həmin iş üzrə icraata xitam verilməlidir. Mülki mühakimə icraatı zamanı işin məhkəmədə baxılmalı olmaması əsası ilə üç halda işin icraatına xitam verilə bilər – iş məhkəməyə aid olsa da, mülki mühakimə icraatı qaydasında deyil, başqa məhkəmə icraatı qaydasında (icra, cinayət, inzibati və ya inzibati xətalara dair işlər üzrə icraat) baxılmalı olduqda, iş məhkəmədə deyil, qanunun tələbinə görə başqa orqanda baxılmalı olduqda və iş ümumiyyətlə, şəxsin hər hansı hüququnun və qanunla qorunan mənafeyinin pozuntusuna səbəb olmayan hərəkətin (hərəkətsizliyin), aktın və s. mübahisələndirilməsinə yönəlmiş mülki mühakimə icraatı qaydasında baxılmasına yol verilməyən iddianın qaldırılmasına aid olduqda. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)- 4290/2022 saylı 22 noyabr 2022-ci il tarixli qətnaməsi ləğv edilməli, İddiaçı Cavabdeh qarşı “aliment borcunun silinməsi” tələbinə dair mülki iş üzrə icraata Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinin tələblərinə uyğun olaraq, mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından xitam verilməlidir. Bununla belə məhkəmə kollegiyası qeyd etməyi zəruri sayır ki, qanunvericilik şəxsin aliment borcunun yaranmasının üzrlü səbəblərdən əmələ gəlməsi ilə bağlı dairəni dəqiq müəyyən etməməklə məhdudlaşdırmamış, baş verməsi mümkün ola biləcək “digər hallar”ın da aliment borcunun üzrlü səbəbdən yaranma ehtimalını nəzərə almış və özündə ehtiva etmişdir. Beləliklə, hazırki məsələ üzrə icra icraatı qaydasında araşdırma aparılarkən xx.xx.2013-cü il tarixdən sonra keçən müddət ərzində cavabdehin məhkəmə qətnaməsi ilə iddiaçıdan onun xeyrinə tutulması qət edilmiş alimentin ödənilməsini hansı səbəbdən tələb etmədiyi, hazırki iddiaçı barəsində keçən müddətdə yaranmış borcunun ödətdirilməsi ilə bağlı hansı icra tədbirlərinin həyata keçirildiyi öyrənilməli, icra işinin icra vəziyyəti nəzərə alınmalıdır. Çünki, tərəflər yenidən barışıb birgə ailə şəklində yaşadıqları halda onları alimentlə bağlı icra işinin olması deyil, ailə münasibətlərinin davam etdirilməsi, ailə dəyərləri ilə bağlı hallar daha çox maraqlandırır ki, bu halda da tərəflərin icra şöbəsinə müraciət edib alimentlə bağlı icra işinə xitam verilməsini tələb etməməsi, bunun nəticəsində də icra işi icraatda qaldığı üçün aliment borcunun yaranması anlayışla qarşılanmalı hal hesab olunmalı və aliment üzrə borcun yaranıb-yaranmadığına toplanmış sübutlara uyğun şəkildə hüquqi qiymət verilməlidir. Mülki Prosessual Məcəllənin 384.0.5-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261, 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4290/2022 saylı 22 noyabr 2022ci il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı Cavabdeh qarşı “aliment borcunun silinməsi” tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Tərəflərə izah olunsun ki, Azərbaycan Respublikası MPM-in 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər Sədrlik edən hakim: Cəmilə Musayeva Hakimlər: Fuad Babayev Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar