Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2427/2021 02.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Elmira Nağıyeva və Xəyalə Cəmilovadan ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, iddiaçının vəkili və nümayəndəsi Vəkil, cavabdehin nümayəndəsi Əfqan Mirzəyevin iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı “sığorta ödənişinin verilməsi barədə” iddiasına dair mülki iş üzrə Nəsimi Rayon Məhkəməsinin 17.11.2020-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Həmin qətnamə ilə qət olunub ki, iddia təmin edilsin, 6.600 manat məbləğində sığorta ödənişi cavabdehdən tutularaq iddiaçıya verilsin. Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia rədd olunsun. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Əfqan Mirzəyev apellyasiya şikayətinin əsaslı olduğunu, iddiaçının vəkili və nümayəndəsi Vəkil isə apellyasiya şikayətinin əsassız olduğunu bildirdi. Məhkəmə işin həlli ilə bağlı aşağıdakıları qeyd edir. İddiaçı hərbi qulluqçu olmuş, 14.08.1997-ci ildə xidməti vəzifəsini yerinə yetirərkən “qapalı baş beyin tavması, baş beyin silkələnməsi, kliniki təzahürlərlə sol tərəfli hematoraks” diaqnozlu travma almış, 27.05.1998-ci il tarixdə hərbi xidmətdən ehtiyata buraxılmış, həmin travma ilə əlaqədar 02.05.2013-ci il tarixdə ona 2-ci qrup əlillik təyin edilmişdir. “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Qanunun 4-cü maddəsinin 1-ci hissəsinə görə bu Qanuna uyğun olaraq hərbi qulluqçu 11.000 manat məbləğində sığorta edilir. Həmin Qanunun 5-ci maddəsinin “ç” bəndində isə müəyyən edilib ki, xidməti vəzifəsini yerinə yetirməsi ilə əlaqədar olaraq sığorta olunana xidmətdən (toplanışdan) buraxıldığı gündən 3 il müddətində əlillik təyin olunduqda 2-ci qrup əlillər üçün sığorta məbləğinin 60 faizi miqdarında sığorta ödənişi verilir. Hal-hazırda iddiaçı 2-ci qrup əlil kimi sığorta məbləğinin 60 faizi, yəni 6.600 manat məbləğində sığorta ödənişinin ödənilməsini cavabdehdən tələb edir. Cavabdeh sığorta ödənişini verməkdən imtina edir. İmtinanı onunla əsaslandırır ki, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Qanunun 5-ci maddəsinin “ç” bəndinə görə xidmətdən (toplanışdan) buraxıldığı gündən 3 il müddətində sığortaolunanın əlilliyi müəyyən edildikdə ona müvafiq faiz məbləğində sığorta ödənişi verilir. 3 illik müddət keçdiyinə görə sığorta ödənişi verilə bilməz. Məhkəmə hesab edir ki, iddiaçı 2-ci qrup əlil kimi 6.600 manat məbləğində sığorta ödənişi almaq hüququna malikdir. Belə ki, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Qanunun 5-ci maddəsinin “ç” bəndində “3 il müddətində sığortaolunanın əlilliyi müəyyən edildikdə” deyiləndə əlilliyə əsas olan vəziyyətin 3 il ərzində yaranması nəzərdə tutulub. Belə ki, əlil - anadangəlmə, xəstəlikdən və ya xəsarətdən doğan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyəti məhdudlaşan, sosial yardıma və müdafiəyə ehtiyacı olan şəxsdir. Əgər əlilliyə əsas olan vəziyyət 3 il ərzində yaranıbsa, lakin əlillik 3 ildən sonra müəyyən olunubsa, bu halda da sığorta olunan əlillik dərəcəsinə uyğun olaraq sığorta ödənişi almaq hüququna malikdir. Çünki, “əlilliyin müəyyən edilməsi” deyildikdə əlilliyə əsas olan vəziyyətin səlahiyyətli dövlət orqanı tərəfindən tanınması və təsdiq edilməsi başa düşülür. Sığortanın mahiyyəti və məqsədi baxımından həlledici amil əlilliyə əsas olan vəziyyətin nə zaman tanınması və təsdiq edilməsi deyil, əlilliyə əsas olan vəziyyətin nə zamandan etibarən mövcud olmasıdır. Sığorta olunan xidmətdən (toplanışdan) buraxıldığı gündən 3 il müddətində əlilliyə əsas olan vəziyyət mövcud ola bilər, lakin bu vəziyyət müxtəlif səbəblərdən 3 ildən sonra müəyyən oluna bilər. İddiaçının əlilliyinə əsas olan vəziyyət 14.08.1997-ci il tarixində, yəni onun tarvma aldığı tarixdə yaranmışdır. Ona görə də 2-ci qrup əlilliyin nə zaman müəyyən edilməsindən asılı olmayaraq iddiaçı 6.600 manat məbləğində sığorta ödənişi almaq hüququna malikdir. Beləliklə, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti rədd olunsun. Hazırkı iş üzrə Nəsimi Rayon Məhkəməsinin 17.11.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-2427/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2427/2021
02.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver